
Super User
Günün fotosu: Rusiya depressiya girdabında
Günün fotosu: Rusiya depressiya girdabında
Rusiyanın Ukraynaya silahlı müdaxiləsindən sonra ölkə psixoloqları və marketoloqları iddia edirlər ki, ölkə əhalisi - ruslar sürətlə depressiya girdabına düşməkdədir.
Foto: Euronews
Şuşa Dövlət Musiqili Dram Teatrı Zəfər Günü ilə bağlı tədbir keçirib
Zəfər Yolu” İB-in təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında “Zəfər Günü” ilə bağlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin əvvəlində ənənəvi olaraq dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Şuşa Dövlət Musiqili Dram teatrının kollektivi “Dəmir Yumruq” əbədi-bədii kompozisiyası ilə çıxış edərək musiqi səsləndiriblər və arxa fonda Prezident İlham Əliyevin xalqa müraciət edərək işğaldan azad edilmiş ərazilərin xəbərini çatdırması göstərilib.
Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı Yaşar Muradov tədbirdə çıxış edərək giriş mətnini səsləndirib və tədbirdə iştirak edənləri Zəfər bayramı münasibətilə təbrik edib.
Tədbirin ardınca “Zəfər Yolu” İB-in sədri, şair, publisist Pərvanə Abdullayeva çıxış edərək tədbirlə bağlı təəssüratlarını ifadə edib.
Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn bəzi hərbçilərimizin anaları çıxış ediblər və tədbirlə bağlı öz fikirlərini deyiblər.
Tədbirdə Vətən Müharibəsi iştirakçısı, Füzuli-Xocavənd istiqamətində gedən ağır döyüşlərdə bir ayağını itirmiş hərbçi Taleh Camalov da iştirak edib.
1-ci Qarabağ müharibəsi iştirakçısı, müharibə qazisi Nazim Hüseynov da keçdiyi döyüş yolundan bəhs edib.
1-ci Qarabağ müharibəsi qazisi Rüxsarə Bayramova da Zəfərin əldə edilməsindən məmnunluğunu ifadə edib, şəhidlərimizə rəhmət diləyib, qazilərimizə tezliklə şəfa arzulayıb.
Hər zaman “Zəfər Yolu” İB-in tədbirlərinə dəstək göstərən, şəhid ailələrinə maddi-mənəvi dəstəyini əksik etməyən Rusiyanın Surqut şəhərində yaşayan həmyerlimiz, xeyriyyəçi Hikmət İbrahim oğlu Əliyevin təbrikləri çatdırılıb.
Zəfər Yolu İB-in sədrinin birinci müavini Nizami Məmmədov, İB-in Şuşa nümayəndəliyinin rəhbəri İlqar Məmmədov, “Zəfər Yolu” İB-in şöbəsinin müdir müavini Hacıbala Əliyev, “Zəfər Yolu” İB-in könüllüsü Sevinc Bəxtiyar da Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib, şəhid ailələrinə və qazilərinə ehtiram və hörmət etməyin mənəvi borc olduğunu diqqətə çatdırıblar.
Tədbirin davamında “Zəfər Yolu” İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şahinoğlu çıxış edərək tədbirin keçirilməsində dəstəyi və əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.
Zəfər Yolu İB-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri, I Qarabağ müharibəsi iştirakçısı Maqsud Həşimovun qızı Leyla Həşimli də belə tədbirlərdə iştirakına görə məmnun olduğunu söyləyib.
Tədbirin sonunda “Zəfər Yolu” İB tərəfindən ehtiyatda olan polkovnik Faiq Tahirov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, xeyriyyəçi Natəvan Şadlinskaya və bir qrup media nümayəndələrinə “Təşəkkürnamə”lər təqdim edilib.
Qeyd edək ki, “Dəmir Yumruq” ədəbi-bədii kompoziyasında xalq artisti Şükufə Musayeva, əməkdar artist Nazir Rüstəmov, əməkdar artist Teymur Məmmədov, Xanirə İsgəndərova, Rasəf Mehdiyev, Bahar Həmzəyeva, Emin Sevdiməliyev, Əlirza Kənani, Sabirə Abdullayeva iştirak ediblər.
Kompoziyanın quruluşcu rejissoru Lalə Şirinova, quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, videomühəndis Vadim Kuskovdur. Teatrın direktoru Yadigar Muradov, baş rejissoru isə əməkdar artist Loğman Kərimovdur.
“Gözlənilən xəyanətin gözlənilməzliyini də gözləmək gərək...”
Şair Yusif Nəğməkarın Hikmət Bankomatından
*Düşmənin susması yeni hay-həşir qoparacağının bünövrə fəndidir...
