
Super User
50 illik yubileyin sənədli filmi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar artist Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan "Yaşanan yarım əsr" adlı sənədli filmin təqdimatı olub.
Teatrdan verilən məlumata görə, təqdimatda incəsənət xadimləri, teatr və kino sahəsinin tanınmış nümayəndələri iştirak ediblər.
Nicat Kazımov yaradıcı heyətə və tədbir iştirakçılarına təşəkkür edərək, məmnunluğunu bildirib.
Sonra “Yaşanan yarım əsr” adlı sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, N.Kazımovun həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Vüsal Əsgərov, quruluşçu operatoru Teymur Məmmədov, montaj rejissoru Firdovsi Nəbiyev, səs operatoru Nicat Cəbrayılov, qrim üzrə rəssamı Vüsalə Abbasova, prodüseri Əməkdar artist İlham Əsədovdur.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)
İstəsən qutab, istəsən kabab, istəsən düşbərə…
Düşünməyin ki, master klasslar yalnız incəsənət sahələrində olur. Kulinariya əsla ədəbiyyat, kino, musiqi və rəssamlıqdan geri qalmır. “Ədəbiyyat və incəsənət” portalı sizlərə cari belə tədbir barədə məlumat verir.
“İçərişəhər Muzey Mərkəzi” valideyinləri və övladlarını Qala qoruğunda master klassa dəvət edir. Nə master klass? Burada milli kulinariyanın yeməkləri iştirakçıların istəyi əsasında seçilir. Hansı yeməklər? Deyək də. Qutablar, kabablar, dolmalar və xəmir xörəkləri.
Master kalssda hər bir iştirakçı yemək hazırlayacaq. Aşbazsa bütün prosesi idarə edəcək. Yemək hazır olana qədər iştirakçı üçün musiqili proqramı təşkil olunacaq və master klasslar hazırlanmış təamların dequstasiyası ilə başa çatacaq. Master Klassi əldə etdiyiniz halda (012)4591437 nömrəsinə zəng edib milli mətbəximizin hansı yeməyini seçdiyiniz haqqında bir gün öncədən xəbər etməyiniz lazımdır.
Bir sözlə, həm həzz alacaq, həm öyrənəcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)
Nyu-York meri “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan edib
Nyu-York merinə keçid etməmişdən öncə onu deyək ki, Azərbaycanın maddi-mədəni dəyərləri arasında xalçalar xüsusi yer tutur. Hər birimiz uşaqlığımızdan bu əşya ilə tanış olur, onun üzərində ayaq açır, dünyadan da ona bükülmüş köçürük. “Ədəbiyyat və incəsənət” portalı olaraq daim bu mövzunu gündəmdə saxlamağımız da əbəs deyil.
Azərbaycan xalçalarının dünyaya tanıdılması məqsədilə xaricdə sərgilərin təşkil edilməsi, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması istiqamətində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) növbəti fəaliyyəti Azərbaycan xalçalarının və xalça toxuculuğu ənənələrinin Amerika Birləşmiş Ştatlarında tanıdılması yönündədir. “Azərxalça” ASC və Vaşinqtonda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları – Azərbaycan Ticarət Palatası arasında əldə olunmuş əməkdaşlıq razılaşmasına əsasən, növbəti il ərzində “Azərxalça” ASC istehsalı əsl əl işi, “Made in Azerbaijan” markalı xalçaların həm Vaşinqton, həm də digər ştatların ərazisində sərgi və satışının təşkil olunmasına imkan yaradılacaq.
Xəbər verdiyimiz kimi, “Azərxalça”nın yaydığı məlumata görə, xalçaların ilk sərgisi mart ayının 27-də Azərbaycan Ticarət Palatası ofisinin qalereyasında reallaşıb. Açılışda həm klassik, həm də müasir üslubda olan hər bir xalçanın arxasında dayanan sənətkarlıq, xüsusi bacarıq, məharət və tarix fonunda Azərbaycanın zəngin mədəni irsi hər kəsə təqdim olunub. Sərgidə nümayiş olunmaq üçün ABŞ-a 76 ədəd xalça göndərilib. Bu siyahıda Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçalar öz yerini alıb. Sərgi iştirakçılarına, eləcə də xalça satın almaq istəyənlərə yalnız ənənəvi üslubda və rənglərdə deyil, modern dizaynlı, müasir interyerə daha uyğun, çağdaş zövqə xitab edən pastel rəngli xalçalar da təqdim olunur.
