Super User

Super User

Xəbər verdiyimiz kimi, ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il iyulun 18-dən noyabrın 29-dək keçirilmiş film layihələri müsabiqəsinin nəticələri elan olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, kinemayoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqədə seçilməmiş, lakin ssenarilərin inkişaf proqramına yönləndirilmiş layihələrlə bağlı Azərbaycan Respublikasının Kino Agentliyinin nəzdində Ssenari laboratoriyası yaradılmış, tanınmış türkiyəli rejissor və ssenarist Semih Kaplanoğlunun rəhbərliyi ilə dekabrın 11-dən 25-dək sözügedən layihələrin ssenarinin inkişaf proqramı çərçivəsində müzakirələri həyata keçirilmişdir.

Eyni zamanda müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradılmışdır. Yanvarın 8-də Apellyasiya komissiyasının ilk iclası keçirilib.

Komissiya üzvləri Apellyasiya komissiyasına təqdim olunan layihələrlə bağlı fikir və təkliflərini səsləndiriblər. Bəzi layihənin təkmilləşdirilməsi, rejissor işi ilə bağlı təkliflərin verilməsi, əlavə və dəyişiklərin labüdlüyü diqqətə çatdırılıb.

İclasda komissiyanın növbəti toplantısının yanvar ayının ikinci ongünlüyündə keçirilməsi ilə bağlı qərar qəbul olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 17:20

Səni unutmadıq!

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün onun vəfat etməsinin növbəti ildönümüdür. Onu şərəflə anırıq! 

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.

Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.

 

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı:

Salatın Əsgərova 1991-ci il yanvarın 8-də Laçının Ağanus kəndində olmuşdur. Kənd sakini Əbülfət Məhərrəmovun verdiyi müsahibədən:

“Söhbətdən sonra maraqla çiynimdəki "Kalaşnikov" avtomatına baxdı. Bir neçə atəş açmağa icazə verməyimi xahiş etdi. Razılaşdım. Salatın avtomatı götürdü. Kənd uşaqları təxminən 100 metr aralıda bir hədəf qurdu. Xanım jurnalist avtomatdan bir neçə sərrast atəş açdı... Sonda reportajın tezliklə qəzetdə dərc olunacağına və radioda veriləcəyinə söz verərək, sağollaşıb bizdən ayrıldı".

Onun boğazında zob xəstəliyi vardı. Bu xəstəlikdən Salatın Əsgərova yaman əziyyət çəkirdi. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsə də, Əsgərova əməliyyat zamanı ölüm riskindən qorxurdu. Lakin, atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verdi. 1992-ci il 16 yanvarda əməliyyatın vaxtını təyin etsələr də, ezamiyyətdən sonra xəstəxanaya tələsmədi.

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara aldı. Ondan müsahibə götürəcəkdi. O, evdən hərbi forma geyinib çıxmışdı. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleq Larionovla söhbət etdi, ön cəbhədə oldular, əsgərlərlə təmas qurdular. 

1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin "N" saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30–14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutuldu. Ermənilər hərbi maşını iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü — serjant İ. Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəyir. 

Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdu. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilir. Bax belə bir acı sonluq. 

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ulu öndər çıxışlarının birində: “Bəzən məndən soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur? Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir” - demişdi.

 

Ulu Öndər haqqında uşaqlar üçün saysız-hesabsız şeirlər yazılsa da, hekayə janrına müraciət olunmamışdı. Zahirə Dadaşova uşaqlar üçün bu zəruriyyəti dərk edərək ulu öndərin 100 illik yubileyinə “Böyük Azərbaycanlı” kitabını yazaraq töhfə verdi. Dahi şəxsiyyət haqqında yazılan hekayələr real tarixi hadisələrə əsaslanmaqla onun şanlı həyat yolunu oxuculara daha yaxından tanıdacaq, ümummilli liderin şəxsiyyəti və ömür yolu nümunəsi əsasında uğurlar əldə etməyə imkan verəcəkdir.

2023-cü il Heydər Əliyev İlində, təqvimin son ayında kitabın təqdimatı təkcə F.Köçərli adına Respublika Uşaq kitabxanasında deyil, liseylərdə və Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Qazax, Sabirabad Mərkəzi Kitabxanalarının oxucuları üçün də keçirildi.

