Super User

Super User

 

İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Şahmar Əkbərzadənin ispan dilinə tərcümə edilmiş “Ayırar bu dünya bizi nə vaxtsa”, “Özün özgənin” şeirlərinin yayımına başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Tərcümə Mərkəzinin mediaya açıqlamasına istinadən bildirilir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Trabalibros” portalı mütəmadi olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

 

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında təbrizli şair, portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla növbəti güneyli yazarımızı təqdim edir: şairə Mərcan Mənafzadəni.

 

Mərcan Mənafzadə kimi tanınan şairə 1970-ci ildə Üskü şəhərində doğulmuşdur. O, fars ədəbiyyatı üzrə Təbriz dövlət universitetində təhsilini bitirmişdir. Mərcanın şeirləri daima Təbriz və Bakının qəzet və jurnallarında yayımlanmaqdadır.

 

 

MƏN QUZEY ŞAİRİYƏM

 

Mən quzeydən gəlirəm

Bir şair baxışının darıxmalı kədərin

Ruhumun ağırlığı üstümdə,

Mən quzeydən gəlirəm.

Quzey dağlarının sal qayalarından

Bənövşə zəmilərindən

Mərcan mahnılarından gəlirəm.

 

Mən alıram şeirimin ruhunu sulu qərənfillərdən

Mən quzey şairiyəm.

Yasaqdır şeirlərim, saçlarım kimi

Mən gəlirəm

Əllərimi torpağa bağışlayam...

 

 

EY MAVİLİYİM

 

Səndən gəlir ağrılarım

Günəş damlalanır səsindən

İşıqlar çələngi

Ağacların

İsti gülüşüdür səsin

Polislərin qalabalığı

Yaşıl sətirlərin sözcüyüdür səsin.

 

Ah... Səni hardan alım?!

Şirin yuxu kimisən

Əmlik quzu kimisən.

 

Söylə...

Neçə göz yaşı bitir gözlərində

Neçə?

Neçə?

Neçə?

Əllərin məhşər saatımdı

Qiyamətimdi... Ey maviliyim...

 

 

ADIM

 

Gülüşlərimi sağ qoltuğunda saxla

Sol qoltuğum didərgindi özümdən

Dodaqlarımın şifrəsini saxla

Ürəyində

Ürəyinin çapılmışında

Mən yaralar mərcanıyam.

 

Sən olmayanda...

Mutlu yellərin ətəyində köçür adımı

Adım kölgələrin işıq çibanıdı

Boylu buludlar kölgələnir beynimə

Səni günəşə tapşırsaydım

İtkinləməzdin kəndini.

Səni

Tanrıya tapşırdığım gün itirdim

Sən itən gün

Mən vəhşət namazı qıldım

Əlhəmdi çeynədim sınıq dışlərimlə,

Tanrı yoxa çıxdı

Və ulduzlar

Yağışlı buludların arxasında batdılar...

 

Kefli gözlərim

Həsrətini sağır mənə.

 

Qara hörümcəklər

Saçlarımda addımlayır

Necə ki izini mən

Necə ki, izin məni

Mən şeirimin mərcanıyam heeeey...

Baxışım,

Kül göyərir

Göyərir kül, kül, kül...

Çicəklərim bir şəhid alma

Və tellərim küləklər yuvası

Mən mor şəfəqlər mərcanıyam.

 

 

YAŞIL YANLIŞIM

 

Sən sevimli yanlışımsan

Ən sevdalı və bilimli

Dişlənmiş almanın sağ üzü

Sən, şaftalının gəlin gedən alay dodağı

Yanlışımın başbaxanısan,

Bakirəsi

Kələmələr səsimi geyinib

At üstə gedir indi...

 

...Sən sevimli yanlışımsan

Arxanca səpdiyim suda boğulur incəliyim

Suda can verir şeirim

Kələmələrin gözləri dolur suda

Suda

        Suda

Yarpızların göz yaşı bilinmir suda...

Necəki mənim

Necəki əllərimdə fatihə olur söyüd ağacı

Və necəki sən

Mənim yaşıl yanlışımsan!

 

Sən sevimli yanlışımsan

Sənə görə tərsinə oxuyuram Quranı

Adımı da yanlış yazıram

Sigara tüstüsündə quylanmış adımı, səsimi də...

 

Sən sevimli yanlışımsan

Almalar da quşların dimdiyin sevir

Quşlar uçmurlar burda

Yelpənəklərin uçuşuna həsrətlə baxırlar

Almaların qoxusu gəlmir

Almalar

Bu bağın ağaclarının ağzında dartılır

Dəhşətli bir olayda!

