Super User

Super User

“Cənubi Azərbaycanın Sulduz şəhərində doğulmişam. İsveçdə yaşayıram və yenidən Vətənə dönməkdən məmnunluq duyuram.  

25 ildən sonra yenidən doğma Azərbaycan Televiziyasında olduğumdan çox xoş hislər keçirdim, QSC-nin rəhbərliyinə və bütün kollektivinə minnətdarlığımı bildirirəm.

Mədəniyyət TV-nin “Səhərçağı” proqramının qonağı oldum. Mədəniyyət TV-nin tamaşaçılarına özünəməxsus ifalarımı təqdim etdim. Proqramın aparıcısı Səbinə Öz ilə həmsöhbət olarkən ona ən böyük arzumdan danışdım. Ən böyük arzum  Xudafərin körpüsünü ziyarət etməkdir.

44 günlük Vətən savaşında Xudafərin körpüsündə dalğalanan bayrağımızın Cənubda yaşayan Azərbaycanlılarda çox böyük ruh yüksəkliyi yaratdığını da söyləyim”.

 

Sitat güneyli soydaşımız, müğənni-ozan Araz Elsəsə məxsusdur.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Bədii və Sənədli filmlər studiyası 44 günlük Vətən müharibəsində həkimlərimizin fədakarlıqlarından bəhs edən film ərsəyə gətirib. Film dekabrın 25-də saat 17:00-da televiziyada yayımlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı QSC-nin ictimaiyyətlə əlaqələr və sosial media şöbəsinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin tibb xidmətinin həkimlərinin İkinci Vətən müharibəsi zamanı fəaliyyətlərini əks etdirən “Şəfalı xatirələr” sənədli filmində Vətən müharibəsi zamanı həkimlərimizin də əsgərlərimiz kimi ön cəbhədə döyüşündən bəhs edilir. Onların qorxmaz, mərd şəkildə yaralı hərbçilərimizə kömək üçün can atması da kadrlarda öz əksini tapıb. 

Qeyd edək ki, “Şəfalı xatirələr” sənədli filminin rejissoru və ssenarisi Rövşən Nicat, quruluşçu operatoru isə Elxan Rüstəmovdur.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Bazar ertəsi, 26 Dekabr 2022 20:00

Gülşən bir gecəyə 5 milyon qazanacaq

Ən çox oxunan: Türkiyəli müğənni Gülşənin Yeni il konsertindən alacağı qonorar ortaya çıxıb. “Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, sənətçi İzmir Gündoğdu Meydanında səhnəyə çıxacaq.

O, bunun müqabilində 5 milyon lirə (455 min manat) qonorar əldə edəcək.

Başqasının pulunu saymağı sevirik, deyilmi? Buna görə də bu xəbər uik-endin ən çox oxunan xəbərləri sırasında yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Bazar ertəsi, 26 Dekabr 2022 17:00

Rafet El Roman Bakıya gəlib

Məşhur türkiyəli müğənni Rafət El Romanı  Bakıda görməyə alışmışıq. Müğənni indiyə kimi şəhərimizdə ən azı 30 dəfə konsert verib. Budur, o yenidən Bakıdadır. 

Ünlü sənətçi bu barədə İnstaqram hesabında paylaşım edib.

"Bakı nağıl kimi, sehrli bir şəhərdir. Mənə ilham verir", - paylaşımda belə qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

 

Yeni il şənliklərinin başlamasına cəmi 5 gün qalıb. Deməli, xanımlar üçün parlamağın və seçilməyin əsl vaxtıdır!

 

“Ədəbiyyat və incəsənət” portalı 2022-2023-cü moda ilində Qış stilinin zəruri atributları barədə xanımlarımıza bilgi vermək üçün ən kompitent ünvana iqtibas edəcək. Söhbət dünyanın moda aləminin əsas diktəedicisi olan VOGUE dərgisindən gedir.

