Super User

Super User

Şənbə, 24 Dekabr 2022 17:30

“Qarabağ xalçaları” biblioqrafiyası

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən “Qarabağ xalçaları” adlı tövsiyə biblioqrafiyası hazırlanaraq virtual istifadəçilərə təqdim edilib.

Bu biblioqrafik göstəricidə kitablarda, məcmuə və dövri mətbuat səhifələrində dərc olunmuş materiallar öz əksini tapıb. Vəsaitdə ədəbiyyat xronoloji prinsip əsasında, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb. Və burada görkəmli şəxsiyyətlərin Azərbaycan xalçaları haqqında fikirləri qeyd olunub.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Qarabağ xalçaları” adlı tövsiyə biblioqrafiyası ilə https://clb.az/biblioqrafik-xidmət/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/qarabag-xacalari linkindən tanış olmaq olar.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

Şənbə, 24 Dekabr 2022 11:27

Bu gün ASAN Radio 7 yaşını qeyd edir

 

Azərbaycanın ən çox dinlənilən radiosu hansıdır? Müxtəlif fikirlər səslənər, ancaq ən çox yəqin ASAN kəlmələrini eşidərik. 

ASAN Radio 7 yaşını qeyd edir!

 

Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan radio 2015-ci il 24 dekabrda yayıma başlayıb. O gündən bəri radionun dalğalarında gözəl musiqilərlə yanaşı, həm də tariximiz, mədəniyyətimiz və görkəmli şəxsiyyətlərimiz barədə maraqlı verilişlər və xəbərlər dinləyicilərin könlünü oxşayır.

 ASAN Radio fəaliyyətində jurnalistikanın əsas prinsipləri olan dəqiqliyə, operativliyə üstünlük verir. Milli və ictimai maraqların qorunmasına, vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlar ilə bağlı məsələlərə həssas yanaşılır.

ASAN Radioda xəbər və şərh fərqləndirilir, mənbə aydın təqdim olunur, jurnalist öz şərhində peşə davranış qaydalarından və jurnalistikanın təməl prinsiplərindən kənara çıxmır.

Elə buna görə də  yarandığı gündən dinləyici sevgisi qazanan ASAN Radionun yaradıcı kollektivini təbrik etməyə dəyər. 

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

Big Scarr təxəllüsü ilə tanınan amerikalı müğənni-reper Aleksandr Vuds 23 yaşında vəfat edib. Onun meyidi yaşadığı mənzildən cümə gününün ilk saatlarında tapılıb. 

Bu barədə cümə günü hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Amerika mediası məlumat yayılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, ifaçının ölümü ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Eyni zamanda, mənbələr qətl əlamətlərinin olmadığını qeyd ediblər. Amma əsas ehtimal narkotik dozasının artıqlığı ehtimal olunur.

Xatırladaq ki, reper amerikalı sənətçi Offset ilə əməkdaşlıq edib. 2021-ci ildə onun "Big Grim Reaper"adlı debüt miksteypi "Billboard" çartında ilk 25-liyə daxil olub.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

Budur, artıq yekun çıxarmaq zamanı gəlib. Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik. 

 

Buanes-Ayresdəki hökumətəleyhinə nümayişdən görüntü. Bir nümayiş iştirakçısının əli çətirli qara tüstü dumanındakı görüntüsü.

Foto: Rodrigo Abd/AP

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

Şənbə, 24 Dekabr 2022 09:15

Günün fotosu: Parisdə gülləbaran

Günün fotosu: Parisdə gülləbaran

 

Dekabrın 23-də Parisin 10-cu dairəsində 69 yaşlı kişi Kürd Mədəniyyət Mərkəzinin yaxınlığında insanları gülləbaran etmişdir. 3 nəfər ölmüş, 3-ü ağır yaralanmışdır.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) Direktorlar Şurasının yekdil qərarı və Artistik Komissiyasının səs çoxluğu ilə AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov «Excellence FIAP Gold» fəxri adına layiq görülüb. Bu barədə AzərTAC xəbər yayıb.

 

Xəbərdə deyilir ki, bu rütbəyə layiq görülən hər fotoqrafın azı 150 bədii işi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə 500 dəfədən çox nümayiş etdirilmiş olmalıdır. Bu halda həmin işlərin müəyyən hissəsinin qazandığı mükafatlar da nəzərə alınır. 

