
Super User
Uorren Baffet: “Öz vəsaitinizlə yaşayın!”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 bənddən ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.
Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.
Qayda 9
Öz vəsaitinizlə yaşayın!
«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital toplayın».
Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:
Qayda 1
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
Qayda 2
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Qayda 3
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Qayda 4
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Qayda 5
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Qayda 6
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
Qayda 7
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
Qayda 8
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
Şəhid Gəray Məmmədovun adını daşıyan sinif otağının açılışı olub
Vüsal Məmmədov, “Ədəbiyyat və incəsənət” üçün
Laçın rayon 5 saylı orta məktəbdə şəhid Gəray Məmmədovun adını daşıyan sinif otağının açılışı olub.
Açılışda Milli Məclisin deputatları – Emin Hacıyev, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsini müdiri Tərlan Hacızadə, Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı, şəhidin döyüş yoldaşları, yaxınları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Qeyd edilib ki, Gəray Məmmədov birinci Qarabağ Müharibəsində Laçının Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan kəndlərinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarının hazırlanmasında və icrasında iştirak edib və düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb.
27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olan G.Məmmədovun məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır.
Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2010-cu il sərəncamı ilə G.Məmmədov "İgidliyə görə" medalı ilə təltif edilib. 1997-ci ildən Güləbird kənd kitabxanası onun adını daşıyır.
Vurğulanıb ki, müzəffər ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qisasını döyüş meydanında alaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edib.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
Bu gün məşhur xanəndə Əbülfət Əliyevin doğum günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Qızıl səsə malik insanlar harada doğulur? Əlbəttə Qarabağda. Əbülfət Əliyev də Şuşada anadan olub, kiçik yaşlarından musiqi ilə maraqlanıb, 1 saylı şəhər məktəbinin musiqili dram dərnəyinə yazılıb. 1938-1939-cu illərdə Ağdam Müəllimlər evində Xan Şuşinski muğam sinfi açanda kənd-kənd gəzib istedadlı uşaqlar axtarırmış, Əbülfəti dinləyib bəyənərək onu da məktəbə yazıb.
1942-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 25-ci ildönümü münasibətilə Əbülfəti həmyaşıdları ilə birgə Bakıya - Opera və Balet Teatrında keçirilən konsertə dəvət ediblər. Konsertdə onu məşhur tarzən Qurban Pirimov müşayiət eləyib. Bu konsertdə iştirak ona böyük uğur gətirib, 16 yaşından başlayaraq o, tarzən Məşədi Nərimanla, kamançaçı Elman Bədəlovla Qarabağın toylarına çağırılıb.
Sonra Əbülfət Bakıya gəlib, Respublika radiosunda solist işləyib, radiodakı çıxışları onu bir xanəndə kimi məşhurlaşdırıb. 1945-ci ildən o, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova kimi məşhur müğənnilərlə birgə çalışmağa başlayıb. Onun repertuarında 400-ə qədər xalq və bəstəkar mahnıları var idi. Xanəndənin ifasında səslənən “Segah-zabul”, “Rast”, “Şur”, “Hümayun”, “Bayatı Şiraz”, “Çahargah”, “Zabul” muğamları radio və televiziyanın fonotekasında qiymətli irs kimi saxlanılır.
Əbülfət Əliyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də fərqlənib, o, 75 dəfə “Leyli Məcnunda”, 25 dəfə “Əsli və Kərəm”də, 2 dəfə “Şah İsmayıl”da baş rollarda məharət və istedadını nümayiş etdirib. “Leyli və Məcnun” operası Ə.Əliyevin iştirakı ilə lentə alınaraq Azərbaycan Respublikası radiosunun qızıl fondunda saxlanılır.
Ə.Əliyev YUNESKO-nun döş nişanına və diplomuna layiq görülüb, ona 1958-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1964-cü ildə isə “Xalq artisti” fəxri adları verilib. Məşhur xanəndə 1990-cı il dekabr ayının 27-də vəfat edib, ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Aydın Əliyev
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Aydın Əliyevə ithaf olunub.
AYDIN NƏRİMAN OĞLU ƏLİYEV
(09.01.1991.-28.11.2020.)
Sumqayıt şəhərində doğulmuş, əslən Tovuz rayonunun Aşağı Quşçu
kəndindən olan, SOCAR-ın Karbamid zavodunun əməkdaşı, Qarabağın azad edilməsi
uğrunda Vətən müharibəsinin şəhidi
A Y D I N
Adının mənası işıqlı, nurlu,
Adıntək işıqlı sən oldun Aydın.