 

 

Həcmli aksessuarlar

 

Dizaynerlər bayram üçün hazırladıqları kolleksiyalarda bir qayda olaraq həcmli aksessuarlara daha böyük yer verirlər. Məsələn, küknar ağacının oyuncaqlarını xatırladan sırğalar, boyunbağılar və qolbaqlar çox dəbdədir. Belə bəzək əşyaları stilinizə bayram əhval-ruhiyyəsi qatır, həm də toplanmış saç düzümünün fonunda effektli görünür.

 

 

Mirvarilər

 

Mirvarilər uzun müddətdir trendlərdən kənarda idi. Bu mövsüm isə dəniz daşları hipertrofiyalaşmış formada qarşımıza çıxır. “Giorgio Armani” və “Givenchy” kimi lüks markaların şoularında modellərin obrazları mirvari sırğalar və üzüklərlə bəzədilmişdi. Sözsüz ki, bu detal demokratik brendlərin diqqətindən qaça bilməzdi. Qeyri-standart mirvari aksessuarlarının daha ucuz versiyalarını demək olar ki, bütün mass-market markalardan tapa bilərsiniz. Yeri gəlmişkən, stilistlər hesab edir ki, belə dəniz daşları 2023-cü ilin ən eleqant bəzək əşyaları olacaq.

 

 

 Kokteyl üzüklər

 

Böyük parlaq daşları olan kütləvi üzüklər adətən sağ əlin şəhadət və ya adsız barmağına taxılır. Bu ad üzüklərə ona görə verilib ki, məclisdə kokteyl tutduğunuz aksessuar xüsusilə diqqət cəlb edir. Bununla belə, daşların qiymətli olması şərt deyil. Əvvəllər kokteyl üzükləri birbaşa opera əlcəklərinin üzərinə taxılırdı. Əlcəklərin də mövsümün əsas tendensiyaları siyahısında olduğunu nəzərə alsaq, bu dəb ənənəsini asanlıqla təkrarlamaq olar.

 

 

 Çiçək motivləri

 

Bu qış dizaynerlər bizə çiçəksiz qalmağı qadağan edir. Yeni mövsümdə çiçəklər xalta boyunbağıları, üzükləri, bilərzikləri, həmçinin digər zərgərlik və bijuteriyaları bəzəyəcək. Xüsusilə çiçəkli boyunbağılara nəzər salmağı tövsiyə edirik.

 

 

 Uzun sırğalar

 

Nəhəng mirvarilərlə yanaşı uzun sırğalar da moda səhnəsinə geri dönüş edib. 2023-cü ildə sırğalar o qədər uzanacaq ki, çiyinlərinizə çatacaqlar. Böyük daşlı monoxrom və ya çox rəngli modellər daha möhtəşəm görünəcək. Belə sırğalar olduqca ağır görünür, lakin heç bir mərasimdə sizi diqqətdən kənarda qalmağa qoymayacaq.

 

 

 Xalta boyunbağı

 

Xalta boyunbağılar formalarını dəyişsə də, bir neçə mövsümdür ki, gündəmdə qalmağa davam edir. Böyük zəncirli xaltalar, mirvari muncuqlar və ya kristal tennis boyunbağılar trendlər arasında gəlir. Belə bəzəklərin aşkar üstünlükləri odur ki, uzun boyunbağılardan daha çox yönlüdür və demək olar ki, hər şeyə uyğunlaşır.

 

 

 Aksessuarlarınını seçməkdə kömək etdik. Libasları da özünüz seçin. Və haydı, Yeni il şənliklərinə. Hamıdan gözəl görünməyiniz arzusu ilə.

 

 

 

Bələdçilik etdi: Səbinə.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(26.12.2022)

 


 

 

 

 

Bazar ertəsi, 26 Dekabr 2022 15:00

Yağıda qalan yurd yerlərimizə rekviyem

Aida Eyvazlı yazır

 

Arxivdə qalıb müəyyən səbəblər üzündən dərc edilməyən bir yazımı “Ədəbiyyat və incəsənət” oxucularına təqdim etmək istədim. 10 ilin yazısıdır. Amma ordakı mesajlar bu gün daha aktual, daha keçərlidir. Bu yazımı da çapa hazırladığım “Seçmə məqalələr” kitabıma daxil etməyi düşünürəm. Buyurun.

