İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşdu. Fəxri Xiyabanda yeri hazır idi, amma vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edildi. Bu, bir ömür hekayətinin sonu idi. Xalqı, milləti üçün çalışıb-vuruşub sadə ömür sürdü və sadəliklə də dəfn edildi...
Yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, teatr texniki məktəbinin müdiri, pedaqoji institutda dosent, kafedra müdiri, Kamçatka Pedaqoji İnstitutunda dosent, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb.
Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınıb və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib
Ədəbi fəaliyyətə 16 yaşında başlayıb və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılıb. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsri tarixində bu janrı yenidən həyata gətirib. Onun "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim" (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülüb. "Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.
Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınları" (1974, 1991), "Azərbaycanın şair və aşıq qadınları" (II nəşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməyib.
Kitabları
1. "Natəvan haqqında hekayələr" (1963) – bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın (XIX əsr) həyatını qələmə alıb
2. "Aləmdə səsim var mənim" (1973–1978)- ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır
3. "Vətənə qayıt" (1977) – XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Salyan bölgəsində baş verən hadisələr
4. "Yad et məni" (1980) – XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı roman
5. "Sabir" (1989) – XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilən əsər;
6. "Eldən elə" (1992) – XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında roman
7. "Rübabə-sultanım" (2001) – XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı
8. "Xəzərin göz yaşları" (2003) – 1938-ci ildə Azərbaycanda yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən 3–4 gün ərzində İrana məcburi deportasiyası haqqında povest
9. "Eşq sultanı" (Ölümündən bir az əvvəl bitirmişdir)- XV–XVI əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında roman
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)