“Azərxalça” ASC Azərbaycanda say etibarı ilə işçilərinin böyük hissəsini qadınlar təşkil edən, regionlarda qadınları ən çox işlə təmin edən qurumlardan biridir. Cəmiyyətin ana məqsədlərindən biri də məhz region qadınlarının inkişafına dəstək, onların işlə təmin olunması, sosiallaşması və fərd kimi cəmiyyətin yararlı bir hissəsinə çevirilməsinə dəstək olmaqdan ibarətdir. Bu məqsədlə “Azərxalça” ASC emalatxanalarındakı tədris mərkəzlərində həmin emalatxanaların peşəkar kadrları tərəfindən yeni toxucuların hazırlanması, ixtisaslarının artırılması və unudulmuş texnologiyaların toxuculara öyrədilməsi prosesini mütəmadi olaraq həyata keçirir.
Xaricdə təşkil olunan sərgilərdə hər zaman xalçalarla yanaşı, onları toxuyan Azərbaycan qadını, regionlarda yaşayan toxucuların zəhməti də geniş şəkildə təqdim olunur. Və indi gəldik mətləbə: sözügedən “Azərbaycan xalçaları” adlı sərgini nəzərə alaraq, bu xalçaları toxuyan kənd qadınlarının səlahiyyətlərinin artırılması məqsədilə ABŞ-nin paytaxtı Vaşinqtonda elan olunan “Qadın tarixi ayı” çərçivəsində şəhər meri Mayor Bouzer 27-31 mart tarixlərini “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan etmişdi. Sənəd rəsmi şəkildə “Azərxalça” ASC-ni təmsil edən nümayəndələrə təqdim olunub. Sənədi həm Azərbaycan milli-mənəvi sərvətinin dünyada tanıdılması, həm də “Azərxalça” ASC-nin qazandığı növbəti uğurun göstəricisi kimi qəbul edən nümayəndəlik göstərilən etimad üçün təşəkkür edib.
Bir il ərzində ABŞ-nin digər ştatlarında da təşkil olunacaq sərgilərdə xalçalarla yanaşı, Azərbaycan qadını, xalçaçılarımız və onların əl işləri haqqında sərgiyə baş çəkəcək hər kəsə geniş məlumatlar və müxtəlif videoroliklər təqdim olunacaq.
Və bu gün həm həftə, həm də sərgi yekunlaşacaq.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)
Sabah Bakı Musiqi Akademiyasında “Ola bilməz” adlı möhtəşəm interaktiv illüziya şousu nümayiş olunacaq
Sabah Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında 4 seans olmaqla, Azərbaycanda ilk dəfə “Ola bilməz” adlı möhtəşəm interaktiv illüziya şousu təqdim ediləcək.
Bu ailəvi interaktiv şou proqramda ölkəmizin məşhur sehrbazları tərəfindən nümayiş olunacaq qeyri-adi illüziyalarla tamaşaçıların şounun bir hissəsinə çevrilmək, həmçinin əylənmək imkanları olacaq. Ən aktiv tamaşaçılar xüsusi hədiyyələr qazanacaqlar.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)
Sabah Serdar Ortaçın konsertidir
Sabah Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Serdar Ortaç konsert proqramı ilə çıxış edəcək.
Öz ifaları ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.
