Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir Xalq artisti, aktyor Valeh Kərimovla bağlı iki məlumat var. Onunla görüş keçirilib və ona vəzifə verilib. 

 

Öncə görüşdən başlayaq.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçıvəsində baş tutub aktyorla görüş. Maraqlı və zalı dolduran görüşdə Valeh Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verilib, rol aldığı filmlərdən videoçarxlar təqdim olunub. 

Sənətkar çıxışında həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollardan bəhs edib.

Görüş zamanı Xalq artistləri İlham Namıq Kamal, Əli Nur, Əməkdar artist Azad Şükürov çıxış edərək, aktyorun sənətindən və yaratdığı obrazlardan danışıb, sevilən müğənnilər isə ifaları ilə tədbirə rəng qatıb. 

Sonda Xalq artisti iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

İndi isə vəzifəyə keçək.

İşsizliyi ilə bağlı daim giley-güzar edən, eks mədəniyyət nazirlərini tənqid edən aktyora vəzifə verilib. O, Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışacaq. Artıq ilk tamaşanı hazırlayıb təhvil də verib, premyera da baş tutub.

Xatırladırıq ki, Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obrazlar  yaratsa da, xalqın yadında "Bəxt üzüyü" filmindəki Moşu obrazı ilə daha çox qalıb, daha çox sevilib.

 

Şəkildə: Görüşdən fraqment

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

 

Bu gün martın 31-idir. Bu tarix bizə Mart qırğınlarının ildönümü kimi tanışdır. 1918-ci ilin martında rus-erməni ittifaqı bolşevik-daşnak formasında təzahür edərək Azərbaycanda misli görünməmiş qırğınlar törədib. O günlər nələrin baş verdiyindən uzun illər bizlər bixəbər qalmışıq. Yalnız müstəqillik qazandıqdan sonra tarixin bu ağ ləkələrinə aydınlıq gəlib.

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin Türkiyədə, TADEV yayınlarında nəşr edilən, Təbrizdə hissə-hissə dərc olunan, Azərbaycanda isə bu günlərdə işıq üzü görən “Qızıl cib saatı” romanından bir hissəni sizin ixtiyarınıza verir. Həmin hissədə 1918-ci ilin Bakı qırğını bir erməni mirzənin gündəliyindəki qeydlərinin dərci ilə oxuculara çatdırılır. 

Nəzərinizə çatdıraq ki, roman arxiv sənədləri əsasında qələmə alınıb, bütün faktlar realdır. Ona görə də oxuduqca adam daha çox dəhşətə gəlir. Öz vətənimizdə başımıza gətirilənlər bir ibrət dərsi olmalıdır, bu səhvlərimiz bir daha təkrarlanmamalıdır.

 

 

 

 

  

“İstəyirsiniz, mən göyləri, yerləri şahid çəkim ki, qələm əsla cansız deyil, canlıdır. O, yazdıqlarının mahiyyətinə varır, sevincindən bəhs edəndə özü də sevinir, kədərdən bəhs edəndə isə dərdə, qəmə, batır.

Artıq tam olaraq Bakıda mənim millətimin müsəlmanlara qarşı qətliam həyata keçirdiklərinə əmin olduqdan, “erməniləri müsəlmanlardan qorumaq”, “bolşevizmi qəbul ermək istəməyənlərə bolşevizmi qəbul etdirmək” kimi cəfəngiyyatlardan dolayı yalan pərdəsinin küçələr boyu qalaqlanmış günahsız, dinc müsəlmanların eybəcər hala salınmış meyitləri reallığıyla tam yırtılmasından sonra mən həqiqətən bir utanc hissi keçirirdim. And olsun o müqəddəs Yaradana ki, yer yarılsaydı yerə girərdim.

Martın 25-də - onda ki, martın 24-də 36-cı Türküstan polkunun tələbi, matrosların hədə-qorxusu və Çaparidzenin müdaxiləsindən sonra bizimkilər qətliamı dayandırmışdılar, tərəflər arasında barışıq elan olunmuşdu, gec də olsa Fəhlə, əsgər və matros deputatları Soveti Bakıda asayişi bərpa etməyə başlamışdı, həmin məqamda bir iş də o olmuşdu ki, Sovetin müsəlman üzvü Kazım Axundova şəhərin dağlıq hissəsini – Çəmbərəkəndi mümkün ola biləcək erməni basqınlarından qorumaq üçün 10 silahlı matros verilmişdi. O vədədə tanış olduğum bu fədakar insan öz işini təkcə Çəmbərəkəndi qorumaqla bitmiş hesab etmirdi, küçələrdə qalaqlanmış meyitlərin yığılmasının təşkili ilə də məşğul olurdu.

Haşıyədən kənara çıxıb söyləyim ki, bütün şəhər üzrə həm bolşeviklərin, həm də müsəlman komitələrinin təşkilatçılığı ilə meyitlər yığılırdı, “Vulkan” cəmiyyətinin istifadəsiz qalmış limanına 6748 meyit yığılmışdı, sonra onlar Petrovsk və Jeleznodorojnıy limanlarından barajlarla Bibi Heybətə daşındı. Ən azı altı baraj meyit aparmışdılar, and olsun Yaradana. Meyit yığılması düz 31 marta kimi davam etmişdi. Bunlar hələ meyitlərin hamısı deyildi. Sonradan bəzi meyitlərin Sabunçu, Suraxanı və Binə kəndlərində quyulara basdırılması aşkar ediləcəkdi, Poxlu Dərədə isə elə təkcə bir quyudan qulağı, burnu, cinsiyyəti kəsilmiş, qarnı yırtılmış 57 qadın meyiti aşkarlanacaqdı.

Hə, Axundov Nikolayevsk küçəsindən meyitlər daşınanda gözlərindən bildır-bildır yaş axıdaraq üç və beş yaşlı uşaqların, gimnaziya şagirdlərinin meyitlərini mənə göstərib soruşurdu ki, Allah heç bu zülmü götürərmi.

Mərkəzi Türmənin yanında 400 müsəlman meyiti saydım. Hamısı soyundurulmuşdu, başları Qərb istiqamətində qoyulmuşdu. Niyə? Bilmədim. 