*Qonşunun çəpərinə daş atanın qapı-pəncərəsi daşlanar...
*Budandıqca yenidən boy göstərən qaratikanın kökü kəsilməsə, keçilməz kol-kosa dönəcək...
*Gözünü hər yuman düşməni yatmış hesab etmək yuxulu ağlın yanlış gümanıdır...
*Anlaqlı olanlar anlaşılmazlığı da anlamağa qadirdir...
*Dostluqdan tez-tez dəm vuranların dostluğu olmaz...
*Dost dostunu onun gücündə və imkanında olmayan işlərə təhrik edərək umu-küsü yaratmaqla heç özü də bilmədən özünün yalnız ehtiyac dostu olduğunu və nadanlığını büruzə verər...
*"Uman yerdən küsərlər" məsəlini yerli-yersiz əlində dəstəvuz edənlər küsdüyü yerin uma biləcəyini də unutmamalıdirlar...
*Səndən körpü (vasitə) kimi istifadə edərək əliyetməyənə əlini çatdıran saxta "dost"un sonradan həmin "körpü"nü uçuracağı labüddür...
*Təmənnalı dostluq minnətlə udulan hava kimidir...
*Hər cızma-qara şeir olmadığı kimi, hər giley-güzar da aforizm deyildir...
“Aşıq deyişmələri” adlı antologiya işıq üzü görüb
Azərbaycan Aşıqlar Birliyində (AAB) ərsəyə gətirilmiş “Aşıq deyişmələri” adlı antologiya işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
O, bildirib ki, antologiya Azərbaycan aşıq ədəbiyyatının tarixində ən fəal və işlək bir sənət axarını – aşıq deyişmələrinin xronoloji mənzərəsini ortaya qoyan ilk sistemli nəşrdir. Topluda orta çağların Yetim Aydın, Aşıq Qərib, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh kimi böyük ustadların və onlardan sonrakı dönəmlərdə yaşayıb fəaliyyət göstərmiş Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Aşıq Şenlik, Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Növrəs İman, Mikayıl Azaflı və digər saz-söz xadimlərinin yaradıcılıq nümunələri yer alıb.
Antologiyanın tərtibçiləri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovadır.
İran və Rusiya barədə..
Məqsəd Nur yazır
Gördüyünüz bu foto kəndimizin - Kəlbəcərin Zülfüqarlı kəndinin xoşbəxt günlərindən birində çəkilib. Təxminən bu vaxtlardan da bir az da qabaq (70-ci illər) - kiçik yaşlarımda, İrandan bir adam gəlmişdi - anamın xalası oğlu.
O, İranda keçirilən güləş üzrə dünya çempionatında SSRİ-ni təmsil edərək yarışda iştirak edib mühüm bir qələbə ilə Vətənə dönmüşdü. Evimizə xeyli adam yığışdı. İrandan çempionluqla geri qayıdan pəhləvanımızın qələbəsi yaddan çıxdı, o hansısa qohumlar, şəhərlər, müxtəlif adamlar barədə danışırdı: evimizdəki kişilərin kədərli hənirtisi, qadınların hıçqırtısı hələ də qulaqlarımdan getmir. Hər dəfə İran sözünü eşidəndə o səslərı, hənirtiləri xatırlayıram. Sonrası isə uzun hekayədir. Böyüdüm, əvvəl nənəm, əlimdən tutub babalarımın yatdığı qəbristanlığa apardı, "ağqulaqların" (rusların) bu qəbristanlıqda yatan başıpapaqlılarımızı dönəm-dönəm, nəsil-nəsil (1804-1932) güllələdiyini, sürgün və dərbədərliyin baş alıb getdiyini dedi, üstünə də bayatılarını əlavə etdi (hər bənddə 3 kədər, bir ümid vardı). Sonra isə böyük qardaşım, tarix müəllimi heç "gözümü açmamış" mənə (təxminən 5-ci sinifdə oxuyarkən) İranın da, Rusiyanın da iç üzünü açıb ortaya qoydu. Məncə, bu qədər informasiya - kədər, məğlubiyyət, məhrumiyyət bir uşaq ağlı üçün çox idi. Hələ bu bir yana, sonradan özüm nələr gördüm: I Qarabağ savaşında iştirak etdim, şahid oldum - əvvəlcə İranın çoxqatlı xəyanətləri, sonra talanları, Rusiyanın "ağqulaq"lığı - eynən nənəm və qardaşım dediyi kimi, qarşıma çıxdı. İndi, hər kəs, hər şeyi yaxşıca, vaxtında bilir, görür, eşidir və anlayır, söz yox. Bircə mənim hətta bu ağ-qara fotonun içərisindən də pambıq bəyazlığında buludlar kimi işiq saçan gözəl kəndim və onun hər küncüdə sakitcə yaşayan xatirələrim yer üzündən silindi... Kimin, nəyin üzündən?
