Super User

Super User

 

 

Portalımızın Güneydən gələn səslər rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri Kamil Qəhrəmanoğlunun şeirləri ilə tanış edir. 

 

Kamil Qəhrəmanoğlu 1974-cü ildə Xiyav şəhərinin Əhmədabad kəndində doğulmuşdur. O, fars dili və ədəbiyyatı fakültəsini yüksək maqistr dərəcəsində bitirdikdən sonra ədəbiyyat və tarix fakültəsi üzrə doktorluğunu bitirmişdir. Onun “Dumanlı sanilər gəlin gedir” (2010) adlı şeir kitabı üç dəfə çapa buraxılmışdir.

Kamil dəfələrcə şeir müsabiqələrində birinci məqamı qazansa da, onun şeirləri iran höküməti tərəfindən iranda kitab kimi nəşr olunmağa yasaqlanmışdır.

 

 

POST MODERN MANİFESTİ

 

Bu cəsəd istidir hələ

Kəfəni üşüyür yaralardan

Üşənir kəndindən.

 

Od çığırtısıdır səsimdə

Kölgələr titrəyir öfkəmi

Düşür ovcuma qışqırıqları

Barmaqlarımda misralanır qurdlar

Və liberallar manifest yazır ördəklərə

İki quru alma qaxı çeynəyir qafiyələrim

Kəlmələri başıma papaq tikirəm hələ

Nöqtələri düymə

Nöqtə ayaqları dünyadan böyük

Və...

Burda armudlar atom qoxusunu gəlir

Şimaldan cənuba

Bir kitabın köhlən kişnərtisi

Kimi diskinmələrdən...

Qarğa gözləri pəncərə xınasında batmış

Şüşə, şüşə sındırıblar

Və bədənimdən çıxarıblar məni

Darıxır məndə sözcüklər

Axır gözlərindən dağlar

Və günəş tut çiçəklərini tumarlayır tellərində.

 

Bu cəsəd istidir hələ

Kəfəni üşüyür yaralardan

Yanmış, məzarlar ölüləri.

 

Tanrının keşi qaçır dodaqlarımdan

Ağzımı İsmayıl bıçağı kəsir

Başmağımdan ulayır birisi

Ətəşin güneyliyini gəlirəm doğudan

Və... sərçə siçanlar

Yatır gözlərimi alça xoluna...

 

 

BU GÜN QARĞALAR ŞEİR OXUDULAR

 

Bu gün qarğalar şeir oxudular,

Qoxudular yer üzündə pendirləri

Oxudular şeiri qarğalar

Və qarladılar ağacları qarrr, qarrrr

Geyindilər yarpaqlar fəlsəfələri

Yedilər də gecəlikləri yavanlıqlarına...

 

Bu gün qarğalar şeir oxudular

Dilləri pəltək qarğalar

Öskürəyin beli sınmış qafiyəsində!

Sancağın qarasıl lakında

Və araba baxışında ağaclar hücumunda beləsi...

 

Şeirlərdən dəlisəl sellər

Sellərdən dəlisəl şeirlər

Ölülər mahnılarda uzanmışlar

Cəsədləri qar, qar, qarlar qarğalar

Yuxlayırlar dodaqlarında

Məsafəsiz yollar uçuşudur, qarğaların

Və küləkli kölgələr qanadları, beləsi.

 

Qarğalar şeir oxuyarlar gündə

Qoltuqlarında bir at yükü kitab

İki it hürüşü vəngilti

Sözləri düyün salırlar gözlərində

Ancaq günorta saat vaxtında

Adsız ölürlər qarğalar

Havasız kəlmələrdə

Sözsüz şeirlərdə

Və ləhləyir ağzımda

Bir...

İki...

Və... Əlli üç it balası...

 

 

ŞİŞİB ƏLLƏRİM...

 

Əllərim şişib gecənin gəbərilmiş qarnında

Boyasını udan saniyələr

Çirkinə uzanan meymunlar və...

Xiyabanlar çölə tökülür içimdən

İçimdən tökülür çölə xiyabanlar

Çölə içimdən xiyabanlar tökülür

Tökülür xiyabanlar içimdən çölə

Arıq düşüncələrdi qaçır arxam kobudluğunda

Küçələr köçürlər ayaqlarımdan

Köçürlər

Tüpürcəklərin gəmirəcəkli əllərini

Şişib əllərim..

