ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

Bahar gələndə...


... qorxurdum cəsarəti yetməyə sözün;

lalələr alovtək yamacı oyub,

dağlar elə bil ki, dartılan gözün

qapağı üstünə qırmızı qoyub.

 

güllər sıralanıb tutur yerini,

ürəklər isidir gələn soraqlar,

ara qarışanda itirdiyini

hər kəsin özünə qaytarır bahar,

 

oyadıb yaşadar arzuları da,

hardansa güc alar itən ümidlər,

bahara sevinən baş daşları da

Günəşə boylanıb dua etdilər.

 

qarının sonuncu nəvəsi mənəm –

ağlı kəsməyəni məndən soruşar,

payız yuxusuna “puç” deyən nənəm

baharda axarlı suynan danışar,

 

həyata boylanıb eşq həvəsində

arzular selində aşıb-daşaram,

yaşım çoxalsa da, bahar gələndə

ömrün payızınnan uzaqlaşaram... 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə müsahibim Qardaş Türkiyənin dəyərli yazarlarından biri olan Metin Ademir bəydir. 

 

1.-Salam Metin bəy ! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-1968-ci ildə İstanbulda anadan olmuşam. Əslən Bolu-Mengenliyəm. Mersində yaşayıram. Təqaüdçüyəm.

 

2. -Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-14 yaşımdan şeir yazıram. İlk romanımı pandemiya dövründə yazmağa başladım. İl yarımlıq araşdırmalar nəticəsində romanı fantastik və reallıq kimi tamamladım.

 

3.-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-İki əsərim var. Birincisi “Yalnızlık Şairi 14/33” şeir kitabıdır. Hər cür mövzuda şeirlərim var. İkincisi “Elif 14 Ortak Çığlık & Yeter Artık” romanım. Qadınlara qarşı zorakılıqdan, qadın öldürmə və uşaq istismarından  bəhs edir.

 

4. -Xəyallarınızın  genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Arzularım cəmiyyətə fayda verə bilmək və maarifləndirmək, sosial və qanamaqda olan problemləri qeyd edib işıqlandırmaqdır.

 

5. Mütaliəni gücləndirmək üçün hansı üsullardan istifadə etməliyik?

 

-İlk növbədə valideynlər örnək olmalıdırlar. Uşaqlar onlardan nümunə götürməlidirlər. Oxumaq üçün ilk növbədə özümüzü təkmilləşdirməliyik, cəmiyyətə faydalı övladlar yetişdirməliyik.

 

 6.-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Oxuma faizi çox aşağıdır. Oxumayan nəsil yetişir. Biz bacardığımız qədər bunu düzəltməyə və oxuma nisbətini artırmağa çalışmalıyıq.

 

 7.-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Dərnəyimiz “Mersin Şairlər və Yazarlar Dərnəyi” ilə Azərbaycan şair və yazıçıları arasında dostluq körpüsü var. Dostlarımızdan bir neçəsi Azərbaycanla sıx əlaqədədilər. 

 

8.-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? 

 

-Mən cəmiyyətə faydalı olan işlərimi davam etdirmək, maarifləndirmək istəyirəm.

 

9. -Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Məni maraqlandıran, səlis və sürükləyici olan hər cür əsəri oxumağı xoşlayıram. Mövzu və növ önəmli deyil. Hər iki kitabdan yararlanmağa çalışıram.

 

10. – Bir  yazar olaraq digər  yazarlara məsləhətləriniz nədir?

 

-Biz yazarlar cəmiyyətin ziyalılarıyıq, cəmiyyəti maarifləndirmək, məlumatlandırmaq üçün daha çox əsərlər çıxarıb xəbərdarlıq rolunu öz üzərimizə götürməliyik.

Mənə bu fürsəti verdiyi üçün CAN AZƏRBAYCANA-a, “Ədəbiyyat və incəsənət” portalına sonsuz salamlarımı və təşəkkürümü bildirirəm. Var olasınız Habil bəy!

 

-Biz də sizə dəyərli vaxtınızdan zaman ayırdığınız üçün öz dərin minnətdarlığımızı bildiririk hörmətli Metin Ademir bəy. Qardaş Türkiyəyə Salamlar və Sevgilərlə! TANRI TÜRKÜ QORUSUN!