 

     Çətindir.... Vətənsizlik çox çətindir.  Vətən anadan olduğun kənddir, rayondur, şəhərdir. Kəndin vətən yaddaşı lap iti olur. Kənd uşaqları başqa cür böyüyürlər. Onlar biz şəhərlilər kimi deyillər. Onlar kəndlərdə cığırların, yolların, bulaqların, daşların, ağacların da dilini bilirlər. Kəndlərdə ocaq yaddaşı, od yaddaşı, bulaq yaddaşı olur. Elə ana südü kimi bir şeydir. Hələ anadan olmamış yazılır kəndçilərin qanına bu genetik kod. Bu gün cılızlaşmağımızın bir səbəi də kəndlərimizin şəhərə inteqrasiyasıdır. 

    Kaş dəyişməyəydi dünya. Kaş elə kənd düşüncəsiylə qalaydıq. Kaş elə kəndçi olaydıq. Onda insanlar daha saf idilər. Onda  ləmpə işiğında oxuyanlar da çox idilər.  O kəndçi  uşaqları səhər o başdan inək-mal nobatına gedib, axşam da ləmpə  işığında  dərs  oxuyurdular.  Özü də bü gün qurduğumuz Azərbaycan Respublikasının bütün yükünü  o kənddən çıxan  alimlər, yazıçılar, tarixçilər, riyaziyyatçılar çəkiblər. İndiki əksər alimlər plaqiatlıqla alimlik dərəcəsi aldıqları halda, o kənd uşaqları gecələrini-gündüz edib, auditoriya qapılarında bazburudlu professorların qınayıcı, kinayəli nəzərlərində bəzən əriyə-əriyə, bəzən də elə şahənəliklə alırdılar əməklərinin haqqı olan “alim”,  “professor”, “doktor” adlarını.                                           ... Dağ kəndləri də bir başqa aləmdir . Axi təbiət həm də öz xarakterindən verir  insanlarına. Dağ kəndində böyüyənlər bir az da cəsur, bir az da məğrur, bir az da güclü olurlar. Hələ o kənd uşaqlarının mərdanəliklərini demirəm. 

      ...Çətindir... Azərbaycanın 12 rayonunda  kəndlərini qoyub gələnlər üçün çətindir... O kəndlərdə qalan məzarların ağrısını çəkmək olmur.  Məzarlar insanın  təsəlli yeridir. Gör bir nə qədər insan qırıldı  məzar, kənd həsrətini çəkə-çəkə bu 24  ildə. Hamısını da gözləri yolda qaldı . Şəhərdə pulla  yer aldıqları qəbristanlarda dəfn olundular. Qəbirləri də həsrətdən çat-çatdır.  Gözləri yol çəkən kənd qəbristanlıqlarından isə heç danışmaq istəmirəm. Tapdağ altında olan  kəndlərdə o qəbirlər qalıbsa, üzərində ruhlar ağlayır.

