Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlər üçün Əvəz Qurbanlının şeirlərinin dərcini davam edirik.  Hamısını birdən niyə vermirik? Çünki şeir çox olanda dadı-duzu qaça bilər.

 

 

 

YOLAM – YOLÇULARDAN BEZƏN ŞAİRƏM

 

Mən dövrün sözünü deməyə gəldim –

Bu gizli hikməti sezən şairəm.

Mən yolçu deyiləm, yollardan bezəm,

Yolam – yolçulardan bezən şairəm.

 

Çox gördüm canını yol üzən şair,

Küsüb bu dünyadan əl üzən şair.

Sən ey söz bağından gül üzən şair,

Mən söz dənizində üzən şairəm.

 

Ruzimi verən var əl bəhrəsindən,

Yoxdu umacağım Yer kürəsindən.

Minnət götürmərəm el süfrəsindən,

Heybəsi çiynində gəzən şairəm.

 

Əyrilər düzümün qabağındadı,

Min qoşun sözümün qabağındadı.

Dar qəbrim gözümün qabağındadı,

Gen səbrim ondandı – dözən şairəm.

 

Kimi istəyirlər, alqışlasınlar,

Kimi istəyirlər, qarğışlasınlar.

Qoy məni yamanlar bağışlasınlar,

Nəfsi yaxşılıqla əzən şairəm.

 

Məni küsdüyümlə barışdırmayın,

Yanaşı qoymayın, yarışdırmayın.

Başqa şairlərlə qarışdırmayın,

Mən yazan deyiləm, düzən şairəm.

 

Elə bir cihaz qur, tərəzi burax:

Məndə cövhəri tut, ərəzi burax.

A kişi, gördüyün Əvəzi burax,
Özümü özümdən süzən şairəm...


KÖRPÜ MƏSƏLƏSİ...

 

Sən də mən yaşdasan, özünü dartma,
Lap olsun arada ay məsələsi.
Yerimiz səhv düşüb, neyləyək indi,
“Çuval dağarcığa tay” məsələsi?..

 

Həyat sərt üzünü yaman göstərər,
Nə qohum tanıyar, nə qan göstərər.
Nə nə cür olacaq, zaman göstərər –
Nəydi o... “payızda say” məsələsi...

 

Yaşı körpəmizin əlli olacaq,
Onda taleyimiz bəlli olacaq?!
Nə cür məsələ var, həlli olacaq,
Amma bu “torpaqdan pay” məsələsi...

 

Deyirlər, yaltaqlıq toxumu artıb,
Azımı çoxalıb, çoxumu artıb?
Əvəz məşhurlaşıb, qohumu artıb –
Körpü məsələsi, çay məsələsi...



GİZLƏDİRƏM 


Görməmiş deyiləm, gözə soxulam,
Göz-gözə gələndə göz gizlədirəm.
Qorxuram itirəm, bir sifətim var,
Demə, həyalıyam, üz gizlədirəm.

Hər sözü, incimə, sap eləmirəm,
Kitablar yığılır, çap eləmirəm.
Hər bekar qulağa səpələmirəm,
Biganə görəndə tez gizlədirəm.

Atılır ünvana, dəyir hədəfə,
Enir dərinliyə, çatır sədəfə.
Özümdən böyükdü iyirmi dəfə,
Beş göstərirəmsə, yüz gizlədirəm.

Təbin ürəyində döyünə gərək,
Sirri verməyəsən beyinə gərək.
Əhli olmayanın nəyinə gərək?
Əcəb eləyirəm, düz gizlədirəm.

Durub öz ölçünü əynimə biçmə,
Min dəfə seçdiyim sözləri seçmə.
Sözümün yanından kor kimi keçmə,
Mən sözün içində söz gizlədirəm...



ÖPÜRƏM, “ABİ...”


Gözümü açandan qaçaqaçdayam,

Ömrümü yollara səpirəm, abi!

Bəlkə də, bir yana çıxmadım özüm

Baxma kimlərəsə ləpirəm, abi...

 

Dərdimi dillərdən yan gəzdirirəm,

Dilimdə bir ovuc qan gəzdirirəm.

Bir-iki xurmaya can gəzdirirəm,

Mən ki nə dərvişəm, nə pirəm, abi!

 

Hayana üz tutum? Nə umacam ki?

Elə bağlanmayıb qapım-bacam ki...

Yaxşılıq görməyə elə acam ki,

Görəndə gözümə təpirəm, abi...

 

Yalan otururlar, yalan dururlar,

Haqqı büt başına dolandırırlar.

Elə ürəyimi bulandırırlar,

Az qalır hər şeyə tüpürəm, abi!

 

Harda dolaşıq var, rastıma çıxır,

Çözürəm, bir ucu sistemə çıxır.

Zibil qalaqlanıb üstümə çıxır,

Bilmirəm, hansını süpürəm, abi!..

 

...Dünənin işləri sabaha qalıb,

Ümid nə gədaya, nə şaha qalıb.

Sən get yat, mənimki Allaha qalıb,

Gecən xeyrə qalsın... öpürəm, abi...

 


BASABAS

 

Burda bu təzə hamamı,

köhnə libası kim qoyub?

Bapbalaca adamlara

bu boyda tası kim qoyub?

 

Mən bu şəhəri seçməzdim,

bu şəhər məni seçsə də...

Mən bu küçədən keçməzdim,

bu küçə məndən keçsə də...

 

Ey tak-tuk oyaq səsləri!

Ey tək-tük ayaq səsləri!

Bu üç adamlıq küçədə,

Bu üç addımlıq küçədə

Bu basabası kim qoyub?!

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başladıq. Budur, ikinci roman da yekunlaşır. Bu gün son dərcdir.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlaya bildi.

 

 

46–cı dərc

 

Bu dəfə polkovnikin həmsöhbəti çevrilib diqqətlə ona baxdı. Ancaq susdu. Sual verməyin yersiz olduğu ikisinə də bəlli idi. Deyilə biləcək hər şey deyilmişdi. Bu görüş beləcə bitmişdi.

Həmin gecə polkovnikə bütün açıq qalan sualların cavabları bəlli olmuşdu. Gənc Əmirxanın ölümünün detalları, hər şeyin İsfəndiyarın yaxın dostlarının xəyanətindən başladığı bilinmişdi. Yaranmış vəziyyətin qarşı tərəfi qane etdiyi də məlum olmuşdu. Bu bir saat çəkən görüş, əks tərəfin məsələnin uzanmasında maraqlı olmadığına bir işarə idi. Görüş bitən kimi Bəxtiyara hər şeyin arxada qaldığı barədə mesaj göndərən polkovnik oradan evə gəlmişdi. Bütün bu baş verənlərlə yanaşı bir şeyə də fikir vermişdi Arif Dadaşzadə. Bir qədər mistik hesab etdiyi bir şey - hər şeyin otuz ildən sonra, məhz may ayında açılması. Rəmzinin sərxoş olub bu sirri açmasında da, bundan xeyli müddət keçdikdən sonra qətl barədə məlumatın məhz bu ərəfədə ona ötürülməsində də bir qanunauyğunluq görmüşdü qocaman əməliyyatçı. Görünür, günahsız qətlə yetirilmiş Əmirxanın ölümünün üzərinə çəkilmiş qara pərdənin vaxtı indi bitmişdi. Bunu bir nişanə kimi qəbul edən polkovnik vaxt itirməməkçün dərhal əməliyyata başlamış, sadiq tələbəsi Bəxtiyarla görüşüb hər şeyi izah etdikdən sonra tələsməsini istəmişdi.

