
Super User
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.
8-ci dərc
Bu vəziyyət sizə hansısa kəşfiyyat oyununu xatırlatdısa, səbəbini deyim. Çox-çox illər əvvəl, vaxtilə mənim hami tərbiyəçim və müəllimim, sonradan isə rəisim olmuş, əməliyyat işinin əlifbasını mənə öyrədən polkovnik Arif Dadaşzadə təqaüdə yollanarkən məni kabinetinə çağırıb təklikdə belə bir söhbət etdi:
-Bəxtiyar, bilirsən ki həyatımı həsr etdiyim bu yolda az çətinliklərim olmayıb. Bu çətin və şərəfli yolda çox uğurlar qazanmış, neçə-neçə qatı cinayətkarı zərərsizləşdirmiş, böyük təcrübəyə yiyələnmişəm. Və böyük zəhmət hesabına uzun illər yaratdığım agentura şəbəkəsinin təqaüdə getməyimlə bir anda dağılmasını istəmirəm, əldə etdiklərimin məndən sonra da həm peşəmizə, həm də xalqımızın əmin-amanlığına xidmət etməsini istəyirəm. Səni ilk gündən öz balam kimi çox istədim və yaxşı əməliyyatçı olacağın barədə zənnimdə yanılmadım. Ona görə də sənə ən qiymətli inanılmış şəxsimi miras qoyuram. Bir şərtlə - sən onun kimliyini heç vaxt bilməyəcəksən. Yalnız dediyim yerdə və vaxtda onun təklif etdiyi qaydada verdiyi məlumatları sənə çatdıracaqlar.
Bax elə bu səbəbdən, mənə bir qədər avantüralı görünsə də, bu təklif olunan qayda ilə razılaşmalı oldum. Şərtləri mən təyin etmirdim…
Bu söhbətdən az sonra tumsatan vasitəsilə həmin şəxsin verdiyi ilk məlumatı alarkən həqiqətən də onun necə qiymətli bir agent olduğunu başa düşdüm. Ancaq kimliyi mənə indiyənədək sirr qalan o adam haqqında heç vaxt maraqlanmadım və nəsə öyrənməyə cəhd etmədim. Təkcə öz məntiqi təhlillərim əsasında belə qənaətə gəldim ki, o kimdirsə, cinayətkar aləmdə nüfuz sahibi və müəyyən dairələrə girişi olan biridir. Heç bir şeyə ehtiyacı yoxdur, hüquq-mühafizə orqanları ilə maddi maraq naminə deyil, ideya naminə əməkdaşlıq edir və bununçün onun özünün hansısa motivləri vardır. Tumsatana verdiyim əlli manat isə, yəqin ki, elə uzun illər onun xidmətində dayanan, ilk dəfə görərkən kriminal keçmişi olmasına şübhə etmədiyim tumsatanın zəhmət haqqıdır. Çünki polisdə işlədiyim müddətdə onun verdiyi bir neçə məlumatın dəyəri mənim fikrimcə on minlərlə manatdan da qiymətli olub. Və bu məlumatlar əsasında neçə qatı cinayətin üstü açılarkən onun niyə kölgədə qalmaq istəməsini başa düşmüşdüm. Əks təqdirdə kim olmasından asılı olmayaraq ən yaxşı halda onun meyiti belə ələ gəlməzdi. Onu da başa düşmüşdüm ki, şəbəkədə olan digər inanılmış şəxslərdən fərqli olaraq, məni məlumatlandıran şəxs barəsində heç bir kartotekada heç bir qeyd yoxdur və polkovnik Dadaşzadədən başqa onun varlığı belə heç kimə bəlli deyildir.
Hər halda bu vəziyyət mənə sərf edirdi və müəllimimdən fərqli olaraq, yaş həddi ilə deyil, öz arzumla polis sıralarından xaric olunaraq detektiv fəaliyyəti ilə məşğul olduğum üçün onun xidmətindən istifadə etməkdə davam edirdim.
Hələ on dəqiqəm var idi. Tumsatan görünmürdü… Ola bilər ki, bu dəfə heç gəlməyəcəkdi.
Hiss etdirmədən ətrafı bir daha gözdən keçirdim. Yaxınlıqda baş verənləri ən xırda detallarına qədər nəzərdən keçirsəm də, şübhəli heç bir şey aşkar etmədim. Şübhə doğuran bir hal olardısa, peşəkar nəzərimdən qaçmayacağına əmin idim. Məhz illərlə işlənən və cilalanan vərdişlər peşəkarlıq adlanır. Ona görə də peşəkarlıq bir günə, bir aya, bir ilə yarana bilməz. Milis məktəbində oxuyarkən kəsildiyim ilk imtahan yadıma düşdü. Nə qədər qəribə olsa da, tək-tək dəvət olunduğumuz imtahan otağına daxil olarkən orada heç kimin olmadığını gördüm. Ətrafa baxaraq nə baş verdiyini anlamağa çalışarkən haradansa mikrofondan gələn səs məni otaqdakı digər qapıdan keçməyə çağırdı. Girdiyim qapı ilə üzbəüzdəki qapını açıb içəri keçdim. Böyük otaqda masanın arxasında imtahan komissiyasının üzvləri oturmuşdular. Yaxınlaşıb özümü təqdim etdim. Adətən bundan sonra bilet çəkmək təklif olunurdu, lakin bu dəfə stolun üzərində imtahan biletləri görünmürdü.
Müəllimlərdən biri üzünü mənə tutub dedi: -Müdavim Nəzərli, zəhmət olmasa deyin, bir qədər əvvəl keçərək gəldiyiniz otaqda hansı əşyalar var idi?