    ... Bu yazını mənə yazdıran yazdırdı. Allah insafını kəsmiş Qulu Kəngərli. Dövlətin rəsmi xəbər agentliyinin xüsusi müxbiri  Qulu Kəngərlidən danışıram. Daşkənddəki Azərbaycan səfirliyində eyni otaqda otururuq. Hərdən  İrəvanda qoyub gəldikləri Sallı kəndindən, uşqalığından, orda keçən gəncliyindən danışır yana-yana bu anadan uşağ ikən yetim qalan, yetim Qulu. Bu tərəfdən də kəndləri Sallıdan  didərgin olandan  sonra, bu dəfə də Vətəndən yetim qaldı. Bu yaxınlarda bir əhvalat danışdı.  Dünyamı dünyamdan aldı. Vətənsizliyinə yandım. Həsrətinə yandım Qulunun.  Bir qardaşı var. Qədir. Qazaxıstanın Pavlodar şəhərində yaşayır. Hamı onu yaxşı oğlan kimi tanıyır. Bu vilayətdəki bütün azərbaycanlılara ata-analıq eləyir, uşaqlıqdan yetimlik görən Qədir də. O qədər çətin günləri olub ki, o günlərin acısını insanlara əl tutmaqla çıxarır canından. Bu kənd uşağı  da, qardaşı Qulu kimi, nə vaxt görüşürüksə, İrəvanda qalan kəndlərindən, bulaqlarından, yaylaqlarından danışır.  Qulu deyir ki, üç il bundan əvvəl gedib  Qədir qardaşının yanına, qardaşı gətirib qışın qış çağında bir  qab dolu qoz qoyub  stolun üstünə. Qulu götürüb qozun o üzünə bu üzünə baxıb. Qədir görüb ki, Qulu qozu çox o tərəf- bu tərəfə çevirir. Deyib , nədi ə..., götür ye də bazardan almışam.  Qulu bir də burnuna çəkib iyləyib bu qozları, deyib yox qardaş, məni aldada bilmərsən, bu bizim  kənddəki qoz ağacımızın məhsuluna oxşayır. İki qardaş qucaqlaşıb baş-başa verib hönkür-hönkür ağlayıblar. Qulu  25 il bundan əvvəl qoyub gəldiyi kəndlərinin meyvəsini rəngindən, qoxusundan tanııyıb.  Sonra məlum olub ki, Qədir  Pavlodardan İrəvana gedən bir erməni tanışına pul verib deyib ki, get evimizi tap, orda qoz ağaçımız qalıb, əgər versələr, o qozdan al gətir mənimçün. Erməni balası da, Qədirin dediyi kəndi tapıb. Bir vedrə qozu erməni yiğıb pulsuz verib.  Bax budur kəndin genetik kodu. Bax budur kəndin yaddaşı.

Hələ bu azmış kimi , 1-2 gün bundan əvvəl  FB-də  jurnalst həmkarlarımla ocaq yaddaşı barədə bir polemikaya qoşuldum.  Fizuli Sabiroğlu  yazdı ki, “...həmişə ocaq deyəndə mənim gözümün qabağına təndir gəlir. 1988-də biz Göyçədən köçəndə o vurhavurda anam təndirimizdəki külün hamısını bir torbaya yığıb götürdü. Hələ də yadıma düşəndə tüklərim biz-biz olur.”  Soruşdum ki, o külü neyləyəcəkdi ki anan?! Dedi ki,  anam o külü Şəmkirdə qurduğumuz yeni evin həyətində  ağlaya-ağlaya gətirmişdi, ağlaya-ağlaya da basırdı. Basdırdı ki,  daha burdan başqa yerə köçməsinlər. Orda məskunlaşsınlar.

                          Budur kənd yaddaşı, ocaq yaddaşı,

                          Qəlbimi yandırır hər addım başı. (Aida Eyvazlı)

Mən də Füzuliyə yazdım ki, kaş anan basdırmayaydı o külü.  Bax beləcə, kəndləri şəhərə çevirə-çevirə,  təndirlərimizin istisini, ocaqlarımızın tüstüsünü qoruya bilmirik.  Ocağın odunu qorumasan, qorundan saxlamasan o ocaq tez sönər. Sönür ocaqlarımız, kəndçilərimiz şəhərləşir,  bulaqlardan çiyinlərində kuzə ilə, güyüm ilə  sü gətirən qızlar, gəlinlər azalır, kəndçi qızlar da şəhərlilərə oxşamaq istəyirlər, oxşayanda da çox vaxt səvh edirlər. Çünki hər kəs gərək öz yerişini yeriyə.  Mənim rəhmətlik atam bizi hər il yay tətillərində üç ay aparıb Şamaxıdakı  dağların qoynunda olan, bu gün də yolu-rizi olmayan  o yolsuz səfalı   Xeybəri kəndinə  baba evimizə  qoyardı.  Bizim genetik yaddaşımızı beləcə qaytardı bizə. O günlərdən nənəmin təndiri, bibilərimin min bir çeşidlə toxuduğu xalı palazlar, göydən asılan nənnimiz, nənəmin dərdli bayatıları, üç gün-üç gecə çalınan aşıq toyları  qaldı. Sinədəftər nənəmin o bayatılarıdır  bəlkə mənə yazmağı da öyrədən.  Ay kəndləri əllərində olanlar, təndirlərinizi qoruyun, ocaqlarınızı qoruyun, şəhərə çox uymayın, şəhərin etibarı yoxdur.

