
Super User
Məşhur rus aktyoru Yuri Solomin vəfat edib
Məşhur sovet və rus aktyoru, SSRİ Xalq artisti Yuri Solomin 88 yaşında vəfat edib.
“Əzablı yollarla” filmindəki Telegin roluna görə bu aktyor bircə gün ərzində bütün SSRİ məkanında sevilmişdi. O, uğurlu aktyor və uğursuz məmur həyatı yaşadı…
İnsult keçirən sənətçi bir neçə gün əvvəl iki ay müalicə olunduğu xəstəxanadan evə buraxılmışdı. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı RİA Novosti-yə istinadən xəbər verir. Amma evdə ikən qəfil halı pisləşib və işıqlı dünyadan köçüb.
Yuri Solomin 1935-ci il iyunun 18-də Çitada anadan olub. 1961-ci ildən Şçepkin adına Ali Teatr Məktəbində aktyorluq sənətindən dərs deyib. O, “Zati-alilərinin adyutantı”, “Əzablı yollarla”, “TASS bəyan etməyə səlahiyyətlidir” və digər filmlərdəki rolları ilə sovet tamaşaçılarının rəğbətini qazanıb, aktyor 60-a yaxın film və serialda rol alıb. Y.Solomin 1990-1991-ci illərdə RSFSR-nin mədəniyyət naziri olub. Amma SSRİ dağılıb və o, çox erkən kreslonu tərk etməli olub.
Y.Solominlə vida mərasimi onun uzun illər bədii rəhbəri olduğu Malıy Teatrda olacaq.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
30-cu hissə
Turallı günlər
Günlərin yaxşısını, pisini yaşayanda elə də fərqləndirmirik, elə ki yaşadıq, bitdi, illər sonra fərqinə varırıq ki, filan vaxt necə də xoşbəxt olmuşuq, filan vaxt necə də bədbəxt olmuşuq.
Turallı günlərdə Ülkər çox xoşbəxt idi. Banu onların rahatlıqları üçün ev kirayələyib köçüb getmək istəmişdi, amma Ülkər buna razı olmamışdı.
Tural öz işləri ilə məşğul olurdu, məscid, dindar dostların əhatəsi, bir də metronun yanındakı nöqtələrinə ətriyyat qutuları gətirmək. Ülkərlə Banu isə ətriyyatı satır, qazandıqları pulları üst-üstə yığıb Turala təhvil verirdilər. Ərzaq, təsərrüfat malları, pal-paltar almağa da üçlükdə gedərdilər. Büdcələri tam şəffaf idi, sanki üç bədəndə bir can kimi yaşayırdılar.
Banu ilə Ülkər həyatın vəfasızlığından saatlarca danışardılar, insanların etibarsızlığı, kişilərin azğınlığı aparıcı mövzu olardı.Təkcə Turaldan danışanda hər ikisinin gözləri gülərdi. Turalın mənfi bir yönü yox idi gileylənməyə.
Həftəsonları isə üçlükdə gedib Aylini nənəsinin yanından götürər, gəzməyə çıxarardılar. Karusellər, zoopark, sirk, uşaq teatrı – hər dəfə Aylini yeni bir əyləncə ilə sevindirərdilər. Hər gəzintinin sonunda da ona mütləq bir oyuncaq hədiyyə edərdilər.
Ülkər qızıyla ayrı yaşamağa əsla dözə bilmirdi, amma onu yanına – Əhmədliyə gətirmək istəmirdi. Əvvəla, ev Zöhrənin evindən fərqli olaraq şəraitsizdi, darısqaldı, dörd nəfərə burada yaşamaq çətin olacaqdı, mütləq uşağın öz guşəsi olmalıydı. İkincisi, bura Əhmədliydi, Aylini hər gün şəhərin digər başına məktəbə aparıb-gətirmək zülm olacaqdı. Üçüncüsü isə, Ülkərin bu yeni izdivacını top-tüfənglə qarşılayan Zöhrə “Sən qızışmısan, get kefini çək, Aylinə isə toxunma, getdiyin o xarabada körpənin nə iti azıb” deyərək Aylinin Ülkərlə getməsinin qəti əleyhinə çıxmışdı.
Tural Ülkərin xiffət çəkdiyini görcək deyirdi, Ülkərcik, inşallah, Allah qismət eləyər, səbəb salar, evimizi böyüdərik, Aylin balamızı da gətirərik yanımıza, birlikdə şad-xürrəm yaşayarıq.
