Super User
Osmanlının ilklərə imza atan sultanı – II Əbdülhəmid
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Türk Mədəniyyəti və İrsi Fondunun və “Ədəbiyyat və incəsənət” portalının birgə Türk dünyasının məşhurları layihəsində bu gün sizlərə Osmanlının ilklərə imza atan sultanı – II Əbdülhəmid barədə danışacağıq.
Osman Qazidən, Fateh Mehmetdən, Sultan Bəyazitdən, Yavuz Sultan Səlimdən, Qanuni Süleymandan sonra Osmanlı imperiyasının tərəqqisi naminə cəsarətli addımlar atan, Avropanın xaçlı yürüşünə baxmayaraq onun ayaqda qalması üçün mümkün olmayanların belə mümkünə çevirən siyasi gedişləri, islahat proqramları ilə tarixlə müasirlik arasında körpüyə çevrilən II Sultan Əbdülhəmidi dünyanın məşhur tarixçiləri, təzkirəçiləri “Qızıl Sultan”, “Ulu xaqan” deyə təsvir etdilər.
Osmanlı imperiyasının 34-cü sultanı kimi 33 illik hökümdarlığı dönəmində onun tarixinə, həm də məşhur şəkil kolleksiyaçısı kimi daxil olan II Sultan Əbdülhəmid maraq dairəsinin bu yönü ilə Avropa krallarını, səyyahlarını belə qabaqlayır. Əldə olunan məlumatlardan bəlli olur ki, bu gün Topqapı sarayında eksponat kimi mühafizə olunan 36 min fotoşəkil məhz bu qüdrətli dövlət adamının şəxsi arxivindən əldə olunub. Osmanlı imperiyasında daha çox məktəblər açan, mədrəsələrdə dünyəvi biliklərin tədrisinə nail olan, ilk Avropa tipli Universiteti quran, tibb fakültəsinin təməlini qoyan, əczaçılığın elmi əsaslarla tədrisi tələbi ilə çıxış edən, Osmanlıda ilk dəmir yol xəttinin və stansiyasının layihə rəhbəri kimi tarixdə qalan II Sultan Əbldülhəmid Osmanlının saray və şəhər mədəniyyətini, tarixini və tarixi tikililərini əbədiləşdirmək, o dövrlərin ciddi informasiya daşıyıcısı olan məşhur fotoqrafları ölkəsinə dəvət edir, yaxından tanış olur, və faktları fotolarda əbədiləşdirmək üçün onlarla fikir mübadiləsi aparır, bu gün həm Topqapı sarayını, həm də dünyanın məşhur muzeylərini bəzəyən fotoların çəkilməsinə nail olur.
36 minlik foto kolleksiyası ilə məşhur kolleksiyaçıları belə qabaqladı
Dünyanın dörd bir yörəsindən fotoqraflar dəvət edən, yüksək texnologiyaların imkanlarından istifadə edərək Osmanlı imperiyasının həqiqətlərini fotonun dili ilə tarixin imzasına çevirən II Sultan Əbdülhəmid ilk fotostudiyalar, rəsm emalatxanalarının qurulmasına nail olur. 36 minlik foto kolleksiyası ilə belə Avropanın məşhur kolleksiyaçılarını qabaqlayan II Sultan Əbdülhəmid Osmanlının əsas şəhərlərində fotoemalatxanalar qurdurmaqla yüksək texnologiyaların tətbiqinə meydan vermiş foto dünyasından rəssamlıq sənətinə körpü salmışdır. Onun hakimiyyəti illərinə qədər əksər Osmanlı sultanları rəssamlar və tarixçi təzkirəçilərlə səfərlərə çıxardılar, Sultan Əbdülhəmid onların sırasına fotoqraflar da əlavə etmiş, bununla o, həm də tarixdə ilk dəfə “foto-müxbir” sənətinin təməlini qoymuşdur.
