Super User

Super User

Bakıdakı Rus evinin Poeziya klubu çərçivəsində “açıq mikrofon” formatında poeziya axşamı keçirilib. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə gənc həvəskar şairlər və Azərbaycanın Rus Gəncləri Assosiasiyasının fəalları iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Yanıqlı nəğmələri ilə yaddaşlara həkk olunmuş sumqayıtlı müğənni Şəfa Hüseynovanın doğum günü idi. Şəfa nakam sevginin viran qoyduğu bir ömür idi. Yana-yana yaşadı, yaşaya-yaşaya öldü. “Geri dön” deyib haray çəkdi, ellər duydu, bir tək o daş adam duymadı.

“Ədəbiyyat və incəsənət” Lent.az-ın “Bir ulduz axdı” rubrikasında Şəfa Hüseynovanın xatırlanmasına diqqət yönəldir.

 

Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdu. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirmişdi. İlk yarasını qaçqın adıyla almışdı Şəfa. Elə ilk nəğmələri də vətən həsrətindən bəhs edirdi.

1992-ci ildə Sumqayıtda orta məktəbi əla qiymətlərlə bitirir, Türkiyədə Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir, gözəl səsi ilə türk tamaşaçılara Azərbaycan mahnıları oxuyur, əldə etdiyi gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa Xalq Yardımı Cəmiyyəti Fonduna köçürürdü. Uzaqlarda olsa da, o zamanlar çətin günlərini yaşayan Azərbaycan üçün əlindən gələni etməyə çalışırdı.

Vətəndən uzaqda çox qala bilmir, 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Ali məktəbi bitirdikdən sonra filoloq kimi davam etmək istəmir, özünü bütünlükdə musiqiyə həsr edir. Müxtəlif sənətkarlardan müğənni sənətinin incəliklərini öyrənir, müntəzəm olaraq hərbi hissələrdə konsertlər verir, el şənliklərinə dəvətlər alır.

Elə həmin illərdə Anar adlı bir gənclə tanış olub evlənir. Ailəsi evliliyinə razı olmasa da, eşqin gözü kor olar deyiblər, Şəfa Anarla evlənir. Lakin çox keçmədən, 3 ay sonra sevgisi atəş olub onun özünü yandırmağa başlayır.

Həyat yoldaşı Anar “N-brothers” qrupunun ilk solistlərindən biri idi. Evlənəndən çox az sonra kobudluğu, laqeydliyi ilə Şəfanı heyrətləndirir. Qız başa düşür ki, əri alfonsdur, onun pullarını başqa qadınlarla əyləncələrə xərcləyir. Şəfa ərindən ayrılsa da, ona olan sevgisi ölmür. “Geri dön” adlı mahnını ona həsr edir, geri dönməsi üçün yalvarır. Anarsa... Bu yanıqlı mahnı ona nə vicdan əzabı verir, nə geri döndürür. Şəfa “Ölə bilərəm”, “Sevgi qatarı” mahnılarında da həsrətini, harayını dilə gətirirdi. Mahnılarının musqisini, çox zaman sözlərini də özü yazırdı. Bu sevgi mahnıları o dövrün gənclərinin öz sevgilərini bəyan etmək üçün eyham alətinə, “himninə”, dərdlərinin şəfasına çevrilsə də, Şəfanın əlindən uçub getmiş xoşəxtliyini geri gətirmir.

Tez-tez gənc öləcəyini deyərmiş. 30 yaşı tamam olanda ad gününü qeyd etmək istəməyib. Bu yaşdan sonra daha yaşamayacağını, əbədi 30 yaşda qalacağını bilirmiş. 

Qardaşının dediyinə görə, bir dəfə mahnıya qulaq asa-asa “Mən tezliklə bu dünyadan gedəcəyəm” deyib. İki arzusu var idi. Ana olmaq və sənətinə pərəstiş etdiyi Alim Qasımovdan dərs almaq. Ana ola bilmədi, amma Alim Qasımovun tələbəsi oldu, ondan muğamın incəliklərini öyrəndi. Bunu özü üçün fəxr hesab edirdi.

Ölən günə qədər Anarı sevib, onun üçün ağlayırmış. Görünür xəyanətə uğramaq, vəfasızlıqla qarşılaşmaq onun qismətində varmış.

Ən yaxın dostlarından biri müğənni Elton Quliyev nə komada olarkən, xəstəxanada can verərkən, nə ölərkən gəlməyib, axtarmayıb. Hətta başsağlığı da verməyib.

2005-ci il dekabrın 1-də Şəfa anası və qardaşları ilə Saatlı rayonuna, qohumlarının toyuna gedir. Geri qayıdarkən qardaşı dəhşətli qəza törədir, qəzada yaralanan ana sükan arxasındakı oğlunun öldüyünü sanır və ürəyi tutub ölür. Şəfa da ağır yaralanır, komaya düşür. Qardaşının dediyinə görə, qəzadan sonra hamısı huşsuz vəziyyədə olublar, hadisə yerinə kömək adına gələnlər Şəfanın da, anasının da üstündəki qızılları qarət edib aparıblar. Qardaşı Hüseynlə Şəfa xəstəxanaya yerləşdirilir. Şəfa anasının vəfatından 3 gün sonra, dekabrın 4-də dünyasını dəyişir. Qardaşı onun ölümünü yalnız 40 gün sonra öyrənir. Hüseyn ölən günə qədər onların ölümündə özünü günahlandırırmış.

Şəfa getdi, özündən sonra həsrət dolu nəğmələri qaldı. 

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Repor”un bir müsahibəsini oxucularına təqdim edir. 

 

 

44 günlük Vətən müharibəsinin regionda yaratdığı yeni reallıqlardan biri də Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bağlıdır. Prezident İlham Əliyevin 2022-ci ilin dekabrın 24-də, məhz doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşməsi, burada səsləndirdiyi tarixi fikirlər icmanın bundan sonrakı fəaliyyəti üçün yeni yol xəritəsi və stimul olub.

Tarix bizdən hazırda siyasi gündəmin ən aktual məsələlərindən hesab edilən Qərbi Azərbaycana Qayıdış məsələsinə bir çox aspektlərdən yanaşmağı və araşdırmağı tələb edir. Tarixi həqiqətlərin dünyaya çatdırılması üçün sənətin gücü danılmazdır.

Kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Ayaz Salayevin soydaşlarımızın indiki Ermənistan ərazisindən didərgin salınması ilə bağlı çəkdiyi “Torpaq” tammetrajlı sənədli filmi xüsusi diqqətə layiqdir.

Ekran əsərində 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın həyat hekayələrindən bəhs olunur.

A.Salayev müsahibəsində filmin ideyasının necə yaranması, çəkiliş prosesi barədə danışıb. Onunla müsahibəni təqdim edirik.

 

- Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası barədə sənədli film çəkmisiniz. Filmin ideyası necə yarandı?