Bəzən üçlükdə Nazəndə xanımı da yoluxmağa gedərdilər. Rəşid müəllimlə bağlı olaydan sonra qəlbinin sındığını etiraf etsə də, Nazəndə xanım onları gülərüzlə qarşılayır, süfrə açırdı. Nazəndə xanım tez-tez Zöhrəgilə getməyi, Aylini yoluxmağı əsla gündəmdən çıxarmamışdı, iki nənə bir nəvələri ilə təsəlli tapırdı.
O arada Madar tam itib-batmışdı, son dəfə narkomaniyadan əziyyət çəkdiyi, yaşadığı ukraynalı qadın tərəfindən evdən qovulduğu xəbərini almışdılar, vəssalam. Harada idi, nə işlə məşğuldu, bilən yoxdu. Sağ-salamat olmasına heç əminlik də yox idi.
Düzdür, Nazəndə xanım ağlayar, canından can verdiyi Madarın bədbəxt taleyinə üzülərdi. Hər halda balasıydı axı. Amma insanlıqdan uzaq olan, bu fikirsiz-düşüncəsiz, bu ürəksiz, hissiz-duyğusuz varlığın xilası yox idi, bunu da gözəl bilirdi. Övladlar bəzən valideynlərinin ölüm epikrizinə çevrilirlər nədənsə. Allah Madarı, deməzsənmiş, bəla olaraq vermişdi valideynlərinə.
Bir gecə Ülkər dedi ki, Tural, istəyirəm bir oğlumuz olsun, Aylinimizə qardaş gərəkdir. Adını da artıq düşünmüşəm. Adını Elvin qoyaq.
Gözləyirdi ki, Tural da ona qarşılıq verəcək, fikrinə şərik çıxacaq. Amma Tural gözlənilməzləri dedi, dedi, Ülkərcik, mənim bir çətin səfərim gözlənilir, qoy gedib sağ-salamat qayıdım, ondan sonra balamızı dünyaya gətirərik.
Ülkərin damarında qanı dondu. Necə yəni çətin səfər, necə yəni sağ-salamat qayıtmamaq ehtimalı?
Tələb etdi ki, Tural ona açıqlama versin.
-- Sən nə danışdığının fərqindəsən, Tural? Necə yəni çətin səfərin var? Neçə yəni qoy gedim, sağ-salamat qayıdım, sonra? Sənin nə səfərin ola bilər ki, ordan sağ-salamat qayıtmağa belə gümanın azdır? Yalvarıram, bəlalardan məndə can qalmayıb. Bir yeni bəlaya da sən salma məni.
Tural onu sakitləşdirməyə çalışdı:
-- Yoxe, Ülkərcik, narahat olma, sözgəlişi dedim, əlbəttə, gedib sağ-salamat qayıdacam, oğlumuz da olacaq.
Ülkər nə illah eləsə də, Tural məqsədini açıqlamadı. Ülkər göz yaşları içində Turalın sözlərini Banuya çatdırdı, Banu da Turaldan izahat tələb etdi, amma Tural ona da planını açıqlamadı.
O gündən Ülkərin simasına qara buludlar qondu. Nə yediyinin, nə içdiyinin fərqində oldu. Hiss edirdi ki, haradasa lap yaxında bir təhlükə var, onların üstünə şığımaqdadır. Səksəkə içində idi.
Novruz bayramı ərəfəsində Tural harasa hazırlaşdığını hiss etdirirdi, daim məşğul görsənirdi, sübh namazında gedirdi, bəzən gecədən xeyli keçmiş qayıdıb gəlirdi, dükana ətriyyat gətirməsi də, uzun-uzadı dini söhbətlər, məşvərətlər də kəsilmişdi, amma hər gecə Tural Məhəmməd peyğəmbərdən (c), Həzrəti Əlidən, Ömərdən, Mövlanədən qiymətli kəlamlar səsləndirərdi. Bu kəlamlar Ülkərin şüuruna yazılırdı.
Quranla insan əkiz qardaşdır.
Sənə edilən hər yaxşılıq Allahdandır. Pislik isə nəfsindəndir.
Niyyəti pis olanın atdığı ox özünə qayıdar.
Ədalətsizlik edən ədalətsizliyə uğrayandan daha bədbəxtdir.
Yaxşılığı gizlətmək pisliyi gizlətməkdən üstündür.
Eyni dildə danışanlar yox, eyni duyğuları paylaşanlar anlaşa bilərlər.
İnsanı çox dil bilməsi deyil, könlün dilini bilməsi dəyərli edər.
-- Ülkərcik, bunları şüuruna yaz, elə yaz ki, heç vaxt pozulmasınlar. Tamammı?
-- Tamam.