Qeyd etmək lazımdır ki, FIAP-ın mövcud olduğu 70 ildən artıq müddətdə (1950-ci ildən indiyə qədər) postsovet məkanında bu rütbəyə layiq görülmüş 3 fotoqrafdan biri Qazaxıstanı, ikisi Rusiyanı təmsil edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

Bu saatlarda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sözügedən tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətində dirijor, Əməkdar artist Fuad İbrahimov, solistlər Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin çıxışları ilə konsert proqramı təqdim olunub. 

Qeyd edək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 1965–1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) təhsil alıb. 

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında Fərhad Bədəlbəylinin layiqli yeri var. O, müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdəndir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş auditoriyaya tanıdıb və sevdirə bilib. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan F.Bədəlbəyli, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. O, mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir. 

F.Bədəlbəyli, eyni zamanda, 1986–1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. Onun təşəbbüsü ilə 1987–1996-cı illərdə rəhbəri olduğu Bakı İncəsənət Mərkəzi və hazırda sədri olduğu Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti yaradılıb. Fərhad Bədəlbəyli 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.

Tədbir barədə daha geniş növbəti buraxılışlarımızda. 

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

Şənbə, 24 Dekabr 2022 17:00

5 olmasın 3 olsun

 

Ölkəmizdə 3 ulduzlu otellərin sayı artır

 

“Pandemiyadan ən çox zərər çəkən sektorlardan biri də turizm sahəsidir. Sözsüz ki, dünyadakı siyasi və iqtisadi problemlər də bu sektorun inkişafına təsir göstərir. Otellər iqtisadi cəhətdən dəymiş zərəri il ərzində bərpa etməyə çalışıblar. Əgər belə tendensiya davam edərsə, gələn il üçün böyük inkişaf gözlənilir.

Cari ildə keyfiyyətli və zövqlü otellər açılıb, ulduz təsnifatı ilə bağlı işlər görülüb. Artıq ölkəmizdə 3 ulduzlu otellərin sayı artmağa başlayıb. Gələcəkdə daha çox otelin ulduz təsnifatından keçməsi nəzərdə tutulub.”

 

Sitatı Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlamdan gətirdik.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

Portalımızın Güneydən gələn səslər rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri Dərviş Təbrizlinin şeirləri ilə tanış edir. 

 

 

Dərviş Təbrizli

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı ışıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.

 

 

GƏLMƏZ

 

Getmək zamanı gəldi, gedək durmağa gəlməz,

Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.

 

Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,

Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.

 

Məndən sənə qoy bircə nişan qalsın əlində,

Qaytarma, o halqa daha heç barmağa gəlməz.

 

Boş sözlərə uydun sən özün, neynəsin özgə?

Təqsiri rəqibin nədi, yox vurmağa gəlməz!..

 

Yüz min dərəcə sifrdən azdır bu baxışlar,

Od sözlər ilə ağzımı yandırmağa gəlməz.

 

Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,

Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.

 

Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,

Hər bir gəlişin getməyi var, yormağa gəlməz.

 

 

SORUŞ

 

Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,

Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.

 

İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,

Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.

 

Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,

Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.

 

Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,

İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.

 

Sən gedən gündən məni görcək pıçıldar qonşular,

Halımı pıç-pıçların içrə qulaqlardan soruş.

 

Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,

Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.

 

Eşqi biz döndərmişik indi ögeylik eşqinə,

Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.

 

Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,

Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.

 

Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,

Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.

 

 

KÜÇƏNİZDƏ

 

Gördüm səni mən ilk dəfə öz küçənizdə,

Dil tutmadı heç bir yol atam söz küçənizdə.

 

Salxımla bitib gözlərim üstündə məhəbbət,

Gəl, əl uzadıb bircəsini üz küçənizdə.

 

Göstərmə gözəl gözlərini hər kəsə, vallah,

Çox qorxuram axir vuralar göz küçənizdə.

 

Min gənc o qara gözlərinin bəndinə düşmüş,

Çək zəncirə bir-bir hamısın düz, küçənizdə.

 

Sal sevgi odun könlümə bağrım başı yansın,

Bu sevgidən arzumdur olam köz küçənizdə.

 

Axşamdan inan sübhəcə səndən danışırdıq,

Tanrımla gəzirdik o gecə biz küçənizdə.

 

Təbriz dolusu sevgi gətirdim qucağımda,

Tökdüm, qapızda qoy qala təbriz, küçənizdə.

 

Tək qoyma, amandır, ürəyi incə bu Dərviş,

Addım ata bilməz daha sənsiz küçənizdə

 

 

YAĞIŞ ALTDA

 

Mən könlümü bir gün sənə satdım yağış altda,

Sandım ki, yatan baxtı oyatdım yağış altda.