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

 Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bütün hökm və qərarların varlıq adına məqsədsiz bir sonu yazması, başlamağı belə seçmədiyin yolun sonunda öz sonuna şahidlik etməyin, şahid olduğun hər sonda özünü təkrar-təkrar itirməyin necə də qəribə idi. 

 

Və...bütün bunlar olarkən mənim səni itirməyim ən dəhşətli olanı idi. Mən səni itirərkən yay fəsli payızla salamlaşırdı. Yarpaqlar solmuş gövdələri ilə budaqlardan kömək dilənirdi, budaqlar rüzgarın qanadında öz yolunu azırdı. 

Mən səni itirərkən itirilənlər adına ağlamağı bacara bilmirdim. Çox qəribədir ki, indi itirdiyim hər oyun, hər əşya adına özümü sarsıntılarla silahlandırıram. 

İndi məni susmaq da xilas etmir və indi məni sən də xilas edə bilməzsən. 

Məktubların ünvanlı olduğu bariz məsələdir. Bu sənə bir məktub deyil. İllər sonra özüm haqqında gələn kiçik bir etirafdır. 

Kiçik bir not: Yolun düşsə, bu dünyaya bir daha gəl demirəm. Ona görə ki, aludəsi olduğum həyat sənin dəyərli qəlbin, incə ruhun üçün çox ağırdır. İndi özümü cəhənnəm üçün hazırlayıram və narahat olma, arada kefimi yaxşı edəcək hadisələrlə də qarşılaşıram. Yəni belə... 

Zamanı geri ala bilmirəm, amma səni bütün gələcəyimə qataraq addımlayıram, Baba. 

Sən mənim qanadsız qəhrəmanımsan. 

Səni sevirəm! 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

N. Gəncəviyə zəng edərdim. Niyə Məcnunu bu qədər acımasız sınaqlara saldığını soruşardım. Nədən ilham alıb o əsəri yazdığını, Leylinin acımasız sınaqlarının səbəbini soruşardım.

Birdə əsas zəngim M. Müşfiqə olardı. Ondan yaşasaydı həyatdan necə zövq almaq istədiyini soruşardım. Axı o hələ həyatdan doymamışdı. " Həyat sevgisi" əsərində də bunu görmək mümkündür. Repressiya dövründə onun keçirdiyi hislərini, arzularıni soruşardım. 

Bir də belə bir sual verərdim, ümumiyyətlə tək ona yox, bütün represaiya qurban olmuş şairlərimizə əgər vaxt geri dönsə idi, əvvəlki hökümətə qarşı şeirlər yazardız?".

- Həyat, həyat! - deyə çırpınır könül.

Könüldən, sevdadan necə əl çəkim? 

Bu şeiri yazanda nələr hiss etmişdir, görəsən...

Allah rəhmət etsin. Bizim dəyərli şairlərimiz  bizlərin qəlbində yaşayır və yaşamağa davam edəcək.

Zənurə Həsənli

 

Babama zəng edərdim. Onun üçün çox darıxmışam, ağlamağdan yəqin danışa bilməzdim. Yuxuma tez-tez girir, səbəbini soruşardım, orda necə olduğunu soruşardım, çox marağlıdı. Allah sənə rəhmət eləsin baba!

Arzu Qafarova

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Cümə axşamı, 11 Yanvar 2024 16:00

Açıq lyuklar ayrılıq gətirir

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

YƏHUDİ UŞAĞIN ÇOXBİLMİŞLİYİ

 

Bir yəhudi uşaq daxıla pul yığırmış. Bir dəfə anası soruşur:

-Oğlum, bu pulu niyə yığırsan?

Uşaq deyir:

-Atam sənə şuba almır deyə mən özüm almaq istəyirəm.

Anası bundan təsirlənir və uşağa velosiped alır. O velosipedi ki, uşaq məhz ona görə pul yığırdı. 

 

QAYDA

Deyirlər ki, ölümündən əvvəl admin bütün parollarını xatırlayır. 

