Super User

Super User

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Həyatımızın müəyyən zamanları var ki, bizə çox uzun və yorucu görünə bilir. Mən bu zamanlarda ən çox özümə ehtiyac duyuram. Özümlə tək başına sosiallıqdan uzaq bir gündə ətrafı müşahidə etməyi və məni yoran hər nədirsə bunun haqqında düşünüb, arxa plana atdığım təhlilləri edib ruhumu dinləməyi çox sevirəm. 

 

Elə bir neçə gün öncə yenə özümə belə bir zaman ayırmağı planlayıb universtitetə getmək üçün səhər tezdən evdən çıxdım, Sumqayıt-Bakı elektrik qatarına mindim. Mən Gənclik korpusunda oxuduğum üçün bir stansiya olsa belə qatardan düşüb metroya minməyə məcbur olduğumdan, yenə 28 May metrosuna beynimdə milyon fikirlə giriş etmişdim ki, məndən birazca qabağda gedən yaşlı kişi, şux sarı rəngli köynək və tünd yaşıl rəngli şalvar geyinmiş, qışa çox uyğun olmasa da, başında  panama papağı və əlində bir səbət dolusu rəngarəng çiçəklərlə keçidə doğru yaxınlaşdı. Üzünü görə bilməsəm də, qocanın siması və rəngli çiçəkləri məndə olduqca maraq doğurduğundan üzünü görməyə can atarmışcasına özümü ona yetirdim. Bəxtimdən elə onunla yanaşı keçid edəcəkdik ki, kartında balansının olmadığının fərqinə varıb, geri dönüb kartına gediş haqqı yükləmək istəyən zaman mən öz kartımla qocanı da keçirib eskakatora  doğru gedəcəkdim. Elə onu keçirən zaman üzünü mənə tutub illərdi görmədiyim, ancaq görmək üçün çox darıxdığım babama bənzəyən nurani siması ilə təşəkkür etdi,  cibindəki qəpikləri gediş haqqının əvəzi olaraq mənə uzatdı. Mən isə buna gərək olmadığını bildirib aşağı - eskalatora doğru getdim. Elə bu vaxtı da, yollarımızın kəsişməsindən dolayı mənə doğma gələn yaşlı kişi əlindəki rəngarəng səbəti ilə məndən iki pilləkən arxada dayanmışdı. Və anidən məndən evli olub-olmadığımı soruşdu. Subay olduğumu və təhsilimi davam etdirdiyimi deyəndə əlindəki gülləri mənə göstərib iri qəhvəyi gözləri ilə gülümsəyərək gülləri həyat yoldaşına aldığını bildirdi.

-Bilirsən, bu gün bizim 35-ci evlilik ildönümümüzdür və mən səhər oyanıb onun ən sevdiyi güllərdən ibarət bir səbət çiçəklə onu sevindirməyə gedirəm. Yəqin ki, məni görəndə öncə sevinəcək, sonra isə yenə çox incə olduğumu deyib gözləri dolacaq. Ailə gözəldir, qızım.

Qocanın bu cür saf sevgisi, həyat yoldaşına bağlılığı mənim sevgiyə olan inamımı biraz da gücləndirmişdi ki, o sözlərinə davam etdi.

-Bizim iki övaldımız var. Düşünürəm ki, onlar bu dünyaya gəlməyi seçə bilmədikləri halda biz onlara həyat vermişiksə, onlara örnək olub əsl insani duyğuları, sevgini və saflığı, düzgün əxlaqı aşılamaq bizim borcumuzdur. Hər halda bütün insanlar uşaq olanda valideynləri onlar üçün bir qəhrəman olur, o qəhrəman obrazını yaşatmaq isə bizlərin borcudur. Allah sənə gözəl təhsilli və tərbiyyəli bir həyat yoldaşı qismət etsin. Maşallah çox gözəl qızsan. O qədər seviləsən ki, mənim kimi, səni sevən insanın həyatında varlığı üçün tanrıya hər gün təşəkkür edəsən.

Nə deyəcəyimi, necə təşəkkür edəcəyimi bilmirdim. Aramızda keçən 5-cə dəqiqəlik dialoq mənim üçün çox dəyərli idi. Qarşımda bütün uşaqlıq xatirələrimi gözəlləşdirən babama bənzəyən bir adamın simasında gələcəkdə birgə qocalmaq istəyəcəyim insanın xəyallarımdakı yaşlılıq halını əks etdirən bir baba var idi. Onun düşüncəsi, incə və həssas qəlbə sahib olması məni çox təsirləndirmiş, dediyi hər söz yaddaşıma dərindən həkk olunmuşdu.