          

            * * *

Maşını evin qabağında, həmişə saxladığım yerdə saxladım. Düşən kimi burnuma kabab iyi dəydi. Məhəllə kişiləri bağçada manqal qoyub oturmuşdular. Ənənəmizə uyğun olaraq yaxınlaşıb onlarla salamlaşmağa hazırlaşdım. Ancaq heç maşını bağlamağa imkan tapmamış Qələndər məni səslədi:

-Yaxın gəl, Bəxtiyar.

Uzaqdan baxanda, son günlər ərzində Qələndərin necə sınıxdığı aydın hiss olunurdu. Yaxınlaşıb hamı ilə görüşdüm. Əlimi sıxan qonşu Şıxlar soruşdu:

-Bir həftədən çoxdur görsənmirdin, Bəxtiyar, salamatçılıqdır?

-Hə, bir az işlərim var idi, yeddi-səkkiz gün olar ki, şəhərdə deyildim.

Bir neçə gün əvvəl məktubumu alıb maşını Layiqəyə vermiş Qələndərin danışmasına imkan verməyib əlavə etdim: -Arada bir günlük gəlib yenə qayıtmışam.  

-Lap yaxşı. Gəl, keç bizimlə süfrəyə otur, -Şıxlar yanındakı bos stulu göstərdi.

-Sağ olun. Hamıya nuş olsun. Mən ac deyiləm, məclis nə münasibətlədir? -özümü hər şeydən xəbərsiz kimi aparırdım. Qələndərin də, qonşuların da nə isə bilmələrini istəmirdim. Hamı çönüb Qələndərə baxdı.

-Salamımı buraxıblar, Bəxtiyar. Mən bilirdim, oğlum günahsızdır. İnanırdım ki, polislərimiz gec-tez hər şeyi aydınlaşdırıb onu buraxacaqlar. Bu qonaqlığı da, sağ olsunlar, qonşular verirlər.

Əlimi bu sözləri deyib ağlamsınan Qələndərin çiyninə qoydum.

-Təbrik edirəm, qardaş. Biz də hamımız inanırdıq ki, Salam günahsızdır. İndisə, məni bağışlayın, yorğunam, evə keçəcəyəm, -deyib Qələndərlə də, o biri qonşularla da sağollaşıb evə tərəf gəldim.

Bu, pəncərədən çıxıb getdikdən sonra evimə ilk gəlişim idi. Həyət qapısını açıb içəri keçdim. Evin qapısına yaxınlaşanda ayaq saxladım. Qapının girişində sərdiyim kiçik ayaqaltı xalça yerində idi. Qapıya qalxan kiçik pilləkənin quruluşu elə idi ki, evə girmək istəyən mütləq bu xalçanı tapdalamalı idi. Gedərkən evdəki yubiley peçenyesinin qutusundan iki peçenye götürüb xalçanın altına qoymuşdum. Əyilib xalçanı qaldırdım. Peçenyelər əzilməmişdi. Deməli evə girmə cəhdləri olmayıb. Qapını açıb evə keçdim. Yenə də vərdiş etdiyim sakitlik. Pencəyimi asılqana asdım, ayaqqabılarımı çıxarıb vanna otağına keçdim. Əl-üzümü yuyub keçib divanda əyləşdim. Yol məni yormuşdu. Hiss etdim ki, üzümə vurduğum soyuq su bir qədər yorğunluğumu çıxardı. Saat on birə qalırdı. Gülüyə zəng vurdum. Telefonu ikinci zəngdə qaldırdı.

-Gəlmişəm, -dedim.

Araya uzun bir sükut çökdü. Bu ağıllı qadın telefonunun ekranında ev nömrəmin yazıldığını görüb hər şeyin bitdiyini başa düşürdü. Onun yanına yox, öz evimə gəlməyimin də bir səbəbi olduğunu anlayırdı. Sükut uzun çəkdi.. Çox uzun… Xəttin o başında onun hansı hisslər keçirdiyini hiss edirdim. Ancaq, «gəlmişəm»dən başqa, deməyə sözüm yox idi. Nə edə bilərdim. Bu da mənim işim idi. Məni anlayan qadınım da bunu başa düşürdü. Nəhayət Gülü bu sükutu pozdu.

-Səni səhər yeməyinə gözləyəcəm.

-Gələcəm, -dedim.

Daha nə isə deməyə lüzum yox idi. Dəstəyi asıb divana oturdum. Yenə də hər dəfəki kimi, uğurlu əməliyyatdan sonra keçirdiyim eyni hissləri yaşayırdım. Növbəti əməliyyatı da uğurla başa vurmağın yaratdığı məmnunluq, günahsız bir gənci böhtandan qurtarmağımın verdiyi sevinc... Elə bu hissslərin təsiri ilə, yorğun olsam da, hələ ki, yatmaq istəmirdim. Ancaq məni yatmağa qoymayan bir səbəb də var idi. Hər şey geridə qalsa da, hər bir sualın cavabını tapmağa öyrəşmiş biri kimi, bu səbəbi də tapmaq istəyirdim. Sadəcə, maraq xatirinə.

Bu məsələdə mümkün olan hər şey mənə aydın idi. Arif müəllimlə sabahkı görüşüm qalan şeylərə aydınlıq gətirəcəkdi. Ancaq tək bir şey var idi ki, bunu müəllimim mənə deməyə bilərdi-onun hələ ilk gün vaxt barəsində dedikləri. Məni niyə tələsdirməli idi ki? Özü niyə tələsirdi? Dediyim kimi, otuz il əvvəl baş vermiş bir cinayətin üç gün tez, beş gün gec açılmasının nə fərqi var idi axı? Bax bunu nədənsə mütləq bilmək istəyirdim indi. Son keçirdiyim əməliyyatda heç bir cavabsız sualın qalmaması üçün. Müəllimim nəyisə özü açıqlamaq istəməzsə, heç vaxt həmin şey barədə ona sual verməzdim. Bu, ilk gündən belə qəbul olunmuşdu ünsiyyətimizdə. İndi, vermədiyim sualın cavabını tapmaq istəyirdim. Bu cavabı verə biləcək epizodları xatırlamağa çalışdım.

