Super User

Super User

Cümə axşamı, 16 Fevral 2023 10:15

Respublika Uşaq Kitabxanasından uşaqlara müjdə

SOS uşaq kəndi”ndə yaşayan balacalara kitab hədiyyə edilib

 

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “SOS uşaq kəndi”ndə yaşayan uşaqlara müxtəlif yaş qruplarına dair kitablar hədiyyə edilib. 

 

Respublika Uşaq Kitabxanası 2014-cü ildən hər il Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə müxtəlif məkanlarda 100-lərlə kitab hədiyyə etməklə uşaqları sevindirməyə davam edir. Keçirilən bu tədbirin əsas məqsədi gənc nəsildə kitaba sevgi hissi yaratmaq, mütaliə mədəniyyətinin formalaşmasında kitabın mühüm əhəmiyyətini diqqətə çatdırmaqdan ibarətdir. 

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə “yola düşür” və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

11) Məqsədyönlü olmaq.

Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqdan sınmamalısan. Həyatda heç nəyə insan asan nail ola bilməz. Uğur yolu daş-kəsəkli, eniş-yoxuşludur, onu minbir əziyyətə qatlaşaraq dəf etməlisən. Qarşına çıxan barılar, hasarlar yolundan sapınmağına səbəb olmamalıdır. Yalnız son nəticəyə hesablanmış inamla məqsədyönlü şəkildə uğura nail olmaq mümkündür.

 

 

 “Ədəbiyyat və incəsənət”

(15.02. 2023)

 

Cümə axşamı, 16 Fevral 2023 09:30

Daşların dilini gözəl bilən ustad

Natiq Əliyev Rəssamlıq Akademiyasına rektor təyin edilib

 

Azərbaycan heykəltəraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü, "Qazax" Xeyriyyə İctimai Birliyinin fəxri üzvü, Azərbaycan Respublikasının xalq rəssamı Natiq Əliyev ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, N.Əliyev 1958-ci ildə Bakıda doğulub.

O, 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub və buranı "Fərqlənmə diplomu" ilə bitirib. Bundan əlavə o,  1978-1983-cü illərdə V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində təhsil alıb və buranı da fərqlənmə ilə bitirib.

Respublika Gənclər Mükafatının laureatı olan heykəlataraş 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının "Soltan Məhəmməd" mükafatına layiq görülüb.
2005-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adına layiq görülən N.Əliyev 2018-ci ildə həmçinin "Şöhrət" ordeni ilə təltif edilib.

Tanınmış heykəltaraş 2008-ci ildən Rusiya rəssamlıq akademiyasının fəxri üzvüdür.

Azərbaycan Dövlət Akademiyasının professoru olan N.Əliyev bu təyinatadək heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyıb.

N.Əliyev xeyli sayda abidələrin və memorial lövhələrin müəllifidir.

Təbrik edirik!

 

Şəkillərdə: Natiq Əliyev, onun yaratdığı barelyef, "Qazax" Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov Natiq Əliyevi təltif edərkən.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Təl-Əvivdə Azərbaycandakı yəhudi irsinə dair təqdimat keçirilib

 

İsrailin Təl-Əviv şəhərində Dünya Yəhudilərinin Səyahəti (World Jewish Travel) təşkilatının təşəbbüsü ilə “Yəhudi İpək Yolu” adlı tədbir keçirilib.

Dövlət Turizm Agentliyindən məlumatına görə, tədbirdə iştirakçılara Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova tərəfindən Azərbaycanın çoxillik yəhudi irsi, yəhudi icmasının sıx şəkildə məskunlaşdığı Qırmızı qəsəbə, o cümlədən yəhudi irsinin mövcud olduğu Bakı, Quba, Oğuz, İsmayıllı və digər ərazilər haqqında məlumat verilib.

İştirakçılara Azərbaycanın müxtəlif yerlərində qədim sinaqoqların izlərinin aşkarlandığı və hazırda ölkədə yeddi sinaqoqun fəaliyyət göstərdiyi bildirilib.

Tədbirdə həmçinin, Türkiyə, Gürcüstan, Özbəkistan və Hindistanı təmsil edən nümayəndələr ölkələrindəki yəhudi irsinə dair təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, İpək Yolu üzərində yerləşən və məhz yəhudi mədəniyyətinin çiçəklənməsinə töhfə verən şəhərləri birləşdirən konseptual layihə “Yəhudi İpək Yolu” adlanır.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə fevral 14-15-də Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunub.

 

Şəkildə: Qırmızı qəsəbə; Günel Bədəlova çıxış edərkən. 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

 

Fransada “Grand Palais Ephmere”də “Art en Capital 2023” sərgi salonu açılıb. Salonda Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun davamçısı Nigar Nərimanbəyovanın da əsərləri nümayiş olunur. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, salonda nümayiş olunan əsərlər münsiflər heyəti tərəfindən seçilib. Tanınmış rəssamların əsərlərinin nümayiş olunduğu “Art en Capital 2023”də Azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın “Votsap” əsəri böyük maraqla qarşılanıb. 

N.Nərimanbəyova Azərbaycanı belə möhtəşəm sərgidə təmsil etməkdən qürur duyduğunu bildirib.

Fransa prezidentinin himayəsi ilə keçirilən sərgi fevralın 19-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

 

Hümbət Həsənoğlu “Ədəbiyyat və incəsənət”in oxucularına bu gün bu  aforizm onluğunu təqdim edir.

