
Super User
“Vizual Sensasiya” - Heyran Mustafa-Zadənin fərdi sərgisi belə adlanır
Praqada azərbaycanlı rəssam Heyran Mustafa-Zadənin 7 ay davam edən “Visual Sensasiya” adlı fərdi sərgisi başa çatıb. Martın 30-da Praqadakı “Randls” qalereyasında açılmış sərgidə rəssamın son beş ildə yaratdığı əsərlərinin bir hissəsi nümayiş olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə çərçivəsində rəssam çex dilində təqdimatla çıxış edib. Təqdimatda Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələrinin rəssamın yaradıcılığına təsirsiz ötüşmədiyi vurğulanıb.
Rəssam çıxışında deyib: “Sərgiyə mənim dünyaya baxışımı əks etdirən əsərləri seçilib. Əsərlərin çoxu abstrakt rəsmlərdir. Ümid edirəm ki, hər kəs orada öz həqiqətini görəcək, özünə aid olanları duyacaq”.
“Azərbaycan incəsənət ölkəsidir” şüarı altda keçirilən açılış mərasimində İsfar Sarabski və Etibar Əsədlinin muğam-caz kompozisiyalarının müşayiəti ilə, milli şirniyyatlardan şəkərbura, paxlava, Azərbaycan çayı və nar şərabı təqdim olunub.
Qonaqlar rəssamın dünyasını, fikir və emosiyalarını kətan və kağızda əks olan abstrakt kompozisiyalar, portret və təbiət mənzərələrilə kəşf ediblər.
Sərginin kuratoru Sara Davis Heyranın rəsmlərindəki milli kimlik xüsusiyyətlərinə diqqət çəkərək, bu əsərlərdə milli buta ornamentini başlanğıc nöqtəsi kimi gördüyünü vurğulayıb. Təşkilatçılar Pavel Randls və Lucie Horjeyşi Heyranın özünəməxsus üslubundan, özünüifadənin yeni formasından, neo-ekspressionizmindən danışıblar.
Qeyd edək ki, yeddi aylıq layihə çərçivəsində müəllifin müşayiəti ilə ekskursiyalar təşkil olunub. Qonaqlar maraqlandıqları sualları rəssamla birbaşa müzakirə etmək, əsərlərin ideyası və yaranma tarixi ilə tanış olmaq imkanı qazanıblar.
Rəssamın “HEYRANAM” brendi altında təqdim olunan əsərlərinin satışından əldə olunan gəlirin bir hissəsi əlilliyi olan insanlara dəstək məqsədilə xeyriyyə fonduna bağışlanıb.
Heyran Mustafa-Zadə 10 ildir ki, Praqada yaşayıb-yaradır. İşində müxtəlif texnikalarla təcrübələr aparır. Praqa İncəsənət və Dizayn İnstitutunun rəssamlıq və qrafika studiyasının məzunu olan Heyran müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edib. Budəfəki sərgi rəssamın ikinci fərdi sərgisidir
“General” romanı ilk dəfə latın qrafikasında çap olunub
Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Hüseyn Abbaszadənin 100 illiyi münasibəti ilə bir neçə tədbir nəzərdə tutulub, bunlardan biri də əsərlərinin latın qrafikası ilə çapıdır.
Yaradıcılığa bilavasitə iştirakçısı olduğu İkinci Dünya müharibəsi illərində vətənpərvər ruhlu şeirləri ilə başlayan yazıçı bu mövzuya sonralar da sadiq qalır, zaman-zaman oxucularına Vətən sevgisi, fədakarlıq, igidlik hissləri aşılayan neçə-neçə roman və hekayələr qələmə alır.
Hüseyn Abbaszadənin “General”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Haradansınız, müsyö Abel?”, “Qaradağ əhvalatı”, “Evə kölgə düşür”, “Uzaqdan gələn qonaq” və s. bu kimi əsərləri milli koloriti, həqiqiliyi, hər dövrün oxucusu ilə onun dilində danışmaq bacarığıyla bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ədibin yubileyinə töhfə olaraq Dövlət Tərcümə Mərkəzi tərəfindən ilk dəfə latın qrafikasında ərsəyə gətirilən kitabı yaxın günlərdə Bakının bir neçə kitab evləri və mağazalarından əldə etmək olar.