Bəli… Yaman yerdə axşamladıq… Təbii ki, belə bir suala hazır olmadığım üçün otağın divarlarına çəkilmiş boyanın rəngindən başqa heç bir şey xatırlaya bilmədim. Və imtahandan iki alaraq suyum süzülə-süzülə müəllimlərin göstərdiyi, binanın bir başqa dəhlizinə açılan qapıdan bayıra çıxdım. Dəhlizdə dayanmış növbətçi müdavim imtahan bitənədək kurs yoldaşlarımın toplaşdığı dəhlizə qayıtmağın qadağan olunması barədə məni xəbərdar etdi.
Sonradan bildim ki, həmin imtahandan kursumuzun yalnız bir müdavimi zorla üç qiyməti alıb. Onun da digərlərinə nisbətdə bir neçə əşyanı sadalaya bilməsinin müəllim heyəti tərəfindən nəzərə alınması səbəbindən, güzəşt qaydasında.
Növbəti gün isə, auditoriyaya daxil olan müəllimimiz, polkovnik Viktor Nikolayeviç Qrinko bütün dərsi məhz bu imtahan ətrafında diskussiyalara həsr edərək, milis zabiti üçün son dərəcə diqqətli olmağın, ətrafda baş verənləri nəzərdən qaçırmamağın və yadda saxlamağın nə qədər əhəmiyyətli olması barədə bizə uzun bir mühazirə oxudu. İlk baxışdan əhəmiyyətsiz görünən xırda detalların əməliyyat-axtarış işində necə fayda verə biləcəyini dəfələrlə vurğulayaraq məhz xırda detallar vasitəsilə açılmış, dərsliklərdə olmayan bir neçə cinayət hadisəsi barədə danışdı.
Mənə isə üzünü tutaraq, -Sizin ki, soyadınız Nəzərlidir. Səhv etmirəmsə, bu Azərbaycan dilində diqqətli olmaq mənasını verir. Siz niyə iki qiymət almısınız? -deyə bütün auditoriyanı güldürdü.
Həmin imtahandan sonra hamımız yaxın zamanda kəsirimizi düzəltmək üçün eyni tərzdə imtahan götürüləcəyini düşünərək, hər bir getdiyimiz yerdə diqqətimizi ətrafdakı əşyalara yönəltməklə məşq edir, bir-birimizə suallar verir, bir növ özümüzü imtahana hazırlayırdıq. Lakin aylar keçəndən sonra həmin imtahan yada düşmədi və bir çox müdavimlər ilk günlər onlara maraqlı olan bu məşğuliyyəti kənara qoyub sonradan tamam unutdular.
İmtahan isə nə az, nə çox, düz altı aydan sonra bir qədər fərqli formada təkrarlandı və polkovnik Qrinkonun nəsihətlərini unudanlar hamısı yenidən həmin imtahandan iki qiymət aldılar.
Həmin imtahanda mən suallara ardıcıl cavab verərək növbəti sualı gözləyərkən, müəllimlərdən biri, -Bir sualım var, ona cavab verə bilsəniz Sizə beş qiymət yazılacaq, -deyərək gözümün içinə baxdı.
Susub sualı gözlədim.
-Zəhmət olmasa deyin, Nəzərli, geriyə baxmadan hal-hazırda olduğumuz otaqda, sizdən arxa tərəfdəki divarda asılmış saatın saniyəölçəni haqqında nə deyə bilərsiniz? Otuz saniyə vaxtınız var.
İmtahan otağına daxil olarkən imtahan komissiyasının üzvləri qapı ilə üzbəüzdə qoyulmuş masanın arxasında oturduqları üçün arxa divara baxmaq imkanım olmamışdı. Yəqin ki, bunu müəllimlər də bilirdilər. Görmədiyim saatın saniyəölçəni haqqında nə deyə bilərdim ki? Bəs onda bu sualı verməkdə məqsəd nə idi?
Saniyələr gedirdi… on saniyə, on beş saniyə. Niyə axı saniyəölçən… Bəlkə məntiq…. Elədirsə, onda məntiq nə deyir… İyirmi saniyə…Pedaqoq heyətinin hamısı diqqətlə mənə baxırdılar. İyirmi beş saniyə… Və birdən sualın cavabını tapdım.
-O divarda saat yoxdur.
Müəllimlər bir anlıq baxışdılar.
-Afərin Nəzərli, beş qiymət alırsınız.
Bir sual dedikdə, illərin təcrübəsinə malik olan müəllimlər ikinci suala ehtiyac olmayacağını əvvəlcədən bilirdlilər. Bütün hallarda. Belə ki, ya mən cavabı tapmayıb 4 qiymət alırdım, ya da cavabı tapacağım təqdirdə necə tapdığımı onlar soruşmayacaqdı.
Yeraltı keçidin pilləkənləri ilə qalxan tumsatan parkın kənarında əkilmiş zeytun ağacının altında dayandı. Tum paketlərini qoyduğu torbasını qucağına alıb, sakitcə müştəri gözləməyə başladı.
Tələsmirdim.
Bürmələdiyim əlliliyi ovcumda sıxıb ona yaxınlaşdım.
-Qardaş, mənə bir qırx qəpiklik qara “Beloçka” ver.
-Buyur, əmoğlu, -deyib tum paketini mənə verdi və əlliliyi alıb cibinə qoyandan sonra o biri cibindən altmış qəpik xırda pul çıxarıb mənə uzatdı.
-Bazar olsun, -deyib uzaqlaşdım.
Əvvəllər Bakıda “Min bir xırdavat” kimi tanınan mağazanın yerində yerləşən “Beşqazan” restoranının yanından keçib Nizami metrosuna tərəf üz tutdum.