Keçirilən təqdimatlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbirdə mədəniyyət işçiləri, məktəblilər, fəal oxucular və kitabxana əməkdaşları iştirak ediblər. Uşaqlar ssenari üzrə kitabdakı hekayələr əsasında kitabdan hekayələri səsləndirib, ulu öndərə həsr olunmuş şeirlər və mahnılar oxuyublar. Sonda müəllif çıxış edərək, kitabı yazmaqda məqsədinin ulu öndərin keçdiyi həyat yolunu bir nümunə olaraq uşaqlara göstərmək, milli mənəvi dəyərlərimizin qoruyucusu kimi ən yüksək keyfiyyətlərini təqdim etmək olduğunu bildirmişdir. Təqdimat ulu öndərə həsr olunmuş “Heydər zirvəsi” hekayəsi əsasında hazırlanmış slaydın nümayişi və xatirə şəkillərinin çəkilişi ilə başa çatmışdır. Kitabxanaçı – oxucu münasibətində kitabxanaların devizi budur: Gəin oxuyaq, özümüzü, dünyamızı, tariximizi kəşf edək.

Qeyd etmək istərdim ki, hekayələr ilk dəfə bizim “Ədəbiyyat və incəsənət” portalında yayımlanaraq çoxlu oxucu qazanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 15:15

“Saatlara nifrət edirəm…” - EKSPRESS-SORĞU

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

“Rəhmətlik anamın anasına zəng edərdim. Ona bütün uşaqlığımı, gəncliyimin yarısını borcluyam. Suala gəldikdə isə təbii, ömrü verən ALƏMLƏRİN RƏBBİ OLAN CƏNAB'I HAQQDI. Ancaq məni niyə tək qoyduğunu soruşardım, halallıq istəyərdim. 

Yəni demək olar, gözümü açandan anamdan çox nənəmi yanımda görmüşəm. Bir söz var, deyir ki, zamanında qiymət verin insanlara. Həqiqətən belədi, insan dəyər verdiklərinin sevdiklərinin qədrini sağkən bilməlidi. Bu həyatda ən nifrət etdiyim əşya saatdı. Fırlanır başladığı nöqtəyə gəlir. Amma fırlandığı müddətdə özü ilə apardıqlarını geri gətirmir. 

ALLAH CƏMİ DÜNYADAN KÖÇƏNLƏRİMİZƏ RƏHMƏT ETSİN!”

Murat Vəlixanov 

 

“Əgər mənə dünyasını dəyişən birinə zəng etmək ixtiyarı verilsə idi, ən yaxınlarımdan birinə zəng edərdim, bu aydın məsələdir. Soruşacağım soruya gəldikdə isə, qəlbimdə o dünya haqqında çox suallar yatır.”

Təbriz  Babayev

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 17:30

İbrahim Həşimov, iki portret: Hemenquey və gənc xanım.

Rəsm qalereyası:

İbrahim Həşimov, iki portret: Hemenquey və gənc xanım.

Çərşənbə axşamı, 09 Yanvar 2024 14:09

Kitabxanada gənc rəssamın sərgisi açılıb

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilir, həmçinin uşaqların ədəbi-bədii yaradıcılığının inkişaf etdirilməsi və istedadlılara dəstək məqsədilə müxtəlif sərgilər təşkil olunur.

AzərTAC xəbər verir ki, kitabxananın oxucusu, gənc rəssam İbrahim Həşimovun sərgisi açılıb. Bir ay davam edəcək sərgidə müəllifin karandaş və yağlı boya ilə çəkdiyi portret və natürmortlar nümayiş olunur.

Qeyd edək ki, İbrahim Həşimov 2007-ci ildə Bakıda anadan olub. C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbi bitirib. Uşaqlıq illərindən təsviri sənətə maraq göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 14:06

Fəth edilməyən “Fətəli fəthi” müəllifinə elegiya

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan ədəbiyyatının Qızıl Fonduna “Fətəli fəthi” kimi monumental bir roman bəxş etmiş, həyatının son dönəmlərini mühacirətdə keçirən sözün həqiqi mənasında Böyük yazıçını itirdik. 

 

Bəli, əməkdar incəsənət xadimi, professor, 1959-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü Çingiz Hüseynov vəfat etdi. Bu barədə onun oğlu Həsən Hüseynov sosial mediada  məlumat verərək bizləri dərin kədərə qərq etdi. 

Qeyd edək ki, Çingiz Həsən oğlu Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.

Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı. O, “Adını demədi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Fətəli fəthi”, “Ailə sirləri” və s. əsərlərin müəllifidir. Həyat yoldaşı milliyyətcə yəhudi idi, son illər İsraildə yaşayırdı. Elə yaşadığı Qüds şəhərində - müqəddəs bir yerdə də cənnətə qovuşdu. 

Gəlin bu uzun ömrə qısaca da olsa nəzər  yetirək. 