Əfsanəvi Azərbaycan generalı, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun igidliyi və hərbi rəşadətindən bəhs edən “General” romanı milli ədəbiyyatımızda hərbi vətənpərvərlik mövzusunda yazılmış nadir sənədli-tarixi əsərlərdəndir.
Azərbaycan “Qorqud Ata” Türk Dünyası Film Festivalında iştirak edəcək
Azərbaycan tərəfi noyabrın 1-də Türkiyənin Bursa şəhərində start götürəcək “Qorqud Ata” Türk Dünyası Film Festivalında geniş tərkibdə iştirak edəcək.
AzərTAC təşkilat komitəsinə istinadla xəbər verir ki, festival çərçivəsində Azərbaycanın kino yaradıcılığında mühüm yeri olan “Həyat, deyəsən, gözəldir” və “Dalan” filmləri müsabiqələrdə iştirak edəcək. Bundan başqa, müsabiqədən kənar “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri kinosevərlərin görüşündə olacaq.
“Qorqud Ata” Türk Dünyası Film Festivalında münsiflər heyətində Elxan Cəfərov və Mehriban Ələkbərzadə yer alırlar.
Festivalın bağlanış mərasimi noyabrın 5-də nəzərdə tutulub. Sonda qaliblər mükafatlandırılacaq.
Anar Kərimov: “Biz islahatlara musiqi və incəsənət məktəblərindən başladıq”
Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimovun uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlərlə görüşü keçirilib. “Ədəbiyyat və incəsənət” portalı həmin görüş barədə məlumatı təqdim edir.
Son iki ildə nazirlik tərəfindən mədəniyyət sahəsində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov diqqətə çatdırdı ki, müasir standartlara cavab verən bir sistemə keçid mərhələsindəyik: “Biz islahatlara musiqi və incəsənət məktəblərindən başladıq. Çünki bu sahə baza rolunu oynayır və burada proseslərin təməli daha möhkəm və etibarlı qoyulmalıdır. Bu gün görüşdə iştirak edən sizlər islahatlarımızın ilklərindənsiniz. Çox şadıq ki, müəllimlərin işə qəbulu belə bir qaydada, şəffaf şəkildə reallaşdı. Müəllimlərin bu qayda ilə seçimi məktəblərdə kadr potensialının güclənməsinin başlanğıcıdır. Bu işi gələcəkdə başqa sahələrdə də davam etdirəcəyik”.
Nazir bildirdi ki, ölkəmizdə son illərdə mədəniyyət sahəsində uğurla həyata keçirilən layihələr, dövlət proqramları və islahatlar nəticəsində milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyasına zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsi ilə bağlı imzaladığı fərman və sərəncamlar icrası ilə əlaqədar Azərbaycanda mədəniyyətin müxtəlif istiqamətlərinin inkişafı, peşəkar mütəxəssislərin hazırlanması, regionlarda mədəniyyətin tərəqqisi ilə bağlı mühüm işlər görülüb.
Müəllimlərin işə qəbulu prosesi ilə bağlı məlumat verən nazir qeyd etdi ki, bu ilin 7 avqust tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə müsabiqənin test mərhələsi, 5-9 sentyabr tarixində isə müsahibə mərhələsi keçirilib. Test mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak edib, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb. 383 nəfər elan olunmuş vakant vəzifələrə qeydiyyatdan keçərək müsahibələrdə iştirakını təsdiq edib. Müsahibələrdə iştirak edən 352 nəfərdən 215 nəfəri tələb olunan keçid balını toplayaraq müsabiqədə uğur qazanıb. Onlardan 126 nəfər (59%) ali ixtisas təhsilli, 89 nəfər (41 %) orta ixtisas təhsillidir. Habelə, 8 nəfər görmə qabiliyyəti tam məhdud olan I qrup gözdən əlil uğurlu nəticə göstərərək işlə təmin olunub.
Qeyd olundu ki, uğur qazanmış 215 namizəddən ən yüksək nəticəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə məzunu Lalə Əhmədova (test imtahanından 58, müsahibədən 15 bal) göstərib. Yüksək nəticələr üzrə ilk üçlüyə isə Azərbaycan Milli Konservatoriyasının məzunları Solmaz Rəhimova və Gültəkin Cavadova daxildir.
