Super User

Super User

Çərşənbə, 29 Noyabr 2023 17:00

Gənclərə görünməz

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

36-50 yaş üçün

 

Və sən o işığı kənarda deyil, öz içində tapırsan. Lakin əvvəlki enerjin qalmayıb artıq. Edəcəyin hər işi təcrübənin hesabına edirsən. Gənclərin 1 gündə bitirdiyi işi sən 1 saatın içində bitirə bilirsən. Lakin bu səni çox yorur, etdiyin hər iş səni çox yorur. Ailə qayğıları, işdəki streslə həyatın görünməz üzüylə qarşılaşıb amansız zərbələri ilə üzləşirsən. Özün də başa düşürsən ki, artıq döyüşmək zamanı deyil. Artıq müəllimlik zamanıdır, özünün öyrəndiklərini özündən gənclərə öyrətməyin tam vaxtıdır. İnsan şam deyil, məşəl olmalıdır. Şam yandıqdan sonra əriyir və yox olur. Məşəl öz işığı ilə hər zaman ətraflarını işıqlandırmağa çalışır. Əvvəldə də dediyim kimi, işığı kənarda deyil, öz ruhunda axtarıb tapırsan. İşıq ruhundadır, səni isidəcək alov da sənsən, səni külə döndərəcək ocaq da sənsən.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, 2023-cü ilin “Buker” mükafatı faciənin astanasında olan bir ailənin və bir ölkənin hekayətini təsvir edən "Peyğəmbər nəğməsi" (Prophet Song) romanına görə irlandiyalı yazıçı Pol Linçə təqdim edildi. Pol Linçin sayca beşinci olan bu romanı Qərb demokratiyalarındakı iğtişaşları, İrlandiyada hökm sürən totalitar rejimin rəzilliklərini və Suriyada alovlanan münaqişə kimi fəlakətlərə bəşəriyyətin  laqeydliyini göstərməyə çalışır. 

 

Romanın süjeti önəmlidir, ona görə də başlığa çıxardığımız sualın cavabı məhz buradadır: 

Romanın süjeti Dublində qurulur, hekayənin mərkəzində qurulmuş demokratik normaları tezliklə pozacaq bəla - yaxınlaşan faşizm şəraitində ailəsini xilas etməyə çalışan tədqiqatçı və dörd uşaq anası Eilish Stakın hekayəsi dayanır.

Yazıçının özü mükafatın təqdimedilməsi  ərəfəsində BBC Radio 4 proqramına verdiyi müsahibədə dediyi kimi, İrlandiyanın totalitarizm uçurumuna qərq olması “artıq baş verib".

Müsahibəni şəxsən dinləmişəm və oradakı bəzi məqamları “Ədəbiyyat və incəsənət” oxucularına çatdırmağı özümə borc bilirəm: 

"Bu roman keçmişdə baş verən, indi baş verən və gələcəkdə baş verəcək hadisələri modelləşdirir. Mənim vəzifəm baş verənləri dinləmək və məlumatlı nəticələr çıxarmaq idi. İnanın ki, mən bu romanda öz yaşantılarımı da qeydə almışam, romanımdakı bəzi səhnələri sözün əsl mənasında yaşamışam, onları öz üzərimdə  sınamışam və daha sonra bu səhnələrin koronavirus və lokdaun pandemiyası zamanı real həyatda necə təkrarlandığını müşahidə etmişəm. 

Bu, çox qəribə idi, çünki kitabda dövlətin hər şeyi necə nəzarət altına almağa başladığı, komendant saatının necə tətbiq olunduğu barədə bir təsvir var idi. Bütün bunlar artıq yazılmışdı, 70 il öncənin yaşantıları romana mövzu seçilmişdi. Və 2020-ci ildə həmin şeyləri öz təcrübəmdən yaşamalı oldum."

Dublindəki son şiddət hadisəsi ilə bağlı nə düşündüyünü soruşduqda, Pol Linç baş verənlərdən şoka düşdüyünü və "bunun bizim üçün bir xəbərdarlıq olduğunu" etiraf etdi. 