Azərbaycanı təmsil edən qısa film beynəlxalq festivalda birinci yerə layiq görülüb
“Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” adlı qısa film 13-cü Amorqos Beynəlxalq Turizm Filmləri Festivalında “Turizm destinasiyası olan ölkələr” nominasiyası üzrə birinci yerə layiq görülüb.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, eyni nominasiya üzrə ikinci pillədə Avstraliya, üçüncü pillədə isə Avstriya qərarlaşıb.
“Turizm destinasiyası olan ölkələr”, “Turizm destinasiyası olan şəhərlər”, “Turizm məhsulları”, “Turizm xidmətləri”, “Səyahət üzrə marketinq videosu” və “Müstəqil səyahət videosu” nominasiyalarını əhatə edən müsabiqədə 50 ölkədən 145 turizm videoçarxı iştirak edib.
Beynəlxalq münsiflər heyətinin qiymətləndirməsindən sonra 25 qısa film nominasiyalara namizəd seçilib.
Qeyd edək ki, “Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” filmi “DARS FILMS” tərəfindən “BBC World News” üçün hazırlanıb.
Amorqos Beynəlxalq Turizm Filmləri Festivalı 2017-ci ildən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) rəsmi üzvüdür.
Rəsm qalereyası: Nəvai Mətin, “Əfqanıstan silsiləsi”ndən
Günün fotosu: Zelenski Oskar qazanıb
Günün fotosu: Zelenski Oskar qazanıb
Məşhur Amerika aktyoru və rejissoru Şon Penn Kiyevə səfər edib və öz Oskar mükafatından birini Ukrayna prezidenti Volodimir Zelenskiyə hədiyyə edib.
Foto: Euronews
Güllələnən ilk qadın pianoçumuz
“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Kulis.az saytında dərc edilən Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın həyatına dair maraqlı faktları təqdim edir.
Xədicə Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhanilərdən olan Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX əsrdə Tiflisdə məskunlaşan tatar Terequlovlar ailəsindən idi.
*
Hər iki valideyni ziyalı olduğu üçün qızlarının yaxşı təhsil almasını istəyiblər. Odur ki, Xədicə ilk təhsilini Müqəddəs Nina Qızlar məktəbində alır.
*
1911-ci ildə Tiflisdə yayılan vərəm xəstəliyi Xədicənin atasını, bacısını, və qardaşını əlindən alır. Ona görə, də o təhsilini yarımçıq qoymalı olur.
18 yaşında ailəsini itirən Xədicə Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu, mühəndis Nadir Qayıbovla ailə qurur. Bir müddət Tiflisdə yaşadıqdan sonra 1919-cu ildə Qayıbovlar Bakıya köçür.
*
Sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSRİ Xalq Təhsil Komissarlığında Şərq musiqi şöbəsinə rəhbər təyin edilib. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanıb. Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edib, Ü. Hacıbəyov, R.M. Qliyer (sovet bəstəkarı), Bülbül, H. Sarabski, M.L. Presman, L. Rudolf, L. Ab, Q. Primov kimi sənətkarlarla əlaqə saxlayıb, Azərbaycan musiqi folklorunun toplanmasında böyük rol oynayıb.
*
İctimai həyatda da fəal olan Xədicə Qayıbova Hacı Zeynalabdin Tağıyevin qadınlara təhsil verilməsi ilə bağlı keçirdiyi layihələrdə iştirak edir, qadınları təhsilə çağırırdı. 1927-ci ildə belə çıxışlarından birində deyir:
"Qadın istərsə, bacarar, nail olar. Tək gərək olan savad və maarif üçün çalışmaqdır. Mən vətənimin qızlarına sonsuz etimad edirəm."
Xədicə xanıma Tağıyevin xüsusi hörməti olub. Fəaliyyətinə görə ona üstündə öz şəkli olan servis və çox qiymətli brilyant qaşlı üzük də bağışlayıb.
*
Cümhuriyyətin süqutundan, sovet işğalından sonra Azərbaycanın müstəqilliyinə söz verilmişdi, ona görə də insanlar hər kəs öz sahəsində fəaliyyəti ilə məşğul idi. Elə ki aldandıqlarını, istismar olunduqlarını anladılar, etirazlar başladı. Bu və ya digər formada etirazlar isə kütləvi sürgünlər və qətllərlə qarşılanmağa başladı. Bu dalğanın içində Xədicə Qayıbova da vardı.