Dünyanın ən zəngin kitabxanasına malik olan Sultan dedektiv janrında qələmə alınan əsərlərə vurğun olub
Türkün qüdrətli sərkərdə-xaqanları qılıncla qurduqları imperiyaları Qələmin və Kəlamın hökmündə idarə ediblər. Özləri də fitri-istedad sahibi olan sərkərdə-xaqanlar baş köşələrində ustad sənətkarlara, təbib-filosoflara, mütəfəkkir şairlərə yer veriblər. Saraylarını sənətin, mədəniyyətin gülzarına çeviriblər. Qədim əlyazmalarının, kitabların üzünün köçürülməsinə, dünyada yayılmasına nail olublar. Mütəfəkkir dövlət xadmi kimi tarixdə qalan II Sultan Əbdülhəmid səkkiz şərq və qərb dilini mükəmməl bildiyindən əsərləri orijinaldan oxumağı sevirmiş. Osmanlı saray mədəniyyətinə aid olan çoxsaylı məxəzlərin və əsərlərin mühafizə olunduğu “Nur Osmaniyyə” kitabxanasında II Sultan Əbdülhəmidin şəxsi kitabxanasına aid çoxsaylı kitablar var. Onlardan biri də, Sultanın Avropadan gətirtdiyi, orijinaldan mütaliə etdiyi “Şerlok Holms” əsəridir. Dedektiv janrın vurğunu olan padişah deyirlər, onu oxumaqla kifayətləməz, orijinaldan tərcümə edib ailə üzvlərinə də oxudarmış. Artur Konandoylun əsərlərini gətirtməklə yanaşı, onun kütləvi mütaliəsi üçün də göstəriş verirmiş. Saray kitabxanalarında “Şerlok Holms” kitabının hələ də bulunması deyilənlərə əyani sübutdur. İnsanlarla təkcə sarayın, siyasətin dili ilə deyil, həm də sənətin, mədəniyyətin, ədəbiyyatın vasitəsi ilə ünsiyyət qurub dil tapan Sultan Avropalı ədibləri sarayına dəvət edən ilk sultan kimi də tarixdə qalır.
Yıldız sarayındakı “Dinləmə odası” Sultan üçün təhlükəsizlik xidmətini əvəz edirdi
Tarixdə bir çox ilklərə imza atan II Sultan Əbdülhəmidə qədər Osmanlı imperiyasında sarayda, ölkədə və xarici dövlətlərdə cərəyan edən hadisələr sultanlara vəzirlər və elçilər vasitəsilə çatdırılardı. Təhlükəsizlik məsələsinə, xüsusən də saraydaxili problemlərə nəzarət məqsədilə Sultan Osmanlı imperiyası tarixində ilk dəfə “Dinləmə Odası” qurdurur. Dövrün yüksək texnologiyaları ilə təchiz olunan oda “Yıldız sayı”nda təşkil edilir. Saraydakı bütün odaların – otaqların divarına gizli səsyazma balonları döşətdirən Sultan bununla sarayın bütün istiqamətlərini iradəsinə tabe edir. Bununla, o, adını Osmanlı tarixinə, həm də təhlükəsizlik xidmətinin qurucu padşahı kimi yazır. Bu səbəbdən də o, “Avropada gizli məlumatlarla idarəçiliyə nail olan Ceyms Bond kimi xatırlanır”.
Osmanlıda ilk Uşaq xəstəxanasının qurucusu
“Siyasəyin atası”, elmin, mədəniyyətin himayədarı kimi şöhrətlənən II Sultan Əbdülhəmid Osmanlı imperiyası tarixinə adını həm də ölkə səhiyyəsinin modern üsulla qurucusu, təbabətin Avropa standartlarına uyğunlaşdırılması ilə ilklərə imza atan padşah kimi daxil oldu. Adı ilə bağlı “Həmidiyyə etfal” xəstəxanasını qurmaqla o, Osmanlıda ilk Uşaq xəstəxanasını açdı. Bu gün yüksək texnologiyalarla təchiz olunan, Avropanın nüfuzlu universitetlərində təhsil alan təbiblərlə təmin edilən, dünya şöhrəti qazanan, Beynəlxalq Səhiyyə Təşkilatının sertifikatlarına layiq görülən məşhur klinika və xəstəxanaları ilə tanınan Türkiyə Cümhuriyyətinin səhiyyə tarixində hadisə olan “Həmidiyyə etfal” xəstəxanasını qurmaqla II Sultan Əbdülhəmid Avropanı 150, Şərqi, Türk dünyasını yüz illərlə qabaqlamış, uşaqların sağlığı ilə bağlı ilk xəstəxananın qurulması üçün fərman imzalamışdır ki, bu səbəbdən də, o, Osmanlı tarixində siyasətin sultanı, Təbabətin hamisi olaraq qalır.