Qocaya xoş sözləri və gözəl düşüncələri üçün təşəkkür edib, uzun və xoşbəxt ömür dilədikdən sonra yoluma davam etdim. Ancaq o gün mənim bütün fikrim yaşlı kişidə, sözlərində, onun gözəl çiçəklərində, xanımının xoşbəxt olma ehtimalı üçün çalışmasında qalmışdı.

Bu sətirləri yaza-yaza sevginin gözəlləşdirdiyinə bir daha əmin oldum. Sevgi sağaldır, sevgi böyüdür, inandırır, gözəlləşdirir. Sevgi yaralara məlhəm olur, gülüşümüzü gözlərimizdən bəlli edir. Əgər hələ də, bu dünyada solan çiçəklərin ardından yeni rəngarəng çəmənliklər yaranırsa, o yerlərdə çiçəkləri sevən qadınların torpağı münbitləşdirib, yeni çiçək əkməyi, onları qoruyub, qədərində su verməyi bacaran həyat yoldaşları var deməkdir. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

 

Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə açılış nitqində mədəniyyətə   dövlət qayğısından danışan nazir bildirib ki, ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərinin kompleks inkişafına xidmət edən ardıcıl addımlar atılır. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması diqqətdə saxlanılır. Ölkə başçısının sərəncamları ilə mədəniyyət və incəsənət sahələrinin inkişafına töhfə verən insanlar müxtəlif dövlət təltiflərinə, təqaüd və fəxri adlara layiq görülürlər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyətin inkişafı, təbliği, xüsusilə də mədəniyyət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir.
Bununla belə, müasir dövrün çağırışlarına uyğun olaraq, mədəniyyət sahəsinə yeni yanaşmalar tətbiq edilməlidir. Teatr-tamaşa və konsert müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə, yüksək bədii və estetik dəyərə malik tamaşaların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.  
Müşavirədə müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi riayət olunması, tamaşaçıların və işçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlərin görülməsi, teatr-tamaşa və konsert müəssisələrinin, habelə Bakı Dövlət Sirkinin fəaliyyəti ilə bağlı vətəndaşlara xidmət göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılmalı və konkret tədbirlər görülməlidir. Bədii şuraların fəaliyyətinin canlandırılması, kollektivlərə yeni kadrların cəlb olunması, peşəkarlığın artırılması və bütün sahələrdə şəffaflığın təmin edilməsinin zəruriliyi də vurğulanıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva müvafiq sahələr üzrə təkliflərini səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Çərşənbə axşamı, 23 Yanvar 2024 14:30

Tramvayda prezident

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Şimal qonşumuz Rusiyanın ən gülməli qanunu bilirsiniz hansıdır?

Ölkə prezidenti, nazirlər və deputatlar ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququna malikdirlər. 

 

2.

Turist Baləmidən soruşur:

-Sizdə gecə saat 12-dən sonra barı açıq bir yer qalırmı?

Baləmi deyir:

-Əlbəttə. Otdeleniya. 

 

3.

-Sən dünya çempionatında hansı yığmaya azarkeşlik edirsən? 

-Afrikaya.

-Qardaş, Tunis, Əlcəzair, Seneqal, Nigeriya - hamısı çıxdı axı.

-Fransa ki qallb?

 

4.

Ayfon alandan sonra əmin olmuşam ki, mənim əllərim çirkli, qulaqlarım da yağlıdır. 

 

5.

Qadın sevmək üçündür, anlamaq üçün deyil. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Çərşənbə axşamı, 23 Yanvar 2024 13:30

Günün fotosu: Bakının qış mənzərəsi

Günün fotosu: Bakının qış mənzərəsi

 

Bakı bulvarından bu gözəl mənzərə Elnur Niftəliyevin fotokamerasına tuş gəlib. 

Elnur Niftəliyev - tanınmış jurnalist, “ASAN xidmət”in mətbuat katibi - biz onu bu cür tanıyırıq. Amma o, həm də istedadlı foto ustasıdır. 

Elə bu təqdim edilən mənzərə bizim dediyimizə sübut deyilmi?

