Super User

Super User

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalqımızın min illərdir pərvəriş tapan maddi-mədəni irsinin bir atributu da kəlağayıdır, portalımızda mütəmadi bu gözəllik simvolu barədə məlumatları çatdırmaqdayıq. 

Və sizə də məlum etmişdik ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi kəlağayının təbliğində müstəsna rol oynamaqdadır. 

 

Xəbər tutanda ki, ictimai birlik layihə üzrə növbəti tədbirini keçirib, dərhal birliyin sədri Güllü Eldar Tomarlı ilə əlaqə saxladıq və ondan növbəti tədbir barədə məlumat aldıq. 

Güllü xanım söylədi:

-Layihə çərçivəsində auın 24-də Bakı şəhər Xəzər Univesitetində  kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirdik. 

Açılış sözü ilə çıxış edərək bildirdim ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır. Tədbirdə vətənimizin bütövlüyü, azadlığı, suverinliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad etdik. 

Bədii gecədə şair, publisist - Rəfail Tağızadə, tarixçi, araşdırmaçı Vaqif Osmanov, şairlərdən Brilyant Atəş, Fərzalı Abbasəli oğlu,  Zərəngiz Dəmirçiyeva, Zaur Naqani, 225 saylı məktəbin direktor müavini, yazıçı  Zenfira Nusalova , aşıqıardan Gözəl Kəlbəcərli, Əli Kəlbəcərli,  Ramin Qarayev, Nərmin Gədəbəyli, Ləman Məhərrəmzadə, bəstəkar Almaz Yaqub, İsmət Qayıbov adına  Sumqayıt şəhər 1 saylı məktəbin 2 - ci sinif şagirdi Fərman Əzizov   və başqa söz adamları iştirak etdilər. Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı da oxuculara təqdim olundu. Fürsətdən istifadə edib portalınız vasiyəsilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə, təşkilatı dəstəyə görə Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlıya təşəkkürümü bildirirəm. 

 

Biz də özlüyümüzdə bu gözəl işlərə görə “Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı minnətdarlıq bildiririk. 

Qeyd edək ki, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki şəhərlərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələr  təşkil olunur və "Kəlağayı əlvan qıyqacı" kitabının təqdimatı keçirilir. 

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz bu premyeranı gözəyirdik. “Leyli və Məcnun”a həmişə Opera və Balet Teatrında baxırdıq. Dünənsə fərqli teatrda və təbii ki, fərqli quruluşda baxdıq. 

 

Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşanın premyerası baş tutdu. 

Dünyanı fəth edın bu klassik əsər fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilk oldu.

Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edirdi. 

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırırdı. Onun tərəf müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimova idi. 

Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda, teatrın xor və balet heyətinin üzvləri iştirak edirdilər.

Tamaşanı zaldan seyr edən tanınmış simaların - dramaturq Əli Əmirlinin və teatrşünas İlham Rəhimlinin təəssüratlarını sizlərə ayrıca çatdıracağıq. 

Qeyd edək ki, tamaşanın növbəti nümayişi noyabrın 18-də olacaq.

Xoş izləmələr, əziz teatrsevərlər.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Çərşənbə, 25 Oktyabr 2023 17:00

Acun bəy necə milyonçu olub?

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bakı Konqres Mərkəsində “İnnivativ inkişaf və məqsədlər” adlı mühazirə keçən məşhur Türkiyə media maqnatı Acun Ilıcalıya bir xanım sual verdi:

-Acun bəy, necə oldu milyonçu oldunuz?

Acun belə cavab verdi:

-450 manat verib mənim həyat hekayəmi dinləyən sizin kimi fanatların hesabına. 

Əcəb dedi amma. Hıqiqətən də tədbiri 2000 adam izləyirdi. İki saata 1 milyon manata yaxın gəlir. Gəl milyonçu olma.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında azərbaycanlı gənc rəssam Şenay Sadiqin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Cümhuriyyət” adlı sərgisi açılıb.

 

AzərTAC xəbər verir ki, sərginin açılışında Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) sədri Nəriman Qurbanov, Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzinin rəhbərliyi, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Sərginin açılışında Ali Kaan Orbay, gənc rəssam Şenay Sadiq, Muzeyin elmi işçisi Leyla Əliyeva və başqaları çıxış edib, Azərbaycan-Türkiyə qardaşlığından danışıb, bu sərginin iki qardaş ölkə arasında əlaqələrin inkişafına töhfə olduğunu vurğulayıblar.