 

- Hələ Qərbi Azərbaycan mövzusu aktual olmayan zaman bu ideyanın bir başlanğıcı olub. 1988-ci ildə Moskvada aspiranturada təhsil aldığım vaxtlar tatarəsilli müəlliməm mənə bildirdi ki, ermənilər Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların başından bir tükün belə əskik olmadığını deyirlər. O zaman sovet dövrü idi, həmçinin Qərbi Azərbaycanda yaşayan qohumum, tanışım belə olmadığı üçün yaşanan hadisələrdən məlumatsız idim. Lakin elə o vaxtdan məndə sual yarandı ki, necə ola bilər ki, insan öz evini, malını-mülkünü qoyub mühacirət etsin?! İllərlə məni düşündürən sual həmin problemlə bağlı hansısa nəticələrə gəlməyimə səbəb oldu. Hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin adını sadəcə Qarabağla bağlamaq olmaz. Fikrimcə, keçmiş Dağlıq Qarabağ münaqişəsi böyük, nəhəng problemin bir qoludur. Qərbi Azərbaycan mövzusu isə sözügedən problemin ikinci qoludur.

Sovet dövrünün son illərindən başlayaraq Qarabağ mövzusu Azərbaycan kinosunda çox geniş yayıldı və işləndi. Ona vətənpərvərlik, siyasi və bir çox aspektdən yanaşılıb. Lakin Qərbi Azərbaycanla bağlı bunu demək olmaz. Bu baxımdan “Torpaq” filmi Azərbaycan kinosunda Qərbi Azərbaycan mövzusunun təməlini qoyur.

 

- Çəkilişlər zamanı sizi ən çox nə təəccübləndirdi?

 

- Filmin çəkilişləri əsnasında yüz nəfəri danışdırdım. Bu yüz nəfərdən heç biri ermənilər haqqında yaxşı fikir demədi. Bəlkə də bu cür hallar olub, lakin “Torpaq”da çəkilən insanların belə fikirlərinə rast gəlmədim. Onlardan bir nəfər də olsa demədi ki, məsələn, köçəndə ermənilərdən azərbaycanlılara kömək edən olub və s. Hansı ki, Sumqayıt hadisələri zamanı azərbaycanlılar erməniləri öz evlərində saxlayıb, onları qoruyublar.

Mənə elə gəlir ki, film təkcə Azərbaycan kinosunda yeni mövzunun əsasını qoymur, eyni zamanda yeni forma, tarixi salnamə kimi özünə yer tutur. Çünki o, nə sənədli, nə bədii film, nə də televiziya verilişidir.

Ekran işində tarixçilər danışmır, xəritələr yoxdur. Bu kinoda tarixi faktların özü danışır. Film çəkilərkən prinsipimiz belə olub ki, kim öz gözü ilə nə görübsə, onu danışıb. Ona görə “Torpaq” filmi tammetrajlı tarixi salnamədir. Çox istəyərdim ki, ölkəmizdə bu cür ekran əsərləri çox çəkilsin. Qərbi Azərbaycanla bağlı material çox azdır, lakin insanlar var. Filmdə çəkilən və dəhşətli faciələrin şahidi olan insanlardan bəziləri artıq dünyasını dəyişib. Ona görə də bu mövzunu diqqətdə saxlamaq lazımdır.

 

- İndi çoxlu sənədli filmlər çəkilir. İçində yaxşıları da var, film çəkmək xətrinə ərsəyə gətirilənlər də. Sizin ekran işiniz necə qarşılandı?

 

- Sözün düzü film bir o qədər də yayılmayıb. Bir dəfə nümayiş olundu, lakin əks-sədası çox gəlmədi. Çox istəyərdim bu film geniş kütlələrə çatsın.

 

- Sizcə, bunun səbəbi nə idi?

 

- Düzü bu barədə nəsə deyə bilmərəm. Yəqin ki, hər şeyin vaxtı var. Mən bu filmi çəkəndə bir gün Şuşaya gedəcəyimə, Cıdır düzünə ayaq basacağıma inanmırdım. Elə Qərbi Azərbaycan barədə film çəkəndə də inanmırdım ki, sözügedən mövzu nə vaxtsa aktual ola bilər, heç bu barədə düşünməmişdim də.

 

- Azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı bədii film çəkmək planınız varmı?

 

- Belə bir planım yoxdur, çünki mənim buna gücüm çatmaz. Amma çox istəyərdim ki, çəkilsin. Əslində elə mənim “Torpaq” filmimə baxsanız görərsiniz ki, o, bədii film üçün hazır ssenaridir. Burada bir neçə əhvalat var ki, onlardan rahatlıqla bədii film çəkmək olar. “Torpaq” filmində tarixin özü danışır. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan kinosu tariximizə borcludur.

 

- Hazırda siyasi gündəmin vacib məsələlərindən biri də qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarıdır. Qərbi Azərbaycan İcması fəaliyyətini gücləndirib. Siz bu qayıdışı necə təsəvvür edirsiniz?

 

- Məncə, bu suala XXI əsr tarixinin böyük şəxsiyyəti - Prezident İlham Əliyev ən dolğun cavabı verə bilər. Çünki mənim kimi bir çox insanın inana bilmədiyi şeyləri etdi, hansı ki, bunlar çoxları üçün möcüzə idi.

 

- Qərbi azərbaycanlılarla ünsiyyətdə olmusunuz. İnsanlar ata-baba yurdlarını necə xatırlayırdılar? Onlar danışanda nə müşahidə edirdiniz?

 

- Bu filmdə Qərbi Azərbaycandan deportasiya olunmuş vətəndaşlarımızla bağlı hər şey var. Çəkilişlər zamanı gördüm ki, onlar çox mərd adamlardır və onlar erməninin hansısa kiçik bir təxribatı ilə öz el-obalarını tərk etməyiblər. Ermənilərin törətdikləri bütün vəhşiliklərə baxmayaraq, mübarizə aparıblar, müqavimət göstəriblər. Bu baxımdan, film qaçış yox, mübarizə haqqındadır. Başqa millətin içində yaşamaqlarına baxmayaraq, öz milliliklərini qoruyub, assimilyasiya olunmayıblar. Bütün bunlar onu göstərir ki, torpaq elə onların torpağı idi.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Fransanın paytaxtı Parisdə təşkil olunan İncəsənət Sərgisində azərbaycanlı rəssam Niyaz Nəcəfovun əsərləri yer alıb.

 

“Ədəbiyyat və incəsənət” “Report”un Fransa bürosuna istinadən xəbər verir ki, ildə bir dəfə baş tutan Paris İncəsənət Sərgisində bu il azərbaycanlı rəssam Niyaz Nəcəfovun yağlı boya ilə ərsəyə gətirdiyi son əsərləri yer alıb.

 

1999-cu ildən fəaliyyətə başlayan Paris İncəsənət Sərgisi bu il 25 illiyini qeyd edir və bu münasibətlə 25 ölkədən 134 qalereyanı bir araya gətirib.

 

Paris İncəsənət Sərgisi 25 il ərzində hər ilin bahar mövsümündə incəsənət xadimlərinin qaçırılmaz görüş yerinə, müasir incəsənəti yenidən kəşf etmək üçün əlamətdar hadisəyə çevrilib.

 

Qeyd edək ki, Niyaz Nəcəfovun əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka, Fransa və digər xarici ölkələrdə nümayiş etdirilib. N. Nəcəfovun əsərləri habelə Azərbaycanın hüdudlarından kənarda bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Rəssam 2009-cu ildə Azərbaycanı 53-cü Beynəlxalq Venesiya Bienalesində təmsil edib.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib. 

 

Kitab taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür. 

“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib. 

