
Super User
“Əsgər bağı” filmində şəhid övladı və qazi baş rolda çəkilib
Yeni layihələr sıralayan Azərbaycan Televiziyası “Əmanət” adlı qısametrajlı filmlər silsiləsini davam etdirir.
“Ədəbiyyat və incəsənət” portalı AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına istinadən bildirir ki, növbəti film “Əsgər bağı” adlanır.
Filmin baş qəhrəmanları Vətən müharibəsi iştirakçısı Elnur Əkbərov və şəhid kəşfiyyatçı, Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Mirzəyevin 3 övladından biri olan Əsma Mirzəyevadır.
E.Əkbərov 2020-ci il oktyabrın 3-də Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
E.Mirzəyev isə 2020-ci il oktyabrın 10-da Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun 3 qız övladı – Gülay, Əsma və Aylin Azərbaycan xalqına əmanət qalıb.
Filmin süjet xəttini şəhid övladının qaziyə göstərdiyi diqqət, qazinin isə onun şəhid övladı olduğunu öyrənməsi təşkil edir.
Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.
Rolları qazi Elnur Əkbərov və Elçin Mirzəyevin qızı Əsma Mirzəyeva canlandırıb.
Dedikcə maraqlı film alınıb, baxmağa dəyər.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
“Salam Məşədi” kitabı şuşalı xanəndə Məşədi Fərzəliyev barədədir
Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb. Əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilmiş “Salam, Məşədi” adlı nəşrdə böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı yer alıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın təqdimat mərasimi noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Kitabda həmçinin indiyə qədər heç yerdə dərc olunmamış Almaniyanın “Sport- Rekord”, Fransanın “Pate” firmalarının tərtib etdiyi kataloqlar da əks olunub. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır. Muğam tariximizlə maraqlanan oxucular müəllifin axtarışları nəticəsində tədqiqat qrupunun üzvü Dilqəm Əhməd tərəfindən xanəndəyə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər, həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər. (Yeri gəlmişkən, bu barədə portalımızda məlumat getmişdi).
Kitaba “Ön söz”ü Xalq artisti, bəstəkar Sərdar Fərəcov yazıb.
“Çapar” yayınlarında hazırlanan nəşrin redaktoru Kənan Hacıdır.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Bu gün Şuşa Teatrının səhnəsində “Medeya” tamaşası nümayiş olunacaq
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında Evripidin "Medeya" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Maraqlı bir mövzudan - qadın intiqamından bəhs edilən tamaşa teatrın rejissoru Mir Qabil Əkbərovun quruluşunda hazırlanıb.
Qeyd edək ki, “Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Medeya əri Yazonu çox sevir. Yazon isə bu sevgiyə biganədir. Medeyanın sevgisi o qədər böyük idi ki, o, əri Yazonun xəyanətinə görə öz övladlarını da öldürməyi gözə alır. Səhnə əsərinin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Milyon dollar versinlər və haqqında film çəksinlər
Dünya musiqisi ulduzu Rihanna öz həyatını əks etdirəcək daha bir sənədli film üçün müqavilə imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Bildirilib ki, sənətçi "Apple" şirkəti ilə milyon dollarlıq razılaşma əldə edib.
Həmin ekran işində Rihannanın övlad sahibi olduqdan sonra səhnəyə qayıdışı, "Super Bowl"a hazırlıq mərhələsi yer alacaq.
Qeyd edək ki, populyar ifaçının həyatı ilə bağlı daha əvvəl sənədli film təqdim olunub.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Bakılı oğlan sözü küləyə heç vaxt uçurmaz
Bəhram Bağırzadənin Fikrət Əmirovun yubiley tədbirini tənqid etməsinə tədbir iştirakçılarının reaksiyaları
Dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubiley tədbiri birmənalı qarşılanmayıb. Tanınmış aktyor, bakılı oğlan Bəhram Bağırzadə yubiley tədbirini öz facebook statusunda tənqid edib, bu gecəyə görə məyus olduğunu dilə gətirib. Bəhramın statusu belədir: “Bu gün, yeni minillikdə mən, artıq 50 yaşlı insan dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim". Bəs tədbir iştirakçıları buna necə reaksiya veriblər?
“Ədəbiyyat və incəsənət” portalı mediaya açıqlamaları izləyərək belə qənətə gəlib ki, tədbir iştirakçıları Bəhramın fikirləri ilə əsla razı deyillər.
