Super User

Super User

Misirdə keçirilən 1-ci Beynəlxalq Karikatura Müsabiqəsində finala qalan və kataloqda yer alan əsər sırasında hənyerlimiz Soktan Soltanlının da karikaturası vardır. 

 

Şəkildə: 2022. Catalog of the 1st International Cartoon Contest "Egypt Cartoon". Soltan Soltanlı.

 

Elman Eldaroğlu yazır

 

Olduqca mükəmməl xanımdr. Onu nəiləsə təəccübləndirmək elə də asan deyil. Çox ölkələrə səfər edib, çox xalqların mədəniyyəti ilə yaxından tanış olub. Onun üçün insanlarda ən gözəl xüsusiyyət mərhəmət, ən nifrət etdiyi isə, yalandır. Peşəsini çox sevir, amma söyləyir ki, rəssamlığı da bacarsaydı daha xoşbəxt olardı. Bəzi düşündüklərini sözə çevirə bilmədiyini, çox bəyəndiyi pis cəhəti hesab edir. Qəhrəmanı Çe Gevara olan bu xanım, qanunların bərqərar olduğu yerdə özünü daha rahat hiss edir. Heç zaman jarqon ifadələri dilə gətirmir. Anlayışsız mühitdə yaşamağı bədbəxtlik sanır...

 

“Lap balaca vaxtımdan atamla anama fərq qoyurdum. Atamı həmişə artıq istəmişəm, indi də elədir. Özü də onun xatirəsi ölmüş adamın xatirəsi deyil, canlıdır, yenidir. Atam mənim yadıma bilirsən necə düşür? O fotoda “vspışka” olur e, yanıb-sönür, bax elə bir şey kimi gəlir gözümün qabağına. Ya bir söz, ya bir qoxu uşaqlığımdakı atamı canlandırır. An da deyil bu, qarşına çıxır və onu xatırlayırsan. Mən çox səfər edən adamam. Xeyli ölkədə olmuşam. Hara getsəm çox qəribədir, düşünürəm ki, atamın bu yerlə bağlı yazdığı nəsə varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bilməyib. Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdik. Düşəndə birinci yadıma gələn o oldu ki, Məmməd Arazın “Əsgər qəbri haqqında ballada” poeması var, Lvovda yazıb. Orada böyük bir qəbiristanlıq var. Müharibədə ölən əsgərlərin məzarlığı. Atam həmin qəbiristanlıqda İbrahimov soyadlı birisinin məzarını görüb. Bundan doğan o təəssüratları qələmə alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var.”- söyləyir...

Haqqında söhbət açdığım xanım- Xalq şairi Məmməd Arazın qızı, yazıçı, publisist İradə Tuncaydır. 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib.

1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub.

2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur.

”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb. 2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında "Azərbaycan Respublikasının Əməkdar Jurnalisti" fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Deyir ki,- “Bu gün cəmiyyət böyük yazıları, böyük məlumatları, necə deyərlər, həzm etmir. Ona görə də mətləbi oxucuya yığcam şəkildə çatdırmaq lazımdır. Blez Paskal hələ XVII əsrdə bir məktubunda yazmışdı ki, bu məktubu həmişəkindən uzun yazdım, çünki daha qısa yazmağa vaxtım yoxdur. Yəni əgər sən bir mətni lokanikləşdirə bilmirsənsə, deməli, o barədə məlumatın ya yoxdur, ya da yetərli deyil. Əgər toxunduğun mətləbi oxucuya, necə deyərlər, həzm elətdirə bildinsə nə yaxşı, əks halda oxuyan olmayacaq. Çox çalışırsan ki, oxucuların sayı artsın, amma baxanda görürsən ki, bir xəbərə maksimum 400-500 baxış olur. 10 milyonluq respublika üçün bu, dəhşətli mənzərədir. Amma təəssüf ki, reallıq belədir...”

Gözəl yazı tərzi, özünəməxsus üslubu var. Düşündürməyi bacarır. Araşdırma qabiliyyəti, tədqiqat səriştəsi, daim öz üzərində işləmək səyi yüksək səviyyədədir. Müsbət xüsusiyyətləri çoxdur. Yaxşıya “yaxşı”, pisə “pis” deməkdən çəkinmir. Zövqlü geyinməyi xoşlayır, davranışında səmimidir. Ailəsinə bağlı xanımdır- mehriban həyat yoldaşı, qayğıkeş ana və nənədir. Ömür-gün yoldaşı Aqil Abbasla həm də dostdurlar.