Anar Kərimov eyni zamanda müsabiqənin yüksək səviyyədə, obyektiv, qərəzsiz keçirilməsində müsahibə komissiyalarının sədrlərinin və üzvlərinin əməyini xüsusi qeyd edərək onlara təşəkkürünü bildirdi. Nazir çıxışının sonunda oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda keçirilən müşavirədə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktorlarına gənc müəllimlərə 24 saatdan az olmayaraq iş saatının verilməsi barədə göstəriş verdiyini diqqətə çatdırdı. Regional idarələrin rəhbərlərinin bu prosesə nəzarəti həyata keçirmələri barədə göstəriş verildiyi qeyd edilib.
Sonda müsabiqədə yüksək bal toplayan müəllimlərə və müsahibə komissiyalarının üzvlərinə nazirliyin fəxri fərmanlarını təqdim edən Anar Kərimov Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafındakı fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Fikrət Əmirovun 100 illik yubileyi UNESCO-da qeyd olunacaq
Azərbaycan dahilər diyarıdır.
2022-ci ildə dahi Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100 illiyi tamam olur və onun yubileyə həsr edilmiş bir sıra silsilə tədbirlər keçirilir.
Bunlardan ən əsası barədə “Ədəbiyyat və incəsənət” portalı sizləri agah edir. Məlum olduğu kimi, 9-24 noyabr tarixlərində Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilmiş və bu yubileyin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiqlənib.
3 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO-nun birgə təşkilatçılığı altında Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı Parisdə, UNESCO-nun Baş qərargahının konsert zalında baş tutacaqdır. Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər. Konsert proqramına bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstani Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Ərəb mövzuları əsasında Fortepiano konserti”, məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxildir. Yubiley konsertinin rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.
Yeni adlar sırasında kimlər var?
Mədəniyyət Nazirliyi milli musiqimizin qorunması, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində mühüm layihələr həyata keçirilir. Bu layihələr Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğini, musiqi və estetik zövqünün formalaşmasına dəstək olmağı hədəfləyir, istedadlı gənclərin üzə çıxmasına təkan verir, onların geniş auditoriyada tanınmasına yardımçı olur. Nazirliyin bu ilin mart ayından reallaşdırdığı “Yeni adlar” layihəsi də onlardan biridir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı xəbər verir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçiriləndə bu adlar əyani şəkildə təqdim edildi.
Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Orxan Həşimov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Vaqif Qurbanov (violonçel) və Elxan Niftiyev (piano) maraqlı proqramla çıxış etdilər.
Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər vardı.
Konsertdə Vaqif Qurbanovun ifasında Yozef Haydnın “Violonçel və orkestr üçün konsert”i, Elxan Niftiyevin təqdimatında isə Ferents Listin “Piano və orkestr üçün konsert” əsərləri alqışlarla qarşılandı. İstedadlı gənclər hər iki əsərin yüksək peşəkarlıqla tamaşaçılara çatdırılması üçün məharətlərini ortaya qoydular.
*
Vaqif Qurbanov 2006-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2012-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin cello ixtisasına qəbul olunub. Hazırda həmin məktəbin XI sinfində təhsil alır. Təhsil aldığı illərdə bir çox müsabiqələrdə iştirak edən musiqiçi 2018-ci ildə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş III Respublika müsabiqəsində I yerə layiq görülüb. Bununla yanaşı, “Gələcəyin ulduzları” (Future Stars) IX Beynəlxalq klassik musiqi müsabiqəsi və “World Harmony” beynəlxalq müsabiqəsində I yeri qazanıb.
Gənc ifaçı Azərbaycandan kənarda da nailiyyətlər əldə edib. Yunanıstanda keçirilən “Stars of Greece” beynəlxalq müsabiqəsi, Çexiyada “Spring Symphony” müsabiqəsi və Ukraynada təşkil olunan “Sozvezdiye Europe-Asia –2021” beynəlxalq festivalında Qran-priyə layiq görülüb. O, həmçinin İtaliyada keçirilən “Racconto Di Primavera”, İspaniyada “World Art Games”, Rusiyada “Radio Golos Planeta”, “Zvezda efira”, Polşada “King’s peak international music competition”, “Rapsodia Polska” müsabiqələri və Finlandiyada təşkil olunan “Nordic Fest 2021” festivalında I yerləri qazanıb.