Dayan, polkovnikin son görüşdəki sözlərini xatırla. Əvvəlcə ayın tarixini soruşdu. Sonra iki gün heç nə etməməyi tapşırdı. Bu nə ola bilərdi? Həmin gün ayın neçəsi idi? Mayın iyirmi altısı. Elə həmin gün Salamın işi ilə məşğul olub axşam Qubaya yola düşdüm. Araşdırmaya ayın on altısı başlamışdım. O hesabla araşdırma on bir günə başa çatıb. Bu gün mayın iyirmi yeddisi, on ikinci gündür. Stop. Bu günü çıx, bu gün heç nə baş verməyib, nə olubsa, dünən gecə olub. Deməli bu gün hesabdan deyil. Onda qayıdaq hər şeyin baş verdiyi günə, mayın iyirmi altısına. Rəmzi dünən intihar edib. Burada yenə tələsmə. Bu tarix tanış gəlir. Bir qədər fikrə getdim. Bu tarixi harada görə bilərdim? Dəqiq bilirəm ki, bu tarixlə araşdırma müddətində rastlaşmışam. Fikirləş, detektiv, fikirləş… Bu tarixi harada görə bilərdim? Dayan. Yadıma düşdü. Əlbəttə ki, ekspertiza rəylərində…

Qalxıb pencəyimin cibinə qoyduğum rəyləri götürdüm. Əmirxanın ölüm tarixinə baxdım: «Mövlayev Əmirxan İsfəndiyar oğlu. 26 may 1990-cı ildə, saat 23:20 radələrində avtomobil vurması nəticəsində aldığı çoxsaylı xəsarətlərdən keçinib, meyit həmin gecə saat 01:35-də Patoloji Anatomiya İnstitutunun ölüxanasına daxil olub».

Bu ki, Rəmzinin öldüyü günlə eyni gündür? Mayın iyirmi altısı. Bir də əlimdəki rəyə baxdım. Saat 23:20-də. Bəs Rəmzi, o neçədə özünü vurub? Gecə saatları idi. Dayan, dayan, deyəsən axı on ikiyə işləmiş baş verib hər şey…

Zənnimcə hər şey yerini alır… Bəli, elədir ki, var, Elbrus belə dedi, Rəmzi saat on ikiyə işləmiş özünü vurub. İndi hər şey mənə aydın oldu. Bu İsfəndiyar Mövlayevə ünvanlanmış bir mesaj idi. Onun günahsız qətlə yetirilmiş oğlunun qisasını almış dostu tərəfindən verilmiş bir mesaj. Hər şeyin birbaşa deyilə bilmədiyi, nəyinsə bəzən susmaqla, bəzən məzar daşları vasitəsilə deyildiyi bu aləmdə qocaman polkovnik tərəfindən verilmiş mesaj. Deməli, o buna görə məndən ayın tarixini soruşub, sonra daha heç bir addım atmamağımı tapşırdı. Vaxt tamam imiş, polkovnikin məni tələsdirdiyi, ona lazım olan vaxt…

Yaxşı, bəs polkovnik Rəmzinin intihar edəcəyini və bunu məhz gecə on ikiyə işləmiş edəcəyini necə bilə bilərdi? Bunun yalnız bir yozumu var. Rəmzi ilə ölümündən az əvvəl görüşən səksən beş yaşlı «qoca»… Təəssüf ki, orada nə baş verib, nə danışıblar, bunu heç kim, heç mən də o «qoca»dan soruşa bilməyəcəyik. Orada olanlar yalnız onun özünə məlumdur, yalnız özünə…

Deyirlər, nahaq qan yerdə qalmır. Deyəsən, həqiqətən də belədir. Qətlə yetirilmiş bir gəncin qanı gec də olsa, yerdə qalmadı. Düz otuz ildən sonra, eyni gündə, eyni saatda gələn qisasla ədalət yerini aldı.

Bəli, polkovnikin nə demək istədiyi indi mənə məlum oldu.

Ölüxanadan meyiti təhvil verilən Rəmzi dəfn olunacaq, sonra ona başdaşı qoyulacaq. Başdaşında ölüm tarixi həkk olunacaq-«26 may 2020-ci il». Hərdən dostları o qəbri ziyarət edəcəklər. Bir gün İsfəndiyar Mövlayev də dostunu yad etmək üçün həmin qəbirə baş çəkəcək. Və məzar daşında «26 may» tarixini görərkən çox sevdiyi yeganə övladının da otuz il əvvəl həmin tarixdə öldüyünü xatırlayacaq. Onda bu dünyagörmüş adam uzun müddət o qəbrin yanında dayanıb fikrə gedəcək. Kim bilir? Bəlkə də hər şeyi başa düşəcək. Bəlkə də yox… Ancaq nə fərqi, onsuz da, daha heç nə dəyişməyəcək. O dünyada olanları bu dünyada olanlar sorğu-sual edə bilmirlər.

Bu da axırıncı tapmacanın cavabı. Daha rahat yata bilərəm. Qalxıb işığı söndürüb yerimə uzandım. Gözlərimi yummamışdan qabaq adətim üzrə tavana baxdım.

Yaxşı ki, baş daşlarında ölüm saatı qeyd olunmur…

SON

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib böyük kinoaktyor, mərhum Həsən Məmmədovdur. Onunla müsahibə 1998-ci ildə götürülüb.

 

“Yeddi oğul istərəm filminə qədər o, “Böyük dayaq” “Arşın malalan” və digər filmlərə çəkilmişdi. “Yeddi oğul istərəm”dən sonra da çoxlu rollar oynadı: “Axırıncı aşırım”da Abbasqulu bəy Şadlinski, “Gün keçdi” də Oqtay, “Dədə Qorqud”da Qorqud, “İstintaq”da Murad... Amma heç bir rolu onu geniş tamaşaçı kütləsinə “Yeddi oğul istərəm” filminin baş qəhrəmanı Bəxtiyar qədər sevdirmədi. Hətta filmin çəkilişlərindən sonra onu çox vaxt “Bəxtiyar” çağırmağa başladılar. Amma o “Ən çox sevdiyiniz rol hansıdır?” sualına  “Bizi bağışlayın” filmində Nəriman” deyə cavab verdi.

Aktyor özü bu barədə nə deyir-desin, kinomuzda onun adı ilə bağlı olan realist-psixoloji üslub məhz Bəxtiyarla başlayır. Bəxtiyar onun sənət taleyidir və Həsən Məmmədov, doğrudan da, bəxtiyar sənətkardır.

Milli kinomuzun ən parlaq nümayəndələrindən biri olan görkəmli aktyorun tezliklə 60 yaşı tamam olacaq. Bəs, ömrünün 60 illik zirvəsindən dönüb geri baxan sənətkar indi nələr düşünür?

 

-        Həsən müəllim, necə oldu ki, universitetin filologiya fakültəsinin ikinci kursundan çıxıb, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil oldunuz?

-        Mən filologiya fakültəsini deyil, fizika-riyaziyyat fakültəsini yarımçıq qoyub, aktyorluq fakültəsinə daxil olmuşam.

-İxtisas dəyişmək cəsarət tələb edir. Bu cəsarətli dönüşə təkan verən yəqin ki, uşaqlıqdan aktyor olmaq arzunuz olub?

-Mənim uşaqlığım Salyanda keçib. Bütün kənd uşaqları kimi palçıqlı küçələrdə ayaqyalın gəzib-dolanmışam. Nə teatr görmüşəm, nə də aktyor. Bakıya gələndən sonra tədricən teatrlara ayaq açdım, tamaşalara getdim və özümdə aktyor olmaq arzusu hiss etdim. Bir gecə, elə bil, kimsə mənə dedi ki, sən aktyor olmalısan.