Qeyd edək ki, sənət aləminə 1994-cü ildə "Aşk için" albomu ilə daxil olan müğənni sevilən “Karabiberim” mahnısı ilə debüt edərək, uzun müddət gündəmdə qalıb. Serdar Ortaç bu uğuru ilə Kral TV Video Musiqi Mükafatlarında "Ən yaxşı çıxış edən kişi sənətçi”, 2006-cı ildə "Gitme" mahnısına görə “İlin klipi”, 2007-ci ildə Mü-Yap Musiqi Mükafatlarında "Mesafe" adlı albomu ilə “İlin ən çox satılan albomu” və 2009-cu ildə isə "Dansöz" mahnısı ilə “Ən yaxşı kişi sənətçisi” mükafatlarına layiq görülüb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)
Çin sərgisinə maraq böyükdür
Çinə ölkəmizdə maraq böyükdür. Mübaliğəsiz deyə bilərik ki, bu marağın arxasında ölkəmizə daşınan ucuz Çin malları dayanırdı, indisə bu şərq ölkəsinin mədəniyyəti də diqqət mərkəzindədir.
“Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin Azərbaycan Milli İncəsənət Muzeyində açılması diqqətçəkəndir. Bu sərgi Çinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində davam edir. Və kifayət qədər də auditoriya toplayır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgi üçün ayrılmış ekspozisiya zallarında Çin incəsənətinə məxsus qədim tanrılar və müdriklərin heykəlləri, rəsm əsərləri, məişətdə istifadə olunan toxuculuq məhsulları, çini vazalar, mebellər və s. nümayiş olunur. Təşkil edilən sərginin ekspozisiyası Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyır.
Xatırladaq ki, “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi 2023-cü il martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Sərgi 30 iyun 2023-cü il tarixinədək davam edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)
1-ci addım: Seçimi necə etməli
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim etməkdədir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. İlk addımdan başlayaq. Seçimi necə etməli?
Adətən sizin üçün ən yaxşı biznes sizin ən çox təcrübəniz olan, yaxından bələd olduğunuz və maraqlı olduğunuz biznes növüdür. Ola bilsin ki, sizin üçün daha maraqlı olanı odur ki, sadə xobbi kifayət dərəcə gəlirli və uğurlu biznesə çevrilir.
Seçilmiş biznes sahəsində təhsilinizi və təcrübənizi bu növ məhsul və xidmət növünə yerli bazarda olan tələbat və rəqabətlə müqayisə edərək şansınızı müəyyən edə bilərsiniz. Ən əsası, nəyi hər şeydən yaxşı bacardığınızı və nəyi hər şeydən çox arzuladığınızı müəyyən etməkdir.
Növbəti yazıda biznes-planın nə olması açıqlanacaq.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)
Teatr Forumu keçiriləcək
Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, forumun rəsmi açılış mərasimi aprelin 10-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Tədbirdə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunacaq, sonra forum öz işinə panel müzakirələrlə davam edəcək. Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, ”Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, ”Konsepsiya və strateji hədəflər”, ”Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub.
Foruma ekspert kimi dəvət edilən Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Qriqoriy Zaslavskinin və Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) kafedra müdiri, prodüsser Elşən Məmmədovun çıxışları tədbirin proqramına daxil edilib.
Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Forumda respublikanın tanınmış teatr xadimləri, rejissor və aktyorları, paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların rəhbər və yaradıcı kollektivlər, xalq teatrları və müstəqil teatrların nümayəndələri, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı nəzərdə tutulub.
Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumda iştirak üçün nazirliyin rəsmi internet saytında (“culture.gov.az”) yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)
Bəşər tarixinin ən qanlı faciələrindən biri
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə kitabxananın kollektivi ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbələri, gənc oxucular da iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalının kitabxanadan aldığı məlimata görə, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımından 105 il ötdüyünü və bu günün tariximizin faciəli səhifələrindən biri olduğunu söyləyərək, soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından danışıb. Mart soyqırımına hüquqi-siyasi qiymətin ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1998-ci il martın 26-da Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayaraq, həmin gündən 31 mart tarixinin ölkəmizdə Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın haqq səsinin, ona qarşı əsrlərlə törədilən amansız, ağlasığmaz, bütün beynəlxalq hüquq və normalara zidd olan vandallıq aktlarının, soyqırımı və faciələrin dünya ictimaiyyətinə çatdırması istiqamətində aparılan tədbirlərdən danışaraq, bu uğurlu, müdrik siyasətin hazırda təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyduğunu bildirib.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Nigar Nəzərova mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu söyləyərək, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanların da soyqırımına məruz qaldığını, qətlə yetirildiyini, diri-diri yandırıldığını, Bakının böyük bir hissəsinin xüsusi amansızlıqla viran edildiyini bildirib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyulduğunu söyləyib.