“Yeni adlar”ın digər iştirakçısı Elxan Niftiyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2016-cı ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini piano sinfi üzrə fərqlənmə ilə bitirib. 2016-2020-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr, 2020-2022-ci illərdə isə magistr pilləsi üzrə təhsil alıb.
Elxan Bülbül adına məktəbdə təhsil aldığı illərdə (2009-2012) Pianoçuların Respublika müsabiqəsinin laureatı olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil aldığı dövrlərdə isə bir neçə dəfə solo konsert verib. Pianoçu 2017-ci ildə IX Qəbələ Beynəlxalq Musiqi Festivalında, eləcə də XII Qəbələ Musiqi Festivalında çıxış edib.
Elxan Niftiyev Estoniyada keçirilən Şopen adına pianoçuların beynəlxalq müsabiqəsində, İngiltərədə pianoçuların beynəlxalq müsabiqəsində, Fransada Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsində laureat olub.
“Şuşa mədəniyyətinin inciləri” layihəsində Süleyman Sani Axundov
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Süleyman Sani Axundova həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. Onun əsərləri bu gün də böyük maraqla oxunur.
Azərbaycan dramaturqu, nasir, maarif xadimi S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləyib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş ədib ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə "Əmək qəhrəmanı" adına layiq görülüb. 1921-1930-cu illər ərzində, keçmiş sovetlər ittifaqında Bakı Sovetinin üzvü olsa da, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb. Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olub.
İlk əsəri "Tamahkar" komediyasi ilə tanınmış yazıçı bu əsərini böyük dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" əsərinin təsiri ilə qələmə alıb. Bundan başqa, yazıçı "Dibdat bəy", "Türk birliyi" komediyalarının, "Laçın yuvası", Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" kimi pyeslərin və bir sıra uşaq əsərlərinin də müəllifidir. Bir nasir kimi 1905-ci ildə yazdığı "Qonaqlıq", "Kövkəbi-hürriyyət", "Yuxu" kimi hekayələri də müəllifin maraqlı hekayələrindəndir.
O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır.
Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri var. 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edən Süleyman Sani Axundov 1939-cu il martın 29-da vəfat edib.
Günün fotosu: Braziliya yeni prezident seçdi
Günün fotosu: Braziliya yeni prezident seçdi
Bu Luis Lulu da Silvadır. Avropa İttifaqı onu təbrik edib seçkinin ədalətli keçdiyini bildirdi.
Foto: Euronews
Ümid Nəccari təltif olunub
Güneyli soydaşımız, istedadlı şair Ümid Nəccari UNESCO və Beynəlxalq Mədəniyyət Assosiasiyası “The Cafe of Ideas” tərəfindən "Böyük İskəndər Medalı" ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə şair öz facebook hesabında məlumat verib.
Azərbaycanlı yazıçılar ermənilərin iç üzünü Moskvada açdılar
Moskvada, İSP nəşriyyatında Azərbaycan yazıçıları Varisin və Əlibala Məhərrəmzadənin “A.M.İ.N.” adlı romanları işıq üzü görüb. Özü də nəşriyyat hesabına, Rusiyada çox bəyənilən “Müasir Proza Kolleksiyası” seriyasından, günümüz üçün kifayət qədər sanballı tirajla – 5000 nüsxədə. Roman alpinistlərin dağ zirvəsinə yüksəlməsi fonunda Qarabağ müharibəsinin gizlinlərindən danışır, o gizlinlərdən ki, MDB məkanının oxucuları əksərən onlardan xəbərsizdir. Seriyanın tərtibçisi Oksana Kovalevskyaya, nəşrin məsul redaktoru Yekaterina Şinkarenkodur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı İSP nəşriyyatının rəsmi saytına istinadən xəbər verir.