Qeyri-ixtiyari gözlərim meyitlərin arasında üç müsəlman tanışımın meyitini axtarırdı, əzabla öldürülmüş insanların hamısının gözlərinə, burunlarına, ağızlarına dəhşət ifadəsi necə qonmuşdusa, sanki hamısı bir-birinin oxşarı idi, kimin kim olmasını çətin ayırd edərdin.

Mən bu yazımın əvvəlində qələmin canlı olmasından, yazdıqlarının mahiyyətinə varmasından boşuna söz açmadım. Zira, yazdığım qeydlərin həcmcə çox böyüməməsi, belimə şələləyib özümlə eldən-elə gəzdirdiyim rükzakımı tam zəbt etməməsi üçün onsuz da çox mətləbləri qeyd etməkdən vaz keçir, bir növ qənaət rejiminə əməl edirəm. Həmin gün Kazım Axundovun bir insaflı qəzetəçi sayaraq məni və həvəskar fotoqraf olan rus Vladimir Sokolovu Kərpicxana deyilən yaşayış məskəninə dəvət etməsi Sokolovdan tarix üçün üç-dörd foto çəkməsi xahişi səbəbindən doğmuşdu, amma o anlarda bax məhz dediyim qələmlə bağlı hadisə baş verdi. Necə ki, bir vəhşət görəndə insanın damarında qanı donur, bax eləcə də, mənim qələmimin mürəkkəbi dondu, nə illah elədim, qeydlərimi başa çatdıra bilməyib titrək əlimlə birtəhər qələmimi və qeyd dəftərimi rükzakıma dürtüşdürüb gözümlə gördüyüm, insanlıqla bir araya gəlməyəcək səhnəni beynimə yazası oldum.

Bir mənzildə Sokolov ilk fotosunu çəkdi, iki yaşlı körpəni yeddi-səkkiz verşka uzunluqlu kazaçkov mismarı ilə daş divara pərçimləmişdilər. İkinci mənzildə növbəti fotosunu çəkəsi olan Sokolov içini çəkərək “heyvanlar” söylədi, bu sözün, sandım ki, bizlərin hər birinə, o cümlədən mənə də aidiyyatı var, özü də çoxdur.

Yataqda 13-14 yaşlı çılpaq qız uzanıqlı vəziyyətdə əbədi yuxuya dalmışdı, bədəni qançır-qançır idi, ayaqları aralıydı, ayaqlarının arasında qan gölməçəsi yaranmışdı, iki-üç milçək vızıltılyla qan içirdi. Biçarəni onlarca şəxs sıra ilə zorlamışdı, elə bu təcavüzdən də dünyasını dəyişmişdi, olduqca ürəkdağlayan mənzərə idi.

Daha bir neçə mənzili gəzəndən sonra növbəti mənzilə yetişəndə birinci otaqda yerdə 23-24 yaşlı lüt qadının və altı-yeddi yaşlı oğlan uşağının meyitini gördük. İkinci otağa keçəndə isə... Mən bilmirəm, vallah bilmirəm, müqəddəs xaç haqqı bilmirəm, insan hansı anında bütün insanlıq deyilən xüsusiyyətlər cəmini itirib Ali Yaradanın iradəsinin ziddinə olaraq ən yırtıcı, ən vəhşi heyvandan belə yırtıcı və vəhşi xislətə düşə bilər. Yerdə südəmər körpə meyiti vardı, sifətindəki gülümsər ifadə ondan xəbər verirdi ki, kürəyinə süngü soxularkən şipşirin yuxudaymış. Bilmirəm, uşaqlar yuxu görə bilirlərmi, ancaq həmin an onun gözəl yuxu gördüyü şəksiz idi. Bəlkə də yuxusunda o böyümüşdü, xoşbəxtlik, bəxtəvərçilik dənizinə baş vurmaqdaydı... Körpənin əl-ayağını isə içəri soxulmuş kirli-paslı küçə itləri gəmirib didişdirirdi. 

Sokolov necə dəhşətə gəldisə foto çəkməyi dayandırıb hövlnak oradan qaçdı, mənsə Axundovun fasiləsiz yağdırılan “Bunu Allah götürərmi” suallarının şillə kimi üzümə-gözümə çırpılan şiddətindən qurtulmaq üçün mıxlanıb yerdə qalmış zalım ayaqlarımdan tərpənib getməyi acizanə surətdə rica edə-edə qaldım...

Bu hadisə məni necə əzmişdi, qəlbimi necə inlətmişdi, söyləyə bilmirəm. Dəfələrlə o yataqda qan-içində ölüb qalmış kütləvi zorlanmaya məruz qalan qızın yerində bacım Noranı, nişanlım Anuşu təsəvvür edib ürəyimin çırpıntılarından köksümü yarıb çölə çıxacağı və gərilən damarların tab gətirməyərək partlayıb yaşadığım evin ağappaq divarlarını al qırmızı qanla bulaşdıracağı təəssüratı yaşamışdım həmin gecə.

Hələ o körpə!!! Aman Allah!

Çox sarşılmışdım. Nəyin bahasına olursa olsun geriyə qayıtmaq istəyirdim, amma dezertir damğası alacağımdan, valideyinlərimin incildilməsindən hədsiz ehtiyat etməyim yenə də mənim şərin qoynunda duruş gətirib qalmağımı diktə edirdi.

 

***

 

Bakı qətliamı xırda-para epizodları çıxmaq şərti ilə yatırılmışdı, “İrəli” daşnak qəzeti yazırdı ki, bu son xoşagəlməz günlərdə Erməni Milli Şurası müsəlman əhalini bacardıqca müdafiə edir, onları himayəsi altına alırdı. Bu boyda yalanmı olardı?