Almalar

Ancaq almalar dartılır

Qoxusu damarlarda dolaşır

Arvinin burnundan qan açıldı

Laxta-laxta göy alma

Mən doğuluram.

 

 

MƏNİ TANIYIRSINIZMI?

 

Mən qadınam

Neçə yol ayrımına çatarkən

Çizilmiş, incə, buruq

Sevgi ilə yoğrulmuş bir yola vardım.

 

Mən bir türk qadınam

Min bir yerə parçalanmış gövdəm var

Bir yarı həsrət

Bir yarı sevgi

Bir yarı nisgil

Bir yarı dilək

Və... Bir yarı vətən.

 

Bir yarımı səbir çəni bürümüş

Bir yarıma həsrət buludları yağır

Bu mənəm...

Mən bir azərbaycanlı qız

Körpəcik sevgimi

Nə ayaqlar altında əzib keçməklərinə izin verə bilirəm

Nə qoruyub, əmişdirə bilirəm

Minnətlərində boğulanlara

Bağıra bilmirəm, lal gəlir sözüm

Dilimə qıfıl rəsmi salır beynim

Dodaqlarımı kimin barmağı barmaqlıqlarda dustaqlayıb?

Ürəyimdə devrim havası

Xəyalımda intihar qoxusu

Bu mənəm...

Mən bir qadınam

Ürəyim parça-parça iki vətən

Bir parçası sevgidən yaralı

Bir parçası yoxluğundan qabarlı

Bir parçası keşgələr tapdağında qançıl

Bir parçası ölən arzulara yaslı

Bir parçası mərcan daşıdır, al geyinib.

Bir parçası buğdalıqlardan, səmadan iz almış...

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

 

 

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Braziliyanın müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert proqramı təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, Braziliya səfirliyinin təşkil etdiyi konsertdə Azərbaycan Dövlət Simli Kvarteti və Azərbaycan Dövlət Fortepiano Triosu çıxış edəcək.

Qeyd edək ki, son bir neçə ildə Braziliya Xarici İşlər Nazirliyinin Gimaraes İnstitutunun, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Braziliyanın Bakıdakı səfirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyası arasında yaranan uğurlu əməkdaşlıq davam etməkdədir. Festival çərçivəsində konsertlərin ilin sonunadək davam edəcəyi bildirilir.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

 

Mədəniyyət naziri Anar Kərimov dekabrın 2-də Nizami Kino Mərkəzində gənc kinematoqrafçılarla görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğlu da iştirak ediblər.

Anar Kərimov çıxış edərək mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb. Mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və cəmiyyətin inkişafına yönəlmiş infrastrukturun qurulmasında yaradıcı gənclərin də dəstəyinə ehtiyac duyulduğunu bildirib.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsinin təsdiq edildiyini söyləyən Anar Kərimov qurumun ölkəmizdə kino sənayesinin inkişafına təkan verəcəyini vurğulayıb.

Kino sahəsinin inkişaf etdirilməsi üçün Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin, festivalların vacibliyini diqqətə çatdıran nazir gənc kino xadimlərini bu prosesdə aktiv iştirak etməyə səsləyib.

Anar Kərimov daha sonra sözü gənclərə verib, onların fikirlərini dinləyib. Gənc kino sənətçiləri Azərbaycan kinosunun bugünkü vəziyyəti barədə fikirlərini bölüşüblər. Gənclər milli kinonun inkişaf etməsi, beynəlxalq arenaya çıxarılması və yeni ideyalara açıq olması barədə arzu və təkliflərini diqqətə çatdırıblar.

Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

 

Aida Eyvazlı “Şuşam - qalamdır mənim” adlı layihəsini təqdim edir

 

Başa çatmaqda olan 2022-ci il tarixdə Şuşa ili kimi qaldı. Bu, Şuşanın və Şuşanı bizə yenidən qaytaranların haqqıdır.

İlimiz Şuşa adı ilə bağlı olduğundan Vətənimizin  göz-bəbəyi olan Şuşa haqqında lap qədim tarixlərdən xəbər vermək, addım-addım, səhifə-səhifə, ilmə -ilmə, çiçək-çiçək Şuşanı bir də tanıtmaqdır məqsədimiz.