Eyni zamanda "siyasi romanlar"yazmadığını vurğuladı. Suriyadakı vətəndaş müharibəsi və qaçqın böhranı təəssüratı altında bir roman yazan Pol Linç Londonda keçirilən mükafat mərasimində Bukeri "böyük məmnuniyyətlə" evinə - İrlandiyaya aparacağını söylədi, eyni zamanda qələbəyə heç inanmadığını etiraf etdi.

"Maraqlıdır, çünki heç vaxt qələbəyə inanmamışam, beynim bu düşüncəni rədd edib. Ancaq tanıdığım hər kəs mənə deyirdi: "Bax, bu dəfə mütləq qalib olacaqsan, çünki bu inanılmaz bir zaman təsadüfüdür”.

“Qalibi elan etməmişdən 15 dəqiqə əvvəl bir az sarsılmağa başladım, bayıra çıxdım, orada məni Sir Ben Oakry (Nigeriya əsilli məşhur ingilis yazıçısı, Buker Mükafatı laureatı) tapdı, mənə bir neçə həvəsləndirici söz dedi, qayıtdım və bu zaman hər şey gözəl oldu”, - deyir Pol Linç.

Və oxucularıma onu da deyim ki, 46 yaşlı yazıçı Buker mükafatını əlinə alanda onu öpdü. 

P. Linç bir çoxu ədəbiyyat sahəsində mükafatlara layiq görülən “Səhər saatlarında qırmızı səma” (Red Sky in Morning), “Qara qar” (The Black Snow), “Qreys” (Grace) və “Dənizin arxasında” (Beyond the Sea) kitablarının müəllifidir.

İrlandiyalı ədibin sözlərinə görə, onun yaradıcılığına Fyodor Dostoyevskinin “Yer altından məktublar”, Herman Melvillin “Katib Bartlbi”, Cozef Konradın “Tayfun” və Uilyam Folknerin “Mən ölərkən” əsərlərinin çox güclü təsiri olub. 

Ədəbiyyat siyasətin içindədir. Ədəbiyyat sentimentalizm və romantizm çalarlarını, ədəbiyyat mistika, fentezi, detektiv və fantastika janrlarını yana itələyib non-fikşn pilləsində dayanıb, ədəbiyyat böyük siyasətin, güc mərkəzlərinin diktə etdiyi siyasətin icraçısı funksiyasını götürüb.

Nə deyək. 3-cü minillik, hər halda, öz abu-havasını gətirməliydi.

Rusiyanın Ukraynaya təcavüzü, İsrail - Fələstin müharibəsi - hazırda dünyanı məşğul edən əsas mövzu məhz müharibələrdir. Müharibə daxili totalitarizmdən doğur, Putin təcrübəsi buna əyani sübutdur. Demək, ədəbiyyat cəsarətli çıxıb öz sözünü deməlidir. 

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2022)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Statistikaya görə Azərbaycanda həm erkən nikahların sayı artır, həm də boşanmaların. Bu yazı birbaşa bəhs edilən mövzu ilə bağlanmasa da dolayısı ilə bağlanır. Belə ki, sağlam ailə qurmağın təməl prinsipləri barədə öz yaradıcılıq interpretasiyamla söz açıram. Bu prinsiplrədən ən vacibi, məncə övladla düzgün münasibət qurmaqdır. 

 

Sinqapurda gənc cütlüklər övlad sahibi olmazdan öncə ev heyvanı saxlayırlar.

Təqribi 12-18 ay müddətinə heyvana tam baxa bilirlərsə, yəni yeməyini, suyunu, baxımını və baytar müayinələrini düzgün edə bilirlərsə o zaman 6-8 ay müddətinə sosial-psixoloji və meditativ təlimlər alır, uşaq psixologiyası, tərbiyələndirmə və təhsil haqqında dövlət tərəfindən xüsusi dərslər götürür və daha sonra övlad sahibi olurlar.

