Super User

Super User

Cümə axşamı, 22 Dekabr 2022 08:30

Əhməd Cavad: “Əzilsəm də susmaram!”

 

Ölkə başçısının istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və Y.Kovalyov adına 229 nömrəli tam orta məktəbin tərəfdaşlığı ilə “Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində “Əzilsəm də susmaram!” adlı tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, qonaqlar Yuri Kovalyov adına 229 nömrəli orta məktəbin həyətində şəhidlərin xatirə lövhəsinin qarşısına gül dəstələri qoyub və onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir 33 nömrəli musiqi məktəbinin xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra şagirdlərin təqdimatında Əhməd Cavadın həyat və yaradıcılığını özündə ehtiva edən kompozisiyalar təqdim olunub, bilik yarışması keçirilib.

Tədbirdə ədibin nəvəsi Almaz Axundzadə, nəticəsi Cavad Axundzadə, Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun professorları və digər qonaqlar iştirak ediblər.

Bilik yarışmasından sonra çıxış edən qonaqlar Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verməklə yanaşı, layihə haqqında da öz müsbət fikirlərini bildiriblər. Sonda müsabiqə qalibləri diplom və kitablarla mükafatlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Gözəl bir ənənənin təməli qoyulub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gündüz konsertləri keçirir və bu konsertlər əsasən tələbələr üçün nəzərdə tutulur.

Konsertlər gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında, milli dəyərlərimizin qorunmasında böyük rol oynayır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsi növbəti belə konsertə qucaq açmışdı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Bakı Kamera Orkestrinin konserti keçirilirdi. 

Filarmoniyanın gündüz konsertləri çərçivəsində təşkil olunan bu tədbirdə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə tərəfindən İ.S.Baxın, Y.Haydnın, S.Raxmaninovun əsərləri tamaşaçılara təqdim edildi. 

Azərbaycan fortepiano məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Fərhad Bədəlbəylinin, eyni zamanda Xalq artisti Murad Adıgözəlzadənin birgə çıxış etməsi tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Tələbələr çox şeylər öyrəndilər, ustad dərsləri aldılar.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Çərşənbə, 21 Dekabr 2022 20:30

Yaxınlarda Şuşa turizm marşrutu olacaq

 

Gözəlimiz Şuşanın gözəlliklərini dünya insanlna təqdim etmək - bundan gözəl nə ola bilər? 

 

“Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır. Hazırda işğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir".

Xatırlayırsınızsa bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı söyləmişdi. 

Konkret planlar və görüləcək işlər barədə növbəti buraxəlışlarımızda xəbər verəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Çərşənbə, 21 Dekabr 2022 18:37

Qeyri-neft məhsullarının ixracı 14 faiz artıb

 

Azərbaycanda dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft məhsullarının ixracında müsbət dinamika ilə nəticələnir. 

Statistika komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 2 milyard 688 milyon dollar təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.

 

Musiqi axşamında Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. 

Gənc istedadlar – Respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun) və Hüseyn Quliyev (tar) Fikrət Əmirovun Azərbaycan kapriççiosu və Kürd-Ovşarı simfonik muğamından fraqmentlər səsləndiriblər. 

Solistlər Hacı Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli konserti və kamança və orkestr üçün konserti dinləyicilərə təqdim ediblər. 

Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Bu barədə Mədəniyyət Nazirliyi mediaya açıqlama verib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Türk dünyasının daha sıx inteqrasiyası üçün əmək qoyan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu növbəti addımı atıb. Fondun  prezidenti Günay xanım Əfəndiyeva Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” Fondun açıqlamasına istinadən xəbər verir ki,  görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın ortaq türk irsinin qorunması, bərpası və təbliği istiqamətində çoxşaxəli tədbirlər həyata keçirdiyini bildirib.

Öz növbəsində, Kanıbek Osmonaliyev ölkədə dil siyasətinin təkmilləşdirilməsi, o cümlədən qırğız xalqının mənəvi dəyərlərinin dirçəlişi və inkişafında dövlət dilinin rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər qədim türk xalqlarının mədəni kodu və irsi olan türk dillərinə hərtərəfli dəstəyin vacibliyi barədə yekdil fikir bildirib, həmçinin əməkdaşlıq üçün perspektiv imkanları müzakirə ediblər.

