
Super User
Nazarbayev kitabını jurnalist Aida Eyvazlıya göndərib
Könül, “Ədəbiyyat və incəsənət”
Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayev yeni çapdan çıxmış kitabını - “Mənim ömrüm: asılılıqdan azadlığa” adlı roman epopeyasını öz şəxsi imzası ilə türk dünyasının tanınmış jurnalisti, Az TV-nin Xəbərlər departamentinin böyük redaktoru Aida Eyvazlıya göndərib.
Bundan əvvəl də Aida Eyvazlı böyük dövlət adamı, siyasi xadim, türk dünyasının ağsaqqalı, Azərbaycanın yaxın dostu Nursultan Nazrbayevin “Həyat yolu” , “Zaman və düşüncələr” adlı kitablarını tərcümə edib.
Aida Eyvazlı sosial şəbəkələrdə yazıb ki, bu kitabı da yeni 2024-cü ildə tərcümə edəcək. “Nazarbayev kimi böyük bir şəxsiyyəti tərcümə etmək mənim alın yazımdır. Tanrı buyurduğu üçün mən bu kitabı tərcümə etməliyəm.”.- yazıb.
Bu arada Aida Eyvazlıdan təəssüratlarını da aldıq. Aida xanım söylədi:
-Dekabrın son günü... Qazaxıstanın Birinci Prezidenti, Türk dünyasının bilgəsi, idealım, qibtə etdiyim, çox sevdiyim ən müdrik siyasətçidən, ən gözəl və yaraşıqlı kişidən gözlənilmədən hədiyyə alıram. Böyük Nursultan Nazarbayev öz imzası ilə mənə yeni kitabını göndərib! Yuxudur? Əsla! Yuxu deyil! Həqiqətdir! Kitabı əlimə götürürəm, öpüb gözlərimin üstünə qoyuram, qoxlayıram, ruhunu ürəyimə çəkirəm!
Mən Nursultan ağanın bu günə qədər iki kitabını tərcümə etmişəm. Demək, 2024-cü ildə mən bu kitabı da tərcümə edəcəyəm.
Bu kitabı tərcümə etməyi isə Tanrı buyurub! Bu mənim tarix qarşısında missiyam və taleyimdir! 2023-cü il həm türk dünyası üçün, həm Azərbaycan üçün və şəxsən də mənim üçün çox uğurlu il oldu! Türk əsri başlayıb! Yolarımız İpək Yolu olacaq!!!
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
2023-cü il Gənclər Kitabxanası üçün hansı əlamətdar tədbirlərlə yadda qaldı?
Könül, “Ədəbiyyat və incəsənət”
Sabah sonuncu gününü yaşayacağımız 2023-cü ildə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bir sıra uğurlu layihələrə imza atıb, çoxsaylı tədbirlər keçirib.
Bu il 95 illik yubileyini qeyd edən və respublikada gənclər üçün nəzərdə tutulan ən böyük kitabxana olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ətrafında 16 mindən çox oxucu kütləsi toplayan öz ziyarətçilərinə həm ənənəvi, həm də elektron xidmətlər göstərən 8 şöbədən ibarət bir mədəniyyət müəssisəsidir. Kitabxananın fondu özündə Azərbaycan, rus, ingilis və digər xarici dillərdə bütün elm sahələrini, bədii ədəbiyyat və məlumat nəşrlərindən ibarət kitabları cəmləyir. Kitabxanada Latın qrafikası ilə nəşr edilməyən, elmi, tarixi, bədii əhəmiyyətini bu günə kimi saxlayan 1000-dən çox kitabdan ibarət depozitar fond da mövcuddur. Kitabxananın ən qədim kitabı 1891-ci ilə aiddir.
Kitabxananın oxuculara təqdim etdiyi elektron xidmətlər özündə daim yenilənməkdə olan 140 mindən artıq yazını cəmləyən elektron kataloq, 7742-dən çox kitabı olan elektron kitabxana, 21 elektron məlumat bazası, 50-dən artıq nəşr nümunəsi olan dövrü nəşrlərin elektron bazası, 200 ədəd səsli kitab fondundan ibarətdir. Bu il ərzində kitabxanada fəaliyyət göstərən skaner aparatı vasitəsilə 790 nüsxə kitab skan olunaraq elektron kitabxanaya daxil edilib.
Bu il kitabxanada “Ümummilli Lider Heydər Əliyev-100”, “Akademik Zərifə Əliyeva-100”, Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa”, “Ölümsüzlüyə qovuşan ömür - Akademik Ziya Bünyadov -100”, “Gülhüseyn Hüseynoğlu- 100”, “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası-90”, “Xalq Yazıçısı Anar- 85”, “Akademik Teymur Kərimli-70”, “Azər Turan-60” və digərləri olmaqla 14 elektron məlumat bazası hazırlanıb. Hazırda ümumi elektron məlumat bazalarının sayı 21-dir.
Gənclər Kitabxanası fondunun günün tələblərinə, oxucuların mütaliə tələbatına əsasən kompektləşdirilməsi məsələsinə xüsusi həssaslıqla yanaşır Belə ki, kitabxanada iki ildir davam edən və özündə 20-dən çox nəşriyyatla əməkdaşlığı əks etdirən “Nəşrlərin satınalınması” müsabiqəsi təşkil edilir. İki il ərzində müsabiqə nəticəsində kitabxananın fondu 6000-dən çox kitabla komplektləşdirilib. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, məlumat nəşrləri, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı Zəfər tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir. Kitabxana kitab təbliğatı istiqamətində sosial şəbəkələrdən virtual təbliğat üsulu kimi geniş istifadə edir. Bu gün gənclərin ən çox toplandığı və istifadə etdiyi kitabxananın sosial şəbəkə platformaları yeni kitablar, maraqlı məlumatlar, əlamətdar tarixlər, şanlı Zəfər tarixi, hərbi-vətənpərvərlik mövzularında hazırlanan multimedia məhsullarının gündəlik paylaşımları ilə ön sıralardadır. 13 mindən çox istifadəçisi olan kitabxananın instaqram səhifəsində yerləşdirilən gündəlik paylaşımların baxış sayı 250-400-dür. İl ərzində kitabxananın sosial şəbəkə səhifələrində 381 paylaşım edilib.
Bu il kitabxana 22 adda qəzet (onlardan 17 adda Azərbaycan, 4 adda rus, 1 adda ingilis dillərində), 12 adda jurnala (onlardan 10 adda Azərbaycan, 2 adda rus dillərində) abunə olub.
Kitabxanada mütəmadi olaraq müəllif görüşləri, imza günləri, yeniyetmə-gənclərin ədəbi-bədii kompozisiyaları və rəsmlərindən ibarət sərgilər, ekskursiyalar təşkil edilir. Bu il ərzində Gənclər Kitabxanasında Azərbaycan Ədəbiyyat Fondu
və "Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Müharibə dövrü ədəbiyyatı" mövzusunda dinləmə, yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanının, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” kitabının təqdimat mərasimləri və digər tədbirlər təşkil edilib.
Bu il Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq sənədli materiallar əsasında yazılan və Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin müəyyən məqamlarını araşdıran “Tariximizin Heydər Əliyev zirvəsi” kitabı işıq üzü görüb.
Cari ildə Respublika Gənclər Kitabxanası “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsini həyata keçirib. Layihə çərçivəsində Ulu Öndərə həsr olunan 4 hissədən ibarət sənədli film, virtual kitab sərgiləri, elektron məlumat bazası hazırlanıb, sosial şəbəkələrdə çoxlu sayda paylaşımlar edilib. Həmçinin kitabxananın rəsmi saytında “Heydər Əliyev - 100” adlı bölmə yaradılıb. Burada ölkədə fəaliyyət göstərən “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi” “İki sahil”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti, “Olaylar”, “Bakı xəbəri” kimi müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanına malikdirlər. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq 100-dən çox məqalə toplanmışdır.
“Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, dünyanın siyasət aləmində böyük siyasi məktəb kimi qəbul edilən, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.
Kitabxananın həyata keçirdiyi digər bir layihə “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi olub. Layihə çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı imzaladığı Sərəncama əsasən Respublika Gənclər Kitabxanasında azad olunmuş əzəli Azərbaycan torpaqları haqqında virtual kitab sərgiləri, videomateriallar və elektron resurslar bazası hazırlanıb.
Bu il Moskvada keçirilən “Kitabxanaların birlik təhsil əməkdaşlığı” təlim kursunun ikinci mərhələsində Azərbaycanı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı təmsil edib. Bundan əlavə cari il ərzində Gənclər Kitabxanasının əməkdaşları digər beynəlxalq və yerli konfranslarda, vebinarlarda, forum və tədbirlərdə iştirak ediblər. Kitabxana Rusiya Dövlət Kitabxanası, İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası, Rudomino adına Xarici Ədəbiyyat Kitabxanası və digər kitabxanalar ilə əməkdaşlıq edir.
2024-cü ildə isə kitabxananı daha zəngin fəaliyyət gözləyir.
Uğurlar, elm, zəka və asudə vaxt ocağı!
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
...Gecə yarısı idi. Məclisin uzun çəkəcəyi barədə Rəşid müəllim qabaqcadan xəbərdarlıq etmişdi deyə Ülkər Aylini də aparıb anasının yanına qoymuşdu.
Namiq həyətə çatanda qoluna girib Ülkəri maşından düşürtdü, qoluna girib liftə saldı, Ülkər “Çıx get, özüm gedərəm” desə də, Namiq heç yerə tərpənmədi. Ülkər aşırdı, Namiq də onu qucaqlamışdı ki, aşmasın. Sonra mənzilə girdilər, Ülkər“Tamam, evimdəyəm, sən get” deyib onun getməsini istəsə də, nə sözünə, nə hərəkətinə yiyəlik edə bilirdi. Namiq onun ora-burasına əl atıb onun hara kimi şüurlu olmasını yoxlamaqdaydı. Get-gedə içki lap dərindən təsir etdikcə Ülkərin göz qapaqları da qapandı, o, divana uzandı. Onun tam özündən xəbərsiz olduğunu görəndə Namiq soyundu, sonra onu soyundurmağa başladı. Ülkər ani olaraq ayılıb müqavimət göstərmək istədi, amma tam gücsüz və zəif idi, içki onu tam əldən salmışdı.
Namiq vəhşi ehtirasla Ülkərin paltarlarını cırıb onunla oldu, sonra da onu ağlaya-ağlaya qoyub çıxıb getdi.
Ertəsi gün Ülkər yenə də hər şeyi Rəşid müəllimə danışmaq, bu murdar adamdan yaxa qurtarmaq fikrini özünə yaxın buraxdı. Amma yenə də zərbənin məhz özünə dəyəcəyini düşündü, Rəşid müəllim ona deməzdimi ki, dişi göz eləməsə, erkək ona atılmaz? Ona necə sübut edəydi ki, çox sərxoş idi, qollarında güc yoxdu ki, Namiqin idmançı bədəninə müqavimət göstərsin? Hətta qışqırıb haraya qonşuları çağırmağa belə hayı olmamışdı, səsi çıxmamışdı.
Həyat yenicə gözəlləşirdi, ancaq gəlib gör hansı həddə çatdı.
Cəmi bir həftə keçmiş onunla cinsi əlaqənin təkrarsız ləzzətini yaşamış Namiq gəldi ki, bəs yenə olmalıyıq. Ülkər ağladı. Yalvardı, söydü, qorxutdu, təhdid elədi. Amma heç nə ona kömək olmadı. Namiq dirəndi ki, bəs yatmasaq, gedib aləmə car çəkəcəm, Rəşidin ailəsini sənin üstünə salacam.
