Super User

Super User

Fazil Mustafa: “Qarabağdakı abidələrə də bu prinsiplə yanaşsaq, onların da “evi yıxılacaq”

 

Naxçıvanda tarixi irsimizlə bağlı utancverici hadisə yaşanıb. Belə ki, Culfa rayonunun Qazançı kəndində XVI əsrə aid olan və dövlət tərəfindən qorunan tarixi abidə restavrasiya (təmir) adı ilə məhv edilib.

 

Tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu cür “təmir” biabırçılıqdır: “Biz tarixi abidələrə qarşı bu cür münasibətlərlə tez-tez qarşılaşırıq. Bakı, Gəncə, Lənkəran və digər yerlərdə belə yanaşmalar var. Təəssüf ki, indiyədək vəzifəyə gələn Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərləri abidələrə diqqət ayırmırlar. Abidələrə qarşı bu cür münasibət dəyişməlidir. İlk növbədə nazirlik addım atmalıdır. İşi sevənlər, vətənpərvərlər vəzifəyə gətirilməlidir ki, belə ”təmir"in qarşısı alınsın. Bunu dövlət orqanı edib və rəhbəri elə düşünür ki, yaxşı edir. Amma abidələr barədə heç nə bilmir".

O qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidələrlə bağlı davamlı maarifləndirmə işləri aparılmalıdır: “Təcili bu sahədə proqramlar tərtib edilməlidir ki, insanların mədəniyyət səviyyəsi qalxsın. Bunun üçün 10-15 il lazımdır”.

Məsələ barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən bildirilib ki, bu və bir sıra tarixi abidələrimizin restavrasiyası zamanı nazirliyin müvafiq rəyi alınmayıb. Görəsən niyə? Belə özbaşınalıqları necə önləməli? Bu minvalla biz Qarabağda, işğaldan azad edilən ərazilərdə erməniləşdirilən alban mədəni və dini abidələrini necə öz əvvəlki simasına qaytaracağıq, əgər öz tarixi-mədəni irsimizi belə “restavrasiya” ediriksə? Nəhayət, günahkarlar cəzalanacaqmı?

Mövzu ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, bu məsələ yalnız Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə aiddir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa məsələ ilə bağlı “Yeni Müsavat”a danışdı. Millət vəkili qeyd etdi ki, restavrasiya və bərpa işlərini mütləq şəkildə peşəkar mütəxəssislər görməlidir: “Ümumiyyətlə, restavrasiya peşəkar bir işdir və bununla bağlı xüsusi ixtisaslaşmış qurumlar və şəxslər fəaliyyət göstərir və onlar da bu işləri kifayət qədər ciddi, həm də bir çox hallarda dövlət proqramı çərçivəsində həyata keçirirlər. Yəni konkret olaraq tarixi abidənin xüsusiyyətlərini öyrənərək, onun bütün detallarını nəzərə alaraq, bərpa edirlər

Bərpanın özü də ayrıca bir sahədir və bu sahədə də mütəxəssislər işləməlidir. Bəzən bu sahədə görürük ki, tam hazırlıq kadrların olmaması öz sözünü deyir, bir sıra abidələr arzuolunan səviyyədə bərpa edilmir. O ki qaldı Naxçıvanda baş vermiş hadisəyə, əlbəttə ki, bununla  bağlı detallar aydınlaşıdırılmalı, bilinməlidir ki, niyə abidənin korlanmasına gətirib çıxaracaq addımlar atılıb. Bu məsələdə mütəxəssislərin rəyi ortaya qoyulmalı  və məsuliyyət daşıyanların da tapılıb, üzə çıxarılması vacibdir. Çünki bu elə-belə bina tikintisi deyil, burada hər bir məqam nəzərə alınmalıdır. Hətta  kərpicin rəngindən tutmuş, onun keyfiyyətinə qədər nəzərə alınmalıdır. Məsələn, Naxçıvanda Mömünə Xatun məqbərəsi ilə bağlı qeyd edirdilər ki, onun tikintisində sement əvəzinə yumurta sarısı istifadə olunub. İndi onun bərpası zamanı sementdən istifadə edilməsi abidənin müəyyən strukturuna ziyan vermiş olar.

Bu baxımdan məsuliyyət daşıyanları üzə çıxartmaq o qədər də çətin deyil. Yəni indi kimsə kimisə gizlədirsə, himayəçilik edirsə, o zaman problem yaradır. Fikrimcə, bu baxımdan hüquq-mühafizə orqanları məsələni daha aydın şəkildə aydınlaşdırıb təqsirkarları üzə çıxara bilər və abidənin yenidən bərpası istiqamətində hər hansı bir addımlar atıla bilər.

