
Super User
“Ulduz” jurnalının noyabr-dekabr sayı bizləri yenə sevindirəcək
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Gənclərin, ədəbiyyat sevərlərin sevimli jurnalı olan “Ulduz" jurnalının noyabr-dekabr sayının işıq üzü görməsi xəbərini alınca, Baş redaktor Qulu Ağsəslə əlaqə yaratdıq və ilin son sayında gedən materiallarla tanış olduq.
Jurnal Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr edilmiş silsilə şeirləriylə açılır.
“Şeir vaxtı" rubrikasında Günel Balakişinin, Xəyalə Sevilin, Zöhrab Mehdinin, İsmayıl İmanzadənin və Aysel Xanlarqızının şeirləri dərc edilib.
“Nəsr" rubrikasında Məmməd Məmmədlinin "Mən atamı xatırlamıram" hekayəsi, eləcə də Günel Natiqin "İki simvol: bal və qarışqa" başlıqlı araşdırma yazısı yer alıb.
“Ulduz" jurnalı ilə "525-ci qəzet"in ortaq layihəsi çərçivəsində Məti Osmanoğlunun hazırladığı "Gənc yazarlar üçün nəzəriyyə dərsi"nin cari mövzusu "Ədəbiyyatşünaslıq və təkamül nəzəriyyəsi"dir.
İlham Abbasov romantizmin son cəngavəri adlandırılan, Nobel mükafatı laureatı Herman Hessenin həyat və yaradıcılıq yoluna nəzər salır.
Dilarə Adilgilin "Tək adam" başlıqlı yazısı Ənvər Məmmədxanlının 110 illiyinə həsr edilib.
Gürcü şairi, esseisti, nasiri, ssenaristi və bəstəkarı Bulat Okucavanın "Tərcümə saatı"nda yer almış şeirlərini dilimizə Hicran Hüseynova çevirib.
Jurnalın əməkdaşı Taleh Mansurun təqdimatında "Yazı masası"nın bu dəfəki qonağı şair, publisist, Əməkdar incəsənət xadimi Barat Vüsaldır.
Şirməmməd Nəzərlinin "Natamam bir əsrin özəl nöqtələri" başlıqlı yazısı müəllifin keçdiyi həyat yoluna işıq tutur.
Rəşid Faxralının "Gerçək nağıllar" mənzum hekayəsində Vətən müharibəsində canından keçmiş vətən oğullarının qəhrəmanlıqlarından söhbət açılır.
Növbəti səhifədə jurnal böyük sayğı hissi ilə Azərbaycan ordusunun 2023-cü ilin senytabrında həyata keçirdiyi lokal antiterror əməliyyatı zamanı şəhid olmuş Mustafa Hüseynovun bir zamanlar ifa etdiyi "Gəldim Qarabağa bahar çağında" başlıqlı şeirini təqdim edir.
Nəhayət, "Dərgidə kitab" rubrikasında Nəriman Qasımoğlunun şair, ədəbiyyatşünas və tərcüməçi Qasım Qasımzadəyə həsr etdiyi "Türkiyə həm sizindir, həm də bizim" sərlövhəli yazısını təqdim edir.
Jurnalın son səhifəsindəki “Dərgidə sərgi" rubrikasında isə Şirməmməd Nəzərlinin çəkdiyi fotolar yer alıb.
İlin son “Ulduz”unu qaçırmayın!
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
ÇİRKLİ ƏL və ya konfet kağızına bükülmüş zəhər
Əkbər Qoşalı yazır
Yəqin “beşinci kolon”dan dad eləyən yeganə ölkə biz deyilik; ancaq necə deyərlər, od düşdüyü yeri yandırar. Bizdə “beşinci kolon” andıra qalmış birdirmi, beşdirmi? – Rusiya, İran, Amerika, Avropa və daha haralar... Elə bil bir-biri ilə yarışdadırlar. Bizim başıboş, könlüdarlar da onların torunda... “Beşinci kolon” toruna özün düşdün yaxud itələndin – elə də prinsipial fərqi yoxdur; məsələ o ki öz doğma dövlətinin deyil, başqa bir dövlətin xeyrinə çalışır, zehnü-zəhmət sərf edirsənsə, sən artıq vətəndaşlıq ruhunu zədələmisən... Bax, bu cümlələrdən sonra mənə irad tutula bilər ki, həm başıboş deyir, həm də zehnü-zəhmətdən söz açırsan... –
Başıboş olmayan adam ona aşılanmış “təlim-tədris”in, sabun köpüyünün, məqsədli yönləndirilmələrin qalstuklu qara fəhləsi olmağı özünə niyə rəva görsün ki?