Ülkər bir gün fikirləşməyə möhlət aldı ondan. Bütün sutkanı fikirləşdi. Namiqlə yatmaq ağlına belə gəlmirdi. Hər şeydən məhrum olmağa razı idi. Bircə bu şərəfsizliyə getməmək üçün. İki yolu var idi. Birincisi, Rəşid müəllimə hadisəni danışmaq. İkincisi, bıçağı Namiqin ürəyinə saplamaq. Qadın necə də qəribə məxluqdur. Bəzən tam dəyişir, əvvəllər ağlına belə gətirməyəcəyi bir rol alır.
Zərif, ürəyiyuxa bir insan indi adam öldürmək həddinə qədər gəlmişdi, onun gününü qara eləyən bir nanəcibi öldürmək istəyirdi.
Rəşid müəllimə “sürücün məni zorlayıb” deməsindən qəti vaz keçdi, ikinci yolu seçdi.
Namiq səhər gələndə onun köksünə saplayacağı bıçağı əlində tutaraq qarşısına çıxdı, bərəlmiş gözləriylə “Alçaq, sənin murdar qanını tökəcəyəm indi” deyərək üstünə gəldi, amma Namiqi vurmağa cəsarəti çatmadı. Bıçaq əlində donub qaldı.
Namiq, əlbəttə ki, bunu gözləmirdi, arxa-arxaya çəkilib sürətlə mənzili tərk elədi.
Üç günü Ülkər gözlənti işində keçirdi. Əmin idi ki, o murdar məxluq mütləq nəyəsə əl atacaq, nəsə edəcək. Dördüncü gün işdəydi, işçilər müştərilərə xidmət göstərirdi, o da kabinetində gəlir-çıxarını hesablayırdı. Birdən tappatarap səsləri, “Hanı o fahişə?” qışqırtıları, şüşə çiliklənməsi eşidildi, kabinetdən bayıra atılanda gördü ki, iki oğlan salonun altını üstünə çevirir. Deməzsənmiş, Rəşid müəllimin oğulları imiş, Ülkəri vəhşicəsinə, hamının gözü qarşısında döydülər. “Fahişə” kəlmələri salonu titrədirdi.
Bu zalımlar onun saçlarını da kəsdilər.
Bununla kifayətlənməyib salonun iri şüşələrini də kətili çırpıb qırıq-qırıq etdilər.
Ülkər ağrı içində Rəşid müəllimi yığıb hal-qəziyyəni başa salmaq istədi. Əlləri necə əsirdisə, nömrəni belə yığa bilmədi.
O günü təzədən xatırlayanda belə damarlarında qanı donur.
Ülkər əsla özünə gələ bilməmiş, ağlamışdı. Salonun işçiləri, müştərilər qorxub qaçmış, qardaşlar getdikdən sonra ehmalca gəlib qapı ağzından Ülkərə baxmışdılar. Ülkər nə edəcəyini, nə addım atacağını bilməmişdi. Xeyli keçəndən sonra salona sahə müvəkkili gəlmiş, kimlərin hücum etməsini aydınlaşdırmağa çalışmışdı, Ülkər isə həmin şəxsləri tanımadığını bildirmişdi.
Yalnız bundan sonra Ülkər özünə gəlib Rəşid müəllimi yığdı, oğullarının törətdiklərindən onu agah elədi. Ülkər deyənlər Rəşid müəllim üçün o qədər gözlənilməz oldu ki, o, tutuldu, bilmədi nə desin. Xeyli keçəndən sonra toxtayıb “qoy görüm nə məsələdir” deyərək əlaqəni kəsdi.
Axşam saatlarında daha bir gözlənilməz olay baş verdi.
Ülkər evindəydi, gözlərinin altının qarasına, partlamış dodağına, kəsilmiş saçlarına güzgüdə baxıb özü özünə ağı deyib ağlayırdı. Bir də gördü qapını kimsə uçurub-dağıtmaq həddində çırpır, üstəlik, həm də zəngi basır. Nə baş verdiyini anlamadan qonşuları narahat etməməkçün qapını tez açmaq fikriylə cəftəni buranda yaşlı iki qadın mənzilə soxuldu. Biri onun üzünə lopayla tüpürdü, o birisi Ülkəri saçlarının qalmış o az hissəsindən yapışaraq mənzil boyu sürüdü. Bu da Rəşid müəllimin həyat yoldaşıyla baldızı imiş.
Ülkər bu boyda vəhşilik görməmişdi, döymək, saç yolmaq bir yana, qəzəbini boğa bilməyən qadınlardan biri taxta şamdanı da Ülkərin başına çırpdı.
-- Fahişə!!! Bir də Rəşidin adını tutsan, sənin... soxacayıq.
Qadına yaraşmayan söyüş və təhqirlər divarları tərpədirdi sanki.
Qadınlar gedəndən sonra Ülkər Allahdan niyə ona bu cür bəxt yazdığını sora-sora hamam otağına keçdi, vannanı su ilə doldurub lezvanı biləyinə sürtdü ki, şah damarını kəssin. “Bağışla məni, Aylinim, daha dözə bilmədim” deyib göz yaşları içində bu proseduru hey təkrarlasa da, titrəyən əlinin lezvanı sıxmağa gücü çatmadı.
Sonrasında isə eyvana çıxıb oradan özünü atmaq fikrinə gəldi. Bu dəfə Aylin xəyalən onu tutub, ağlayaraq “səni buraxmaram” dedi, bu dəfə də intihar edə bilmədi.
Növbəti günlər hadisələr lap pis məcra aldı. Rəşid müəllim ailəsini yerində oturtmağa, hətta lazım gəlsə həyat yoldaşını boşanmaqla hədələməyə cəhd edib Ülkəri əlindən buraxmamağa çalışdı. Aləmi qatan Namiqi cəzalandırmaq məqamı çatanda isə Namiq bütün bunları Rəşid müəllimin xeyri üçün etdiyini söylədi, Ülkərə şər atdı. Sən demə, həmin o gecədə Namiq Ülkərlə olandan sonra yataqda onun çılpaq şəklini çəkibmiş. Namərdcəsinə, oğraşcasına şəkli Rəşid müəllimə göstərib dedi:
-- Ağsaqqal, sən mənimçün atamdan da əzizsən. O qızı o qədər sevməyinin, ona nə qədər pul xərclədiyinin, hətta kəbin kəsdirdiyinin qarşısında o, fahişəlik edirdi, əlli manata çıxırdı. İzinə düşdüm deyə mənim qarşıma bax belə uzandı ki, gəl yataq, amma Rəşidə başqaları iləyatdığımı demə. Mən də naəlac qalıb bilmədim neyniyəm. Dedim, sənə deyərəm, ürəyinə zərbə-zad dəyər. Oğullarına dedim, axırı da gəlib belə oldu.
Rəşid müəllim necə inanmayaydı Namiqə? Əldə o boyda sübut var idi, Ülkər çılpaq, ayaqları aralı halda evinin divanında uzanmışdı. Bu fotonun real foto olması heç bir şübhə doğurmurdu.
Rəşid müəllim bu xəbərdən çox sarsıldı. O boyda kişi ağlamaq həddinə gəlib çıxdı. Düz Ülkərə aldığı mənzilə getdi, Ülkəri döydü, “fahişə” deyərək azı yüz dəfə təkrarladı, sonra da evdən çölə atdı. Beləcə, bir anda Ülkər hər şeyini itirmiş, əzilmiş, təhqir olunmuş halda, gözlərinin altında gömgöy halqalar, saçları da kəsilmiş halda anasının evinə qayıtmalı oldu. Fikri qəti idi, qızı ilə vidalaşıb bu dəfə mütləq intihar edəcəkdi. Bu rüsvayçılıqdan sonra necə duruş gətirmək, necə yaşamaq olardı?! Ürəyini tutub özündən gedən anası, çığırıb ağlayan qızının halları ürəyini diddi. Hamama keçib burada da vannanı su ilə doldurdu, ülgücü çəkib damarını doğramaq istəyirdi ki, Aylin qapını var gücü ilə döyərək “Ana, aç qapını” deyə haray qopardı.
Bir anda əlləri boşaldı.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
“Üzərimdədir barmaq izləri ölümün..” - Güneyli Oğuz Məhəmmədikiyanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu illərin qovuşağında dəyərli oxucularımız, sizlərə Oğuz Məhəmmədikiyanın şeirlərini təqdim edir.
Oğuz Məhəmmədikiyanın 33 yaşı vardır. O Urmu şəhərində doğulmuşdur.
1.
Əl apardım
İçimdəki qara ləkəni götürməyə
Əlimi gətirdiyimdə
Balalarını gətirmişdim ey vah qaranın.
Oynatdım həyatı
Geriyə saydım uzun incə yolu
Qayıtdım südəmərliyimə
Və boğdum gecələrin qarasını
Bilinc altımda
Bilincin altı var isə
Üstü də olmalı dedim özüm-özümə.
Döydüm nəm kimin
Xatirə qapısını
Həyata olan bic hissimin
Türkcəsini axtardım.
Atam çıxdı qapıya
Ağlaya-ağlaya
Aldım əlindəki kəskin bıçağı
Didərginliyimi saldım çiyinlərinə
Etiraf etməsini istədim
Soruşdum səfilliyimin nədənlərini.
Anamı yenidən anlatdım ona
Unudulan gözəlliyini,
Yumşaq baxışlarını.
“Qayıt” - dedim
“Bax mənə qayıt.
Ağla,
Ax mənə qayıt.”
Ağladı
Ağladı atam.
Anamı ağladan şeyləri
Atama anlatdım
Güldü.
Paradoksu qucağıma alıb
Həyatı oynadırdım
Zamanı oynadırdım
Qarın sancısıyla.
Qara balalarım qucağımda
Əlim içimdə dolanırdım
Özüm-özümü.
Əl apardım yaramı deşməyə,
Deşdim.
Axıtdım damarımda uçuşan
Qara kəpənəkləri.
Uzandım ölümə...
Evdən anladığım tək qavram
Pəncərə idi.
Açdım,
Lacivərddən qaçan quş sürüsünə
Baxdım.
Anamın mızıltılı ağlamasının
Fon musiqisi ilə
İçmədiyim andları içdim.
Taxdım qarğanın biləyinə
Qanadına tüpürdüm
Uçurtdun quş sürüsünün ardıca
Bağladım anladığım qavramı...
Oturdum qara balalarımın yeməyini yedirtməyə
Əl apardım qəlbimə
Əl gətirə bilmədim
Artıq əlimdə yox.
Ağzımda böyüyən
Kəlmə idi həyat
Dodaqlarımı parçalayan.
Bu filmi kəsməli idim,
Kəsdim.
İncimir artıq biləyim
Toxunduğum tənim
Balalarımı öldürmüşəm
Əlimdə yox artıq
İncimdə
Buradan getməliyəm
Unutmalıyam hər şeyi.
İncə uzun yola başlamışdım
Getməyə
Geridən getməyə
Halal etməyə başlamışdım
Haram olsun dediklərimi,
Sevdiklərimi,
İçimdəki qara ləkənin
Doğurqanlığını
Birdə məni.
...
Bu hekayənin dərini yoxdur
Üstə gəl lütfən.
2. KÖRPƏ DİNOZAVR
Ölülərimi Qucaqladım
Üç kərə Döydüm Daşın
Çatlağından süzülərək
Dirilərimi tanımazdan öncə
Dirildirildim ortadoğudan avropalı gözümlə
Baxdım həyatın ənənəvi boyutuna
Damızdırdım bıçaqdan süzən ovcumun qanını.
Barışı sağladım inəklər qəbiləsi ilə
donuzlar tayfasının arasında
Sonra
Çaxırladım gözümdən ağzıma axan şor dənizi
Və birdən atıldım miladdan sonrakı ilk günə
Miladdan öncəni də vərəqlədim
Qutladıq bərabər miladın şərəfinə
Kılavarı dağında yanan şamı püfləyərək
Tanrının ağzından əsən hava ilə...