Qabığını yemiş ilanlar

Yarpızlı günlərini qışqırır

Zeytun gözlü qızcığazlara

Yuxu görürəm ulus adlarını

Adları at olur

Atları zaman

Ağızları açıla qalır ölülər kimi

Sübh yağışının paralel küləklərində

Başmağım yel misralarına sürgün düşərkən

Asılır Kirpiklərimdən hörümcəklər

Bir yanım

Günəşin qaranlıq quyusudu

Bir yanım

Bir planetin yanmış tərəfidi

İstəyirəm çimişəm gözlərində

Niyə səsimə hamilədi əllərin?

Niyə cəhənnəmin yolağı otağımdandır

Və niyə gecə,

Gövdə divarımdan qalxır göyləri

Və qaçır gündüzlər barmağımın ucalığından

Burası aynalar dolub adamlardan

Adamlardan dolub aynalar burası

Aynalar burası adamlardan dolub

Dolub adamlardan burası aynalar...

Şişib əllərim...

Bura ağrı hava limanıdı

Boş verin məni

Ovcumun yarasında bir ah vardı qabarcasına

Tanrı qucumda

Söyüd kolunda yatıram çox günlər

Hamı söyüdlərin xərçəngi var

Cumanın saat doqquzunu çəkirəm üstümə

Və ayın çılpaqcasına kəsilmiş başını.

 

Sözcüklər yüngüllüyünü salıb üstümə

Və bir şəklin

Düyməsidir boğazımda maşın sürür

Boğazım dünyanın ikinci savaşıdır

Birinci Hitleri

Üçüncü Stalini

Boğazımdan sürünür tanklar

Və qollarımda məzar qazır Mussolini

Fransizin Gigi qızları.

 

Addımlayır yuxularım məni

Yol gedir biri qafamda

Yollar dustağıyam

Bu yollar uşaqlarını yeyirlər

Soyuq dəymiş yuxularıma, Aaaf...

 

Şişib əllərim...

Əllərim şişib gecənin gəbərilmiş qarnında.

 

 

ÖNCÜL HƏCM

 

Göylər barmağımdan su içir artıq

Göylər barmağımdı

Barmağım göylərdi

Göylər dağımdı

Qarabağımdı.

“Baltalıqdır Qarabağ Köksü, əsirlər bitirib

Xocalı kimliyi sürgündə araz yarpaqla...”

 

Göylər barmağımın şəhadət sonrasıdı!

Hanı dörd bağırlı bağlı ağ müstətil?

Hanı alnında savaş sətirli göy medialar?

Hanı barıt şəkilli qızcığazlar of?...

Hanı düşüncə planlı Leylası?

Toraxay haylası,

Bayquş qarğası?!..

Hanı?

Hanı?

Haaanıııı?!

Köynəyini hardan aldılar əynindən?!

Əynindən aldılar harda köynəyini?!

Aldılar əynindən köynəyini harda?!

Harda köynəyini əynindən aldılar?!

Barmağımı pentaqon tikirlər,

Barmağımı həra köhülü

Petronas borcu

Varşava dəkəli

Prenses banlısı

Göylər barmağımdı

Barmağımın gözünə girdim

Bit düşüb kilkəmə.

 

Bura gəlsən yal-yallı, yalnızcalı gəl

Əl apar allahın işinə

İki qollar ara yaramı dəmlə

İki fincan vətən vuraq keflicəsinə

Bu şeiri iplə ipəklə gey

Misraları çimizdir tərinə

...Və mən sarı kök səpim tellərinə.

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır. 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Cümə axşamı, 22 Dekabr 2022 12:30

“Casus” pyesi daha çox sevilib

 

Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa ilə çıxış etmişdi. İttifaqın 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalı çərçivəsində müsabiqədənkənar qonaq qismində oynanılmışdı bu tamaşa. “Ədəbiyyat və incəsənət”in ekspertinin seçimində bu tamaşa ayın ən uğurlu premyerasıdır. 

 

Xatırladaq ki, “Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Həmçinin Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir? Bu sualların cavabı səhnə əsərində süjetin ana xəttinin açılması ilə tamaşaçılara məlum olur.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Milanın La Skala opera teatrının direktoru Dominik Meyer çoxunu təəccübləndirən bir addım atıb. O, rus bəstəkarı Musorqskinin "Boris Qodunov" operasının dekabr ayının ikinci dekadasında mövsümün açılışı üçün seçimini müdafiə edib. Və La Skala mövsümə bu tamaşa ilə başlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, daha əvvəl Ukraynanın Milandakı baş konsulu Andrey Kartış bu qərarı tənqid edərək tamaşanın  ləğv edilməsini tələb edib.

Dominik Meyer qeyd edir ki, bu seçim Ukraynaya qarşı yönəlməyib və üç il əvvəl edilib. O, bundan əvvəl də rus operalarının ləğvinə qarşı olduğunu vurğulayıb.