Müqayisə etməyi, bizim ölkə belədi, "bizim millət belədir" deyib mənfi rəy bildirməyi hər nə qədər sevməsəm də, situasiya göz önündədlir. Əfsuslar olsun ki, bizim mentalitet çərçivələrimiz və inkişaf etməkdə olan ölkələr arasında olmağımız çoxuşaqlılığın üstünlük təşkil etməsinə şərait yaradır. Çoxuşaqlılıq isə, qayğıların və ailə-məişət problemlərinin artmasına səbəb olur. Bu da, öz növbəsində ailədaxili gərginliklərin artması, övladlar arasında fərq qoyulması ilə nəticələnir.

Məncə, bu tip problemlərin aradan qaldırılmasında əsas iş psixoloqların, valideyn-övlad münasibətləri üzrə mütəxəsis olan sosial işçilərin və bir neçə dərnəyin öhdəliyinə düşür.

 

Valideynlərə öyrədilməlidir:

1."Övladlarınızı öz dövrünüzə görə yox, onların dövrünə görə yetişdirin". 

İlk öncə peyğəmbər əleyihissəlamın bu kəlamı şüurlara aşılanmalıdır, dillər əzbəri olan "bizim vaxtımızda belə deyildi" ifadəsindən kənara çıxaraq övladlar zəmanəyə uyğun təlim-tərbiyə edilməlidir.

2.Valideyn olmaq o demək deyil ki, siz övladınız üçün hər zaman ən doğrusunu bilirsiniz və onların istədikləri peşə seçiminə, təhsilinə daim qarışa bilərsiniz. Bundan əlavə, övladınızın geyim tərzinə, saç stilinə və düşüncə tərzinə (həddi aşılmadıqca) müdaxilə etmək haqqı sizin müqəddəs əməliniz deyildir. Övladını düzgün yetişdirmək istəyən valideyn sevgisinin dozasını artırıb qəzəb və şiddətə yönəlməsini azaldaraq övladının sevgisini qazanmaqla örnək olacaqdır.

3.Ən çox qarşı-qarşıya qalınan problemlərdən biri də, övladlarınızı yarışdırmaqdır. Uşaq sizin üçün sınaq robotu deyil ki, o, müəyyən standartlara cavab versin, müxtəlif düymələri işə salaraq müəyyən tələbləri yerinə yetirsin. Gedib rəssam olmaq istəyən uşağı idmançı edirsiniz, sonra deyirsiniz ki, mənim uşağım bacarıqsızdır, xalxın uşağı bacarıqlı. Fizik olacaq insanı ədəbiyyatçı edirsiniz, sonra o da olur ağzının danışığını bilməyən biri.

Təbii ki, tək problem valideynlə bağlı deyil. Günahkar bəzən sadəcə uşağın özü olur.

Uşaqlar bilməlidir:

1.Valideynlər bəzən əsəbi və kobud olsa da, biz həddimizi aşmamalıyıq.

2.Valideynlər hər zaman haqlı olmasalar da, çox vaxt haqlıdırlar, söz dinləyək, lakin xəyallarımızın arxasınca getməyə davam!!

3.Valideyni sevmək üçün bəhanə yox, səbəb axtarın. Naşükürlük yerinə minnətdarlıq edin. Bir yetimin sizin yerinizdə olmağı nə qədər çox istədiyini təxmin edə bilməzsiniz. 