Yerlərdə sürüklənən qutsallığı da gördüm
Qardaşlığın ovucdan axan qana hörmətsizliyini də
İndi isə sevişmə törəsində
Qırmızı bezin ağappaq qaldırılma anındayam.
Xirosimaya qan ləkəsi düşməmiş hələ
Addımladım qadınların başından açılan
Yelin sərinliyində
Və tam mədəniyyətin ortasında
Qaldırdım atamın paslı qılıncını...
Cənnətdən yenərkən
Qırılan ayağımı miras buraxmışam
Məndən sonrakı əziklərə.
İlk dəfə gördüyümdə səni
Körpə ilan idin ağacın gövdəsinə uzanan
Balıq babanın son dəyişməsi idin təzə
Saçının ucunu da hörmüşdün oysa.
Sevirəm (üstünə basaraq) səni.
Sevmək sözcüyünü quşlardan Öyrənmişdim
İlk cınqıltılı samitliyimdə
Və sənə uzanan əlimə toxunduğunda anlamışdım dərimdən
ötə biləcəyimi.
Bax hələ haradasa
Qızıl almadan yeyəcək idim ilan qadın!
Məni tanrıyla baş-başa
Buraxma lütfən
Məni sevməz bilirəm.
Dandırılmışam,
Unutdurulmuşam ona.
Altımı doldurduğum günlər idi.
Ondan qorxduğum an
Ürəyimə oturmamışdı zatən.
On bir yaşımda bildim dəniz
Mavi olmaz
Çiynimdəki ağ geyimli mələyin
İftirasını bildim.
On iki yaşımda tanıdım coğrafiyamı
Və tam on beş yaşımda
Qonşunun qızı əmizdirdi
İçimdəki körpə dinozavrı.
On altı yaşımda qarğaların
Sevişməsini görməklə
Açıldı gözüm.
İndi islamdan sonra
Min dörd yüzüncü ildəyəm
Donuzlar inəkləri sağır
Və içimdəki körpə dinozavr
Doğulmağa meyilli deyil...
3.
Sormuşdum bir gecə dəlidən :
“Quş uça bilməzsə kim ağlar?” - deyə.
“Mən” - demişdi.
“Mən”-dən aldığım həyəcanı paylaşdım.
Əlimdən əlimə
Əlimdən əlimə
Əlimdən əlimə.
Uçdu, aldı əlimdən həyəcanı quş
Dəlinin çiyninə qondu.
4.
İndi bağrıma basdığım yalqızlığı
Gövdəmdə qan içirdib
Sudan keçirdib, qusduracağam ilin ilk gününə.
Gün sayacaqdır əynimdəki sənsizlik
Bahardan da keçəcəkdir
Biləyimə dolaşacaqdır
Kəsəcəkdir,
Biçəcəkdir də...
Nə isə!
Səni unutmaq üçün əlverişlidir həyat.
Uzun sözün enindəyəm
Maviliyi itən səmanın dərinliyində.
Məni qarnı tox quşlardan soruşma gözəlim
Armatur dəmirlərin betonlarda güclü duruşundan soruş
Xiyabanlardakı qanla çiçək qoxulu buruq küçələrdən...
Belində şəkər torbasıyla divlərin artığını yığan sərçələrdən soruş...
Apartmanın zibil qabına düşən ay,
Artıq gecə qoxumur
Mən isə hər gecə itlərin boğuşmasında
Zibil maşınından sonra
Qapının önündə ayın inxifazını izləyirəm...
Gecədir indi
Qapımın önündə duran
Sümükləri dərisini kəsən itə
Çörəyimi bölmək saatıdır...
Ağlaram bu saatlar
Boğularam bu saatlar.
Ancaq qayıtmalıyam evimdə yaratdığım
Yapay cənnətə
Qayıtmalıyam ay şəkilini asdığım
Divarlara dalmağa
Qonşunun sevişmə səsini
Duyduğum otağa.
Televizorda mikrofona tüpürən biri var
Ağzındakı qan dodağındakı gülücüyü.
Təhdid edən birisi
Ölkəmə marş ulayan
Ayımın üzlüsü.
Pəncərəmdə yalvaran günəş
Önümdə soyumuş çay
Böyük partlayışın reklamı keçir
Romantik filmin arasından.
Miladdan öncə
“Qadını neçə saatda bir qullandılar”
Bəlgəsəli.
“Kişilərin harasını öpsən qumabarsı
Açılar” verilişi.
Hə!
Səni unutmaq üçün əlverişlidir həyat...
Mən səni unutmadım gözəlim
Diazepama tapşırdım adını
Və bu şeir
Səni düşünmədən öncəki
Yaşanmışlıqdır.
Mən səni unutmadım gözəlim...
5.
Üzərimdədir barmaq izləri ölümün
Sarılar içində,
Girilməz, dörd divarından sən asılan
Otağam.
Üzərimdədir qara qadınların
Bəlirgin dodaqları.
Kafkanın ümidsizcə sevməsi
Gabo’nun son məktubu.
İllərcə qapının cırıltısını dinlədim
Cırdım qulaq pərdəsini və
Səslərdən aldım içi boş notu...
Səssizliyi çəkib çıxartdım aradan.
Sonrası sükut,
Sonrası sükut...
Otuz yaşındayam indi
Hələ altıma işəyib
Titrək-titrək düşünüb
Tanrıya yalvarma çağına qalıram.
Yox, unuduram hərdən
Yelin qorxunc səsini
Gecənin ufuldayan uzaqlarını.
Qırmızı dodaqların vardır
Hər zaman xatırladığım
Islaq və çatlaq.
“Xatırlamamaq unutmaq deyil” -
Demişdi doktor.
Məsələn anamdan soyunduğum günü
Xatırlamıram.
Unutmadım da...
İndi otuz yaşındayam
Hələ həblərdən ürək döyüntüsünü
Oksigen tankından O iki ünsürü
Serumlardan qanı alma çağına qalıram...
Üzərimdədir barmaq izləri ölümün
Səsdən öncə yaranmışdım
Qulaqdan sonra
Sözdən öncə ölmüşdüm
Ağızdan sonra.
Əynimə soyuqları geyinib əlindən
Axdığın gecə
Polislər basdı bizi.
Mən ölülərdən aldığım salamları eşidirdim,
Sən ölümü qoynuna alıb ağlayandın oysa.
Anamı soyundum
Asdım çərçivəyə.
Səsimi unutdum
Soyudum günəşin kəskinliyində
Sonrası
Qara,
Qaranlıq.
Və zip səsi...
“Ədəbiyyat və incəsənə”
(30.12.2023)
Göyqurşağıtək xatirələr - ESSE
Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
Bilirsən, bəzi insanların həyatına girişi, buludların dünyaya yağışı bəxş etməsi kimidir. Gələrkən yağıştək yağır həyatına.. səsi yağışın verdiyi hüzurla ruhuna işləyir, sevgisi damlalartək ruhuna yağır, üzünə yansıyır, bəziləri gözdən axan yaşa bərabər olur.
Yağış dayanır, insanlar gedir. Sən islandığın üçün bir müddət yağışın dayandığını anlamır və qəbullanmırsan. Daha sonra öncə fiziki olaraq bədənin quruyur və səmaya baxırsan. Səmada yaranan göyqurşağı, onun artıq olmadığının ən böyük sübutu və ondan geriyə qalan tək xatirəsinə çevrilir.
Yağış bitdi, geridə göyqurşağıtək xatirələr və eyni zamanda acı həqiqət qoydu. Əslində yağışdan sonra çıxan göyqurşağı, bizim yağışı unutmağımız üçün olan göz yanılmasıdır bəlkə də?
Eynilə, acıların insan üzünə yansıtdığı saxta gülüşlər kimi, həmin rənglərin birləşməsi də yanıltmacdır bəlkə də.
İş orasındadır ki, həmin göyqurşağı da qalıcı deyil. Amma məsələ onun qalıcı olub, olmaması deyil, sənin o rəngləri qəlbində nə zamanadək canlı tutmağındı.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
“İnsan hərdən yıxılmalıdır ki, kimdən tutub durduğunu bilsin” - HÜMBƏT HƏSƏNOĞLUDAN 10 AFORİZM
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Həyat həndəsə deyil, iki nöqtə arasındakı ən qısa məsafə düz xətt olmaya da bilər.
2.İnsan hərdən yıxılmalıdır ki, kimdən tutub durduğunu bilsin.
3.İnsan nağılları ona görə fikirləşib ki, heç olmasa orada xeyir şərə qalib gələ bilsin.
4.Alatoranlıq işıqla qaranlığın qucaqlaşdığı vaxtdır
5.Axmağı tərifləmək samanlıqda odla oynamaq kimi bir şeydir.
6.Şeytanı görməsən belə, hərdən onu düşünüb göz vur, qoy elə bilsin ki, sən onu görürsən.
7.Müəllim şagirdə hörmətlə yanaşsa, sonradan şagird də müəllimə hörmətlə yanaşar.
8.Qadınla münasibətdə kişi ağlı olduğunu sonda yada salır.
9.Sualına cavab verməyənə hörmətlə yanaş, ən azı sənə yalan demək istəməyib.
10.Dünyada ən təhlükəli şey ürəyi dolu qadının susmasıdır.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
“Saçımızın boyasından dərd baxır” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı sizlərəTəranə Dəmirin şeirlərindən iki yarpaq yəqdim edir.
1-Cİ YARPAQ
Bahar kimi sevməyə, sevilməyə nə var ki,
Sən sevginin əlindən yarpaq saralanda tut.
Saçında, yanağında illər cığır salanda,
Əlinə, ayağına payız sarılanda tut.
Bütün arzularının səndən küsən çağında,
Ömrünün başı üstə külək əsən çağında,
Ürəyinin üşüyən, ocaq gəzən çağında,
Təklikdən, tənhalıqdan bağrın yarılanda tut.
Baharı sevmək asan, bahar sevgidi elə,
Burda çöl də, çəmən də-nə var sevgidi elə,
Çaylar, dənizlər, dağlar, yollar sevgidi elə,
Ayaqların tikanda, kolda yorulanda tut.
Xəzəllər öz canını torpağa tapşıranda,
Ürəklər günahını Allaha tapşıranda,
Sairlər ürəyini varağa tapşıranda,
Qələmin məhəbbətdən beli qırılanda tut.
Bahar kimi sevməyə, sevilməyə nə var ki,
Sən sevginin əlindən yarpaq saralanda tut.
Saçında, yanağında illər cığır salanda,
Əlinə, ayağına payız sarılanda tut.
2-Cİ YARPAQ
Zaman necə uçub gedir quş kimi,
Yaş üstünə yaş tökülür günbəgün.
Ümidimiz yarıtoxdu, yarıac,
Nə dadı var, nə duzu var bu ömrün.
Saçımızın boyasından dərd baxır,
Üzümüzün qırışından iztirab.
Saat-saat alladırıq zamanı,
Çəkə -çəkə özümüzlə haqq-hesab.
Ötüb daha asıb kəsən vaxtımız,
Sevgimiz də ruhumuza dar gəlir.
Özümüzdən utanırıq aynada,
Bizə daha güzgülənmək ar gəlir.
Darıxırıq, darıxmırıq -kimə nə,
Tək çəkirik şələmizi beləcə.
Ulduz-ulduz oynayırıq gecəylə,
Yuxu tapmır gözlərimiz sübhəcən.
Bu günümüz davamıdı dünənin,
Sabah-sabah qovlayırıq vaxtı biz.