Bundan əlavə, La Skalanın gələcək mövsümünün balet afişasında Pyotr Çaykovskinin "Şelkunçik" və "Qu gölü" tamaşaları da təqdim olunur.

 

Dominik Meyer deyib: “Boris Qodunov"un istehsalı üç il əvvəl verdiyimiz qərardır. Belə bir layihəni ləğv etmək mümkün deyil və niyə də ləğv edək? “Boris Qodunov"u tamaya qoyaraq Putinin təbliğatı ilə məşğul olmuruq ki. Biz real siyasi vəziyyətlə Rusiya mədəniyyəti arasındakı fərqi görməliyik. Bu əsər sənət tarixində böyük bir şah əsərdir. Dostoyevski və ya Puşkini oxuyanda kimdənsə gizlənmək istəmədiyimi söyləyim. Bunlar çox hörmət etdiyimiz şah əsərlərdir. Bu əsərlərdə heç bir şey Ukraynaya qarşı yönəlməyib”.

 

Müharibə başlayandan bəri bir sıra aparıcı Teatrlar bəzi rus musiqiçiləri və müğənniləri ilə Kremldən "kifayət qədər uzaqlaşmadıqlarına" görə əməkdaşlığı dayandırdılar. Bu faktdır. 

La Skala da istisna deyildi — rus təcavüzünün ictimai qınağından imtina etdikdən sonra Anna Netrebko və Valeri Gergiev teatrda non grata personası oldular.

Amma fərdlərlə klassik əsərləri La Skala qarışdırmamağın tərəfdarıdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Bu gün “Artım” layihə məkanında amerikalı məşhur rejissor Devid Linçin “Göy məxmər” filmi nümayiş olunacaq. “SAFEZONE” qrup sərgisi çərçivəsində göstəriləcək film ingilis dilində Azərbaycan subtitrləri ilə təqdim ediləcək. 

 

Filmin qısa məzmunu: Tələbə Ceff atasının insult keçirdiyini eşidərək, doğma Lumberton şəhərinə qayıdır. Xəstəxanadan evə gedərkən Ceff boş bir ərazidə kəsilmiş insan qulağı tapır. O, polis bölməsinə yollanaraq, bu barədə xəbər verir. Bölmədə uşaqlıq dostu, polis zabitinin qızı Sendi ilə də rastlaşır və ondan öyrənir ki, ilk baxışdan sakit, təhlükəsiz görünən şəhərdə gizli cinayətkar dəstə fəaliyyət göstərir. O, Ceffə deyir ki, launc-müğənnisi Doroti Vallensin həmin cinayətlə əlaqəsi ola bilər. Ceff öz araşdırmasına başlayır. Araşdırmanın izləri gözəl, müəmmalı qadın Dorotiyə və onun sevgilisi olan narkotik ticarətçisinə gedib çıxır.

Müddəti 120 dəqiqə olan ekran əsərinə hər kəsin baxa bilmək imkanı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

“İrs-Miras” beynəlxalq jurnalının türk dilində növbəti nömrəsi qardaş ölkədə çapdan çıxıb. Jurnalın baş redaktoru Musa Mərcanlı “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” sərlövhəsi ilə yazdığı ön sözdə 270 yaşını tamamlayan Şuşa şəhəri, tarixi şəxsiyyətləri, nəşrdə əksini tapan məqalələr və sair barədə oxuculara müfəssəl məlumat verib.

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qələmə aldığı “Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi bölgədə sülhün və sabitliyin qarantıdır” sərlövhəli məqalədə iki qardaş ölkənin müttəfiqliyi milli səltənət kimi tərənnüm olunur. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qələmə aldığı “Türkiyə-Azərbaycan qardaşlığı və strateji müttəfiqliyi” sərlövhəli məqalədə isə Azərbaycan və Türkiyənin dövlətçilik tarixinə, müttəfiqliyinə uzanan yola nəzər salınır.

Hər iki məqalədə diqqətə çatdırılır ki, Azərbaycan-Türkiyə münasibətləri Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamlarının ruhuna uyğun dinamika ilə yüksələn xətlə inkişaf edir. 

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attarın təqdim etdiyi “Qardaşlıq münasibətlərini müttəfiqliyə yüksəldən sənəd: Şuşa Bəyannaməsi və ona qədər” sərlövhəli məqalədə iki qardaş ölkənin birlik və həmrəylik fəlsəfəsinin ayrı-ayrı istiqamətlərindən bəhs olunur, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə məlumat verilir. 

“Türkiyə və Azərbaycan qardaşlığının möhürü: Çanaqqala və Qafqaz İslam ordusu ruhu” başlıqlı məqalədə dosent doktor Əsma Özdaşlı qardaşlığımızı tərənnüm edən tarixi proseslərə işıq salır. 