Osmanlıda telefon, poçt xidməti və elektriklə işləyən cihazlar onun adı ilə bağlıdı
Tarixin bütün dönəmlərində varlığı ilə dünyanın dizini titrədən, kralların, imperatorların, şahların, padşahların qorxulu röyasına çevrilən Osmanlı sultanları həm də maraq dairələri, icad və kəşfləri ilə şöhrət tapdılar. Onların əksəriyyətinin zərgərlik, misgərlik, oyma sənəti və xəttatlıq nümunələri bu gün də dünyanın məşhur sərgi salonlarını bəzəyir.
İlklərə imza atan, Avropa dəyərlərinin ölkəsində intişar tapmaasına çalışan, bunun üçün cəsarətli addımlar atan II Sultan Əbdülhəmidin bir özəlliyi də var: Tarixə adını həm də, ilk telefonun, poçt xidmətinin, elektriklə çalışan cihazların Osmanlıya gətirilməsi də, məhz bu islahatçı padşahın adı ilə bağlıdır. Avropadakı texniki tərəqqini, elmi yenilik və nailiyyətlərin ölkəsindən tətbiq olunmasına çalışan II Sultan Əbdülhəmid Edisonun kəşflərini diqqətlə izləməklə kifayətlənməmiş, onun bir çoxunun Osmanlıda intişarına, tətbiqinə nail olmuşdur. 1878-ci ildə Yaponiyaya göndərilə “Ərtoğrul fırkateyni” səfərini xatırlamaq kifayətdir ki, onun əzəmətini anlayıb dərk edəsən. Bu səfər II Sultan Əbdülhəmidin Uzaq Şərq düşüncələrinin konturlarını müəyyənləşdirmişdir. Bu səfər II Sultan Əbdülhəmidin Şərqin elmi-texniki nailiyyətlərinin Osmanlıya gətirilməsi ilə yanaşı Şərq və Qərbin elmi texnologiyalar istiqamətində vəhdətinin bəşəriyyətə töhfə olunduğunu sübut etmişdir. Səfər çərvivəsində Sultanın Yapon imperatoru Men Ji ilə qurduğu dostluq Osmanlının Uzaq Şərqdə ilk diplomatik münasibətlərinin təməlinə çevrilmişdir. Sultanın və imperatorun təməlini qoyduğu dostluq-əməkdaşlıq münasibətləri iki ölkə arasında bu gün də davam etməkdədir. Üstəlik dünyanın inkişaf etmiş bu qüdrətli dövlətində Sultan Əbdülhəmidin adı “Sultan Əbdülhəmid xan” künyəsi ilə hörmət, ehtiram ünvanına çevrilmişdir.
Yaddaşı – hafizəsi ilə dünyaya meydan oxuyan Sultan
Ensiklopedik biliyi, analitik təfəkkürü ilə türkün qüdrətli sərkərdə-xaqanlarının sırasında yer alan II Sultan Əbdülhəmid yaddaşı-hafizəsi ilə bir ilkə imza atmışdı. İşə aldığı, işdən çıxardığı, hansı əlamətinə görə önə çəkdiyi bütün məmurların, o cümlədən saray əhlinin adını, soyadını, yaşını, yörəsini əzbər bilən Sultan, Orduda hətta neçə min əsgərin olduğunu, hansı bölükdə nə qədər əsgər xidmət etdiyini, səhər, günorta, axşam yeməklərində nə ilə qidalandığını bilməklə yanaşı, o, hansı yörədə kimin, hansı tarixdən görəvə başladığını, üstəlik il və ilçələrin hansı köydə başlayıb, harada başa çatdığını da əzbər bilirmiş. Hələ bu harasıdır? Bu elmi-irfan çeşməsi olan Sultan mütaliə etdiyi əsərlərdən gətirdiyi nümunələrin kitabın, təzkirə və əlyazmanın neçənci səhifəsində olduğunu da unutmazmış.
Sarayında müxtəlif vəzifələri icra edən insanların vəzifələri, hətta keçmişdə gördükləri işləri dəqiqliyi ilə bilən, onların keçmişi, nəsil-nəcabəti ilə bağlı məsələləri də yaddan çıxarmayan II Sultan Əbdülhəmid əsil olmayan insanı sarayına almazmış. Yəni Nadir şah Əfşar kimi, onun dövlətçilik təlimində əsil-kök, nəsil-nəcabət, intellektual potensial əsas şərtlərdən olub. Sarayın və ölkənin hamam, kanalizasiya və aşxanalarına xüsusi nəzarət etdirən Sultan dırnaqları çirkli, saçı dağınıq, pinti adamları bu iki yerdən nəinki saraydan uzaqlaşdırar, şəhərdən çıxartdırar, uzaq köylərə göndərərmiş. Bu səbəbdən də onun dönəmində çirkli küçələri, səliqəsiz, üst-başı tökülən adamları görmək ağılagəlməz hal imiş. Sultanın xofu, həm də təmizlik, səliqə-səhman sevgisinin özü belə bir ilk imiş. Məmləkətdə hamı ona layiq olmağa, bənzəməyə çalışarmış.