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Sabah Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsəri əsasında hazırlanmış “Meyvələrin söhbəti” tamaşasının premyerası olacaq.

 

Tamaşa “Muğam dünyanı birləşdirir!” layihəsi çərçivəsində hazırlanıb. Layihənin məqsədi gənc tamaşaçıları Azərbaycanın xalq musiqisi və digər ölkələrin ədəbi əsərləri ilə tanış etməkdir. 

Tamaşada rolları İskra Tarant, Yevgeni Maksimov, Məmməd Əlili və Sona Abdullayeva, eləcə də xanəndə Elgiz Əliyev ifa edirlər. 

“Meyvələrin söhbəti” tamaşasında deyilir ki, həyatda hər kəsin öz yeri var. Başqalarını alçaltmaqla öz ləyaqətini ucalda bilməzsən.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2013)

Türki Ədəbiyyat Vəqfinin başqanı, tanınmış türk şairi Serhad Kabaklı İstanbuldan poçtumuza 50 illik yubileyini qeyd etməyə hazırlaşan şair və türkçü Əkbər Qoşalı barədə yazı göndərib. Onu oxucularımızın diqqətinə yönəldirik. 

 

 

Əkbər Qoşalı – Bakı küləklərinin Türk dünyasına hədiyəsi...

Əkbər Qoşalı – Türk dünyasının “Dərman Ata”sı…

Türk dünyasının istənilən yerində əgər kiminsə başı ağrısa Əkbər Qoşalının da başı ağrıyar…

Əkbər hər türkün dərdinə şərik olmaq, hər yaranı sarıb-sağaltmaq üçün çırpınıb-durur…

Və Əkbər Qoşalı Yaradanın Türk dünyasının ədəbi-mədəni əlaqələrinə lütfüdür...

Türkiyədə zəlzələ olur – dağıntılar altında Əkbər qalır…

Xocalıda soyqırım olur – Əkbər 613 dəfə ölür…

Sevgili qardaşım Əkbər həyatını Türk birliyinə həsr etmiş bir adamdır.

Məsələ bununla da bitmir. Əkbər öz daxili dünyasını aydınlatmaq üçün bütün bu iş-gücün arasında kitablar yazar.

Gündüzlərini mübarizə ilə, gecələrini gələcək nəsillərə ərməğan edəcəyi əsərlərlə doldurar…

Əziz Əkbər, yaxşı ki, varsan!

Nə yaxşı ki, mənim qardaşım oldun!

Bu dolu həyatının 50-ci ili qutlu olsun. Daha neçə sağlam, xoşbəxt, uğurlu illərə və yaşlara..

Səni çox istəyirik!

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Aprelin 8-dən 11-dək Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı təşkil ediləcək. Festivalın ideya rəhbəri “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.

 

“Ədəbiyyat və incəsənət” portalı ictimai birliyə istinadən xəbər verir ki, festival çərçivəsində Bakı İdman Sarayında on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar təşkil olunacaq.

Qeyd edək ki, tədbirin təşkilatçıları “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin Elm və Təhsil Nazirliyidir. 

Girişi sərbəst olan tədbirdə məşhur uşaq yazıçılarının imzalı kitabları festival ziyarətçilərinə təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Tərcümə vaxtıdır, Təranə Vahidin müasir qazax ədəbiyyatından tərcüməsidir.

 

                           

 

Özbək yazıçı-dramaturqu Javlon Jovliyev  1991-ci ildə Özbəkistanın Kaşkədərya vilayəti, Qamaşı rayonu, Qıştlı kəndində anadan olub. Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun bədii jurnalistika fakültəsini bitirib.

         “İki ürəyin görüşü”  hekayələr kitabının və 2021-ci ildə Özbəkistanda bestseller olan "Qorxma" romanının müəllifidir.

Muqimi adına Musiqili Dram Teatrında “İsti qar” (Usman Nasir haqqında) pyesi tamaşaya qoyulub.

Özbəkistan Yazıçılar Birliyinin üzvü olan gənc yazıçı  “Gələcəyin qurucusu” medalı ilə təltif olunub. Əsərləri rus, ingilis, türk, fars dillərinə tərcümə olunub.

 

 

Javlon JOVLİYEV

 

BUXARA, BUXARA, BUXARA...

 

O il qış sərt gəlmişdi. Bir yerdə oynadığımız əfqan uşaqlarının uzun kirpiklərinin bir-birinə yapışdığını, uclarının da bir az ağarıb aşağı düşdüyünü, azacıq da olsun, xatırlayıram. İndiki Şaxta babaların süni kirpikləri kimi... Əfqan uşaqlarla tez dostlaşdım. Baxmayaraq ki, onlar  məndən həm hündür, həm də bir-iki yaş böyük idilər. Bacım Ayşəbibi isə evdən çıxmazdı. Atam evimizdə Buxara üsulu ilə tança* qurdurmuşdu. Ayşəbibinin cır-cındadan nələrsə quraşdırıb  tançanın yan-yörəsində oynadığı da yadımdadır...

Anamsa gecə-gündüz qardaşımın hayındaydı. Böyük qardaşım vərəmə yoluxmuşdu, bizi yanına buraxmırdılar. Bacım Ayşəbibiylə saatlarla pəncərənin qarşısında dayanıb çöpə dönmüş, solğun bənizli, gözləri çuxura düşmüş, baxmağa belə heyi olmayan qardaşıma  tamaşa edirdik. O da bizi görür, “yaxşıyam” deyirmiş kimi qupquru əllərini qaldırıb yelləyirdi. Qardaşımın yaxın günlərdə  yaxşılaşıb ayağa qalxacağına,  inamlı addımlarla yeriyəcəyinə heç bir şübhəmiz yoxuydu. 

Atam bazarda hamballıq edirdi. Ara-sıra dümağ, yumyumşaq bir şirniyyat gətirdiyini də xatırlayıram. Çox ləzzətliydi, ağızda əriyib gedirdi. Adının nə olduğunu bu gün də bilmirəm.

Anam  ilk dəfə şirniyyatı görəndə ağladı. Ayşəbibi (biz onu qısa adla Ayşə çağırırdıq)  anamın dizinin üstündə oturub cıqqılı əlləriylə onun üzünü-gözünü silə-silə:

– Niyə ağlayırsan, ana? – soruşdu.

– Buxaranı xatırlatdı, qızım!

O zamanlar ən çox eşitdiyim söz Buxaraydı. Buxara, Buxara, Buxara... Xəyallarımda bu yer-göyün üzündə  ağappaq buludlar arasında parlaq daşlarla tikilmuş saray dünyadakı bütün nağılların bitdiyi yer idi. Buxarada doğulsam da, özümü tanıyandan Kabil yaxınlığındakı kənddəydim. Atam burada bir fırıldaqçıya aldandığından əlində-ovcunda olanları itirmiş, yoxsulluq girdabına düşmüşdük.

Ən pisi də qardaşımın xəstələnməyiydi. Onun sağlam halını xatrırlamağa çalışsam da, heç cür xatırlaya bilmirəm. O da yadımdadır ki,  çox zəif olduğu vaxtların birində öskürə-öskürə evdən çıxdı. İşə getməzdən əvvəl bizi öpdü. Qardaşım o vaxtlar gözümüzə çox böyük bir adam kimi görünürdü; anam da, atam da ona tam güvənirdilər.