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Müasir Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Madriddə işıq üzü görmüş “Görkəmli şəxsiyyətlərin həyatı — Heydər Əliyev” kitabının elektron versiyası İspaniya Milli Kitabxanasının rəsmi portalına yerləşdirilib.

 

AzərTAC xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında işıq üzü görmüş kitabın ispan dilinə tərcümə müəllifləri tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.

 

Qeyd edək ki, kitab İspaniyanın Milli Kitabxanası ilə yanaşı, ölkənin 24 mərkəzi kitabxanasına yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Ankaranın milli kitabxanasında Azərbaycanın Xalq artisti, kinorejissor Rasim Ocaqovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY tərəfindən keçirilən tədbirdə kinorejissorun həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

 

Tədbirdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşrlər şöbəsinin müdiri Taner Beyoğlu kinorejissorun professional fəaliyyətinin müxtəlifliyi və zənginliyi haqqında danışıb, Rasim Ocaqovla şəxsi tanışlığından şərəf duyduğunu deyib.

 

Digər çıxışçılar Rasim Ocaqovun filmlərinin keçmiş Sovetlər İttifaqının demək olar, bütün mükafatlarına layiq görüldüyünü, lakin əfsuslar olsun ki, kinorejissorun fəaliyyətinin İttifaq çərçivəsindən kənara çıxmadığını bildiriblər.

 

Sonra Azərbaycanın Xalq artisti haqqında qısametrajlı film nümayiş etdirilib.

 

Kinorejissorun ən çox sevilən ekran əsərlərindən “Təhminə” filminin baş qəhrəmanları Xalq artisti Fəxrəddin Manafov və türkiyəli aktrisa Meral Konrat da böyük sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

 

Tədbirdən sonra “Təhminə” filmi nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Tanınmış yazıçı, “Bu şəhərdə kimsə yoxdur” romanı ilə minlərlə oxucunun ürəyinə yol tapmış Rövşən Abdullaoğlu teleserial məkanımıza yeni nəfəs gətirir. Kriminal, adam oğurluğu, əxlaqsızlıq, narkomaniya - artıq hamını bezdirən bu telesürial mövzuları arxa plana keçir, yerinə milli-mənəvi dəyərlərin təbliği gəlir. 

 

Rövşən Abdullaoğlunin ssenarisi əsasında “Bu şəhərdə kimsə yoxdur” serialının çəkilişlərinə başlanılıb. Yazara məxsus “Qədim qala” nəşriyyatının layihəsi artıq fevral ayından izləyicilərə təqdim olunmağa başlanacaq.

“Qədim qala”nin həmtəsisçisi Şöhlət İxtiyaroğlunun dediyinə görə, psixoloji dram və triller janrlarında olacaq filmin ssenarisi əsasən oxuculara artıq yaxşı tanış olan "Bu şəhərdə kimsə yoxdur" romanının və hələ çap olunmamış yeni bir romanın motivləri əsasında yazılıb. Romandan fərqli olaraq serialda cərəyan edən hadisələr Azərbaycan reallığına uyğunlaşdırılıb.

Filmin yaradıcıları deyir ki, onlar Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə əməl edib və “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik” sözlərindən ruhlanıblar. Belə ki, serialın çəkilməsində də əsas məqsəd Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliği və gənc nəslin bu ruhda tərbiyə edilməsidir. Filmin ilkin mərhələdə 40 seriyada olması planlaşdırılır.

“Xəzər” TV-də yayımlanacaq ekran işinin baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazovdur. Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev və Rasim Cəfər, aktyorlar İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə, Ləman Mərrih və digərləri canlandıracaqlar.

Təbii ki, roman kimi teleserialın da seviləcəyi şübhə doğurmur.

Qapaq şəklində serialdan kadr, iç şəkildə isə çəkiliş meydançasından kadr görürsünüz.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Yeralması məzəsinin hazırlanma qaydası təqdim ediləcək. 