Başıboş olmayan adam hər hansı miqdar olur-olsun maddi gəlir qarşılığında başqa dövlətlərin, yabançı qrupların çıxarına çalışarmı ola heç?
Əlbəttə, burada başıboşluqdan daha çox vətəncanlı olmamaq, öz dövlətinə, dövlətçiliyinə könüllə bağlı ola bilməmək daha aparıcı rola malikdir. Lakin könlün yoxdu – cəhənnəm; bəs ağlın da yoxdurmu? – Niyə düşünməyəsən ki, bu günün sabahı vardır?.. – Dövlət baba görür, Dövlət baba bilir. Dövlət baba nə olsun ki dözür, axı elə o dözümün özü də Dövlət ağlına aiddir; Dövlət babanın sığal çəkən barmağı da var, vuran əli də... Hər kəs bilir, o barmaqlar yumulub Dəmir Yumruq olunca qarşısındakı bütün “kolon”ları viran edir. – Mövzudan mövzuya keçmiş olmayaq, cəmi üç il öncəyədək danışıqlar, danışıqlar və yenə də danışıqlar haqqında eşidirdik, görürdük. Ustad QABİL “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirində belə yazırdı:
“İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız.
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz…
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri
Ümid sənədir ancaq, Azərbaycan əsgəri”!..
Bəli, danışıqlar uzandıqca, imzalanan qətnamələr kağız üzəri qalınca, dəyirmi masalarda izi qalan dirsəklər dayağa dönəcək, o dirsək, o bilək, o əl və barmaqlar öz tarixi missiyası üçün vəhdəti-vücud olacaqdı, əlbət; oldu da!
Bunları nəyə görə vurğulayıram? – Bütün digər “beşinci kolon”ları unutmasaq da, yaxşı “kolon”, pis “kolon” fərqi qoymasaq da, son günlər ABŞ-a bağlı “beşinci kolon”un daha çox diqqət mərkəzində olduğunu görməkdəyik. Bunlara davamlı irad tutsanız ki, Azərbaycan Silahlı Qüvvələrində xidmətdən yayınanla işbirliyindəsiz, bu dəfə arayıb-axtarıb illa bir “yayınmamış” bulmuş olacaq və guya işi sağlama almış kimi davranacaqlar. Qayıdıb desəniz ki, bəs siz cinsi azlıqlarla, nə bilim alt paltarını bayraq edənlərlə, (çox üzr istəyirəm) cinsi orqanını “azad zona” statusunda təqdim edənlərlə əməkdaşlıq edirsiz, eşələyib-eşələyib, bu dəfə bir “dindar” bula biləcək, onun üzərindən “cavab” verəcəklər, baş qatacaqlar... Mövzudan uzaqlaşmadan bir məqamı yada salaq və sual verək: Amerikanın Fətullah Güləni hələ də Türkiyəyə təhvil verməməsi hansı sağlam məntiqlə yorumlana bilər?
Bax, Amerikanın siyasəti belə macəra doludur...
Təzə abzasdan başlayaq:
ABŞ öndə olmaqla “tək dişi qalmış” Batı mərkəzləri müstəqil Azərbaycanda öz agentura şəbəkəsini genişləndirmə ehtiyacı duyarkən, təkrarçılıq olmasın, məhz hansısa dəyərləri, demokratiyanı, söz, vicdan azadlığını istismar etmiş olur. Guya dəyər peşindədirlər. Ay hay! Şair demiş, “kimi aldadırsan, a zalımoğlu”?
Atalar demiş, hər ziyanda bir xeyir var. – Ərazilərimizin işğalı uzun çəksə də, çox zülümlər görüb, itkilər versək də, o məşəqqətli illər hər kəsin iç üzünü bizə açıb göstərdi. Az-maz daldalananlar da, 44 günlük müharibədə, Azərbaycanın tarixi Zəfərinə, antiterror tədbirlərinin nəticələrinə münasibətdə öz-özünə tam ifşa olundu. İndi kimsə durub bizə dəyərlər arxasından oyun oynamasın. – Çünki bilirik, qəşəng bilirik kim kimdir, nə nədir, hara haradır...
