
Super User
Şuşada yazılan şeir - Əkbər Qoşalı
Şuşada keçirilən Vaqif Poeziya Günlərinin iştirakçısı Əkbər Qoşalı öz təəssüratlarını poetik şəkildə qələmə almışdır.
“Ədəbiyyat və incəsənət” portalı onun “Şuşa alxışı” adlı şeirini təqdim edir.
ŞUŞA ALXIŞI
Şuşada açmışam sabahı bu gün,
Şuşamıza şükür, sabaha şükür.
Dolaşdım, toxundum, gördüm-götürdüm,
Özümə tapdığım cavaba şükür.
Çox yerdə görmüşəm bayrağımızı,
Ondan öyrənmişəm növrağımızı,
Gündüzlər cilvəli qutsalımızı,
Sığala yetişən axşama şükür.
Yaddaşım oyandı, tərpəndi lay-lay,
Gah aypara oldum, gah da dolunay…
Xankəndi tərəfə boylandım bir az,
Orda çatacağmız tonqala şükür.
Əkbər, hər şəhərin öz gözəlliyi,
Burdakı gözəllik döz gözəlliyi…
Daha aramadım söz gözəlliyi,
İdraka, iqbala, amala şükür!..
İyul 2023, ŞUŞA
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Mədəniyyət naziri Adil Kərimlinin müdaxiləsindən sonra Lənkərandakı Dairəvi qalanın bəxti açıla bilər
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib. Və qəbuldan sonra Adil Kərimli Lənkəran şəhərində yerləşən Dairəvi qalaya (Zindan qala) baxış keçirib.
Qalanın dam örtüyünə dəmir şifer vuraraq onun tarixiliyinə xələl gətirilməsi barədə portalımız səfərdən bir gün öncə tanınmış memar Cahid Həsənova istinad edərək xəbər də yaymışdı. Və nazirin bu səfəri, deyək ki, lap yerinə düşdü.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nazir qalada aparılan təmir-bərpa işləri ilə tanış olub, müvafiq tapşırıq və göstərişlərini verib.
Qeyd edək ki, qalanın dam örtüyünün çökməsi ilə əlaqədar abidə qəzalı vəziyyətə düşüb. Qala sonuncu dəfə 2008-ci ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış problem tikiliyə ciddi ziyan vurub.
Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidənin bərpası istiqamətində işlərə başlanılıb. Qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, eyni zamanda abidənin mühafizəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. O ki qaldı dam örtüyünə, xidmətin açıqlamasına görə, abidəni təbii aşınmadan qorumaq üçün müvəqqəti dam örtüyü quraşdırılıb.
Məlumat üçün bildirək ki, XVIII əsrin ikinci yarısına aid Dairəvi qala Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. XIX əsrin əvvəlində bölgə rus qoşunları tərəfindən işğal olunduqdan sonra tikili həbsxana kimi istifadə edilib. Abidənin hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.
Qala Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarı ilə yerli əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən mühafizə edilir.
Dam məsələsi qalanı yenidən gündəmə gətirib. Yəni, abidənin gözəlliyinə və tarixiliyinə xələl gətirən dam örtüyünün müqqəti vurulduğunu bildirən rəsmi şəxslər nazirə onun dəyişiləcəyini bəyan etmişlər.
Məsələni gündəmdə saxlayacağıq.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Lənkərana, ordan Şuşaya
Xəbər verdiyimiz kimi, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərində vətəndaşları qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə baxış keçirilib. Ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.
Mədəniyyət Mərkəzində keçirilən qəbulda əsasən Lənkəran şəhəri, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi və şəhid adına parkın qeydiyyata alınması ilə bağlı təkliflər, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.
Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət nəzarətə götürülüb.
Elə Lənkərandan da nazir birbaşa Şuşaya yollanıb və 14-15 iyul tarixlərində keçirilən Vaqif Poeziya Günlərində iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Mədəniyyət Nazirliyi Kadr Ehtiyatı Bankı yaradır
Mədəniyyət sahəsində aparılan institusional islahatlara ixtisaslı və təcrübəli insan resurslarının cəlb edilməsi, təhsil və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv kadrların seçilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Kadr Ehtiyatı Bankı formalaşdırılır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Kadr Ehtiyatı Bankı mədəniyyət sahəsində ixtisaslaşmış, təcrübəli, bilikli, idarəçilik keyfiyyətlərinə malik, dövlət, özəl və ya özünəməşğulluq sahəsində fəaliyyət göstərən şəxslərin qanunvericiliyə uyğun olaraq yaradılan və mühafizə edilən, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında kadr mübadiləsininin gücləndirilməsinə xidmət edən məlumat bazasıdır. Mədəniyyət Nazirliyi aşağıdakı meyarlardan hər hansı birinə uyğun olan şəxsləri aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçərək səhifədə qeyd edilən məlumatları daxil etməklə Kadr Ehtiyatı Bankına müraciət etməyə dəvət edir: - İncəsənət, ədəbiyyat, mədəni və yaradıcı sənayelər, mədəni irs və mədəniyyətə aid edilən digər sahələr üzrə ali təhsili olan şəxslər; - İdarəetmə sahəsində ali təhsili olan və mədəniyyət sahəsi üzrə azı 3 il təcrübəsi olan şəxslər; - Mədəniyyət sahəsi üzrə xarici ölkələrdə ali təhsil almış və ya işləmiş şəxslər; - Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilməklə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə və ya Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxslər.