Ofisə girən kimi ilk işim yerimə keçib tum paketini açmaq oldu. Məlumat yazılmış vərəq həmişəki kimi nazik rulon kimi bükülərək paketin yan büküş yerində açılmış dəlikdən içəri salınmışdı. Dəliyi yalnız diqqətlə baxanda görmək mümkün idi.
-Bəxtiyar müəllim, yenə də semiçka almısız? Siz ki, onu çırtdamırsız. Neçəsi ağzı açılsa da, mətbəxdə toxunulmamış qalıb, -Layiqə təəccüblə mənə baxdı.
Hə, bircə bu çatmırdı… Sonuncu dəfə üç həftə əvvəl məlumat aldığım üçün Layiqənin həmin tum paketini çoxdan tulladığını düşünmüşdüm. O isə hələ əvvəlkiləri də saxlayıbmış.
Bu qız da deyəsən axırda detektiv olacaq.
-Ürəyim istədi nəsə. O birilərinin qaldığını bilsəm almazdım, -deyib, “indi gərək bu tumun ən azı yarısını çırtlayım” fikri ilə Layiqəyə hiss elətdirmədən tum paketindən çıxartdığım bürmə kağızı açdım.
Kağızda bircə cümlə yazılmışdı -“Kaftar” ova çıxıb.
Bəli… Bu da Qocanın şəhərdə olmağının ikinci təsdiqi. Deməli Tatarın verdiyi məlumata şübhə qalmırdı. Qocanın bir ləqəbi də “Kaftar” idi və bu məlumatda da söhbət məhz ondan gedirdi. Özü də tək şəhərdə olması yox, ova çıxması barədə. Bu isə çox ciddi siqnal idi. El arasında goreşən də deyilən “Kaftar” ləqəbli bu cinayətkarın ovunun nə olduğunu ancaq onun barəsində məlumatı olan çox az adam bilirdi. Bu barmaqla sayıla biləcək adamlardan biri də mən idim.
“Kaftar” ləqəbi ona “Qoca” ləqəbindən də əvvəl verilmişdi. Yırtıcı, goreşən xislətinə görə. El arasında yayılmış “qoca kaftar” ifadəsindən qaynaqlanaraq sonradan “Qoca” ləqəbi də ona yapışsa da, heç kim indiyədək bu iki ləqəbi birlikdə onun üzünə deməyə cəsarət etməmişdi.
Əməliyyat marağı doğuran şəxs kimi çoxdan diqqət mərkəzinə düşsə də, olduqca gizli həyat tərzi yaşayan bu adam haqqında əməliyyat aparatı o qədər də çox məlumata malik olmadığından, sonra isə uzun illər ölkəni tərk etdiyindən o demək olar ki, unudulmuşdu. Bununla belə, fotoşəkli və barəsində toplanılmış, birbaşa təsdiqlənməsi mümkün olmayan cüzi məlumatlar xüsusi bazada saxlanılırdı.
Kağızı xırda tikələrə bölüb hamamxanaya keçdim. Unitaza atıb suyu buraxdım. Kiçik kağız parçaları unitazın çənindən axan suyun yaratdığı burulğanda dövrə vurub gözdən itdilər.
Əllərimi yuyub otağa qayıtdım.
Layiqə televizora baxırdı. Gözucu ekrana baxdım. “Ağdağ” natural gips suvağının reklamı gedirdi. ”Mən evimi Ağdağla suvayacağam. Ailəm də sağlam qalacaq, mən də”. Bəh-bəh. Bu reklama baxandan sonra, respublikadakı bütün xəstəxana və əczaxanaları bağlayıb yerində “Ağdağ” natural gips suvağının zavodlarını tikmək istəyirsən. Görəsən bu gips suvağının istehsalçıları nə əcəb indiyənədək Səhiyyə Nazirliyindən lisenziya alıb sağlam qalmaq üçün “Ağdağ”ı toz və həb şəklində də qəbul etməyi vətəndaşlara təklif etməyiblər?
Sənayemizin bu qabaqcıl istehsalçısını daha yaxşı reklam etmək olmazdımı?
Yenidən keçib yerimdə oturub fikrə getdim. Əslində, əlimdə elə çox məlumat da yox idi: Qocanın şəhərdə olması və bununla bağlı zəng edərək dəqiqləşdirdiyim bəzi şeylər…Təbii ki, telefonda yalnız mənə və zəng etdiyim adamlara məlum olan ifadələrlə danışmışdıq və kənar qulaqlar üçün bu, bir-birini çoxdan görməyən köhnə dostların söhbətini xatırladardı.
Hansısa mülahizə yürütmək üçün bunlar kifayət etmirdi.
Qocanın şəhərdə olması, hətta hansısa cinayət törətməsi, müstəqil detektiv kimi mənim üzərimə hər-hansı məsuliyyət qoymurdu. Lakin hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşı olmur. İstənilən halda baş verənlər haqqında məlumatlılığın nə qədər vacib olduğunu bildiyim üçün bu məlumatı qulaqardına vurmaq istəmirdim. Xüsusilə, onun ova çıxmasını bildikdən sonra… Çünki bu, hansısa günahsız insanın və ya insanların fəlakəti anlamına gəlirdi və buna göz yuma bilməzdim.
Ancaq hələlik hər şeyi zamana buraxmaqdan başqa çarəm yox idi.
Sizi isə yəqin ki, intizarda qoydum. İmtahandakı son sualın cavabını necə tapdığımı sizə deyim. Sualda saniyəölçən barədə soruşulanlar əsas yayındırıcı məqam idi. Niyə saat özü yox, saniyəölçəni… Bu psixoloji gediş idi. Saniyəölçənin necə olması artıq yüz faiz saatın divarda asılması fikrini yaradaraq cavab verənin bütün fikrini ancaq saniyəölçənə yönəldirdi. Onun nə rəngdə olması, işləyib işləməməsi, xarabdırsa, hansı rəqəmin üzərində dayanmasını götür-qoy edən şəxsin fikirləri əsas istiqamətdən yayınır, verilmiş otuz saniyə elə əvvəldən yanlış şeylərə sərf olunurdu.