 

Ağzımda susan dil səni görcək işə düşdü,

Ağzım dolu bir dəfə söz atdım yağış altda.

 

Güldün mənə, bir kəlmə danışcaq geri döndün,

Saldım üzümə azca yubaltdım yağış altda.

 

Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,

Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.

 

Addımlarılan Təbrizi başdan-başa ölçdük,

Öpdüm səni atdıqca hər addım yağış altda.

 

Addım başı könlüm qəzəl istərdi gözündən,

Bilməm ki, nələr onda yaratdım yağış altda?

 

Düşdü araya ayrılıq, əl-əldən üzüldü,

Səndən ürək axirdə qopartdım yağış altda.

 

Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,

Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.

 

Dərviş, o yalan sevgini bir buxçaya yığdım,

Getdim görüşən yerdə boşaltdım yağış altda.

 

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

Atalar və övladlar rubrikasında bu gün Sevil Əmirova atası barədə - dünyaşöhrətli bəstəkar Fikrət Əmirov barədə danışır. 

 

Atamın sənət uğurlarının məğzi

Fikrət Əmirov Avropa musiqi məktəbi ənənələrini mükəmməl mənimsəmişdi. Azərbaycan xalqının musiqi irsini dərindən bilməsi və ona olan hədsiz sevgisi atamın yaradıcılıq uğurunun əsas amili idi. Bütün bu amillər məhz yeni bir janrın – simfonik muğamın yaranmasına gətirib çıxarıb. Məhz buna görə “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan elləri” və ən önəmlisi  “Şur”, “Kürd ovşarı”, “Gülüstan – Bayatı-Şiraz” simfonik muğamları kimi dəyərli əsərləri meydana gəlib.

 

Milli musiqiyə bu qədər bağlılığını səbəbi

Fikrət Əmirov tanınmış xanəndə və tarzən Məşədi Cəmil Əmirovun ailəsində Gəncə şəhərində anadan olub. Babam əslən Şuşadan olduğuna baxmayaraq, ömrünün ikinci yarısını Gəncə şəhərində aktiv musiqi və maarifçiliyə həsr edib. Onun evində tez-tez musiqi axşamları təşkil olunarmış. Həmin məclislərdə Azərbaycan musiqiçiləri ilə yanaşı, qonşu ölkələrdən də musiqiçilər iştirak edərmişlər. Məhz bütün bunların nəticəsi idi ki, 7 yaşlı Fikrətin ilk ifa etdiyi musiqi aləti tar idi. Və bu bağlılıq onu ömür boyu müşayiət edirdi.

 

Atamla münasibətim barədə

Atam tez-tez xarici səfərlərdə olardı. Biz onun bu səfərlərdən qayıtmasını səbirsizliklə gözləyərdik. O, qayıtdıqdan sonra təəssüratlarını bizimlə bölüşərdi. Çox zaman ölkələrdən musiqi valları, suvenirlər gətirərdi. Müxtəlif ölkələrin musiqi ənənələrindən, insanlarından, mədəniyyətlərindən söhbətlər edərdi. Bunlarsa bizim üçün çox maraqlı idi.

 

Ən çox bəyəndiyi ölkələr

Türkiyə, ərəb ölkələri, İran, Avropa ölkələri, ABŞ, Meksika və s. Hər zaman səfərlərdən çox böyük təəssüratlarla qayıdardı. Zənnimcə, Şərq ölkələri onun temperamentinə daha uyğun idi.

 

Xaricdə qalmaq təklifləri

Həmin dövrü siz də bilirsiniz. Ona belə təkliflər az olmamışdı. Amma o, Vətənə bağlı insan idi. Atamda bu hiss, bu duyğu güclü idi. Bir məsələ də var ki, Fikrət Əmirov burada bütün qayğı ilə əhatə olunmuşdu. Şöhrəti və xalqın sevgisi var idi. O, başqa ölkədə yaşaya bilməzdi. Bir xatirəmi yada salım. Bir dəfə atamla anam İsveç səfərindən qayıdanda biz onları Moskvada hava limanında qarşıladıq. O vaxt təyyarə Moskvaya, daha sonra Bakıya uçurdu. Onun təyyarədən düşəndə necə sevindiyinin şahidi olmuşam. Hələ Moskvada belə tezliklə Bakıya çatmasını gözləyirdi. Bilirdi ki, iki saatdan sonra Azərbaycanda olacaq. Xalqımız öz musiqi xadimlərini hər zaman dəyərləndirib. Onlar da bu sevgini doğrultmuşdular.