Rusiyanın Qarabağ müharibəsində tutduğu mövqe təbii ki, hər bir azərbaycanlıya məlumdur. Kreml siyasətinin ayrı-ayrı məqamlarda erməni lobbisinin maraqları ilə uzlaşması uzun illərdir ki, Azərbaycan ictimaiyyətini narahat edir. Bu siyasətə elə həmin siyasətin vətənində əks mövqe sərgiləmək təbii ki, Azərbaycan üçün çox vacibdir. Və bu əks mövqe əgər olduqca güclü silah sayılan ədəbiyyatda, incəsənətdə sərgilənirsə, onun ikiqat effektindən danışmaq lazımdır.
“Bir gün üst-üstə yığılaraq günah dağın yarananda onun zirvəsindən üzüaşağı yuvarlanmaq zamanın yetişəcək. Barı savabların da tapılsın ki, pərqu kimi yerə döşənib səni parça-parça olmaqdan xilas etsinlər” üst yazısı ilə başlayan romanin dörd qəhrəmanı var, romanın adı da onların adlarının baş hərflərindən ibarətdir. Bakının Kubinka məhəlləsində yaşayan üçü azərbaycanlı, biri də yəhudi olan bu dörd gənc Qarabağ müharibəsinin ilk illərində könüllü olaraq cəbhəyə yollanmaq fikrinə düşürlər. Bir neçə il öncə - Qarabağ problemi yenicə başlayanda isə o vaxt məktəbli olan dostlar Şahdağın zirvəsinə qalxaraq o yüksəklikdə Ulu yaradandan Azərbaycanın haqq işində qələbə qazanmasını arzu etmişdilər.
Hər şey də bax bu iki niyyətin üzərində cəmləşib.
Roman o qədər maraqlı, süjet o qədər çəkicidir ki, rusiyalı naşirlər bu marağın naminə hər hansı siyasi təzyiqə məruz qalacaqlarını belə gözə alaraq onu çap etmək riskinə gediblər. Əlbəttə ki, bu, kifayət qədər diqqətçəkən faktdır.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsinə ithaf edilən bu roman hazırda Rusiyanın kitab mağazalarında, habelə nüfuzlu LitRes elektron kitab platforması başda olmaqla əksər platformalarda satışdadır.
Azərbaycanlı oxucular üçün də xoş töhfə var. Cari ilin sonunadək roman “Azərkitab” nəşr evində Azərbaycan dilində Akademik Nizami Cəfərovun “Katarsis” adlı önsözü ilə işıq üzü görəcək.
“Varislə Əlibala Məhərrəmzadənin birgə yaradıcılıq axtarışlarının son dərəcə uğurlu məhsulu olan “A.M.İ.N.” romanı zəmanəmiz üçün olduqca aktual problemlərə nüfuz etməklə yanaşı, zəngin həyat hadisələrini eyni bir məcraya gətirərək onlara məhz arxaik (və əbədi!) mənəvi-əxlaqi prinsiplər əsasında geniş şərh vermək cəhdləri ilə böyük maraq doğurur. Roman həm birnəfəsə oxunur, həm də elə ilk oxunuşdan oxucunun bütün varlığına hakim kəsilmək iqtidarında olan güclü bədii-estetik aura yaradır ki, bunu təsvir edilən hadisələrin gur işıq altında verilməsi, xarakterlərin təqdiminin istər mənfi, istərsə də müsbət “poza”lardakı sadəlövhlüyə varacaq qədər səmimiliyi, təhkiyənin nağıl-dastan plastikası konteksində yeri gəldikcə baş qaldıran, ümumi ideyanın açılmasına təkan verən psixoloji dramatizmi şərtləndirir.”
Bu isə akademikin önsözündən başlanğıcıdır.
Önsözün sonluğunu da diqqətinizə çatdırırıq: “...Və şübhə etmirəm ki, istedadlı qələm adamlarımızın bu birgə yaradıcılıq uğuru yalnız vətəndə deyil, onun hüdudlarından uzaqlarda da məmnunluqla qarşılanacaqdır”.
Hörmətli akademikimiz təbii ki, yanılmayıb. Romanın öncə vətəndə deyil, onun hüdudlarından kənarda - özü də ən çox ehtiyac duyulan coğrafiyada çap olunması əlbəttə ki, əsl uğurdur.