“Adam atasını özü seçməsə də, həyat yoldaşını özü seçir, amma burada taleyin, qismətin rolu var. İnsanın ailəsində hər cür hadisə ola bilər. Həyatdır. O qədər sürprizləri var ki! Çalışırsan münasibəti qoruyub-saxlayasan. O da çalışır, sən də çalışırsan. Bəlkə, bundan sonra gələn nəsillər bizim qədər çalışmayacaqlar, bilmirəm. Mən bu barədə çox düşünmüşəm. Məcnuna deyirlər, özünün və Leylinin rəsmini çək. O, yalnız özünü çəkir. Səbəbini soruşanda, deyir, kişi qadının örtüyüdür, qadın görünməməlidir. Bəli, biz ikimiz bir candayıq, daha çox görünən isə odur. Necə deyərlər, Aqil xalq adamıdır, xalqın arasında olmağı xoşlayır...”- söyləyir...

Mətbuatımızın bu günü onu narahat edir. Gənc jurnalistlərin daha çox mütaliə etməsini arzulayır və bu yolda əlindən gələni əsirgəmir.  

Deyir ki,- Bu barədə danışmaq çətindir. Özümə müəllim hesab etdiyim şəxsiyyətlər olub. Mütaliəmi beynimdə sistemləşdirə bilmişəm. Adam var ki, çox oxuyur, lakin tətbiq edə bilmir. Amma mən hər kəsin yerinə də bir söz deyə bilmirəm. Həmişə çalışmışam ki, gənclərə nəsə kömək edim. Özümüzü qorumağı bacarmalıyıq. Bunun əsas yollarından biri də mətbuatdır. Leninin gözəl bir fikri var: "Oxumaq, oxumaq, yenə də oxumaq". İstərdim ki, gənclərimiz çox oxusunlar, oxumağa ərinməsinlər. Arzu edirəm ki, hər şey yaxşı olsun.

Bu gün yazılı mətbuatda da, teleməkanda da eyni proses gedir. Ağıllı sözü eşidə biləcək tamaşaçı bu gün yox səviyyədədir. Bizim dövrdə həmişə şairə, sözə inanmaq kimi bir ənənə var idi. Bəzən nəsrin populyar olmadığı dönəmlərdə böyük elmi əsərlər şeir dilində yazılardı. Biz bu gün mədəni mühitdən uzaqlaşırıqsa, düşünürəm ki, o zaman həbsxanalar tikmək üçün vəsait ayırmalıyıq. Əxlaqdan naqis adamların yetişdiyi cəmiyyət qorxulu cəmiyyətdir. Ona görə də mütləq şəkildə ideoloji əsaslar yaratmalıyıq. Təəssüflər olsun ki, televiziyalar şəxsi meyarları nəzərə alır. Amma birinci növbədə milyonların sevgisini qazanmaq lazımdır...”

Bəli, anlayışsız mühitdə yaşamağı bədbəxtlik sanan bu xanım, öz həyatından nümunə gətirərək, adamları təhsil və mütaliənin insan həyatında önəmli rol oynadığına inandırmağa çalışır...

 

Noyabrın 9-da əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktoru, yazıçı, publisist İradə xanımın 63 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Yeni işıq üzü görən “Bayraq hekayələr toplusu” ötən günə - Bayraq günündə həsr edilib. Topluya 22 qələm sahibinin hər birinin bir hekayəsi daxil edilib. Hekayələrin əksəriyyətində əsas mövzu müharibədir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, toplunun hazırlanması və çapı Bayraq günü ərəfəsində olduğundan simvolik olaraq belə adlandırılıb. Ardıcıllıq müəlliflərin təvəllüdünə görədir. Tərtibçi redaktor Əli bəy Azəridir. 

Ramiz İsmayıl, Nizami Kolanılı, Əzizağa Elsevər, Dostəli Nərimanoğlu, Xuraman Zakirqızı, Aləm Kəngərli, Naibə Yusif, Damət Salmanoğlu, Həcər Paşayeva, Mahir Cavadlı, Ayaz İmranoğlu, Rəqibə Qəvvas, Zəhra Səfəralıqızı, Fərhad Əsgərov, Şiringül Musayeva, Xaliq Azadi, Sülhiyyə Musaqızı, Əli bəy Azəri, Nazilə Gültac, Namiq Zaman, Zaur Ustac və Aygün Sadiqin hekayələri daxil edilmiş 248 səhifədən ibarət toplunun oxucular tərəfindən maraqla qarşılanacağına ümidvarıq. 