 

Evdə işləyərkən xüsusi tələbləri 

Atam nizam-intizamı sevən insan idi. Eyni dərəcədə də səmimi və mehriban. Hər gün səhər saat 9 tamamda onun iş saatı başlayardı. Əvvəl partituralarla məşğul olardı, daha sonra fortepiano arxasına keçərdi. Arada fasilə edib yenidən işlə məşğul olurdu. Heç yorulmazdı. Çox əməksevər idi. Evdə bizə qarşı çox sakit və təmkinli idi. Səsini ucaltdığını, narazı olduğunu heç zaman görmədik. Təvazökar insan idi. 

 

Tanınmış insanlardan daha çox evinizə qonaq gələnlər

Rəşid Behbudov, Cövdət Hacıyev, Şəmsi Bədəlbəyli, Teymur Elçin, Bəhram Mansurov, Niyazi və digər dostları. Atamın onlarla münasibəti çox yaxşı idi. Uşaqlıq xatirələrimdə onların bizə gəlişi ilə bağlı, evimizdə olduqları zamanlara dair unudulmaz xatirələr var. Çevrəsi çox geniş idi. Nəinki incəsənət aləmində, eyni zamanda digər sahələrdə fəaliyyət göstərən insanlarla da dostluq edərdi. Atamın qapısı hər zaman dostlara açıq olardı.

 

 “Simfonik portretlər”inin qəhrəmanları

1970-ci illərdə yazılan bu əsərdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri olan Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Hüseyn Cavid və Niyazi kimi şəxsiyyətlərin obrazlarını öz musiqisi ilə təqdim etməyə çalışıb. “Azərbaycan ədəbiyyatı və incəsənətinin altı böyük ustadının obrazları yaradılıb. Onlardan hər biri mənim bəstəkar kimi təşəkkül tapmağımda böyük rol oynayıb. Mən məmnuniyyətlə onlara sevgi və ehtiram borcumu qaytarıram”. Bu fikirləri atam qeyd etdiyiniz əsər haqqında söyləyib.

 

Onu xatırlayarkən ilk olaraq düşündüyüm

Düşüncəli insan obrazı, fikri hər zaman musiqidə olan, bizə qarşı çox mehriban ata. Eyni zamanda işində emosional sənətkar.

 

Mənim və qardaşımın peşə seçimimizdə rolu

Əgər o hiss etsəydi ki, mən və qardaşımda musiqiyə həvəs yoxdur, bizim musiqi təhsilimiz üçün heç vaxt təkid etməzdi. Lakin biz musiqi sahəsinə gəldikdən sonra müəllimlərin seçimində və təhsilin keyfiyyətində tələbkar idi. Təbii ki, biz də təhsilə böyük məsuliyyətlə yanaşırdıq.

 

Adət-ənənələrə münasibəti 

Onun xarakterində maraqlı bir çalar var idi. Nəinki bizim adət-ənənələrə, hətta başqa ölkələrin adətlərinə də hörmətlə yanaşırdı. O qədər təmkinli insan idi ki. Hər cümləsi, hər fikri tutarlı, sanki aforizm idi. Müraciətdə də, münasibətdə də diqqətli idi. Bu baxımdan adətlərə də böyük ehtiram göstərirdi. Amma bununla bərabər o çox müasir insan idi. Geyimində də, xasiyyətində də. Gələcəyi görən idi.

 

Musiqidən savayı hobbisi 

Ədəbiyyat, xüsusilə tarixi və avtobioqrafik əsərləri sevir, müxtəlif xalqların mədəniyyəti ilə maraqlanırdı.

 

II Dünya müharibəsində iştirakı

Müharibəyə getdiyi ilk vaxtlarda yaralanması, ağır şəraiti, xəstəliyi və s. onun həyatında dərin iz buraxmışdı və bu haqda danışmağı sevməzdi.

 

Adımın “Sevil” əsəri ilə əlaqəsi

“Sevil” operasının premyerası 1953-cü ildə olmuşdu. Mən də həmin il anadan olmuşdum. Atam operanın qəhrəmanının adını mənə qoyub.

 

Həkim və bəstəkar tandemi

Anam Aidə Əmirova mükəmməl təhsilə malik, nəcib və arif insan idi. O, ailə qurduqdan sonra ömrünün sonuna qədər Fikrət Əmirovun yanında onun həyat və yaradıcılığının bütün mərhələlərində atama dayaq olub.