Görüşdə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonəliyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, “Qırğıztest” Dövlət Qurumunun direktoru Batma Topoeva-Stavinskaya iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Onun özünəməxsus üslubda oxuduğu "Qatar”, "Xaric segah”, "Şahnaz”, "Kürdün gözəli”, "Yeri, dam üstə yeri”, "Qarabağ şikəstəsi” və s. muğam və mahnılar milli musiqi xəzinəmizi xeyli zənginləşdirib. Azərbaycan bəstəkarlarının mahnıları onun repertuarında əsas yer tutub. Bir çox muğam, mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb. T.İsmayılovanın repertuarı hər nəsildən olan dinləyicinin zövqünü oxşamağı bacarırdı. Müğənninin ifaları arasında Ələkbər Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri vardı. "Sənin vüqarın mənəm”, "Sənsən”, "Ceyran”, "Qonşu qız”, "Sən mənimlə get”, "Çiçək” kimi bəstələr 60-70-ci illərin dinləyicilərinin ən çox sevdiyi mahnılar idi. Bu gün onun - Xalq artisti Tükəzban İsmayılovanın doğum günüdür. Milli musiqimizin inkişafında özünəməxsus yer tutan Tükəzban İsmayılovanın anadan olmasından 99 il ötür.

 

Milli musiqimizin görkəmli nümayəndələri sırasında onun məxsusi yeri var. Onun ifa etdiyi muğamlar və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub.

T.İsmayılova 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, muğam sənətinə, onun inkişafı və təbliğinə həsr edib. Tükəzban xanımın şaqraq səsi insanların qəlbini ovsunlayıb, onlara muğamlarımızı, xalq mahnılarımızı sevdirib. Özünəməxsus ifası ilə oxuduğu muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirməyə xidmət edib. Bir çox mahnı və təsniflərimiz məhz onun təkrarsız ifası ilə yaddaşlara köçüb.

 

Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Musiqiyə uşaqlıq illərindən həvəs göstərib. Bu həvəs onun Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarıb. Səs və ifa üslubu qısa zamanda onu musiqiçilər sırasında fərqləndirib. Muğam ifaçıları arasında tezliklə seçilib, dinləyicilərin qəlbinə yol tapıb.

1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi çalışmağa başlayan Tükəzban İsmayılova sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra T.İsmayılova 1962-ci ilə qədər burada çalışıb. Muğam ifaçısı Azərbaycan Dövlət Filarmoniyasının, “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, sonralar İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Tükəzban xanım ifaçılığa başladığı illərdən ta səhnə ilə vidalaşdığı illərə qədər yetişdiyi Bakı muğam məktəbinin ənənələrini öz sənətində yaşadıb və davam etdirib. Sirlərini mənimsədiyi sənətkarlıq məktəbinə həmişə minnətdarlıq edib. Tükəzban xanım klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alıb. Dahi Üzeyir bəy müğənninin şaqraq səsini, gözəl vokal imkanlarına malik ifasını, dolğun zəngulələrini eşidib onun üçün məxsusi olaraq "Qaragöz”, "Şəfqət bacısı” və s. mahnıları yazıb. 

Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. ikinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitlərimizi vətənpərvərliyə ruhlandırıb. Cəbhənin qanlı-qadalı illərində o da bir əsgər olub.

Tükəzban İsmayılova, həmçinin dünyanın bir çox ölkələrinə - Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s. qastrol səfərlərinə çıxıb və hər yerdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Görkəmli ifaçının ölkəmizdə gənc xanəndələr nəslinin yetişdirilməsində də xidməti olub. 1994–2004-cü illərdə İncəsənət Gimnaziyasında dərs dediyi illərdə gənc musiqiçi nəslinin yetişməsində rol oynayıb. Böyük sənətin sirlərini onlardan əsirgəməyib, uğurlarına bir ustad kimi sevinib.

T.İsmayılovanın muğam və mahnılarının çoxu "Qızıl fond”da saxlanılır. "Kəsmə şikəstə”, "Yetim segah” kimi muğamların yanıqlı səslə ifasına görə o, əvəzolunmaz ifaçı sayılırdı. "Tükəzban İsmayılovanın "Kəsmə şikəstə”sinin də ayrı bir yanğısı, ayrı bir hekayəti vardı. Əksər qadın xanəndələrin repertuarında yer alan bu nisgilli şikəstənin onun səsindəki özəlliyi hissli, içdən oxumasında idi” deyə musiqişünaslar bildirirdilər. "O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan da məhz Tükəzban İsmayılovadır.

Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini öz həyat yoldaşı, onu tarda müşayiət edən Xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırıb.

İfaçının Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Sənətkarın təltifləri arasında "Şöhrət” ordeni vardı. Xalq onu sevirdi. "Ömrümü mənalı edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi olmasa sənətkar heç vaxt şöhrət qazana bilməz. Bizi yaşadan budur…” deyirdi.

Muğamlarımızın mahir ifaçısı Tükəzban İsmayılova 2008-ci il martın 24-də Bakıda vəfat edib.

Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”in musiqi tərtibatının (soundtrack) hazırlanması üçün dekabrın 25-dən 2023-cü il yanvarın 25-dək müsabiqə elan edib.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, ekran əsərində möhtəşəm döyüş səhnələri, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu baxımdan, bəstələrini təqdim edən iştirakçılar müsabiqə üçün musiqilərin leytmotivini filmin mahiyyətinə uyğunlaşdırmalıdırlar. Müsabiqənin şərtlərinə əsasən hər bir iştirakçı ən azı 1 və ən çoxu 5 musiqi parçası, eləcə də fərqli leytmotivlər təklif edə bilər. Bir və ya bir neçə qalib gələn iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür. İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Qalib gələn iştirakçılarla musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.

Qeyd edək ki, iştirakçılar öz bəstələrini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına MP3 formatında göndərməlidirlər. Məktubda iştirakçının adı, soyadı və əlaqə nömrəsi mütləq qeyd edilməlidir. Müsabiqə 1-ci yerin qalibi 1.500 manat, 2-ci yerin qalibi 1.000 manat, 3-cü yerin qalibi isə 500 manat məbləğində mükafat alacaq. Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəssislərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və onların adları ictimaiyyətə açıqlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

“Ədəbiyyat və incəsənət” portalınln Təqvimçisi sizlərə qədim türklərin Kara tun bayramı barədə bilgi verəcək. 

 

Dekabrın 21-də qədim türk xalqları “Kara tun" - "Uzun gecə" bayramını qeyd edərdilər. Təqvimin bu günündə il boyu ən uzun gecə olur, bu səbəbdən. 

 

Dini inanclara görə bu gecə  ölülərlə dirilər arasındakı pərdə götürülür. Aruaki adlı mələk öz doğmalarını ziyarət edir. Bəzən qara ruhlar da gəlib ocağın içərisinə girə bilər.

Elə buna görə də Kara tun- əslində işıq ilə qaranlığın mübarizəsidir. Bu mübarizədən qalib çıxmaq, qaranlıqları aldatmaq üçün müxtəlif ayinlər və rituallar keçirilir ki, Günəş gecəyə qalib gəlsin.

Təqvimin 21 dekabr günündə evi təmiz saxlamaq lazımdır. Təzə paltar geyinməli, köhnə işlərini yekunlaşdırmalısan.  Gecəni isə evində oturub tonqal, və ya şam yandırmalısan. Bu ayini keçirməklə Günəşin qalib gəlməsinə imkan yaradırsan.

Macar qardaşlarımız bu bayramı elliklə qeyd edirlər. Madyar qardaşlarımız deyirlər ki, Qara tun gecəsindən sonra  göy üzünə çıxan günəş 3 gün eyni yerdə dayanır.  Yalnız dekabrın 25-dən başlayaraq,  qaranlığı  azaldır. Yəni günlərimiz uzanmağa başlayır. 

Yəni Yeni ili Yeni Günəşlə, yeni istiliklə qəbul edirlər. Bu günə həm də Kun tuulqan!, Kün janqıran! - Gün doğdu, Gün yandırdı-  deyirlər.  Planetin bu hərəkətində günlərin hesabı belə aparılır: 3 gün günəş  hərəkətsiz dayanır, buna  Kün ölü- Ölü gün deyirlər. Sonrakı 1 gün aradakı boşluğa  kün arası- gün arası deyirlər. Və bundan sonrakı 3 gün də Günəşin istiliyi çoxalmağa başlayır ki, buna da Kün toğdu- , yəni Gün doğdu deyirlər. Beləliklə türk mifolojisindəki 7 müqəddəs rəqəm alınır. 

Əslində bizim yurd insanları da bu günü  böyük çillənin gəlişi kimi qeyd edirlər. Və adına da Nardoğan, Nurdoğan deyirlər! 

21 dekabrda Kara tun gedir, 22 dekabrda Nurtoğan gəlir!

Əzizlər, doğmalar, sülhsevərlər, dosta etibarlılar, ata-anaya ehtiramlılar!

Gələn gününüz, ayınız, iliniz kutlu olsun!

Evinizə istilik, günəş dolsun! Ocağınız isti, suyunuz sərin olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Çərşənbə, 21 Dekabr 2022 19:00

Elmira Axundovanın kitabı təqdim olunub

 

Əslən bakılı olan Saşa İvanov barədə 

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı, siyasi xadim, publisist, diplomat Elmira Axundovanın “Rus azərbaycanlı – Saşa İvanov” kitabının təqdimatı və Aleksandr İvanovun xatirə gecəsi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə görkəmli ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri, Aleksandr İvanovun həmkarları, dostları, doğmaları və yaxınları iştirak ediblər.

Aleksandr İvanov Bakıda anadan olub. Uzun illər ərzində SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib, Ulu Öndər Heydər Əliyevin şəxsi mühafizəsinə rəhbərlik edib. 2005-2017-ci illərdə “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru olub. 