Çingiz Hüseynov Bakıda orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya  fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955–1972). Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki - ana dilində, həm də rusca yazmışdır.

Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. Türkiyə, Belçika, İngiltərə, Fransa və digər ölkələrdə səfərlərdə olmuşdur.

Çingiz Hüseynov heç bir qəlibə, çərçivəyə sığmayan, azadfikirli bir insan idi, ona görə də hakimiyyətlərə, saraylara əsla xidmət etməzdi. 

Təəssüf ki, Azərbaycanda bu dahi yazıçı qədərincə tanınmadı, azərbaycanlılar öz görkəmli yazıçıları ilə qürrələnə bilmədilər.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Müasir uşaq ədəbiyyatının istedadlı nümayəndələrindən olan Əyyub Türkayın “Balaca qəhrəmanlarım” adlı yeni kitabı işıq üzü görüb. Bu kitab “Balacaların şeir çələngi” və “Sovqat” uşaq şeirləri kitablarından sonra müəllifin balaca oxucuları üçün nəşr etdirdiyi sayca üçüncü kitabıdır. 

 

“Ədəbiyyat və incəsənət” portalına Əyyub Türkayın verdiyi məlumata görə, “Balaca qəhrəmanlarım” kitabında uşaqlar üçün şeirlər, nağıllar, hekayələr və tapmacalar yer alıb. Kitabın redaktoru yazıçı, AYB-nin üzvü Arzu Heydərova, ön söz müəllifi isə AMEA-nın Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadədir.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

O, Nobel mükafatından imtina etdi, pula nifrət etdi və dvoryan olsa belə, kəndlilərin tərəfində çıxış etdi. O, dahi rus yazıçısı Lev Tolstoydur. 

Budur onun ən məşhur sitatları (öz tərcüməmdə):

 

Hər kəs insanlığı dəyişdirmək istəyir, amma heç kim özünü necə dəyişdirmək barədə düşünmür. 

 

Qoy hər kəs öz qapısının qarşısını süpürsün. Hər kəs bunu edərsə, bütün küçə təmiz olacaqdır. 

 

Həmişə elə görünür ki, bu qədər yaxşı olduğumuz üçün sevilirik. Və bizi sevənlərin yaxşı olduğuna görə bizi sevdiklərini təxmin etmirik. 

 

Çox şey bilmək vacib deyil, bilmək mümkün olan hər şeydən ən zəruri olanı bilməkdir vacib olan. 

 

İnsanlar tez-tez vicdanlarının saflığı ilə fəxr edirlər, çünki qısa bir yaddaşa sahibdirlər. 

 

İnsan həmişə xoşbəxt olmalıdır, əgər xoşbəxtlik bitərsə, hardasa səhv etdiyini zənn et.

 

Bir insanın vərdiş edə bilməyəcəyi şərtlər yoxdur, xüsusən də ətrafdakı hər kəsin eyni cür yaşadığını görərsə. 

 

Ən təəccüblü yanlış təsəvvürlərdən biri də insanın öz xoşbəxtliyi üçün heç bir şey etməməsidir. 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 13:30

İlk qar 13-15 yanvar aralığında yağacaq - ŞAD XƏBƏR

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qara sevinən tək uşaqlardımı? Məncə hə. Bir də, olsun ki, biz gənclər. Amma yaşlı adamlar qara sevinməz. İşıq, qaz, istilik problemi yaranır, yollar buz bağlayır, bir sözlə baş ağrıyır. 

Bu xəbər qara sevinənlər üçündür. Yaxın günlərdə ilk qara sevinəcəyik. 

Gəlin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun (şəkildə) açıqlamasına diqqət çəkək: 

 

“Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır. Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji muşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasindan 0.1-2.1 dərəcə yüksək olub. Lakin bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Belə ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Bu yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək. Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Dağlıq Şirvan, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 14-15-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Bakıda və Abşeron yarımadasında yanvarın 10-da axşam hava şəraitinin yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi, 13-ü axşamdan 15-dək isə bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Yanvar ayının 10-da günün birinci yarısında Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, maksimal sürətinin 18-23 metr/saniyə, gecə və səhər bəzi yerlərdə arabir 30-33 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Əhalini bir daha küləkli günlərdə ehtiyatlı olmağa çağırırıq.”

Ehtiyatlı olmağına olarıq. Küləkdən özümüzü qoruyarıq. Amma arzumuz budur ki, xidmət rəisinin dediyi qar əsl qar olsun, yeri ağartsın, biz də doyunca qartopu oynaya bilək!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.