Bunu başa düşən kimi dərhal indiyə qədər olduğum dərs və imtahan otaqlarını bir-bir yadıma saldım. Onların heç birində heç vaxt divar saatı görmədiyim dəqiq idi.
Bu dediklərimə bilirsinizmi nəyi də əlavə etdim? Deyim bilin. Sualın cavabına otuz saniyə vaxt verən müəllimlər hamısı bu müddət ərzində diqqətlə mənə baxmış, heç biri bir dəfə də olsun sual obyekti olan, mənim arxa tərəfimdə, onlarla isə üzbəüzdə, guya divardan asılmış saata tərəf baxmadılar. Nə qədər peşəkar olsalar da, ən azı onlardan birinin nəzərləri bu otuz saniyə ərzində ötəri də olsa o istiqamətə, sualın predmeti olan həmin saata yönəlməli idi. Ancaq bunu etmədilər. Olmayan bir şeyin nəyinə baxacaqdılar ki. Onlardan biri qol saatına baxaraq vaxtın bitdiyini bildirəndə mən artıq sualın cavabını tapmışdım.
İmtahanın eynilə təkrarlanmaması üçün müəllimlər bu dəfə imtahan otağına gələrkən keçdiyimiz dəhlizdəki əşyalar haqqında suallara bir qədər də məntiqi suallar əlavə etmişdilər.
Bu, peşəkarların yetişdirilməsi düsturunun əlifbası idi. Qeyri -adi müşahidə qabiliyyəti, yaddaşı olan və məntiqi mülahizə yürütmək bacarığına malik müdavim təhsil illərində aldığı nəzəri və xidmət illərində topladığı təcrübi biliklərin vəhdəti nəticəsində neçə illər sonra peşəkar adlanmaq hüququ qazanırdı.
Hər əməkdaşa müyəssər olmayan hüququ…
Və mən uzun illərdən sonra bu hüququ qazanarkən indi sizlərə danışdığım epizodla bağlı bir həqiqəti də anladım.
Komissiya üzvlərinin guya divarda asılmış saat tərəfə deyil, məhz nümayişkəranə şəkildə diqqətlə mənə baxmaları verilmiş sualın cavabında elə əsas açar imiş. Mən isə heç vaxt görmədiyim bir saat haqqında verilmiş sualın cavabında bu yolla mənə qəsdən ip ucu verərək məntiqi düşüncə tərzimi yoxlayan pedaqoqlarda, guya, kiçik bir səhv tutduğumu düşünərək cavanlığa xas olan necə bir müştəbehliyə yol vermişdim.
Mənim müdrik müəllimlərim…
Davamı var
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Malayziyada azərbaycanlı gənc rəssamların sərgisi açılacaq
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasib mayın 9-dan 16-dək Malayziyada azərbaycanlı gənc rəssamlarının "The Art of Diplomasy" adlı sərgisi açılacaq. Sərgi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşəbbüsü ilə təşkil olunacaq.
Mərkəzin direktoru İslam Baxşəliyev bildirib ki, bu məqsədlə 16 nəfərdən ibarət nümayəndə heyəti mayın 7-də Malayziyaya yola düşəcək. Sərgiyə Azərbaycanın Malayziyadakı səfirliyi təşkilatı dəstək verir.
“KL City ART” Qalereyasında keçiriləcək sərgidə 11 rəssamın 37 əsəri nümayiş olunacaq. Rəssamlardan Sevinc Əliyeva, Kamila Zərbəliyeva, Firəngiz Hüseynova, Aybəniz Zeynalova, Mahru Norton, Zarema Yagizarova, Kəmalə Müstafayeva, Emiliya Axundova, Nigar Bağırova, Bela İsmayılova və Raul Axundovun Azərbaycan və eyni zamanda Malayziya incəsənəti ilə bağlı rəngarəng rəsmləri yerli incəsənət sevərlərin diqqətinə təqdim ediləcək. Azərbaycan rəssamlıq tarixində həmişə qadın rəssamların rolu böyük olmuş və bu gün də öz təsdiqini tapır. Belə ki, sərgidə 11 rəssamdan 10-nu qadındır”,- deyə Mərkəzin rəhbəri bildirib.
Qeyd edək ki, "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 2010-cu ildən analoji sərgiləri keçirir. Mərkəz tərəfindən indiyədək 20-dən çox Avropa ölkəsində, o cümlədən ABŞ, Böyük Britaniya, Dubay, Sinqapur və Misirdə sərgilər təşkil olunub və bu sərgilərdə ümumilikdə 387 rəssamın 1829 rəsm əsəri sərgilənib.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
İlqar Cəfərov növbəti dəfə beynəlxalq müsabiqənin mükafatına layiq görülüb
AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov Hindistanda keçirilən “1ST KMPS INTERNATIONAL SALON 2023” Beynəlxalq Fotomüsabiqəsinin üç mükafatına layiq görülüb.
Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) himayəsi altında keçirilən bu fotomüsabiqədə dünyanın 34 ölkəsindən 200-dən çox fotoqraf iştirak edib.
FIAP-ın qızıl medalına müəllifin Bakıda beynəlxalq yarışda çəkilmiş "Tennisdə qarşıdurma" fotosu layiq görülüb. Fotomüxbirin digər iki fotosu isə fotosalonun gümüş və bürünc medallarina layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(04.03.2023)
Plener əsərlərdən ibarət yaradıcılıq sərgisinə əsər qəbulu davam edir
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təbiət qoynunda yaradılmış plener əsərlərdən ibarət yaradıcılıq sərgisinə qeydiyyat davam edir.