 

Bildirilib ki, sərgidə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş 20-dən çox əsər nümayiş etdirilir.

 

Əsərlər içərisində Çanakkala savaşının səhnələri, Mustafa Kamal Atatürkün, əsgərlərin və mübariz türk qadınının, qəhrəman əsgər analarının rəsmləri yer alıb.

 

Şenay Sadiq AZƏRTAC-a müsahibəsində deyib ki, o, bununla təkcə özünün deyil, bütün azərbaycanlıların qardaş Türkiyəyə olan sevgisini ifadə etmək istəyib. "Düşünürəm ki, bu əsərlərimlə Azərbaycan-Türkiyə qardaşlığına öz töhfəmi vermiş oldum”, – deyə Ş.Sadiq vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Səhər Xiyavinin şeirlərini təqdim edəcək. 

 

Səhər Xiyavi

Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə xiyav və ya meşgin şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.

Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar,"Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.

Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının azərbaycan ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.

 

 SÜRGÜN GÜNƏŞ

 

Yadındadırmı sevgilim?

Demişdim: "Bir dərin mağara var içimdə

Heç nə ilə dolmur."

Milyonlar yaşı olan

Sönükmüş ulduzların

Mağarasından qoca və dərin!

Bu duyğu hələ də mənimlə var.

İti dişli mişar kimi

Gecə-gündüz dartır ruhumu.

Bütünsüz pazzeləm,

Yarımçıq roman!

Nə ilkim bəllidir, nə sonum.

Başımı itirmişəm dəhşətli dumanlarda

Gecə yarıları lapbadan düşünəndə

Dərin tənhalığımı,

Qışa dönürəm yay günü.

İnsanın tənhalıq duyğusu

Ətrafında olan adamlara deyil.

Cəmiyyətdə tənhalıq,

Yalqızlığın ən pis üzüdür.

Düşünmüşəm,

İnsan sonsuz bir yalqızlıqdır

Ucu-bucağı bilinməz.

Nə sevgi, nə həvəs

Doldura bilməz boşluğunu

Yalnız keçəri uydurmadır bunlar.

Naçar nərdivan qoyub,

Pillə-pillə içimdəki

Qırx qat dolanbaca enirəm.

İnanmazsan;

İllər boyu

Qapı-qapı axtardığım sürgün günəşi

Ürəyimin tən ortasında tapıram!

İsinirəm, tamamlaşıram.

Özümə sarılıb,

Özümü qucaqlayıram

Sən haqlı idin;

İnsanın dərin yalqızlığını

Özündən başqa kimsə doldura bilməz!

Sən də yalqızlığıma ortaq ol!

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində oktyabrın 29-dan 31-dək gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 29-da “Gülüstan” sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək.

Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

Musiqi Forumunda iştirak etmək istəyən şəxslər oktyabrın 26-dək onlayn müraciət forması vasitəsilə (https://culture.az/musiqiforumu) qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Çərşənbə, 25 Oktyabr 2023 12:45

“Cadenza” orkestri bu gün konsert verəcək

“Cadenza Contemporary Orchestra” bu gün - oktyabrın 25-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində növbəti konsertini keçirəcək.

 

“Oktyabr palitrası” adlı konsertdə Alexandra Filonenko, Vitold Lutoslavski, Səid Qəni və İqor Stravinskinin əsəri ifa olunacaq.

Qeyd edək ki, İqor Stravinskinin kamera orkestri üçün yazdığı “Dumbarton Oaks” konserti uzun illərdən sonra Azərbaycanda ilk dəfə “Cadenza Contemporary Orchestra” ifasında səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Heydər Əliyev Fondu tərəfindən bərpa olunan növbəti kompleks Şuşa şəhərindəki Mehmandarovların malikanə kompleksidir. 

Kompleks Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.

 

Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.

Və bu gün Şuşaya gələnlər böyük maraqla bu möhtəşəm abidəni ziyarət edirlər.