Müsəlman komitələri isə qırğının, ziyanın miqyasını hesablayırdı. Təkcə elə 19-21 mart tarixlərində - üç gündə Bakıda 11 min müsəlman öldürülmüşdü, əhaliyə 400000000 rubl ziyan dəymişdi. Bakının müsəlmanlar yaşayan Məmmədli, Poxlu Dərə və Kərpicxana adlı hissələri büsbütün dağıdılmış, əhalisi güllələnmiş, süngüdən keçirilmişdi. Şəhərin mərkəzindəki əksər binalar, mehmanxana və mağazalar qarət edilmiş, yandırılmışdı. Bir də təkrarlayım ki, Bakının qürur rəmzi olan, arxitektura şedevri İsmailiyyə binası da həmçinin.

Ara azacıq sakitləşən kimi vahimə və panika içində olan bəzi Bakı sakinləri canlarını qurtarmaq üçün Biləcəri dəmir yolu stansiyasına (Bakı stansiyası quldurların tam nəzarətində idi) gedir, ordan faytonla 50 rubl ödəməklə Sumqayıt stansiyasına yollanır, ordan yük vaqonu ilə Xaçmaza, ordan da atlarla Qubaya pənah aparırdı. Halbuki, mənim əlimdə səhih məlumat var idi ki, müsəlman qırğını tək Bakı ilə məhdudlaşmayacaq, böyük dəmir yolu stansiyalarında – Yevlax, Ucar və Kürdəmirdə, ən əsas coğrafi nöqtələrdə - Quba, Lənkəran və Gəncə quberniyasında, xüsusən Şamaxıda daha azğınlıqla davam etdiriləcək.

Bakı qırğınından keçən növbəti günlərdə mən əzab və səksəkə içində əvvəlki ünvanımda yaşamaqda davam edir, hər günümü bir şüşə vodka ilə bitirməklə növbəti gündə Poqosovdan xidmətimi bitirməyim və geriyə - vətənə qayıtmağım müjdəsini gözləyirdim. Amma bu gözləntim elə gözlənti olaraq da qalır, qurğuşun ağırlığında olan ümidlərim polad ağırlığında olan reallıq yükünün altında çabalayıb inləyirdi.

Otaq yoldaşlarım yaxşı ki, mürəxxəs olub getmişdilər. Yoxsa bu ağır durumda onların mövcudiyyatına sadəcə tab gətirə bilməyəcəkdim. Şəhərə çıxır, Poqosovun, yanına gedib-gəlir, bu şəhərdə yeganə həmdəmim olan Yakov Smirnovu ziyarət edib saatlarca söhbətləşir, Bakının talanmış, xarabalığa çevrilmiş baş küçələri ilə dərdli-dərdli gəzişirdim.

Poqosovun yanına gedib-gələndə də, digər erməni komitələrinə baş vuranda da, küçələri gəzəndə də fikrim-zikrim həm də onda olurdu ki, birdən Hamleti görərəm, ondan bir xəbər bilərəm. Hesabla o da bu vədələr Zaqafqaziyada olmalıydı, tale bizi kaş ki, yenidən görüşdürəydi, keçmiş o xoşbəxt həyatımın yeganə yadigarı ilə bircə an baş-başa qala bilməyim mənə bu iztirablı aylardan, illərdən qat-qat dəyərli olardı. Amma Hamletdən yox, Qriqori Melkumyandan xəbər tutdum – Qriqori əmimdən, atamın dostundan. O şəxsdən ki, 1912-ci ilin günəşli və küləkli bir günündə Üsküdərdəki evimizə qonaq gəlib anamın bişirdiyi yaşıl lobya soyutmasını sarımsaq-qatıqla bəh-bəhlə yediyi zamanda atamın məni işə düzəltmək xahişini məni bax bu bəlaya – bu oküz boyunduruğuna salmaqla həll edərək yaxşılıq etdiyi halda əslində görünməz bir pislik eləmişdi. Sonradan, necə ki mənəvi ölümümə bu cür səbəbkar olmuşdusa, eləcə, Vanda alçaq Mesrop Ülgüc tərəfindən həbs edilərək zülmət zirzəmiyə salındığımda da xilaskarıma çevrilmişdi, xəbərimi eşidib dərhal Vana gəlmiş, əlaqələrinin köməyi ilə məni fiziki ölümün pəncəsindən qoparmışdı. Parapet yanındakı Erməni kilsəsindən əzizlərimçün dua etmək ritualını bitirib çıxanda Konstantinopolda atamla Qriqori əminin müştərək dostları olan Vartaz əmini gördüm. Tanrım, özgə vaxtı heç salam vermədiyim, çox da xoşlamadığım bu adamı burada görcək necə sevindim, ona sarmaşıb necə ağladım?! Vartazdan  Konstantinopolun, hətta atamın belə qoxusunu da aldım həmin anda. Bax onda hal-əhval tutmağımızın sonunda Qriqori əmimin edam edilməsi xəbərini eşitcək sarsıldım. Deməzsənmiş, Qriqori Melkumyan 1915-ci ilin 17-18 iyulunda Diyarbakırın Ziyer kəndində 500 qiyamçının, 29 iyulda Maraşda 400 qiyamçının, 2-3 avqustda Sivasda da yenə də 400 qiyamçının üsyanlarının təşkilatçılarından biri kimi Dendil yaxınlığında həbs olunaraq edam edilibmiş.

Onunla Muşda olanda – 1915-ci ilin yanvarında son dəfə telefon əlaqəmizi xatırladım. Göz yaşı içində tam yorulduğumu, usandığımı, hətta intihar edəcəyimi söyləmişdim. O da demişdi, “Ağlını başına yığ, uzağı apreldə müharibə bitəcək. Bəxtin gətirsə müstəqil Ermənistanın fədaisi kimi, gətirməsə isə zəngin təcrübəyə malik bir qəzetəçi kimi Konstantinopola dönəcəksən, atan da səni evləndirəcək. Toyunda da Qriqori əmin musiqiçiləri özü dəvət edəcək, aşıq Şeram və aşıq Avasını çağıracağam, bir erməni “Tərəkəmə”si də oynayacağam”.

Sona qədər millətçi, sona qədər qərəzli oldu. Hətta son sözlərində də türkün “Tərəkmə”sinə erməni “Tərəkmə”si dedi. Eh. Həyat. Sənin dolanbac yollarında azmamaq bəlkə də mümkünsüzdür.