İndi şəstlə deyirik, konkret sözünüzü deyin, cavabınızı alın – daha hansısa pərdə arxasında gizlənməyə, çirkli əlinizdə konfet kağızına bükülmüş zəhər tutmağınıza gərək qalmayıb...
Bir də axı “BeşinciKolon”zadələr özləri etdiyi günahları, suçları, cinayətləri unuda, unutdura bilməz! Onların “usta”lıqla törətdiyi əməllərdə sanki varis biziymişik kimi davranmaqla səbatsızlıq etmiş olurlar. Dünyanı qan çanağına döndərən, şüurlu yalanlar yayaraq beynəlxalq ictimai fikri çaşdırıb, Bağdad kimi şəhəri bombalayan, İraqı viran qoyan, Əfqanıstanı neçə il geri salan, Suriyanı, Liviyanı..., daha haraları cəhənnəmə çevirənlər bizə nəynən örnəkdir?.. Dustaqları çılpaq saxlayıb, üstünə it qısqırtmaqlamı? Yoxsa, Amerika özünün Quantanamo həbs düşərgəsi (“Guantanamo Bay detention camp”) iləmi “unudulmaz irs” yaradıb? Bəlkə, belə bir qətnamə qəbul etsinlər: “Amerikaya və dostlarına hər şey caizdir, onlar Yer üzünün hər yerində hər nə istəsələr edə bilər”. Bax, bu, əsl “XXI yüzil Amerika yanaşması” olardı, hər kəs də işini bir dəfəlik bilərdi.
ABŞ səfirliyi müxtəlif QHT-lər, ictimai fəallar üzərindən gənclərə, tələbələrə odaqlanaraq, yeni “yuyulmuş beyinlər” əldə etmək istəyir, eləmi? Bacaracaqlarmı? Məncə, boyat Amerika reseptləri, azadlıq dəyərləri ilə pərdələnib pulla ələalmalar daha dərinə işləməyəcək...
Əlbəttə, bizim müvafiq sahəyə məsul qurumlar da qollarını təzədən çırmalayıb, yeni ruhla, inam və sədaqətlə işə girişməlidir. Biz gənclərimizi, tələbələrimizi özümüz maraqlandıraq, örnəyi, Gənclər Evlərimiz fəal olsun, xidmətlər əlçatan, ün yetən olsun. Nə bilim, Gənclər Evləri, Olimpiya Mərkəzləri, Regional Gənclər-İdman idarələri aşıb-daşsın. – Əgər belədirsə, daha da güclənsin.
Gənclər təşkilatlarımız, ümumən QHT-lərimiz milli donor institutlarımızdan daha güclü dəstək görsün. Milli donor institutlarımız köklü gələnəyi olan vətəndaş cəmiyyəti institutları öndə olmaqla, salamat ictimai birliklərimizi “mənimki”, “səninki”, “ötəki” demədən, bağrına basmalıdır. İşi iş bacaranlara – yəni qrantı əsl layihə icra edə bilənlərə vermək lazımdır əsasən. Özəlliklə, xarici donor qurumlarından məhz milli yönümünə, nizamnamə prinsiplərinə, fəaliyyət gələnəklərinə görə qrant ala bilməyən, amma bacarıqları şübhə doğurmayan QHT-lər sol əlin çeçələ barmağı ilə tutulmamalıdır. Abır-həya gözləyən ictimai liderləri görməzdən gəlmək lazım deyil. Məncə, bu kimi məqamlarda bir meyartək, II Qarabağ müharibəsi dönəmində ölkəxarici ictimai xadimlərlə işiylə, haqq işimizə gerçək dəstəklə seçilmiş QHT-lərin iş təcrübəsi də, problemləri də öyrənilməlidir, Qoy, bir ictimai dinləmə, lap qapalı dinləmə keçirilsin və babat maliyyə ayrılmış QHT-lərdən uhulət-suhulətlə soruşulsun: “Azərbaycana neçə dost qazandırmısız? 44 günlük müharibədə sizin vasitənizlə neçə dəstəkçimiz meydandaydı” və s.? Bilməm, anlata bildimmi...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Uğur üçün 15 keyfiyyət - Milli kökə və dini mənsubiyyətə bağlılıq
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
3). Milli kökə və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Xanuka günü, Darıxanlar günü və Con Lennon
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bugünkü əlamətdar hadisələri diqqətinizə çatdırıram:
28 noyabr. Xanuka günü
Bu gün qardaş yəhudi xalqının böyük bayramıdır, Xanukadır. Bu gün bütün Sinaqoqlarda möcüzənin şərəfinə şam yandırılacaq. Möcüzə isə eradan əvvəl 164 cü ildə Yehuda Makkaveyin ordusunun Çar Antiox üzərində qələbəsi şərəfinə məbədi şamlarla işıqlandırarkən baş verib, cansız aləm canlanıb.