-        Əvvəla, icazə verin, qarşıdan gələn 60 illik yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edim. İkincisi, 60 illik ömrün zirvəsindən geri baxan Xalq artisti Həsən Məmmədov gənc Həsənin atdığı o cəsarətli addıma indi necə qiymət verir?

-        Təbrik və xoş sözlər üçün sağ olun. İndiki səviyyəmlə dönüb geri baxanda gəncliyimdə atdığım bu addıma sevinirəm. Deyirəm, nə yaxşı, bu addımı atmışam və axırı da pis qurtarmayıb.

-        Sizin kinoda ilk işiniz “Böyük dayaq” filmində Qaraş obrazıdır. O vaxt hələ aktyor kimi tanınmayan, zahiri görünüşü ilə də diqqəti o qədər çəkməyən bir tələbənin bu filmə çəkilməsi necə oldu?

-        (təəccüblə) Doğrudan, siz elə fikirləşirsiniz?

-        Həsən müəllim, sizin bir aktyor kimi də, zahiri görünüşcə də formalaşmağınız Əsgər, Oqtay obrazlarında baş verdi. Qaraş obrazında bunu qətiyyətlə demək hələ mümkün deyildi. Mən bunu demək istəyirdim. Yoxsa ki, sizin görünüşcə Alen Delondan, istedad baxımından Jan Qabendən geri qaldığınızı düşünmürəm. İndi isə müsaidənizlə sualımıza qayıdaq, filmə çəkilməyiniz necə oldu?

-        Görünür, bəxt, qismət deyilən bir şeylə razılaşmaq lazımdır (gülümsəyir). Siz bu filmin adını çəkəndə mən elə bildim ki, başqa bir sual verəcəksiniz. Bu filmlə bağlı adətən məndən soruşurlar ki, Rüstəm kişini oynayan Ələsgər Ələkbərov mənə doğrudan sillə vurub, ya yox?

-        Bəlkə, söhbətimizi elə bu sualla da davam etdirək?

-        O məni elə bərk vurdu ki, gözlərimdə sanki bir ildırım çaxdı. İndi desəm ki, o boyda sənətkar çəkilişdən sonra hələ heç kəsin tanımadığı bir cavanın qarşısında ağladı, üzr istədi, bəlkə də, inanmayacaqsınız. Özü də ağlamaq da var ağlamaq da... Hönkür-hönkür ağladı. Deyirdim ki, ay Ələsgər əmi, vurmusunuz, lap yaxşı eləmisiniz, nə olub, dünya dağılmayıb ki? Kimə deyirsən?

-        Siz belə zərbəyə hazır deyildiniz, nə əcəb rolda çaşmadınız?

-        (tərəddüdlə) Məni bərk vurmağı özüm ondan xahiş etmişdim.

-        Leyla Şıxlinskaya ilə “Arşın malalan”, “Gün keçdi”, “Bağ mövsümü” filmlərində tərəf müqabili olmusunuz. Ümumiyyətlə, Leyla xanımın çəkildiyi bütün filmlərə çəkilmisiniz. Bu, bir təsadüf idimi?

-        Bu, əlbəttə, rejissorlardan asılı olan bir işdir. Amma onu da deyim ki, bir tərəf müqabili kimi mən Leyla xanımdan çox razıyam. Mübaliğəsiz deyə bilərəm ki, Leyla Bədirbəyli və Nəcibə Məlikovadan sonra o bizim ən yaxşı kinoaktrisamız idi. Çox təəssüf ki, onun potensialından lazımınca istifadə olunmadı.

-        Sizin “Arşın malalan”dakı Əsgərinizlə Rəşid Behbudovun Əsgəri arasında nə kimi fərq var?

-        O film müharibədən dərhal sonra çəkildi, xalqa ümid, işıq verdi. Bütün dünyada məşhur oldu. “Arşın mal alan”ın 60-cı illərdə ikinci dəfə çəkilməsi rəngli film tələbi ilə bağlı idi. Və əlbəttə, bizim üstünlüyümüz dövrün üstünlüyü idi. Əgər başqa cür olsaydı da, belə demək bizim borcumuzdur.

-        Xarici rejissorlardan biri sizin haqqınızda deyib ki, “bu aktyor danışana qədər dahidir”. Bu fikirlə razısınızmı?

-        (təəccüblə) Necə?

-        Yəni xarici rejissor demək istəyib ki, siz baxışlarınız, mimikanızla dahisiniz...

-        Mən özüm haqqında heç vaxt belə tərifli sözlər demək istəməzdim, amma məcburam deyəm. Bu necə ola bilər ki, mən ağzımı açmamış obrazı yaradım, amma bütövlükdə onun öhdəsindən gələ bilməyim? Əgər mən “Axırıncı aşırım” filmində Abasqulu bəy Şadlinski roluna görə 1972-ci ildə Tiflisdə keçirilən kinofestivalda “Ən yaxşı kişi rolunun ifaçısı” mükafatına layiq görülmüşəmsə, deməli, obrazın öhdəsindən tam gələ bilmişəm. Eləcə də, “İstintaq” filmindəki Murad roluma görə Dövlət mükafatı almışamsa, bu elə beləcə, gözüyumulu olmayıb.

-        Siz bir çox filmlərdə insan iztirabının, insan kədərinin ən son ifadəsini yaratmısınız. Məsələn, Bəxtiyarın Sarı Şəmistandan gələn məktubu oxuduğu epizod, Muradın müstəntiqin suallarına cavab verdiyi kadrlar, Dədə Qorqudun qəbrin kənarında oturduğu səhnə... Bu əzabkeşlik sizdə hardandır?

-        Bu əzabkeşlik obrazla bağlıdır. Həyat başqa şeydir. Əgər filmin məzmunu gərgin psixoloji anları canlandırmağı tələb edirsə, aktyorun borcudur ki, bunu eləsin. Məsələn, mənim yadımdadır ki, “Birisigün gecəyarısı” filminin çəkilişi zamanı nə qədər daxili əzab çəkdim. Yaxşı yadımdadır ki, Ələsgər Ələkbərov Mehdi Hüseynin “Cavanşir” pyesinin tamaşası zamanı rolun həyəcanları ilə elə yaşayırdı ki, on iki alt köynək dəyişirdi. Mən öz gözümlə görmüşəm ki, o, köynəyini necə sıxıb və köynəkdən su necə tökülüb. Əlbəttə, özümü o dahi sənətkara oxşatmaq fikrindən çox uzağam. Amma filmlərdə də o əzabları yaşamaq tələb olunur.

-        “Dədə Qorqud” filmi ekranlara çıxanda bəziləri sizin Qorqud rolu üçün çox cavan olduğunuzu söylədilər.

