
Super User
Küveytlə Azərbaycan arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub
Küveytlə Azərbaycan arasında turizm münasibətlərinin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Məhəmməd Abdullah Almauid arasında fevralın 2-də keçirilən görüşdə müzakirə olunub.
DTA-dan bildirilib ki, görüşdə Fuad Nağıyev Azərbaycanla Küveyt arasında turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, 2022-ci il ərzində Küveyt Dövlətindən ölkəmizə səfər edən vətəndaşların sayının 22 min nəfərdən çox təşkil etdiyini və bu rəqəmin bu il daha da artmasına ümid etdiyini bildirib.
Fuad Nağıyev bildirib ki, 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsindəki qalibiyyətindən sonra Qarabağın turizm potensialının qiymətləndirilməsi və yeni turizm destinasiyası kimi inkişaf etdirilməsi Dövlət Turizm Agentliyi qarşısında qoyulan əsas vəzifələrdən birdir. O, Qarabağa və ölkənin turizm potensialı yüksək olan digər ərazilərinə investisiya qoyuluşu üçün əlverişli mühitin mövcudluğunu diqqətə çatdırıb.
Səfir Abdullah Məhəmməd Abdullah Almauid siyasi əlaqələrin inkişafının turizm əlaqələrinin də genişləndirilməsinə töhfə verdiyini qeyd edərək, yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunub.
O, iki ölkə arasında ortaq dəyərlərin, ölkəmizdə inkişaf etmiş turizm infrastrukturunun mövcudluğunun, həmçinin Azərbaycanın təhlükəsiz və ailəvi turizm destinasiyası kimi üstünlüklərə malik olmasının ölkəyə səfər edən Küveyt vətəndaşlarının sayının artmasına təsir etdiyini bildirib.
Görüşdə Azərbaycana səyahəti asanlaşdıracaq prosedurlar, hazırda həyata keçirilən birbaşa uçuşların sayının artırılması, çarter reyslərinin təşkil edilməsi kimi mövzular barəsində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Bakıdan Küveytin Əl-Küveyt şəhərinə “Kuwait Airways” və “Jazeera Airways” hava yolları vasitəsilə həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir. Küveyt vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
Sabah “Kung-Fu Panda” adlı müzikl-tamaşa nümayiş olunacaq
Fevralın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Kung-Fu Panda” adlı müzikl-tamaşa nümayiş olunacaq.
Rus dilində hazırlanan müzikl-tamaşada Kung-Fu Panda və digər personajlar şən və musiqili səhnə oyunu ilə balaca tamaşaçıları əyləndirəcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
Əziz uşaqlar, sabah Ələddin sehirli çırağıyla gələcək
Sabah Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində uşaqlar üçün “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.
Tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.
Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova və musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
Laura Loxman: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman ilə görüşüb.
Nazirliyin yaydığı məlumata görə, Pərviz Şahbazov Məşvərət Şurasının toplantısında iştiraka görə təşəkkür edib və Məşvərət Şurasının Cənub Qaz Dəhlizi üzrə uğurlu təcrübəsinin bu ildən yaşıl enerji sahəsində də tətbiqindən bəhs edib. Energetika naziri hazırda Cənub Qaz Dəhlizi vasitəsilə tədarükün artırılması ilə yanaşı, yaşıl enerjinin Azərbaycandan Avropaya təchizatı ilə bağlı proseslərin gedişatı barədə məlumat verib. Dəhlizin 2027-ci ilə qədər genişləndirilməsi üçün zəruri proseslərin sürətləndirilməsinin və birgə əməkdaşlığın vacibliyi qeyd olunub. Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq edildiyi, Xəzərin bərpaolunan enerji resurslarının elektrik enerjisi və yaşıl hidrogen şəklində Avropaya nəqlinin nəzərdən keçirildiyi bildirilib.
Laura Loxman isə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olduğunu və yaşıl enerji ilə bu töhfələrin davam etdirilməsini yüksək qiymətləndirib.
Söhbət zamanı ABŞ-la Azərbaycan arasında enerji sahəsində ikitərəfli əməkdaşlığa və qlobal enerji gündəliyində olan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
Ölkədə dekabr ayında qeyri-neft ixracı 303,5 milyon dollar olub
Azərbaycanda 2022-ci ilin dekabr ayında qeyri-neft ixracı 303,5 milyon ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayında bildirilir ki, ötən ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 197,9 milyon ABŞ dollarına bərabər olub.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
“Azərxalça” Gənclər Günündə tələbələr üçün “Xalça istehsalında bir gün” adlı tədbir təşkil edib
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. İşıqlı, parlaq və gözəl gələcəyimizin qarantı olan gənclərin bu vacib gününü, 2 Fevral - Azərbaycan Gəncləri Gününü “Azərxalça” ASC yaradıcı qrupu məhz gənclərlə birlikdə qeyd edib.
Fevralın 2-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA), Elm və Təhsil Nazirliyi, "bədii xalça" ixtisasında təhsil alan SABAH qrupları tələbələri, onların diplom rəhbərləri və digər müəllim heyəti “Azərxalça”nın Qobuda yerləşən xalça emalatxanasında "Xalça istehsalında bir gün" adlı tədbir təşkil edib.
“Azərxalça” ASC-dən AzərTAC-a bildirilib ki, tədbir zamanı xalçaçılıq ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri buraxılış işlərinin layihələrini və çeşnilərini təqdim ediblər.
ADRA müəllim heyəti və “Azərxalça” yaradıcı qrupunun nümayəndələri buraxılış işlərini müzakirə edərək, onlara öz fikir və təkliflərini bildiriblər.