 

“Şuşam - qalamdır mənim” adlı layihəmizdə Qafqazın mədəniyyət və musiqi beşiyi olan Şuşanın yetişdirdiyi mədəniyyət xadimlərindən, tanınmış şəxsiyyətlərindən danışmaüda davam edirik. Dünyalarca tanınmış məşhur Üzeyir Hacıbəylinin  əsərlərini ermənilərin öz adlarına çıxmaları barədə söhbətimizi davam edirik. Yenə də Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun ermənilərin  mədəni irsimizdən, eləcə də Üzeyir Hacıbəylidən oğurladıqları musiqilərimiz haqqında topladığı xatirələri səsləndiririk:  

 

Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının ilk tamaşası 1913-cü ilin oktyabrında Bakıda, Tağıyev teatrında göstərilib. Artıq 1916-cı ildə "Arşın mal alan" təkcə Tiflisdə türk, erməni, gürcü, yunan dillərində tamaşaya qoyulmaqdaydı. 1915-ci ildən Tiflisdə, Areksyanın teatrında Sedrak Maqalyan adlı bir erməni tazən kimi orkestrdə "Arşın mal alan"ı müşaiyət edirdi. Bu həmin Sedrak Maqalyandır ki, sonradan özü sərbəst truppa düzəldərək "Arşın mal alan" operettasını yüksək gəlir mənbəyinə çevirmişdi. Üzeyir bəyin cəhdlərinə baxmayaraq, Sedrak Maqalyan həmişə müəllif hüququna daxil olan məbləğləri ödəməkdən yayınmışdı.

Gürcüstanda Sovet hakimiyyətinin qurulması ilə bağlı 1921-ci ildə o, Türkiyəyə, Konstantinopola və oradan da ABŞ-a mühacirət etmişdi. Los-Ancelesdə varlı erməni icmasının dəstəyi ilə tez zamanda öz teatrını yaradan Maqalyan "Arşın mal alan"ı  əsil biznes mənbəyinə çevirir. Afişalarda bu əsər "Erməni operettaları kraliçası" kimi təşbehləndirilir. Şübhəsiz, artıq orda Ü.Hacıbəylinin adını qeyd etməyi bu "erməni cənab" özünə rəva görmür və bütün ləyaqət və vicdanı unudaraq, "mədəni qarət"ini və təcavüzünü davam etdirir.

1937-ci ildə ABŞ-da daha bir erməni, rejissor Ruben Mamulyan "Arşın mal alan"ı ekranlaşdırır.. Lakin öz "əqidəsinə" və "milli ənənəyə" sadiq qalan Mamulyan da əsil müəllifin adını göstərmir. 1942-ci ildə İranda ezamiyyətdə olan Şəmsi Bədəlbəyli bu filmi görüb Bakıya qayıdarkan Üzeyir bəyə xəbər verir.

Ü.Hacıbəyli isə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun  məsləhəti ilə o vaxt SSRİ Xarici işlər komissarı olan Molotova məktub yazır, əhvalatı ona bildirir. Tezliklə bu işdən xəbər tutan İosif  Stalin əsil mahir siyasətçi kimi dəqiq və qəti bir qərar çıxarır. Ağır müharibə illəri olmasına baxmayaraq, Azərbaycanın ən kamil və gözəl sənətkarlarını bir araya yığaraq, möhtəşəm, parlaq, geniş formatlı, Dünya standartlarına uyğun bədii musiqili film çəkilməsini tapşırır.

Artıq 1945-ci ildə ekranlara çıxan "Arşın mal alan" filmi tezliklə bütün Dünyanı fəth edərək, əvvəllər çəkilmiş eyni adlı filmləri kölgədə qoyur və Üzeyir Hacıbəylimin adını bütün planetdə təsdiqləyir.

 

“Ədəbiyyat və incəsənət” (06.12.2022)

 

Keçmişdə şeir məclislərinə qoşulmaq üçün şairlər minlərlə kilometr məsafəni arabalarda, sonradan avtomobillərdə qət edirdilər. İndi isə kompüterin arxasına keçməklə uzaqları yaxınlaşdırırsan. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar birlikləri, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə cari ilin mart ayından start verilən Azərbaycan və Özbəkistanın gənc şairlərinin “Məclisi - fəramuşan” adlı növbəti poeziya görüşü keçirilib.

Onlayn formatda keçirilən poeziya görüşündə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi Mərkəzin layihəsi və “Şuşa İli” ilə əlaqədar iki əsrdən sonra bərpa olunan Azərbaycan və Özbəkistanın gənc şairləri arasında keçirilən “Məclisi - fəramuşan” poeziya görüşləri haqqında məlumat verib. 

Samir Abbasov “Məclisi - fəramuşan” şairlər yığıncağının rəsmi açılışının bu ilin aprelində Azərbaycan və Özbək şairlərinin iştirakı ilə mədəniyyətimizin paytaxtı Şuşa şəhərində keçirildiyini söyləyib. O, gələn ildən Azərbaycan Mədəniyyət Nazirliyi, Türk Tarixi və Mədəniyyəti Fondunun dəstəyi ilə sözügedən şairlər məclisinin xüsusi yığıncağının Şuşada bütün Türk dövlətlərinin iştirakı ilə təşkil ediləcəyini vurğulayıb. 