BDU-nun tələbələri Əliyev Kamil və Bətul Usublu çıxışlarında soyqırımının təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla icra olunduğu, minlərlə dinc azərbaycanlı əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edildiyi, milli memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscidlərin, tarixi abidələrin dağıdılması və bununla da həmin ərazilərə nə qədər böyük maddi və mənəvi zərbə vurulması haqqında danışıblar.
Kitabxananın İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova kitabxana əməkdaşları tərəfindən 31 Mart Soyqırımına həsr edilmiş videomaterial, metodiki vəsait, biblioqrafik siyahı və ənənəvi sərgi haqqında məlumat verərək, bu materialların hər birində ağlasığmaz qəddarlığı ilə seçilən bu soyqırımı haqqında məlumatların, tarixi faktların, statistik rəqəmlərin, kitab və dövrü mətbuat nümunələrinin yer aldığını bildirib.
Tədbirin sonunda 31 Mart Soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub, ənənəvi sərgiyə və kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitlərə baxış keçirilib.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)
“İşıqdan işığa qaralır ömür…”
“Ədəbiyyat və incəsənət”in qələmdaşlarından olan sevilən şairimiz Ramiz Qusarçaylının tanınmış göz həkimi və şair olan Paşa Qəlbinurun doğum gününə ithafını oxucularımıza təqdim edirik.
Ötən gün görkəmli alim, bənzərsiz şair Paşa Qəlbinurun doğum günüydü. Gözümüzün işıq dostunu ürəkdən təbrik edir, nurlu ömrünün sağlam və uzun olmasını diləyirəm!
Bir gün dostum Paşaya zəng vurdum ki, sol gözüm yaşarır, nə edim, sağ olsun, dərmanın dedi... və bir də bu şeir yarandı.
Sol gözüm yaşarır, Paşa Qəlbinur,
sol gözün ürəklə ilgisi varmı,
Sol gözümdə yaş var,
sağ gözümdə nur,
ürəyin bu işdən bilgisi varmı...
Sol gözüm yaşarır,
sağ gözüm baxır,
sol gözüm nə çəkir, sağ gözüm bilmir.
Ürəyim nə çəkir gözümdən axır,
gözümə baxmağa ürəyim gəlmir.
Üşənir sağ gözün işıq selləri,
sol gözün selindən gözüm su içmir.
Qırılır ürəyin işıq telləri
qara pərdələrdən sözüm su içmir.
İşıqdan işığa qaralır ömür,
işıq kölgəsində ümid əkirəm.
Qaşla göz arası göz gözü görmür,
qaşla göz arası işıq çəkirəm.
İşığı işığa toxumur daha,
gözün göz nişanı, ülgüsü varmı?
Özü yazdığını oxumur daha,
fələyin əlində silgisi varmı?..
Üz-göz baxışların rəngi qızarır,
itir üz qarası göz ağlığında.
Onsuz da dünyada işıq azalır,
boğulur siyasi bataqlığında...
Bir gözüm sağçıdı, bur gözüm solçu,-
sağçıyla solçunun əlində qalıb
işığın ayrıca ölkəsi varmı,
işığın xəlvəti bölgüsü varmı,
işığın “boz qurdu”, “ülküsü” varmı...
bir gözümdə yaş var,
bir gözümdə nur,
işığın işıqdan kölgəsi varmı...
İşığın işıqla nə ədavəti,-
işığın işıqla davası gedir,
acı göz yaşları gözümü yonur.
Vallah, ürəkdi də, bir gün bu sirri
soruşsa nə deyim, Paşa Qəlbinur...
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)