Həqiqətən də Qarabağda da eyni problemlə üzləşə bilərik. Yəni orada da müəyyən dərəcədə  abidələrin xarakterini öyrənmədən,  sadəcə, “bu mənim, sənin adamındır, işi ona verək, pul qazansın” prinsipi ilə yanaşsaq, orda da abidələrin evi yıxılacaq. Bütün bunları nəzərə almalıyıq".

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Rəhim Təkinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır. 

 

 

Rəhim Təkin

 Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxartdığında ali məktəbə qədər təhsil edib, indi isə sevgi ilə, artıq diqqət ilə ədəbi ərsələri izləyib, içindən coşan duyğuları qələmə alır.

 

 

ÖZÜNƏ DÖNƏN QAYIQ

 

Kəndiri qıyıya bağlanan qayıq,

Qəlbini dənizə o cür bağlama.

Dalğalar üstündə yuxuya batıb,

Sonsuzlara dalıb səssiz ağlama.

 

Yalqızlığa qatlaş, belə darıxma,

Hər nə darıxmaq var, ondan qabaqsan.

Özünə dənizin aynasında bax,

Sən gözəl dənizə çirkin yamaqsan!

 

Allahın altında, bu gen dünyada,

Acı bir sözsən ki, qəlbə dəyibsən.

Özünü çırp, dağıl qayalar üstə,

Dənizin yerini dar eyləyibsən.

 

Bənzəyirsən acı gülümsəməməyə,

Gecə-gündüz qara baxta gülərsən.

Umma nəhənglərin intiharına,

Özünə dönərsən, sən də ölərsən.

 

Dənizin ortası gecə, qaranlıq,

Üzməkdən yorulub, boğuluram mən.

Birazdan uçacaq ruhum yanına,

Nənni olub ona layla deyəsən.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında Azərbaycanın həmmüəllif olduğu “Velosiped hamı üçün” qətnamə layihəsi üzv dövlətlər tərəfindən təsdiqlənib. 

 

AzərTAC xəbər verir ki, Azərbaycan, Avstriya, BƏƏ, Keniya, Meksika, Polşa və Vyetnam tərəfindən hazırlanmış qətnamə layihəsinin məqsədi BMT-nin 2030-cu il gündəliyinə daxil edilmiş dayanaqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə töhfə verən velosipedə üzv dövlətlərin və təşkilatın diqqətini cəlb etməkdən ibarətdir. Qərar layihəsində velosipedin idman növü və nəqliyyat vasitəsi kimi iqlimə göstərdiyi müsbət təsir haqqında məlumat verilir. Üzv dövlətlər velosiped infrastrukturunu inkişaf etdirməyə və velosipedçilərin təhlükəsizliyini təmin etməyə dəvət olunurlar.

Qətnamə layihəsinin yekdilliklə qəbul olunması müxtəlif regionları təmsil edən üzv dövlətlərin məhsuldar əməkdaşlığı və UNESCO-nun mandatına aid olan idman sahəsinin uğurlu təbliği kimi qiymətləndirilir.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından olan mərhum tərcüməçi Natiq Səfərovun 80 illiyinə həsr edilmiş “Sözə natiqlik” kitabının təqdimatı keçirilib.

 

Tədbiri yazıçı Seyran Səxavət açaraq ustad qələm sahibi Natiq Səfərovun özünəməxus xüsusiyyətlərindən, sözə həssaslığından, tərcümə sahəsindəki böyük xidmətlərindən söz açıb. 

AYB-in sədr müavini Rəşad Məcid Natiq Səfərovun bənzərsiz insan və peşəkar tərcüməçi kimi xatırlayaraq “Sözə natiqlik” kitabını ərsəyə gətirənlərə təşəkkürünü bildirib.

Xalq şairi Ramiz Rövşən Natiq Səfərovun yaradıcılığından söz açaraq onun yüksək peşəkarlıqla tərcümə etdiyi əsərlərindən söhbət açıb, şirinli-acılı xatirələri dilə gətirib və Natiq Səfərova həsr etdiyi iki şeiriylə mərhum dostunu yad edib.