Xətai Sənət Mərkəzindən bildirilib ki, sərgidə iştirak etmək üçün 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkə vətəndaşları mayın 5-dək təqdim edəcəyi əsərin fotosu ilə bərabər, ad və soyadı, əsərin adı, ölçüsü və texnikasını qeyd etməklə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməlidir.
Qeyd olunub ki, əsərlərin texnika və ölçü sərbəst olmalıdır: “İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin sərgidə 1 və ya 2 əsər nümayiş olunacaq. Seçimlər bədii şura tərəfindən aparılacaq. Əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində açılacaq”.
«Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Mədəniyyətlə bağlı lətifələrin aprel reytinqi
“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu sizlərin aprel ayında ən çox dodaqlarınızı qaçıran lətifələrin reytinqini hazırlayıb. Bu gün sizlərə 2-ci yerdə qərarlaşan lətifə təqdim olunur.
2-ci yer
Hüseyn Arif yazar dostlarından birinin övladı ilə görüşüb hal-əhval tutur:
- Nə var nə yox, atan necədir?
- Çox sağ olun, indi yaxşıdır. Yaman xəstələnmişdi. Qan təzyiqi, ürək bir-birinə qarışmışdı. Həkimlər güclə qurtardılar.
Dostunun övladı gözləyir ki, Hüseyn Arif ona ürək-dirək verəcək. Amma əvəzində qəribə “təskinlik” eşidir:
- Mənim başım qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər elə.
Xatırladaq ki, 3-5-ci yerlərdə bu lətifələr qərarlaşıb.
5-ci yer:
Məşhur italiyalı tenor Enriko Karuzo Amerikaya qastrol səfərində olarkən bir kənddən digərinə yol alanda avtomobili xarab olur. Sürücü avtomobili təmir edəndə Karuzo yaxınlıqdakı fermer təsərrüfatına baş çəkir. Fermerlə həyat yoldaşı onu yüksək səviyyədə qarşılayırlar, çaya qonaq edirlər, maraqlı söhbətləri alınır.
Karuzo ev sahiblərinin onu tanıdıqlarını zənn edir, amma çıxıb gedəndə onu yola salan fermer belə bir sual verir:
-Bağışlayın, bizimlə bu xoş ünsiyyət quran adamın kimliyini bilmək olarmı?
Pərt olan tenor söyləyir:
-Mən Karuzoyam. Tanımadız ki məni?
Ev sahibi sevincək halda az qalır onun üstünə atılsın.
-Necə yəni tanımadıq? Biz yoldaşımla sizin haqqınızda o qədər oxumuşuq ki, - söyləyib həyat yoldaşını haraylayır:
-Monika, bu bizim sevdiyimiz səyyah Robinzon Kruzo imiş.
4-cü yer:
Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində ustada özünü şirin salmaq istəyir. Habil Əliyev hara gedirsə düşür onun dalınca, liftə minəndə də əl çəkmir, ustadın mərtəbəsinin düyməsini özü basır.
Bir dəfə hamının yanında həmin gənc Habil Əliyevdən soruşur:
- Ustad, mən necə kamança çalıram...?
Habil Əliyev gülümsəyərək deyir:
- Necə kamança çaldığını deyə bilmərəm, oğul, amma iki-üç gündü babat lift sürürsən.
3-cü yer
Temza çayının sahili ilə axşam gəzintisinə çıxan Şerlok Holmsla Doktor Vatson suların qoynunda çabalayaraq onlara əl eləyən bir qadın görürlər.
Onlar da öz növbələrində centlimencəsinə qadına əl eləyirlər.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
“Imagine Dragons”un konsertinə biletlər bu gündən satışa çıxarılır
Amerikanın dünyaca məşhur “Imagine Dragons” rok qrupu “Mercury World Tour” dünya turnesi çərçivəsində sentyabrın 2-də "Baku Crystal Hall”un səhnəsində çıxış edəcək.
Konsertə biletləri bu gündən - mayın 4-dən iticket.az saytında əldə etmək olar.
“Imagine Dragons” 2008-ci ildə Las-Veqasda (Nevada ştatı) yaradılan amerikan pop-qrupudur. Qrup dörd nəfərdən ibarətdir: frontmen Den Reynolds, bas-gitaraçı Ben Maki, gitaraçı Ueyn Sermon və təbilçi Den Platsman. Qrup 2012-ci ildə “Night Visions” debüt studiya albomunun buraxılmasından sonra məşhur olub. Amerikanın “Billboard” jurnalı onları 2013-cü ilin ən parlaq ulduzları adlandırıb, “Rolling Stone” jurnalı isə onların “Radioactive” mahnısını ilin ən böyük rok hiti adlandırıb. “Imagine Dragons” buraxdığı beş alboma görə 53 nüfuzlu musiqi mükafatı və 160 nominasiyaya layiq görülüb. Qrup, həmçinin üç “American Music Awards”, doqquz “Billboard Music Awards”, ən yaxşı rok ifasına görə Qremmi mükafatı, “MTV Video Music” mükafatı və ən yaxşı rok qrupuna görə “World Music” mükafatına layiq görülüb. 2018-ci ildə qrup ilin ən yaxşı albomuna görə on bir “Billboard Music Awards” mükafatına nominasiya olunub. 2018-ci ildə qrup dünyada ən populyar qrup kimi “Believer”, “Thunder” və “Radioactive” mahnıları ilə milyarddan çox baxış toplayan ilk rok qrup olaraq “Spotify”də rekord vurub.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Sony World Photography Awards 2023-ün ən gözəl fotosu: şəhərdə ulayan boz qurd
İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi edib. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.
Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.
Sıra ilə sonuncu nominasiya üzrə qalibi elan edirik: Ən nəhayət, Çindən olan Ke Çun Zhang "Cənnət Bağı" seriyasına görə Natürmort nominasiyasında qalib gəldi.
Xatırladaq ki, əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.
İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi.
"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura olmuşdu.
Bu tədbir çərçivəsində tələbə və gənclər müsabiqələri də keçirilib. Yun Nan İncəsənət Universitetinin Çinli fotoqrafı Long Jing Yun Nan opera teatrına həsr olunmuş bir sıra əsərlərinə görə Sony-nin 30.000 dollarlıq avadanlığına layiq görülmüşdür.
Bunlar barədə də məlumat almışdınız.
Çindən Fan Li, Cənubi Afrikadan Li-Ann Olvaj və Böyük Britaniyadan Hugh Kinsella Cunningham müvafiq olaraq "Memarlıq", "yaradıcılıq" və "sənədli film" nominasiyalarında qalib olublar.
Sony Dünya Fotoqrafiya mükafatları münsiflər heyəti üç gün ərzində mükafatların hər biri üçün təqdim olunan 416.000-dən çox fotoşəkili qiymətləndirdi. Bu fotoqrafiya müsabiqəsi ən prestijli yarışmalardan biridir və son 16 ildə populyarlığı artmaqda davam edir. Bu müsabiqədə təqdim olunan fotoşəkillər təkcə güclü çəkilişlər yaratmayan, həm də həyatı dəyişdirən, humanitar məsələlər qaldıran və ehtiyacı olanlara səs verən hekayətlər barədə danışır. Layihələrin şəxsi və ya digər insanlar haqqında olmasından asılı olmayaraq, SVPA təkcə fotoqraflar üçün deyil, həm də bütün formalarda fotoqrafiya üçün bir bayramdır.
O ki qaldı ekspertimizin və portalımızın əməkdaşlarının fikrinə, bizcə ən gözəl Sony World Photography Awards fotosu
Corey-Arnolda məxsusdur.
ABŞ-dan Corey Arnold “Vəhşi şəhərlər" silsilə əsərlərinə görə "vəhşi təbiət və heyvanlar aləmi" kateqoriyasında qalib gəlib.
Şəkildə: Sony World Photography Awards qaliblərindən biri Cory Arnoldun “Vəhşi şəhərlər” kateqoriyasında şəhərdə ulayan boz qurd fotosu.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Baba Babanlı haqq dərgahına qovuşdu
Qazax mahalına ağır itki üz vermişdir.
Məşhur Babanlılar soyunun tanınmış nümayəndəsi, ömrünü müəllimliyə, təhsilə, təhsil təşkilatçılığına həsr etmiş, cəmiyyət üçün ləyaqətli övladlar və şəxsiyyətlər yetişdirmiş Baba Mahmud oğlu Babanlı ömrünün 96-cı ilində haqqın dərgahına qovuşmuşdur. Qeyd edək ki, Baba Babanlı akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, professor Məhəmməd Babanlının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının atasıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Baba Mahmud oğlu Babanlı 1927-ci ildə Qazax rayonun Şıxlı elində, Qazax mahalının ziyalı ailələrindən olan Babanlılar ailəsində dünyaya göz açıb.
Orta məktəbdə təhsil aldığı ilk illərdən müəllim olmağı arzulayan Baba Babanlı çalışqanlığı, zəhmətzsevərliyi sayəsində bu nəcib məqsədinə çatmış, dövrünün tanınmış pedaqoqlarından, məktəb qurucularından biri kimi tanınmışdır. Ömrünün 40 ildən çoxunu Saatlı rayonunda kənd məktəbində müəllim, direktor müavini və direktor kimi çalışmış Baba Babanlı tükənməz enerji ilə savadsızlığın aradan qaldırılması, Vətənimiz üçün layiqli, təhsilli gənc kadrların yetişdirilməsinə özünün töhfəsini vermişdir. O işlədiyi yerlərdə yorulmaz, fədakar fəaliyyəti sayəsində ictimaiyyət və xalqın böyük rəğbətini qazanmışdır. Baba müəllim riyaziyyat müəllimi kimi ömür-gün yoldaşı, həmin məktəbin ədəbiyyat müəllimi Dünya xanımla birgə işləmişdilər.
Təqaüdə çıxdıqdan sonra doğma elinə-obasına qayıdan Baba Babanlı müxtəlif vəzifələrdə çalışıb, Ağstafa rayonunun ictimai həyatında fəal rol oynayıb. Gənclər Ağstafa rayonunun ziyalı ağsaqqallarından biri kimi Baba müəllimə daim mürəciət edib, o da özünün nəsihət və tövsiyələrini gənc nəsldən əsirgəməyib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
O, apreldə öldü, mayda doğuldu
“Ədəbiyyat və incəsənət” portalı jurnalist Ramilə Qurbanlının dünən 85 illiyini qeyd etdiyimiz aktyor Kamal Xudaverdiyev barəsində yazısını təqdim edir.
