Super User

Super User

Bazar ertəsi, 05 Dekabr 2022 15:00

Orta maaşımız nə qədərdir?

 

2022-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 827,4 manat olmuşdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 829 manat olmuşdu.

2022-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 min nəfər və ya 1,7 faiz artaraq 1 milyon 727,9 min nəfər olmuş, onlardan 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

 

“Ədəbiyyat və incəsənət” 

(05.12.2022)

 

Tural Məmmədli yazır

 

Qızqaçırma uzun illərdir davam edən evlənmə ənənəsidir. Evlənmək istəyən kişi, yaxın dostları ilə birlikdə xoşuna gələn qızı qaçıraraq ailə həyatı qurur. Bu adət-ənənə, dünyanın bir çox ölkələrində var. Azərbaycanda da əvvəllər bu adət dəb halını almışdı. Bu gün isə qızqaçırma hadisələri, keçmiş dövrlərə nisbətən daha azdır.

Qızqaçırmanın adam oğurluğu kimi qanunvericilikdə yer alması bir çox kişiləri bu arzusunu həyata keçirməkdən saxlayır. Amma bununla belə bu tip hadisələr hələ də yaşanır. Belə ki, noyabrın 28-də Yevlax Rayon Polis Şöbəsinə 26 yaşlı bir qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olmuş və aparılan axtarış tədbirlərindən sonra qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunmuşdu, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılmışdı.

Mütəxəssislərin fikrincə, qızqaçırma adəti ötən əsrlərdə daha çox baş verirdi. Ailələrin evliliyə razı olmaması, yoxsulluq və s. bu kimi səbəblər qızqaçırma hadisələrini artırırdı.

Sosioloq Tərlan Ağayevanın sözlərinə görə, əslində həmin dövrlərdə qızqaçırma pis adət hesab edilmirdi və gənclərin sevgisini əks etdirirdi.

“Gənclər bir-birini sevir və bu addımı atmağa qərar verirdilər. Və yaxud oğlanın hansısa qızdan xoşu gəlirdisə, qaçırıb ailə həyatı qururdu. Bu ailələrin hamısı xoşbəxt olurdumu? Xeyr! Ancaq adətləri dəyişmək mümün deyil, bu da sevilən bir adət idi”,- deyən mütəxəssis, sonradan bu halların adam oğurluğu kimi dəyərləndirildiyini də qeyd etdi.

Hüquqşünas Fərid Həmidovun sözlərinə görə, qızqaçırma Cinayət Məcəlləsinin 144 cü maddəsi ilə tənzimlənir. Və bu hal yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.

“Çox zaman qız qaçırıldıqdan sonra, qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət edir. Bu zaman qız yetkinlik yaşına çatıbsa və qaçmağa özü də razılıq veribsə, qaçıran şəxsi heç bir məsuliyyət gözləmir. Əgər qaçırılan azyaşlıdırsa, evlənmək məqsədi ilə qaçırılmış olsa belə, adam oğurluğu maddəsi şamil edilir və qaçıran şəxsi 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Yəni daha əvvəlki dövrlərdə olduğu kimi kor-koranə “xoşuma gəldi, qaçırdım” deyə bir fikir yoxdur” – deyə ekspert bildirib. Onun sözlərinə görə, Azərbaycanda evlilik yaşı 18-dir. Yəni, bu yaşdan sonra qaçırılan qızların ifadəsi əhəmiyyətli hesab edilir. 18 yaşına qədər qaçırılan qızlarla bağlı vəziyyət isə adam oğurluğudur.

 

“Ədəbiyyat və incəsənət” 

(05.12.2022)

 

Koronavirus pandemiyası səbəbindən yaranmış ikiillik fasilədən sonra Vyanada yenidən “Beynəlxalq Bazar” festivalı təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyası tərəfindən təşkil olunan bu xeyriyyə tədbiri müxtəlif ölkələrin ləziz xörəklərinin dadına baxmaq, milli suvenirlər almaq və folklor qruplarının rəqs və musiqi proqramını seyr etmək istəyənlər üçün əla fürsət sayılır.

Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ənənəyə sadiq qalaraq ölkəmizi bu tədbirdə təmsil edib, milli mətbəximizin ləziz xörək və şirniyyatları, eləcə də milli suvenirlər minlərlə iştirakçıya təqdim edilib. 

Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. Minlərlə Vyana sakini hər il Milad bayramı ərəfəsində təşkil olunan bu bazara məmnuniyyətlə baş çəkir. Pandemiyaya görə yaranmış fasilədən sonra bu il tədbirə maraq xüsusilə yüksək olub.

Azərbaycanın Avstriyadakı səfirliyinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduğu BMT Qadınlar Gildiyası hər il təşkil olunan “Beynəlxalq Bazar” festivalından əldə olunan vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edəcək.

 

“Ədəbiyyat və incəsənət” 

(05.12.2022)

Rəsm qalereyası: Böyükağa Mirzəzadə, “Avtoportret”

Günün fotosu: İranın molla rejimi güzəştə getdi

 

Ölkəni bürüyən son iğtişaşlardan sonra İranın molla rejimi güzəştə getməli olub. Belə ki, ölkədə Əxlaq Polisinin fəaliyyəti dayandırılıb.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

 

"Əgər sən kimlərəsə məktəb ola bilirsənsə, demək ki, varsan. Əsas budur. Mən kimlərəsə məktəb ola bildim. Və əminəm ki, gələcəkdə də, mən həyatda olmayanda da kimlərəsə məktəb olacağam. Bu gün mənim ifa etdiyim mahnıları, aranjmanları öyrənib, Londonda, Türkiyədə, və s. ölkələrdə ali məktəblərə daxil olurlar. Mən başqa ölkələrdə yaşayanlar üçün virtual müəlliməyəm. Bilirsiniz mənə nə qədər yazırlar? Mənim sadəcə vaxtım olmayıb ki, pedaqoji fəaliyyətlə məşğul olum".

 

"Hər bir şeyin öz çərçivəsi var. Televiziyada ciddi işlərimdən danışıram. Efirin öz etikası var. Efirdə evdə olduğun kimi ola bilməzsən. Bəziləri deyir ki, mən həyatda necəyəmsə, efirdə də eləyəm. Bu düzgün hal deyil. Sən küçədə gedəndə unutmalısan ki, müğənnisən. Həyatda çox sadə insanam, küçədəki adi insanlardan seçilmərəm. Küçə səhnə deyil axı. Səhnəyə bəzəndiyim kimi küçəyə çıxanda bəzənə bilmərəm. Çox rahat şəkildə öz həyatımı yaşayıram".

"Türkiyənin məşhur cazz musiqiçiləri ilə birgə albomumuz işıq üzü görəcək. Bu Türkiyənin etnik-cazz musiqisinin sintezi olacaq. Düşünürəm ki, Türkiyədə də indiyə qədər belə bir albom çıxmayıb. Çox maraqlı albomdur. Mən heç bilmirdim ki, Türkiyədə belə gözəl cazz musiqiçiləri var. Bu albom dünyaya çıxacaq səviyyədə gözəl albomdur. Bu günlərdə Bakıda konsert verən "Manqa" qrupu məni səhnəyə dəvət etdi. Qrupun solisti Ferman Akgül mənimlə 2 il öncə "Ulu vətən" mahnısını ərsəyə gətirmişdi. Bu mahnını birlikdə ifa etdik. Alqışlardan hiss etdik ki, tamaşaçılar tərəfindən çox sevildi".