 

Əlbəttə hər zaman hər kəs haqlı olacaq deyə bir şey yoxdur. Bəzən hər iki tərəf haqsız və qırıcı, bəzən hər iki tərəf bir-birindən bezar, bəzən yorğun, bəzən isə olduqca həssas olur. Hər nə olursa olsun, sağlam valideyn-övlad münasibətlərində sevgi heç zaman bitmir. Sevin, sevilin, qədir-qiymət, xətir-hörmət bilin. İnsanın güvənib söykənə biləcəyi ailəsinin olması Allahın lütfüdür. Naşükürlük bizə yaraşmaz.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Çərşənbə, 29 Noyabr 2023 12:45

ŞƏKLİN TARİXİ -“İnturist”in günləri olub

Azad Əhmədov yazır

 

Azərbaycanın turizmində kifayət qədər ad-san qazanan Azad Əhmədov Sovet dönəmində də bu sektorda olub, Bakının ən böyük turizm məkanı olan “Azərbaycan” mehmanxanasında çalışıb. Onun gördüyünüz fotoya şərhini təqdim edirik. 

Bu, heç də keçmişə nostalgiya deyil, “keçmişinə güllə atanı gələcək topa tutar” nigarançılığıdır.  

 

Əvvələr turizm olmayıb deyənlər hardasınız? “Azərbaycan” mehmanxanasında (Təzə İnturist) bir gündə 700-800 turisti gəbul edib və yola salmışıq...  

Mehmanxanada 600 otaq var idi. 

Mehmanxananın qarşısında gördüyünüz  qırmızı “İKARUS"lar turistləri gözləyirlər... 

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Şəhriyar del Geraninindir.


 

KÜLƏK ŞEİRİ

 

Kirli köynәyimi yumuşdu anam,       

külәk bulamışdı... nә bilsin külәk?

Mәnsә hirslәnmişdim anama onda,

anam ağlamışdı... nә bilsin külәk?

 

Bir gün dalaşmışdım qonşu uşaqla,

Üstәlik, anasın söymüşdüm onun.

Oysa hikkәsindәn bir yekә torba

yarpaq tıxamışdı buxarımıza.

 

Sobamız yanmadı fevral gecәsi,

çayım soyuq oldu, atamız qrip,

mәn dedim: “Külәyin işidi, yәqin...”

Anam da inandı,

nә bilsin anam? –

“Yiyәsi ölsün bu külәyin” – dedi.

 O vaxtdan yiyәsiz qalıb

külәklәr,

bu yetim külәklәr nә

bilsin axı...

 

Sәn üşümәyәli ikinci qışdı,

ay Allah, kәs görüm, bu nә yağışdı?!

Yığışdım özümә, elә yığışdım,

para buğdasına söykәnib yatan

qarışqa misalı elә yorğunam...

 

Soruşma neçәnci qәrib soyuğun,

neçәnci dostumun uzaqlığıyam.

Hәminki qayğıdı bu tifil qayğı,

kirpiyimә qәdәr yorğunam, anam...

 

Bir pişiyim dә yox qucaqlayası,

qucağım sinәmdә bayquş yuvası,

barı dost da ölmür yas saxlayasan,

hamı salamatdı, hamı yaxşıdı!

 

Di gәl darvazanı külәk açdımı,

Bu darıxmaq ki var, itin balası!

Hәr gün qapımızda gәlib ulayır.

Yox әşi, nә külәk... nә bilsin külәk?

 

Kirli köynәyimi yumuşdu anam,

külәk bulamışdı... nә bilsin külәk?

Mәnsә hirslәnmişdim anama onda,

anam ağlamışdı... nә bilsin külәk?

 

 

XATIRLANMAĞIN ŞEİRİ

 

Elə nigaranam – səndən nigaran,

yaşaram ömürdən-gündən nigaran.

Qayğına qalıram öz aləmimdə –

nə vaxt soyuqlasan, çay dəmləyirəm.

Ürəyim əlimdə, canım əlimdə

yanına gəlirəm, gülümsəyirəm.

Deyirəm, "Darıxma, yaxşı olacaq...".

Yaxşı olmayacaq, özün bilirsən.

Sən özün bilirsən necə olacaq...

 

Sən özün bilirsən necə olacaq,

zalımın zülmü çox, məzlumun ahı.

Sən özün bilirsən necə olacaq,

kimin boynunadı kimin günahı.

Şahid çağıraram ora Allahı,

mən sənin üstünə günah almaram.