 

Yeralması məzəsi

 

LAZIM OLAN ƏRZAQ:

Yeralması – 100 qr

Kök – 15 qr

Alma – 15 qr

Quşəppəyi – 10 qr

Limon – 15 qr

Zeytun yağı – 8 qr

Giləmeyvə – 15 qr

Qoz – 10 qr

Duz – 4 qr

İstiot – 0,05 qr

 

 HAZIRLANMASI:

Yeralması yuyulur, təmizlənir, qabığı soyulur. Kök soyulur, təmiz- lənir, yuyulur. Almanın içi, özəyi tə- mizlənir (ortası çıxarılır). Bunlar sa- manvarı formada doğranır, bir qabda qarışdırılır. Göyərti, limon suyu, zey- tun yağı, duz, giləmeyvə, qoz əlavə olunur. Səliqə ilə qarışdırılır. Ya pay şəklində, ya da bütöv halda boşqaba, məzə qabına, buluda qoyulur. Üzə- ri limon və giləmeyvələrlə bəzənir, süfrəyə verilir

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 


Çiçəyə məktub...


... arabir özümə gəlir heyifim,               

ömür keçib-gedir sərgərdan, səfil,

düzünü axtarsan, çiçəyim, kefim

pis deyil, sən deyən yaxşı da deyil.

 

Töyşüyə-töyşüyə çəkib yükümü

özüm öz içimdə qurtdalanıram,

dostluğa inanan çobanlar kimi

quzunun xəbərin qurddan alıram.

 

Əslində indi də arzularım var;

amma keçmişlərin odunu vermir,

təqaüd, yardımlar, xırda-xuruşlar

gözəl qonorarın dadını vermir.

 

Əslində indi də yazıram hərdən,

misra var – sabaha biletim olur,

nədən söz açsam da, məhəbbətimnən

yazılan çox zaman “şah beytim” olur.

 

Get-gedə daralır kitabın yeri,

səsini çıxardan dərsdən qovulur,

Füzuli demişkən, haqqın şairi

sevib-aldananda “yalançı olur”.

 

Kimimiz narazı, kimimiz incik,

sevgidə vurulan qalxıb-dikəlmir,

mən bilən burdakı ayrıseçkilik

daha Göydəkinin xoşuna gəlmir.

 

Özüm öz içimdə qurtdalanıram,

çalışıb-vuruşur qəhrəman qələm,

çomağı əlimdən yerə qoymuram;

baxma, o qədər də əfəl deyiləm... 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Çərşənbə axşamı, 23 Yanvar 2024 16:00

Azərbaycanın qadın hərbi jurnalisti - Əntiqə Qonaq

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “Bir var alın yazısı, bir də var özün yazdıqların. Yəni, iradənlə, qətiyyətinlə, əzminlə, istəyinlə əldə etdiklərin, qazandıqların. Və bunlar səni taleyini yenidən yazmağa, dəyişməyə, başqa səmtə yönləndirməyə, səni özün kimi var olmağa kömək edir.”

 

Qarabağda döyüşlər başlayan gündən dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olub və torpaqlarımızı qoruyan könüllülərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışıb. 1988-1994-cü illərdə Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan, Şuşa, Cəbrayıl, Xocalı, Ağdərə, Kəlbəcər, Qazax, Tovuz və Gədəbəyə dəfələrlə səfər edib. Şahidi olduğu hadisələr, döyüşçülərin vəziyyəti, problemləri ilə bağlı yazılarını, canlı döyüş hekayətlərini çoxsaylı mətbu orqanlarda dərc etdirib. Hospitallarda müalicə olunan yaralı əsgər və zabitlərimizə, şəhid ailələrinə baş çəkib, qayğılarını bölüşüb...

 

Əməkdar jurnalist, yazıçı Zemfira Məhərrəmli yazır: “Onun imzasını və səsini ilk dəfə radio dalğalarından dinlədim. Çox maraqlı və rəngarəng müəllif verilişləri vardı. Tanışlığımız isə Respublika Qadınlar Cəmiyyətində oldu. Hər ikimiz ölkənin ictimai həyatında iştirak edir, bu qurumun mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərirdik. Fəal qadınlarla bərabər dəfələrlə ön cəbhədə döyüşən hərbçilərimizə sovqat - ərzaq, geyim əşyaları, müxtəlif gündəlik tələbat malları aparırdıq. Onlarca şəhid ailəsini himayəyə götürərək onların problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırır və həllinə nail olurduq. Müharibənin ağrı-acısını bu günə qədər qəlbində daşıyan yüzlərlə insanla, ailələrlə dostluq əlaqələrini davam etdirir, nisgilli insanların xeyir-şərində yanlarında olmağa çalışırıq. Qocalar və uşaq evlərinə, internatlara, əqli zəif uşaqlara baş çəkərək, onlara maddi və mənəvi dəstək olurduq. Bu, bizim birgə fəaliyyətimizdən kiçik bir ştrixdir.”

