Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikaaında şair Əlizadə Nurinin 

“Nə yaxşı, durmadım sözümün üstə…” şeirini təqdim edir. 

 

Bu kədər deyəsən yorulub bir az,

Qoy, qoysun başını dizimin üstə.

Yığdım bu dünyadan ayaq izini-

Qorxdum ki, iz düşə izinin üstə…

 

Hansı küçədəsən, hansı tindəsən?

Qazıram dünyanı… nə dərindəsən?!..

Gözümün üstündə qaş yerindəsən-

Mən səni saxlaram gözümün üstə…

 

Özümlə danışdım, dinlədim səni…

Təzə tanımışam  bu qədim səni.

Nə yaxşı, unuda bilmədim səni-

Nə yaxşı, durmadım sözümün üstə…

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

Bu gün Şuşa Dövlət Musiqili Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

 

Tamaşa teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.

Dəfələrlə teatrlarımızın yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.

Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var-dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

Bu gün “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Su və rəng ahəngi-2022” adlı növbəti akvarel sərgisi açılacaq. 

 

Xətai Sənət Mərkəzində açılacaq sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq. 

Qeyd edək ki, sərgiyə 250-dən çox işlə 100-dən çox rəssam müraciət edib ki, bunlardan da 76 rəssamın 100 əsəri seçilib.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

Şəki Xan məscidi kompleksində bərpa işləri çərçivəsində aparılan qazıntılar zamanı tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqlənib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Heydər Əliyev Fondunun dəstəyi ilə Avstriya, Böyük Britaniya, Estoniya və Türkiyədə aparılan tədqiqatlar və genetik analizlərin nəticələri, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyi deməyə əsas verir.

Belə ki, 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində bərpa işlərinə başlanılıb.

Bərpa işləri zamanı 2021-ci ilin iyun ayında mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşları aşkar olunub. O zaman həmin hissədə bərpa işləri dayandırılıb və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparılıb, ekspedisiyanın apardığı tədqiqat və qazıntı işləri nəticəsində həmin hissədən qəbir aşkar olunub.

 

Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını yaradırdı. Bu ehtimallar, eləcə də Salman Mümtazın əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn olunmasına dair qeydlərin olması əsas götürülməklə aşkarlanan tapıntılar üzrə yoxlamalar aparılmışdı.

Heydər Əliyev Fondunun dəstəyi ilə aşkar olunan skeletdən nümunələr götürülmüş, radiokarbon və genetik analizlər aparmaq üçün Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilmişdi. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar və genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbir Şəki xanı Məhəmmədhüseyn xana aiddir.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

“İnsanlar bu mövzuda mənim adımı niyə hallandırırlar ki? Anar mənim bağçaya gedən uşağımdır, ya orta məktəbdə oxuyan şagirdimdir? Anar Vəziroğlu bəlli yaşı olan müstəqil bir insandır...” 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri Yenisabah.az-a Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib. Qardaşı Anar Vəziroğlunun canlı efirdə vəkil Şəfiqə Nağıyeva ilə qalmaqalından danışan şair qardaşının artıq müstəqil insan olduğunu bildirib:

“Efirdə hər şey mümkündür. Hələ Rusiya telekanallarını izləsəniz, görərsiniz ki, orada insanlar bir-birini necə şapalaqlayırlar. Efirdə hər şey olur, amma hər adam bunu özünə rəva görürmü? Bu artıq ayrı məsələdir. Mən elə verilişlərə getmirəm, heç baxmıram da. Dünən mənə də dedilər ki, belə bir hadisə baş verib. Əvvəllər mənə deyirdilər ki, qardaşın belə bir çıxış edib, mənsə cavab verirdim ki, bunu mənə deməyin, nə sözünüz varsa, yığıb özünə deyin.

Aralarında nə olub, bilmirəm, amma mən Şəfiqə Nağıyevanı normal bir vəkil kimi tanıyırdım. Bilmirəm, aralarında nə baş verib ki, bu səviyyəyə qədər gəliblər. Bəlkə də, televiziyaya xoş olmaq üçün ediblər. Çünki telekanallar bundan reytinq qazanırlar. Necə ki, keçmişdə xoruz döyüşdürürdülər, millət yığılırdı, indi telekanallar da bu metoddan istifadə edirlər”. 