Bayram 8 gün davam edəcək, işıq, sevinc, əylənmək, dadlı qida və şən oyunlar bayramı olan Xanuka hər bir yəhudinin ən sevdiyi bayramdır. Mütləq süfrəyə oladi şirniyyatı qoyulur və mütləq evlərdə şam yandırılır. İlk gün bir, hər gün artıra-artıra son gün də səkkiz şam yandırılır. Məktəblərdə tətil elan edilir, uşaqlara bol hədiyyələr vermək də bayramın atributudur. İsraildə yaşayan uşaqlar fırfıranı fırladıb sehirli “Böyük möcüzə burda olub” söyləyirlər, tarixi vətənlərində yaşamayanlar isə “burda” sözünü “orda” sözü ilə əvəz edirlər.
Gəlin səmimi qəlbdən yəhudiləri bayram münasibətilə təbrik edək!
28 noyabr. Yeni il mövludunun başlanğıcı
Bu bayramı isə xristianlar qeyd edirlər. Qırx gün davam edən mövludda əsas məqsəd xristianları qırx gün ərzində xristian kilsəsinin ən böyük bayramına – İsa peyğəmbərin doğum gününə hazırlamaqdır. Bu gündə bayram piroqu bişirmək, yumurta boyamaq adəti nəsildən nəslə keçir. Tolerant xalqıq, xaçpərəstləri də təbrik edirik.
28 noyabr. “Özünə əlavə baş düzəlt” günü
Darıxan insanların düşünüb təqvimə saldıqları bir gün. Hər cür maddi tələbatları ödənən insanlar darıxanda bundan da ağıllı bir şey tapmazlar ki. Özünə əlavə baş düzəlt. Palçıqdan, plastilindən, gipsdən, daha nədən. Ya da, düzəltməyə bir şey yoxdusa, əlavə başın şəklini çək. Bir başla yaşamaq yaxşıdır, iki başla isə daha yaxşıdır. Bir başın əzilsə belə digərinə güvənə biləcəksən.
28 noyabr. Con Lennon əfsanəsi
1974-cü ilin 28 noyabrında Nyu-Yorkun Medisson Skver Qarden konsert zalında dünyanın musiqi əfsanəsi Con Lennon (şəkildə) son dəfə səhnəyə çıxdı. Sonradan tarixdə qalmaq naminə bir alçaq fanatı tərəfindən öldürülən Lennon hamının yadında elə o son konsertindəki xəfif təbəssümü ilə qaldı, Mişel oxudu, İməcn oxudu. Hər bir müğənni üçün ilk və son konserti həyatının ən əsas konserti olur. Əfsus ki, Con Lennon son konsertinə çıxanda bunun son olduğunu bilmədi. Bilsəydi, bəlkə də yüz milyonların sevgisinin müqabilində səhnədən heç çıxmazdı...
1970-ci ildə İtaliyada fəaliyyət göstərərək dünyanı qorxu altında saxlayan “Qırmızı briqada” sol terror dəstəsi Pirelli zavodunda partlayış törədərək ilk terror aktını həyata keçirmiş olub.1954-cü ildə İtaliya əsilli amerika fiziki, atom bombasının yaradıcılarından biri, Nobel mükafatı laureatı Enriko Fermi dünyasını dəyişib. 1943-cü ildə tarixin məşhur Tehran konfransı baş tutub, Ruzvelt, Çörçil və Stalin faşist Almaniyasının taleyini həll ediblər. 1918-ci ildə Sovet Rusiyası Estoniyanı işğal edib. 1880-ci ildə rus simvolist şair Aleksandr Blok dünyaya gəlib. 1820-ci ildə isə marksizmin banilərindən biri, alman filosofu Fridrix Engels doğulub.