Kitabda Aleksandr İvanovun doğmalarının və dostlarının xatirələri, onun haqqında məqalələr, eləcə də həqiqətən də çox pərəstiş etdiyi Heydər Əliyev ilə işlədiyi illər haqqında özünün dəyərli xatirələri yer alıb. O, parlaq şəxsiyyət olub. Onunla yaxınlıq edən hər kəs onun dostluqda və sevgidə vəfalı olduğundan, yalanı, xəyanəti, qorxaqlığı qəbul etmədiyindən, səriştəsindən və erudisiyasından danışırdı. 

Kitabın təqdimat mərasiminin rəsmi hissəsinin əvvəlində Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski Aleksandr İvanovun həyatının əsas mərhələlərindən danışıb. 

Sonra Elmira Axundova onun həyatının bəzi məqamlarına nəzər salaraq kitabdan parçalar oxuyub: “...Saşa sağlığında dəfələrlə söyləyib ki, Bakıda, anasının yanında dəfn olunmaq istəyir. Düzdür, o, ömrünün yarısını keçirdiyi və çoxsaylı dostlar qazandığı Moskvanı da sevirdi. Nədənsə mənə elə gəlir ki, onu orada yuxarıda eşidiblər: o, Moskvada dünyasını dəyişib. Onu isə əbədi olaraq buraya - Bakıya gətiriblər. Çünki hər halda o, Bakını daha çox sevirdi...”. 

Müəllif dinləyiciləri Aleksandr İvanov haqqında xoş xatirələr dünyasına qərq etdi. İştirakçılar bir anlıq onunla bağlı unudulmaz günlərə qərq oldular. Lakin onun ən əziz xatirələri Ümummilli Lider Heydər Əliyevlə bağlı olub. “BAM-a (qeyd - Baykal-Amur magistral xətti) ezamiyyət təxminən yarım ay davam edib. Harada oldu qalırdılar - hərdən vaqonlarda, helikopterdə yatırdı... BAM-da o, Şimali Muy tunelində Nazirlər Şurasının müşavirəsini toplayıb. Təsəvvür edə bilirsiniz?! O, orada paltarda, uzunboğaz çəkmədə gəzirdi. Onu tamamilə yenidən geyindirdilər - hər cür trikotaj, yastıqlı gödəkçələr, dəbilqələr, dizdən yuxarı rezin çəkmələr. Tuneldə hər şeyin damcıladığı, töküldüyü yerdə o, palçıqda irəliləyirdi. O, orada, bu dərinlikdə müşavirə keçirib. Bütün nazirlər, Mərkəzi Komitənin məsul vəzifəli şəxsləri toplaşmışdılar. Onlar bəlkə də həyatlarında ilk dəfə idi ki, belə vəziyyətə düşmüşdülər”. O, “Admiral Naximov” gəmisinin qəzasının təhqiqatı ilə bağlı xatirələrə, əziz dostu Aleksandr İvanovla bağlı şəxsi xatirələrinə xüsusilə toxundu... 

Aleksandr İvanovun həyat yoldaşı İrina İvanova bu kitabın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib. Daha sonra o, həyat yoldaşının əziz xatirəsinə həsr etdiyi bəstəsindən şeirlər söylədi. 

Tədbirdə A.İvanovun doğmaları, tanınmış dirijor, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Milli Məclisin deputatı Mixail Zabelin, həmkarları və başqaları çıxış edərək, bu nurlu insanla bağlı xatirələrini bölüşüblər. Onlar Aleksandr İvanovun necə fədakar, sadiq və gözəl insan olduğunu, Azərbaycanı bütün qəlbi ilə sevdiyini və onu Vətəni hesab etdiyini söyləyiblər. 

Gecədə musiqili kompozisiyalar təqdim edilib, səhnəcik nümayiş olunub. 

Daha sonra kitabın müəllifi nəşrdən daha bir parça oxuyub: “...Saşa Vətəninin maraqları ilə yaşayan, ona sədaqətlə, doğruluqla xidmət edən çox dəyərli rus azərbaycanlılarındandır. Buna görə də Vətən də ona sevgisini yüz qat qaytarır.

Biz sənsiz elə bil ki, kimsəsiz qaldıq. Axı, sən bir çox dostun üçün birləşdirici başlanğıc idin. Bu gün başqa bir dayaq nöqtəsini itirdik. Allah yerini behiştik eləsin, dostum! Sən layiqli bir həyat sürmüsən. Namərdlik etməmisən, başqalarının arxasında gizlənməmisən. Həmişə məsuliyyəti öz üzərinə götürməyə hazır olmusan. Biz səni sevirik...". 

Sonda Elmira Axundova gecənin bütün iştirakçılarına minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.