S.Abbasov “Şuşa İli” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış şairəmiz Xurşidbanu Natəvanın əsərlərinin Azərbaycan və özbək dillərində nəfis şəkildə nəşr edildiyini bildirib. 2022-ci il “Məclisi - fəramuşan” şairlər yığıncağına qoşulan və şeirlərini səsləndirən Azərbaycan və özbək şairlərinin əsərlərinin toplanaraq növbəti ildə nəşr olunacağını qeyd edib. 

Özbəkistan Ali Məclisinin deputatı, Xalq şairi İqbal Mirzə bu tarixi layihənin bərpası və təşəbbüsə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. 

“Məclisi - fəramuşan” şairlər yığıncağını Türk dünyasının ədəbiyyatı, ədəbi əlaqələrin inkişafı üçün gözəl platforma adlandıran İqbal Mirzə məclisin gələcəkdə yeni-yeni istedadların üzə çıxmasına dəstək olacağına inandığını söyləyib. İqbal Mirzə çıxışında Azərbaycan xalqını öz əzəli torpaqlarını erməni işğalından azad etməsi münasibətilə təbrik edib, növbəti il tədbirin Türk dünyası şairlərinin iştirakı ilə Şuşada keçirilməsini tarixi hadisə kimi dəyərləndirib. 

Azərbaycanın Xalq şairi Vahid Əziz “Məclisi - fəramuşan” şairlər yığıncağını yüksək qiymətləndirib, xalqlarımız arasında ədəbi əlaqələr və tarixi dostluqdan danışıb. O, tədbiri bir poeziya bayramı adlandırıb, harada şeir, sənət, söz, poeziya varsa orda anlaşma, sevgi, xoşbəxtlik olduğunu vurğulayıb. 

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov bu tarixi layihənin bərpasını möhtəşəm ədəbi hadisə kimi dəyərləndirərək zəngin poeziyaya malik xalqlarımızın öz ədəbiyyatları ilə fəxr etməli olduğunu bildirib. 

Sonra hər iki ölkənin şairləri şeirlərini oxuyub və fikirlərini bölüşüblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

 

Günlər öncə mədəniyyət nazirimiz Anar Kərimovun bir tvitter paylaşmasını diqqətinizə çatdırmışdıq:

“Azərbaycan caz sənətinin əfsanəsi Rauf Hacıyevin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən festival keçiriləcək. Hamını 6 dekabr tarixində Heydər Əliyev sarayıda möhtəşəm konsertə dəvət edirik”.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, həmin konsertin vədəsi yetişib. Bu gün azşam saat 19-da Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə “Bu həyat qədər” adlı estrada-caz konserti təşkil olunacaq.

Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Qaya” Dövlət Ansamblı, R.Behbudov adına Azərbaycan dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, həmçinin tanınmış Xalq artistləri və gənc ifaçılar R.Hacıyevin bəstəsi olan mahnılarla çıxış edəcəklər. 

Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. R.Hacıyev həmçinin respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə də nüfuz qazanıb.

Qeyd edək ki, bəstəkarın 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı əsasında silsilə tədbirlərlə qeyd olunur.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

Çərşənbə axşamı, 06 Dekabr 2022 08:17

Nazirliyin layihəsində bu dəfə Rəşid Behbudov

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı Rəşid Behbudova həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Əslən Şuşalıdır.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır.

1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub.

1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək oranın solisti və bədii rəhbəri olub.

Dahi sənətkar 1989-cu il iyunun 9-da vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” 

(06.12.2022)

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilmiş “Xurşidbanu Natəvan” tamaşasının premyerası baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dövlət sifarişi ilə hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Rafiq Əzimov (Mirzə Ruhullah), Hacı İsmayılov (Qoca Knyaz) Kazım Abdullayev (Canişin), Əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli (Kor kamançaçı), Kazım Həsənquliyev (Məliküldövlə), Elnar Qarayev (Mamayı), Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyorlar Elçin Əfəndi (Hidayət xan), Cavidan Novruz (Nəvvab), Vüsal Mustafayev (Zahir bəy), Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kültəvi səhnə) və iştirak ediblər.

Keçək tamaşanın mövzusuna. İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.

Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da tamaşada diqqət mərkəzindədir.

Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb. Xüsusi olaraq səhnə əsərinin ecazkar musiqisini də qeyd edək.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

 

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən "Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə" layihəsi çərçivəsində çap olunmuş  "Türk dünyası gəncləri- Nizami Gəncəvi dühası" kitabının və eyniadlı sosial çarxın təqdimatı baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə bir sıra tanınmış ictimayyət nümayəndələri, yazarlar, KİV təmsilçələri iştirak edib. 

Azərbaycan və qardaş ölkə Türkiyənin himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar açıq elan edib.  İntiqam Yaşar iştirakçılara kitab haqqında  məlumat verib. O, Nizami irsini Türk dövlətlərinin ortaq dəyəri adlandırıb və qeyd edib ki, sözügedən layihə çərçivəsində qardaş ölkə gəncliyinin nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.

Tədbirdə millət vəkili Cavanşir Feyziyev,

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, yazıçı Kənan Hacı, şair publisist Fərid Hüseyn, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, Çuvaşistan-Azərbaycan dostluq cəmiyyətinin sədri Aqil Əliyev, Şərqşünas -yazıçı Əli Rzazadə, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" Birliyinin sədri Arzu Bağırova çıxış ediblər.

Tədbirdə iştirak edən Millət vəkili Cavanşir Feyziyev Nizami Gəncəvi haqqında nəşr olunan haqqında danışdığımız kitabın Türk dövlətləri gəncliyini bir-birinə yaxınlaşdırmaq məqsədini yüksək qiymətləndirib. Cavanşir Feyziyevin sözlərinə görə Nizami Gəncəvi təkcə şair deyil həm də Azərbaycan xalqının milli-mədəni varlığının təsviridir. N. Gəncəvi dünya ədəbiyyat tarixinin konteksti çərçivəsində mirasdır. O, Nizami irsini qorumaq və onu daha geniş kütlələrə ötürmək istəyini həyata keçirdiyi üçün Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara təşəkkürünü bildirib. Və layihədə iştirak edən bütün yazarları təbrik edib. 

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı isə Nizami Gəncəvini özündən əvvəlki və sonrakı ədəbiyyatı şəkilləndirən qala bürcü adlandırdıb. Həmçinin N. Gəncəvi irsinə uzun illər boyunca arzuolunmaz qonşular tərəfindən necə göz dikildiyini, necə özününküləşdirməyə cəhd edilməsindən danışıb. O vurğulayıb ki, belə bir dövrdə Nizami irsinə yenidən qayıtmaq məqsədi olduqca zəruri idi.

Kitab təqdimatında iştirak edən Filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva "Xosrov və Şirin" əsərinin ermənilər tərəfindən mənimsənilməsi, Şirinin milli kimliyinə qarşı olunan  iddialara toxunub:  "Tarixdə ərmən, ərmənzəmin olan yeri təəssüf ki, Ermənistan kimi adlandırıblar. Əslində Nizami oranı bir ucu Muğan bir ucu Arxaz mərkəzi Bərdə olan bir dövlət kimi göstərib. Şirinin kimliyi bütün dillərdəki  əsərlərdə mübahisə doğurub. Onun erməni kimi tanıdılması cəhdi sonrakı dönəmin söyləntiləridir. Lakin bu, həqiqəti əks etdirmir".

Yazıçı Kənan Hacı Nizami irsinin tanıdılması üçün önəmli olan layihənin ərsəyə gəlməsində əməyi keçənlərə öz minnətdarlığını bildirib. O, söyləyib ki, Dünya Gənc Türk Yazarlar Birliyi fəaliyyəti boyunca əhəmiyyətli işlərə imza atıb.

Şair-publisist Fərid Hüseyn Nizaminin Azərbaycan şairi olmasına aid dəlilləri izah edib: "Nizami əsərlərində nəyi qabardıbsa xalq onun ardınca gedir. Onun bütün əsərləri Azərbaycan folkloruna uyğundur və onlarda Azərbaycan ideologiyaları var".

Çıxış edənlərdən filologiya elmləri üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, şərqşünas-yazıçı Əli Rzazadə və digərləri kitabın məziyyətləri, önəmi haqda fikirlərini bölüşüblər. 

Kitabla eyni adı daşıyan çarx şeirsevərlərə təqdim olunub. Çarxda Türk dövlətlərindən olan ədəbiyyat nümayəndələri Nizami Gəncəvinin  şeirlərini öz türkcələrində səsləndiriblər. 

Bundan əlavə  kitabda yer alan müəlliflər, tərcüməçilər və çarxda şeir qiraət edənlər diplomla təltif olunub. Eyni zamanda iştirakçılara "Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası" kitabı hədiyyə edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.