28 noyabr. Öldür ki, abidə qoyasan
Ən nəhayət, sonuncu qeydlərim 2007-ci ildə baş vermiş bir hadisə ilə bağlıdır. Ukraynanın Mariupol şəhərindəki səyyar zooparkdan həmin ilin mayında Qodzilla adlı timsah qaçır. Düz altı aylıq axtarışdan sonra noyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu Mariupol İstilik Elektrik Stansiyasının su blokunda tapırlar. Bu inanılmaz möcüzə idi. Ağıllı timsah yüz minlərlə insanın gözündən oğurlanaraq hardasa 7-8 kilometr məsafə qət etmiş, İES-də sığınacaq taparaq azadlığına qovuşmuşdu, orada da 6 ay müddətində gözə görünmədən yaşamaq hünərinə imza atmışdı. Dərhal xəbər hər yana yayılır. İnsanlarda Qodzillaya qarşı müdhiş simpatiya yaranır. Amma özünə azad həyat qurmuş xoşbəxt timsahı FHN əməkdaşları zorla İES ərazisindən çıxarıb FHN-in yanğındansöndürmə idarəsində saxlayırlar ki, sonradan zooparka qaytarsınlar. Zavallı heyvan oradaca canını tapşırır.
Bu hadisə 6 ay həyəcanda olan bütün şəhər əhalisini sarsıtmışdı, narazılıqlarına səbəb olmuşdu. Sonradan Mariupolda Qodzillaya abidə də qoyuldu. Öldür ki, sonradan abidə qoyasan! Təzada bir bax. Əksərən çox ağıllı insanları da ya çartladıb, ya da güllələyib öldürürlər ki, sonradan onlara uzun-uzadı nekroloqlar yazsınlar, qəbirlərinə çox bahalı əklillər qoysunlar, dövlət təltiflərinə layiq görsünlər, abidə ucaltsınlar. Abidələr əksərən səmimiyyətə deyil, məkrə xidmət edirmiş. Bax belə.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
“Yaradıcı Həftə”də Musiqi Sənayesi Platforması təşkil olunacaq
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” (MİP) təşkil olunacaq, Azərbaycanın musiqi sənayesinin imkanları və çağırışları bu sahəyə öz töhfəsini verən şəxslərin iştirakı ilə noyabrın 30-da Heydər Əliyev Mərkəzində platforma çərçivəsində müzakirə ediləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, əsas məqsəd son illərdə bu sənayedə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq Azərbaycan musiqi sənayesinə tətbiq etməyin yollarını öyrənməkdir.
Panel sessiyalarda Azərbaycan musiqi sənayesinin inkişafı və Azərbaycan musiqisinin təbliği mövzularında fikir mübadiləsi aparılacaq.
Tədbirə xarici ekspertlər, beynəlxalq layihələrdə təcrübəsi olan mütəxəssislər, ölkədə musiqi sənayesinə töhfə verən və tanınan şəxslər, o cümlədən prodüserlər və musiqiçilər dəvət olunub.
Panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı müzakirələr (“Eurovision Talks") təşkil olunacaq. Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.
Qeydiyyat üçün week.creative.az səhifəsinə keçid edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Azərbaycan Kəlağayısı günü necə qeyd edildi?
Könül, “Ədəbiyyat və incəsənət”
Təqvimdə noyabrın 26-sı Azərbaycan kəlağayısı günü kimi qeyd edilir. Və təbii ki, həmin gündə xanımlarımız başlarına, yaxud çiyinlərinə kəlağayı atmağa hələ çatmasalar da bu əlamətdar gün bəzi tədbirlərlə yadda qaldı. Onlardan ən önəmlisini isə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi həyata keçirdi ki, mən də məhz bu tədbir barədə danışacağam.
Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbir "Anam kəlağayılı bir muğamıydı..." adlı sərgi və konsertdən ibarət idi.
Konsertdən öncə baş tutan sərgidə Kəlağayı ev muzeyinin 200 qədimi kəlağayıları, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin əl işləri, rəsm əsərləri, Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın milli geyimləri, Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, rəssam Sehran Allahverdinin "Kəlağayı" kompozisiyası, xalçaçı-rəssam Natiq Nəcəfzadənin rəsm əsərləri, Güllü Eldar Tomarlının toxuduğu əl işləri sərgi iştirakçılarına nümayiş etdrildi.
Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, tədbirin təşkilatçısı, şair-publisist Güllü Eldar Tomarlı açaraq tamaşaçıları salamladı və vətənin ərazi bütövlüyü, azadlığı, suverinliyi uğrunda canlarını qurban vermiş şəhidləri bir dəqiqəlik sükutla anmağı xahiş etdi.