Gah dünyadan, gah Tanrıdan küsürük,
Nisyələrə xərcləyirik nağdı biz.
Zaman necə uçub gedir quş kimi,
Yaş üstünə yaş tökülür günbəgün.
Ümidimiz yarıtoxdu, yarıac,
Dadı, duzu qalmayıb ki, bu ömrün.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
Faiq Balabəyli: "Dənizə oxşamışam" - MÜSAHİBƏ
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Mavi sular mavi gözlü gözəl olar
naz eləyər dənizçiyə
Mənim üçün əziz olub,
heç bilmirəm, dəniz niyə?!
"Ədəbiyyat və incəsənət" portalının qonaq otağında yenidən xoş gördük sizləri.
Qonaq otağında bu dəfəki müsahibimiz dənizçi-kapitan, şair Faiq Balabəylidir.
Həmsöhbət olduğumuz müddət ərzində Faiq bəy ona ünvanladığımız suallara verdiyi səmimi cavablar əsnasında bizi bir söhbətlik dənizçi həyatına qonaq edərək, həyatı, dənizi və ədəbiyyatı bizə bir dənizçinin gözündən, bir dənizçi ruhunun baxışlarından göstərdi.
- Faiq bəy, bizə bir qədər fəaliyyət sahələrinizdəki ən son yeniliklər barəsində məlumat verə bilərsinizmi?
- Fəaliyyət sahələrimdəki yeniliklər, dedikdə, heç bilmirəm nədən danışım. Yaşımın üstünə yaş gəlir və bunu izləməklə davam edirəm. AXDG QSC XDND idarəsində gəmi kapitanı olaraq çalışıram. “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri olaraq fəaliyyətim də var və bu birlik ətrafına yüzlərlə dənizçini toplaya bilib. AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyyətinin üzvüyəm. Yaqradıcılıqla məşğulam. Eyni zamanda Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoruyam. Bu yaxınlarda “Dənizçi həyatı” adlı sonuncu kitabım “Qanun” nəşriyyatında dərc olundu. Kitab Azərbaycan gəmiçiliyinin 165 illiyinə “DSD”İB-nin növbəti layihələrindən biri idi.
- Belə bir söz var, deyir ki:
Dostları olmalıdır insanın, eynən gəmilərin limanları kimi..
Zaman-zaman gəlib yükünü boşaltdığın, dalğalar dinənə qədər qoynunda gözlədiyin
Həyatı əzbərə oxuya bilən,
Düşünmədiklərini düşündürən,
səni güvəndə tuta bilən.
Gərəkdiyində sənin üçün alovu uda bilən.
Yoluna işıq saçan ustan olmalı.
Fırtınalar zamanı adətən gəmilər fırtınalardan yaxa qurtarmaq üçün limanlara doğru can atır hər halda.
Faiq bəy bəs bir insan kimi sizin həyatınızda liman yeriniz, istinad nöqtəniz haradır?
- Belə bir deyim var, dediniz, kim deyibsə gözəl deyib. Xüsusi ilə də “Dostları olmalıdır insanın, eynən gəmilərin limanları kimi…”. Limanlar gəmilərin ən çox gözlənilən yeridir. Eyni zamanda da vüsalla bərabər həm də ayrılıqların yaşandığı məkandır. Mənim belə bir şeirim var:
Yamyaşıldı duzlu suyun köynəyi
qayaların üzü cızıq-cızıqdı
gəmiləri üzüb gedib, göynəyir
bu dənizin limanları, yazıqdı…
Limanlar həsrətin nə olduğunu gözəl bilir… Gəmilərin yazıq olduğu anları çox görmüşəm, çox yaşamışam o hissləri. Gəmilərin, sizin təbirinizcə desək, güvən tapdığı, fırtınalardan qorunmaq üçün sığındığı limanlar həm də ayrılıqların başladığı bir yerdir. Gəmiləri limanlardan təkcə doğma insanların baxışları yola salmır ki, açıq dənizə, həm də qağayılar yola salır.
Yelkənlər, gəminin bəyaz duvağı
nə bilim, gördüyüm yuxudu, bəlkə
Gecələr yuxuma girən qağayı
ölən dənizçinin ruhudu, bəlkə.
Bu bir deyimdir, ona görə də qağayılar dənizçi üçün müqəddəs sayılır və bu quş ovlanmır.
Körfəz boyu səpələnən yosunlar,
balıqların qumla dolan qulağı,
əgər məni incitsəniz gedərəm,
görünmərəm gözünüzə, uzağı.
Bir qağayı lələyini götürüb
qum üstünə bircə misra yazaram
külək dolmuş ağ yelkənə bürünüb
bir adaya sığınmağa hazıram.
Bu şeirdə dediyim kimi, mənim həyatda istinad nöqtəm çox olsa da üstünlüyü dənizə, dənizdəki tənha adaya, adadakı, sahildəki qayalıqlara verirəm. Əlbəttə, dost dediyimiz insanlar elə mənim üçün o sığına biləcəyim limanlar, qayalar, adalar kimidir. Dənizə daha çox güvənmişəm. Bir şeirim var:
Dəniz bir gözəl üzüdür
xaldı tənha adaları
Dəniz xallı gözəl kimi
hey aldadır adamları
Nöqtə kimi ağ kağıza
qoyulubdur, bəlkə, ada
Adalar çılpaqdır, ya da
göy paltardı yosunları…
Şablon səslənməsin, həyatımın 40 ilindən çoxunu dənizə bağladım, dənizin sərt üzünü, tufanlı, fırtınalı zamanlarını gördüm, dözdüm, maneələri dəf etdim, möhkəm oldum və… insanları tanıdım, onlardan qorundum. Qoruna bildimmi, bəzi vaxtlar yox. Dənizin bütün sifətləri olduğu kimidir, sakit, dalğasız, ləpəli, sualtı axını, burulğanı və sair… görürüsən, özünü təqdim edir, hiss etdirir… Amma elə olur ki, insanlardakı bu sadaladığım hallar gözləmədiyin anda büruzə verir, zühur edir…
- Faiq bəy, Ədəbiyyat yoxsa dəniz? Hər ikisinə çox yaxından bələd olan biri kimi dənizi və ədəbiyyatı necə anladardınız?
- Məni dənizə ədəbiyyat gətirib. Cəlilabadda doğulmuşam, dəniz qonşumuz olmayıb, görmədən böyümüşəm. Orta məktəbdə oxuduğum zaman mütaliə etdiyim kitablarda, baxdığım kinolarda dənizi tanımışam və taleyimi dənizə bağlamıaq qərarına gəlmişəm. Macəra dolu həyat yaşamaq, səyahət və fövqaladə vəziyyətlərdə çıxış yolu tapmaq üçün çevik ağıl sahibi olmaq dənizçinin əsas xarakterlərindəndir. Eyni zamanda da rəhmli, humanist, insanlara daha çox sevgi və sair. Yaradıcılığımda dəniz mövzusu xususi bir yer tutur. Mənim üçün hər iki sahə həyat tərzidir. Birini digərindən ayrı tuta bilmirəm. Gəmi kapitanıyam. İllərdir dənizdə fəaliyyət göstərirəm və demək olar ki, yazıb araya-ərsəyə gətirdiyim şeirlərin, nəsr nümunələrinin, publisistik yazılarımın yarıdan çoxu dənizdə yazılıb. Dənizdən yazdıqlarım da, başqa mövzuda qələmə aldığım ədəbiyyat nümunələri də.
- Söhbətiniz daha çox dənizlə tutur, yoxsa kağız qələmlə? Dənizə danışıbda kağıza danışa bilmədiyiniz hiss və düşüncələriniz olurmu heç, və yaxud da əksinə gəminin bir küncünə qısılıb da dənizdən gizlicə kağıza danışdığınız şeylər olurmu?
- Mənim iş yoldaşlarım, dənizçi həmkarlarım var ki, onların hər birində dənizdən nəsə var. Onlarla həmsöhbət olduqda elə dənizlə dərdləşirmiş kimi oluram bəzən. Dənizdən çoxlu sayda şeirlər yazmışam. Qələm dostlarımın dediklərinə və elə özümün də qənaətimə görə bu mövzuda ən çox yazan mənəm. Çox şair və yazıçılarımız dənizə, dənizçi həyatına müraciət ediblər. Mən isə müraciət yox, hayat tərzim olan, yaşadıqlarımı, yaşantıları, gördüklərimi qələmə almışam. Əlbəttə yazdıqlarımın bəzisi kağıza köçürülmədən dilmdə səslənib.
Müşahidələrimin sonucu olub deyilən şeirlər sonradan kağıza köçürülüb.
Yelkəni küləklə dolan ağ gəmi
Yapışıb gövdənə yosunlar sənin
yosunlar beləcə ovsunlar səni
ləpələr istəyər qovsunlar səni
doğma sahillərdən yad sahillərə.
Yelkəni küləklə dolan ağ gəmi,
Başının üstündə bir əlçim bulud
Açar qanadını göyərçin bulud
Göyərtə ovcunda bir içim bulud
Dönər ağ yağışa isladar səni…
Bu və digər şeirlər var ki, dənizlə mənim məhrəm söhbətimin nəticəsidir ki, ürəyimdən keçirib, dilimdən dənizə “düşürüb”, yaddaşıma hopdurmuşam və sonda kitablarıma köçüb.
- Və son olaraq Ömrü bir gəmi səyahətinə bənzətsək səfərinizin 60-cı ilində dənizdən sahilə doğru dönüb baxanda nə görür, nə hiss edir və nələri götür-qoy edirsiniz içinizdə?
- Dəniz elə həmənkidir
gah mülayim, üzü gülər
ya da dönüb ölüm olar
bizi güdər.
Dənizçidə dözüm gərək
ölümünə baxa bilsin,
Ölümünə qalib gəlsin
yıxa bilsin.
Dənizçinin yuxusuna
Torpaq ətri girər hər gün
yanıb sönən mayaklarda
ümüd adlı bir közərti
görər hər gün.
Dənizçiyə dalğaların arasından
əl eləyər su pırisi
dənizçiyə ad verərlər:
Su dəlisi…
Uzaq və çətin, eyni zamanda macəra dolu, maraqla yaşanan bir ömürdür dənizçi ömrü. Həmişə sahil üçün darıxmışam. Torpaq ətrini hiss etmişəm, yuxularıma sahil boyu sıralanan qayalıqlar gəlib. Amma içimdə bir dəniz azadlığı olub, özümü qağayı dəstəsinin içində görmüşəm, çatmadığım, yetişmədiyim hadisələr olub, özümü qınamışam, harasa gecikmişəm, özümə acığım tutub, ətrafda və cəmiyyətdə qarşılaşdığım eybəcərliklər, dost bildiyimizin xəyanətlərini görmüşəm, dözmüşəm, sınmamışam, sözümü demişəm bir başa, necə dəniz dalğaları ilə qayalıqlara çırpılıb sözünü deyir ha, o cür və rahat olmuşam, İçimdə kir, pasaq, nifrət, qəzəb, xəyanət olmayıb. Dənizə oxşamışam.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
ÖTƏN İLLƏR BU GÜN: Ülvi Qılınc:” Hələ də bəziləri qohumluq, tanışlıq əlaqələrindən istifadə edərək önə çıxmağa çalışır”...
Ülviyyə, “Ədəbiyyat və incəsənət”
İnişilin bu gününə nəzər yetirdikdə diqqətimi bu musiqi xəbəri çəkdi.
“O səs Türkiyə” müsabiqəsindəki səhnə davranışı, ifası ilə hər kəsi heyran qoyan azərbaycanlı ifaçı Ülvi Qılınc müsabiqədə uğurla irəliləməkdə davam edir.