Bu gün - 10 noyabr 2022-ci il tarixdə saat 14.00-da AYB-nin Natəvan klubunda kitabın təqdimatı keçiriləcəkdir.

 

“Artım” yaradıcılıq mərkəzində “Təhlükəsiz zona” adlı qrup sərgisi açılacaq. Sərgi noyabrın 10-dan 2023-cü il fevralın 5-dək davam edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi “Digər məkanlar haqqında: Utopiya və heterotopiya” adlı konsepsiya əsasında yaradılıb. Tədbirdə gənc rəssamlar Lali Binyatova, Nadir Eminov, İslam Həsənəlizadə, Katya İqoşina, Pərviz Kazımlı, Leylaxanım Qənbərli, İlkin Quliyev və Maksim Tatarintsevin əsərləri nümayiş olunacaq. 

Sərgiyə giriş sərbəstdir.

Cümə axşamı, 10 Noyabr 2022 10:30

Kamal Abdulla təltif olunub

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçımız Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin "Fəxri doktoru" adına layiq görülüb və ona müvafiq diplom təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı hörmətli akademikimizi səmimi qəlbdən təbrik edir, elm və ədəbiyyat bayrağımızı daim bu cür ucalarda tutmasını diləyir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Noyabrın 7-dən etibarən paytaxtımızda  dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini tərəfindən ustad dərsləri keçirilir. 

 

Noyabrın 12-də davam edəcək müasir rəqs üzrə ustad dərsləri YARAT Müasir İncəsənət Mərkəzində reallaşmaqdadır.

Ustad dərsləri Şahar Binyamini və onun assistenti Cozef Kudra tərəfindən keçirilir.

Şahar Binyamini əslən İsraildən olan xoreoqraf və performerdir. 2006-2013-cü illərdə "Batsheva Dance Company" kollektivinin tərkibində çıxışlar edib. Həmçinin Şahar Binyamini beynəlxalq səviyyəli quruluşların yaradıcısı kimi sayılır.

İsrailli xoreoqraf, müasir rəqqas, "Qaqa" adlı unikal rəqs sisteminin, dilinin, pedaqogikasının yaradıcısı və müəllimi Ohad Naharinin assistenti kimi Şahar Binyamini bütün dünya üzrə rəqs kollektivləri ilə işləyir. 2013-cü ildə Şahar Binyamini Veysman Elm İnstitutunun professoru Atan Qross ilə birgə, rəqqaslar, elm adamları və xoreoqraflardan ibarət "TNUDA" elmi-tədqiqat qrupunu təsis edib. Elə həmin Veysman İnstitutunda yerləşən qrupun əsas məqsədi elm və hərəkət arasında əlaqələri araşdırmaqdır. 2020-ci ildə Şahar, Veysman Elm İnstitutu tərəfindən təşkil edilmiş unikal art-rezidentura proqramında iştirak etmək üçün dəvət edilən ilk artist oldu. Rezidentura ərzində o, "EVOLVE" quruluşunu yaratdı. Bu əsərin premyerası institutda baş tutdu və dünyanın bir çox ölkələrində nümayiş etdirildi.

Şahar Binyamini İsrail Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş 2021-ci ilin ən uğurlu xoreoqrafı mükafatına layiq görülüb.

Cümə axşamı, 10 Noyabr 2022 09:50

Şair Ramiz Məmmədzadə 85 yaşında vəfat edib

 

Tanınmış şair-publisist, filologiya elmləri doktoru Ramiz Məmmədzadə 85 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” portalı 525.az-a istinadən xəbər verir ki, Ramiz Yaqub oğlu Məmmədzadə 1937-ci il yanvarın 1-də Ağdam rayonunda anadan olub. 1955-58-ci illərdə Ağdam şəhər 1 saylı orta məktəbi, daha sonra isə Bakı dəmiryol məktəbini bitirib. 1962-63-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun  pedaqoji fakültəsində təhsilini davam etdirib, sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləyib. O, 1963-67-ci illərdə Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent vəzifələrində çalışıb. 