Nə qədər istəsən,

neçə istəsən,

mən özüm yanaram, necə istəsən,

heç bircə tikə də sənə qalmaram.

 

Eh... Sənə bu qədər uzaq olunca,

günəşə su qədər uzaq olunca,

gedib dayanaram külək tərəfdə,

saçını öpərəm külək tərəfdən.

Beş-on xatirəyə ümid olmaram,

sən necə istəsən,

hardan istəsən,

yadına düşərəm haçan istəsən.

Mən belə sevirəm, unudulmaram...

 

 

DEKABR ŞEİRİ

 

Nә uzaq küçәlәr vardı uşaqlığımızda,

nә uzaq şәhәrlәr oldu sonralar.

Böyüdükcә dәyişir uzaqlar da,

küçәlәr dә,

küçә-küçә,

şәhәr-şәhәr uzaq olur adamlar...

 

Sәn dә bir küçә seç getmәzdәn öncә,

bir şәhәr şeç unutmağa,

bir uzaq seç darıxmağa,

sәn dә getmәzdәn öncә

bir az dәyiş,

bir az uzaq ol,

sonra get.

Bu qәdәr yaxşıykәn getmә, nә olar,

bilirsәnmi, çәtin olur yaxşıların gedişi...

 

Ən sonuncu dostum da әclaf çıxmamış,

bilirsәnmi,

axşam düşmәmiş,

şәr qarışmamış getmә.

Çәtin olur yağışlarda son görüş,

parklarda skamyalar qurumamış getmә...

 

Sәn bilmirsәn,

çәtin olur payızlarda darıxmaq.

Ən sonuncu yarpaqlar da düşmәmiş,

torpağa qarışmamış,

bir az qal, nә olar,

getmә qış çıxmamış,

qış çıxmamış getmә...

 

Sәn bilmirsәn,

indi mәn,

Allahdan nә üçün yox,

kimin üçün yaradıldığımı soruşuram.

Bir az da sәbrin olsun,

mәni ömrümün sonuna ötür,

sonra get.

 

Sәn bilmirsәn,

indi mәn adamlarçün yox,

әşyalarçün darıxıram.

Bir az da sәbrin olsun,

qәbrim üstdәn yaylığını götür,

sonra get.

 

Daha mәn gәlәcәkdәn yox,

keçmişdәn nigaranam.

Bir dә gördün heç kәs yadına düşmür.

İndi sәnә “qal” demәyim

sәninlә bütün keçmişlәrdә

yanaşı görünmәk istәyimdi,

arzular da canavar kimidi – әhlillәşmir!

 

Sәndәn sonuncu istәyim:

mәni xatırlasan,

kimsәsiz, boş qalmış otaq kimi xatırla.

 

Sәndәn sonuncu istәyim:

mәni xatırlasan,

uzaqlarda qәzaya düşmüş

sәrnişinsiz qatar kimi xatırla.

 

Heç bilmirәm, torpaq suyu içirsә,

adamları neynir?

 

 

***

 

Qәfil qәribsәyir adam –

qayıdırsan oturduğun stulun ağac vaxtına,

görürsәn budaqların hәr haçasında bir yuva,

içindәәtcәbalalar civildәşir...

 

Qәfil qәribsәyir adam 

qayıdırsan sevgilәrin uşaq vaxtına,

görürsәn müharibәdә itkin düşmüş әmin

sol yanağından bir çimdik götürür

vә gülümsәyәrәk çıxıb gedir.

Yanağından bir çimdik dә belәcә itkin düşür...

 

Qәfil qәribsәyir adam –

qayıdırsan yatağının beşik vaxtına,

görürsәn tәrlәmisәn, anan әynini dәyişir,

görürsәn tәrlәmisәn, anan әynini dәyişir,

görürsәn tәrlәmisәn, anan әynini dәyişir...

Vә qәfil әllәrini tutub saxlayırsan!