*
Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə Qayıbovanı 3 ay müddətinə həbs edirlər. O da həyat yoldaşı kimi casusluqda ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad etməli olurlar.
*
Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi fəaliyyətlə məşğul olmağa başlayır. Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətində çalışır. Missiyası Azərbaycanın musiqi mirasının araşdırılması idi.
Çox keçmir 1937-ci ildə Xədicə Qayıbovanın həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır. 1938-ci ildə qətlə yetirilir.
*
16 mart 1938-ci il tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir sənəd tərtib edir:
"Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir".
*
Xədicə xanımın həbsindən qızı Alanqunun xatirələrində belə bəhs olunur:
"Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı. Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündən asılmışdı. Onu da götürdülər..."
Ziya Bünyadov "Qanlı illər" kitabında Xədicə Qayıbova haqqında məqalədə yazır:
"1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik idarəsinin 4390 nömrəli orderinə əsasən Qayıbova Xədicə xanım Şah döngəsi 16 nömrəli evdə həbsə alınmışdı (Qayıbovanın o vaxt 23 yaşlı Abdulkərim adlı oğlu və 12 yaşlı Alanqu adlı qızı var idi)".
*
1938-ci ildə 9 dəfə dindirilən Xədicə Qayıbova dindirmədə heç kimim əleyhinə ifadə verməyib və heç birində güllələnməyə rəvac verən ifadəsi də yoxdur. Ancaq mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir hesab edilir.
Altı aydan sonra belə qərar çıxarılır: "Qayıbova Xədicə xanım Osman qızı - Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin!"
*
Onun dindirilmə prosesində o vaxt dövlətə rəhbərlik edən Mir Cəfər Bağırov da bəzən iştirak etdiyinə dair söhbətlər gəzsə də, bu barədə heç bir sənəddə və araşdırmalarda onun adı keçməyib. Hətta Mir Cəfər Bağırovun Xədicə xanımı sevdiyinə dair söz-söhbətlər də dolaşıb. Deyilənlərə görə onun başına gələnlərin səbəbi Bağırovun evlənmə təklifini rədd etməsi olub. Xədicə Qayıbovanın qətlində Bağırovun bilavasitə iştirakı da iddialar arasındadır. Guya cəza kəsiləndən sonra Xədicə Qayıbovanın kamerasına gəlib, evlənməyə razılıq versə, azad olunacağını deyir. Xədicə Qayıbova razılıq vermir. Mir Cəfər Bağırov tapançasını çəkib onu vurur və sonra da meyitinin yanında çöküb, göz yaşı tökür.
*
1953-cü ildə Mir Cəfər Bağırovun məhkəməsində Qəmər Əlizadə adlı bir qadın şahid ifadəsi verir.
Bu qadın evli ola-ola Mir Cəfər Bağırov ona sevgisini izhar edir, qarşılıq görməyəndə isə qadına əzab verir, təqib edirmiş. Məhkəmənin hakimi Bağırovdan akademik Ələşrəf Əlizadənin həyat yoldaşı Qəmər xanıma niyə əziyyət verdiyini soruşanda Bağırov - mən onu sevirdim - deyə cavab verib. Qəmər Əlizadənin Xədicə Qayıbovaya çox bənzədiyi deyilir.
Sonralar "Xalq düşməni"nin arvadı kimi həbs olunan Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər xanım Əfəndiyeva Xədicə xanım haqqında yazır: "Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: "Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam. Qoy onlar sevinməsinlər..."
*
1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək, anası haqqında məlumat istəyib. Ona 1956-cı ildə anasının bəratə alması haqqında arayış təqdim olunub.
*
Xədicə Qayıbova 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnib
Balaca Nərgizin böyük hünəri
Tanınmış teleaparıcı Saleh Bağırovun 5 yaşlı qızı Nərgizin uğuru barədə söz açmaq istəyirik.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Nərgizin "Mən Zəfərin övladıyam" adlı rəsm işi Azərbaycanın İstanbuldakı baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən "Qarabağ Azərbaycandır!" Uşaq Rəsm Sərgisində nümayiş olunur. Sərgi dünyanın ən böyük muzeylərindən birində - İstanbul Beşiktaş Deniz Müzesində keçirilir.
Balaca rəssama Xalq rəssamı Sakit Məmmədov dəstək olub, ona bu sirli-segirli rəngkarlıq yolunda tövsiyyələrini verib.
Hələ onu da deyək ki, Nərgiz Bağırova H.Z.Tağıyev Xalq Gözəl Sənətlər Universitetinin ən kiçik yaşlı tələbəsi adını da qazanıb.