-        (gülümsəyir) Dediyiniz iradı tutan adamlar necə deyə bilərlər ki, Dədə Qorqud elə olub, ya elə olamyıb, o yaşda olub, ya olmayıb. Heç kəs deyə bilməz ki, Dədə Qorqud səksən, və ya doxsan yaşda olub. Əsas odur ki, o, saçı-saqqalı ağarmış bir el ağsaqqalıdır. Və bu, məncə, filmdə də var.

-        “Axırıncı Aşırım” filmində böyük sənətkar Adil İsgəndərovla tərəf müqabili olmusunuz. Deyirlər ki, böyük rejissorun həm də böyük aktyor olması nadir hadisədir. Sizcə, bu fikir milli rejissuramızın titanının timsalında özünü doğruldurdumu?

-        Onun filmlərdə gözəl rolları olub: “Mehman”da Kamilov, “Axırıncı aşırım”da Kərbəlayi İsmayıl, “Dərviş Parisi partladır”da Hatəmxan Ağa... “Axırıncı aşırım” filmində “Ən yaxşı kişi rolunun ifaçısı” mükafatını biz ikimiz aldıq. O çox talantlı, dəhşətli dərəcədə xoşagələn obraz yaradan aktyor idi. O köklüklə, o bədənlə çox ciddi obrazlar yarada bilirdi. Ədil müəllim özünəməxsus adam idi, onu ötüb keçən olmayacaq.

-        1978-ci ildə Adil İsgəndərovun vəfatı Brejnevin Bakıya gəlişi ilə üst-üstə düşüb. Deyilənlərə görə, onun dəfnində cəmi dörd nəfər iştirak edib: Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya və Hamlet Xanızadə. Nə əcəb, siz beşinci deyildiniz?

-        Mən onun dəfnində iştirak etmişəm. Yadımdadır ki, cənazə Teatr xadimləri İttifaqından götürüldü. İndiki kimi yadımdadır ki, dəfn Ədil müəllimə yaraşan səviyyədə olmadı, necə ki, Tofiq Tağızadənin bu günlərdəki dəfni özünəlayiq deyildi. O cür gözəl filmlər çəkən rejissorun dəfninin bu cür keçməsi, zalın boşluğu, şəxsən, mənə çox ağır təsir etdi. Tofiq Tağızadənin dəfnində üç-dörd  dövlət rəsmisindən başqa heç kəs yox idi. Səhnəyə hətta mikrafon belə qoymamışdılar. Adil İsgəndərovun dəfni bu dərəcədə etinasızlıqla keçirilməmişdi. Cənazə yerdən götürüləndə zala çoxlu adam yığılmışdı. Amma qəbiristanlığa yola salınanda meyidi tələsik maşına qoyub apardıalr. Heç, macal da vermədilər ki, camaat qəbiristanlığa getsin.

-        Sizcə, niyə belə elədilər?

-        Mən artıq buna qarışmıram.

-        Adil İsgəndərovun kinostudiyanın direktorluğundan uzaqlaşdırılması yadınızda necə qalıb?

-        (dərin bir köks ötürür) Azərbaycan kinosunun ən parlaq dövrləri 1969-82-ci illərdir. Bu dövrdə bir neçə ili çıxmaq şərtilə kinostudiyanın direktoru Adil İsgəndərov olub. O, Azərbaycan ziyalılarını, rejissorları, aktyorları, operatorları yığdı, cəmlədi və Azərbaycan kinosunu ayağa qaldırdı. Amma onun kinostudiyadan getməsi çox müəmmalı oldu. Mən bu barədə nəsə deyə bilmərəm.

-        Heç özünüzü oynadığınız rol olubmu?

-        İndiyədək yetmişə qədər rol oynamışam. Bunların içində mənə ən yaxın olanı “Böyük dayaq”dakı Qaraşdır. Düzdür, o evlidir, mən isə o vaxtlar subay idim. Amma çox şey bizi doğmalaşdırırdı – onun gəncliyi, saflığı, kənd mühitindən çıxması.

-        Təsəvvür edin ki, bütün obrazlarınızdan qiymətli bir üzük hazırlayırsınız. Onun qaşı hansı obrazınız olardı?

-        “Bizi bağışlayın” filmində Nəriman.

-        Niyə məhz Nəriman? O sizin nisbətən az şöhrət qazanan obrazlarınızdandır.

-        Siz sual verdiniz, mən də cavab verdim. Görürsünüz, yenə gəldik mən deyənə. Dövlət mükafat verməyib, geniş ekranda getməyib, televiziya filmidir, yalnız televiziya ilə göstərilib. Bu filmin mənası böyük idi. Təəssüf ki, bizdə filmə baxmağı bacarmırlar. Görürsən, söhbət edə-edə, çörək yeyə-yeyə kinoya baxırlar. Bəzən bircə epizoda diqqət yetirməsən, kinonu başa düşməyə bilərsən.

-        Uzun illər boyu Rasim Balayevlə bir dəfə də olsun tərəf müqabili olmamısınız. Elə bil ki, ayrı-ayrı planetlərdə yaşamısınız.

-        Sizin bu sualı verməyə haqqınız var. Azərbaycan kinosu mənimlə qurtarmır ki... Sevindiricidir ki, məndən sonra kinoya Rasim gəldi, Şahmar gəldi, Hamlet gəldi, Səməndər var idi, Allah rəhmət eləsin... Bizdə bir çatışmayan cəhət olub – aktyorları bir yerə yığmamaq. Rasim mənim xoşuma gələn aktyordur. Amma tərəf müqabili olmaq rejissordan asılıdır. Mən şad olardım ki, onunla tərəf müqabili olum. Mənə elə gəlir ki, o da şad olardı...

-        Ürəyinizdə qalan rol olubmu?

-        Əgər rolu başqasına veriblərsə, mənim o rolda gözüm olmayıb. O da kimdirsə, aktyordur, qoy oynasın.

-        70-ci illərdən sonra filmlərə niyə az çəkilmisiniz?

-        Mən nə çəkildimsə, 1882-cilə kimi çəkildim. Kişi Moskavaya gedəndən sonra kinomuz sönməyə başladı. Onun kinoya diqqəti böyük idi.

-        Heydər Əliyevlə şəxsən ünsiyyətdə olmusunuzmu?

-        Mən onunla iki dəfə görüşmüşəm. 1982-ci ildə o Moskvaya yola düşəndə bir çox ziyalılarla görüş keçirdi. Onların arasında mən də var idim. O vaxt mən Xalq artisti adına layiq görülmüşdüm. Məni təbrik etdi, dedi ki, bundan da yüksək adlara layiq görüləsən. İkinci görüşümüz teatrda olub.

-        Başqa ölkələrə çəkilişlərə dəvət almısınızmı?

-        “Belarusfilm”də üç, “Tacikfilm”də bir filmə çəkilmişəm. Bu il İranın səkkiz seriyalı “Vüsal günləri” filminə çəkildim.

-        Xomeyni rejimindən sonra İranda kino sənəti hansı durumdadır?

-        Mən İran filmi ilə dərindən tanış deyiləm. Amma orada qaldığım qırx gün müddətində Tehranda, Ərdəbildə filmlərə baxdım. İldə yetmiş  film çəkirlər, səviyyəsi də çox gözəl. Əsas mövzuları İran-İraq müharibəsidir. Artıq İran filmləri Beynəlxalq kinofestivallarda yer almağa başlayıb.