          İndisə anam qardaşımın yastığının dibindən ayrılmır, ona sulu şorba-şilə içirdir, tərini silir,  əllərini, ayaqlarını ovuşdururdu. Bizə qardaşımın xəstələyinin keçici olduğunu desə də, özü doyunca  balasının üzündən-gözündən öpürdü. Anam o vaxtlar gənciydi, otuz yaşı yenicə tamam olmuşdu. Uzun, qara saçları, qalın qaşları, sevgiylə baxan gözləri və yanaqlarındakı batıqlarıyla buxaralı gözəl bir qadın idi. Mənimlə Ayşə anama, qardaşım isə daha çox atama oxşayırdı. Ala gözləri yadımdadır...

         Biz Hacı Əhməd adında bir tacirin  alçaq tavanlı, ikiotaqlı evində kirayədə qalırdıq.O da bizə kömək edirdi. Qardaşım xəstə olanda ona hardansa aztapılan meyvəl tapıb gətirirdi.

Amma qardaşım qışdan sağ çıxmadı. Onunla vidalaşmağımıza icazə belə vermədilər. Anamın fəryadı qulağımızda bir küncə qısılmışdıq. O yaşlarda ölüm, ölmək kimi sözləri eşitmişdim, amma ölümün tam olaraq nə olduğunu hələ dərk etməmişdim. Qardaşım öləndən sonra nə vaxt darıxsaq, çıxıb yolunu gözləyir, gələcəyini düşünürdük. Bir həftə keçdi, bir il oldu, amma gəlmədi. Anam bir gün çapanlarımızı** geyindirdi, özünün də  incə çapanını çiyninə atıb bizi qardaşımızın yanına apardı. Qardaşımızı görəcəyik deyə, yolboyu sevinir, xoşbəxtlikdən uçurduq. O gün ətrafda sıx duman vardı, ayaqlarımızın altını belə görə bilmirdik. Göydən nəsə yağırdı, amma çapanımız islanmırdı. Sonra küləyin sovurduğu xırda tozlar gözümüzə doldu. Yıxıla-yıxıla, dura-dura yolumuza davam etdik. Nəhayət, anam dayandı. Gözlərini qabarıq, ətrafına odunlar düzülmüş qara torpağa dikdi.

– Burda qardaşın yatır, – dedi anam.

– Hanı, hanı? Biz qardaşımı deyil, torpaq yığınını görəndə soruşduq...

Torpaq topasının aralanacağını, içindən üst-başı toz-torpağa bulaşmış qardaşımın çıxacağını zənn edirdim.

– Qardaşım üşümür? – soruşdu Ayşə.

– Yox, o, istidə yatır, – dedi anam və hönkür-hönkür ağladı.

          – Qorxuram! – dedi Ayşə.

Anam Ayşənin bu sözlərindən sonra ağlamadı, amma xeyli vaxt təngnfəs olub uçundu... 

Biz də ağladıq. Mən o zaman beş-altı yaşlarındaydım. Qardaşım öləndən sonra evin böyük uşağı mən olmuşdum. Amma anama necə təsəlli verəcəyimi bilmir, göz yaşlarımı saxlayammırdım. O göz yaşları heç vaxt ağlımdan çıxmır. Ah, yazıq anam!

Anamı gülməyi ilə yox, daha çox ağlamağı ilə xatırlayıram... Gənc olmasına baxmayaraq, saçlarına dən düşmüdü; deyəsən, gülməyi də yadırğamışdı. Qardaşım öləndən sonra üzü heç gülmədi.

Atam gecə-gündüz özünü oda-közə vursa da, qazancı qarnımızı güclə doyururdu. Ağrıyan ayaqlarıyla axsaya-axsaya yeridyini, çatlaq, qabarlı, param-parça olmuş əllərini xatırlayıram.

Qış, bahar ötüb keçdi, amma anamın göz yaşları qurumadı. Aulumuzdakı ərik ağacı çiçək açdı, anam onu görəndə də ağladı.

– Ana, niyə ağlayırsan? – soruşanda:

– Buxaradan ötrü darıxıram, – deyirdi.

Dediklərinə görə, anamın atası Buxaranın  zəngin adamlarından biriymiş. O, bolluq, firəvanlıq  içində keçən günlərinin xiffətini çəkir, darıxdıqca  “Evimə getmək istəyirəm, evimə!..” – deyirdi.

– Buxara necə bir yerdir? Niyə bu qədər ağlayırsan, desənə, ana, Buxara necə bir yerdi?

– Ağlamadığın yer, bala, ağlamadığın yer...

Hər gün vəziyyət eyniydi. Allahın bir günü yoxuydu ki, anam Buxara üçün, ya da vaxtısz ölən qardaşım üçün ağlamasın. Ağladıqca pərişan olur, gözləri qan çanağına dönürdü. Buxaradakı qohum-əqrəbası, böyük, bağlı-bağatlı evləri üçün darıxırdı...

Buxaradan gətirdikləri hər şeyi gizlədirdim ki, anam yadına salıb  üzülməsin.  Aypara formasındakı taxta darağını belə gizlətmişdim. Amma  xeyri olmadı, hər şey anama Buxaranı xatırladırdı; göy üzündə uçan qaranquş da, qumrunun axmaqcasına çıxardığı “guh-guh” səsləri də, Əfqanıstan küləyinin uğultusu da Buxaranı yadına salır,  anam əlacsız-əlacsız ağlayırdı.

Kədər anamı yeyib bitirirdi. Bəlkə, fikri dağılar deyə, atam onu işə düzəltdi. O aralar ev işlərini mən görürdüm. Amma qaranlıq bir gündə iplik fabrikindən anamın meyitini gətirdilər. Anamı da vərəm apardı...

Anamla vidalaşmağa heç kim mane ola bilmədi. Mən yanaqlarından öpərkən Ayşə soyuq qoynuna girib  “heç kimə verməyəcəkmiş kimi” ağlayırdı. Arada “Anam oyansa, məni mütləq öpər”, – deyirdi. Bacımın halını gördükcə  qışqırıb  ağlamaq istəyirdim, amma atamı düşünərək özümü zorla saxlayırdım. Ayşə anamın qoynundan çıxmaq istəmir, çaşqın, ümid dolu gözləriylə ətrafa baxır, sanki “anamı mənə qaytarın”, –  deyirdi.

– Anam nə vaxt duracaq?

– Sonra, Ayşə! Sən o biri otağa get!

– Nə vaxt qalxacaqsan, ana, denən, nooolar! – deyərkən anamın dümağ üzü, balaca dodaqları tərpənmirdi. Anam mələk kimi yatırdı. Buxaranın gözəli, pərisi...

Ayşə ölümün nə olduğunu sezsə də, qəbul eləmək istəmirdi. Ayşəni anamın qoyundan çəkib alanda elə qışqırdı, elə qışqırdı ki, o dəhşətli,  ələmli, dərdli səs ox olub ürəyimə sancıldı və həmişəlik orda qaldı.

 

***

 

Dünyada xəstəlikdən, bəladan daha betər nə var ki? Hər addımda qarşına çıxıb səni yaxalayır. Billah ki, vətənsizsən, qürbətdəsən. Sıxıntılar göz açmağa imkan vermir, elə hey dolu kimi üstünə yağır...