Gecədə çıxış edən Xalq artisti Alim Qasımov sözügedən tənqidi statusu görmədiyini deyib:
"Bəhramın Fikrət Əmirova nə işi var ki? Mən eşitməmişəm, görməmişəm. Nə sözü var, onu bilməmiş nə deyim? Onunla salam-sağolum var. O deyə bilməz axı. Həmişə dahilərin hörmətini saxlayıb, necə deyə bilər?".
Xalq artisti Gülyanaq Məmmədova isə konserti tamaşaçı kimi izləmədiyini, ona görə də bir rəy verə bilməyəcəyini deyib:
"Mən onun yazdığından xəbərsizəm. Siz deyirsiz, indi bilirəm. Nəsə deyə bilmərəm, çünki pərdəarxasında olmuşam. Ancaq növbə mənə çatanda çağırıblar, çıxıb oxumuşam. Bilirəm ki, ancaq Fikrət Əmirovun balet əsərləri, milli musiqiləri səslənib. Mənim çıxışımdan öncə də xalq musiqisi ilə bağlı fikirləri eşidilirdi. Mən də "Reyhan" mahnısını ifa etmişəm. Xalq çalğı alətləri orkestri də müşayiət edib. Düzü, yazıdan xəbərsizəm. Bəlkə ümumi konserti bəyənməyib. Mən də bilmirəm rejissoru, ssenarisi necə olub.
Məşqlərdə gördüm ki, iki orkestr var. Fikrət Əmirov bizim dahi bəstəkarlarımızdan biridir. Üzeyir Hacıbəyov, Qara Qarayev və F. Əmirovun əsərləri dünya arenasında səslənib. Bəlkə daha möhtəşəm bir tədbir istəyiblər. Amma orkestr da çox gözəl ifa edirdi. Onun əsas əsərlərini simfonik orkestr səsləndirdi. Mən tamaşaçı kimi izləsəm, bəlkə öz fikrimi bildirərdim. Lakin pərdəarxasında olduğum üçün münasibət bildirməyim düzgün olmaz. O tamaşaçı kimi orada olub, onun da fikrinə hörmətlə yanaşmaq olar. Axı xalqın hər bir nümayəndəsi Fikrət Əmirovu sevir. Biz də gedəcəyik, onun əsərləri yaşayacaq. Tamaşaçı kimi fikrini bildirib, qarşı çıxa bilmərik. Hər kəs öz fikrində sərbəstdir, umduqlarını bildirə bilər. Şərəf duydum ki, o konsertdə mən də iştirak etmişəm".
Əməkdar artist Almaz Orucova da sözügedən paylaşımdan xəbərsiz olduğunu qeyd edib:
"Həmin açıqlamasını oxumamışam. Bilmirəm, niyə bu fikirdə olub? Hər kəsin şəxsi düşüncəsi var, hörmətlə yanaşa bilərəm. Amma "Yaradıcılığının dəfnində iştirak etdim" sözünü anlamıram. Orada Fikrət Əmirovun əsərlərini ifa olunub. Başqa bir bəstəkarın yaradıcılığından heç bir əsər səslənməyib ki, belə bir münasibət olsun. Yenə də öz fikridir. Orada böyük orksetrlar çıxış edib. Səhnəyə çıxanlar da Xalq və Əməkdar artistlər olublar. Bilmirəm, bəlkə də konkret kiminsə ifasından narazı qalıb. Bir söz deyə bilmərəm. Lakin biz məşqlərdə də olduq. Özümüz də zövq aldıq. Məncə, möhtəşəm konsert hazırlanmışdı. Fikrət Əmirov dahi bəstəkardır. Onun əsərləri orkestr üçün yazılıb. Yüngül mahnılar da bəstələnməyib ki, belə deyilsin".
Amma gəlin unutmayaq ki, od yanmasa tüstü çıxmaz. Bəhram Bağırzadə kifayət qədər zövqlü insandır. Sözü də küləyə uçurmağı sevmir.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Konserti ilə rekord qıran Orxanın xanımından qalmaqallı paylaşım
Reper Orxan Zeynallının (AİD) xanımı Ülviyyə Məmmədova onunla bağlı qalmaqallı status paylaşıb.