 

“Ədəbiyyat və imcəsənət”

(25.10.2023)

Bu gün Kamera və orqan musiqisi zalında şəhidlərin xatirəsinə həsr olunan orqan musiqisi gecəsi keçiriləcək. Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

 

Sözügedən musiqi gecəsinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovadır. Dinləyicilər qarşısında beynəlxalq müsabiqələrin laureatları olan solistlər Nigar Məmmədova (orqan), Şəfəq Abdullayeva (orqan), Sevinc Mirzəli (kamança), Aydın Əliheydər (orqan) və Fidan Rəşidova (orqan) çıxış edəcəklər. Çıxışlar arasında orqan və kamançanın qeyri-adi duetinin səslənəcəyi gözlənilir.

“Biz ölkənin faciəvi hadisələrinin doğurduğu bütün kədəri – şanlı döyüşçülərimizin itkisini musiqi vasitəsilə çatdırmağa çalışırıq. Bu duyğuları Bax, Frank, Qara Qarayev, Vasif Adıgözəlovun dramatik əsərləri ilə ifadə etmək mümkündür. Bütün sənət növlərindən yəqin ki, insanların ruhi vəziyyətinə ən çox təsir edən janr məhz musiqidir. Orqan musiqisi isə böyük təsirə malikdir, çünki bu alət simfonik orkestri əvəz edir”, - deyə bədii rəhbər mediaya açıqlama verib.

O, Azərbaycan milli çalğı alətlərinin orqan musiqi aləti ilə duetlərdə tez-tez istifadə edildiyini qeyd edərək, bu cür musiqi təcrübələrinin auditoriyada hansı emosiyalar yaratdığından söz açıb.

“Tamaşaçılar bu cür konsert nömrələrini çox yaxşı qarşılayırlar. Əcnəbilər belə duetlərə xüsusi maraq göstərirlər. Konsertlərimiz həmişə izdihamlı salonlarda keçirilir. Kamançaya gəldikdə isə o, orqan musiqisi ilə birlikdə gözəl səslənir. Əsas olan alətlərin bir-birini boğmaması üçün registrlərin düzgün seçilməsidir, çünki hətta kiçik kamança da orqanın səsini boğmağa qadirdir”, - deyə Tahirə Yaqubova vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hərçənd ki, onun 65 illik yubileyi sentyabr ayının iyirmi dördünə düşürdü, mən düz bir ay sonra yazıram. 

Gəlin, öncə onun ömür yoluna işıq tutaq. 1958-ci ildə Masallı rayonunda dünyaya gəlib. 1986-cı idə Azərbaycan Dillər Universitetini bitirib. Bir il Yardımlı rayonunda müəllim işlədikdən sonra, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə Mirzə Fətəli Axundovun “"Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Elə həmin ildən də 1993-cü ilədək Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir.  

2010-cu ildə isə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Filolologiya üzrə elmlər doktoru elmi dərəcəsinə nail olub. 

 

Deyir ki,- “Hamı dayanmadan yazır, hərə bildiyini, hərdən də bilmədiyini yazır. Bilirsiz, bizdə bir yararsız xasiyyət var, yəni, bəlkə də, istənilən yazı adamında. Sən daha çox bilmədiklərinin aşiqi olursan, ondan yazmaq, onu ekrana gətirmək istəyirsən. Amma onu fəth etmədən, haqqında cüzi şeylər bilməklə. Yəni düşünürsən ki, əsas modeldir, onu qursam, içi asandır və nəticədə şablon alınır. Mən daha çox filologiya aləmində “müşahidə edirəm” demirəm, bilmədən yazanları görürəm, çünki hər şey ortadadır. Ömür qısadırsa, onu yazmaqla uzatmaq olmaz. Bu eşqlə qələmə sarılanlar var, hətta xarici ölkələrdə çap olunurlar. Baxın, biri “Ədəbiyyat nəzəriyyəsi” yazırsa, ardınca ən azı 10 nəfər də bu hadisəni yamsılayır. Nəyə lazımdır? İnsan əgər anlamadığı problemlərdən bir kitab bağlayırsa, onu nəşr etdirirsə, sonra da sinəsini qabağa verib sevinirsə, buna nə ad qoymaq olar? Əlbəttə cahillik...”

 

Ruh adamıdır, gözlərinin dərinliyində qəribə bir ifadə var. Bəli, bu ifadə illərlə çəkdiyi zəhmətin təzahürüdür, gözlərindən məğrur-məğrur boylanır. Keçirdiyi yuxusuz gecələrin acısı, apardığı tədqiqatların əziyyəti sanki dil açıb adamla danışır. Amma nə yaxşı ki, yorulmayıb, hələ də axtarışdadır...