Məhv etdin, nə qədər kafir düşməni,
Yağıdan intiqam, sən aldın, Aydın.
Yaşadın bu yurda sədaqət ilə,
Döyüşdün qorxmadan, cəsarət ilə,
Hünərlə, mərdliklə, rəşadət ilə,
Düşməni lərzəyə, sən saldın, Aydın.
Ayaq izlərin var Vətən daşında,
Dayana bilmədi düşmən qarşında,
Şuşamız uğrunda haqq savaşında,
Qalib sırasında sən durdun, Aydın.
Həm dayın, həm əmin igid idilər,
Qalib olcağıq ümidliydilər,
Yurdumuz uğrunda şəhid idilər,
Onların ruhundan güc aldın, Aydın.
Səndən xoş xatirə, xoş söhbət qalıb,
Qazandığın halal şan-şöhrət qalıb,
Nərimanla Salman əmanət qalıb,
İnsanlıq dərsindən tac aldın, Aydın.
Karbamıd zavodu - çalışdığın yer,
Zəhmətə, əməyə alışdığın yer,
SOCAR ailəsinə qovuşduğun yer,
Ən uca zirvəyə ucaldın, Aydın.
Torpağı-yurd, Vətən edən öləmməz,
Yağı ağlar qalıb, bir də güləmməz,
Müqəddəs tarixi heç kəs siləmməz,
Tarixi yazmağı bacardın, Aydın.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
SSRİ-nin doğum günü və Səddam Hüseynin edamı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
30 dekabrın təqvimini təqdim edirik
SSRİ-nin yaranması günü
Dünyanın quru ərazisinin 6-da 1-ni tutun, guya insan rifahına hesablanmış, əslində totalitar quruluş olan SSRİ ilə bağlı bizdə heç də xoş olmayan ovqat var, çünki bu ölkə Rusiya imperiyasının yeni məzmunlu davamı olub. 1918-ci ildə çar Rusiyasından qopub müstəqillik qazanan Azərbaycanımız 1920-ci ildə bu dəfə bolşevik Rusiyasının işğalına məruz qalıb. Müxtəlif adlar altında fəaliyyət göstərən sovet imperiyası 1922-ci ilin 30 dekabr günündə Ümumittifaq Sovetlərinin 1-ci qurultayında SSRİ adlı bir dövlət şəklində qurulub, onun ilk subyektləri Rusiya, Ukrayna, Belorusiya və Zaqafqaziya respublikaları olublar.
Bu gün Rusiyada, eləcə də onun əsas əlaltısı Belorusda geniş bayram ediləcək. SSRİ-nin, rusların nostaljisi ilə yaşayan bizim bəzi sakinlər də bu gün əlli-əlli vodka vurasıdırlar. Rusiya bu gün də bölgədə öz hökmranlığını yeritməyə çalışır, yeni məzmunlu daha bir imperiya qurmaq çabası göstərir, onlara züy tutanlarımız da yetərincədir, amma qəlbi istiqlalla döyünən həmyerlilərimiz, xüsusən də gəncliyimiz, bilsin ki, bu bayram bizim üçün deyil.
Kerosin lampasındakı şeir
Bu gün Filippində Risal günüdür. Xose Risal Filippinin ən məşhur milli qəhrəmanıdır. O, 19-cu əsrin sonlarında Filippini müstəmləkəyə çevirmiş ispanlara qarşı xalq azadlıq hərəkatının başında duran şəxs olub, 1896-cı ilin 30 dekabrında onu ispanlar edam ediblər. Son saatlarında Risal “Əlvida, mənim doğma vətənim” adlı ürəkdağlayan bir şeir yazaraq kerosin lampasında gizlədib, sonradan bu şeir üzə çıxıb, dillər əzbəri olub. Filippin azad olunandan sonra Risalın adını qədirbilən xalqı əbədiləşdirib, hər ilin 30 dekabrını da xatirə günü kimi onu şərəflə anırlar.
Bu gün Slovakiya ruhani azadlıq barədə deklorasiya imzalanması gününü, Madaqaskar Respublikası isə Milli dövlət gününü qeyd edəcək. Mətbəxsevər amerikalıların bu gün iki bayramı bir-birinə qarışacaq. Milli bekon günü (donuz ətindən xüsusi kəsimlər) və Milli məişət sodası günü. Düzü bilmirik, bekonun üstünə soda səpib yemək mümkündürmü.
Məşhur xanəndə Əbülfət Əliyevin ad günü
Qızıl səsə malik insanlar harada doğulur? Əlbəttə Qarabağda. Əbülfət Əliyev də Şuşada anadan olub, kiçik yaşlarından musiqi ilə maraqlanıb. Bu gün onun doğum günüdür. Daha geniş növbəti yazıda.