-- Ülkərcik, burnunu sallama. Hər şey yaxşı olacaq. Hələliksə qoy bu müqəddəs fikirlər səninçün təsəlli olsun. Tamammı?
-- Tamam.
-- Qurandan ayrılmayın, onu özünüzə imam və öndər seçin.
Minnət ağır yükdür, heç kim daşımaq istəməz.
Qurani-Kərimi güclü olmaq üçün oxuyun.
Allah qarşınıza Allah qorxusu olanları çıxarsın, gerisi təfərrüatdır.
Allahım, yalnız Səni sevməyimin dərdiylə doldur məni.
Hər insanın qiyməti əxlaqının gözəlliyi qədərdir.
Sonuncu gecə səhərə qədər yatmadılar. Tural hey danışdı, danışdı, içindəki Allah sevgisini izhar etməkdən doymadı, dedi, Ülkərcik, Allah tək olmasın deyə özünə bab insanları da yaratdı, amma onları eyni cür xəlq etmədi, onlara seçim azadlığı verdi ki, biri ədalətli, biri zalım olsun, biri güclü, biri zəif olsun, biri ağıllı, biri savadsız olsun, biri imanlı, bir əyyaş olsun.
Dedi, Allah dini yaratdı ki, insanlar etiqad etsinlər, düz yoldan sapınmasınlar, bir də dinə bərabər tutduğu sevgini yaratdı. Sevgi insan mənəviyyatını korşalmağa qoymayan, çirklənməkdən uzaq saxlayan ən qiymətli məfhumdur.
Səhər işıqlaşanda Tural sübh namazına duranda bu kəlmələri iki dəfə təkrarladı, dedi: “Sevgilinin dəyəri onu sevənin sevgisi ilə ölçülür”.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
İstəmədiklərinə “yox” de ki, istədiklərinə “hə” deməyə vaxtın qalsın
Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət” üçün
Hər zaman duyğularınla hərəkət etmə, gözəl insan. İşıq olacağını ümid edib yeridiyin qaranlıq yolda durub, nəyi niyə etdiyini az da olsa düşün, deyərdim. Bir neçə onluq arasına sığışdırmağa çalışdırdığın bu ömrü niyə hədər edəsənki? Bir haldakı kimsə bunun asan fərqinə varmazkən.
Bunu yazmaqda məqsədim mənim də sənin kimi olduğumu özümə sübut etməkdi.
Bəlkə bu günə qədər istəmədən neçə-neçə "hə"lər demişəm. Kimsə qırılmasın, ya da haqqımda yalnış düşünməsin deyə. "Yox" desək, sanki dünya duracaq kimi necə də qəlbimizə qarşı çıxdıq, dostum. Ehh....
Artıq gec də olsa, "yox" deməyi öyrəndim. Öz istəklərimi mərkəzə qoymağı bacardım sonunda. Bunu etdiyimdə bir şeyin fərqinə vardım. Əslində, kimsə məni nəyəsə məcbur etmirmiş. Yəni istəmədın "hə" demək yerinə, rahatlıqla “yox" deməyi yoxlaya bilərdim.
Demək ki, insan ilk öncə" nə istəyirsən?" sualını özünə verməyi bacarmalıdı.
Sənə də bu həyat yolunda kiçik tövsiyəm odur ki, istəmədiklərinə "yox" deməyi bacar ki, istədiklərinə "hə" deməyə vaxtın olsun.
Yanlış olan dünyada doğru yeriməyi bacarmaq ümidi ilə.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Sabah Kukla Teatrı uşaqları “Qırmızı papaq” tamaşası ilə sevindirəcək
Yanvarın 13-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.
Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə rejissor Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Sabah Rus Dram Teatrında 2024-cü ilin ilk premyerasıdır
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 2024-cü ilin ilk premyerasına hazırdır. Sabah - yanvarın 13-də sənət ocağı rus ədəbi Valentin Krasnoqorovun eyniadlı pyesi əsasında hazırlanan “Üç gözəl” lirik komediyası ilə teatrsevərlərin görüşünə gələcək.
Pyesin məzmunu belədir ki, adi axşamların birində üç rəfiqə qərara alırlar ki, həyatlarında dönüş etsinlər – əsl məhəbbətin axtarışına çıxsınlar. Müxtəlif xarakterli fərqli taleli üç rəfiqə, üç gözəl qadın öz həyatını kökündən dəyişməyə qərar verir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov (dekorasiya üzrə rəssam), Olqa Abbasova (geyim üzrə rəssam) və Vladimir Neverov (musiqi tərtibatçısı) tamaşanın ərsəyə gəlməsinə əmək sərf ediblər.