Dostlaımın Vətən həsrəti ilə uyumayan ağrılarına bu şerim də bir layladır.

 

VƏTƏN OĞLU ŞİRVANA DÖN, ŞİRVANA

 

Vətənin havası, dadı başqadır,

Çiçəyi başqadır, odu başqadır.

Şirin bulaqların suyu bal dadır,

Vətən oğlu Şirvana dön, Şirvana.

 

Bəzəyi düzəyi vurub hüsnünə,

Dağları bələnib yenə çiskinə,

Heç kimi salmasın fələk sürgünə,

Vətən oğlu Şirvana dön, Şirvana.

 

Payız  gözəlliyi vurub hər yeri,

Çəmənləri xalça edib , gəl yeri.

Qayalar dön deyir, dağlar gəl deyir,

Vətən oğlu Şirvana dön, Şirvana.

 

Hər daşı müəmma, tarixi qədim,

Onu anam bildim, gərəyim bildim.

Ondan uzaqlarda deyib gülmədim,

Vətən oğlu, Şirvana dön, Şirvana.

 

Bu Vətən bizimdir izimiz qalıb,

Onun yaddaşında sözümüz qalıb.

Getmişik Vətəndə gözümüz qalıb,

Vətən oğlu Şirvana dön, Şirvana.

 

(23 noyabr. 2012. Daşkənd)

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

 

 

 

 

 

 

 

 

 

 

Onlar Vətən müharibəsində məxfi əməliyyatlarla tarix yazdılar, Xəzər Media Mərkəzinin hazırladığı “Qartal Zirvədə” sənədli filmi ilə isə əbədi olaraq Azərbaycan xalqının qəhrəmanlıq yaddaşında qalacaqlar.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, bu fikir Xəzər Media Mərkəzinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Vətən müharibəsindəki şanlı Qələbədəki roluna həsr etdiyi və tamaşaçı auditoriyasının böyük marağına səbəb olan “Qartal Zirvədə” sənədli filmində səsləndirilib.

DTX-nin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, media qurumlarının rəhbərləri, eləcə də DTX-nin ali zabit heyəti və əməkdaşları iştirak ediblər. 

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov tədbirin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etdiyini vurğulayıb, “Qartal Zirvədə” sənədli filminin çəkilməsinin əsas məqsədlərindən danışaraq deyib: “Siz filmdə maraqlı məqamlar görəcəksiniz. Hamımız görəcəyik ki, Qələbə 44 gün ərzində deyil, bütün bu illər ərzində qazanılıb. Prezident İlham Əliyev bu müddət ərzində qüdrətli Ordumuzu yaradırdı. Bu qüdrətli Ordu bu gün öz təntənəsini qeyd edir”. 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında DTX-nin şərəfli fəaliyyətindən söz açıb. DTX-nin əməkdaşlarının Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərdiklərini vurğulayan Əli Nağıyev onların yüksək orden və medallarla təltif olunduqlarını diqqətə çatdırıb. Xidmət rəisi “Qartal Zirvədə” sənədli filminin çəkilməsinə görə Xəzər Media Mərkəzinə təşəkkürünü bildirərək qeyd edib: “Böyük iftixarla qeyd edirəm ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında altı Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin əsas məqamları bu film vasitəsilə cəmiyyətə hərtərəfli çatdırılıb və ictimaiyyət əməkdaşlarımızın müharibə dövründə göstərdikləri yüksək əzm və fədakarlıqlarla daha yaxından tanış olub”. 