Müğənni mediaya açıqlamasında gələcək planlarından söz açıb:
“Bir qədər sonra geridə qoyacağımız 2021-ci il həm kədərli, həm də sevincli oldu. Kədərli oldu ona görə ki, xeyli sayda sənətkarlarımız, yaxınlarımız koronavirus pandemiyasından, bu və digər səbəbdən dünyasını dəyişdi. Əlbəttə ki, kədərlə bərabər sevindirici anlarımız da oldu.
Bildiyiniz kimi hazırda da “O səs Türkiyə” müsabiqəsində mübarizəm davam edir. Düşünürəm ki, hər şey yaxşı olacaq.
Türkiyədə vokal musiqisinə çox gözəl münasibət var. Ümumiyyətlə, düşünürəm ki, həm vokal, həm də digər gözəl musiqilərin təbliğatını aparmaq lazımdır.
Türkiyədə sənətə düzgün qiymət verilir. Yəni sənətin varsa, böyük dəyər verilir, burada hansısa tapşırıq və yaxud qohum, tanışlıq əlaqələri rol oynamır. İnsanlar qəlblərindən gələn kimi səs verir.
Əlbəttə ki, Azərbaycanda da sənətə dəyər verilir. Lakin təəssüf ki, hələ də bəziləri qohumluq, tanışlıq əlaqələrindən istifadə edərək önə çıxmağa çalışır.
Amma xalqımın çox gözəl qəlbi var. Mənə dəstək üçün çox gözəl şərhlər yazır, öz fikir və arzularını qeyd edirlər. Bununla da anladım ki, böyük bir Azərbaycan kütləsi mənə dəstəkdir və buna görə fəxr edirəm. Buna görə də hər birinə öz təşəkkürümü bildirirəm”.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
“Natamam bir əsrin özəl nöqtələri” – MEMUAR ƏDƏBİYYATI
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində növbə memuar ədəbiyyatınındır. Bu gün sizlərə Şirməmməd Nəzərlinin “Natamam bir əsrin özəl nöqtələri” adlı yazısı təqdim edilir.
Aşağıdakı qeydlər hazırda öz peşələrinə uyğun aktiv fəaliyyətdə olan jurnalistlərin – 75 yaşlı kişinin və onun 72 yaşlı xanımının bir yerdə 98 illik əmək fəaliyyətinin bəzi məqamlarıdır. Qeydləri yazıçı, jurnalist, fotoqraf Şirməmməd Nəzərli Azərbaycan Milli Mətbuatının 148 illiyi münasibətilə hazırlayıb.
*Deyəcəklərimdə nə şikayət var, nə də özünüreklam motivləri. Sadəcə, faktlardır, yaradıcı ömrün anlarıdır.
*1974-cü il. ADU-nun 3-cü kursunda (jurnalistika fakültəsi) oxuyurdum. AzTV ilə sıx əməkdaşlıq edirdim. İlk televiziya reportajım Yerevan sakini olmuş, yeganə oğlu bu şəhərin parkında haylar tərəfindən qətlə yetirilmiş rəssam xanım, bütün işlərinin fonu qara parça olan Filurə Şeyxova haqqında oldu. (Gələn il, sağlıq olsa, ilk tv işimin 50 yaşı olacaq).
*Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri Hacı Hacıyev rəhbəri olduğu diplom işimlə tanış olandan sonra dedi ki, universiteti bitirən kimi onun yanında – İttifaqda işləməliyəm, vəssalam. Amma mən “yekəxanalıq” edib “İdarə məmurluğunu” bəyənmədim.
*Azərbaycanın siyasi rəhbəri Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevin Orta Asiya respublikalarının birində inşa etdirmək istədiyi Məişət Kondisionerləri Zavodu (MKZ) tikintisinin coğrafiyasını dəyişməyə nail olmuşdu. Bakıda qurulmuş bu müəssisə 1975-ci ilin dekabr ayında istifadəyə verilmişdi. Zavod nəinki SSRİ-də, deyilənə görə, hətta Avropa məkanında da ilk idi. Zavodda, onun Xüsusi Konstruktor Bürosunda və müttəfiq respublikaların paytaxtlarında kondisionerlərin Texniki Təminat Atelyelərində ümumilikdə 10 minə yaxın işçi çalışırdı. Müəssisədə çoxtirajlı qəzet və radio fəaliyyət göstərməli idi. O vaxtlar üçün unikal sayılan süni iqlim məişət aparatlarının istehsalı ilə məşğul olanların da hər biri mənim nəzərimdə unikal sayılırdı. Jurnalist marağı və peşəmə sonsuz həvəs məni MKZ-yə gətirdi. Radio-qəzet redaktoru kimi işə qəbul olundum.
*Yazılarımın qəhrəmanları adi fəhlədən tutmuş, baş direktorun müavinlərinə kimi bir-birinə bənzəməyən müxtəlif hazırlıqlı, fərqli dünyagörüşlü insanlar idilər. Bakıdan kənarda fəaliyyət göstərən atelyelərə ezamiyyətim isə həmişə yeni informasiya almağım üçün (eləcə də ölkəmiz haqqında maraqlı məlumatlar çatdırmağımdan ötrü) əvəzsiz imkanlar yaradırdı. Moskva, Daşkənd, Düşənbə, Vilnüs, Tiflis, İrəvan, Kiyev və digər şəhərlərdə çalışan işçilərimiz əsl insan xarakteri palitrası idi.
*İllər keçəndən, yaşadığımız keçmiş “Böyük ölkədə” dəyişən sistemi, fərqli ictimai-siyasi həyatı, qeyri-səmimi insan münasibətlərini, qərəz və ikili standartları gördükcə MKZ ilə bağlı nostalji hissləri məni qarabaqara izləməyə başladı. 70-ci illərdə respublika rəhbərinin bu müəssisənin Azərbaycanda inşası üçün hansı maneələri, hansı siyasi-iqtisadi əngəlləri bacarıqla dəf etməsi barədə yeni materiallar qarşıma çıxdı. İlk ağlıma gələn fikir bu oldu: “Biz o günləri niyə lazımınca qiymətləndirmədik?”
*Müəssisə işçiləri maaşdan əlavə rüblük, istehsalat yarışlarında qalib qismində, keyfiyyət göstəricilərinə görə, planda nəzərdə tutulandan əlavə məhsul istehsalına və s. və i.a. görə mükafat alırdılar. İlin sonundə 13-cü maaş verilirdi. Həmkarlar İttifaqları Komitəsinin xəttilə SSRİ daxilində və xaricdə yerləşən istirahət evlərinə güzəştli turist putyovkaları olurdu. Müttəfiq respublikaların paytaxtlarına cümə günlərindən başlayaraq güzəştli ödənişlə 3 günlük turların təşkili adi hal idi. Zavodun bir istehsalat sexi ərazisi qədər yer tutan yeməkxanası pəhriz, tez qidalanma, qonaq sektorlarına bölünmüşdü. Mədə-bağırsaq (qastrit) problemi olan əməkçilər üçün məxsusi yeməklər hazırlanırdı. Müəssisə nəzdində nümunəvi poliklinika fəaliyyət göstərirdi.Təsadüfi deyil ki, akademik Zərifə Əliyeva oftalmologiya üzrə elmi-tədqiqat işini həm də buradakı fəaliyyəti ilə əlaqələndirmişdi.
*MKZ əməkçiləri üçün yaşayış binası istifadəyə verildi, hələ yüzlərlə insan da növbəsini gözləyirdi. Elə gün olmurdu ki, müəssisəyə ölkə və şəhərlərdən nüfuzlu qonaqlar gəlməsin. Bayramlar ərəfəsində konsert proqramları təşkil olunurdu. Müəssisənin yardımçı təsərrüfatı məhsulları ilə yanaşı, rayonlardan gətirilən kənd təsərrüfarı məhsullarının satışı da müntəzəm xarakter almışdı.
*Zavodun inşasında son sözünü demiş Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevin müəssisəyə gəlişi isə tarixi hadisə idi. MKZ minlərlə gənc, orta yaşlı insanın qazanc, xoş gələcəyə ümid, beynəlmiləlçilik şəraitində ümumi dinc fəaliyyət yeri kimi tanınırdı. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilində xalqını düşünərək atdığı addımlardan təkcə MKZ nümunəsi bir uzaqgörənlik, siyasi məktəb, rəhbərlik örnəyi kimi göstərilə bilər.
*Ötən əsrin 70-ci illərindən başlayaraq SSRİ Xalq artisti Rəşid Behbudovun ifasında səslənən “Sağ olsun yol göstərən” mahnısı necə də populyar idi…
*Belə bir həyat təcrübəsi jurnalistlik və yazıçılıq fəaliyyətim üçün təbii stimul yaradır, rəngarəng mövzular diktə edirdi. Foto işləri də öz yerində. Sadə dillə desək, danışmaqla qurtarmaz.
*Rusiyanın Kirov vilayətinin mərkəzində ezamiyyətdə idim. Nahar etmək üçün yeməkxanaya gedib növbəyə dayandım. Az keçmiş yaxınlıqdakı texniki peşə məktəbi şagirdlərindən də bir neçəsi gəlib məndən sonra növbə tutdu.. Bu zaman divardan asılmış bir rəsm əsəri – portret diqqətimi çəkdi. İncəsənətlə çox maraqlandığımdan portretin kimə aid olduğunu öyrənmək üçün yaxına gedib gördüm ki, deyəsən, V.İ.Leninin obrazını yaratmağa cəhd ediblər. Kepkasını əlində tutub Qırmızı Meydanda duran bu badamgöz kişi inqilab rəhbərindən daha çox “bomj”a oxşayırdı. Təəccüb elədim ki, Leninin rəsmini çəkməyə yalnız titullu rəssamların ixtiyarı çatdığı halda, bu şarj necə gəlib ictimai yerin yuxarı başında qərar tutub. Portretə bir az da yaxın durub çərçivənin küncündə və ya altında “əsər” müəllifinin adını axtardım. Yox idi. Qayıdıb növbədə durduğum yerə gedəndə gördüm ki, texniki peşə məktəbi şagirdlərindən iki qız təəccüblə mənə baxıb pıçıldaşır. Biri o birisinə deyir: “… Ooo! Sən bir işə bax. Bu adam hələ yazı oxumağı da bacarırmış!”
*Hələ də araşdırıram: necə olub ki, Rusiya bölgələrində qeyri-rus millətindən olanlar bu səviyyədə tanıdılıb?
*Zavodda yeddi il “həyat məktəbi” keçəndən sonra Azərbaycan radiosuna üz tutdum. Tanınmış jurnalist Rafiq Savalanın baş redaktoru olduğu redaksiyada “Ailə və məktəb ” jurnalını hazırlayırdım. Pedaqoji məktəb bitirmiş bir jurnalist üçün bu sahə tam uyğun idi. Yalan-doğru, redaksiyada işimdən razılıq edirdilər. Paytaxtdakı uşaq evlərinin birindən hazırladığım “Nə çatmırdı o gözlərdə?” süjetini hətta radionun “Qızıl fondu”na vermişdilər.
*Bu arada diplom rəhbərim, mənə bir növ hamilik etmək istəyən Hacı müəllim (o özü də vaxtilə radioda çalışmışdı) redaksiyamıza zəng vurub məni ərkyana tənbeh etdi və dedi ki, əlimdəki verilişi təhvil verib İdarə Heyətinə gəlim.
*İttifaqda məsləhətçi vəzifəsində işləməyə başladım. Sonra baş məsləhətçi, xarici əlaqələr şöbəsi və Jurnalist Fondu sədrinin müavini…Yazıçı Fərman Eyvazlı, məşhur jurnalist Valid Sənani, AzTV-nin Moskva müxbiri olmuş Altay Zahidovla birgə çalışdıq. 1986-cı ildə Valid Sənani ilə ikimiz Naxçıvan MR-ə gedib burada Jurnalistlər Təşkilatının təsis yığıncağını reallaşdırdıq. Beləcə, Muxtar Respublikada da təşkilatımız fəaliyyətə başladı.