 

“Bir neçə yerdə və dəfələrlə demişəm, indi də təkrar edirəm: O, ədəbiyyat haqqında, bədii mətn və əsər haqqında fərqli nəzəri təcrübələr və ənənələr kontekstində düşünə və yaza bilən beş - altı filoloqumuzdan biridir. Mətni çox sevir. Mətnlə davranmağı, işləməyi bacarir. Onun sevdiyi filoloji mövqe - kontekstinin tapılması və mətnin hüdudlarını, eləcə də “sıxlıq dərəcəsini” göstərməsidi. Sevdiyi şairlərin yaradıcılığına Tınyanov prinsipini- “şeir sırasının sıxlığı” prinsipini tətbiq edir. O, semantik əlaqələri yalnız qonşu sözlər arasında, sətirdə, beytdə deyil, bütövlükdə şeirin simmetrik yerləri arasında da aparır. Çağdaş poeziyamızın istedadlı nümayəndələrinə həsr olunmuş məqalələrini xatırlamaq və gözdən keçirmək kifayətdir. Poeziya haqqında ən yaxşı yazanlardan biri də odur. Onu poeziyada “dilin arxa planı” maraqlandırır. Onu yaxın-uzaq sətirlərin, obrazların gizli əlaqələri, mənalar mübadiləsi və s. maraqlandırır.”- bu fikirlər ədəbiyyatşünas, professor Rüstəm Kamala məxsusdur. Hörmətli professor onun haqqında düşündüklərini davam etdirərək daha sonra yazır:

 

“Onun bütün cəhdləri XX əsr Azərbaycan poeziyasının iyerarxiyasını anlamağa yönəlib. Yazılarından və söhbətlərindən gəldiyim qənaət budur: O, ədəbiyyatda hər kəsin yerini gözəl və dəqiq bilir. Və heç vaxt ölçü həddini itirmir. Onun sevimli şairlərini mən də tanıyıram. “Əli Kərim xəstəliyi” ilə məni də yoluxdurdu. Sağ olsun. Azərbaycanın bir böyük şairinə mən də “yaxınlaşa” bildim. O, janrından asılı olmayaraq, bütün əsərlərə poeziya bucağından baxır. Onun üçün poetika poeziya haqqında elmdir və hətta klassik Azərbaycan komediyalarını poeziya kimi araşdırır.

Onun şairliyindən də xəbərim var. İlk dəfə bir neçə şeirini bir soyuq qış axşamı “Baksovet”də bir kafedə oxumağı da yadıma gəlir. Bu şeirləri oxuyandan sonra ağlıma gələn ilk nəzəri qeydlər bunlar oldu: Bu şeirlərdə məna obrazla kəsişmir- daha doğrusu, hansısa sürreal bucaq altında kəsişir. Bəzən predmetin mənası və simvolik obrazı arasında əlaqəni pozur. Onun poetik mətnlərində vahid obyekt yoxdur, fraqmentlərə- “kubiklərə” bölünür və hər birinin şəffaf süjeti var. O, Azərbaycan poeziyasını struktur baxımdan təşkil olunmuş vahid süjet kimi anlamağa, araşdırmağa çalışır. Fikrimcə, Azərbaycanda filoloqları və milli oxucuları iki yerə bölmək lazımdır: Mirzə Fətəlini oxuyanlara və oxumayanlara. Hiss olunur ki, o, Mirzə Fətəlini mükəmməl oxuyub. Namizədlik və doktorluq dissertasiyalarını Azərbaycan komediyasının poetikasına həsr edib. Mən yazılarımı ona baxıb yazıram. Onun baxışlarını həmişə üzərimdə hiss edirəm...”

 

Bu söhbətimdə bilərəkdən daha çox mütəxəsis rəyinə istinad etdim ki, həm yaddaşlar təzələnsin və həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusiflini yaxından tanıyasınız...

Bəli, illər öncə guya ürək çatışmamazlığından vəfat etdiyi xəbəri ölkəyə yayılsa da, professor Rüstəm Kamal demişkən- Cavanşir Yusifli hələ uzun müddət ədəbiyyatımıza xidmət göstərəcək…

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.