Çıxışlardan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “Qartal Zirvədə” sənədli filminin ideya müəllifi, Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşovu “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edib. 

Filmin müəllifi Rüstəm İbadova və rejissoru Aslan Qarayevə hədiyyələr təqdim olunub.

Sonra “Qartal Zirvədə” sənədli filmi nümayiş etdirilib.

Vətən müharibəsində DTX-nin həyata keçirdiyi məxfi əməliyyatların təfərrüatları ilə tamaşaçılar ilk dəfə bu sənədli ekran əsərində tanış olublar. Filmdə qeyd olunan faktlar və maraqlı görüntülər böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Bir baxın. İndi az qala hamı plastik kartlara keçib. İkiqat ədv, kəşbek qazanmaq da az iş deyil. 

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayının sonunda ötən aya nisbətən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib. 

 

Mərkəzi Bankın yaydığı məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,9 faiz artıb. 

Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 26,6 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1,7 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(26.12. 2022)

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 46 milyard 633,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 35 milyard 45,6 milyon dollar, idxalın dəyəri 11 milyard 587,6 milyon dollar təşkil edib. Nəticədə 23 milyard 458 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artıb. 

Xarici ticarət dövriyyəsinin ən çox olduğu ölkələrin sıralanması belədir:

İtaliya, 

Türkiyə, 

Rusiya, 

Hindistan, 

Çin, 

İsrail, 

Yunanıstan, 

Birləşmiş Krallıq, 

Xorvatiya, 

Almaniya, 

İspaniya, 

Çexiya, 

Portuqaliya, 

Gürcüstan, 

Ukrayna, 

Qazaxıstan, 

ABŞ, 

İndoneziya, 

Vyetnam, 

Rumıniya, 

İsveçrə, 

Tunis, 

İran.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Bazar ertəsi, 26 Dekabr 2022 13:30

Uğurun zəminini necə yaratmaq olar?

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Bir məşhur müasir dövr rəvayəti yaranıb, deyirlər, bir nəfər imkansız şəxs radiolardakı, televiziyalardakı lotereya üzrə başgicəlləndirici uduş məbləğlərini, astronomik cek-pot reklamlarını o qədər görür, tanış-bilişin bu mövzudakı bazar söhbətlərini o qədər eşidir ki, böyük bir məbləğ udmaq arzusu onun həyatının şah arzusuna çevrilir. O hər gün xəyallar qurur ki, cek-pota sahib olub bütün borclarını qaytaracaq, mənzil, avtomobil alacaq, uşaqlarını oxudacaq, ailəsinə şad-xürrəm, firavan həyat bəxş edəcək. Və hər səhər işıqlaşanda əllərini göyə açıb Tanrıya dua eləyir ki, ay Tanrım, nə olar, mənə cek-potu udmağı nəsib elə.

Beləcə, aylar ötür, illər keçir. Arzusuna qovuşmadığını görən bu şəxs get-gedə aqressivləşir, Tanrıya duasında kəskin tonlardan, iradlardan istifadə edir, şikayətlənir ki, axı sən necə Tanrısan, bircə arzumu yerinə yetirmirsən.

Və bir gün qeybdən ona səs gəlir ki, ay binəva insan, sən böyük məbləğ udmaq istəyirsən, ancaq adi bir həqiqəti başa düşmək istəmirsən ki, lotereyada udmaq istəyən kəs ilk öncə lotereya biletini almalıdır. Bu necə olur ki, sən bileti almırsan, Tanrıdan uduş arzulayırsan, arzun da reallaşmayanda Tanrıya irad bildirirsən?

Bu rəvayət hazırda hədsiz aktualdır. Bu gün insanlar daha çox əziyyətsiz mənsəbə çatmaq istəyirlər. Oxumur, təhsil almırlar, bir sənət öyrənmirlər, bir əziyyətə qatlaşmaq istəmirlər. Bununla belə, rahat, firəvan, tam təminatlı həyat arzulayırlar. Və bu həyata da qovuşmayanda onların içlərində bir narazılıq, bir küskünlük şeytanları oyanır.