 

  ***

 

Bir də bilirsiniz, 1918-ci ilin martında Bakı küçələrində nəyi müşahidə etmək acınacaqlıydı? Sadəlövh müsəlmanlar onlara dəyən ziyana görə Şaumyanın, onun əlaltılarının qəbuluna düşmək üçün uzun-uzadı növbələr yaratmışdılar, xırda qaniçənlərin vurduqları ziyana görə böyük qaniçənlərdən pənah umurdular. Belə bir hadisənin də şahidi olmuşdum: qırğın zamanı ayağından güllə dəyib amputasiyaya məruz qalan Serkovnıy, 18 ünvanında yaşayan binəva birisi - Məmməd Əliyev əsalara dirənərək iki sutka gecə-gündüz növbə gözləmiş, nəhayət Şaumyanın kabinetinə düşəndə gözlərindən yaş axıdaraq ailə üzvlərinin güllələndiyini, bütün əmlakının talandığını söyləmiş, çarəsiz duruma düşdüyünü vurğulayaraq imdad diləmişdi. Şaumyansa üz-gözünü turşudub: “Allahına şükür elə ki, özün sağ qalmısan. Get burdan!” – hədəsi ilə onu qovmuşdu.

Həmin dönəmlər Bakıya ürək dağlayan bir mənzərə hakim idi. Erməni mənzillərində şadyanalıq, yeyib-içmə, qələbə təntənəsi öz epogey halına çatmışdı. (Bir gün qapımı döyüb, erməni mühəndis Adamovun həyat yoldaşı mənə bir ovuc şirinlik qənd də gətirib vermişdi, müsəlmanların Novruzunu qara gətirib qanlarına susandığını görcək evlərə şəkər paylayacağını əhd etdiyini dilə gətirmişdi). Erməni komitələri, daşnak bürosu məclislər, ballar keçirir, əldə etdikləri milyonlarla pulun, daş-qaşın işığında qopardıqları ton-ton ərzaqdan israfcasına dadır, oxuyur, rəqs edir, əylənirdilər. Doğmalarını itirən, ev-eşiyi yandırılan sağ qalmış müsəlmanlar isə (şikəst qalanı, yaralı olanları da kifayət qədər idi) çəkdikləri dəhşətli əzabla bahəm bütün maddiyyatlarını, ərzaq ehtiyatlarını itirdiklərinə görə indi də aclıq təhlükəsinə tuş gəlmişdilər. O günlərdə gözlərim şəhər zibilliklərində yemək axtaran, acından küçədə yıxılıb qalan müsəlmanları görməyə alışmışdı. Zəngin neft səltənətinin aborogen millətinin bu hala salınması, fikrimcə, çox böyük ədalətsizlik idi. Amma bu ədalətsizliyi bir erməni kimi etiraf etməyim kimə lazım idi? Poqosov və Poqosovkimilər “vətən xaini” damğası ilə dərhal mənim məhvimə fərman verər, ailəmi belə təqibə məruz qoyardılar. Müsəlmanlar üçünsə mənim – sıravi bir erməni yazarının, sözü sözlər yanında milçək vızıltısı qədər belə eşidilməyəcək bir məğmun, aciz, gücsüz bəndənin söylədikləri yaralarına məlhəm, dərdlərinə təsəlli ola bilməyəcəkdi. Mənim millətim xristian olması – xristian güclərə arxalanması hesabına bu mücadilədə güclü tərəf idi, müsəlmanları tam yenmişdi - əsas həqiqət bax buydu.

O ki Əhməd İzzət Paşanın əmriylə yaş senzinə görə ordudan kənarlaşdırılmış Maraş komantanı Süleyman Paşa təsəlli üçün atlı qarışqaları döyüşdürərkən təqribən eyni ölçülü-biçimli, eyni güclü qarışqalardan birinə qahmar çıxaraq yoğun barmağıyla digərini daim aşağı itələyirdi, eynən o cür də bolşevizmin yoğun barmağı erməni – müsəlman münaqişəsinin müqəddəratını həll etməkdəydi.

Qaranlıq düşəndə qarabasmalarım başlayırdı, ağlımı get-gedə itirmək üzrə olduğumu ehtimallarım, fərziyyələrim daha aydın isbatlayırdı. Bu şəhərin hər gün təkrarlanan küləklərinin vıyıltısı pəncərəni çərçivə qarışıq qoparmaq, damı laxladıb uçurmaq çabalarıyla çıxardıqları səs-sədayla mənə lap sarımı uddururdu. Bir yandan da, çox güman, ev sahibəsinin yanına gələn erkəklərin gecə yarı belə usanmadan taxta pillələri cırıldadaraq aşağı-yuxarı çıxmaları içimə vəlvələ salırdı. Gözlərim yuxusuzluqdan alışıb yansa belə onları yuman kimi gah bu lənətə gəlmiş səslərin qorxu-hürküsü, onlar imkan verəndə isə həmin o qarabasmaların basqısı (daha çox qaynar su ilə dolu qazan başıma əndərilir, ərşə çatan tonqalda heyvan kimi ətim şişə taxılıb qızardılır, xəncərlə gözüm ovulub xırçıltıyla yerə tökülürdü) məni yataqdan dik atılmağa, işığı yandıraraq su qrafinini başıma çəkməyə, yanğımın söndürülməsi prosesinin bir belə uzun çəkməsindən sonra da təngnəfəs halda ciblərimi axtararaq papiros və kibrit tapıb ciyərlərimin məhvini labüdləşdirən papirosçəkmə cəzasına sövq edirdi.

Belə vaxtlar “bəlkə mən lənətlənmişəm” deyə düşünür, bu düşüncənin öldürücü təsiri əvvəlki vəziyyətimi bunun yanında lap toyagetməli edirdi. Özümü hamam otağına salıb başımı soyuq suyun altına tutur, fınxırıb burnumu təmizləməklə kəsilməkdə olan nəfəsimi bərpa edəcəyimi düşünür, bir də alüminium tübikdəki mentol dadı verən pasta ilə ciddi-cəhdlə, var-gücümlə dişlərimi sürtürdüm.