*Jurnalistlər İttifaqına dünyanın müxtəlif ölkələrinin mətbuat işçiləri ezamiyyətə gəlirdi. Həmin qonaqlarla əvvəlcədən hazırladığımız plana uyğun olaraq mən işləyirdim. Onlarla ünsiyyətimizin tərkibində Qarabağ problemi, onun kökü, faktlar… önəmli yer tuturdu. Yadelli jurnalistlər vətənlərinə qayıdanda verdiyim məlumatlar əsasında yazılar hazırlayırdılar və İttifaqımızın ünvanına təşəkkür məktubu yollayırdılar. Kubadan, İsveçrədən, Monqolustandan və s. gələn təşəkkür məktublarının bir qismini qoruya bilmişəm. Azərbaycanda olmuş əcnəbi həmkarlarımızdan bəziləri isə bizi cavab səfərinə dəvət edirdi. Bu qəbildən Monqolustan səfərimdə “Çingiz xan diyarında” adlı qeydlərim yarandı və yazı “Azərbaycan gəncləri” qəzetinin 2 sayında hər dəfə bir səhifə olmaqla dərc edildi.
*Sumqayıt hadisələri də ən çox səs-küyə səbəb olan və ürək ağrıdan olaylardan oldu. Hadisələrdən az sonra saxta, qondarma, ssenari əsasında baş vermiş hadisənin mahiyyətilə bağlı yazım uyğunlaşdırılaraq Türkiyə mətbuatında dərc olundu.
*1989-cu ildə Türkiyəyə dəvətlə səfərim jurnalist həyat yoldaşımla baş tutdu. “Boğaziçi”ndə gecəyarısı rəhmətlik Turqut Özal və xanımı Səmra Özalla görüşümüzü kino lenti kimi həmişə xatırlayıram. Smitəoxşar kökəni xırçıltı ilə yeyib çay içən iri gövdəli T.Özal qonşu masada “Günaydın“ qəzetinin şöbə müdirini və bizi görcək (yəqin, qiyafəmizdən qonaq olduğumuz bilinirmiş) arxasında durmuş cangüdənlərinə nəsə dedi. Onlar bizə yaxınlaşıb nəzakətlə salamlaşdılar və bizi Türkiyə ali rəhbərinin yanına dəvət etdilər. (Elə ilk dəqiqədən sadə, səmimi, insansevərlik mühiti bizi valeh etdi). O, ölkəmizin iqtisadiyyatı ilə maraqlandı və dedi ki, sizdə, deyəsən, “ailə podratı” adlanan hərəkat başlayıb. Şübhəsiz ki, bu, azad, işgüzar bir mühitə çevriləcək və iqtisadyyatınızı irəli aparacaq. (Bu məqamda xanımlarımızın illərin tanışları kimi şirin-şirin söhbətə başlamaları da gözümdən qaçmadı).
T.Özal sonra məndən danışmağımı (necə deyərlər, ürək sözlərimi dinləmək) rica etdi. Mən qısaca bildirdim ki, biz niyə qardaş Türkiyəyə Gürcüstandan – Sarp qapısından gəlməliyik? Axı Naxçıvanla Türkiyəni 15 km uzunluğunda torpaq sahəsi birləşdirir. Hələ onu demirəm ki, iki ölkə arasında hava nəqliyyatı da yoxdur. Türkiyə dövlətinin Azərbaycanda təmsilçiliyi də o cür.
Türkiyənin dövlət başçısı döş cibindən kiçik bir kalkulyator, kağız çıxarıb qeydlər etdi və əlavə elədi ki, narahat olmayım, bunların hamısı tezliklə həllini tapacaq.
Şükürlər olsun ki, bir müddət sonra iki qardaş ölklə arasında bu sayaq problemlər, doğrudan da, tarixə qovuşdu…
*Məlum 1990-cı il 20 Yanvar faciəsi günlərində İdarə Heyəti əməkdaşlarının da problemləri artdı. AZƏRTACın binasında (4-cü mərtəbə) fəaliyyət göstərirdik. Birinci mərtəbədə Məzahir Süleymanzadə, Şakir Yaqubov və nəşrin jurnalist kollektivinin 20 Yanvar faciəsilə bağlı “Səhər”qəzeti nömrələrini hansı zəhmətlə hazırladıqlarının şahidiyəm.
İşlədiyimiz binanı əlində süngülü avtomat tutmuş rus hərbçiləri “qoruyurdu”. Məhz onlar da günahsız 20 Yanvar qurbanlarını və fəlakət mənzərəsini əks etdirən fotolardan hazırlayıb binamızın qabağında qoyduğumuz stendi avtomatlarının qundağı ilə vurub dağıdırdılar.
*İdarə Heyətində məsləhət oldu ki, 1990-cı il fevralın 6-da Moskvada keçiriləcək Sov. İKP MK-nın növbəti plenumunda Mixail Qorbaçovun “Bakı hadisələrində qadın və uşaq ölməyib” ağ yalanını ictimailəşdirmək üçün sənədlər hazırlayıb poçt vasitəsilə plenum iştirakçılarına yollayaq. Bu iş mənə həvalə edildi. Yanvarın 23-24-də gecə-gündüz bilmədən faciəni əks etdirən fotolardan, Allahşükür Paşazadənin, Milli Məclisin sədri Elmira Qafarovanın müvafiq bəyanatlarından ibarət 90 zərf (zərfləri bütün Sovetlər İttifaqı üzrə iri partiya təşkilatlarına çatdırmağı nəzərdə tuturduq) hazırlayıb gecə vaxtı Mahaçqaladan keçən qatarla yola düşdüm. Mahaçqalada poçtlardan iki gün ərzində zərfləri müvafiq qaydada ünvanlara yola saldım. Yerli əhali çox zaman məni erməni hesab edib kinli sözlərindən, təhqirlərindən də qalmırdı, hətta öldürməklə hədələyirdilər… Amma mən kəlmeyi-şəhadətimi hündürdən oxuyan kimi sakitləşirdilər.
*Jurnalistlər İttifaqının 1980-ci ilin axırları, 1993-cü il də daxil olmaqla, fəaliyyət dövrü mürəkkəb ictimai-siyasi ovqatla keçdi. Amma təşkilat nikbinliyini itirmirdi. Belə dövrdə İttifaqın sədri H.Hacıyevin razılığı ilə ölkə rəhbərinə – ölkənin ilk prezidentinin adına bir müraciət məktubu hazırladım. Məktub 12 bəndlik təkliflərdən ibarət idi. Məsələn, ADU-nun S.M. Kirovun yox, M.Ə.Rəsulzadənin adına olmasını təklif edirdik; Azərbaycanda Mətbuat Gününün mayın 5-də (“Pravda” qəzetinin ilk nömrəsinin çıxdığı gün) deyil, “Əkinçi”nin ilk nömrəsinin işıq üzü gördüyü tarixə uyğun qeyd edilməsini istəyirdik; Nardaranda Jurnalistlərin Beynəlxalq İstirahət Evinin tikintisini dirçəltməyi, KİV-in inkişafında fəallıq göstərən qələm sahiblərinə “Əməkdar jurnalist” fəxri adının verilməsinin bərpa olunmasını xahiş edirdik və s.
Bu arada, İttifaqın inzibati binasında ikiillik “Jurnalist sənətkarlığı məktəbi” təşkil etdik. Həmin məktəbi bitirənlərdən bir neçəsi hazırda media sahəsində baş redaktor kimi fəaliyyət göstərir və ya tanınmış jurnalistlərdir.
Azərbaycan Jurnalistlər Birliyinin (Daha İttifaq yox) üzvlük vəsiqəsinin və embleminin çizgilərini hazırlamaq da mənə həvalə edilmişdi.
Sonralar bu məsələlərin hər biri özünəməxsus tərzdə həllini tapdı.
*1997-ci ildə “Vışka” qəzetinin Ukrayna üzrə xüsusi müxbiri işləmişəm.
*Əsrin baclanğıcında aktyor Nizami Mirsalayev komik aktyor İlham Quliyevlə lağlağı, parodiya duetlərindən bezib yalnız milli dəyərlərin və etiqadımızın təbliğinə hesablanmış “Zaman” teatrını qeydiyyatdan keçirə bildi. Di gəl bu sahədə səhnə əsəri qıtlığı konkret problem kimi meydana çıxdı. Mənə müraciət edildikdə ilk repertuar kimi “Müctəhidin yuxusu” birpərdəli pyesimi təklif etdim. Bəyənildi və premyera Dövlət Akademik Dram Teatrında baş tutdu... Zalda oturmağa yer olmadığından Abşeron kəndlərindən icarə avtobuslarla teatra gəlmiş həvəskar tamaşaçılar ayaq üstdə qalmalı oldular. 45 dəqiqəlik tamaşa öncəsi ölkənin qüdrətli sənət adamları, məşhur aktyor və rejissorlar 40 dəqiqə fərəhlə yeni istiqamətli teatr barədə damışdılar.
Bu hadisədən sonra həmmüəllif olduğum iki pyes də ölkənin baş səhnəsində tamaşaçılara təqdim olundu. (Tamaşa günü son məşq istisna olmaqla digər məşqlər ayrı-ayrı teatrların səhnələrində keçirilirdi). Belə anşlaq tamaşalardan sonra Mədəniyyət Nazirliyindən “Zaman” teatrı rəhbərinə xəbər göndərildi ki, hər tamaşa günü üçün müəlliflər 900 manat (doqquz yüz) ödəməlidirlər. Tamaşaya görə bilet satmayan, yalnız xeyriyyəçilərin ianəsi hesabına fəaliyyət göstərə bilən teatr üçün bu tələb “İşinizi dayandırın!” anlamına gəlirdi. 2000-ci illərdə bir gün üçün 900 manatın nə qədər pul olduğunu hamı yaxşı bilir... Teatr işləyə bilmədi.
“Qələmi sınmış” mən həm bir qədər nəfəs almaq, həm də dolanışıq dərdindən Moskvaya getməli oldum. Moskva nə Moskva? Sanki azərbaycanlıların ikinci yaşayış məskəni. Bir tanışımı axtarırdım, həmvətələrimiz dedilər ki, o adam “Tekstilşiki” metrostansiyasının yaxınlığındakı tərəvəz bazasında olur. Deyilən yerə yollandım. İri dəmir örtüklü binaya çatanda çürümüş, kəsif kartof və soğan qoxusu məni geri “itələdi”. Özümü toparlayıb binanın darvazası qarşısında dayanmış cavan oğlandan tanışımı soruşdum. Dedi: “Hə, keçin, içəridədir, amma yatır”. Hündür qalaqlanmış kartof tayaları sırasının sonuna qədər xeyli addımlayıb, divarın sonuna çatanda gördüm ki, tanışım yerə salınmış yorğan-döşəyə bənzər parçalara bürünüb yatır. Sən demə, adam burada həm işləyir, həm “yaşayırmış”...Ümumiyyətlə, Moskvanın bu rayonu bir növ “azərbaycanlıların məskəni” imiş. Hətta Azərbaycan dilində sınıq-salxaq danışan milisə də rast gəldim. Məni görcək pasportum və Moskva qeydiyyatımla maraqlandı və hiyləgərcəsinə gülümsəyib soruşdu: ”Sende biş yuz rubl var?”. Diaspor nümayəndələrindən də soydaşlarımızın bu şəhərdəki gün-güzəranı ilə bağlı ürəkaçan heç nə eşitmədim. Faktlar isə ürək yandırırdı. Məsələn, Moskvanın təkcə bazarlarında 500-ə yaxın ali təhsilli azərbaycanlı vətəndaşın əziyyətlə çörəkpulu qazanmağını öyrəndim. Qeydiyyatı olmayan onlarla həmyerlimizin üstüaçıq yük maşınında üzüaşağı uzanmış vəziyyətdə “bölməyə” aparıldığı, yolda milisin onların kürəkləri üzərində yeriyib “Nefti başqalarına verirsiz, çörəkpulunu isə bizdə qazanmaq istəyirsiz, çurbanlar?!”deyərək təhqir etməsi kimi faktlar isə adamı xəcil edirdi.