Səddamdan Həbibədək
2006-cı ilin bu günündə Bağdadda son 24 ildə ölkəyə prezidentlik etmiş Səddam Hüseyni yeni hökumət dar ağacından asaraq edam edib. 1916-cı ildə başqa bir siyasi lider – bu dəfə çar Rusiyasında parlayan 44 yaşlı Qriqori Rasputin sui-qəsd nəticəsində öldürülüb. 1616-cı ildə Kiyevdə müasir Rusiya və Ukraynanın ilk çap olunmuş kitabı hesab edilən “Çasoslav” işıq üzü görüb.
30 dekabra bir tanınmış Azərbaycan aliminin də doğum günü təsadüf edir. Filoloq Həbib Babayevin. Oğuz rayonunun Bucaq kəndində doğulan, valideynlərinin vəfatı ilə əlaqədar Şuşa Şəhər 1 saylı uşaq evində təhsil və tərbiyə alan Həbib Babayev 1951-1955-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsil alib. Əmək fəaliyyətinə anadan olduğu Bucaq kəndində müəllimliklə başlayıb, 1956- 1958-ci illərdə M.Qorki Adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi, 1958- 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində işləyib, 1970-ci ildən ömrünün sonunadək indiki Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Həbib Babayev 1970- ci ildə professorluğa yüksəlib, 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, ölümündən sonra Oğuz şəhərindəki 1 saylı tam orta məktəbə onun adı verilib.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)
“ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib.
Həmçinin Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Dövlət Agentliyində təşkil olunan tədbirdə sədr Ülvi Mehdiyev əməkdaşlara peşə bayramı, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb, onlara növbəti, 2024-cü ildə uğurlar arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
Taleyinə Allahın uğuru yazılmış ağsaqqal
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirlər ki, ağsaqqallar üç cür olurlar- nəslin, kəndin və elin. Hər nəslin ağsaqqalı öz nəslinə oxşayır, hər kəndin ağsaqqalı kəndi boyda görünür. El ağsaqqalı isə daha əzəmətli olur, daha çox sevilir. İnsan el ağsaqqalı səviyyəsinə yetişməkdən ötrü üç keyfiyyəti özündə ehtiva etməlidir: Soyuq baş, həssas ürək və maddi imkan...
Haqqında söhbət açmaq istədiyim Hacı Gülağa Abişov da geniş təfəkkürlü, cəsarətli, taleyinə Allahın uğuru yazılmış el ağsaqqallarındandır. Bəli, insanı mühit yetişdirir, elmi-savadı isə təhsil verir. Qalan keyfiyyətlər genetikdir, qanla gəlir. Bütün bunlar birləşəndə insan təfəkkürü sərhədsiz olur. Necə ki, elə rənglər var, insanlar onları görə bilmir, amma başqa canlılar aydın seçir. Təfəkkür də buna bənzəyir...
Mühit
Sumqayıtda, müxtəlif millətlərin, o cümlədən ölkənin hər yerindən gəlmiş insanların arasında böyüyüb, boya-başa çatıb. Bu dünya gör-götür dünyasıdır. Bir kənddə böyüyənlə şəhərdə böyüyənin fərqini danmaq olmaz. Biri var, on səkkiz yaşına kimi hər gün eyni adamlarla ünsiyyətdə olasan, biri də var müxtəlif mədəniyyətlərin qovuşduğu yerdə, fərqli şəxslərlə, universal mühitdə boy atıb böyüyəsən...
Savad və bilik
Amerikalılar deyir ki, savad-bilik satılan-alınan dəyərdir, insana fayda gətirir. Savadın insanın dünyagörüşündə, davranışında əhəmiyyətli rol oynadığını hamımız bilirik. Müasir dövrümüzdə savadlı insanlar çoxdur, amma “alim olmaq asandır, insan olmaq çətin” atalar sözü də, hələ ki, aktualdır. Bəli, onun bu səviyyəyə yetişməsində savadın da öz rolu var...
Vəzifə
İnsanın daha çox faydalı olması, daha çox adamın problemlərini həll edib, xeyirxahlıq etməsi üçün Allahın verdiyi fürsətdir. Müxtəlif vəzifələrdə çalışıb. “Azərkimya” Dövlət Şirkətinin rəhbərinin müavini postunadək yüksələ bilib. Heç vaxt heç kimə pisliyi dəyməyib, iş adamlarına dəstək olub, fəhlə və mühəndis kollektivinə doğma münasibət göstərib, problemlərinin həllinə çalışıb...