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, o, instaqramda repçinin səhifəsini işarəliyərək bu sözləri qeyd edib:
"Orxan, xahiş edirəm, məni tək və sakit burax. Məni axtarma, narahat etmə! Sənin ikiüzlülüyünün həyatımda yeri yoxdur".
Qeyd edək ki, cütlük 2015-ci ildə ailə qurub.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Moşunu niyə narazı salıblar?
Aktyorların təqaüdə yola salınması geniş vüsət almaqda, aktyorlar narazı qalmaqda, səhnə keyfiyyəti aşağı düşməkdə davam edir. Nə baş verir?
“Ədəbiyyat və incəsənət” portalı yaşına görə teatrdan uzaqlaşdırılmasını qəbul edə bilməyən sənətçilərimizdən bəziləri barədə sizlərə məlumat vermişdi. Narazılardan biri də Xalq artisti Valeh Kərimovdur. Ömrünün 45 ilini Sumqayıt teatrında çalışan aktyor bu günlərdə dərdini media ilə bölüşüb, onu sənətdən güclə ayırdıqlarını bildirib:
"8 ildir teatrdan təqaüdə çıxarıblar məni. Soruşan olmadı bunu istəyirəm, ya yox. Teatrın direktoru mənə dedi ki, “Valeh müəllim, yanvarın 1-dən daha işə gəlməyin. Çünki yaşınız tamam oldu, sizi azad edirik”. O qədər 70 yaşında işləyənlər var ki, biri də mən olardım da...Dilim, beynim, əl-ayağım işləyir. Daha nə lazımdır? İncimişəm... Bu sənətə girdinsə, ayrıla bilmirsən. Məni sənətdən güclə ayırdılar."
Məsələ ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə mediaya bildirib ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər. Bu da ki, necə deyərlər, nağdını qoyub nisyənin dalınca getməkdir.
Dövlət qulluğunu, idmanı, daha nələri gəncləşdirmək başa düşüləndir. Amma teatrda, kinoda bunu etmək olmaz. Çünki burda qocalar və cavanlar qocaları və cavanları canlandırırlar. Bu qədər bəsit.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
“Azərkitab” yayınları fəaliyyətə başlayıb
Hazırda bir çox yazıçı və şairlər öz yeni kitablarını redaktorsuz nəşr etdirirlər. Ən yaxşı halda redaktor təsisatı formal xarakter daşıyır. Hətta redaktorla korrektora fərq belə qoyulmur.
Halbuki, bədii əsərin keyfiyyəti bilavasitə peşəkar redaktor faktorundan asılıdır. Ona görə də kitablar satılmır, oxucu qəlbinə yol tapa bilmir.
Bu problemin çözülməsi üçün ölkənin ən qocaman kitab mərkəzi - “Azərkitab” kitab təbliğatı Mərkəzi köklü tədbirlər həyata keçirir. Bunlardan biri yeni fəaliyyətə başlamış “Azərkitab” yayınları vasitəsi ilə “Renessans” layihəsinin həyata keçirilməsidir. Layihə çərçivəsində yayın evi yazarların kitablarını ən yaxşı redaktorların və korrektorların hesabına oxucuların sevimlisinə çevirməkdə iddialıdır, yüksək satış faizi təmin etməkdə də həmçinin.
Unutmayın, təkcə istedad bestseller yazmağa kifayət etmir!
“Azərkitab” kitab təbliğatı mərkəzinin “AƏrkitab” yayınları, “Renessans” qrupu Bakı, Atatürk prospekti, Kral Hüseyn küçəsi, 64 A/1. (“Zivella” mebel evinin arxası) ünvanında fəaliyyət göstərir. Əlaqə nömrəsi: +994 51 3047525.
Peşəkar kitabçılar yazarları əçəkdaşlığa dəvət edirlər.
Hazırda “Azərkitab” yayınlarında yazıçı Varisin yeni “Qızıl cib saatı” romanı çapa hazırlanır. Eyni zamanda yazıçının ölkədə ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanı da yeni redaktədə çapa hazırlanır.
Yayın evi oxuculara digər xoş sürprizlər də hazırlayır.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
“Məhbus qadının məktubları”
“Ədəbiyyat və incəsənət” portalı Poetik Qiraət bölümündə sizlərə şair Əlizadə Nurinin “Məhbus qadının məktubları” adlı lirik-psixoloji poemasını təqdim edir.