Tamaşada teatrın üç gözəl aktrisasını – Xalq artisti Ayan Mirqasımova, Əməkdar artist Mələk Abaszadə və aktrisa Mədinə Mullayeva rol alıb.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
O mütləq zənglə qayıdacaq… -HEKAYƏ
Fatimə Sadıqova, “Ədəbiyyat və incəsənət” üçün
-Salam, Fatiməm, necəsən ?
-Adilə nənə...
-Hə mənəm, canın-başın necədi ?
-İnana bilmirəm.
-Mənim sevimli nəvəm, mənim kuklam.
-Elə darıxmışam sənin üçün, burnumun ucu göynəyir, varlığın varlığımın ocağı, yoxluğun varlığımın sönmüş ocağının közü kimi qaradır. Sən gedəndən sonra göz yaşlarım güclü leysana dönüb, ruhumu palçığa bulaşdırıb, daxili aləmimi pis günə qoydu .
-Mən həmişə sənin yanındayam, yuxularına qonaq gəlməyə can atıram.
-Hə, təki sən həmişə mənim yuxularıma gəl, heç olmasa ümidim, təskinliyim, arxayınlığım odu, nə olar məni yuxularımda tək qoyma , çox üzülürəm sənsiz. Ürəyim səndən sonra buz salxımına dönmüş, üzüm sadəcə gülür , səninlə birlikdə həyəcanım, titrək qəlbim torpağa basdırıldı sanki. 16 iyun havanın isti olduğu gün sənin yoxluğunla mənə qışın soyuq şaxtasını gətirdi, elə bir soyuqdur ki , səndən başqası gəlsə onu sənin varlığın kimi isidə bilməyəcək, Adilə nənə. İndi isə sənsiz keçən soyuq qış günlərindən biridir, fəqət, sənsiz "cəhənnəm istiliyi" yaşayıram. Təsəllim sənin qucağına başımı qoyub bütün kədərimi unutmaq idi bir zamanlar. İndi isə ...
-Mən hər zaman sənin xəyalında, döyünən qəlbində olacam. Səni əsla tək qoymaram. Mənim indiki yerim çox yaxşıdı, məndən narahat olma. Sən mənsiz də bacararsan. Sən möhkəm qızsan.
-Səni itirdiyim gün ən çətin semestr imtahanıma 2 gün qalmışdı, nənə. Bir əlimdə imtahan suallarının cavabı olan mühazirə , digər əlim hönkürtü ilə tökülən göz yaşımı silməkdə. Axı sən həmişə mənim oxumağımın tərəfində olmusan. Sənin yoxluğun isə mənim həyatımın ən ağır, ən çətin, ən keçilə bilməyəcək qədər ən müşkül imtahanı oldu .
-Mən burdan sənin uğurlarını izləyirəm . Fəxr edirəm ki, sənin kimi nəvəm var, Fatiməm.
-Bilirəm, yaxşı ki, mənim də sənin kimi nənəm var. Nə olar, imkanın olsa mənə yenə zəng et, dərdləşək. Özün gələ bilməsən də səsin burda olsun. Səsin qəlbimin bəzmi - istirahətidir. Özün isə ruhumun aynasısan. Əgər elə bir imkanın olarsa bu dünyada ruhumun aynası olmağa gəl, Adilə nənəm. Həyatımın şansı olduğun üçün sənə təşəkkür edirəm. Nənə...
-.....
-Nənə ...
-....
(Zəng artıq bitmişdi)
Fatimə isə Adilə nənənin şəklini bağrına basıb otağın küncünə qısılıb ağlamadı , çünki Adilə nənə Fatimənin ağlamağını, üzülməyini, boynu bükük dayanmağını sevməzdi.
Fatimə gözünü diqqətlə yerə dikib fikrə daldı. "O, zəng edəcək, yenə mütləq... Ruhumu dincəltmək üçün, ürəyimə dəva olmaq üçün, məni özümə qaytarmaq üçün, o mütləq ZƏNGlə qayıdacaq!"
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
“Ədəbiyyatımızın və bəşəriyyətimizin hələ çox Müşfiqlərə ehtiyacı var…” - EKSPRESS-SORĞU
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?
EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam.