-        İranlılar qonaqpərəst olarlar...

-        Olduqca. Qırx  gün orada olduğum müddətdə məni heç nədən korluq çəkməyə qoymadılar.

-        Siz də onları eyni səviyyədə qarşılaya bilərsinizmi?

-        Onlar mənim mikrorayonda yaşadığımı görüb təəccüb etdilər. Elə bilirdilər ki, mən tanınmış aktyoramsa, Xalq artistiyəmsə, dəbdəbə içində yaşayıram. Məni orada işləməyə də dəvət etdilər, getmədim.

-        Prezident rəğbət bəslədiyi sənətçilərə qarşı çox diqqətlidir. Nə əcəb, indiyədək şəhərin mərkəzi yerlərindən birində sizi evlə təmin etməyiblər?

-        İş Prezidentlik deyil. Prezident teatrda mənimlə görüşəndə bu məsələ ilə maraqlandı. Müvafiq məsələyə baxan Eldəniz Lahıcova bu barədə göstəriş də verdi. Sadəcə, mən özümü hər yerə soxan adam deyiləm.

-        Ailə vəziyyətiniz barədə heç danışmadıq...

-        Həyat yoldaşım evdar qadındır. Sənətdə qazandığım uğurlarda onun çox böyük zəhməti var. İki oğlum var. Övladlarım arasında sənətlə məşğul olan yoxdur.

-        Sənət həyatınızda unudulmaz fakt...

-        Gərək onda mən sənə yetmiş gün, yetmiş gecə söhbət edim… Amma bütövlükdə götürəndə deyirəm ki, ay Allah, qurban olum sənə, nə yaxşı o vaxt imkan olub, obrazlar yaratmışam. İndi buna imkan yoxdur. İndi kino var bəyəm?

-        Deyirlər ki, Azərbaycan kinosu ölüm həddindədir...

-        Azərbaycan kinosu ölümcül bir yaralı kimi çabalayır. Mən inanmıram ki, Azərbayccam kinosu bir də dirilsin! Dağıldı! Dağıtdılar Azərbaycan kinosunu! Müstəqillik qazanandan sonra dörd ilə qədər işsiz qaldım. Axırda yenə də üz tutdum teatra.

-        Kinonu kimlər dağıtdı?

-        Mən bu barədə ətraflı danışan deyiləm. Bəlkə də bu, qəzet söhbəti deyil. Dağıdan dağıtdı...

-        Sizin sözünüzdən belə çıxır ki, kinomuzun indiki tənəzzülü subyektiv amillərlə bağlıdır.

-        Bu sualı kinoya şəxsən rəhbərlik edən adamlara ünvanlamaq lazımdır. Amma gülməli də olsa, yenə Allaha şükür ki, xalqın içində kinoyla maraqlanan adamlar qalıb. İndi əksər adamlar iyrənc ideyalar təbliğ edən filmlərlə maraqlanırlar.

-        Realist, psixoloji obrazlar qalareyası yaratmış Həsən Məmmədov teatrın romantik atmosferində özünü necə hiss edir?

-        Mən teatrda əvvəllər də işləmişəm, tələbə vaxtı kütləvi səhnələrə çıxmışam. Sonra müstəqil rollar da oynamışdım.

-        Səməd Vurğunun “Fərhad və Şirin”ində Xosrovu romantik bir pafosla oynayırsınız. Bu, rejissor travtofkasıdır, yoxsa bir aktyor kimi öz daxilinizdən gəlir?

-        “Fərhad və Şirin” Sovet dövründə yazıldığından orada müəyyən ideoloji əyintilərə yol verilib. Əsil Xosrovla əsl Şirin Nizaminin “Xəmsə”sindədir. Mən Xosrovu yaradanda daha çox Nizamiyə əsaslanıram. Nizami isə dünyanın ən böyük romantiklərindən biridir.

-        Altmışıncı illər Azərbaycan teatrının Baratlı, Ələkbərovlu günlərini görən gənc Həsən otuz il sonra yenidən teatra qayıdanda müqayisədə nə gördü?

-        Mən ondakı teatrı indi görmürəm.O  vaxt gördüklərim indiki teatrda yox dərəcəsindədir.

-        Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

-        Bir ovuc torpaq...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

 

 

 

 

 

Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.

Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək. 

 

Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.

Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.

Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Qardaş Türkiyədə düzənlənən Muğla Büyükşehir Belediyesi 4-cü Uluslararası Karikatür Yarışmasının kataloqunda azərbaycanlı rəssam Soltan Soltanlının da bir əsəri yer alıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına rəssamın verdiyi məlumata görə, yarışmaya 

1324 əsər göndərilib, 175 əsər sərgi və kataloq üçün seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Cümə, 18 Avqust 2023 10:45

20 avqust son gündür

YARAT Qısa Filmlər Festivalına film qəbulu sona yetir

 

YARAT bu il keçiriləcək Qısa Filmlər Festivalı (YARAT Shorts) çərçivəsində öz qısametrajlı bədii ekran əsərlərini nümayiş etdirmək istəyən, yenicə fəaliyyətə başlamış və ya karyeralarının inkişaf mərhələsində olan Azərbaycan kinorejissorları üçün ekran əsəri qəbulunu davam etdirir. 

 

YARAT-ın yaydığı məlumata görə, layihənin məqsədi Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan, gənc istedadlar üçün platforma yaratmaq, yerli kinorejissorların filmlərinin geniş auditoriya arasında tanınmasını təmin etməkdir.

Layihənin bütün missiyası YARAT məkanlarında keçiriləcək açıq havada və ya qapalı meydançalarda film nümayişləri, habelə beynəlxalq səviyyədə tanınmış rejissorlar, ssenaristlər və aktyorların iştirakı ilə baş tutacaq seminarlar, mühazirələr və müzakirələr daxil olmaqla, zəngin və rəngarəng maarifləndirici tədbirlər proqramı vasitəsilə həyata keçiriləcək. Bu il nümayiş olunacaq filmlər “Qadınlar və qadınların cəmiyyətdəki rolu”, “Tənhalıq və özünüinkişaf”, “Yaddaş və mental landşaftlar” mövzularına toxunmalı, yaxud müəyyən dərəcədə bu mövzuları əhatə etməlidir.

İştirak etmək istəyənlər filmlərini avqustun 20-dək e-poçtla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına təqdim etməlidirlər.

Seçilmiş filmlər sentyabrın ilk həftəsində nümayiş olunacaq.

Festivalda iştirak hüququ qazanmaq üçün filmlər ilkin seçim tələblərinə də cavab verməlidir.

Festivala Azərbaycan mənşəli və ya əsilli kinematoqrafçılarının birgə prodüser, rejissor və ya ssenari işi olan, ümumi müddəti 30 dəqiqədən az olan (yekun titrlər daxil olmaqla) istənilən film və ya videolayihəsi ilə müraciət etmək mümkündür. Bura ssenari əsasında hazırlanmış və ya improvizasiya xarakterli fantastika, eksperimental film, video və animasiya daxil ola bilər.