1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilib. 

Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlayan R.Məmmədzadə "Həmişə sən gələsən" (1978), "Vaxtında açsaydı qönçələr" (1964), "Xatirə bulağı" (1978), "Mühüm partiya işi" (1974), "Qeyrət günü" (1991), "O gecə (20 yanvar)" (1990), "Canpolad əfsanəsi" (1994), "İşıq günü" (2007), "Zirvə" (2009) kimi kitabların müəllifi idi. Qarabağ, Ağdam sevdalısı olan Ramiz Məmmədzadənin şeirlərinin əsas motivlərini də məhz Vətən, doğma yurd sevgisi təşkil ediridi.

Allah rəhmət eləsin.

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizlərə Nargis İsmayılovanın şeirini təqdim edirik. 

 

Bu gün bütün gün darıxdım...

Sabah da darıxacağam...

Yenə, yenə, yenə, yenidən...

Hiss qarmaqarışıqlığından doğulur bomboz kölgən...

Valehedicidir,

Qucaqlaya bilmirəm...

Tökülürsən ürəyimdən

 

Vulkan külləri kimi boğucu və yandırıcısan.

Dəyərlim,

Əvəzedilməzim

Çalışıram,

əvəz olunmursan, bacarmıram.

Bacaracağam, bacarmalıyam...

Yoxluğunu əridib...

Davam edəcəyəm bomboz həyatıma

Bir qədəh şərab, bir siqaret... və kitablar...

Göz kölgələrim kimi yayılacaqsan yastığıma, kabusa çevrilib boşalacaqsan gözlərimdən...

Silib ata bilməyəcəyəm bəlkə də qoxunu 

13 kvadratmetrlik otağımdan...

 

Xəyalqırıqlığım!

Kölgələrə çevrilib addımbaaddım izləyəcəksən xoşbəxtliyimi...

Ən möhtəşəm qarabasmam olacaqsan,

asılacaqsan otağımın divarlarından...

Küləyə çevrilib əsəcəksən hər gün ağlıma...

Bilirəm, yenə, yenə, yenidən yellədib qapqara pərdələrimi şığıyacaqsan ürəyimə...

Bir siqaret laqeydliyi ilə əziləcəyəm barmaqlarında...

Közərə-közərə qalacağam, bilirəm...

Sonra qalib ədasıyla çırpılacaq qapıların üzümə...

Mən söykənəcəyəm xəyalının astanasına, biləcəyəm ki, ordasan...

Bir zəng qədər məsafələr böyüyəcək aramızda, dünya boyda olacaq...

Cümə axşamı, 10 Noyabr 2022 09:46

Ən çox oxunan: “Atamı tələyə saldılar!”

 

Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atası ilə bağlı məsələlərə münasibət bildirib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı  olay.az-a istinadən xəbər verir. 

 

Yusif Əmirov sosial media hesabında "Əziz izləyicilər, atamı tələyə saldılar! Dəstəyinizə və dualarınıza görə çox sağ olun!

Bizimki də buraya qədər imiş..." sözlərini yazıb.

Qeyd edək ki, o, Rəşad Dağlı mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. O, daha sonra könüllü təslim olub.

Elman Eldaroğlu yazır

 

Kim nə deyir desin, məlahətli səs, səlist ifa qabiliyyəti İlahi vergidir, hər xanəndədə olmur. Kimə verilibsə, hökmən sədası eşidiləcək və gec-tez sahibini tanıtdıracaq... 

 

“Ailədə yeddi uşaq olmuşuq. Mən Şamaxıda anadan olsam da, övladı olmadığına görə, anadan olan kimi məni Bakıda yaşayan bibimə övladlığa veriblər. Ona görə də Bakıda böyümüşəm. Bibim məni 6 yaşında məktəbə qoyub. Çünki həmişə istəyirdi ki, mən tez böyüyüb hər şeyə sahib olum. Onun arzusu ilə uşaq vaxtından musiqi məktəbinə getmişəm, özfəaliyyət dərnəklərində iştirak etmişəm. Məktəb illərində dərslərimi çox yaxşı oxuyurdum. Bütün tədbirlərdə birinci olurdum. Niyə gizlədim, müəllimlərim məndən dərs soruşmurdular, gözəl səsim olduğu üçün qiymət yazırdılar. Qardaşım çox gözəl xanəndə idi. Şamaxının hörmətli məclislərini o aparırdı. Arada rayona gedirdim. Görürdülər mən rayondayam, uşaq olsam da toy sahibləri istəyirdilər ki, mən də toyda mahnı oxuyum.” – söyləyir...