Güllü Eldar Tomarlı bildirdi ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi 2023-cü ildə 1 Noyabrdan - 26 Noyabr "Azərbaycan Kəlağayısı" gününədək bölgələrdə "Kəlağayı günləri"ni qeyd edib. Kəlağayı günləri Naxçıvan, Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakı şəhərlərində təntənəli şəkildə keçirilib.
Konsertdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, AYB-nin üzvü, Gürcüstanın '' Şərəf'' ordenli şairi , “Sazın Sözün Butası” təşkilatının sədri Səadət Buta, gənc şairlər Vüsal Ağa, Gülnar Ümid, Elşad Xaqan, yazıçı, ədəbiyyatşünas Turan İbrahimov, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli, bəstəkar, musiqişünas, şairə Aysel Kərim, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvləri - Lilpar Qəzənfər, Mətanət UluŞirvanlı, Brilyant Atəş, Lalə İsmayıl, Natəvan Əliyeva, Yasəmən Möhübbətqızı, Könül Nuriyeva və digərləri çıxış edərək Azərbaycanın milli baş örtüyü olan Kəlağayı haqqında maraqlı fikirlərini və təsuratlarını tamaşaçılarla bölüşdülər.
Azərbaycanın Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, müğənni Arif Mehmandost, "Səma" rəqs qrupu, Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin 4 nömrəli Uşaq Musiqi Məktəbinin xor şöbəsinin müdri Fərqanə Salamova, gənc ifaçı Fatimə Hümmətova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Xəzər" xor kollektivi, xorun rəhbəri Əməkdar müəllim, dosent Təranə Yusifova, müğənni Yaqut Almaz, aşıqlardan Ramin Qarayev, Rəfiqə Göyçəli, Avdı Musayev birbirindən maraqlı çıxışlar etdilər.
Konsertdə vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələri də iştirak edirdi.
Bir sözlə, həmin axşam Beynəlxalq Muöam Mərkəzi kəlağayının sehrində və musiqinin cazibəsində idi.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
“ASAN xidmət” SPECA sərgisində innovativ həllərini təqdim edib
Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Sərginin müxtəlif ərazilərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin innovativ həlləri və maketləri nümayiş etdirilib.
Rəqəmsal inkişaf və innovasiyalar blokunda süni intellekt əsasında fəaliyyət göstərən “RoboRek” robotu, “ASAN xidmət” mərkəzlərində vətəndaşların qarşılanması üçün nəzərdə tutulan “Holoqram” kimi innovativ həllər təqdim olunub. Həmçinin elektromobillərin qidalandırılması üçün “INNOLAND” tərəfindən hazırlanmış “Charge Box” elektrik qidalandırma stansiyaları, ağıllı sistem əsasında fəaliyyət göstərən əlil arabası mexanizmi burada quraşdırılıb.
İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı blokunda video, animasiya, musiqi və digər qrafiki təsvirlərini özündə birləşdirən “Ağıllı kitab” nümayiş olunub.
Azərbaycan Milli Stendinin mərkəzində isə “ABAD”çı sənətkarların hazırladıqları əl işləri sərgilənib.
Açıq hava ərazisində isə Səyyar ASAN xidmət avtobusu yerləşdirilib.
Sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirmək olub.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Bir fotoya şərh: Şərqi Avropaya şaxta hücumu
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfə AP fotomüxbiri Aleksandr Kazakeviçin bir fotosu diqqətimi çəkdi, sanki fevral qışıdır, qarın altında qalan avtomobil və ağaclar çox miskindirlər, sanki qar ağırlığından inildəyirlər.
Fotonun Moldovada çəkilməsi məni lap təəccübıəndirdi və mövzu ilə bağlı bilgi topladım ki, rubrikanın oxucuları ilə bölüşüm.
Qara dəniz üzərində əmələ gələn siklon Şərqi Avropaya qar fırtınaları və şiddətli külək gətirdi. Bir neçə dəqiqəyə insan həyatını alan bir neçə yol qəzası baş verdi.
Moldovanın Nisporensky rayonunda qəza 40 yaşlı bir kişinin həyatına son qoyub. Polisdən verilən məlumata görə, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Başqa bir qəzada sürücü hadisə yerində ölüb, iki qadın xəstəxanaya yerləşdirilib.