Tənqidçi Vaqif Yusifli mərhum qələm sahibinin həm bir ziyalı, insan kimi məziyyətlərindən söz açıb. Natiq Səfərovun Markesi Azərbaycan oxucusuna ilk tanıdan tərcüməçi olduğunu vurğulayan Vaqif müəllim onun ən gərgin tərcümə işlərinin öhdəsindən gəldiyini, o cümlədən "Az i Ya” kimi mürəkkəb bir əsəri böyük uğurla dilimizə çevirdiyini söyləyib.

Dövlət Tərcümə Mərkəzinin əməkdaşları Mahir Qarayev, Etimad Başkeçid, Əlisəmid Kür öz çıxışlarında Natiq Səfərovun tərcümə sənətinə gətirdiyi yeniliklərdən, unudulmuş tərcümə sənətini peşəkar səviyyəyə yüksəltdiyindən, ustad tərcüməçi kimi ondan bəhrələndiklərindən danışıblar.

Digər çıxış edənlər Natiq Səfərovun ədəbi taleyindən söhbət açaraq onun tərcümə sənətində bir məktəb olduğunu qeyd ediblər. 

Tədbirin sonunda Natiq Səfərovun qızı yazıçı Günel Natiq tədbirin təşkilatçılarına, iştirakçılara və “Sözə natiqlik” kitabının nəşrində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

 

Məşhur müğənninin konserti təxirə salınıb.

 

Oxu.Az xəbər verir ki, türkiyəli məşhur müğənni İbrahim Tatlısesin (İbrahim Tatlı) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı konsertin təşkilatçıları ilə danışıb.

Təşkilatçı konsertin ləğv olunmadığını deyib:

“Konsert ləğv olunmayıb. Sadəcə keçirilmə vaxtı dəyişdirilib. Digər bir vaxta keçirilib. Sırf texniki səbəblərə görə, konsert oktyabr ayının 21-də keçiriləcək. Yəni texniki səbəblərə görə, yalnız tarixi dəyişdirilib. Biletlər artıq satışdadır”.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

 

UNESCO İcraiyyə Şurasının 216-cı sessiyası davam edir. Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub. 

 

AzərTAC xəbər verir ki, qaydalara əsasən, Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənən siyahı müzakirə və təsdiq üçün UNESCO İcraiyyə Şurasının sessiyasına təqdim olunur. Göstərilən nominasiyalar İcraiyyə Şurasının 216-cı sessiyası zamanı qəbul olunduqdan sonra reyestrə salınmış hesab edilir.

UNESCO tərəfindən tərtib olunan və nominasiyaların qısa təsvirini ehtiva edən sənəddə XIX əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda Xurşidbanu Natəvanın İslam Şərqində yerləşən ölkədə ədəbi məclisə sədrlik etdiyi göstərilir. Qarabağ xanlığının son varisi hesab edilən Natəvanın mükəmməl savada və təhsilə sahib olduğu bildirilir. Natəvanın şəxsiyyəti Azərbaycan qadının fenomeni kimi təqdim olunur. Natəvanın Azərbaycanın ictimai həyatına və mədəni inkişafına verdiyi töhfə vurğulanır. Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XIX əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.

Təqdim olunan nominasiyanın müəllifi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının alimi Nigar Babaxanovadır.

Xatırladaq ki, X. Natəvanın “Gül dəftəri” şeir albomunda üç rəsm əsəri 2023-cü il martın 21-də UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Frankofoniya Günü çərçivəsində təşkil olunan sərgidə ölkəmizin təşkilat yanındakı daimi nümayəndəliyi tərəfindən nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

 

 

BU GÜN XALQ ŞAİRİ RƏSUL RZANIN DOĞUM GÜNÜDÜR

 

Ömrün qəmli günlərindəyəm,

Xəstəliyim üzündən,

Qocalığım ucundan. 

Həkim deyir ki,

Yorulub ürək.

Deyirəm, 

Yorulmusan, ürəyim.

Ötən günlər gözümdə

Bir xəyal dünyasıdır,

Göynədir göyüm-göyüm.

O günlər doğmam idi,

Bu günlərim ögeyim…

Günlər var çeşid-çeşid

İnciklisi bu yanda,

Fərəhlisi o yanda.

Belə olurmuş demək,

Ömür-günün sonunda…

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, bu sətirlərin müəllifi, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 113-cü ildönümü tamam olur. O, bu şeiri ömrünün son günlərində yazmışdı. Ədəbiyyata sərf edilən böyük və mənalı bir ömrün son akkordları idi bu. 