 

 

MƏNİM İXLASIM

 

Əlhәmdu-lillahi Rәbbil-alәmin,

dәnizlәrin uzağında gözdәn itәn gәmilәrin,

günәşlәrin, külәklәrin, bihudә keçәn günlәrin

peşmanlığından sığındım sәnә.

Dalğalar da sahilә danışar sirrini dәnizlәrin,

yosunlar necә rәqs edәr balıqların nәğmәsinә?

İhdinәs-siratәl-müstәqim…

 

Yanlışım yox, mәhzun gözlüm,

mәn daim sәni sevdim.

And olsun yeddi sәmaya,

yeddi rәngә,

yeddi yerә,

getdi ömür birdәn-birә

birdәn otuza, otuzdan әlliyә,

bölündü aylara, günlәrә, tәqvimlәrә,

bölündü qayğılara, havaya, suya vә sairәyә...

İyyәkә nә budu vә iyyәkә nәstәin...

 

Bax necә dә tәlәsirsәn yanımdan getmәyә,

gözümdәn itmәyә.

Bilirәm, әvvәl-axır unutmalısan mәni,

unutmalısan bu oyuncaq ev-eşiyi,

qollarımdan getmәlisәn әvvәlcә,

atmalısan bu beşiyi.

Böyümәlisәn, tәrk etmәlisәn hamını.

 

Mәn dә çıxmalıyam axı burdan әvvәl-axır,

daha qorxum da yox adamlardan.

Mәni öldürmәk üçün bu quyuya atanlar

qorudular canavarlardan.

İnnәl insanә lәfi xusr...

 

Mәn sәni bir yol qazandım, hәr gün itirdim.

Mәn özümü sәndә gördüm, sәndә sevdim,

mәn özümü sәndә tanıdım, sәndә tapdım,

qorxuram bir gün olmasan,

dostlarım, doğmalarım,

nә atam, nә bacılarım,

heç kimsә mәni xatırlamasın.

...Əllәzi yuvasvisufi sudurin nas.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

 

Çərşənbə, 29 Noyabr 2023 12:15

“ASAN Teatr III” layihəsi baş tutub

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “ASAN Teatr III” layihəsi baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalın “ASAN xidmət”dən məlumat verilib. 

 

Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır” fərdi qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində 4 tamaşa səhnələşdirilib.

Tamaşalarda yazıçılarımız Sabit Rəhmanın “Xoşbəxtlər”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər”  və Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri səhnələşdirilib.

Səhnə işlərində 30 ASAN könüllüsü və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 10 tələbəsi iştirak edib.

Və onu da qeyd edək ki, tamaşalar həqiqətən də bəyənilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Çərşənbə, 29 Noyabr 2023 12:00

Günəş və Ay əfsanələri - Hansına inanaq?

Leyla Səfərova, «Ədəbiyyat və incəsənət”

 

Biri var imiş, biri yox imiş. Səmanın iki ilahəsi var imiş. Günəş və Ay...

Əsrlərdir, milyon illərdir sabahı gecədən fərqləndirən iki möhtəşəm göy cismi var ki, bunlarla bağlı minlərlə rəvayət, minlərlə hekayə, əfsanə var. Əlbət ki, hər birimiz ən azı bir dəfə Günəş və Ay haqda bir əfsanə eşitmişik, oxumuşuq. Ayı Günəşin məşuqu adlandıranlar da olub, Günəşə Ayın dostu deyənlər də. Bəs bunların hansı doğrudur?

Ümumiyyətlə, Ay və Günəş kimdir? Gəlin sizə onların hekayəsini danışım.