Haçansa hardansa oxumuşdum ki, ruhi sarsıntı keçirən insanların özəl qəribəlikləri olur, gecə yarısı dişimin mina qatının indicə qoparılıb aparılacağı təəssüratı yaradan çox kobud təmasla diş fırçalamağım, şübhəsiz, mənim ruhi sarsıntımı isbatlayan özəl qəribəliyim sayıla bilərdi. 

Tarix ona görə tarix olur ki, güclüyə xidmət edib zəifi aşağılayır. Tarixin qələmini, kağızını güclülər ayırır, onu yazan mirzələri güclülər seçir, bir tikə çörəyini, bir içim suyunu verir ki, otur yaz. Onlar da yazır. Qaraya ağ, ağa qara deyə-deyə yazdıqlarını üst-üstə qalaqlayırlar.

Şərəfin tarixi əsla mümkün olan şey deyil. Məncə, yalnız şərəfsizliyin tarixi mövcuddur!”

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

 

Bu gün – 31 mart günü tarixi hadisələrlə o qədər zəngindir ki. “Ədəbiyyat və incəsənət” portalı onlardan bəzilərini sizin diqqətinizə çatdırır. Yaxın tarixdən uzaq tarixə doğru gedəcəyik.

 

1998-ci ilin 31 martında Formula 1 pilotu Endi Vallas 402,6 km/saat sürətlə seriya avtomobili üçün sürət rekorduna imza atmışdır.

1993-cü ildə məşhur Brüs Linin oğlu Brendon Brüs Li “ Qarğa” filminin çəkilişləri zamanı ehtiyatsızlıq edərək ölmüşdür.

1991-ci ildə Rusiyanın ORT telekanalı yayıma başlamışdır.

1980-ci ildə ədəbiyyat sözü həqiqətən də təhqir olunmuşdur, belə ki, SSRİ rəhbəri Leonid İliç Brejnevə “Kiçik torpaq” və “Dirçəliş” adlı cızmaqaralara görə SSRİ-nin ən böyük ədəbiyyat mükafatı – Lenin mükafatı təqdim edilmişdir. Təbii ki, həmin hadisəni o vaxt Sovet Azərbaycanı da sürəkli alqışlarla alqışlamışdır.

1967-ci ildə Cimmi Hendriks konsert zamanı nümayişkaranə sürətdə öz gitarasını yandırmışdır. Həmin il Fransanın NATO-nun tərkibindən çıxdığını bildirməsi səbəbindən NATO –nun mənzil-qərargahı Parisdən Brüsselə köçmüşdür.

1954-cü ildə SSRİ rəhbərliyinin NATO-ya üzv olmaq xahişi rədd edilmişdir.

1936-cı ildə Münhendə faşist Almaniyası “Degenerativ incəsənət” sərgisini açmışdır ki, sərgidə sürrealizm, impressionizm, abstraksionizm kimi cərəyanlara aid rəsm əsərləri nümayiş olunmuşdur.

1918-ci ildə ABŞ ilk dəfə yay vaxtı tətbiq etmişdir. Elə həmin vədələrdə bolşeviklərə sığınan mənfur ermənilər Azərbaycanın Bakı, Quba, Şamaxı və digər bölgələrində xalqımızın qətliamını həyata keçirmişlər. Bu barədə portalımız ayrıca yazı təqdim edib.

1917-ci ildə Kiyevdə Ukraynanın ilk gimnaziyası açılmışdır.

1901-ci ilin 31 martını “Mersedes”sevərlər yaddaşlarına möhkəmcə qeyd etsinlər, həmin gün ilk “Mersedes” avtomobili istismara buraxılıb. Onun yaradıcısı isə Vilhelm Maybax olub, o Maybax ki, onun adına buraxılan avtomobillə bu yaxınlarda “tiripaşlıq” etdiyinə görə Füzulidə müğənni Manaf Ağayev inzibati məsuliyyətə cəlb olunmuşdu.

1896-cı ildə Azərbaycanca hələ də ad tapa bilmədiyimiz paltar “zamoku”nu ABŞ ixtiraçısı Uitkomb Catson kəşf edib.

1889-cu ilin 31 martında isə Eyfel qülləsinin açılışı olub. Konstruktor Qüstav Eyfel Parisdə inşa etdiyi bu möcüzəvi tikiliyə görə dünya tarixinə adını yazdırıb.

1856-cı ildə Rusiya donanmasında yəhudilərə xidmət etmək qadağan olunub.

1717-ci ildə hazırkı Rusiya prezidenti Putinin sələfi olan I Pyotr “Gizli dəftərxana” adlı qurum yaradıb ki, xüsusilə vacib dövləti cinayətlər orada tədqiq olunsun.

1492-ci ilin 31 martı isə yəhudi xalqı üçün qara tarixdir. Kral II Ferdinand Araqonlunun “Alqambrsk edikti” adlanan əmri ilə İspaniyada  yaşayan bütün yəhudilər sürgün olunmuşdular. Yalnız dinini dəyişməyə razılıq verənlərə bu təcavüz tətbiq olunmamışdı.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

 

 

Türk dünyası birləşir, bundan gözəl nə ola bilər. İqtisadi, siyasi və mədəni cəbhələrdə böyük inteqrasiya duyulur.

İyunun 5-dən 11-dək ölkəmizdə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı təşkil olunacaq. Ötən il BDU-nun ərazisində türkdilli ölkələrdən alimlərin, yazarların iştirakı ilə 3 gün davam edən ilk festival böyük marağa səbəb olmuşdu. Məqsədi  kitabı təbliğ etmək və kitaba olan marağı artırmaq olan festival bu il də keçiriləcək. 