Amma nə olursa-olsun, qardaşım, anam üçün yaşamalıydıq.  

O ağır, qara günlərdə özümüz üçün bir təsəlli tapdıq. Bu təsəlli  anamızın ardınca qara torpağa getməyimizə mane oldu. Bu uca təsəlli “Buxara” deyilən sözcük idi.

Atam anama “məkanı cənnət olsun”, – deyə dua edəndə  Ayşə ilə mən də Buxaraya dua edərdik. Çünki o vaxtlar mənim üçün ən aydın, ən saf, ən rahat yer Buxara idi. Ayşə mənə hiyləgərcəsinə suallar verirdi:

– Anam Buxaraya gedibsə, nə vaxt gələcək, qardaş?

– Buxaraya gedən insan geri dönmür. O, göy üzündə buludlar arasında, qızıldan tikilmiş evdə, bal, halva, kabab ilə bəslənir!

– Anamla qardaşım bizi niyə qoyub getdilər? Buxarada bizə yer yoxdurmu? Orada başqa nələr var?

– Vətən var.

– Kim?

– Vətən.

– O kimdi?

– Mən onu tanımıram. Atam, anam, qardaşım tanıyırlar. O, gərək ki, Buxarada yaşayır...

– Elədirsə, biz də Buxaraya gedək, gedəkmi?

– İndi getməyək.

– Niyə?

– Atam icazə verməz. Amma əlbəttə, bir gün gedəcəyik.

– Xeyr, qardaş, bu gün gedəcəyik, hə,  bu gün...

Ayşə o gündən sonra Allahın verən günü “Buxaraya gedəcəyikmi?” – deyə soruşmağa başladı. O hər dəfə  dirəşəndə atamın gözləri yaşla dolur, ürəyi üzülürdü. İlk dəfə atamın ağladığını görəndə artıq işləmək vaxtımın gəldiyini dərk etdim. Hələ yeddi-səkkiz yaşlarında bir uşağıydım. Qürbət insanı tez böyüdür, tez qocaldır.

Məktəbdən çıxıb vaxtı ilə qardaşımın işlədiyi fabrikdə işə başladım. Atam orada işləməyimi istəmirdi. Çünki bu pambıq fabrikində uşaqları insafsızcasına işlədir, bu əziyyətin qarşısında haqq olaraq  pul belə sayılmaycaq qəpik-quruş verirdilər. Amma o pullar olmasaydı, Buxaraya qayıda bilməyəcəyimizi dərk edirdim.

Beton divarlarla hasarlanmış fabrikdə makinalar dayanmadan gurultuyla işləyir, tonlarla pambığı necə udduğuna yaxından baxır, amma pambıqla birlikdə bizləri də uda biləcəyini, bir anda dünyamızı dəyişəcəyimizi ağlımızın ucundan  belə keçirmirdik. Durmadan, dincəlmədən işləyir, elə hey çalışırdıq.

Fabrikin sahibi yanımıza  ayağını belə qoymazdı. Onu, sadəcə, uzaqdan görürdük. Bir gün onun iti  fabrikin giriş qapılarının birinin ağzında birdən-birə peyda olub  dayandı. Ağappaq tükləri daraqla daranmış kimi dalğalanırdı; burnumuza ətir qoxusu gəldi.

Bütün uşaqlar işi unudub qapının ağzında dayanan itə baxırdı. Biz iti, it də əyni-başı yaman gündə olan biz  uşaqları nəzərdən keçirirdi. İpliklərə düyün düşür, açılır, makinalar boğulacaq kimi uğuldayır, amma biz heç nə olmamış kimi itdən gözümüzü çəkmirdik. Görünüşümüz insanlıqdan çıxmışdı, yalnız işım-işım yanan gözlərimiz bizim də hansısa canlı olduğumuzun yeganə nişanəsi idi. Boynuna gümüş medalyon bağlanmış itə uşaqlığımızın bütün saflığı və ümidsiz baxışlarla baxır, kasıb komamızı, dərdlərimizi bir anda unudub bəxtlı uşaqlar kimi xəyallar qururduq...

İt qan qırmızı dilini çıxarıb sanki “içəri girimmi, girməyimmi?” kimi  iki yol arasında qalmışdı. Axırda geri dönərək yamyaşıl çəmənliyi olan bulvara tərəf qaçdı. Deyəsən, bizdən iyrəndi...

Bu fabrikdə doqquz ay işlədim. Doqquz ayda on dörd uşaq fabrikdən ayrıldı. Adımız kimi bilirdik ki, onlar, sadəcə, fabrikdən deyil, eyni zamanda  işıqlı dünyadan da ayrılıblar.

Burada uzun müddət çalışmağın axırı vərəmlə qurtaracaqdı; bilirdim ki, gec-tez vərəm məni də qardaşımın,  anamın yanına aparacaq. Bu səbəbdən ingilscə öyrənib yüngül bir işə keçmək istəyirdim. O sahədə  iş daha yüngül, maaş da babat idi. Bunun üçün bəsit də olsa,  ingils dilində bilmək bəs edərdi. Gecələr yatmadım, əvvəlcə ingilis əlifbasını öyrəndim; sonra əlimə keçən qəzetləri oxumağa başladım. Bunu heç kimə bildirmirdim. Çünki uşaqların  çoxu olduqca fanatik fikirlərlə böyüdülmüşdü; müsəlman olmayanların dilini öyrənmək istəmirdilər, bunu xoşagəlməyən əməl və ya dindən çıxmaq kimi dərk edirdilər. Ona görə də vərəm olmağa da, ölüb getməyə də razıydılar. Mən ingilis dilini ölməmək üçün öyrəndim. Vəziyyət belə olanda dil öyrənmək daha asan olur, heç  müəllimə də ehtiyac qalmır. Təxminən bir ay sonra seçmə mərhələlərdə iştirak etdim və yaxşı bal qazandım. Mənə tapşırdılar ki, it saxlanılan yerdə  fabrik sahibinin itinə baxım. Artıq evə də  az gedir, elə it damının  yanındaca yıxılıb yatırdım. Yaz gecələrində bütöv ayın işığında Cek Londonun bir zamanlar mətbəxin qarşısından tapdığım “Martin İden” romanını oxuyurdum. Bir də xəbər tutdum ki, bu kitabı səkkizinci dəfə oxuyuram. Bu kitab mənə yalnız ingilis dilini deyil, dözümü, səbri,  güclü olmağı da öyrətdi... Kitabı oxuyarkən özümü it damıyla üzbəüz betonun üstündə sərilmiş kilimin üstündə deyil, daha geniş bir yerdə – açıq okeanda, bəxtəvər günlərə doğru üzən böyük gəmidəki qüdrətli,  azad  insan kimi hiss edirdim. Bu mənim günümdə  olan uşaqlar üçün əvəzolunmaz bir hiss idi.

Ədəbiyyat mənə güclü olmağı öyrətdiyi üçün ona borcluyam, elə indi də...

Sahibkarın itini hər gəzdirməyə çıxaranda mənə cibindən çıxarıb qəpik pullar verirdi, bunlar ayın sonuna kimi üst-üstə yığılanda maaşım qədər olurdu. Düzdür, bəxşişin yarısını elə yerindəcə  təkəbbürlü tikinti müdiri müsadirə edər, qalanını isə atama verərdim. Bu pullarla bacım Ayşəbibinin məktəb xərclərini ödəyərdik.