 

Ay və Günəş Kainatın ilk aşiqləridir. Günəş işıq saçan gözəl, Ay isə möhtəşəm bir igid olur. Onların sevgiləri o qədər gözəlmiş ki, bütün dünya işığa, aydınlığa qərq olarmış onlar qovuşanda. Lakin hər sevgidə olduğu kimi onların sevgisində də ortada paxıllar varmış. Qalaktikada o qədər peyk, planet varkən Günəşin Ayı sevməsini qəbul edə bilməyibmiş bəzi paxıllar. Onların arasına bir tor salmışlar. Elə bir tor ki, aşiqlər bir-birlərini görməz olmuşlar. Bəs, məsafələr sevgiyə əngəl ola bilərmi? Təbii ki, yox. Ay və Günəş bir-birlərini görməsələr də, daim axtarmış, sevgilərindən vaz keçməmişlər. Günəş öz parlaqlığı, işıqlarıyla Aya yol göstərmişdi, ona gəlib çatsın deyə. Ay gecələri aydınlatmışdı Günəş qaranlıqda qalmasın deyə... Və əsrlərdir iki aşiq bu dairəvi kainatı gəzir bir gün qovuşmaq ümidiylə...

 

Bu mənim "Ay və Günəş" deyəndə öz təxəyyülümdə canlanan bir hekayədir. Bəs oxuduğumuz, keçmişdən gələn hekayələr hansılardır? Bir rəvayətə görə Ay və Günəş bacı-qardaş olur. Ay çox tənbəl, Günəş çox çalışqan olur. Yemək bişirməyə kömək etməyən, amma hazıra nazır olan Aya əsəbiləşən Günəş bir gün tavanı Ayın üzünə vurur. Bundanmış Ayın o gözəl simasındakı ləkələr. 

Bir digər hekayə isə gözəl aşiq Günəş xəyanətkar məşuq Ayı cəzalandırmış, buna görə ondan qaçmış, gecə və gündüz əvəzlənmiş, Ayın üzündə həsrətin izləri qalmışdı.

Real araşdırmalara gəlsək, Ay Günəş sistemində gözlə görülən parlaqlığı olan ikinci cisimdir. Ayı eyni zamanda həsrət çəkən sevgililərin, dərdli insanların da təsəllisi adlandıra bilərik: Gecələr düşünməyi, gecələr dərd çəkməyi sevən bir canlı olaraq əksəriyyətimizin yoldaşı, sirdaşıdır bu gözəl peyk. Günəşi isə daha çox xoş günlərə, ya da, gözyaşlarımızı gizlədiyimiz gülüşlərimizə bənzədə bilərik belə bir halda. 

Bu versiyaların hər birində həm Ay, həm Günəş bizim həm ruhumuz, həm təbiətimiz, həm də gözlərimiz üçün möhtəşəm bir hüzurdur. Elə bu gün, gündüz Günəşi, gecə Ayı izləyin. Bu gözəllikləri daha çox diqqətə almaq lazımdır. Günəş qədər sehrli, Ay qədər bənzərsiz günlər diləyirəm sizlərə.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Noyabrın 28-də Tbilisi Dövlət Universitetində (TDU) "Tolerantlıq Günü"nə həsr olunmuş bayram tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Tbilisi müxbirinə istinadən verir ki, tədbir çərçivəsində Azərbaycan guşəsi də açılıb. Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə açılan guşədə xalqımızın milli mədəniyyət nümunələri, Borçalı xalçaları, milli musiqi alətləri, qədim alətlər, paxlava, şəkərbura nümayiş etdirilib.

Universitetin professoru tədbirdə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, bu cür tədbirlərin təşkili və Gürcüstandakı milli azlıqların burada öz milli mədəniyyətini nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır.

“Alyans” Gənclər Mərkəzinin İdarə heyətinin sədri Rəna Hüseynova universitetə mərkəzin tələbələrinin əl işini hədiyyə edib.

Digər çıxış edənlər "Tolerantlıq Günü" ilə bağlı fikirlərini bölüşüblər.

Sonda milli azlıqların nümayəndələri milli rəqsləri ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bol izləyicisi olan rubrikamız hələ ki Qusarda  qonaqdır. 4 nömrəli tam orta məktəbdəyik. Direktor Elmira Bayramova və öncül şagird Aida Musayeva ilə görüşürük. 