"İfa etdiyim musiqilərlə dünyanın bir çox ölkələrində keçirilən festivallarda çıxış etmişəm, albomlarım satılıb. Müğənnidə hər şeydən öncə sənətə sevgi olmalıdır. Biznesin, pulun xətrinə sənətə gəlmək olmaz. Bu gün efirlərdə yaxşı musiqinin az səslənməsi məni incidir. Yaxşı səviyyəli musiqi təkcə cazz musiqi deyil ki, pop musiqisi də var. İstərdim ki, efirlərdə bayağı musiqi səslənməsin. Sosial şəbəkələrə kim nə yükləyirsə özləri bilərlər, amma televiziyada səslənməyini istəmərəm. Çünki televiziya xalqın güzgüsüdür. İnsanlar çox şeyə baxa bilər, amma sən televiziya olaraq olmaz ki, qeyri-etik görüntünü efirdə göstərəsən. Televiziya xalqın güzgüsüdür".

“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə əməkdar artist Sevda Ələkbərzadənin Moderator.az-a müsahibəsindən maraqlı hissələri təqdim etdi.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

 

Rumıniyanın qabaqcıl KİV-ləri, Digi 24, Adevarul ro, Pro Tv televiziya kanalı, “Newsweek” qəzeti və digərləri CNN-ə istinad edərək, Azərbaycanın Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan bəhs edib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir.

Sözügedən yazıda hələ XIII əsrdə dünyaşöhrətli səyyah, venesiyalı tədqiqatçı Marko Polonun Yanardağın əsrarəngizliyi haqqında məlumat verdiyi qeyd edilib. Yanardağı görmüş digər səyyahlar da başqa ölkələrə səfər edərkən bu “yanan torpaq” barədə xəbərlər veriblər. Bu səbəbdən Azərbaycan “Odlar Yurdu” kimi məşhurlaşıb. Bildirilib ki, 200-300 il əvvəl burada alovun hündürlüyü 2-4 metrə qədər qalxıb. Bu səbəbdən minilliklər boyu Yanardağ ölkəmizə gələn səyyahları valeh edən məkanlardan biri sayılıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

Bazar ertəsi, 05 Dekabr 2022 17:30

Rejissor qardaşına iki rol verdi

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

MUSTAFA MƏRDANOV

(1894-1968)

 

 

***

Bir gün məşqdən sonra qalıb rol üzərində işləyirdim. Təzə tamaşada kiçik bir rol idi. Qapı açıldı və cavan artistlərdən biri məni görüb içəri girdi.

– Mustafa müəllim, burda tək-tənha nə edirsiz? – maraqla xəbər aldı.

– Görmürsən, məşq edirəm. Rolu öyrənirəm, – cavab verdim.

– Aaa, siz ki, təcrbəli artistsiz, bu vaxta qədər öyrənməmisiz? Mən iki günə öyrəndim o böyüklükdə rolu.

– Elə təcrübəli olduğum üçün, öyrənirəm də, – deyib, davam etdim.

 

***

 Qardaşım, məşhur kinorejissor, aramızdan vaxtsız gedən, Azərbaycanın ilk peşəkar kino rejissorlarından biri Səməd Mərdanovun çəkdiyi “Kəndlilər” filmi mənim yaradıcılığında yeni bir hadisə oldu, çünki həmin filmdə iki rolda oynayırdım. Onlar bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları idi ki, kino ictimaiyyəti və tamaşaçılar bu obrazların ikisini də sevgi ilə qarşıladılar.

– Mustafa, Təhməz rolunu sən oynayacaqsan o, özü yerində, ancaq filmdə balaca bir rol da var, menşevik rolu, istəyirəm onu da sən oynayasan. 

– Səməd, əzizim, təbii ki, sənə kömək eləmək həm qardaşın, həm də bir aktyor kimi mənim borcumdur, amma camaat nə deyər? Deməzlərmi ki, qardaşına iki rol verib.

– Sən narahat olma, biz bu iki rolu elə fərqli səpkidə verərik ki, tamaşaçı da, elə sənin dediyin camaat da razı qalar.

Elə də oldu. Tamaşaçı ekranda bir-birindən kəskin şəkildə fərqlənən iki Mustafa Mərdanov gördü. 