 

Haqqında söhbət açdığım Mələkxanım Əyyubova da İlahi vergi- məlahətli səsinin hesabına tanınır və sevilir. O, 1962-ci ildə anadan olub. Orta təhsilə 155 saylı məktəbdə yiyələnib. Eyni zamanda qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirib. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olub. 1979-cu ildən 1984-cü ilə kimi M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində ali təhsil alıb. 1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb.

Dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. 1995-ci ildə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olub.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə professor vəzifəsində çalışır. Prezidentin sərəncamı ilə Azərbaycanın xalq artisti adına layiq görülüb...

İlk müəllimi Qulu Əsgərov olub. Çox sənətkarlara qulaq asıb, onlardan bəhrələnərək püxtələşib. Canəli Əkbərov, Arif Babayev, Əlibaba Məmmədov və bir çox xanəndələrin ifalarına hələ də qulaq asıb bəhrələnir. Zeynəb Xanlarovanı çox bəyəndiyini və dinləməkdən yorulmadığını dilə gətirir...

Adət-ənnəyə bağlı adamdır. Cəmiyyət tərəfindən qəbul olunmuş qaydalara riayət etməyi xoşlayır. Nəzakət, mədəni davranış, mehriban rəftar onun həyat tərzidir...

Deyir ki,- “Söhbət ifaçılardan gedərkən. İstər yaşlı olsun, istərsə də gənc, böyük-kiçik yeri bilməyənlər çox qıcıqlandırır məni. Əvvəldən görmüşük ki, bizim xalqımızda həmişə böyük-kiçiyə hörmət olub. Sənət adamlarının yanından keçəndə elə hərəkət edirlər ki, bu adamı qıcıqlandırır. Baxırsan gözəl sənəti var, amma hörmətsizlik edəndə olur sıfır. Olmaz axı. El şənliklərinə gedirik, bizi xalq dolandırır. Xalqın məhəbbətini qazanmasan, dövlət də sənə o xalq artisti adını verməz. Dövlət də görür ki, xalq səni sevir. Ona görə sənə ad verir. Ona görə gənclərimizə məsləhətim budur ki, həmişə böyük-kiçik yerini bilsinlər…”

Ailəcanlı, evinə-ocağına bağlı xanımdır. Dörd uşaq böyüdüb, yüksək təhsil verib, araya-ərsəyə gətirib. İndi də nəvələrindən sevgisini əsirgəmir:

“Deyirlər ki, nənə nəvəsini öz doğma övladından belə çox istəyir. Mənim üçün övladım da, nəvəm də çox dəyərlidir. Hərəsinin ayrı gözəlliyi və ayrı şirinliyi var. Mənim 4 övladım var. Axırıncı övladım o biri uşaqlarımdan çox kiçikdir. Yeri gələndə, o nəvə yerində idi. Bizə deyirdilər ki, o sizin nəvənizdir. Hamımız onu əzizləyirdik. Nəvələrim olandan sonra artıq onları əzizləməyə başladıq. Övladlarımız dünyaya gələndə çox gənc oluruq. Övladla məşğul olmağa vaxtımız çox olmur, yalnız uşağın tərbiyəsi və digər qayğıları ilə məşğul oluruq. Onu oynatmağa, danışdırmağa o qədər də çox vaxtımız qalmır. Ev qayğısı, iş, uşaq ananın başını çox qatır. Ancaq nəvədə bütün bu yüklərlə valideynlər məşğul olur. Sən də elə bir yaş həddində olursan ki, nəvə ilə oynamağa vaxtın çox olur, bütün günü əzizləyirsən. Nəvə nənənin, babanın zamanının bol vaxtına düşür. Nəvələrimi bəlkə övladlarımdan da çox istəyirəm.”- söyləyir...

Noyabrın 5-də ana, nənə Mələkxanım xanımın ad günüdür- 60 yaşı tamam olur. Məlahətli səsi ilə zövqləri oxşayan xalq artisti və ünlü xanəndəmizi bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayırıq!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.