“Ey ömür qatarım, belə tələsmə, Bir də bu dünyaya gəlməyəcəyəm...” Nədənsə aktyorun dilindən eşitdiyim bu misralar onun haqqında yazmaq fikrinə düşəndən beynimdə fırlanır. Tale insanın xarakterindən asılıdır. Birinci əksər halda ikincini, yəni xarakteri müəyyən edir. Xüsusən əgər şəxsiyyətlisən, yarınmağı bacarmırsansa, həyat sənə çətin olacaq, çox çətin. Xarakterinə əks xarakterli insanlar səni hər addımda əzməyə, sındırmağa çalışacqlar, sənin şəxsiyyətin isə onların mənəvi əzilməsi olacaq. Hamı biləcək ki, sən sınmadın, əyilmədin, yenilmədin, yıxılmadın, bu dünyaya dimdik gəlib, elə də getdin. Qiymətləndirməyi bacaranlar tərəfindən seviləcəksən, sən dünyadan köçəndə simalarda bir təəssüf ifadəsi yaranacaq. İllər ötəcək, hərdən yada düşəcəksən, səni insanlara misal çəkəcəklər, “rəhmətlik yaxşı şəxsiyyət idi” deyəcəklər. O birisinin isə adı çəkiləndə sifətlər əyiləcək, hər kəsin daxilindən dilinə gətirmək istəmədiyi bir söyüş keçəcək. Ailənin böyük övladı Kamal olub, amma bu Kamal yox, o, tez dünyasını dəyişib, sonra bu dünyaya gəlib və adını Kamal qoyublar. Bir qardaşı daha vardı. İnqilabdan əvvəl babasının - Hacı Məmmədhəsənin neft mədənləri olub. Kamal Xudaverdiyevin yaşadığı bina əslində bütünlüklə onun ata-baba mülkü imiş. Sovet hakimiyyəti qurulandan sonra hər şey əllərindən çıxıb. Dövlət o binada aktyorun atasına 13 kvadrat metrlik mənzil verib. Kamal Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Bir il sonra atası dünyasını dəyişib, üç il sonra müharibə başlayıb. Yeddinci sinfə qədər gündüz oxuyub. Səhər saat beşdə yuxudan oyanıb dəri sexinə qaçırmış. Orda dəri təmizləyir, saat səkkizdə məktəbə gedərmiş. Sonradan orta təhsilini 6 saylı fəhlə-gənclər məktəbində başa vurub. “Beş ili birtəhər yola verdik, anam işə gedirdi. Mənim üçün 300 qram çörək qoyardı ki, yeyib məktəbə gedərəm. Anam gedən kimi o çörəyi yeyir, bir də axşama qədər ac qalırdım”.
“Fəxri adlı çilingər”
Bu sözü ona dostu , həmkarı Eldəniz Zeynalov deyərmiş. Müharibədən sonra Qazaxstana xam torpaqlara işləməyə gedir. Burdan ora basanoşkalarda getmişdi, buna görə də ora düşən kimi ayaqlarını don vurur. Zillətlə işləyib ayaqları üçün məlhəm alır və özü müalicə edir. Qayıdandan sonra 10 il çilingər işləyir. Bütün bu illər ərzində ən çox sevdiyi iki məşğuliyyət varmış, biri hər gün Xəzər sahilinə gedib içinin bütün dərdlərini ona açıb demək, biri də hər həftəsonu teatra getmək. Bileti də həftənin əvvəlindən alırmış. Yenilikçi ruhlu 60-cıların nümayəndəsi bu münvalla İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Daha doğrusu birinci il rus dili imtahanından keçmir. İkinci il bir də ondan imtahan götürən Adil İsgəndərov soruşur ki, axı sən ötən il qəbul olunmalı idin, mən səni xatırlayıram. Kamal Xudaverdiyev rus dilindən kəsildiyini deyir. Adil İsgəndərovun kursunda təhsil alır. Onun sevimli tələbələrindən olur. Qüdrətli sənətkarlar Mehdi Məmmədovdan və Rza Təhmasibdən də ixtisas təhsili alır. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. “Orlean qızı”nda Raul (Fridrix Şiller), “Yalan”da Fərmanı (Sabit Rəhman), “Günahsız müqəssirlər”də Murov.(Aleksandr Ostrovski), “Söz yarası”nda Lətif (Qeybulla Rəsulov), “Antoni və Kleopatra”da Demetr (Vilyam Şekspir), “Kəndçi qızı”nda Aslan (Mirzə İbrahimov), “Hamlet”də Laert (Vilyam Şekspir), “Məhv olmuş gündəliklər”də Ədalət. (İlyas Əfəndiyev), “Ümid”də Tahirov (Maqsud İbrahimbəyov), “Yollara iz düşür”də Loğman (Bəxtiyar Vahabzadə), “Kölgələrin oyunu”nda Sezar (Yuri Edlis), “Qızıl teşt” Hüseynov (Seyran Səxavət), “Kral Lir”də Kral Lir (Vilyam Şekspir), “Ah, Paris... Paris!..”də Süpürgəçi (Elçin), “Şah Edip”də Şah Edip.(Sofokl), “Sokratı anma gecəsi”ndə Çingizxa (Çingiz Aytmatov və Muxtar Şahanov), “Ulduz, yaxud Ədirnə fəthi”ndə İzzət paşa (Cəfər Cabbarlı), “Cəzasız günah”da Salman Tahirov (Bəxtiyar Vahabzadə), “Dar ağacı”nda Aqşin (Bəxtiyar Vahabzadə), “Kəllə”də Dolbanezo (Nazim Hikmət”. Bunlar dram teatrında onun yaratdığı obrazların yalnız bir hissəsidir.