Daha sonra gələcəyin xalçaçıları “Azərxalça”nın istehsalat üzrə mütəxəssislərinin rəhbərliyi ilə bu xalçaların istehsalının bədii-texniki xüsusiyyətlərini müzakirə edib, həmçinin istehsal prosesi ilə birbaşa tanış olublar. Tələbələr, həmçinin “Azərxalça”nın ən yaxşı toxucularından ustad dərsi alaraq, özlərini xalça toxuma prosesində də sınayıblar.
“Azərxaça” ASC ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında əməkdaşlığın davamı olaraq tələbələrin xalçalarının eskizləri əsasında 6 xalça “Azərxalça” emalatxanalarında toxunaraq tədris ilinin sonunda diplom işi kimi təqdim olunacaq. Adi çəkilən layihənin ideya müəllifi ADRA–nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovdur.
Yaradıcı gənclərə dəstək və təhsil müəssisələri ilə fəal əməkdaşlıq “Azərxalça”nın qarşısında duran əsas vəzifələrdən biridir. Belə tədbirlər istehsalla təhsil arasında daha geniş qarşılıqlı əlaqəyə təkan verərək gənclərin milli mənəvi sərvətimizə marağını daha da artıracaq.
Məlumat üçün bildirək ki, 1997-ci ildən hər il fevral ayının 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü kimi elan edilmişdir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunub.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyi ərəfəsində onun əziz xatirəsini anan gənclər çıxış edərək, Azərbaycan gəncliyinin vətənə məhəbbət, elmli, hərtərəfli savadlı və sağlam inkişafı üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildirdilər.
“Azərxalça” ASC hər zaman gənclərlə çalışmağa, onlar üçün öz istedadlarını ortaya çıxarmağa imkan yaratmağa hazırdır!
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
5 şanslıdan biri daha şanslı olacaq
“Avroviziya 2023” müsabiqəsinin Azərbaycan üzrə seçimi gərginliklərlə yadda qalır və seçim tutunu adlaya bilməyənlərin sosial mediada təşkilatçıları qeyri-obyektivlikdə qınamaları davam edir. Təşkilatçıların rəsmi cavabını da Azərbaycanın “Avroviziya”da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşovanın timsalında ötən gün dərc etmişdik.
Nümayəndə heyətimiz növbəti açıqlama yayıb, qeyd edib ki, builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 ifaçı və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, “Mamagama” qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur.
“Mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib. Səsyazmadan sonra canlı ifalarının videoçəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”,-deyə İ.Dadaşova bildirib.
Şəkildə: Əsas iddiaçılardan hesab edilən Humay Aslanova və Əmrah Musayev dueti
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
Bakıdakı Rus evində Qara Qarayevin yubileyi qeyd olunub
Görkəmli Azərbaycan bəstəkarı, alim, pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin 105 illiyi ilə əlaqədar Bakıdakı Rus evində Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin konserti olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AzərTAC-a bildiriblər ki, tədbir Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin pianoçusu, Əməkdar artist Nərgiz Əliyeva tərəfindən təşkil olunub.
Bəstəkarın yaradıcılığını dəyərləndirənlərə onun dünya miqyasında tanınan sənətinin inciləri təqdim edilib.
Tədbirdə diplomatik korpusun, yaradıcı ziyalıların, biznes-strukturların təmsilçiləri, eləcə də Rusiyadan olan qonaqlar iştirak edib.
Görkəmli bəstəkar, müasir musiqi mədəniyyəti xəzinəsinə böyük töhfə verən Qara Qarayev müxtəlif janrlarda musiqilər - musiqi teatrı üçün əsərlər, simfonik və kamera-instrumental əsərləri, romanslar, kantatalar, uşaq pyesləri, xor, fortepiano, skripka üçün əsərlər yazıb.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
Mədəniyyət Nazirliyinin “Gəncliyin səsi” festivalının ilk konserti təqdim olunub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX “Gəncliyin səsi” festivalının ilk konserti Beynəlxalq Muğam Mərkəzində təşkil olunub.
VIII “Muğam” Televiziya Müsabiqəsi qaliblərinin iştirakı ilə baş tutan konsert gəncliyin ruhuna uyğun rəngarəng proqramla tərtib edilib.
Konsert proqramından əvvəl ölkəmizdə Gənclər Gününün təsis edilməsi və “Gəncliyin səsi” festivalı haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla təsis olunan Gəncləri Günü Azərbaycan gəncliyinə, gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Artıq ənənəyə çevrilən “Gəncliyin səsi” festivalı isə yaradıcı gənclərin istedadının üzrə çıxarılması və tanıdılmasına töhfələrini verməkdədir.
Tədbirdə gənc xanəndələrin ifasında xalq mahnıları, təsniflər, bəstəkar mahnıları dinlənilib. Ənənəvi milli duetlər, vətənpərvərlik ruhlu ifalar festivalın ilk konsertinə xüsusi əhval bəxş edib.
Qeyd edək ki, festival fevralın 8-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Diqqət! “Avroviziya 2023" Azərbaycan nümayəndə heyəti açıqlama yayıb
"Avroviziya 2023" Azərbaycan nümayəndə heyəti seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gün ərzində yaydıqları böhtan xarakterli iddialara münasibət bildirib.
Beləliklə, nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova bununla bağlı açıqlamasında deyib: “Əvvəla qeyd etmək istərdim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb.
Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm”.
"Avroviziya 2023" Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov bildirib ki, builki Avroviziya təmsilçimiz hələlik bəlli deyil. Bu qərar verilməmişdən əvvəl yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq.
Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədov isə deyib ki, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur. “Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Böhtan xarakterli məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib, şöhrət qazanmağı arzu edirəm”, - deyə o vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)