Daha sonra yolda daha bir ölüm hadisəsi məlum olub. Orgeevski rayonunun Çiperçeni kəndi ərazisində baş verən qəzanın qurbanı 49 yaşlı qadın olub. Daha sonra…
Siyahı uzanır. Mənsə bu yerdə Allah bizləri qorusun deyirəm.
Yeri gəlmişkən, sinoptiklər sabahdan bizdə də havanın kəskin soyimasını proqnoz edirlər.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Zamanı niyə öldürək ki? - AKTUAL
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Zaman, sən bizə meydan oxuyursan, yoxsa, biz sənə? Səninlə yarışa girmək anlamsızdımı, yoxsa, bu, sadəcə mümkün deyil?
Bəli, sən qızıldan da dəyərlisən, hər saniyən ömrümüzü qısaldır. Ömrümüz canımızda zəncirlənib axı... Zaman canımızı bu zəncirdən qurtarmağa çalışır sanki... Bu zəncir qırılsa, zaman ömrü bitiricək, ya əbədi zamansızlığa düçar edəcək...?
Qəribə sualdır... Gözümüzü qırpmadan ağ divara zilləyib ağ rəngin öz boyasından imtina etməsi kimi.
Amma anlamalıyıq ki, beyin diqqəti yayındırmaq üçün qeyri-adi görüntülərlə siqnal verəcək.
Zaman anlayışını insan öz işlərini rejimə salmaq üçünmü yaratdı? Bəzən də belə düşünürük. Nə qədər haqlıyıq, bax söyləyə bilməyəcəyəm.
Tez-tez də söyləyirlər: “Dünən dünəndə qaldı, gələcək özü gələcək, bu gününün qədrini bil". Dünəni unutmaq- "manqurtlaşmaq" işə yarayarmı, çox vaxt da dünəni unudub növbəti səhvləri eləyirik. Zamanla oynamaq işə yaramadı axı... Zamanı yox, pis düşüncələri unudaq, pis əməlləri " əməllər siyahısından əbədi silək." " İnsanlığın düsturuna" misal olaq.
Zamana isə yaxşı əməllərlə iz salaq. O zaman "Zaman" özü bizdən razı qalacaq. Razılıq isə qəlbində mərhəmətinin, məhəbbətinin daha da artmasına səbəb olacaq. Nəticədə daha çox gözəl əməllər əlindən gələcək. Sən özündə rahatlıq tapacaqsan.
Bencamin Franklinin bir deyimini xatırladım: "Əgər həyatı sevirsənsə, zamanı öldürmə, çünki həyat zamana bağlıdır". Həyat isə əməllərimiz gözəl olanda gözəldir. Zamana gözəl əməllərimizlə meydan oxusaq, o zaman biz qazanmış olarıq.
Hər şey öz zamanında gözəldir. Gec qalıb peşman olmayaq, zamanı sürətli təyyarəyə bənzədək, amma pilot özümüz olaq. Boş yerə itirməyək, idarə edib məqsədlərimizə nail olaq. Zamanı itirsək, çox şey itirmiş oluruq, çünki zamanın dəyəri onun qiymətsizliyindədir.
Onere de Balzak söyləmişdir:" Vaxt öldürmək ən bahalı əyləncədir."
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
“Tələb olunan şey çox diqqətli və rasional olmaqdır” - Güzide Kotanla müsahibə
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
-Xoş gördük, Güzide xanım. Zəhmət olmasa öncə özünüz haqqında azərbaycanlı oxuculara məlumat verərdiniz.
-Bakalavr təhsilimi İqtisadiyyat fakültəsində, magistratura təhsilimi isə Fatih Universitetinin Hüquq fakültəsində bitirmişəm. Bilgi Universitetində ədəbiyyat seminarlarına qatılaraq yazıçılıq təhsili, həmçinin, Ssenari Müəllifləri Assosiasiyasının emalatxanalarında ssenaristlik təhsili almışam.
-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.
-Ancaq ədəbi səyahətimə başlayanda mənə güc verən böyük bir ailəmin olması idi. Yazmağıma imkan verən əsas arteriya bu gün həyatda olmayan ailə ağsaqqallarımdan aldığım ilham oldu. Məsələn, babam Avni Narmanlı böyük şair olub. Onun da çox dəyərli romanları, hekayələri var idi. Eləcə də, mənim yazıçı şəxsiyyətimin formalaşmasında atam Nebil Kotanın anama yazdığı şeirlər çox dəyərlidir. Bu dəyərli mirasdan aldığım payla ürəyim ucaldı, dünyagörüşüm genişləndi.