Azərbaycan poeziyasını yeni forma və üslub keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal obrazlarla zənginləşdirmiş novator şair Rəsul Rzanın yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən nüfuz etmək bacarığı, həyat hadisələrinə fəlsəfi münasibətlə seçilən poeziyası ilə yanaşı, ədəbi tənqid və publisistika, dünya poeziyasının ən gözəl nümunələrinin tərcüməsi sahələrində də zəngin irs qoyub.

İkinci Dünya müharibəsi illərində AzTAq-ın hərbi müxbiri kimi Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Onun müharibə illərində yazdığı “Vətən”, “İntiqam! İntiqam…” şeirlər kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” hekayə və oçerk toplular, “Vəfa” pyesi və s. dillər əzbəri idi.

Ötən əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri güclənmişdir. Şairin “Şeirlər”, “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” şeirlər kitablarında, “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında həmin tendensiya özünü daha qabarıq şəkildə göstərir.

Görkəmli poeziya ustasının “Rənglər” silsiləsində isə XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da əsas mövzusu olub.

Şairin bədii tərcümə sahəsində uğurları da ölçüyəgəlməzdir. Rəsul Rza Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, A.Nekrasovun “Rus elində kimin günü xoş keçir”, H.Lonqfellonun “Hayavata haqqında mahnı” poemalarını, C.Bayron, A.Puşkin, H.Heyne, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Blok, N.Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə Asiya və Afrika şairlərinin əsərlərini böyük sənətkarlıqla Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib, bir çox şeirlərinə musiqilər bəstələnib.

Sərbəst şeirin görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rza 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, poetik ömrünü yaşayır.

Cismani yoxluğundan 42 il ötsə də, şairin tükənməz ilhamının bəhrəsi olan yaradıcılıq məhsulları həmişə sevilir, öz müəllifini və yaradıcısını unudulmağa qoymur.

Və unutmayaq ki, Rəsul Rza dünyaya və ədəbiyyata Anarı bəxş edib.

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

Dimash.rpo ötən ilin yekunlarına görə dünyanın ən populyar və ən çox gəlir əldə edən 20 musiqiçisinin reytinqini təqdim edir. 

 

 

Musiqi biznesi dünyanın ən rəqabətli bazarlarından biridir. Başgicəlləndirici şöhrət ilə kəskin eniş, qəfil bir-birini izləyir. Bəzi musiqiçilər illərlə diqqət mərkəzində qalmağı bacarlar. Aydındır ki, onlar böyük müğənnilərdir, amma bu zirvədə qalmağa kifayətdirmi? Əlbəttə, yox. 

Yaxşı menecmenti mənimsəmək və daim tələb olunan musiqini yaza bilmək - bunlar  dünya şöhrətinin yalnız ən bariz maddələridir. 

Təqdim edilən 2022-ci il üçün dünyanın ən populyar 20 müğənnisinin bu siyahısında bəzi gənc ulduzları və bəzi veteranları görürük, onların hamısında illərdir bu cür siyahılarda davam etmək üçün bütün üstünlüklərə rast gələrsən. 

 

Justin Bieber

 

Lider odur. Dünyanın hər yerində hədsiz dərəcədə məşhurlaşan gənc müğənni Justin Bieber uğurları üçün meneceri Skuter Brauna təşəkkür edir. 16 yaşlı müğənninin debüt albomu "Həyatım 2.0" Billboard 200-də zirvə fəth edən ən gənc musiqiçinin albomu kimi tarixə düşüb.

Onun müvəffəqiyyəti zamanla artdı. "Soyuq su", "Let Me Love You"," I 'm The One" kimi ən populyar pop mahnılarından bəzilər ona məxsusdur. 

İki Grammy laureatı, 21 MTV Avropa Musiqi Mükafatı, 20 Billboard Musiqi Mükafatı, 18 Amerika Musiqi Mükafatları laureatıdır o. 

Bu günə qədər 6 albom buraxıb, sonuncusu Justice 2021-ci ildə çıxıb. 

Justin yalnız dünyanın ən məşhur müğənnilərindən biri deyil, həm də döymələri sevən görkəmli bir dəbsevən  şəxsiyyətidir.