B.Vəziroğlu sosial mövzulu verilişlərə də, orada ekspert qismində çıxış edənlərə də pis baxdığını açıqlayıb:

“Açığı, mən bu ekspertlərə, verilişlərə pis baxıram. Çünki mən heç vaxt özümü səlahiyyətli saymaram ki, kiməsə ağıl verib, yol göstərim. Özü də o verilişlərdə böyük məsələlərdən söz açılmır, birinə deyirlər, niyə arvadını boşamısan, birinə deyirlər, niyə ərini, uşaqlarını qoyub qaçmısan, uşaqların haradadırlar? Mənim nə ixtiyarım var ki, kiməsə deyim, niyə arvadını boşamısan? Heç dəxli var? Hətta verilişlərin birində bizim ağsaqqal bir dostumuz ekspert kimi oturmuşdu, ora bir xanım gəlmişdi, deyirdi ki, hamiləyəm, bu uşağı məhv edim, ya doğum, bilmirəm. Çox qocaman sənətçimiz də bir saat efirdə bunu müzakirə etdi, gah dedi, doğ, gah dedi, yox, doğma. Mən artıq belə şeylərə gülürəm. Həm də bilirəm ki, televiziyalar bundan reytinq tutur. Görürsünüz ki, bu cür qalmaqallar efirə gedir. Redaktor bunları efirə buraxır”.

Qalmaqaldan danışan şair qeyd edib ki, özü heç vaxt bir qadına qarşı bunu etməzdi:

“Bu tip qalmaqalların hamısı efirə gedir, Anar, Şəfiqə kimi insanlar da bilə-bilə bunu edirlər, bunlar da bu cür reytinq qazanırlar. Başım çıxmır, reytinq davası gedir. Nə bilim, vallah, məşhur bir məsəl var, hər qoyunu öz ayağından asırlar. Anar uşaq deyil ki, qoyum qabağıma, başlayım danlamağa. Dostum deyil ki, deyim, belə etmə, bu sənə hörmət gətirməz-filan. Bilirsiniz, qardaş ayrı şeydir, dost ayrı.

Deyirlər, üstünə su atıb. Mənim üstümə nəinki su, yekə qara daş da atsaydılar, mən qadına eynisini etməzdim. Çünki kişinin özəlliyi odur ki, qadının hər etdiyinə cavab verməsin. Onların söylədiklərini bir az boş vermək lazımdır. Məşhur rus yazıçılarından birinin belə bir sözü var, qadınla mübarizə, mücadilə aparmaq küçəni balaca elektrik sobası ilə qızdırmaq qədər faydasız və mənasızdır. Yəni onları boş buraxmaq, reallıqla barışmaq lazımdır”.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

 

Bu etiraf böyük tamaşaçı kütləsinin və sosial media istifadəçinin gündəmi oldu: Aktrisa Sonaxanım Əliyeva bir vaxtlar anasının ona etdiyi zülmdən danışdı, “Xəzər” televiziyasında yayınlanan “Təsir dairəsi” verilişində. 

Sonaxanım anasının daim içki qəbul etdiyini və onu azyaşlı körpəsi ilə küçələrə atdığını etiraf etdi:

“Çox şeyləri burada demək istəmirəm. Körpəmin 5 yaşı var idi. Anam içki içəndə özünü itirirdi. Evdə dava-dalaş salırdı. Gecə vaxtı məni evdən qovdu. Avtomobilim var idi. Payız ayları idi. Bizi evdən çıxartdı. Mən Nərgizi arxa oturacaqda uzatdım, yatdı”.

Xatırladaq ki, aktrisanın anası Mina bu ilin yanvarında vəfat edib. Çoxları aktrisanın bi etirafını etik normadan kənar da hesab edirlər. Rəhmətə getmiş insan haqqında bunları danışmağın axı nə faydası?

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş "Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası" kitabının təqdimatı keçiriləcək. 