Birinci məktub
Salam, görmədiyim yaz,
Salam, körpə çiçəklər.
Görən neynəyir indi
Sevdiyim biçənəklər?
Salam, ay çöldəkilər,
Adamlar, otlar, nələr.
Təzə dost tapmışam mən-
Köhnəlmiş xatirələr…
Fələyə neynəmişəm,
Düşüb qaşı-qabağı?
Mənə niyə qəfəsdən
Ömür düzəldib axı?
Dar otaqda yadıma,
O çöl, o hava düşür.
Burda gün görmək üçün
Hər səhər dava düşür…
Divar gəlir üstümə-
Əcəb işmiş, ilahi-
Divara kim yerimək
Öyrədibmiş, ilahi?!
İndi burda hamının,
Kədər olub “bəzəyi”
Burda bütün qadınlar
Bir-birinə bənzəyir…
…Məktub yazıram sizə
Sözüm yanır varaqda.
Yaxşı görə bilmirəm-
Günəş olmur çıraqda!
Yaxşı ki, yanımızda
Hələ kağız, qələm var.
…Gəlir nadzorun səsi-
Yoxsa evdən gələn var?!
Kiçik oğlum gəlibmiş-
Daha nə dərdim-sərim?
Qandalım açılanda
Bildim ki, var əllərim…
Oğlum işıq kimiydi,
Yaraşırdı adına.
Üzündən gün damırdı-
Əl apardım altına…
Məhbəs geyimimi də,
Bəyənmədi balacam:
,,Ana, böyüyüb sənə
Təzə paltar alacam…”
…Nə tez keçdi bir saat?
Əlim qaldı uzalı.
Ayrılıqlar dünyada
Qara şumdu-uzanır…
Gül gətirmişdi balam,
Qoxusu güldə qaldı.
Apardılar uşağı
Əli əlimdə qaldı…
…Düşürəm bu dünyadan,
Yenə çaş-baş düşürəm.
Yerişim ləngdi , sanki
Belimdə daş düşürəm.
Ömür çoxmərtəbəymiş-
Yavaş-yavaş düşürəm…
İkinci məktub
Yenə məktub yazıram,
Sətirlər doluxsunub.
Gücü məktuba çatar
Bir məhbəsdə yoxsulun.
Heyif, azadlığımı,
Bir səhvimə satmışam.
Etdiyim bir günahdı-
Min günaha batmışam…
Zərbə aldım dünyanın,
Bu fələk-əyyaşından.
Məhbəsdəki qadınlar
Tanınar göz yaşından!..
Çöldə qalıb o günəş,
Özgənindi o işıq.
Bələdçimiz olmayıb-
Bu dünyada azmışıq…
Qıyqacı baxır sevinc,
Çəkir elə dərdi dərd.
Oğlum, biz olmasaydıq
Acından ölərdi dərd.
Yenə küləklər açıb,
Bəxtimin yaxasını.
Göz yaşıyla verirəm
Gözlərimin yasını…
…Gəlsən, ehtiyatlı ol,
Dünya dardı, dar, oğlum.
Tikanlı məftillərə
Barmağın batar, oğlum…
Bu gün yağış yağacaq,
Unutma ha çətiri…
…Ay yanıma gələnlər,
Mənə bahar gətirin.
Mənə bahar gətirin,
Oxşayım o baharı…
Qorxmayın, saxlamaram-
Sonra yenə aparın.
Məhbusa nə qalır ki?-
Şükür etsin-sağ qalır.
Bütün arzularına
Uzaqdan baxmaq qalır…
Bir məktub da yazmışam,
Mən üzülə-üzülə.
Quşlara yalvarmışam-
Çatdırsın göy üzünə…
Üçüncü məktub
Bu, nə bölgüdü, allah?-
Açar, kilid bölmüsən…
Qəmi də adamlara
Çeşid-çeşid bölmüsən.
Quş olmaq istəyənə,
Nədən qəfəs verirdin?
Eşitmirsən səsimi-
Bəs niyə səs verirdin?!
Uçmağa taqətim yox-
Bir qanadsız quşam mən.
Bu dünya uçmuş evdi-
Altında qalmışam mən…
Sən vurduğun ilmədi-
Sən toxuyan hanadı.
Niyə məhbəs otağı
Üzü günbatanadı?!
Məhbəsə yağış damır-
Üstüm-başım su olub.