Ruhu təmiz, hafizəsi dərin adam
Yaddaşı, yaddaşı qədər də iradəsi möhkəm olan Sultanı bu gün də Osmanlı mənbələri “ruhu təmiz adam” deyə xatırlayır. “Dünyanın bütün dövlətləri ayağına gəlsə də, bütün xəzinələrini qucağıma töksə də, Qüdsdən bir daş parçası belə vermərəm. Sultan dədələrin torunuyam!” nidası ilə tarixdə qalan, Avropanın diqtəsi, idarəsi ilə hakimiyyətdən devriləndə belə, mənsub olduğu millətin cəsarət, ləyaqət nümunəsi kimi tarixdə qalan, millətin, məmləkətin tərəqqisi üçün ilklərə imza atan, Qanuni Süleymandan sonra Osmanlı tarixində ilk Anayasanın – “Qanuni Asasi”nin Məclisi Məbusanda təsdiqinə nail olan, Kıbrıs adasının əldə saxlanılması üçün ingilislərin üzərinə yeriyən, Osmanlının 34-cü sultanı kimi 1876-cı ildən 1909-cu ilə qədər 33 il ölkəsinə rəhbərlik edən sultanlarını sevgi ilə yad edir.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
Karaqanda Akademik Musiqili Komediya Teatrı (Qazaxıstan) dost ölkələrin incəsənət kollektivlərini ənənəvi “DosStar” payız operetta və musiqi festivalına dəvət edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AzərTAC-ın Karaqanda vilayəti administrasiyasının mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, festival artıq 14-cü dəfədir təşkil edilir. Bu il musiqisevərlər üçün bayram sentyabrın 19-dan 21-dək keçiriləcək.
Festivalda altı ölkədən: Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Tacikistan və Macarıstandan olan artistlər iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı ilə açacaq
Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş geniş konsert proqramı ilə açacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də keçiriləcək konsert proqramında mərkəzin iki kollektivi - Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) və Cahangir Cahangirov adına Xor (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) çıxış edəcək. Proqrama dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri daxildir.
Konsertdə görkəmli bəstəkarın ölməz əsərləri ifa olunacaq, operaları və operettaları əsasında maraqlı kompozisiyalar təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
“Nəsimi dastanı” baleti Nəsimi festivalında yeni quruluşda təqdim olunacaq
Sentyabrın 23-dən 25-dək Bakı və Şamaxıda keçiriləcək III Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı bir sıra özəlliklərlə də yadda qalacaq. Orta əsr Şərqinin ən böyük şairlərindən olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinin elmi müzakirələr, müxtəlif mədəni-bədii layihələr vasitəsilə qeyd olunacağı festival həm də tamaşa və balet premyeraları ilə də tamaşaçıları sevindirəcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbir çərçivəsində keçiriləcək premyeralardan biri “Nəsimi dastanı” baletidir.
Festivalda dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri yeni quruluşda təqdim ediləcək. Tanınmış balet artisti, teatr rejissoru və prodüser Andris Liepanın rejissorluğu ilə səhnələşdirilən “Nəsimi dastanı” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq. Baletin quruluşçu xoreoqrafı müxtəlif ölkələrdə fərqli truppalarla çalışmış Patrik De Banadır.
Hazırda yeni təqdimat üzrə məşqlər gedir.
“Nəsimi dastanı” baletinin təqdimatı Şamaxıdakı Nəsimi Bağları Kompleksində Nəsimi abidəsinin önündə təşkil ediləcək.
Xatırladaq ki, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi “Nəsimi dastanı” 1973-cü ildə yazılıb. Librettonun müəllifi yazıçı Anardır. Balet ilk dəfə 1973-cü il sentyabrın 23-də nümayiş olunub. Bu əsər tamaşaçıların böyük rəğbətini qazanıb və premyeradan bir qədər sonra - 1974-cü ildə Respublika Dövlət Mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
Sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı başlayır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumata görə, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də ICESCO-nun dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək.
Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq.
Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Sözün həqiqi mənasında böyük insan – ƏZİZƏ CƏFƏRZADƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşdu. Fəxri Xiyabanda yeri hazır idi, amma vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edildi. Bu, bir ömür hekayətinin sonu idi. Xalqı, milləti üçün çalışıb-vuruşub sadə ömür sürdü və sadəliklə də dəfn edildi...
Yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, teatr texniki məktəbinin müdiri, pedaqoji institutda dosent, kafedra müdiri, Kamçatka Pedaqoji İnstitutunda dosent, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb.
Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınıb və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib
Ədəbi fəaliyyətə 16 yaşında başlayıb və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılıb. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsri tarixində bu janrı yenidən həyata gətirib. Onun "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim" (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülüb. "Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.
Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınları" (1974, 1991), "Azərbaycanın şair və aşıq qadınları" (II nəşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməyib.
Kitabları
1. "Natəvan haqqında hekayələr" (1963) – bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın (XIX əsr) həyatını qələmə alıb
2. "Aləmdə səsim var mənim" (1973–1978)- ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır
3. "Vətənə qayıt" (1977) – XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Salyan bölgəsində baş verən hadisələr
4. "Yad et məni" (1980) – XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı roman
5. "Sabir" (1989) – XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilən əsər;
6. "Eldən elə" (1992) – XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında roman
7. "Rübabə-sultanım" (2001) – XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı
8. "Xəzərin göz yaşları" (2003) – 1938-ci ildə Azərbaycanda yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən 3–4 gün ərzində İrana məcburi deportasiyası haqqında povest
9. "Eşq sultanı" (Ölümündən bir az əvvəl bitirmişdir)- XV–XVI əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında roman
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
82-ci Venesiya film festivalı davam edir
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Xəbər verdiyimiz kimi, 27 avqust – 6 sentyabr tarixlərində 82-ci Venesiya Beynəlxalq Film Festivalı keçirilir. Avropa və dünya kinosunun üç ən nüfuzlu festivalından biri sayılan Venesiya festivalı bu il görünməmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunur.
Festivalın müsabiqə proqramında baş rolu israilli aktrisa Qal Qadotun (Gal Gadot) oynadığı “Dantenin əlində” (“In the Hand of Dante”) filminin yer alması bunun səbəblərindən biridir. İsrailin Qəzzadakı hərbi əməliyyatını dəstəklədiyi iddia edilən aktrisaya və digər sənətçilərə qarşı təhdidlər festival təşkilatçılarının əsas qayğılarından biridir.
Fələstin tərəfdarı olan “Venice4Palestine” qrupu təşkilatçılardan israrla Qal Qadota, onun filmdəki tərəf-müqabili Cerard Butlerə və İsraili dəstəkləyən digər sənətçilərə dəvətləri ləğv etməyi tələb edib. Qeyd edək ki, “Dantenin əlində” filminə yəhudi əsilli amerikalı rejissor Culian Şnabel (Julian Schnabel) quruluş verib.
Bu səbəbdən təhlükəsizlik tədbirləri gücləndirilib: festivalın keçirildiyi kompleksin ətrafında polad halqa qurulub, bütün perimetri polis patrulları qoruyur. Nümayəndələri və bilet sahiblərini izləmək üçün bədən skanerləri, baqaj axtarışları tətbiq edilir.
Qal Qadot səslənən hədələr səbəbindən festivalda iştirak etməyəcəyini bildirib. Xatırladaq ki, məşhur kinoaktrisa eyni zamanda BMT-nin sülhməramlı səfiri missiyasını daşıyır.
Venesiya Film Festivalının direktoru Alberto Barbera yaranmış vəziyyətdən təəssüfünü ifadə edərək, festivalın senzurasız açıq müzakirələr yeri olduğunu vurğulayıb.
Qeyd edək ki, bu il festivalın əsas müsabiqə proqramında 21 ekran işi yer alıb. Beynəlxalq münsiflər heyətinə amerikalı rejissor Aleksandr Peyn (Alexander Payne) rəhbərlik edir.
Venesiya festivalının ənənəvi “dünya kinematoqrafına töhfələrə görə” fəxri “Qızıl şir” mükafatına bu il alman rejissor Verner Hersoq layiq görülüb. Ona mükafatı məşhur amerikalı rejissor Frensis Ford Koppola təqdim edib.
82-ci festivalın qızıl və gümüş “şir”lərinin kimlərə qismət olacağı isə sentyabrın 6-da bəlli olacaq.