Tədbir Gəncliyə Yardım Fondunun konfrans zalında (Cəfərov qardaşları küçəsi 16, Tarixi Təzəbəy hamam kompleksinin yaxınlığı) baş tutacaq. 

Proqramda kitabın təqdimatı, müzakirələr, təltiflər, kofe-çay fasiləsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

Bu gün Bakıda “Kəlağayı festivalı” təşkil olunacaq. Nigar Rəfibəyli 12/14 ünvanında keçiriləcək festival Azərbaycan Sənətkarları Birliyinin təşkilatçılığı ilə reallaşacaq. 

 

Bu barədə mediaya festivalın təşkilatçısı Ella Bağırova məlumat verib. 

Festival çərçivəsində Azərbaycan sənətkarlarının əl işlərindən ibarət sərgi açılacaq. 

Həmçinin böyüklər və uşaqlar üçün “Dulusçuluq”, “Ebru” (su üzərində rəsm), “İpək üzərində naxış basma” və “Florarium”ə həsr edilmiş ustad dərsləri keçiriləcək. 

Festivala ölkəmizin fərqli guşələrindən 200-dək sənətkar qatılacaq. Onlar burada əl işlərini sərgiləyəcəklər. 

İki gün davam edəcək festivala hər kəsin qatılmaq imkanı var.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu ilin sonunadək iki premyera ilə uşaqların görüşünə gələcək.

 

Dekabrın 10-da “Məlikməmməd” şərti adı ilə musiqili tamaşa azyaşlı seyrçilərin ixtiyarına veriləcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.

Teatrın səhnəsində növbəti premyera Səidə Haqverdiyevanın quruluşunda “Üç donuz balası” tamaşası olacaq. 

Hər iki tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Bundan başqa uşaqlar üçün Hans Xristian Andersenin “Qar kraliçası” nağılı əsasında “Qar kraliçasının yeni il sərgüzəştləri” adlı Yeni il şənliyi təşkil olunacaq. Uşaqların sevimlisi Qar qızı onları darıxmağa qoymayacaq.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” mövzusunda ikinci beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 

BMA-ın mediaya açıqlamasına görə, akademiyanın tarix-nəzəriyyə fakültəsinin dekanı Gülzar Mahmudovanın, həmçinin Azərbaycan Ənənəvi musiqisi və Müasir texnologiyalar kafedrasının müdiri Tariyel Məmmədovun təşəbbüsü ilə təşkil olunan konfransda Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli elmi müşavirəni açıq elan edərək iştirakçılara uğur arzulayıb. 

Moskva Dövlət Konservatoriyasının elmi işlər üzrə prorektoru, musiqişünas Konstantin Zenkin konfransda iştirakından məmnun olduğunu bildirərək, Üzeyir Hacıbəyli ənənələrinin çağdaş zamanda qorunub saxlanılmasının sevindirici hal olduğunu bildirib. O, paytaxt Bakını Şərqdə elm, yaradıcılıq mərkəzi kimi qiymətləndirib.

BMA-nın tədris işləri üzrə prorektor, Əməkdar müəllim Nərminə Quliyeva Beynəlxalq Elmi-praktiki konfrans çərçivəsində tarixçi alim Teymur Atayevin rus dilində nəşr edilmiş "Последние сочинения Димитрия Шостаковича: осмысление жизненного пути" (Dimitri Şostakoviçin son bəstələri: həyat yolunu dərk etmək) adlı kitabını iştirakçılara təqdim edib. 

Həmçinin musiqi tarixi kafedrasının müdiri Ülviyyə İmanova və dosent İnna Pazıçeva görkəmli bəstəkar D.Şostakoviçin yaradıcılığı haqqında məlumat verərək, onun zəngin musiqi ideyası ilə mədəniyyət tarixinə verdiyi töhfələrdən bəhs ediblər. 

Digər professorlar və tədqiqatçılar tarixçi alim Teymur Atayevə kitabın ərsəyə gəlməsində əməyinə görə minnətdarlıqlarını bildiriblər. 

Sonra Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin tələbələri dahi bəstəkar Dimitri Şostakoviçin simli kvartet üçün "Zarafat" əsərini səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.