 

Festivalın təşkilat komitəsinin sədri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza “Ədəbiyyat və incəsənət” portalına açıqlama verib ki, budəfəki festival tədbiri AMEA-nın önündəki park ərazisində təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edəcəklər. Bundan əlavə, orada tədbirlər üçün böyük səhnə qurulacaq. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılacaq. Eyni zamanda, müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunacaq. Bundan başqa uşaqlarla bağlı xüsusi layihələr nəzərdə tutulub. Gündəlik olaraq uşaq saatları keçiriləcək və uşaq tamaşaları nümayiş olunacaq. Bu layihə ilə bağlı müxtəlif qurumlarla əməkdaşlıq nəzərdə tutulur. Həmçinin builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir. Hər il iyunun 5-də ölkəmizdə "Şairlər günü" layihəsi həyata keçirilir. Bu il də XI "Şairlər günü" layihəsi elə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə birləşdirilərək ümumi formatda təşkil olunacaq.

 

Qapaq şəklində siz I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalından fraqment görürsünüz.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Bu günə təsadüf edən bayramlar, əlamətdar hadisələr çoxdur. Məsələn, onlardan biri Bekap günüdür. Nədir bekap günü?

“Ədəbiyyat və incəsənət” portalı sizə 31 mart gününün təqvimini təqdim edir.

 

Bekap günü
Bu gün Ümumdünya komputer məlumatlarının qorunması günüdür, World Backup Day – kompüter məlumatlarının bekaplanmasını – yəni ehtiyat nüsxələrinin çıxardılıb saxlanılmasını özündə ehtiva edir. Çünki bir təsadüf ən qiymətli materialların silinməsinə gətirib çıxara bilər. Texnikadan hər şey gözləmək olar. Ehtiyat isə igidin yaraşığıdır.

 

Beynəlxalq “Bezdiyin işdən çıx” günü

Çoox ibrətamiz bir gündür. Çoxu işə könülsüz gedir, iş onu təmin etmir, bezdirir, sadəcə maaşın xatirinə gedib gəlir. İldə bir gün verilib ki, bezgin insan cəsarətə gəlib ərizə yazsın, bezdiyi işdən çıxsın, özünə bab yeni iş axtarsın. Mütəxəssislər qeyd edirlər ki, insanı xoşbəxt edən nəsnələr ikidir: ailəsində və işində rahatlıq. Bunlardan biri onu təmin etmirsə, o heç vaxt xoşbəxt ola bilmir.

 

Beynəlxalq dekolte günü

Dekolte bilirsiniz də - sinəsi açıq paltara deyilir. Günümüzdə xanımlar adətən ziyafətlərə, toy və nişanlara dekolte geyinməyi xoşlayırlar. Xüsusən Bakıda dekolte dəbi hədsizdir. Vaxtı ilə “qadının heç yeri görünməməlidir” kimi köhnə mental dəyərlərə söykənən Bakı qoçuları və cayıllarının törəmələri indi tam açıq-saçıq görünən qadınların qarşısında aciz qalıblar. Əlbəttə ki, zaman öz sözünü deyir, dəyərləri sürətlə dəyişir.

 

Sezar Çaves yaxşı kişi olub

Milli bayramlara gəlincə, Maltada azadlıq, Tailandda Kral Nanqklaonun xatirəsi, Meksikada tako, Böyük Britaniyada mürəbbə günüdür. Bayramsevər Amerikada bu gün bir neçə bayram var. Tomas Mendi günündə seçkilərdə rəsmən səs vermiş ilk Amerika zəncisi Tomas Mendi (1824-1904) anılacaq. Sezar Çaves günündə sosial hüquqlar uğrunda mübarizə aparan Kaliforniyalı Sezar Çavesin şəninə tərif söyləniləcək. Sezar Çaves deyirmiş ki, heç bir vəzifəli şəxs vətəndaşın hüququnu poza bilməz, ona vəzifə vətəndaşa qulluq eləmək üçün verilir, vətəndaşın “belinə minmək üçün” deyil.

Milli molyuska günündə isə xırda dəniz canlılarından hazırlanan mətbəx yeməkləri süfrələri bəzəyəcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

 

 

Təqvimimizdəki daha bir matəm günü.

1918-ci ilin 30 mart – 3 aprel dövründə Rusiyanın bolşevik hökumətinin havadarlığı, Azərbaycana təyin edilmiş erməni komissar Stepan Şaumyanın təşkilatçılığı ilə erməni daşnaklardan və rus əsgər və matroslardan ibarət “qırmızı ordu” Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Salyan, Qarabağ və Naxçıvan ərazilərində azərbaycanlılara qarşı qırğın törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Körpə uşaqları yüzlük mismarla divara mıxlayan, hamilə qadınların qarnını doğrayan, kişiləri ağacdan başıaşağı asıb aşağıda tonqal qalayan erməni vəhşiliyi barədə xəbər tutmaq üçün Azərbaycan Xalq Cumhuriyyətinin həmin ilin iyununda yaratdığı İstintaq Komissiyasının sənədlərinə baxmaq kifayət edər. Heç vaxt bunları unutmamalıyıq, xalqın qan yaddaşına bunlar yazılmalıdır.

Çünki biz o xalqıq ki, sonradan həmin o Şaumyana Bakının göbəyində heykəl ucaltımışıq, adını rayonlara, qəsəbələrə qoymuşuq.

Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Allah bütün o günahsız qurbanlara rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

 

 

Cümə axşamı, 30 Mart 2023 16:45

Əlibaba Məmmədovun xatirəsi anılıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib. 

Mərkəzin yaydığı məlumata görə, gecədə Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi xanəndənin həyat və yaradıcılığından söz açıb. 

Konsert proqramı ilə davam edən tədbirdə unudulmaz xanəndənin repertuarından muğamlar, bəstələdiyi mahnı və təsniflər səsləndirilib.

Tanınmış incəsənət xadimləri və xanəndənin ailəsinin də iştirak etdiyi tədbirdə əslən Cənubi Azərbaycandan olan dünyaca məşhur rəssam və xanəndə Vədud Müəzzin Əlibaba Məmmədovun özünəməxsus ustalıqla yaratdığı portretini ailə üzvlərinə hədiyyə edib.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında görkəmli bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

 

Kamera və Orqan Musiqi Zalından verilən məlumata görə, “Qara Qarayev və tələbələri” adlı konsertdə solistlər Əməkdar artist Töhfə Babayeva (violin), Rasimə Babayeva (orqan), Nigar Məmmədova (orqan), Səbinə Aslanova (orqan), Şəfəq Abdullayeva (orqan) öz ifalarını dinləyicilərə təqdim ediblər. 