 

***

Adil İsgəndərovun çəkdiyi “Əhməd haradadır?” filmində oynadığım Məhəmməd kişi rolu mənim üçün xüsusilə əzizdir. Bu film ömrünün ahıl çağlarına təsadüf edirdi. “Qanun naminə” filmindəki müstəntiq Murtuzov obrazı isə mənim kino yaradıcılığımda tamamilə fərqli bir xarakter idi. Yəqin peşəkarlıq və obraza düzgün yanaşmağımın nəticəsi idi ki, mənfi tip olmağına baxmayaraq, tamaşaçılar Murtuzovu da çox rəğbətlə qarşıladılar.

 

 “Ədəbiyyat və incəsənət”

(5.12.2022)

 

 

 

Əlibala Məhərrəmzadə yazır

 

 

Söhbət kifayət qədər uğur qazanmış “Ev tapşırığı: Uğur düsturunu tapmalıyıq” kitabından gedəcək. Necə oldu, mən motivasiya barədə kitab yazdım? Deyim ki, belə bir kitabı illərdir ki, beynimdə yazırm. Lap əvvəllər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun biznes üzrə menecerlik fakültəsində oxuyanda da, Türkiyə Respublikasının İstanbul Universitetinin iqtisadiyyat bölümündə növbəti ali təhsilimi alarkən də, sonralar ehtiyac duyanlara auditorluq və konsaltinq xidməti göstərərkən də, biznes fəaliyyətim dövründə də, elmi və bədii yaradıcılıq dönəmində də  bu kitabı vərəqlərə köçürmək zərurəti hiss etmişəm. Amma iş elə gətirib ki, bu zərurətin reallaşması məhz  – 2018-ci ilin mart ayına təsadüf edib.

 

Məhz həmin o küləkli və yağışlı mart günündə mən başa düşmüşəm ki, «sabah başlayaram», «gələn aya qalsın», «gələn il hökmən yazacağam» bəhanələri artıq yetərli deyil. Bəzən sözün gərəkliliyini onun gücü o dərəcədə isbat edir ki, sən ona sipər çəkib qarşısında sadəcə duruş gətirə bilmirsən.

Bədii və elmi kitablarımı oxuyan çoxsaylı oxucularım, peşə fəaliyyətimlə bağlı daim təmasda olduğum insanlar, tez-tez görüşlərinə dəvət aldığım gənclər auditoriyası, küçədə, evimin tinində, ofisimin qarşısında mənə yaxınlaşanlar – göstərdiyim peşəkar xidmətdən yararlananlar, motivasiya etdiyim, məsləhətimlə, öyüd-nəsihət və tövsiyələrimlə haraylarına yetdiyim insan toplusu, əslində çoxminlidir, böyükdür. Ancaq nə qədər çoxminli, böyük olsa da, hər halda bu dairə qapanır. Bəs bu dairədən kənarda qalanlar necə olsunlar? Şəxsi problemlərin, qəddar həyat qanunlarının girdabında boğulanlar, lap onlar da bir yana, özünəinam hisslərindən məhrum olaraq acizlik və zəiflik sindromunu heç cür qıra bilməyən komplekslilər məgər azdır?

Bəs son illərdə bəşəriyyəti öz ağuşuna almış iqtisadi böhranlar, təbii fəlakətlər, ağır qəzalar kabusu, müxtəlif epidemiyalar, mənəvi deqradasiya fəsadları, daim tənəzzülə uğrayan empirik reallıq, metafizik görüşlərə olan basqılar, müharibə və terror alovlarının gətirdiyi ümidsizlik həmlələrinə təslim olan bədbinlər ordusu necə olsun?

Məgər onların motivasiya olunmağa ehtiyacı yoxdur?

Demək, ünsiyyətin tam əhatə dairəsi üçün, miqyaslılığı üçün motivasiya kitabı formasına müraciət zərurəti buradan qaynaqlanır.