Onu da əlavə edim ki, festivalın “Müsabiqədənkənar – bədii filmlər” (Out of Competition – Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filmi də yer alıb.
Bu, Hilal Baydarovun Venesiya festivalına dəvət alan ikinci ekran işidir. 2020-ci ildə onun “Səpələnmiş ölümlər arasında” (“İn Between Dying”) filmi 77-ci Venesiya festivalının əsas müsabiqə proqramında nümayiş olunub.
Azərbaycan kinosu Venesiya festivalında ilk dəfə 2014-cü ildə təmsil olunub. Həmin il rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi 71-ci festivalın “Üfüqlər” proqramında göstərilib.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
O, tarixdə ANS-ın qurucusu kimi qaldı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu Vahid Naxış kimi tanıyırdıq. ANS televiziyası ilə tək Azərbaycana yox, postsovet məkanına özəl televiziyanın necə olmasını sübut edən, ANS ÇM radisosu ilə ölkədə fm radioçuluğun pionerlərindən olan, sonra da VMF ticari brendi ilə biznesə, paralel də kinematoqrafiyaya keçən bu tanınmış şəxsin bu gün doğum günüdür.
Azərbaycan rejissoru, podüsseri, yazıçısı, biznesmeni Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan Vahid Mustafayev keçən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulur, 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə "gizli nəşr" sayılan "RokOko" adlı dövri məcmuə dərc edir.
1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunan Vahid Mustafayev qeyri-formal Tələbə Jurnalistlər Birliyi təşkil edib və bunun sayəsində həm "RokOko" məcmuəsinə müxtəlif ali məktəblərdə təhsil alan yeni fikirli tələbə müxbirləri cəlb etməyə, həm də məcmuəni tələbələr arasında daha geniş yaymağa nail olub və əldən-ələ gəzən bu məcmuə xüsusən gənclər arasında çox böyük rəğbət qazanır. Vahid Mustafayev Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr elmi dərəcəsi alır və Universitetin "Fəxri məzunu" adına layıq görülür.
Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi dövrün ilk müstəqil qəzeti kimi 1989-cu ilin oktyabr ayında xalq şairi və ictimai xadim Sabir Rüstəmxanlı tərəfindən nəşrinə başlanılan "Azərbaycan" qəzetində Vahid Mustafayev 1990-cı ilin əvvəllərində "Gənclər Bürosu" adlı şöbə təşkil edir, qəzetin "Koroğlu kəşfiyyatı" adlı məcmuəsini və video əlavəsini yaradır.
Azərbaycanda milli azadlıq hərəkatını boğmaq məqsədilə Mixail Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında ölkəyə Sovet Ordusu qoşunlarını yeridəndən sonra Vahid Mustafayev Azərbaycanın ilk hərbi reportyoruna çevrilir və o, Qarabağ uğrunda başlayan və illərlə davam edən müharibədə çəkilişlər aparan ilk azərbaycanlı reportyor olur. O vaxtdan bu günə qədər o, Qarabağla yanaşı, dünyanın bir çox qaynar nöqtələrində – Əfqanıstan, Çeçenistan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə hərbi reportyor kimi çalışır, ölümlə üz-üzə reportajlar hazırlayır və münaqişələr haqda sənədli filmlər çəkir.
Elə bu yerdə xatırlatma edim, Vahid Mustafayev milli qərəman Çingiz Mustafayevin qardaşıdır.
Avtobioqrafiyası olduqca zəngin olan Vahid Mustafayev 1991-ci ildə 23 yaşı olarkən qardaşı Seyfulla Mustafayev ilə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradıb və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə "ANS" adını verib. 1992-ci ilin əvvəlində Vahid Mustafayev daha bir məşhur media şirkəti olan "ANS Press" İnformasiya Agentliyini yaradıb və bu agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayıb.
1993-cü ildə 25 yaşlı Vahid Mustafayev daha bir yeniliyə imza ataraq, FM dalğalarda yayımlanan Qafqazda və Orta Asiyada ilk radio kanal açıb. Qarabağ döyüşləri zamanı şəhid olmuş böyük qardaşı, telereportyor, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əbədiləşdirmək üçün o, yaratdığı FM radioya "ANS ÇM" adını verib.