 

Bu isə tam siyahı:

 

1. Justin Bieber

2.The Weeknd 

3.Ariana Qrande

4. Beyons

5. Rianna

 6. Ledi Qaqa

 7. Ed Şiran

8. Teylor Svift

 9. Keti Perri

10. Adel

11. Selena Qomes

12. Sia

1З. Billi Ayliş

14. Dua Lipa

15. Sem Smit

16. Mayli Sayrus

17. Qarri Stayls

18. Lana del Rey

19. Xalid

20. Elli Qoldinq

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

Azərbaycanda rus kinosu günləri proqramında Avropa kinoakademiyasının üzvü, Bakılı Səbinə Yeremeyevanın prodüseri olduğu "Dalğalar" dramı da var. Filmin premyerası 2022-ci ilin avqust ayında "Avropaya pəncərə" Film Festivalı çərçivəsində baş tutub. 

“Dalğalar"filminin prodüseri Səbinə Yeremeyeva ilə müsahibəni “Ədəbiyyat və incəsənət” portalına Azərbaycanda rus kinosu günlərinin təşkilatçıları məmnuniyyətlə təqdim ediblər. 

 

- Sizin gözləntiləriniz nədir, Azərbaycan tamaşaçıları filmi necə qəbul edəcəklər?

 

- Film mürəkkəbdir-yaxınlarınızı itirmək, həyatda yeni bir məna tapmaq haqqındadır, buna görə tamaşaçıların emosional qavrayışının da çətin olacağını düşünürəm. Ancaq filmin tarixi və məkanı maraqlı, bədii film dili ilə həll olunduğundan və finalda qəhrəmanların ümidli olduğu üçün filmin estetik qəbulunu və ona baxanların razı qalacağını gözləyirəm.

 

- Sizcə, "Dalğa" filminin hədəf auditoriyası kimdir?

 

- Bu, əlbəttə ki, ümumiyyətlə dünya kinosunu və xüsusən də festival sənət axınını izləyən hazırlanmış bir auditoriyadır. Trillerlərə baxan gənclər də hədəf auditoriyamız ola bilər.

 

- Siz bakıdansınız. Xahiş edirəm deyin, yerli rejissorlarla, gənc rejissorlarla işləmək istərdinizmi?

 

- Mən təkcə Bakıdan deyil, həm də yarım azərbaycanlıyam, ailəm qismən Bakıda yaşayır və mən mütəmadi olaraq orada oluram. Uzun müddətdir ki, yerli kinematoqrafçılarla Azərbaycan dilində film çəkmək istəyirəm. Avropa təcrübəsi və beynəlxalq festival inteqrasiyası olduğu üçün faydalı ola biləcəyimi düşünürəm. Hətta filmin ideyası da var. Mənə elə gəlir ki, ilhamverici mövzu "uyğunlaşma və ya Azərbaycanda necə evlənmək"haqqındadır.

 

- Sizin fikrinizcə, Rusiya və Azərbaycanın birgə kino istehsalının hansı perspektivləri var? Yerli kinorejissorlarla belə koproduksiya layihələri ilə maraqlanırsınız?

 

- Perspektivlər böyükdür, yalnız ətaləti aradan qaldırmaq vacibdir. Çox təəssüf ki, iki dövlətin mehriban qonşuluq həyatı illərində Mədəniyyət və kinoda sıx mübadilə baş vermədi, baxmayaraq ki, bunun üçün hər cür şərait vardı. Şəxsən mən koproduksiya ilə çox maraqlanıram.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

İyunun 8-də Heydər Əliyev sarayının səhnəsində "Bel Suono” üç royal şousu - məşhur fortepiano triosu çıxış edəcək. 

 

İnanılmaz bir şou! Və milyonlarla insanın şüurunda klassika ilə bağlı təsəvvürləri dəyişən virtuozlar unikal müəllif oranjimanında klassik və müasir musiqinin ən yaxşı nümunələrini, eləcə də kollektivin solistləri tərəfindən xüsusi olaraq layihə üçün yazılan yeni kompozisiyaları ifa edəcəklər. Konsertdə Vivaldi, Bax, Motsart, Pyatsolla, Dük Ellinqton, “Queen” qrupu və bir çox başqalarının musiqi əsərləri səsləndiriləcək. 

“Bel Suono” – Rusiya kollektivi, mütərəqqi klassik krossover janrında çıxış edən dünyada yeganə fortepiano triosudur. “Bel Suono”nun repertuarı klassik və müasir musiqinin ən yaxşı nümunələrindən ibarətdir. Kollektivin tərkibinə müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrin qalibləri, eləcə də bəstəkar və parlaq improvizatorlar olan üç inanılmaz dərəcədə artistik və həqiqətən də xarizmatik virtuozlar Kirill Quşşin, Anton Mosenkov və Nikita Xabin daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.