Nədən adam olmayan
Adam oğrusu olub?!
Balam çörək istəyir-
Üzür burda ar məni.
Həyatı qaytar mənə-
Balama qaytar məni.
İcazə istəyirəm,
Tapşır hakimə, versin-
Göndərim əllərimi
Evdə çörək bişirsin…
Kədər-payız yağışı
Yağır ardı, ilahi.
Hesabı bilməyənlər,
Hesabdardı, ilahi.
Hər saat ölsəm də mən
Ruhumu diri saxla…
Başımı saxlamırsan,
Bir baş kəndiri saxla.
Mənim dərdim sığarmı
Bir kitaba, bilmirəm.
Bilirəm yaxındasan-
Ancaq tapa bilmirəm…
Yanımdasan…nə olsun-
Özümü unutmuşam.
Göy üzü ətəyinsə,
Ətəyindən tutmuşam…
…Göz yaşı da içərik,
Demirəm ki, acıq biz.
Günəşdən muğayat ol-
İşığa möhtacıq biz…
“Ədəbiyyat və incəsənət”
(25.11.2022)
Jurnalistlərə yuxarıdan aşağı baxanların menyüsünə
Vüqar İmanov yazır
Dostlar! Ruhun fəryadıdır bu!
Dəfələrlə demişəm, amma indi yazmağa qərar verdim. Mədəni tədbirləri əhatə edən maksimum 10 jurnalistimiz qalıb!!! İşıqlandırırlar mədəniyyəti, tədbirlərə qatılırlar, gəzirlər, materiallarını yazırlar, fotoşəkil çəkirlər. Onlar iş otaqlarında oturaraq səhifələrə Press-relizlər qoymurlar və digər saytlardan repost etmirlər. Təbii ki, mən televiziya kanallarını deyil, çap mediasını nəzərdə tuturam.
Söhbət əsl peşəkar jurnalistlərdən gedir! Bir çox ədəbi hadisə baş verir və hər kəs tədbirlərə çağırır, üstəlik, eyni zamanda bir saatda bir neçə yerə ardıcıl çağırışlar da olur. Qırılmayın...
Bu hələ harasıdır? Elə olacaq, sizə nəinki təşəkkür etməyəcək, hətta iddialar irəli sürəcəklər, bir sıra təşkilatçılar və mədəniyyət xadimləri (əlbəttə ki, hamısı deyil) tərəfindən elementar hörmətsizliklə üzləşmək təhlükəsi də var. Bəzi tamaşalarda sizlərə yer belə verilmir və ya ən arxa yerlərə göndərilirsiniz! Təsəvvür edirsiniz? Siz ayaq üstə durmalı və sizə yer belə verməyənin tədbirini işıqlandırmalısınız. Amma daha yetər. Gec də olsa, həqiqi jurnalistlərin işini qiymətləndirmək lazımdır .. Xüsusilə xarici dillərdə yazan və ölkəni beynəlxalq səviyyədə təbliğ edənlərin. Neçə dəfə təklif etmişəm, jurnalistlər üçün ən yaxşı material üçün motivasiya müsabiqələri elan edin (və maliyyənin məhdud olduğunu söyləmək lazım deyil - burada cüzi məbləğdən söhbət gedir).
Niyə jurnalistin işini unudursunuz, gərgin fəaliyyətini bir kənara qoyursunuz? Axı məhz bizim sayəmizdə həyata keçirilən tədbirlər haqqında geniş ictimaiyyətə məlumat ötürülür.
Çox nadir hallarda şərhçi statuslu birinin yaxşı işinə görə jurnalistə təşəkkür etdiyini gördüm. Ölkədə yüzlərlə mədəniyyət və incəsənət xadimi var və bu çox gözəldir, bir çoxları ilə fəxr edirik və sevirik. Allaha həmd olsun dostlarımın arasında-layiqli olanlar! Təkəbbürlü və özünə güvənən, başqalarının işini qiymətləndirməyən və dünyanın yalnız onların ətrafında fırlanmalı olduğunu düşünən kəslər, sözüm sizədir. Yetər artıq!
Redaksiyadan:
Nəzərinizə çatdıraq ki, Vüqar İmanov ölkənin ən sayılıb-seçilən mədəniyyət müxbiridir. Onun qaldırdığı bu problem də çox aktual problemdir.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)