Ünsiyyət qurduğum həyatdan narazıların əksəriyyətində bu əziyyətsiz mənsəbə çatma meyillərini görürəm. Baxırsan, gəncdir, iş axtarır. Müraciət edir, köməklik göstərirsən, bir tanışından xahiş edirsən ki, onu işlə təmin etsin. Nəticə isə ürəkaçan olmur. O səni tanışının yanında pis vəziyyətdə qoyur. Verilən tapşırıqlara əməl etmir, görəcəyi işi görmək istəmir, «məni filankəs tapşırıb» bəhanəsinin altında kölgələnmək istəyir.

Bir dəfə bir tanışımın övladı üçün müəssisələrdən birinin müdirindən iş xahiş etmişdim. Onu növbə ustası vəzifəsinə təyin etdilər, mən də missiyamı bitirib gördüyüm növbəti savab işimin nöqtəsini qoydum. Amma deməzsənmiş, cəmi bir həftədən sonra bu şəxs müdirin qəbuluna düşüb şikayət edib ki, bəs ali təhsilliyəm, növbə ustalığı istəmirəm, heç olmasa sex rəisi təyin edin ki, perspektivim olsun, ən yüksək rəhbər vəzifələrə keçə bilim.

Bu nə təfəkkürdür, nə məntiqdir? Sən niyə istehsalı tam öyrənməmiş, təcrübə yığmamış, aşağı mərhələlərdə təkmilləşməmiş dərhal yuxarı mərhələ istəyirsən? Binanın birinci mərtəbəsi tikilmədən 5-ci mərtəbəsini tikməkmi olar?

Ya da böyük arzularla, amallarla yaşadığını iddia edən bir şikayətçi abiturientin qəbul imtahanlarına hazırlaşmaq əvəzinə həmin böyük arzuların, amalların xəyalları ilə, necə deyərlər, «xəyal-plov» yeməklə gün keçirdiyi məlum olur. Kitab üzü açma, müəllim yanına getmə, bilik əxz eləmə, sınaq imtahanlarına qoşulma, sonda da qəbul imtahanlarında az bal toplayıb küskünləş, ruh düşkünlüyü, xəyal qırıqlığı yaşa? Bu necə olur axı?

Düzdür, həmin gənc ailəsinin imkansız olması səbəbindən məktəbdənkənar vaxtda işlədiyini, boş zamanının olmamasını özünə alibi sanır, amma hər halda, gözəl bir məsəlimiz var, könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.

Sən biliklər qazanmaq əziyyətinə qatlaşmadan, yuxusuz gecələr keçirmədən, adi normal həyat rejimini kəskin dəyişmədən, öz çalışqanlığından motivasiya almadan axı necə ali məktəb tələbəsi ola bilərsən?

Və yaxud, bir şikayətçi olan tanış idmançını götürək. Yunan-Roma güləşçisidir. Yoldaşları durmadan məşq edirlər, qida rasionundan, vitamin qəbulundan, çəki tarazlığından tutmuş olimpiya çempionları olmuş ən güclülərin oyunlarını izləmək, məşqçilərin tapşırıqlarına diqqət kəsilmək, mövcud tematik ədəbiyyatı oxumağa qədər özlərini idmana sərf edirlər. O isə çempion olmaq xülyası ilə yaşayaraq sadəcə, beynində qazanacağı trofeylərdən necə istifadə edəcəyini canlandırır. Təbii ki, nəticə acınacaqlı olur, o, uğur qazana bilmir. Öz məsuliyyətsizliyinin  günahını məşqçi diqqətsizliyi və hakimlərin qeyri-obyektivliyinin üzərinə yıxmaqla indi o, nəyəsə nail ola biləcəkmi? Əlbəttə ki, yox!

Həyatın qızıl qanunu: Uğur qazanmaq üçün ilk öncə bu uğurun zəminini yaratmalısan.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.