Mən bir gün Cek Londonun kitabını oxuyarkən sahibkar duyuq düşdü. Yanıma gəlib çaşqın-çaşqın mənə baxdı. Elə o vaxt şişman qarınlı, gonbul sifətli tikinti müdiri hardansa peyda oldu. O, mənə əvvəldən “Sahibkarımız sınıq-salxaq ingilsicə danışanları heç sevmir: məbadə ağzından bir kəlmə çıxarasan ha!” – deyib tənbeh etmişdi.

İngiliscə danışdığımı biləndə mənə elə nifrətlə baxdı ki, o an itin azı dişləri arasında parçalanan sosiska kimi yox olub getmək istədim. Çünki onun uşaqlarla  vəhşicəsinə  rəftar etdiyini hər kəs bilirdi.

Müdir dişi bağırsağını kəsə-kəsə mənə gülümsədi. Harada nə edəcəyi bəlli deyildi axı, hər şey gözlənilirdi ondan. Nöqsanı axtarılan adama hər addımında bir ayıb tapmağa nə var ki...

Ah!.. Qürbət ellərdə böyüyən uşaqlar üçün belə xor  baxışlarla, boyumun uzanmağına baxmayaraq, ürəyimdə qorxu, təlaş,  özümü hər kəsdən kiçik hesab etmək  kimi duyğular  böyümüşdü. Çünkü mən vətənsiz, kulak*** sinfindən bir  ailənin övladıydım. Bunu əfqanların, ingilislərin  və digər millətlərin  də bildiyini bilirdim. Onlar qürbət ellərdə  qərib olduğumu üzümə belə baxmadan uzaqdan, kölgəmi görər-görməz bilirdilər və alçaldacaq bir insan tapdıqları üçün əllərini bir-birinə necə sürtdüklərini elə bil gözümlə görürdüm.

Sahibkar sakit səslə:

– İngilscə sərbəst oxumağı hardan öyrənmisən? – deyə soruşdu.

Suala cavab verimmi, verməyim deyə, müdirə baxdım. O, nifrətlə hələ də gözlərimin içinə baxırdı. Nə edəcəyimi bilmədiyimdən özü cavab verdi:

– O hardan bilsin, cənab! Özü elə mühacirdi də...

– Yox, bilir! Bilirsən, deyilmi?

– Xeyr, xeyr! – dedim.

– Vay-vay, bülbül kimi ötürdün, indi bilmədiyini deyirsən, eləmi! Gedək mənimlə.

Mən ömrümdə belə dəbdəbəli evə girməmişdim. Ağzım açıla qalmışdı. İçəri girər-girməz  burnuma gözəl gül ətri  toxundu. Kirli ayaqlarımı dümağ türkmən xalçalarının üstünə qoyummu, qoymayımmı deyə, tərəddüd içində qalmışdım.  Sahibkar biləyimdən yapışıb otağı göstərdi. İçəridəki ağappaq heykəllər, möhtəşəm vazalar, xariqə rəsmlər ağlımı başımdan aldı, bir anda ayaqlarımın yerdən üzüldüyünü hiss etdim. İlk dəfə Rufgilin evinə qədəm qoyan Martin İden kimi...

O arada yırtıq, yamaqlı paltarlarıma  baxıb utandım. Bunu sezən sahibkar xidmətçini çağırıb məni yuyundurmağı əmr etdi. Xidmətçi bəmbəyaz dişlərini göstərərək mənə gülümsədi. Məni hamama aparıb bədənimə ağappaq qara bənzər bir şey sürtərək ovuşdurdu. Bütün bədənim rahatlandı. Amma hələ qorxur, “Məni yuyundurduqdan sonra öldürəcəkmi, əcaba?” – deyə düşünürdüm. Yuyunandan sonra mənə qəttəzə paltarlar verdilər.

Təzə paltarlarda özümü belə tanıya bilmirdim. Gözəl paltarları geyinib kef elədim. Ölüm də ağlımdan uçub getdi.

Bəy əfəndi  məni gözləyirmiş, xidmətçinin ardınca ikinci mərtəbəyə çıxmağa başladım. Onun arxasıycan gedərkən məni yenə qorxu bürüdü. Bir az əvvəl məni çimizdirən qadın da gözümə şübhəli görünməyə başladı.

Sahibkar ikinci mərtəbənin taxta qapısını açanda heyrətdən bir anda daşa döndüm. Orada mənim xəyal dünyama  sığmayacaq qədər çoxlu kitablar vardı. Kitablara göz gəzdirərkən ölümü,  qorxunu, aclığı, işsizliyi  belə bir anda unutdum. Ağlıma anam gəldi. Mənə elə gəldi ki, anam xoşbəxtliyimi hiss edir...

Sahibkar burdan  istədiyim vaxt kitab götürə biləcəyimi dedi. Bir şərtlə ki, kitabları oxuyandan sonra yerinə qoyum.

         Mən  hər gün boş vaxtlarımda kitab oxuyur, qəzet səhifələrini vərəqləyirdim. Burada mənim ağlıma  gələməyən dillərdə çoxlu kitablar vardı. Özbək, fars, əfqan,  ingilis dilində yazılmış kitabları oxuyur, amma çoxunu başa düşmürdüm. Bu mütaliələr məni müdirin hücumlarından qoruyur, oturub kitab oxuduğumu görəndə özünü görməməzliyə vururdu.

Durmadan kitab oxuyurdum. Tibb, iş dünyası və tarixə aid kitabların mübtəlası olmuşdum. Psixologiyanı sevməyə başladım. Beləcə, itə baxmağa həsr etdiyim altı ilim imkan verdi ki, həyatımın təməlini elmlə yükləyim. Bu arada atam Ayşəni ərə verdi. Bacım hələ yetkinlik yaşına çatmamışdı. Amma kürəkən bizim kimi Buxaradan gəlmiş özbək ailəsindən olduğu üçün  qızı görməyə gələnlərə atam “yox” demədi. Kürəkən bacımdan on iki yaş, məndən on yaş böyük idi.  Dəliqanlı uzun illər buxaralı qız axtardığından evlənə bilməmişdi. Yaşca böyük olsa da, məclislərdə məndən yuxarıda oturmazdı. Onlar çox keçmədən Ayşəni də götürüb Türkiyəyə köçdülər. Mən tamamilə tək-tənha qaldım!..

O il sahibkarımız İngiltərəyə getmək istəyirdi. Məni də özüylə aparmaq niyyətindəydi. Amma çox bədbəxt bir hadisə oldu, fabrik yandı.  Sahibkar da, müdir də, it də öldü. Yalnız fabrikdə çalışan otuz səkkiz uşaq sağ qaldı.

Bu faciədən sonra burada qalmayacağımı başa düşdüm. Necə olursa-olsun, Avropaya getməyin yolunu axtarıb tapacaqdım. İngils dilini yaxşı bildiyim üçün avropalı bir tacir məni işə götürdü. O, parça alveri ilə məşğul olur, parçaların arasında müxtəlif narkotik maddələr gizlədərək İrana, oradan da Avropaya ötürürdü. Olduqca şəxsiyyətsiz bir adam idi, mənə  beş-on quruş verib eşşək kimi işlədirdi. Yalnız onun firması sayəsində ölkə xaricinə çıxmağın mümkün olduğunu bildiyimdən  dişimi dişimə  sıxıb fürsəti gözləyirdim. Gecə belə yatmağıma imkan vermir, haqq-hesab dəftərlərini ortalığa tökür, bunun əvəzində ayda iyirmi beş dollar verirdi.    