Müxtəlif vaxtlarda obyektiv, ya da subyektiv səbəbdən Moskvaya hicrət etmiş və nisbətən oturuşmuş soydaşlarımızla tanışlıqdan məlum oldu ki, onların enerjisi pul qazanıb ailələrinə göndərmək, həmyerlilərimizin hüquqlarını müdafiə etmək, imkan daxilində onların əxlaq normalarından uzaq düşməməsinə nail olmaq, ayda heç olmasa, bircə dəfə A-3 formatında qəzet və uşaqlar üçün jurnal buraxmaq kimi xeyirxah işlərə sərf olunur. Çox çətin vəzifədir! Təsəvvür edin ki, mənzilini kirayə verən moskvalı elanında “qafqazlı müraciət etməsin” yazır. Moskvanın “Əldən ələ” (“İz ruk v ruki”) 120 səhifəlik həftəlik qəzetinin “tanışlıq” bölməsində xüsusi olaraq “qeyri-ruslar narahat etməsinlər ” deyə bildirilir.
Moskvada yaşayarkən dünya din tarixində özünəməxsus maraqlı həyatı ilə məşhur olan Yusif peyğəmbər haqqında yazdığım “Yusifin qəmi” pyesinə Rusiya Dövlət Duması sədrinin müavini olmuş Vyaçeslav Ali Polosin ön söz yazdı və əsəri rejissorlara nişan verdi. Əsər (iki dildə) kitab halında min nüsxə ilə nəşr olundu və çox qısa müddətdə Rusiyada yaşayan soydaşlarımız kitabın 900 ədədini aldılar. Bakıya qayıdanda yalnız yüz ədədini gətirə bildim. Bir müddət sonra İran kinematoqrafçıları “Yusif Peyğəmbər” serialını dövriyyəyə buraxdılar. İndi fikirləşirəm ki, pyesi onlardan xeyli əvvəl yazıb nəşr etdirməyim necə də yaxşı olub. Yoxsa ...
*Rusiyada yaşayan soydaşlarınızdan ibarət bir çox qurum və cəmiyyətlərdə məni artıq tanıyırdılar. Ünsiyyətlərimizin birində təklif olundu ki, Moskvada diasporun öz televiziyası olmalıdır. Əmin etdilər ki, əgər mən bu şirkəti Rusiya Dövlətinin rəsmi qeydiyyatından keçirə bilsəm, TV-nin fəaliyyəti üçün hər cür şərait yaradacaqlar. Televiziya şirkəti arzulayan, lakin onun yaşaması üçün ümdə şərtlərdən xabərsiz bu insanlara izahat verməkdən usanmırdım. Hətta bir dəfə belə bir müqayisə aparıb dedim: “Yer üzərində hərəkət edən qatar, avtomobillər də nəqliyyatdır, havada uçan təyyarə də. Yol gedərkən yerüstü nəqliyyatın yanacağı qurtaranda o, sakitcə dayanır, sərnişinlər bundan xəsarət almırlar. İndi siz göydə uçan təyyarənin benzini birdən qurtaranda nə baş verəcəyini təsəvvür edin... Bax, televiziya kanalı həmin o sərnişin təyyarəsinə bənzəyir. Yəni dediyiniz bu işin möhkəm maliyyə təməli olmasa, TV təyyarə gününə düşəcək...”. Bu müqayisənin nəinki təsiri olmadı, hətta incidilər də: “Siz bizi nə hesab edirsiz? Biz heç imkansızlara oxşayırıq?”
*Qısası, qollarımı çırmaladım, Moskvadakı bütün köhnə tanışlarımın, yeni dostlarımın, hüquqşünasların məsləhət və imkanklarından istifadə edib işə girişdim. Əcnəbilərin Rusiyada TV yaratmaları üçün qanunla tənzimlənən qaydaları ilə üz-üzə durmuşdum. Şərtlərin ən ağırı o idi ki, rusiyalı olmayanlar TV təsisçisi ola bilməzdilər. Rusiyalı isə indən belə yerüstü TV yarada bilməzdi. (Hakimiyyətə yeni gəlmiş V.Putinin göstərişlərinə görə). Köməkçilərimin məsləhəti belə oldu ki, belə vəziyyətdə sputnik TV ən yaxşı variantdır. Əgər bir moskvalı tapsam, onunla ikimiz niyyətimizə çata bilərik. Ona görə də mən Moskvada yaşayıb daimi qeydiyyatda olan yaxın qohumumla ikimiz təsisçiliyimizi sənədləşdirə bildik. O vaxtlar Moskvada indi bizdə fəaliyyət göstərən ASAN xidmət kimi mərkəzləşdirilmiş qurum olmadığından hər dəfə sübh tezdən gedib qalaq-qalaq sənədləri qeydiyyatdan keçirmək üçün növbədə dururdum. Oradan da hər dəfə məni bir bəhanə ilə geri qaytarırdılar. Məsələn, şəxsiyyət vəsiqəm Bakıda rus dilinə tərcümə edilib möhürlə təsdiq edilsə də, bildirilirdi ki, belə əsas sənədlərin yalnız Moskva tərcüməsi keçərlidir. Dediklərini edib yenidən təsdiqə gələndə başqa bir şey tapırdılar. Misal üçün bildirilirdi: “ Sizin gələcək TV ünvanında nəsə başqa bir şirkətin fəaliyyət göstərəcəyi məlum olub. Gedin yeni ünvan tapın”. Bütün bu bəhanələr vaxt, əsəb, enerji, maddi vəsait aparırdı. Moskvanın bütün sənədlərinin qeydiyyatı üçün sübh tezdən bura axışanların çoxu artıq bir-birilərini tanıyır, dərdləşirdilər. Sübhün ala-qaranlığında növbəyə yarım saat gecikənlər binanın içərisində hətta durmağa yer tapmayıb bayırda gözləməli olurdular. Kirayədə yaşadığım yer buradan xeyli uzaq olduğu üçün bir neçə nəqliyyat dəyişirdim, o üzdən mən də iki-üç dəfə bayırda gözləməli olmuşam – qış, külək, 25-28 dərəcə soyuq öz işini görürdü. Qeydiyyatla bağlı digər sənədlərin taleyi də oxşar sınaqlara məruz qaldı...
*Xülasə, payızın əvvəlində başlayıb qışın sonuna yaxın soydaşlarımıza xidmət üçün nəzərdə tutduğumuz sputnik “DA TV” (Dünya azərbaycanlıları tv) kanalının sənədləri dövlət qeydiyyatına alındı. Əsasnaməyə görə, verilişlər Azərbaycan və rus dillərində hazırlanmalı, müharibəyə, iğtişaşlara, irqçilik və millətçiliyə səsləməyən, spirtli içkilər və tütün məhsullarını təbliğ etməyən, erotika və zorakılıq, həmçinin sırf dini təbliğat xarakterli verilişlərdən başqa cəmiyyət üçün aktual sayılan bütün istiqamətlərdə peşəkarcasına hazırlanmış materiallara yaşıl işıq yanırdı. İndi həm də təkcə məndən asılı olmayan işlərin icrası qalmışdı: Ofis binası tapmaq, zəruri avadanlıq alıb texniki və yaradıcı heyəti formalaşdırmaq, proqrama uyğun fəaliyyətə başlamaq. Sevincimin həddi-hüdudu yox idi. Sonuncu dəfə 1977-ci il iyul ayının 12-də oğlumun – ilk övladımın dünyaya gəldiyi gün bu cür xoşbəxt olmuşdum.
*Bu yerdə “Sən aydığını say...” atalar məsəlinin əsl yeridir. Soydaşlarımıza xidmət naminə hər şeyə hazır görünənlər, mənə qol-qanad verənlər atlı olmuşdu, mən piyada. Vaxt keçir, əsəblərim tarıma çəkilir, o biri tərəfdən də qanuna görə şirkətin hər ay, hər rüb, yarımillik və illik hesabatlarını vermək lazım gəlirdi. Özümdən başqa DA TV- də ilk işçi mühasib oldu. O, müqavilə əsasında məvacib alıb deyilən işləri görürdü.
*Günlərin birində kirayədə qaldığım mənzildə özümü çox pis hiss elədim, ağlıma gəldi ki, mənzilin qapısını açıq qoyum. (Qapıbir qonşularım yaşlı ər-arvad hərdən gəlib məndən hal-əhval tuturdular, indi də gəlməli olsalar, açıq qapıya diqqət edəcəkdilər). ...Bir də gözümü açanda özümü xəstəxanada gördüm. Dedilər ki, Elmi Tədqiaq İnstitutunun N.V.Sklifosovski adına Təcili Yardım Xəstəxanasındayam. Bir həftə müayinə-müalicədən sonra buraxıldım.
Mühasibimiz artıq bir il idi ki, “sıfır hesabat” hazırlayıb lazımi təşkilatlara təqdim edirdi.
Elə bir məqam da çatdı ki, Vətəndən ayrı yaşamağın mənlik olmadığını anladım, Bakıya qayıdıb oğlumla bərabər “Azəri prodakşn” yaratdıq. (Amma Moskvadakı mühasib də vaxtında məndən maaş alıb hesabatları ünvanına çatdırırdı). Azərbaycanın hər sahədə uğuru, milli-mənəvi dəyərlərin qorunmasına diqqət, milli musiqi mədəniyyətimiz, uşaqlar üçün cizgi filmlərinin dublyajı və Azərbaycandan kənarda yaşayanlarda maraq doğuracaq digər mövzulara dair verilişlər hazırlayırdıq.
“DA TV” barədə Bakıdakı imkanlı, vəzifəli şəxslərə, həmçinin dövlət qurumlarına məlumat verirdm. TV-ni tam özləri işlədəcəklərsə və ya məndən alacaqlarsa, onlara hər cür yaradıcı, təşkilati yardım etməyə hazır olduğumu da bildirirdim. Lakin heç nə alınmırdı, anlayırdım ki, birbaşa gəlir gətirməyən işə heç kəs baş qoşmaq istəmir... Mən bir müddət də Moskvaya uçub mühasibimlə hesabat sənədlərini təhvil verdim. Lakin Don Kixotluğun sonu gəldi. Artıq maddi imkanlar qırmızı işıq göstərirdi.
Lakin bu günün özündə də ”DA TV” ekranının heç vaxt işığı yanmayacağnı bilə-bilə ona aid sənədləri elə məhəbbətlə qoruyuram ki!
*Jurnalistlik fəaliyyətimdə foto işinə də az vaxt ayırmamışam. Mətbuat Şurasının, Fotoqraflar Birliyinin təşkilatçılığı ilə təşkil olunmuş sərgilərimlə yanaşı, Rusiya Səfirliyinin Mədəniyyət Mərkəzində, Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda da sərgim baş tutdu. Mədəniyyət tariximizdə ilk dəfə nümayiş olunan sərgi “Azərbaycan rəssamlarının foto portretləri” adlanırdı. 55 fırça və tişə ustasının irihəcmli portretləri üzərində 8 ay işləmişdim. Sərginin təşkilində Xalq rəssamı Arif Hüseynovun xüsusi əməyi vardı. Sərginin müddəti nəzərdə tutulduğundan bir həftə də artıq uzadıldı. Sonda isə portretləri rəssamlarımıza hədiyə etdik.