Ötən əsrin 90-cı illərindən başlayaraq, Vahid Mustafayev film istehsalı ilə də məşğul olub, özünün yazdığı ssenarilər əsasında "Heç kim və heç nə unudulmayacaq" (1992), "Qazma" (1993), "Qarabağ" (1994), "Payızın 17 anı" (1995) və digər filmlərini çəkib. Kinematoqrafiya sahəsində topladığı təcrübə tezliklə uğurlu bəhrəsini verib və Vahid Mustafayev 2006-cı ildə "Bakı Film" kinostudiyasını yaradıb. Onun "Bulağıstan" (2007), "Seçilən" (2008), "Qaydasız döyüş" (2009) və digər əsərləri əsasında, ard-arda "BAKIFİLM" kinostudiyası bədii filmlər və seriallar istehsal edib.
2014-cü ildə Vahid Mustafayev daha bir yeniliyə imza ataraq, "BALANS" Milli Animasiya Studiyasını təsis edib. Qısa müddət ərzində o, prodüser, ssenarist və quruluşçu rejissor kimi müxtəlif yaş kateqoriyalarına aid uşaqlar üçün əqli, qanun tanıtdırıcı, ibrətamiz və əyləncəli bir sıra cizgi serialları yaratmağa nail olub, o cümlədən: "Qoyunlarla oyunlar" (12 seriya), "Bil" (12 seriya), "Dostlar" (8 seriya) və "Yol yoldaşı" (24 seriya).
2014–2017-ci illər ərzində "BALANS" Studiyasında Vahid Mustafayev 30-a yaxın uşaq mahnısı üçün şeirlər yazıb və beynəlxalq aləmdə populyar olan 160 uşaq mahnısının sözlərini Azərbaycan dilinə tərcümə edib.
Vahid Mustafayev həm də uğurlu iş adamıdır. O, adları yuxarıda sadalanan media qurumları ilə yanaşı, VMF, ALLSTAR və AZMAN kimi tanınmış şirkətlərin sahibidir. Bu şirkətlər dünyada məşhur olan dəqiq cihazlar, audiovizual avadanlıqlar və digər məhsullar istehsal edən qabaqcıl şirkətlərin Azərbaycanda distributorlarıdır. Onun 2017-ci ildə Rasim Müzəffərli ilə yaratdığı "OZANS" şirkəti isə bədii istehsalat və nəşriyyat fəaliyyəti ilə yanaşı, bir sıra innovativ layihələr həyata keçirmək niyyətindədir.
O, 1997-ci ildə VMF adlı şirkətini yaradıb və özü onun idarəçiliyinin başına keçirərək ideyalarını həyata keçirməyə başlayıb. Beləliklə, Azərbaycanda ilk dəfə saat və aksesuarlar sektorunda VMF adlı şirkəti fəaliyyətə başlayıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası Swatch Grupa daxil olan "Longines" saat markası olub.
Mükafatları
İdmançı kimi Şərq döyüşü sayılan Muay-Thai üzrə Respublika, Avropa və Dünya Çempionatlarında iştirak edib və mükafatlar qazanıb. 2005-ci ildə Tailandın Banqkok şəhərində Çempion Kəmərinə layiq görülüb. 4 noyabr 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (№ 25) Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Filmoqrafiya
1. Adam cinsi arasında cins adam
2. Allahın adı ilə
3. Azərbaycan naminə!
4. Azərbaycana namus və sevgiylə
5. Bəd xəbər gətirən qəribə insanlar-2
6. Bəd xəbərlər gətirən qəribə adamlar
7. Dahilərin divanı
8. Məhkəmə
9. Payızın 17 anı
10. Qaydasız döyüş
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 9.Mütaliə məhsulu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
9.
MÜTALİƏ MƏHSULU
Mütaliə məhsulu anlayışına uzun illər yalnız müxtəlif çap məhsulları – kitablar, qəzetlər, jurnallar, broşürlər daxil idi. Orta və yaşlı nəsil o dövrü xatırlayanda mütləq altından cızmalıdır ki, kitab mağazalarında və qəzet köşklərində uzun növbələr o dövr üçün səciyyəvi idi. İnsanlarda heç olmasa həftədə bir dəfə yeni kitab almaq, hər gün təzə qəzet almaq vərdişi formalaşmışdı. Üstəlik, insanların kitabxanalara kütləvi axını vardı. Oxu zalında oturub oxumaq, yaxud evə kitab götürmək – milyonların sevimli məşğuliyyəti idi.