Gözlədiyim fürsət bir ildən sonra əlimə düşdü. O zaman on səkkiz yaşındaydım. Tacirin iranlı xanımı doğum ərəfəsindəydi deyə, məni Avropaya göndərmək istəyirdi. Çünki haqq-hesabda ondan daha mahir idim.

Beləcə, yola çıxdım. Türkiyəyə çatanda  onun parçaya bükülmüş bütün narkotiklərini palçığa atdım, qiymətli parçalarını satıb İtaliyaya getdim. Orada bir müddət işlədikdən sonra İngiltərəyə gəldim. Orada da iki ay qalandan sonra  gəmiylə Amerikaya yollandım.

Amerikaya çatanda nahar eləməyə belə pulum yoxuydu. Az qala acından öləcəkdim. Necə gün reklamlarla dolu küçələrdə it kimi sülənib iş axtardım. Qan donduran soyuq, aclıq və yuxusuzluqdan gözlərim qızarmış, üzüm göyərmiş, bədənimdə qəribə xallar peyda olmuşdu. O günlərin birində Rəbbim məni qoca Riçardla qarşılaşdırdı. Mənim toyuq kimi ətrafa baxa-baxa zibilləri eşələdiyimi görüb acıqlandı. Qoca Riçard  bu “tarla”nın da öz sirləri olduğunu deyib hansı bağlamanı açıb, hansına toxunmamağı mənə öyrətdi. Evsiz olduğumu biləndə mənə daxmasında  yer verdi. Qoca Riçardın arvad-uşağı yoxuydu. İçki üzündən yaxınları onu tərk etmişdi. Gecə içib hönkür-hönkür ağlayardı. Amma səhərlər eyni vaxtda dimdik ayağa qalxar, heç bir şey olmamış kimi mənimlə işə gedərdi. Gün boyu zibil qutularını qarışdıırar, gecə əməlli-başlı  “zəngin” halda daxmaya qayıdardıq. Təəssüf ki, bir səhər qoca Ricard oyanmadı. Vəsiyyət etdiyi kimi məzar daşına “Qoca Riçard sizi çox sevir!” sözlərini yazdırdım. Biçarə Riçard  günlərin birində arvad-uşağının  onu axtarıb tapacağına inanırdı.

Ondan sonra bütün pulumu toplayıb, Qoca Riçarddan qalan dəyəni də satıb ticarətə girişdim. Nə yazıq ki, bu dəfə də rəqiblər məni “əzib” keçdilər. Altı ay olmamış iflasa uğradım. Üstəlik, nə evim, nə pulum vardı. Lakin ən ağır günlərimdə belə xəyallarımı öldürmədim. Atam bu aralar Ayşəgilin İstanbuldakı evinə köçmüşdü.

Sonradan açdığım emalatxananın heç bir yaşı olmamış mən yenidən müflis oldum. Bankların faizləri nəfəs almağa imkan vermirdi.

Mən köhnə işin yasını tutmadan yeni işə başlayır; biri olmasa, başqa birinin məni ağ günə çıxaracağına inanırdım. Ən sonda reklam afişaları çap edən bir emalatxana açdım. Orada da beş aydan sonra işlər tərs getdi. Harda səhv etdiyimi yaxşı-yaxşı düşünüb-daşındım. Oxuduğum o qədər kitabdan əldə etdiyim bilikləri dövriyyəyə buraxdım.

Yenidən reklam afişaları hazırlamağa başladım. Müştərilərimin sayı yavaş-yavaş artmağa başladı. Gecəmi gündüzümə qataraq çalışır,  iş yerində  ayaqüstə ağzıma bir loxma çörək qoyur, elə oradaca yatıb qalırdım.

Axır ki, ilk dəfə öz işimin sahibi olub, Hindistandan və Çindən gələn iki tələbəni də  işə götürdüm. Üçümüz də dayanmadan işləyib həftədə əlli dollar qazancı olan emalatxananı həftəlik əlli min dolar qazancı olan bir firmaya çevirdik.

Televizorda alış-veriş sektorunu ilk dəfə biz yaratdıq. Böyük kreditlər götürüb işə başladıq. “TV bazar” mənə gözlədiyimdən də çox pul,  güc qazandırdı. Amma mən hələ tam məqsədimə çatmamışdım. Mühərriklər istehsal etməyə başladıq və qısa müddətdə dünya bazarına çıxdıq. İkinci il bizim istehsal etdiyimiz motorlara tələbat artmağa başladı və iyirmidən çox ölkə ilə müqavilə bağladıq. Müqaviləni bağlayandan sonra Floridadakı villama köçən gün anamın Buxaradan gətirdiyi darağa baxaraq hönkür-hönkür ağladım.

Türk xanımım mənə dörd oğul bəxş etmişdi. Atam nəvələrinin qucağında, gözəl günlərimizə şahidlik edərək fani dünyadan köçüb getdi. Uşaqlarım özbəkcə və türkcə danışır, ingilscə yazıb-oxuyurdular. Mən isə... mən...

                                         

***

 

Budur, neçə illərdən sonra, nəhayət, ixtiyar çağımda Buxaraya, ata yurduma gəldim! Doxsan ildən sonra...

Ey, Buxara! Bu mənəm! Bu mənəm! Sənin oğlun, övladın, doxsan ildən sonra qoynuna gəldi! Bu vaxta kimi niyə qayıda bilmədim? Ən ülvi azrumu, anamın, atamın istəyini bu zamana qədər niyə yerinə yetirmədim?  Niyə? Xəyallarımdakı, ümidlərimdəki o buludlar arsındakı gözəl, möcüzəli Buxaranı itirməkdənmi qorxdum?! Xəyallarımın ilğıma dönməsindən, Buxaranın yox olub getməsindənmi qorxurdum? Ah, bura gələndə  qardaşımı, anamı tapmayacağımdanmı qorxurdum? Çünki onlar mənim üçün  bu zamana qədər Buxarada idilər. Buxarada...

Ey Buxara! Düz doxsan il əvvəl buradan qovulan övladın gəldi. Sürgün olunmuş milyonlarla övladından vəkil olaraq yalnız biri gəldi. Sürgündən, aclıqdan, məhkumluqdan, alçaldılmaqdan, çətinliklərdən ölüb getməyən, hamısına sinə gərən balan gəldi. Hələ yaşayır!

Hələ Vətənin nə demək olduğunu bilməyən o uşaq, anasını, qardaşını, keçmişini arayıb-axtararaq gəldi. Ey ata yurdu, bilirsənmi, səni bir dəfə görməyə can atan neçə-neçə insanlar torpağına üz sürtmədən, Vətənsiz, kəfənsiz ölüb getdillər?! Onlar bircə dəfə Vətənin təmiz havasını içlərinə çəkmək üçün, bircə kərə köhnə kərpiclərinə toxunmaq üçün canlarını fəda etməyə hazırıydılar...