Proqramda Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Firəngiz Əlizadə, Elnara Dadaşova, Cəlal Abbasovun əsərləri səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Rusiyanın Sankt-Peterburq şəhərində “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının 25 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsaslanaraq xəbər verir.  Bu məlumata görə, tədbirdə Sankt-Peterburqda millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi üzrə komitənin nümayəndəsi Andrey Frolov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, yerli hakimiyyət orqanlarının, Azərbaycan diasporunun nümayəndələri və müxtəlif icmaların mədəniyyət qurumlarının rəhbərləri iştirak ediblər. 

Tədbirdə çıxış edən qonaqlar “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının bədii rəhbəri Xeyransa Mirzəyevanı və yaradıcı kollektivi yubiley münasibətilə təbrik ediblər. Ansamblın Sankt-Peterburqun mədəni müxtəlifliyinə böyük töhfələr verdiyini vurğulayan natiqlər “Çinar” ailəsinə davamlı uğurlar arzulayıblar. 

Sonra “Çinar” ansamblının ifasında rəngarəng konsert proqramı təqdim olunub.

Yubiley konserti yerli kütləvi informasiya vasitələri və “Mir” telekanalı tərəfindən geniş işıqlandırılıb. 

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən sərgi təşkil edilib. Qonaqlara xalçatoxuma dəzgahında ilmələrin atılması, Novruz şirniyyatlarının bəzədilməsi qaydaları nümayiş etdirilib.

Qeyd edək ki, “Çinar” Mədəniyyət Mərkəzinin nəzdindəki eyniadlı vokal-xoreoqrafik rəqs ansamblı Sankt-Peterburq Dövlət Universitetinin baş müəllimi Xeyransa Mirzəyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. 1998-ci ildən fəaliyyətə başlayan ansambl təkcə Sankt-Peterburqda deyil, Rusiyada və Rusiya hüdudlarından kənarda Azərbaycan musiqisinin və incəsənətinin fəal təbliğatçısı kimi tanınır.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlu gündəmi zəbt edən Fazil Mustafaya sui-qəsd mövzusuna toxunur.

 

 

Kim harada, necə “Haqq”-ı görüb, deyə bilmərəm. Çünki əlahəzrət “Haqq”-ın adı yer üzündə tez-tez səslənsə də, əslində o, Allahın yanındadır. Yalnız Tanrının göstərişilə məqamında yerə enir. Haqqı bu dünyada çox insan axtarıb, amma min bir əzabla üzləşib, gedəndə də, “haqq vay, haqq vay!” deyə, sinəsi dağlı gedib... 

 

Sevgi dolu adamdır, kobudluğa, yeknəsəkliyə nifrət edir. Son dərəcə zəkalıdır, saf və təmiz qəlbi var. Heç vaxt tələsmir. Dinləməyi bacarır. Siyasi hazırlığı yetərincədir. Bacardığı qədər ədaləti təmsil etməyə çalışır. Bəzən elə bir fikir söyləyir ki, mübahisəyə səbəb olur. 

Azərbaycanın cəhalətin at oynatdığı bir ölkə yox, elmin, düşüncənin dəyərləndirildiyi bir ölkə olmasını arzulayır.

 

“Daha müasir dövlətə çevrilmək üçün müəyyən dəyərlərdən imtina etməyi bacarmalıyıq.”- söyləyir...

 

Cəsarətli ziyalıdır. Sözün düzünü deməkdən, insanların ağrı-acısını dilə gətirməkdən çəkinmir. Həmkarlarının böyük əksəriyyətindən fərqlənir- mətbuata açıqdır, jurnalistlərdən qaçmır. Ölkə mətbuatını gündəlik izləyən insanlar yəqin ki, buna şahiddirlər. Hər gün ən azı bir yazısı və ya müsahibəsi mətbuatda görünür. Əlbəttə ki, buna geniş dünya görüşü, dərin savad, zəngin bilik, güclü mütaliə lazımdır. Axı hər ziyalı ağzını açıb söz deməyə, fikir yürütməyə qadir deyil. Amma o, əsl maarifpərvərdir, bildiklərini insanlara çatdırmaq təşnəsi onu heç vaxt rahat buraxmır. Necə deyərlər, “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın...”, biganəliyi ruhuna yaddır...

 

Deyir ki,- ”Azad bazar iqtisadiyyatı yaradılmasa, istədiyi qiyməti təyin edənlərin qarşısını almaq mümkün olmayacaq. Bu gün himayəsi olanlara toxunan yoxdur. Himayəsi olmayan iş adamları bir-bir sıradan çıxarılır, bazardan uzaqlaşdırılır. Ona görə də bu məsələ ətrafında ciddi müzakirələr açılmalı, müvafiq tədbirlər görülməli, konkret addımlar atılmalıdır. Bu gün bazarda istədiyi qiyməti təyin edən adamları himayə etmək yerinə, onları bazardan uzaqlaşdırmalıyıq. Belə olarsa, böhrandan çıxış yolu tapmaq mümkün olacaq. Qiymət artımının qarşısını almaq üçün dövlət konkret​ tədbirlər görməlidir. Onsuz da pandemiyanın, müharibənin sıxıntıları iqtisadiyyatımıza böyük zərbə vurdu. İndi də qiymət artımı süni şəkildə bu qədər sürətlənib”.

 

Haqqında söhbət açdığım Fazil Mustafa 1965-ci ildə dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ermənilərin Dağlıq Qarabağ iddiasına qarşı xalq hərəkatında fəal iştirak edib, müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub. Əbülfəz Elçibəy ona həmişə etibar edib və dəyər verib. Hakimiyyəti dövründə ona Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsini həvalə edib. Hakimiyyətdən gedəndən sonra da bu etibar və inam təsirini itirməyib. 1995-1998-ci illərdə Əbülfəz Elçibəyin Türkiyədə özəl təmsilçisi olub. 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.