Sahibkar
Orta əsrlərdən yaranan bu fəaliyyət növü ölkəmizdə bərpa olunandan sonra Hacı Zeynalabidin Tağıyev kimi xeyriyyəçi missionerlərin davamçıları da üzə çıxmağa başladılar. Onların ölkəmizin inkişafında rolu danılmazdır. Sahibkarlar pandemiya dövründə, Vətən müharibəsi zamanı müxtəlif fondlara az yardım etmədilər. Bu hadisələrdə qazandığımız uğurlarda onların da haqqı var.
Pandemiyanın ilk vaxtlarında yaradılmış fonda iyirmi min manat pul köçürdüyünün şahidi olmuşam. Vətən müharibəsi dövründə qırx min manat orduya dəstək fonduna vəsait köçürməsindən əlavə, dəfələrlə ön cəbhəyə ərzaq, isti pal-paltar aparıb. Neçə-neçə qazi, şəhid ailəsinə yardım edib. Bu gün də davamı gəlir...
Xeyriyyəçi
Bu hər imkanlıya nəsib olmayan keyfiyyətdir. O qədər zəngin adamlar tanıyırıq ki, nə bir yetimi sevindirib, nə bir kimsəsizə arxa durub, nə də imkansıza əl tutub. Heç İslam qaydalarına görə var-dövlətinin fitrə-zəkatını vermək də ağlından keçməyib.
O isə, yanına pənah gətirən kimsəni əliboş yola salmır. İmkansıza yardım edir, yetimə, kimsəsizə yiyə durur. Ehtiyac içində qovrulana kömək edib, sıxıntıdan qurtarır. Məgər birdir-ikidir Onun xeyirxah əməlləri? Say-hesabı çoxdan itib...
Vətəndaş
Təpədən-dırnağa ölkəsinə, xalqına, el-obasına bağlı adam. Azərbaycanı, azərbaycanlıları canı qədər sevir. Azərbaycan, deyiləndə ayağa durmağı bacarır. Torpaqlarımız işğaldan azad olunandan sonra dözməyib üzü Qubadlıya yol tutdu. Elə bil, Ona dünyanı bağışlamışdılar. Sevincinin həddi-hüdudu yox idi...
İctimai nüfuz
Doğulub boya-başa çatdığı şəhərin abadlaşmasında Onun da rolu az olmayıb. Bir vaxtlar oxuduğu məktəbin dam örtüyünü öz hesabına düzəltdirib. Böyüdüyü binanın qarşısında xeyir-şər üçün bina tikdirib, həmin bina ilərdir ki, imkansızlara təmənnasız xidmət göstərir. Heç vaxt siyasətə qarışmır, amma ictimai fəal kimi həmişə öndə olur. Şəhərin bütün tədbirlərinə, yığıncaqlarına hörmətli sakin kimi dəvət alır, iştirak edir...
Hər bir şəhərin öz elitası var. Onlar da iki hissəyə bölünür- daimi elita, müvəqqəti elita. Daimi elita həmin şəhərdə böyüyüb ərsəyə çatanlardan olur, müvəqqəti elita isə həmin şəhərə təyin olunmuş məmur və vəzifə sahiblərindən. O, Sumqayıtın daimi elitasının sırasındadır...
El ağsaqqalı!
Bəzən yol ayrıcında çaşıb qalırıq, hansı səmtə üz tutmağımızı təyin edə bilmirik. Xeyirin harada, zərərin hansı istiqamətdə olduğunu müəyyən etmək üçün bir müdrik tövsiyyəsinə, ağıllı məsləhətə ehtiyacımız olur. Problemlər üstümüzə hücum edəndə, əlacsız qalanda onun yanına gedirik. Küsənləri barışdırmaq, kinləri mum kimi əritmək, düşmənləri sülhə gətirmək onun ağıl və təfəkkürü qarşısında adi bir əmələ dönüb. Rəftarında o qədər mükəmməldir ki, təvazökarlıq, sadəlik elə bil ruhuna biçilib, uşaqla uşaq, böyüklə böyük olmağı bacarır. Heç kimi acılamaz, amma elə bir söz deyər ki, qulaqlarda sırğa olar...