Professor Fethi Gediklinin “Dünyanın göydələn şəhəri: Şuşa” adlı məqalədə isə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın füsunkar gözəlliyini, keçdiyi əzablı və şərəfli yol barədə oxuculara müfəssəl məlumat verilir. 

Professor Hacali Nəcəfoğlunun “Türkiyə və Azərbaycan arasındakı araşdırma sahəsindəki əməkdaşlığın analizi (1992-2021)” başlıqlı məqaləsində iki qardaş ölkənin inkişaf istiqamətləri elm və təhsilin gücü fonunda təhlil olunub. 

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “Türkiyə və Azərbaycan əkiz qardaşlardır” adlı məqaləsinin məzmunu sərlövhəni tam əhatə edir. 

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin müəllifi olduğu “Türkiyə və Azərbaycan bölgənin qarantiyasıdır” başlıqlı məqalədə iki qardaş ölkənin iqtisadi inkişafı ətraflı təhlil olunur. 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Ən çox gəlir gətirən film hansıdır? Hollivud filmlərin növbəti dəfə gəlir reytinqini açıqlayıb. Rayan Kuqlerin “Qara pantera-2: Əbədi Vakanda” (“Black panther-2: Wakanda forever”) filmi yerli kassalarda qazanılan gəlir baxımından birinci yerə yüksəlib. Film milyardlıq hədəfə doğru irəliləyir. 

 

“Ədəbiyyat və incəsənət” portalı  kinonews.ru saytına istinadən xəbər verir ki, sözügedən film əsasən uşaq və tineycer auditoriyaaına hesablansa da böyük izləyicilər də ona baxmaqdan doymurlar. “Marvel” komiksləri əsasında çəkilən ekran əsəri ABŞ kinoteatrlarında son uikenddə daha 15 milyon dollar gəlir əldə edərək öz qazancını 720 milyona çatdırıb və bu büdcə ilə rəqiblərinə heç bir şans buraxmayıb.

Qeyd edək ki, ikinci yerdə 14 milyon dollar qazanan komediya/qorxu filmi "Zalım gecə", üçüncü yerdə isə cəmi 4,9 milyon toplaya bilmiş "Qəribə dünya" animasiya filmi qərarlaşıb.

Tenoç Uerta və Letişa Raytın baş rol aldıqları sözügedən filmin Milad bayramında azı daha 100 milyon dollar qazanacağı təxmin edilir.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Azərbaycan Respublikası Mədəniyyət Nairliyinin Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisinin təntənəli açılış mərasimi keçirilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sərgi və qalereyalar sektorunun müdiri Murad Məmmədov, Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Abdulqappar Qırğızbayev, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Dünya tarixi” kafedrasının professoru, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və rəssam Fikrət İbrahimli çıxış etmişdirlər. Sərginin koordinatoru və aparıcısı Əkbər Qoşalı olub.

Fərdi sərgi rəssamın yaradıcılığının 50 illiyinə həsr olunub. Tədbir Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.

Tanınmış Azərbaycan rəssamı Fikrət İbrahimli Neftçala rayonunda anadan olub. Onun ilk sənət müəllimi Nefçalada tanınmış təsviri sənət müəllimi Adil Hacıyev olub. Rəssam ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. O, müəllimi, Xalq rəssamı Toğrul Nərimanbəyovu hər zaman böyük minnətdarlıq hissi ilə xatırlayır. T.Nərimanbəyov “Ulduz” jurnalının 1980-ci il, 10-cu nömrəsində xeyir dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol arzulayırdı. Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

Fikrət İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. O, süjetli tablo, porteret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Rəssamın yaradıcılığında İçərişəhər mövzusu ayrıca yer tutur. Tarixi İçərişəhərin müxtəlif guşələri rəssam təxəyyülü ilə kətanda öz uğurlu bədii həllini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük savaşda göstərmiş olduqları qəhrəmanlıqlar, igid zabit və əsgərlərimizin şücaəti rəssamın yaradıcılığında müvəffəqiyyətlə təcəssüm olunub. Fikrət İbrahimlinin alınmaz qala - Şuşaya həsr olunmuş rəngkarlıq nümunəsi ayrıca qeyd olunmağa layiqdir.

Fikrət İbrahimlinin mənzərə janrında yaratdığı əsərlər onun yaradıcılığında geniş yer tutur və rəssamın bədii yaradıcılıq dünyasını və rəssam təxəyyülünü tam aydınlığı ilə biruzə verir. Abşeron bağları, üzüm tənəkləri, əncir ağacları, bağ evləri, dəniz mənzərəsi rəssamın palitrasında özünəməxsus duyumla təsvir olunub.