Bu arada istedad mütləqdir. Bununla belə, onun texnikasını və riyaziyyatını öyrənmək mümkündür. Məsələn, tənlik qurulmazsa, cümlələr titrəyəcək və sözlər səpələnib havada uçacaq. Ədəbiyyatın texnikası və riyaziyyatı ziddiyyətli ifadə kimi görünsə də, mən belə hesab edirəm. Mən ağlımdan, eləcə də ürəyimdən istifadə edərək düzgün və nizam-intizamla yazmağın tərəfdarıyam. Tələb olunan şey çox diqqətli və rasional olmaqdır. Bütün məsələ diqqəti cəmləmək, personajların ruhuna daxil olmaq, onlar kimi düşünmək və o insan olmaqdır. Xarakterlərin mükəmməl uyğunlaşması, kəskinləşməsi və işarələnməsi. Bir sözlə, mövzunun mənimsənilməsi və möhkəm konstruksiya. Personajları yaxşı bilmək və buna görə də ədalətli davranaraq onları yazarkən obyektiv olmaq lazımdır.
-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi
-Uşaqlar üçün yazdığım “Xəyallar diyarının açarı” adlı 65 hekayədən ibarət 10 şəkilli kitabımın son variantını iki cilddə topladıq. Fantastik ədəbiyyatda metaforalarımdan istifadə etdiyim bu kitablar ibtidai siniflərdə ev tapşırığı kimi tədris olundu. Bəzi jurnallarda mətnlərin bölmələri götürülərək test sualları kimi istifadə olundu. Həmçinin bəzi universitetlərdə yekun dissertasiya və qrup işi kimi nəzərdən keçirilib.
"Unudulmuş Foto Çərçivəsi" adlı hekayə kitabım həyat təcrübələri və bir az da ironiya ilə qarışan 19 hekayədən ibarətdir.
Sonralar iki romanım – “Zəkkum” və “Yüz illik xəyanət” nəşr olundu.
Son romanım “Məsumluq” biz tənhalaşdığımız və evlərimizə çəkildiyimiz pandemiya dövrünə təsadüf etdi. “Məsumluq” cümhuriyyətin ilk illərində Ərzincanda başlayan və bugünkü İstanbula qədər uzanan epik hekayədir... 27 dekabr 1939-cu ildə Ərzincanda gecə baş verən zəlzələ faciəsindən sonra köklü bir tarixə malik bir ailənin həyatında dönməz dəyişikliklər nəsillər boyu davam edir.
-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?
-Yazarkən tək qalmaq mənim üçün çox önəmlidir. Yaratdığım dünya ətrafında hərəkət etmək və o dünyada həyat tapmaq üçün bütün diqqətimi cəmləməliyəm. Sakit, stresssiz, hər hansı narahatçılıqdan uzaq olmalı və daxili səsimi dinləməliyəm. Məsələn, televizorun açıq, qucağımda noutbukun, əlimdə telefonun olması mümkün deyil. Günün ən məhsuldar və konsentrasiya ilə yazdığım saatları günorta saatlarıdır. Axşam düşməyə başlayan kimi aydın düşünmək mənim üçün çətinləşir. Zərurət olmadıqca gecə yazmaq ən son seçimimdir.
-Ən çox sevdiyiniz yazıçı kimdir?
-Hörmətli yazıçı Pınar Kür mənim müəllimim olub. Bütün kitablarını darıxmadan, zövqlə oxumuşam. Onun bir sözü həmişə yaddaşımdadır.
"Unutma ki, oxucu səndən daha ağıllıdır. Çünki oxucu bir səhv tapıb hər hansı bir şəkildə o yanlışı yazıçıya çatdıracaq”.
-Dəyərli vaxtınızdan bizlər üçün zaman ayırdığınız üçün minnətdaram, Guzidə xanım!
-Xoşdur Habil bəy! Mən də sizə və bütün əməkdaşlara təşəkkür edirəm! Türkiyə və Azərbaycan qardaş ölkələrdir... Bunu "bir millət, iki dövlət" kimi çox gözəl ifadə etmişlər... Ümidvaram qədim dostluğun nəticəsi olaraq aramızda olan birlik, həmrəylik daim davam edəcək...
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)