Yekun- bütün başlanğıcların sonu
Bu yazını qələmə almağa başlayanda kövrək hisslərə qoşulub, xəyalən mənə doğma olan iki məkanı gəzib dolaşdım- Sumqayıt və Yardımlını. Axı Sumqayıt mənə doğulub, boya-başa çatdığım bir şəhər kimi doğmadırsa, Yardımlı babalarımın ruhlarının toxtaqlıq tapdığı bir yurd kimi əzizdir. Hər ikisini sevirəm! Və bu iki məkanın vəhdətindən pərvazlanıb araya-ərsəyə çıxan eloğlum Hacı Gülağa Abişovun varlığından qürur duyuram. El ağsaqqalı səviyyəsinə yüksəlmək, bir yurdun yükünü çiyinlərində daşımaq hər adama nəsib olmur. Nə yaxşı ki, Sumqayıtda Yardımlını xatırladan el ağsaqqalı var. Bəli, Sumqayıtda Hacı Gülağa deyiləndə Yardımlı yada düşür, Yardımlı deyiləndə Hacı Gülağa...
Bu gün, dekabrın 29-da Hacının 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
Ədəbiyyat Fondu yeniyetmə və gənclərdə Mütaliə mədəniyyətinin formalaşdırılması layihəsini icra edəcək
Azərbaycan Ədəbiyyat Fondu 2024-cü ildə Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Fond nazirliyə “Gənclərin və yeniyetmələrin mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsini təqdim edərək qrant proqramlna daxil edilib.
Layihədə “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” adlı kitabçanın, “Azərbaycan ədəbiyyatı antologiyası - hər kəsin oxumalı olduğu kitab” kitabının nəşri, Bakı, Sumqayıt, Gəncə və Lənkəranda yeniyetmə və gənclər auditotiyası ilə mütaliə mədəniyyəti ilə bağlı tədbirlərin keçirilməsi, kitabça və kitabların hədəf auditoriyasına hədiyyə etməsi nəzərdə tutulur.
Layihənin icrasına 2024-cü ilin yanvar ayında başlanılacaq.
“Ədəbiyyat və incəsənət”
(22.12.3023)
Türk Mədəniyyəti və İrsi Fondundan azərbaycanlılara Yeni il töhfəsi
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun bu günlərdə rəhbərliyi dəyişildi, müddətini başa vurmuş Günay Əfəndiyevanı qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova əvəz etdi. Və yeni prezident dərhal fəallıq göstərir. Yeni il münasibətilə Fondda rəsmi qəbul keçirildi, ardınca da dünən gözəl bir tədbirə şahidlik etdik.
Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fond tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Turan” Etnofolklor ansamblının və Zəfər qrupunun iştirakları ilə konsert proqramı təşkil olundu.
Konsertdən öncə xanım Aktotı Raimkulova Fondun yaradılması təşəbbüsünə və təşkilata göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətlərinə təşəkkürünü bildirdi.
Türk dünyasının ortaq mədəniyyətə, tarixə və ədəbiyyata malik olduğunu vurğulayan Aktotı Raimkulova bu il Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi önəmli tarixi zamanda burada bir daha Azərbaycanın tarixi Qələbəsini yada saldı, bu münasibətlə Azərbaycanı və bütün Türk dünyasını təbrik etdi. “Bu Qələbə bütün Türk dünyasının Zəfəridir. Qarabağ Azərbaycandır!”, - deyə o vurğuladı.
Sonra keçirilən konsertdə bizim “Zəfər” muğam qrupu “Can Qarabağ” əsərini və digər mahnıları təqdim etdi.
Daha sonra çıxış edən Qazaxıstanın tanınmış “Turan” etnofolklor ansamblı Türk dünyasının zəngin musiqisindən nümunələr ifa etdi.
Giriş sərbəst idi, tamaşa zalını dolduran izləyicilər tam məmnun qaldılar.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
POETİK QİRAƏTdə Tahir Talıblının “Gəmisi qayıtmaz liman” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Tahir Talıblı görüşür. Yeni il ərəfəsində şair “gəmisi qayıtmaz liman”dan bəhs edir.
Eh, kaş ki, bütün limanların gəmiləri qayıdaydı…
“Səndən gələn xoşdur mənə, Ya gül göndər, ya da tikən. Mehrin də xoş, qəhrin də xoş, Ya xələt ver, ya da kəfən”. (Əhməd Yəsəvi)
Deyəsən, zənglərim sənə xoş olmur Sənin susmağınnan çox xoş oluram. Mən göz düzəldirəm, üstə qaş olmur, Gözümü tökürsən bihuş oluram.
Asıla qalmısan kipriklərimnən Gözümdə sıxılmış bir damcı yaşsan Ağrı göyərəcək, dərd cücərəcək Qəfil tufan kimi haraya düşsən.
Bitər gözlərində ayrılıq, bitər Yoxsa bir lal, dibsiz güman kimisən. Limanlar ağlayar, gəmilər gedər... Gəmisi qayıtmaz liman kimisən.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)