2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 12 ildir ki, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Eyni zamanda Türk Parlament Assambleyasının və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının nümayəndəsidir. Fəlsəfə üzrə fəlsəfə doktorudur və 25 kitabın müəllifidir. Ailəlidir, bir oğlu, bir qızı var...

 

“Azərbaycan ailəsi dünya ailə sistemindən fərqli bir xarakterə sahib model kimi götürülməməlidir. Çünki bizdə belə bir təsəvvür var ki, sanki bizdəki qədər sağlam, hörmət üzərində qurulan və əxlaq dəyərlərinə daha çox bağlı olan ikinci bir ailə modeli yoxdur. Bu, tamamilə yanlış təsəvvürdür. Azərbaycan ailəsində ümumi insan haqlarının pozulması anlayışı daha sərt formada tətbiq olunur. Bizim ailələrin daha böyük sevgi və qarşılıqlı hörmət üzərində qurulması az müşahidə olunur. Müşahidə olunan odur ki, Azərbaycan ailəsi cəmiyyətin müəyyən standartlarına görə özünü şəkilləndirir. Yəni nəyi etmək olmazsa, onu etməməyə, nəyi etmək olarsa, onu bir az ehtiyatla göstərməyə çalışır. Bu zaman ailə təməlində müəyyən dərəcədə sağlam olmayan mühit mövcud olur. Əslində, Azərbaycan ailəsini insan haqlarına daha çox sayğı və qarşılıqlı hörmət üzərində qurulan bir model olaraq görmək lazımdır. Çünki qarşılıqlı hörmətə dayanmayan, hüquqların bərabərliyi olamayan bir ailə modelinin gələcəyi də yoxdur. Bu amil uşaqların doğru tərbiyə olunmasına da ciddi əngəllər yaradır."- söyləyir.

 

Zərif və kübar davranışı var. Gülməyi, güldürməyi xoşlayır. Çöhrəsindən yumşaq təbəssüm heç bir zaman əskik olmur. Əsəbləri möhkəmdir. Onu əsəbləşdirmək çox çətindir. Həm son dərəcə həssas, həm də son dərəcə səbirlidir. Hər şeyi məntiq çərçivəsində həll etməyi bacarır. Heyran olduğu gözəlliklərə dəyər verir. Olduqca romantikdir. Romantik duyğulardan zövq alır, ilhamlanır.

Gənclərə tövsiyəsi isə çox maraqlıdır:- “Durmadan oxuyun, araşdırın ki, düşüncələriniz, fikirləriniz dəyişsin, yeniləşsin. Hər ağacın hədəfi ilk öncə tumurcuqlamaqdır. Hər ilin tumurcuğu ötən ilinkinin təkrarı ola bilməz. Tumurcuğa nifrətiniz varsa, odun olaraq qalacaqsınız!”

 

Özünəməxsus hobbisi var, mütailə etməyi sevir, zəngin kitabxana yaratmağa çalışır. Futbol, basketbol, stolüstü tennis, şahmat, bilyard, nərd oynamaq, necə deyərlər, onun şikarıdır. İnanır ki, nə vaxtsa bu dünyada olmayanda, düşüncəli insanlar ondan söhbət düşəndə- Fazil Mustafa haqlıydı, doğru addım atırdı, vicdanla bu millətə xidmət etdi, düşüncə dəyişimi yaratdı kimi ifadələri- söyləyəcəklər...

 

Deyir ki,- “Bir millət vəkili kimi əsas vəzifəm nöqsanların aşkara çıxarılıb tənqid olunması və ona konstruktiv təkliflər təqdim edilməsi, ciddi layihələrin ölkə iqtidarına verilməsi və daha konstruktiv və qərəzsiz müxalifətçilik funksiyasının yerinə yetirilməsidir. Çünki biz elə bir ölkədə yaşayırıq ki, bizə qarşı müəyyən dərəcədə aqressiv yanaşmalar kifayət qədər çoxdur və biz çalışmalıyıq ki, bu yanaşmalarla Azərbaycan cəmiyyətində qarışıqlıq yaşanmadan, xalqı xaosa sürüklənmədən öhdəsindən gələk. Müxalifət hakimiyyətə qarşı müxalif olsa da, dövlətə qarşı hər hansı bir şəkildə müxalifət olmamalıdır. Dövlətin möhkəmlənməsi üçün üzərinə düşən funksiyanı paylaşmağı, onu yerinə yetirməyi bacarmalıdır...”

 

Onu yaxşı insan kimi tanıyanlar da var, ona diş qıcıyanlar da, amma nə dərəcədə haqlı-haqsız olduğu, hansı dəyəri özündə ehtiva etdiyi Tanrı dərgahında, əlahəzrət Haqqın hüzurunda dayananda bilinəcək...

 

Deyir ki- “Özümü pakistanlı İslam mütəfəkkiri Məhəmməd İqbalın ifadəsi ilə tanıyıram: "Mən dənizəm, dalğalanmasam, ölləm". Əsas odur ki, yaşadığım bu dünyada bir gün də baş girləmədim. İdeya üçün savaşdan qorxmadım. Siyasətə ideoloji xəstəlik kimi deyil, insanlara real şərtlər içində xidmət sferası kimi baxdım. Hər məsələyə məhz öz baxışım, öz üslubum, öz yanaşmam oldu. Dindar oldum, mövhumatçı dindar olmadım. Siyasətçi oldum, gündəm məni yönəltmədi, özüm gündəm yaratmağa çalışdım. İdmandan başlamış bütün sahələrdə liderliyə can atdım, məğlub olmamaq üçün gücümün yetdiyi yerə qədər vuruşdum. Fatalist olmasam da qədərlə hesablaşdım, ancaq qədərə əzilmədim...”

 

Bəli, Fazil Mustafa əqidəsini yox, cəhalətə qarşı mübarizə üsulunu dəyişib. O, bu xalqın qənimət övladlarından biridir. Onu güllələmək yox, onu qorumaq, yaşatmaq gərəkdir...

 

“Ədəbiyyat və incəsənət”

(30,03,2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.