Bura onu da əlavə edək ki, bir neçə bədii, siyasi, korporativ kitabın müəllifi olmağımla yanaşı, həm də biznesdə uğur qazanmaq istəyənlərçün sifarişlə biznes-planlar da işləyib hazırlayıram. Bu biznes-planlar müvəffəqiyyətlə həyata vəsiqə qazanırlar, onların əsasında neçə-neçə sahibkar gəlir əldə edir. Uğur qazanmaq yollarını göstərən həmin bu biznes-planlar müəyyən nəzəriyyələrə istinad edir, onlar, haradasa, nəzəri və praktik biliklər toplusudur, onların mənbələrində da oxucu üçün bölüşəsi çoxlu vacib məqamlar var.

Bu da motivasiya kitabı yazmaq üçün başqa bir səbəbim.

Mən bütün gücümü səfərbər edərək var səsimlə hamıya, hamıya demək istəyirəm: heç bir hədəf bizim qıyılmış gözümüzün və tətikdə qatlanmış barmağımızın nişanalma qabiliyyətindən üstün deyil. Və bu şüarımdan ilhamlanaraq daha sonra da bəyan etmək istəyirəm ki, həyatda uğur qazanmaq düstüru heç də düşündüyümüz qədər çətin deyilmiş. Sadəcə, bir neçə ev tapşırığını həll etmək lazımmış bunun üçün. Və bu cümləni altbaşlıq kimi kitabın adının altında yerləşdirərək söhbətə başlamaq istəyirəm.

Gəlin, həmsöhbət olaq. Və tam 250 səhifə ərzində səmimiyyət içində bir-birimizi dürüst anlamağa çalışaq. Bu nə sosioloji, nə fəlsəfi, nə psixoloji, nə də iqtisadi bir dərslikdir. Amma sosioloji, fəlsəfi, psixoloji və iqtisadi çalarları olan bir düşüncə toplusudur. Bəzən sirli hərflər və sözlər birləşərək möcüzəli cümlələr yaradırlar. Yetər ki, o cümlələri dinləyək, o möcüzənin təsir cazibəsində qərarlaşaq.

Beləcə, yazmağa başlamışam!

“Ədəbiyyat və incəsənət”

(05. 12. 2022)

 

Azərbaycanlı gənc tədqiqatçı Nicat Muradzadə hamımızı təəccübləndirməyi bacarıb. O, dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsi sırasında yer alan Böyük Britaniyanın Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura dərəcəsini fərqlənmə ilə birinci sırada tamamlayıb. 

 

“Əsəbiyyat və incəsənət” portalı xəbər verir ki, Nicat ali təhsil aldığı müddətdə, universitetin üstün müvəffəqiyyət təqaüdü olan “Kansler təqaüdü”nə layiq görülüb, habelə müəllifi olduğu kurs işləri və dissertasiya nümunəvi əsər kimi sonrakı illərdə təhsil alacaq tələbələrə təqdim olunmaq üçün universitet kitabxanasında saxlanılıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Univetsitetində (UNEC) tədqiqatçı kimi fəaliyyət göstərən Nicat Muradzadə bundan öncə Türkiyə Respublikasının nüfuzlu İstanbul Universitetinin “Biznes və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsini ilk üçlükdə tamamlamışdır. Nicat Muradzadə bir kitabın, 4 elmi məqalənin 2 konfrans materialının, bir neçə praktiki tövsiyyənin və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) başda olmaqla, dövri yerli və xarici mətbuatda, Azərbaycan və ingilis dillərində dərc olunub çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir.

Qeyd edək ki, çoxsaylı görkəmli şəxsiyyətlər yetişdirən Qlazqo Universitetində 5 baş nazirlə yanaşı, yüzlərlə nazir, millət vəkili, bürokrat və diplomat, o cümlədən 8 Nobel mükafatı laureatı təhsil alıb. Məzunları sırasında Amerika Birləşmiş Ştatlarının qurucularından olan Ceyms Vilson, kapitalizmin banisi Adam Smit, "Kelvin temperatur şkalası"nın yaradıcısı Lord Kelvin, müasir antropologiyanın banilərindən Ceyms Corc Freyzer, Sənaye inqilabına böyük töhfələr vermiş Ceyms Vatt da vardır.

Qürurvericidir, deyilmi?

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.