Şöhrətin yox, sənətin əsiri
Deyirdi, bu sənətə gələndə gərək qazanc məqsədi güdməyəsən: “Dolanışığın olsa evlən, olmasa ona da cəsarət etmə, çünki fikri ailənin dolanışığının yanında qalan adamdan aktyor olmayacaq”. Elçinin “Ah, Paris, Paris” tamaşasında yaratdığı süpürgəçi obrazı tamaşanın əvvəlindən sonuna qədər səhnədə olan, yalnız danışmayan, mimikalarla yadda qalan bir obraz idi. Həmin rolu rejissor kimə tapşırmaq üzərində çox düşünüb. Sonda teatrın direktoru “bunu çox böyük aktyor oynamalıdır, ver Kamal Xudaverdiyevə” deyib. İlk çəkildiyi film isə “İstintaq davam edir” filmi idi. Əlisəttar Atakişiyev baş rola - Çingizov obrazına çəkilmək üçün xaricdən aktyor dəvət etmək istəyirmiş Adil İsgəndərov kinostudiyanın direktoru kimi bu fikrin əlehinə çıxıb və təkidlə həmin rola Kamal Xudaverdiyevi təklif edib. Ondan sonra da aktyor çox filmlərdə - «Azərbaycanfilm» kinostudiyasında «Sonuncu müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (Kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (Ata), «Otel də bir otaq» (Alim), «Dədə Qorqud» (Ata) - xaraktercə fərqli obrazlara çəkilib. Tamaşaçıların yaddaşında isə daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb. İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy),Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (Doktor). Doktor onun ən çox sevilən obrazı idi. Bir vaxtlar şöhrətdən başı gicəllənən insanın sonradan necə unudulduğunu Kamal Xudaverdiyev elə məharətlə yaradırdı ki, tamaşanı görənlər indi də onu yaddaşlarında saxlayıblar. Televiziyada son rolu Elçin Mehrəliyevin «Yurd yeri» film-tamaşasında Mahal kişi oldu. Aktyor ev-eşiyindən, doğma yurd yerindən didərgin düşmüş milyonların ümumiləşdirilmiş obrazı Mahal kişi ilə o dərdin nə olduğunu anlamayanlara da anlatdı. Bu o dövr idi ki, teatr tənəzzülə doğru surətlə gedirdi. Ömür boyu şöhrətin yox, sənətinin əsiri olan aktyor bu vəziyyətlə barışa bilmirdi. Oğlu Hüseyn Xudaverdiyev: “Atam sənəti çox yüksək tuturdu. Çox da şəxsiyyətli insan idi, çətinliklərlə yaşamışıq, amma heç vaxt heç kimdən özü, ailəsi üçün nə isə xahiş etməyib. Yalnız teatrın düşdüyü vəziyyət onu çox incidirdi. Təsəvvür edin ki, Moskvada xəstəxanada yatanda teatr üçün çox darıxırdı. Əməliyyat olunacağını biləndə isə həkimə sualı bir bu oldu ki, mən səhnəyə çıxa biləcəm? Həkim söylədi hə, dedi, onda nə edirsiz edin. Əməliyyatdan sonra səsini itirdi. Dedi ki, görürsən həkim məni aldatdı. Ağ ciyərində olan problemə görə ciyərin bir hissəsini kəsib götürdülər. Ondan əvvəl isə ürək fəaliyyətini artırmaq üçün ürəyini əməliyyat etmişdilər. Xəstəxanada diaqnozunu özü bildi, amma qətiyyən sınmadı. Onu sarsıdan yalnız teatra gedə bilməməsi idi. Sonra bir az düzələndə gedirdi. Altı ay sonra müayinə olundu. Bu müayinədə ciyərində yenidən yaranan işartıları həkimlər tikiş yerləri kimi qəbul ediblər. Sonra da Moskva həkimi “artıq gecdir” dedi. Dəfn günü ömür boyu onu izləyən ədalətsizliyi bir daha hiss etdim. Ailə onun üçün sənətdən sonra idi. Demirəm bizi sevmirdi, amma ailəni də gec qurmuşdu ki, sənətdə özünü təsdiq etsin sonra. Anamı sevmişdi, ona görə evlənmişdi. Xalamın əri atamın dostu olub. Onların toyunda atam anamı görüb, tez bir zamanda da evləniblər. Atamın 37 yaşı varmış. 25 ildən artıq mənzil növbəsində olub. Bir-iki dəfə öz növbəsinin tamam evsiz olan aktyorlara güzəştə getmişdi. Evi ona xəstələnəndən sonra verdilər. Ədalətsizlikdən narazı idi, teatrın vəziyyətindən nigaran getdi. Ona təqaüd kəsilmişdi, ev də verdilər, diqqətdən kənarda qalmadı. Teatrın düşdüyü ümumi durum onu incidirdi”. Xalq artisti 70 yaşının tamam olmasına 10 gün qalmış 2008-ci 23 apreldə dünyasını dəyişdi. Adi məzarlıqda dəfn olundu. Bu gün ondan qalan iki oğul övladı, özünün hələ sağlığında adını verdiyi nəvəsi Kamal Xudaverdiyev, bir də şəxsiyyətinə hədsiz sevgidir. Beləcə xarakteri taleyini müəyyən etdi. O tale ki, bu gün də onun ruhunu, xatirəsini izləyir. “Ədəbiyyat və incəsənət”
(04.05.2023)
“Məm öləndə ağlama” - Poetik qiraətdə Elxan Yurdoğludur
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.
MƏN ÖLƏNDƏ AĞLAMA
Sən bir dəfə ağlamısan mənimçün,
Ona görə mən öləndə ağlama.
Yaşayanda yanıma çox gəlmisən,
Qəbrim üstə, bax, gələndə ağlama.
Mən bilirəm, sən ağlaya bilmirsən,
Ona görə mən öləndə ağlama.
Bəlkə, uzaq bir yerlərdə olassan,
Tez biləndə, gec biləndə ağlama.
Ağlayarsan deyə, ölə bilmirəm,
Ona görə mən öləndə ağlama.
Yoxluğuma sevinən də olacaq,
Sevinənlər hər güləndə ağlama.
Şeirlərim məni qoymaz ölməyə,
Ona görə mən öləndə ağlama.
Ağlasan da, “dost” çağırıb ağı de,
“Canım” deyib yar dilində ağlama.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)