Fikrət İbrahimli Azərbaycan xalçaları, milli mədəniyyət nümunələri fonunda bir-birindən maraqlı, diqqəti cəlb edən bir çox natürmortlar yaradıb. Rəssam Azərbaycan neməntəlrinin, xüsusən də narların rəsmlərini təsvir etməklə maraqlı natürmort kompozisiyaları yarada bilib.

Fikrət İbrahimlinin uğurlu yaradıcılıq nümunələrindən “Muğam”, “İçərişəhər”, “Neftçala. Limanda”, “Kür qırağında”, “Kür çayı”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy”, çoxsaylı portret, avtoportret və natürmortların adlarını qeyd etmək olar.

Təsviri sənətin mayasını rəsm təşkil edir. Bu baxımdan Fikrət İbrahimlinin yaradıcılılığında təbii ki, rəsm nümunələri geniş yer tutur. Sərgidə Fikrət İbrahimlinin rəngkarlıq və qrafika sahəsində yaratmış oduğu, rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid 60 yaxın sənət nümunələri nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Cümə axşamı, 22 Dekabr 2022 13:00

Plagiatda ittiham olunan Sibel Canın məhkəməsi oldu

Ən çox oxunan xəbər: Türkiyə pop musiqisinin ulduzlarından ən parlaqları sırasında dayanan Sibel Canın başının qovğaları nəhayət ki bitdi. 

Müğənni Alihanın 5 il öncə Sibel Cana qarşı açdığı məhkəmə işi yekunlaşdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən xəbər verir ki, 5 il öncə Alihan Sibelin oxuduğu "Kış masalı" mahnısının ona məxsus olduğu iddiası ilə xanım sənətçidən şikayət etmişdi.

Məhkəmə ifanın Alihana aid olmadığına qərar verərək, işi rədd etdi. Və hamıda sual yarandı: Alihan nəyə nail olmaq istəyirdi?

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

“TV 8"də yayımlanan "O səs Türkiyə" yarışmasında Yeni il gecəsi münsif kürsüsündə Ebru Gündeş, Murat Boz, Yıldız Tilbe və Seda Sayan yer alacaq.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, müsabiqədə Talat Bulut, Kerem Alışık, Ebru Şahin, Onur Buldu, Alina Boz, Melis Sezen, Cemre Baysel, Selin Şekerci, Nilsu Berfin Aktaş, Büşra Pekin və Aslıhan Malbora yarışacaq. Gecədə sosial media fenomenləri Cemal Can və Danla Biliç də mahnı oxuyacaq.

Aparıcılığını və prodüserliyini Acun Ilıcalının etdiyi yarışma dekabrın 31-də yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Pakistanın Lahor şəhərində Pəncab qubernatorunun iqamətgahında urdu dilində “Kitabi-Dədə Qorqud” eposunun təqdimat mərasimi keçirilib. Kitab AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Ön söz”ü və ideya müəllifliyi, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşkun yaxından dəstəyi ilə işıq üzü görüb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verilir. Təqdimat mərasimində eposun ədəbi-bədii xüsusiyyətlərindən, bu ədəbi abidənin əhəmiyyətindən və müasirliyindən söz açılıb. 

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Yusuf Kuşk xalqımızın qəhrəmanlıq eposunun urdu dilində nəşr olunmasını Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin inkişafında mühüm hadisə kimi qiymətləndirib. Rəhbərlik etdiyi qurumla Azərbaycan Milli Elmlər Akademiyası arasında qarşılıqlı səmərəli əlaqələrin yaradıldığını bildirən pakistanlı professor birgə tədbirlərin, müştərək layihələr üzrə aparılan elmi araşdırmaların yüksək səviyyədə təmin edilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.

Lahor Dövlət Kollec Universitetinin rektoru professor Əsgər Zahidi “Kitabi-Dədə Qorqud” eposunun urdu dilində nəşr olunmasını və Pakistanda təqdimatının keçirilməsini ölkələrarası əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Daha sonra çıxış edənlər “Kitabi-Dədə Qorqud”un urdu dilində nəşrini yüksək qiymətləndirməklə bərabər, iki ölkənin alimlərinin əməkdaşlığının böyük perspektivlərə malik olduğunu diqqətə çatdırıblar. 

Tədbirdə, həmçinin tarix elmləri doktoru Eynulla Mədətlinin Pakistan tarixi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın görkəmli Pakistan mütəfəkkiri Məhəmməd İqbal haqqında monoqrafiyası təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.