Qeydiyyat üçün keçid: http://bit.ly/3DcGNUT
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli görüşü olub
İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
AzərTAC xəbər verir ki, söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Brüsseldə keçirilən bu danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Azərbaycan gimnastları Romada qızıl medal qazanıblar
İtaliyanın paytaxtı Romada bədii gimnastika üzrə “Rome cup” beynəlxalq turnirinə start verilib.
AzərTAC xəbər verir ki, yarışda ölkəmizi “Ocaq” Sport klubunun 12 gimnastı təmsil edir. Paytaxtla yanaşı, klubun Zaqatala bölməsinin 2 gimnastı da yarışlarda qüvvəsini sınayır.
Gimnastlarımızdan Nilay Pünhanlı (alətsiz, top), Nərgiz Əliyeva (alətsiz, top), Mişel Aniskina (alətsiz, top), Aylin Yusifli (alətsiz, top), Fatimə Zeynalova (halqa) bütün rəqiblərini üstələyərək qızıl medallar qazanıblar.
Sevindirici haldır ki, Zaqatala təmsilçisi Leyla Həsrətova da ona bəslənilən ümidləri doğruldaraq iki qızıl medal (alətsiz, gürzlər) qazanmağa müvəffəq olub.
Sara Atakişiyeva isə gürzlərlə qızıl, topla bürünc medala sahib çıxıb. Komandanın daha bir üzvü Mələk Mahmudlu gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Qazaxda başlayan Vaqif Poeziya Günləri bu gün Şuşada davam edir
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri - Qazaxın Yuxarı Salahlı kəndindən start götürüb.
Bu gün və sabah - iyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.
Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı.
Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, “Xarıbülbül” və “Qarabağ” otellərində tədbirlər keçiriləcək.
Qeyd edək ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.
Yeri gəlmişkən, tədbir çərçivəsində Azərbaycan yazıçılarının Heydər Əliyev barədə xatirələrindən ibarət kitabın da təqdimatı olacaq.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
Bazar günü “Cırtdan” uşaqlarla görüşəcək
İyulun 16-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində balacalar üçün “Cırtdan” tamaşası nümayiş olunacaq.
Bu barədə Şuşa Dövlət Musiqili Dram Teatrından məlumat verilib.
Bildirilib ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
Sabah Şuşa Teatrında
“Sərgüzəşti vəziri xani Lənkəran” tamaşası oynanılacaq
İyulun 15-də Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşası növbəti dəfə nümayiş olunacaq.
Bu tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı isə Xaliq Cabbarovdur.
“Sərgüzəşti vəziri xani Lənkəran” Mirzə Fətəli Axundzadənin 1850–ci ildə yazdığı sayca üçüncü komediyasıdır. Bu əsər Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın saf məhəbbəti əsas götürülüb. Əsərdə olduğu kimi, tamaşada da bütün hadisələr komik dillə, eləcə də şən musiqi keçidləri ilə tamaşaçıya təqdim olunur.
Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Şuşa Dövlət Musiqili Dram Teatrında ilk dəfə 2012–ci ildə oynanılıb. Tamaşanın premyerası “Sərgüzəşti – Mirzə Fətəli Axundzadə” teatr festivalının bağlanışında təqdim olunub. Bundan əlavə tamaşa 2013–cü ildə Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli xalqların “Nauruz” XI Beynəlxalq Teatr Festivalında və 2014–cü ildə 1-ci Şəki Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
Sea Breeze-də bu dəfə dünyaşöhrətli gürcü müğənnisi Meqi Qogitidze konsert verdi
İyulun 13-də Sea Breeze Event Hall kurort kompleksinin “White Beach Club” səhnəsində gürcüstanlı məşhur müğənni, vokalist və bəstəkar Meqi Qogitidze konsert proqramı ilə çıxış etdi.
Meqi Qogitidze öz ifalarında gürcü etnik musiqiləri ilə müxtəlif janrları heyrətamiz şəkildə sintez edir. Onun musiqi repertuarına caz, elektronika, etnik, rok, trip-hop və hətta gürcü dilində hip-hop da daxildir. Hazırda M.Qogitidze təkcə Gürcüstanda deyil, bütün dünyada tanınır. İfaçının şöhrəti durmadan artır və o, Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələrində də enerji dolu konsertləri ilə çıxış edir.
Qeyd edək ki, bütün yay boyunca Sea Breeze kurort kompleksinin ərazisindəki ən gözəl məkan olan “White Beach Club”da “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerji dolu fantastik əyləncə vəd edən festivalda həmçinin dünyaşöhrətli Svanky Tunes, Villy Villiam və bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)