Amma 21-ci əsrdə mütaliə məhsullarının çeşidləri xeyli genişləndi, bu sferanı İnformasiya Kommunikasiya Texnologiyalarının gündəmimizə daxil etdiyi elektron mütaliə mənbələri – elektron kitablar, öyrədici və tanıdıcı saytlar, xəbər portalları xeyli zənginləşdirdi. İndi insanlar kitab mağazaları, kitabxanalar və qəzet köşklərinə səfər etməyi yadırğayaraq evdə kompüterin, müxtəlif qadjetlərin, ən əsası, ağıllı mobil telefonların qarşısında əyləşib mütaliə etməyə başladılar.
Və təbii ki, elektron mütaliə mənbələrinə ayrılan zaman elektron əyləncə mənbələrinə ayrılan zamandan xeyli az olması ilə səciyyələnməkdədir.
Növbəti: 10.Mütaliə növləri
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Bu dünyadan bir Abbas Abdulla keçdi...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sonadək milli, xəqli, folklora, kökə bağlı bir Abbas Abdulla gəlib keçdi bu dünyadan.
Bu gün onun yubiley günüdür, sağ olsaydı 85 illiyi qeyd edilərdi. Tribunalardan çıxıb bol-bol tərif edər, haqqında televiziyalar verilişlər göstərər, saytlar, qəzetlər yazardı. Amma dünyadan köçüb deyə bütün bunlar yoxdur. Səssizlik, sükut içində bir ustad şairin, yurd və el şairinin, bir türk oğlu türkün doğum günü ötüşməkdədir.
Bizsə yazdıq, hamıya bir çağırış etdik, milli dəyərlərimiz olan heç kəsi unutmağa haqqımız yoxdur deyə.
Bu dünyanın işlərinə
Çözüm varsa, gözüm çıxsın.
Giclərinə, biclərinə
Dözüm varsa, gözüm çıxsın.
Canım üzdüm haqdan yana,
Sözü dedim, anlayana.
Anlamayan hər nadana
Sözüm varsa, gözüm çıxsın.
Ömrüm keçdi qeylü-qalda,
Adım çıxdı sağda, solda.
Arsız, hırsız gedən yolda
İzim varsa, gözüm çıxsın.
Çocuqkən qoştum əməyə,
Varmadım haram yeməyə,
Xalqa yalan söyləməyə
Üzüm varsa, gözüm çıxsın.
Ölüm-qalım bazarında
Can bu gündə, göz yarında.
Fani dünyanın varında
Gözüm varsa, gözüm çıxsın.
Bax belə şeirlər yazardı Abbas Abdulla.
Bioqrafiyasına göz gəzdiririk, 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. Orta təhsili Bolus Kəpənəkçisi (I-VIII), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində alıb. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik edib.
Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını, Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini bitirib, Kiyevdə Ukrayna EA-nın T. Q. Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib.
Universitetdə tələbəlik illərində həm də işləyib: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olub. "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir, baş redaktorun müavini, "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru, Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu olub.
Ədəbi fəaliyyətə "Öyün, vətənim!" adlı ilk şeiri 1957-ci ildə "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap ediləndən sonra başlayıb. O, poetik yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirib. İ. Draç, İ. P. Kotlyarevski, M. Rılski, T. Şevçenko, L. Ukrainka, L. Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə edib.
26 Bakı komissarı rayonu (indiki Səbail rayonu) xalq deputatları Sovetinin deputatı seçilib. Moskvada, gənc şairlərin V Ümumittifaq poeziya festivalında, qardaş respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edib.
Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil edib. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
Abbas Abdulla uzun sürən xəstəlikdən sonra 4 sentyabr 2019-cu ildə axşam saatlarında Bakıda yaşadığı mənzilində vəfat edib.
5 sentyabrdaq Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn edilib.
Kitabları
1. Ata yurdu (şeirlər)
2. Ağlı-qaralı dünya (şeirlər)
3. Azərbaycan-Ukrayna ədəbi əlaqələri
4. Üzü dan yerinə (şeirlər və poemalar)
5. Sonsuzluğa gedən karvan (şeirlər və poemalar)
Ukrayna dilindən və ruscadan tərcümələri
1. İ. Draç. Könlümün harayı
2. V. Leqkobit. Hərə bir şəkil çəkir
3. İ. P. Kotlyarevski, Natalka Poltavka
4. M. F. Rılski. Yanğı (şeirlər və poema)
5. M. Şapoval. Son görüş
6. Bayraq və günəş (Ukrayna sovet şairlərinin şeirləri)
7. T. Şevçenko. Fikirlərim, düşüncələrim (şeirlər və poemalar)
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)