 

Bəli, bugünki söhbətimin qəhrəmanı Əməkdar jurnalist Əntiqə xanım Qonaqdır. O, 1959-cu il yanvarın 21-də Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini, 2010-cu ildə isə Hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən başlayaraq Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin “Gənclik verilişləri baş redaksiyası”nda müəllif proqramları ilə dinləyicilərin və tamaşaçıların qarşısına çıxıb. "Magistral" qəzetində korrektor, müxbir, "Həyat" qəzetində baş müxbir, "Biznes" qəzetində şöbə müdiri, "Azərbaycan" qəzetində müxbir işləyib, "Ana" müstəqil qadın qəzetinin təsisçisi və baş redaktoru olub. 2001-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində çalışıb...

 

Təbiətcə çox məsuliyyətli adamdır. Maraqlandığı mövzunu diqqətlə araşdırmasa sakitləşmir. Emosional və çılğındır. Azadlığına məhdudiyyət qoyulmasını xoşlamır. Xüsusi xarakterə malik insandır. Olduqca qərarlıdır və əldə etmək istədiklərinə mütləq sahib olur. Bu xüsusiyyətlərini uzun müddət onu tanıyan dostları yaxşı bilirlər. Hər kəslə yaxşı yola getməyi bacarır. Mehriban və dostcanlıdır. Elə bu səbəbdən də yaxınları, tanışları tərəfindən çox sevilir...

 

Zemfira xanım Məhərrəmli onun haqqında daha sonra deyir: “Gözəl dostdu, sadiq yoldaşdı, dərddaşdı, xeyirxah insandı Əntiqə Qonaq. Həmişə qarşısındakını özündən öndə bilib, onun problemini, dərdini özününküləşdirib. Buna görə də çox vaxt öz çətinliklərini belə unudub. Köməyə ehtiyacı olan insanların vaxtında yanında olmaq, onlara bacardığı kimi yardım etmək, qəlbindən keçən ən ülvi arzuları bildirmək. Nə gözəlmiş, elə deyilmi? Əntiqə deyir ki, bir qadın kimi, ailə qurmaq, təmənnasız sevgiylə övladlarına bağlı ana olmaq bir borcdur. Bunlarla yanaşı, həm    də əsas olan cəmiyyətdə tutduğun mövqe və sağlam düşüncənlə dövlətinə və xalqına verdiyin xeyirdir.”

 

Cəmiyyətdə məntiqi davranışı ilə tanınır. Heç kimin işinə, şəxsi həyatına qarışmağı sevmir. Təbiiliyi sevir və bununla ətrafdakıları özünə heyran etməyi bacarır. Çox səxavətlidir, necə deyərlər, bəzən bədxərclik də edir. Daxilində liderlik ruhu yaşadır. Bu ruhun sayəsində bir çox işlərdə uğur qazanır. İş həyatına gəldikdə isə yeniliklərə açıqdır. Ümumi işlərdə bacarıqlı, nizamlı və intizamlıdır. Xoşu gəlmədiyi insanlarla ünsiyyətdə olmağı xoşlamır...

 

"Müharibələr həmişə dəhşətləriylə, faciələriylə, səfalət və xarabalıqlarıyla, ölüm və itkiləriylə, ağrı-acılarıyla, viranəlikləriylə, ürəklərdə açdığı əbədi yaraları ilə müşaiyət olunub. Müharibənin canlı şahidi olmaq normal yaşam alışqanlıqlarını bircə anda unutnaq deməkdi. İllər boyu özün üçün, doğmaların üçün yaratdığın düzənin bircə anda pozulması deməkdi. Canının bir parçası olan əzizlərinin bircə anda, gözünün qarşısında məhv olması deməkdi. Keçmişinin, bu gününün, gələcəyinin bircə anda yox olması deməkdi. Arzularının, xəyallarının alt-üst olması deməkdi. Havasızlıq deməkdi, boğulma deməkdi, yaşaya-yaşaya ölmək deməkdi, həm də ölmək istədiyində ölə bilməməkdi, çarəsizlik, ümidsizlik… deməkdi."- söyləyir.

 

Bu il onun üçün yubiley ilidir. Yanvarın 21-də Əntiqə xanımın 65 yaşı tamam olub. Gec olmaz yəqin, onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.