Qısametrajlı filmlərin festivalda iştirak hüququna təsir edən, premyera ilə bağlı xüsusi tələblər və ya məhdudiyyətlər yoxdur. 

Filmlər daha əvvəl istənilən festivallarda və ya digər ictimai sərgilərdə nümayiş etdirilə, televiziya kanalları və ya İnternetdə yayımlana/translyasiya edilə, yaxud dünyanın istənilən yerində, istənilən məişət texnikası və ya digər ictimai yayım platformasından istifadə etməklə təqdim edilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Sabah və birigün - avqustun 19-20-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Eyyub Yaqubov və "Big band sound pro" qrupunun birgə konserti təşkil olunacaq.

 

“Big band sound pro” qrupunun müşayiəti ilə Xalq artistləri Eyyub Yaqubov, Cavan Zeynallı və qrupun bədii rəhbəri Fuad Musayev bənzərsiz ifaları ilə tam fərqli şou formatında yenidən tamaşaçıların qarşısına çıxacaqlar.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Respublikanın əksər bölgələrində avqust ayının birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 3-5º yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə norma daxilində olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 29º, Qarabağ bölgəsində, Mil – Muğan, Gəncədə, Goranboyda və Mərkəzi Aranda 30-31º, Lənkəran - Astara bölgəsində 28º, Tovuz-Qazaxda 21-29º, Quba və Dağlıq Şirvanda 27º, Şəki - Zaqatalada 27-28º qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəy və Qazaxda 13º, Qubada 18º, Dağlıq Şirvanda, Naxçıvanda, Zaqatalada, Tovuzda və Ceyrançöldə 19º, Lənkəranda, Gəncədə, Şəkidə və Qəbələdə 20º, Qarabağ bölgəsində 21º, Cəfərxanda və Mərkəzi Aranda 22º, Maştağada 23º təşkil edib.

Demək, Azərbaycanın ən isti bölgəsi Mərkəzi Aran rayonları (Kürdəmir başda olmaqla), ən sərin bölgəsi isə Gədəbəydir.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Dosent Zaur Əliyevi biz ən maraqlı mövzuların müəllifi kimi tanıyırıq. Bu gün də o, öz ampluasındadır. Nizami Gəncəvi ilə bağlı araşdırma edib. “Ədəbiyyat və incəsənət” portalı onun “Nizami Gəncəvinin kəllə sümüyü harda saxlanılır?” adlanan araşdırmasını öz oxucularına təqdim edir. 

 

Dünya elminə və poeziyasına əvəzolunmaz töhfələr verən Nizami Gəncəvi (Gəncəli) Şərq və Qərbin bu gün də araşdırdığı və hələ də öyrəndiyi böyük bir şəxsiyyətdir. Nizami Gəncəvi (Gəncəli) bütün dövrlərdə çox sevilib. O təkcə şair deyil, eyni zamanda bütün elmlərdən vaqeh olan dahi mütəffəkir idi. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb. Elə şəxsiyyətlər var, onlar tək bir xalqa yox, bütün dünyaya məxsusdurlar. Azərbaycan xalqının dünya ədəbiyyatına verdiyi dahilərdən biri də Nizami Gəncəvidir. (Gəncəli) Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla “Xəmsə”-nin üzü dəfələrlə köçürülmüşdü.

Böyük Nizami Gəncədə dəfn edilmişdi. Onun doğum tarixi kimi, vəfat tarixi də mübahisəlidir. Nizaminin vəfat tarixini qeyd edən orta əsr bioqrafları bir-biri ilə fərqli tarixlər yazıblar. 1180-1217-ci arası bu gün də mübahisələr gedir ki, nəticədə 37 il fərqi olan müxtəlif rəqəmlər göstərirlər. Lakin son məlumatlara inansaq, 63 il ömür sürən Nizami Gəncəvinin 1947-ci ildə məqbərəsində aparılan qazıntı işləri zamanı sinə daşı tapılıb. Daşda Nizami Gəncəvinin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi yazılıb. Böyük Həmid Araslı  “Ədəbiyyat və incəsənət” qəzetinin 25 fevral,1983-cü il sayında yazır: “Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. …məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş” 

Lakin zaman keçir və Nizaminin məzarı baxımsız və diqqətsiz qalır. Səfəvilər Gəncə şəhərini 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin bir nəticəsi olaraq, Osmanlılara verməli olmuşdular. Bu zaman Nizaminin məzarı hələ də ziyarət edilirdi. Osmanlı ordusu təhlükəsini aradan qaldıran Şah Abbas Gəncə şəhərini geri qaytarmaq üçün müharibə niyyəti ilə bura böyük qoşunla gəlir.  İskəndər Münşi yazır ki, 1606-cı ili fevralında Gəncəyə yaxınlaşan Şah Abbas Nizaminin türbəsi yaxınlığında düşərgə salır. Qızılbaşlar 1606-cı il 4 iyul tarixində hücuma başlayır və əlbəyaxa döyüşdə Osmanlı qoşunları qızılbaşlara diqqətəlayiq itkilər verirlər, ancaq onlardan 2.500 nəfər əsgər həlak olur. Nəhayət, Gəncə bəylərbəyi Mehmed Paşa təslim olur və Şah Abbas ilə ordusu qalanın nəzarətini ələ alır. Bu döyüşlər zamanı Nizaminin məzarı da ciddi dağıntılara məruz qalır. Şah Abbas Gəncəyə dəyən dağıntıları düzəltmək əmri verir, lakin Nizaminin məzarı bu əmrdən kənarda qalır. Özünü qatı şiə hökmdarı hesab edən Şah Abbas Nizaminin sünni müsəlman olmasını əsas götürüb onun məzarını təmirdən kənarda saxlayır. 

Qeyd edim ki, o dövrdə sufiliyin sol cinahı – əxilik – qardaşlıq cərəyanı daha geniş yayılmışdı. Sənətkarların təşkil etdikləri əxilik silahlı mübarizə üsuluna daha çox üstünlük verirdi. Əxilər emalatxana sahiblərinə, ruhanilərə, sələmçilərə, dövlət məmurlarına qarşı mübarizə aparır, ehtiyac içərisində yaşayan şəxslərə köməklik göstərirdilər.O, vətəndaş cəmiyyətinin elementlərini özündə daşımış və xalq demokratiyasının inkişafına təkan vermişdir. Lakin qeyri-demokratik sistemlərdə onlar öz fəaliyyətlərini çox vaxt gizli şəkildə həyata keçirməyə müyəssər olmuşlar. Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xəqani Şirvani və başqa bu kimi dahilərimiz bu təşkilatın fəaliyyətində iştirak etmişlər.

 

Uzun zamandan sonra Gəncənin imkanlı ailələri pul yığıb məzarı təmir edirlər. 