 

1. İnsan ömrü boyu oxuyub, sadə həqiqətləri başa düşməyə də bilir.

 

2. Kişi üçün qadın vərəqlərinin çoxu cırılmış kitab kimidir, oxuyub nəsə başa düşməyə çalışır.

 

3.Öz fikri olanların fikri heç kimə maraqlı deyil.

 

4. Başa düşməyə çalışmasan, yaşamaq o qədər də çətin iş deyil.

 

5. Şeytanı insan öz pis əməllərinə bəraət üçün düşünüb.

 

6. Başqalarından fərqləndiyin qədər maraqlısan.

 

7. Həkim xəstəyə inam verir və xəstə həkimə olan inamı ilə özünü sağaldır.

 

8. İnsan hərdən öz içinə o qədər adam doldurur ki, özünə oturmağa yer qalmır.

 

9. Yalnız özü haqda danışan insana sakit bax, o, özündən başqa kimi tanıyır ki?!

 

10.Qadınlar başa düşməlidirlər ki, kişilər onları heç vaxt başa düşməyəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

Çərşənbə, 15 Fevral 2023 15:30

Günün fotosu: Prezident məşqi izləyərkən

Günün fotosu: Prezident məşqi izləyərkən

 

Polşadakı Sventoşuv hərbi bazasında ukraynalı tankçılara Leopard2 tanklarının idarə edilməsinin öyrədilməsi təlimini Polşa prezidenti Anjey Duda da izləyib.

Foto:AP

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2023)

Rəsm qalereyası: Arif Hüseynov, “Azərbaycan nağılları” silsiləsindən

 

2022-ci ildə məşhurların orta qazancları 2021-ci illə müqayisədə azacıq yüksəlib və Forbesin ənənəvi açıqlamasında cəmi bir milyarder var. 

Nəzərə alaq ki, göstərilən gəlirə sənətçi komandalarına ödənilən rüsumlar daxil deyil. 

 

10. Bəd Banni

Qazancı: 88 milyon dollar

Bəd Banninin gəlirinin çoxu onun iki turundan əldə edilib: "El Último Tour Del Mundo" və "The World's Hottest Tour!" O, həmçinin "Bullet Train"də də səhnəyə çıxıb.

 

9. Teylor Svift

Qazancı: 42 milyon dollar

Onun əsas gəliri rəqəmsal platformalardan, "stream"lərdən və rekord satışlardan olub.

 

8. Ceyms Kemeron

Qazancı: 95 milyon dollar

Rejissor Ceyms Kemeron pulu əsasən "Avatar: Suyun Yolu" filminin kassasındandır.

 

7. "Rolling Stones" qrupu

Qazancı: 98 milyon dollar

İkonik qrup pullarının böyük hissəsini 136 milyon dollarlıq qastrol səfərindən və rekord satışlarından əldə edib.

 

6. Bred Pitt

Qazancı: 100 milyon dollar

Bred Pitt bu il "Bullet Train", "Babylon" və "The Lost City" kimi filmlərdəki roluna görə bu qədər pul qazanıb.

 

5. Ceyms Bruks və Mett Qroeninq

Qazancları: 105 milyon dollar

"Simpsons"un yaradıcıları layihəni yüksək bir ödəniş qarşılığında "Disney Plus"a satıblar.

 

4. Trey Parker və Mett Stoun

Qazancları: 160 milyon dollar

"South Park"ın yaradıcıları bu il "Paramount" müqavilələrini böyük gəlir mənbəyi kimi göstəriblər.

 

3. Tayler Perri

Qazancı: 175 milyon dollar

Tayler Perrinin pulu, BET ilə müqaviləsinə əlavə olaraq, müxtəlif layihələr hazırladığı Atlantadakı kütləvi istehsal sahəsindən gəlir.

Maraqlı fakt: Tayler Perri bu siyahıdakı yeganə milyarderdir!

 

2. Stinq

Qazancı: 210 milyon dollar

Stinq bütün musiqi kataloqunu böyük məbləğə "Universal Music Group"a sataraq bu siyahıda 2-ci pillədə qərarlaşıb.

 

1. "Genesis"

Qazancları: 230 milyon dolar

"Genesis" 2022-ci ilin payızında  "Concord Music Group"a etdikləri 300 milyon dollarlıq kataloq satışı səbəbilə bu siyahıda ilk pillədə yer alıblar.

 

Şəkildə: Lider - “Genesis”

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

Çərşənbə, 15 Fevral 2023 15:30

Opera və modanın vəhdətini görəcəyik

 

Yaz ətirli bir xəbəri indidən sizinlə paylaşaq. Martın 8-də Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlayıb. 

Həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim ediləcək.

 

Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib. 

Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak edəcək. 

İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa edəcəklər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. 

Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olacaq. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdiriləcək. Gecə ərzində səhnəyə çıxacaq müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim edəcəklər. 

Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olacaqlar. 

Həmin gün Heydər Əliyev Mərkəzində sərgi də təqdim olunacaq. Sərgidə Azərbaycan operasının ilk qadın müğənniləri haqqında məlumat veriləcək. Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Şövkət Məmmədova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat veriləcək. Azərbaycan operasının qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları da sərgilənəcək. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alacaq.

Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın “Leyli və Məcnun” operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın “Od gəlini” operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə edəcəklər. 

Sərginin daha bir bölməsində isə həmin gün geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri yer alacaq.

Biletləri Mərkəzin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.