*Amma ilk peşəkar sərgim 2009-cu ildə AYB-nin binasında keçirilib. Bircə gün nümayiş olunan sərgiyə böyük maraq göstərildi, AYB-nin sədri Anar, məşhur rəssam Toğrul Nərimanbəyov, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Fikrət Qoca... foto işlərimə xüsusi maraq göstərdilər, şəkilaltı mətnlərə diqqətlə göz yetirib mənə suallar verirdilər. Məsələn, Anar müəllimlə “Ağaclar da Yaradana təqdis edir” fotosu ilə bağlı qısa müzakirəmiz oldu. Toğrul müəllim isə Moskvada “İzmaylovo parkı”nda çəkdiyim iri ölçülü payız mənzərəsinə baxıb dostu Anara dedi: ”Əvvəl elə bildim rəsm əsəridir...”
Sonda AYB-yə iki əsərimi hədiyyə etdim. Biri Azərbaycan televiziya qülləsinin fəsillərdə, gücə-gündüz saatlarında, müxtəlif hava şəraitində silsilə görünüşü, digəri isə Rusiya paytaxtı parklarının birində çəkdiyim, sanki sulu boya ilə işlənmiş mənzərə idi.
*2000-ci ildən təsisçisi və baş redaktoru olduğum beynəlxalq “İRS” jurnalı fəaliyyətə başladı. Bakıda o vaxtlar nəfis jurnal üçün müvafiq çap şəraiti olmadığından materialları üç dildə hazırlanan dərgini Moskvada nəşr etdirirdim (əlbəttə, şəxsi vəsaitim hesabına). Jurnalın fəaliyyəti, materialların aktuallığı və oxucu coğrafiyası mənə “HUMAY” mükafatı qazandırdı. Müstəqillik dövründə həm də qəzet və jurnallarda məqalə, foto və müsahibələrim müntəzəm dərc olunurdu.
*Səkkiz il fasiləsiz işlədiyim xəbər agentliyində elm və mədəniyyət şöbəsini aparırdım. Fotolentlərlə müşayiət olunan xəbərlərin sayını itirmişəm. Amma yadımdadır ki, “Media kapitanları” seriyasından 55 müsahibəmi ayrıca kitab şəklində buraxmaq niyyətim var idi. Sonra dəyərlər, münasibətlər, medianın təşkili və tələblər elə dəyişdi ki, daha buna lüzum görmədim.
*Akkreditasiya ilə xarici xəbər agentliyində işlədiyim illərdə Azərbaycan Prezidenti Heydər Əliyevi xarici ölkələrə səfərlərdə müşayiət edən jurnalistlərin sırasında, rəhbərin rəsmi qəbullarında mən də bir neçə dəfə olmuşam. Onun dialoq qurmaq məharətini, müsahibini fakt və məntiq qarşısında mat qoyduğunu, mətləbi çatdırmaq tərzini, emosiyasız, səbirli davranışını, jurnalistlərlə səmimi münasibətini və əlbəttə, özünəməxsus təbəssümünü yaxından izləyə bilmişəm. Eyni zamanda onun xeyirxah təklif və siyasi addımlarını anlamayan (anlamaq istəməyən) əcnəbi həmkarlarını da tanımışam .
*Jurnalist yazısı müsabiqələrində dəfələrlə qalib sayılmışam. “Azərbaycanda turizmin inkişaf perspektivləri”, ”Zeytun bağları”, “Erməni xisləti” və s. mövzular üzrə jurnalist yazısı müsabiqələrində birincilik qazanmışam. Beynəlxalq hekayə müsabiqəsində (rus dilində) “Весь в отца” hekayəsi, Mədəniyyət Nazirliyinin elan etdiyi “Ən yaxşı pyes” müsabiqəsində “Yusifin qəmi”əsərim ikinci yerə (birinci yer heç kimə verilmədi) layiq bilinib. Müsabiqənin şərtlərinə görə, qalib əsərlərin dövlət hesabına tamaşası hazırlanmalı idi. “Yusifin qəmi”də Sumqayıt Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnə təcəssümü tapdı.
Digər pyeslərim və müştərək əsərlərim Bakı teatrları səhnələrində tamaşaya hazırlanıb. Roman, povest və hekayələrdən ibarət 14 kitab ərsəyə gətirmək qismətim olub.
*Dahi Azərbaycan şairi Məhəmməd Füzuli ilə böyük rus yazıçısı Lev Tolstoyun Bərzəx aləmində görüşünə həsr etdiyim “Mən haqqı sevirəm ” adlı mistik tamaşa mətni 2017-ci ilin may ayında Yazıçılar Birliyinin saytında dərc olundu və bu günə kimi 17 mindən çox oxucunu cəlb edib.
*Ölkəmizin qəzet və jurnallarında jurnalist materialları ilə yanaşı, vaxtaşırı hekayələrim də dərc olunur.
*“Özgə canda doğma ürək” pyesim əsasında hazırlanmış “ Tac Mahal və ya iki damla göz yaşı” radio tamaşası Azərbaycan Radiosunun “Qızıl fond”unda saxlanılır. Pyesin radio versiyasında Moğol hökmdarı Şah Cahan obrazını – baş rolu sevimli aktyorumuz Fuad Poladov canlandırırdı.
*Geologiya və Geofizika İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri işlədiyim son 6 ildə “Elmin cazibəsi” silsiləsində 3 kitab hazırlamışam, hazırda 4-cü kitab üzərində işləyirəm.
*Azərbaycan Jurnalistlər (1977), Yazıçılar (1999) və Fotoqraflar Birliklərinin (2012) üzvüyəm . Bu istiqamətlərdə mütəmadi hesabat verirəm – publisistik yazılar, bədii əsər, foto sərgisi şəklində.
*Bütün bu qayğılarla dolu həyatı xanımım Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Esmira Nəzərli ilə bölüşmüşəm. O, “Qobustan” jurnalının “çağa”vaxtından bu redaksiyada fasiləsiz işləyir. (Bildiyim qədər, ölkəmizdə eyni redaksiyada yarım əsrdən də çox fasiləsiz çalışan ikinci jurnalist təhsilli qadın yoxdur). Keçən əsrin 90-cı illərində, axır ki, E.Nəzərlinin əməyini qiymətləndirib, onu “H.Zərdabi” mükafatı ilə təltif etdilər. Məmim kimi həmişə məşğul, infarkt keçirmiş, koronavirusa yoluxmuş, iki dəfə açıq ürək əməliyyatına məruz qalmış ərinin, iki uşağın qayğısı yolunda saç ağartmış xanımım publisistik yazılarından ibarət “İncəsənət inciləri” və “Kim deyir ağlamır kişilər” kitablarını da ərsəyə gətirə bilib.
*“Qobustan”ın bütün saylarında maraqlı yazıları dərc olunub. Həmin yazıları da, nömrənin digər materiallarını da ümumi işə xatir həmişə evə gətirərək korrektə və redaktə edib. Jurnalın fəaliyyət istiqamətinə, dil-ifadə tərzinə görə ilk illərdə “Qobustan”a, onun təsisçisi və baş redaktoruna bir neçə səviyyədə dil uzadanlar olub. 30 yaşlı Anarın jurnala rəhbər təyin olunduğu elə ilk günlərdən “Qobustan”adına irad tutulur, guya bu kəlmə dəvə assosiasiyası yaradır, sən demə, yeni nəşr türkçülük missiyası daşıyır və s. Bu yaramaz hal jurnalın əməkdaşlarına, illah da baş redaktora, əlbəttə, xoş heç nə bəxş etmirdi, acı təəssüf yaşadırdı. O qəbildən olanların indi tərif-təbriklərini, jurnalın 40, 50 illik yubileylərində sürəkli alqış sədalarını eşidəndə deyirsən: “Ey gidi dünya...”
*Esmira xanım Xalq yazıçısı Anarın, Xalq şairi Fikrət Qocanın, tanınmış şair Ələkbər Salahzadənin, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlının jurnala rəhbərlik etdiyi vaxtlarda jurnalda getmiş kino, teatr, musiqi, rəssamlıq, qurama və icəsənətin digər sahələrində məşhur olan aparıcı sənətkarlar haqqında məqalə və müsahibələrini ehtiva edən “İncəsənət inciləri ” kitabını (2009-cu il) ərsəyə gətirdi. Nadir sənədli fotolarla zəngin kitab Anarın ““Qobustan”lı günlərim” yazısı ilə başlayır. İlk redaktor burada jurnalın keşməkeşli taleyini, gərgin fəaliyyət şəraitini və redaksiya əməkdaşlarının ali məramını ətraflı şərh edir.
Esmira xanımın 2020-ci ldə “Kim deyir ağlamır kişilər...” kitabında Azərbaycanın 20 məşhurunun (birinci kitabda isə 30) sənət və özəl həyatı, sevinc və problemləri, eyni zamanda müəllifin yarım əsrə yaxın jurnalist təcrübəsinə əsaslanan mülahizələri yer alıb. Fotolarla müşayiət edilən və maraqlı faktlarla zəngin materiallar məhz “Qobustan”a xas oxunaqlı dildə təqdim olunur.
200 sayı oxuculara təqdim edilmiş jurnal nümunələrinə hazırda nəzər salanda “Qubustan”ın sabiq redaktorlarının yaradıcılıq məharətinin, materialların fərqli təqdimetmə üsulunun şahidi oluruq. Bu gün jurnalın sükanı gənc, lakin ədəbiyyat aləmində, pedaqoji fəaliyyətdə və sənət meydanında özünə halalca nüfuzlu yer qazanmış Pərvin Nurəliyavanın əlindədir. Həssas oxucu yeni redaktorun rəhbərliyilə hazırlanmış elə ilk nömrələrdən hiss elədi ki, jurnal 50 ildən sonra “modernləşmə” pilləsinə qədəm qoyub indi təhdidlər yoxdur, texniki vasitələr bolluğudur, buyur işlə... Esmira xanım da bu yeni, sağlam ab-hava şəraitində gənclik həvəsilə işləməkdədir.
*Demək olar ki, bütün publisistik yazılarımın, bədii əsərlərimin ilk oxucusu və qiymətverəni həyat yoldaşım olub. Ən xırda çatışmazlıqları belə görən onun kimi müşahidəçi və məsləhətlərini əsirgəməyən başqa birini təsəvvür etmirəm. Bu yazım da onsuz hasil olmadı, oxudu və dedi: “...Elə bil iti bucaqlı bir həndəsi fiqurun tinlərini rəndələməyə çalışmısan. Məsələn, niyə yazmamısan ki,.. sadalayır...
...Gülümsəyir və əlimi astaca yuxarı qaldırıram, yəni kifayətdir. Deyirəm: “Görürsən ki, Mətbuat Şurasının sabiq sədri, Milli Məclisin deputatı, hazırda “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun ön söz yazdığı “Foto və söz” kitabımda tələbə gənclərə foto sənətkarlığı barədə rəngarəng materiallar təqdim olunur. Məqsədim foto sənətilə bağlı informasiya təqdim etməklə yanaşı, həm də onlarda bu sahəyə həvəs yaratmaq olub. Amma o sadaladıqların barədə indi söz açsam, foto jurnalistikası gənclərə “ujas“ filmlərini xatırladacaq... Ömür vəfa eləsə, iki ildən sonra ümumi jurnalist stajımız 100-ə çatacaq. Onda hər şeyi “bitdə-bitdə” deyərik, inşəallah...
Gülüşürük.
Biz özümüzü çox xoşbəxt sayırıq!
Bəs xoşbəxtlik daha necə olur ki?!
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)