Əgər mənə dünyasını dəyişmiş birini yeri qaytarmaq şansı verilsə idi, yəqin ki geri gətirəcəyim insan Mikayıl Müşfiq olardı... Əslində, durub düşünəndə Azərbaycan ədəbiyyatının çox mükəmməl, işində həqiqətən ustad olan sənətkarları olub və onlardan biri də Mikayıl Müşfiqdir, hansı ki, lirikanın mükəmməl ustadlarından biri olduğu kimi o, eyni zamanda çox dostcanlı, mərd biri olmuşdur. Bunu Repressiya illərində ifadə etdiyi bir cümlədən də anlamaq mümkündür: "Mənim sağ əlim Hüseyin Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram"
Ədəbiyyatımızın və bəşəriyyətimizin hələ çox Müşfiqlərə ehtiyacı var...
Aytən Əliyeva
Mirzə Ələkbər Sabirə zəng edərdim. Deyərdim, siz çox düzgün etmişsiniz. Biz insanlar başımıza nələr gəlsə də yenə də öz inadımızdan dönmürük. Məsələn, biz tələbələr. Deyirik kəsiləcəyik. Amma yenə də məsuliyyətsizlik edirik, hazırlaşmırıq.
İpək Quliyeva
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Səs-küylü “3391 kilometr” filmi Bakı kinoteatrlarında nümayiş etdiriləcək
Beyza Alkoçun qələmə aldığı kitab əsasında çəkilən “3391 kilometr” adlı türk melodramının eksklüziv nümayişi yanvarın 12-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Filmdə baş rolları yeni nəslin ən populyar aktyorları Derya Pınar Ak və Ahmet Haktan Zavlak ifa edirlər. Filmin yaradıcı prodüseri və rejissoru Deniz Enyüksekdir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, kitabın pərəstişkarı olan və əsərdəki sevgi hekayəsinin hər bir təfərrüatını az qala əzbərə bilən fanatların “3391 kilometr" filminin sosial şəbəkə səhifələrində yazdıqları on minlərlə şərhdən və güclü təzyiqlərindən sonra filmə çəkiliş zamanı ssenaridə olmayan, lakin kitabda əksini tapan bir çox təfərrüatlar əlavə edilib.
Film sosial şəbəkə vasitəsilə tanış olan iki gəncin sevgi hekayəsindən bəhs edir. Bir-birindən bir neçə kilometr məsafədə olsalar da, onlar arasında güclü cazibə yaranır. Film boyunca tamaşaçılar bir-birindən 3391 kilometr məsafədə yerləşən Fransa və Türkiyədə yaşayan gənclər arasındakı sevgi macərasının şahidinə çevriləcəklər.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Sabah Köhnə yeni il qeyd ediləcək
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bayram həvəskarları Yeni ilin abu-havasından hələ çıxmayıblar, odur ki, yanvarın 13-dən 14-nə keçən gecə Köhnə yeni ili də qeyd etmək məhz onlar üçündür. Amma heç düşünürükmü, hardan peyda olub bu ənənə?
Sovetlər yenicə qurulanda – 1918-ci ildə kommunist başbilənlər köhnə Yulian təqvimi ilə yeni Qriqorian təqvimləri arasında 13 gün fərq olduğuna diqqət çəkərək “niyə bu yeni təqvimlə bayram edirik, köhnəylə etmirik?” deyiblər və Köhnə yeni il bayramının ənənəsini qoyublar. Biz azərbaycanlılar da sovetlər dönəmində bu xristian adətlərinə uyub bu bayramı keçirmişik.
Bu gün də evlərdə bayram olacaq, dəqiq bilirik. Olur olsun da. Bayramın nəyi pisdir ki? Bu acılarla dolu dünyada insan sevinməyə bəhanə tapırsa, bu yaxşı əlamətdir. Təki matəm olmasın.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Ermənilərin qəniminin ruhuna dua oxuyaq
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
1904-cü ilin sabahkı günündə - 13 yanvarında Sankt-Peterburqda bir rus jurnalisti, regionşünası, pedaqoqu və yazışısı vəfat edib, gəlin bu xristiandan Allah rəhmət eləsin kəlmələrini əsirəməyək. Söhbət “Qafqaz. Rus işi və tayfalararası məsələlər” traktatının müəllifi Vasili Veliçkodan gedir.
Söhbət o Veliçkodan gedir ki, o, Qafqazda xidmət aparan rus məmuru kimi yerli xalqların simalarına bələd olduqdan sonra ermənilərin murdar xislətlərini aləmə faş eləmişdi. O, həm də ümumerməni siyasətinin çürük fəlsəfəsini də göstərmişdi: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…”;“Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.
Doğrudan da yazılı ədəbiyyat tarixin əsl salnaməsidir, ermənilər tarixi ha saxtalaşdırsınlar, Veliçkonun “Qafqaz” kitabını ki dəyişə bilməyəcəklər.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)