Lakin dahi Nizaminin məqbərəsi yenidən, lakin bu səfər tamamilə bərbad günə  Rusiya-İran müharibəsi dövründə, 13 sentyabr 1826-cı ildə Gəncə ətrafında baş verən döyüşdən sonra düşür. Qeyd edim ki, Qacar şahı Abbas Mirzə döyüşdən əvvəl gəncəlilərin Nizami sevgisini bildiyi üçün onların yanında belə bir əmr imzalayır “Gəncə azad ediləndən sonra Nizaminin günbəzi qızıldan düzədilsin”

Lakin Qacarlar məğlub olurlar və ruslar Gəncəni işğal edəndən sonra uzun illər Nizami Gəncəvi (Gəncəli) məzarı dağınıq vəziyyətdə olur. 1875-ci ildə İsgəndər bəy Axundov və 1879-cu ildə Həcc ziyarətinə gedən Seyid Əzim Şirvani bu qəbri ziyarət edib yazırdılar: “ Şeyx Nizami məqbərəsinin tağı uçulub tökülüb, üstündə ilan və kərtənkələlər sürünən kərpic günbəz indi çovğun və istilərdən onun məzarını qoruya bilmir”

1881-ci ildə Tiflisdə arxeoloqların qurultayı keçirilir, tədbirə rusiyalı və avropalı mütəxəssislər toplaşır. Qurultay keçirilən ərəfədə avropalı arxeoloqlar Gəncəni görmək adı ilə Nizaminin məzarına gəlirlər. 525-ci qəzetdə bu barədə geniş yazı yazan Zakir Muradov bildirir ki, “avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı qəbirüstü daşı aparmışdır. Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər, əski məqbərənin günbəzindən uçub tökülən qədim Kufi yazılı kərpiclər də yox olmuşdur".

Bu qəbirüstü daş Tiflisə, sonradan isə İrana aparılıb. Sovetlər isə izn verməyiblər ki, İranla münasibətlər korlanması deyə axtarış edilməsin. Beləliklə daş hazırda İranda saxlanılır. 

1922-ci ildə şairin məzarı açılmış, qalıqları yeni tabuta yığılaraq dəfn edilməsi üçün Gəncə şəhərinə gətirilmişdir. Lakin, sonradan Bakıdan gələn göstərişə əsasən tabut geri qaytarılmış və əvvəlki yerində dəfn edilmişdi. 1932-ci ildə isə onun məzarı üzərində yeni qəbirüstü daşlar qoyulur. Həmin dövrdə artıq türbənin şimal divarı da uçmuş, yalnız təməl və 4–5 sıra hündürlüyündə kərpic hörgü saxlanmışdır. 

1940-cı ildə Nizaminin məzarı üzərində məqbərə inşa ediləcəyi nəzərə alınaraq, arxeoloji qazıntı işlərinə başlanılır. Bu qazıntılarda sovet antropoloqu, arxeoloqu Mixail Mixailoviç Gerasimov da iştirak edir. lk dəfə olaraq başın yumşaq toxumaların quruluşunun və kəllə skeleti arasında müəyyən asılılığın olmasını elmə gətirən Gerasimov məzardan çıxan sümükləri incəlməyə başlayır. O zaman o təklif edir ki, Nizami Gəncəvi (Gəncəli)-nin kəllə sümüyünü ona versinlər və o kəllə skeletinə görə şəxsiyyətin eyniləşdirməsi və kəllənin təsvirinə görə kəlləsi güman olunan şəxsin həyati fotoşəklini müəyən etsin. Yerli əhalinin və ağsaqqaların xəbəri olmadan Nizaminin kəllə sümüyünü ona verirlər və Gerasimov onu götürüb Sank-Peterburq şəhərinə gedir. Qeyd edim ki, bu  M.M.Gerasimov kəllə sümüklərinin əsasında Əmir Teymurun simasını bərpa etmək fikrinə düşən və onun məzarını açan adamdır. 

Gerasimov kəllə sümüyünü geri qaytarmır, lakin məzar bərpa olunmalı idi. Çünki içərisində iki qəbr var idi. Biri ehtimallara görə Məhsəti Gəncəvinin qəbri idi.  Məqbərə tikintisi başa çatmalı idi. Elə bu zaman, 1941-ci ildə Almaniyasının SSRİ-yə qəfil hücumu bu yöndə planları pozdu. Məqbərənin tikintisi təxirə düşdü. 1947-ci ildə isə məqbərənin tikintisi tamamlandı. Lakin bu zaman dahi Nizaminin məzarında onun kəllə sümüyü yox idi. Gerasimov onu geri qaytarmadı. Bəzilərinin iddiasına görə guya Nizaminin kəllə sümüyü Peterbuqrda saxlanılır. Lakin bir versiyaya görə Gerasimov onu ermənilərə satıb və hazırda həmin kəllə sümüyü  Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzində gizlədilir. 

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim etməkdədir. Bu gün Qali-Dana Singerin poeziyası ilə tanışlıq baş tutacaq.

Qali-Dana Singer    tanınmış şairə və tərcüməçidir, ivritdə və rus dilində yazır; ingilis, amerikan, rus poeziyasının ivritə və çağdaş yəhudi şeirinin ruscaya tərcüməçisidir. 

1962-ci ildə Sankt-Peterburqda doğulub. 1988-ci ildən Qüdsdə yaşayır. “İO” və “İki nöqtə” jurnallarının redaktorudur. Əsərləri İsraildə, Rusiyada, İngiltərə və Fransada nəşr edilib.

Y.Saban mükafatının (1997), “Poeziya-2000” ödülünün və  İsrail baş nazirinin xüsusi mükafatının (2004) laureatıdır.

 

Etiraf

Daha o bər-

bəzəkli konfetləri sevmirəm                                
(heç vaxt da sevməmişdim),
barbarisi, düşesi,
nanəcövhəri heç demirəm.

 

Daha o bər-
kimiş, uzunsov, solğun
sarı, yaşıl, yarımşəffaf şeyləri
görmək istəmirəm (əvvəl görmüşdümmü)
tutqun əzilmiş kağızlara bükürlər,
ağızdan çıxardanda parıldayırlar.

amma bilirsən
indi (əvvəlkitək) o bər-
bad şəkildə yanıq qoxuyan
qənnadı  fabriklərinin ruhunu
hiss edəndə
ürəyim ağzıma gəlir həyəcandan.


Qoruqçunun şikayəti

 

“Qoruqçu olmaq istəmirəm”- dedi qoruqçu.

Qoruqsuz olmaq istəmirəm,
Qoruqlu olmaq istəmirəm.

Qor olmaq istəmirəm.

Qara daş olmaq istəmirəm.
Qumbara olmaq istəmirəm,
qırmaq da istəmirəm.
imtinalardır, qoruyur məni.
 Özümü gözləyirəm qorxunc göz kimi.

“Gözətçi olmaq istəmirəm” – dedi gözətçi.
gözdə-qulaqda olmaq istəmirəm,
göz də olmaq istəmirəm.
İmtinalar məni gözətləyir, gizləyir,

 küləkdə tərəddüdlə gizildədir.

 

 “Burda, qapıdayam” – dedi qapıçı,
  arzum nədir,
  heç kim soruşmayıb, bilmir.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.