 

“Min bir gecə” baletini barədə

Atam 1979-cu ildə yazdığı bu məşhur əsərini anama həsr etmişdi. Baletin partiturasının titul vərəqində “Həyat yoldaşım Aidaya” sözlərini yazmışdı. “Min bir gecə baleti” onun axırıncı tamamlanmış işi idi. Yəqin ki, bunda bir simvolizm var idi...

 

Atamın dünyasını dəyişdiyi an

Atamın ölümündən 38 il keçib. Həmin günü heç vaxt yada salmaq istəmirəm. Mənim üçün Fikrət Əmirov musiqidə yaşayır. Musiqilərində atamın ruhunu hiss edirəm. Hər bir əsərində atamla birgə yaşadığımız günlərin müxtəlif sevincli anlarını xatırlayıram. Özüm də musiqiçi olduğum üçün mənim bütün yaddaşım atamın yaradıcılığı və notları ilə sıx bağlıdır. Hər bir əsər səslənəndə mən qeyri-ixtiyarı həmin əsər yazılan zaman baş verən hadisələri, yaşanılan günün xatirəsini bütün vücudumla hiss edirəm.

 

Atamın yaradıcılığının məhsuldar illərində musiqi sahəsində digər korifey sənətkarlar Qara Qarayev, Cövdət Hacıyev və digər imzalar var idi. Sənət mübahisələri, yaxud fikir mübadilələri olurdumu?

Onun dostları, həmkarları ilə çoxlu fotoları var. Mən bildiyim qədər, həmkarları ilə bir-birlərini çox gözəl anlayırdılar. Bilirdi ki, özü də məşhurdur və qarşısında olan həmkarı da məşhurdur. Hərəsinin öz yolu var idi. Alicənab sənət adamları heç vaxt bir-biri ilə mübahisə etməz. Bəlkə də ürəklərində nəsə olsa da, amma heç vaxt açıq şəkildə büruzə vermədilər. Şahidi olduğum söhbətlərdə onlar yalnız sənətdən danışardılar. Əgər belə bir ciddi nüanslar olubsa da, həmin söhbətlər Bəstəkarlar İttifaqının iclaslarında, müzakirələrdə baş verərdi. Evdə isə dostları ilə öz musiqiləri və əsərlərini müzakirə edərdilər. Atam kiməsə qibtə edirdi, ya kimsə ona, bunu demək bir az absurd olar. Çünki o, hələ gənc ikən bir sıra yüksək mükafatlara layiq görülmüşdü.

 

Dahi bəstəkarın davamçıları

Qızım Nəzrinin uşaq yaşlarından musiqiyə həvəsi vardı. O özü bu həvəsini babası ilə əlaqələndirir. Musiqi təhsilini Bakıda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində piano üzrə Aliyə Əliyevanın sinfində alıb. 1995-ci ildə Brüssel Kral Konservatoriyasına qəbul olaraq professor Yevgeni Mogilevskinin sinfində oxuyub. 2001-ci ildə konservatoriyanı ilk azərbaycanlı olaraq piano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Beynəlxalq aləmdə babasının irsinin tanıdılmasında da layihələrlə çıxış edir. 2017-ci ildə Nəzrin  tərəfindən yaradılan “Manestri” adlı trionun “Esprit nomades” adlı kompakt-diskində Fikrət Əmirovun əsərləri də yer alıb. O həm də 2019-cu ildə Brüsseldə qeydiyyatdan keçmiş Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının prezidentidir. Bu ilin sentyabr ayında Belçikada assosiasiya tərəfindən Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş musiqili-ədəbi tədbir keçirilib. Tədbirdə “Manestri” triosu tərəfindən bəstəkarın əsərləri Nizami Gəncəvinin fransız dilinə tərcümə olunmuş bədii nümunələrindən parçaların müşayiəti ilə təqdim edilib və bu sintez belçikalılar tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif əsrlərdə yaşamış iki dahi azərbaycanlının söz və musiqi irsinin bir gecədə səslənməsi mədəniyyətimizin zəngin tarixini və müasirliyini, eləcə də özünəməxsusluğunu göstərmiş oldu.

 

Atamın arxivi barədə

Atamın arxivi qardaşım Cəmil Əmirovdadır və qorunub saxlanmasını o həyata keçirir.

 

Qələmə aldı: L.Azəri

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.