Allah onlara nə qədər göz yaşı verdisə, hamısını sənin yolunda tökdülər; nə qədər söz verdisə, hamısını sənə dua etdilər. Ey Vətən, sən onları unutdunmu? Məni xatırladınmı?!

İldə mənim iki günüm var. Yalnız bu iki gündə kimsə mənimlə iş haqqında danışa bilməz, çünki o günlərdə mən bayram edirəm. O günlərdə evimin qarşısında kimsəsizlərə, ehtiyacı olanlara yardım paylayıram. Bu iki günü sırf xeyriyyə işlərinə həsr edirəm, milyonlarla pul paylayıram. İl boyu bu iki günün gəlməsini gözləyirəm. Bu günlərdən biri 24 iyuldur. O gün mənim “Mavi gözlü qartallar” – deyə adlandırdığım mühərrik zavodumun açılış günüdür və mən bu günün bütün çilələrimin əridiyi, iradəmin qələbə çaldığı, qardaşımın, anamın, atamın və bacımın arzularının gerçəkləşdiyi gün kimi bayram edirəm.

Digər günüm 2 iyundur! Nyu Yorkdakı Birləşmiş Millətlər Təşkilatının binası önündə azad və müstəqil Özbəkistan bayrağının səmada dalğalandığı gündür!

Mən o gün “Mavi gözlü qartallar” adlı zavodun şöbəsini açmaq üçün Yaponiyaya gedirdim. Birləşmiş Millətlət Təşkilatının  yerləşdiyi mərkəzin yanından keçərkən gözüm o bayrağa sataşdı, bir an donub qaldım. Sonra gözlərimdən yaş axdı. Pakistanlı ortağım təəccüblə nəsə dedi, amma xatırlamıram. Yolun ortasında düşüb haraya getdiyim də yadımda deyil. O gün BMT-nin ofisində böyük, ülvi hisslər daşıyan xalqımın şad nümayəndələrini  gördüm.

Bir yandan özbəkcə danışır, bir yandan da diz üstə  çöküb ucadan, titrəyərək ağlayır, təsəlli üçün çiyinlərimə toxunanlara məhəl qoymadan eynən anam kimi hıçqıraraq hönkür-hönkür ağlayırdım.

Uzun illər qərib olmağıma, anama, qardaşıma, xalqımın milyonlarla sürgünə göndərilən insanlarına  ağlayırdım.

Bayraq yuxarıda, səmada idi, amma mənə o qədər yaxın görünürdü ki, onun xəfif lifləri üzümü, göz yaşlarımı silirdi... Ey Vətən!

Bu, Vətən bayrağıydı... Vətənimin nəfəsini sanki duyub Buxaranı  qucaqladım.

Atacan,  Floridadakı qəbrinin torpağından gətirib  Buxaraya səpdim. O torpaq atalarının torpağına qovuşdu. Xoşbəxtsənmi, ata? Budur, əcdadlarının torpağına, tozuna, küləyinə qarışıb uçun! Minarələrin üstündəki leyləklərlə birlikdə qanad çalın, ata!

Ana, mən bu qədər vaxtı boşuna gözləmişəm. Keşkə daha əvvəl gələydim, keşkə bu torpağı daha əvvəl qucaqlayaydım. Sizin Buxaraya getdiyinizi bilirdim, amma sizi orada tapmasam, nə edəcəyimi bilmirdim. Ora çatanda uşaqlığımdakı qayğısız xəyallarımın  şübhələr içində uçub yox olmasından qorxurdum. Səhv eləmişəm, bu qədər niyə gözləmişəm!

Onların hamısı Buxarada idi... Hamısı mənə, uşaqlarıma, nəvələrimə bənzəyirdi; üzü, gözü, qaşı... Övladlarım...

         Ana, qardaş, Buxara minarəsinə çıxdım, üzümü uyuduğunuz Əfqanıstana tutdum. İndi rahatlıq içində yatırsınızmı, xoşbəxtsinizmi?

Budur, doxsan ildən sonra olsa belə, arzularınız yerinə yetdi. Arzular ölmür, yox olmur...

Çaylar axmaqdan yorulmadığı kimi, küləklər, işıqlar, çiçəklər, baharlar həmişə var olduğu kimi, gerçək arzular da ölüb getmir, ana! Göydən yağan qar, yağış kimi, ay və ulduzun daima parlaması kimi, payızda köç edən quşların baharda qayıdıb gəlməsi kimi mən də qayıdıb gəldim!

Dünyada zülm çox, bəla çox, cəza çox! Amma günahsız insanları zorla doğulduğu torpaqdan, öz elindən, öz əməyindən, öz suyundan, öz ağacından, öz çayından, öz qəbiristanından, öz səmasından ayırmaq,  həsrət qoymaq dünyada ən böyük günah, ən böyük dəhşət, ən böyük vəhşilikdir!

                                     

***

 

Sizi tapdım, ana! Bazarda gördüm! Doppi**** satırmışsınız! Yoxsa oxşatdımmı, xeyr, eynən siziydiniz... sonra kəndlərdə də gördüm. Buxarada bir deyil, çoxuymuşsunuz, ana... Hə, eynən siz!

Qardaşımı da gördüm! Xüsusilə çörəkçi oğlan qardaşıma oxşayırdı. Həsənin Hüseynə oxşadığı kimi. Heyrət etdim!

Amma... amma sən məni aldatdın, ana! Soruşanda ki Buxara necə  yerdir,  “Ağlamadığın yer, bala, ağlamadığın yer...” deyirdin! Mən gələndən bəri elə hey ağlayıram, ana. Sizi görüb, qardaşımı görüb, Buxaranı görüb...

Budur, mən Buxaraya gəlmişəm! Doxsan ildən sonra...

 

 

 

__________________ 

*Tänçä: Evdə çala bir yerə dördayaqlı masa qoyulur və üstü qalın örtüklə örtülür. Altına dolça və ya manqalda kömür qoyulur. Qışda ayaqları örtüyün altına salıb isidirlər, masanın üstündə isə yemək yeyilir. Bu qapalı masanın adı özbəkcə “tança” və ya “sandal”dır.

**Çapan: Bölgəyə məxsus  uzun ətəkli, qollu üst geyim.

***Kulak: Sovet sistemi tərəfindən torpaq sahibləri, varlılar və hətta orta sinif fermerlər “kulak” adıyla çağırılmış, 1929-1933-cü illərdə bu sinfin yox edilməsi üçün amansız, sərt üsullardan istifadə edilmişdir. Bu sinfin bütün torpaq və mallarına əl qoyulmuş, bu ailələr və bu sinfə məxsus olanlar məntiqsiz iftiralarla damğalanmış və xalq düşməni elan edilmişlər. Zülmlər artdıqca on minlərlə ailə müxtəlif ölkələrə qaçıb  ancaq canlarını qurtara bilmişdi.

****Doppi: Özbəkistanda ənənəvi baş örtüyünə verilən ad

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir. Layihənin növbəti ustad dərsi aprelin 5-də “Düşüncələrlə baş-başa” adlı mövzuya həsr olunacaq. 

 

Dərslər zamanı hər bir iştirakçı kətan üzərində akril boyalarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərə 16 yaşdan yuxarı hər kəs qatıla bilər. 

Qeydiyyat çərşənbə axşamı və bazar günü saat 11:00-dan 18:00-dək aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.