 

DİREKTOR

Qusar şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Bayramova. O, 16.07.1962-ci ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. İlk pedaqoji fəaliyyətinə 1981-ci ildə Sabirabad rayonu Balakən kənd məktəbində rus dilini tədris etməklə başlayıb. Pedaqoji fəaliyyətini 1986-cı ildən Qusar şəhər 2 saylı tam orta məktəbində, 1992-ci ildən isə Qusar şəhər 6 saylı tam orta məktəbində davam etdirib. 1998-ci ildən birinci sinfə ilk dəfə qədəm qoyduğu Qusar şəhər 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq çalışmağa başlayıb. 2010-cu ildən etibarən isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub. 

Müəllim və şagirdlərin böyük hörmətlə yanaşdığı Elmira Bayramova direktor işlədiyi bu müddət ərzində bir sıra dövlət orqanları və təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.

 

ŞAGİRD

Mən- Aida Musayeva Rasim qızı 6 sentyabr 2009-cu il Qusar şəhərində anadan olmuşam. Qusar şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Arzum Tibb Universitetinə qəbul olmaqdır. Kitab oxumağı çox sevirəm, bu vaxta qədər çoxlu kitablar oxumuşam. F.Dostoyevski, Vilyam Şekspir kimi dahi yazıçıların əsərlərini mütaliə etməyi sevirəm.

 

ESSE

“Özünüz olun, daha çoxu olmağa çalışsanız, heç bir şey olmayacaqsınız." (Vilyam Şekspir)

Günümüzdə bir çox insanların uğur qazanması bəzilərinin sevincinə səbəb olsa belə, bəzilərinin paxıllığına səbəb olur. Bəzi insanlar isə uğur qazanmaq üçün başqa insanlara bənzəməyə çalışırlar. Əslində bu doğru deyil. Uğur qazanmaq istəyən şəxs əvvəlcə özü olmaldır, başqası yox. Öz fərqli düşüncələri, müxtəlif tərzdə tamamilə özünəməxsus ideyaları ilə seçilməlidir. Uğura gedən yolda sən sadəcə özünü necə yaxşı, necə mükəmməl görürsənsə, həmçinin elə olmalısan. Başqa insanların ideyalarını oğurlamaqla onlar kimi düşünməklə, onlar kimi yaşamaqla biz nə orijinal ola bilərik, nə də həyatda uğur qazana bilərik. İcazə verin siz başqalarına yox, başqaları sizə bənzəməyə çalışsın, başqaları sizi nümunə götürsün. İnsan mütləq özünü sevməlidir. Özünə hörmət etməlidir. İnsan ilk öncə özünə hörmət etməlidir ki, başqalarının da hörmətini qazansın. Hal-hazırda bir çox insan bənzəməyə çalışdığı insandakı xüsusiyyətlər özündə yoxdur deyə özünü pis hiss edir, lakin bu belə olmamalıdır. Biz öz xüsusiyyətlərimiz ilə fərqlənməliyik. Başqa insanlarla özümüzü müqayisə etməməliyik. Bir insan özünü nə qədər sevirsə onda o qədər də özünəgüvən hissi yaranır. Özgüvənli bir insan isə daima irəli gedir. Əgər bir insan özündəki xüsusiyyətləri bəyənmirsə və uğur qazanacağına inanmırsa, həmin insan daim başqalarına bənzəməyə çalışacaq. Başqalarına bənzəməyə çalışan insan isə heç bir uğur əldə edə bilməyəcək.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Çərşənbə, 29 Noyabr 2023 11:15

284 nəfər!!!

“Ədəbiyyat və incəsənət” portalının növbəti Açıq portfel məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətindəndir. 

Belə ki,  cari ilin aprel ayından başlayaraq  ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12 faizi (35 nəfər) yaşlı insanlar arasında olub.

Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Və çox təəssüf ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. 

 

“Ədəbiyyat və incəsənət”

(29.11.1022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.