 

DİALOQ

Arvad: 

-Sən niyə mənimlə heç kəlmə kəsmirsən?

Ər:

-Transsendent səbəblərə görə.

-Nə, nə?

-Bax elə buma görə kəlmə kəsmirəm. 

 

TOST

Qız küçəylə gedirdi və ardınca addım səsləri eşidirdi. Geri çevriləndə qəşəng bir oğlan gördü. 

Az keçmiş yenidən geri qanrıldı, yenə oğlanı gördü.

Sonra növbəti dəfə çevrildi, amma oğlanı görə bilmədi.

Gəlin bu sağlığı kanalizasiya lyuklarını vaxtlı-vaxtında bağlayanların sqğlığına içək!

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, Təbrizdə yaşayıb yaradan Əli Çağla bu gün də sizləri Əmin Əhəryarın yaradıcılığı ilə tanış edəcək. 

 

Əmin Əhəryar

Əmin Əhəryar 1991-ci ildə Əhər şəhərində anadan olmuşdur. İlk təhsilatını və orta məktəb təhsilatını Əhərdə bitirdikdən sonra, Təbriz Universitetində Bədən tərbiyəsi və idman fakültəsini magistr dərəcəsinə qədər təhsil etmişdir. Daha sonra yenidən Təhsilə başlamış, Təbriz PəyamNur Universitetinin Hüquq fakültəsindən Bakalavr dərəcəsinə qədər təhsil etmişdir. Jurnalistliyə və yazmağa marağı olduğu üçün öyrəncilik dərgilərində çalışmışdır və bir neçə dərgidə əməkdaşlıq etmişdir. O, PəyamNur Universitetində olduğu zaman baş yazar və sorumlu müdir olaraq “Güzgü” dərgisini yayımlamağa başlamışdır.

 

 

Bizim məhəllədə bir küçə var

O küçənin dib qapısı bizim evdir.

Gün altında yaşlı-yaşlı

Saçlarını yelə vermiş qoca evdir...

Paslı divar

Kərpicləri sökük-sökük

Pəncərəsi quş yuvası...

Şərit kimi simlərindən tor aslanıb,

Tor atanlar yuvasıdır...

Toz qonubdur bu evimizin taxçasına.

Arıq siçan deşib evin bünövrəsini

Evin damın şeh basıbdır.

Nəm iysidir, qoxuyur hey bizim evdə.

Bir lampa var,

Aslanıbdır ayaq üstə

Yanır, sönür,

Bəxtsiz qızın az ömrü tək,

O uzaqdan, xalçamızın güllərinə qaş-göz atır...

Bir mebel var, bir də masa

Ağ divara söykənərək bir saat var

Əqrəbələr qaçaqaçda

Saat dəqiq gecə onda

Ev yenə də qaranlıqda.

Televiziya kənarında, kitabxana ucadadır

Səkkiz kitab bir rəngdə,

Bir boydadır

Bir kitab var qabığında nə adı var, nə kimliyi, nə yazısı.

Yapışıbdır vərəqləri bir-birinə

Elə bil ki, çay calanıb ətəyinə.

İki uşaq nənnisi var bir otaqda

Yəni elə iki uşaq var bizim evdə

Tələsik hey yırğalanır nənniləri

Bu uşaqlar doğulandan bu otaqda.

Kərdimizdə bir sarmaşıq gül bitibdir

Bu uşaqlar doğulandan bu otaqda.

Bir quş gəlir sarmaşığa qonur hər gün

Bu uşaqlar doğulandan bu otaqda

Elə bil ki, ev də gülür,

Dünən bunu güzgüdəki səs deyirdi.

Sındırıblar bu uşaqlar

Qoca evin səssizliyin

Soyuq evin hərarətin

Bu uşaqlar alışdıran.

Yenə günəş göydən baxır

Yenə işıq gəlib evə.

Dib qapıda qoca evi

Bu küçədə gördünüzmü?

Bura bizim məhəllədir

Bura bizim evimizdir.

Yenə sabah oyadacaq uşaqları bizim evdə

Və sarmaşıq yapışarkən qollarından

Qovzayacaq ucalara evimizi...

 

— — —

 

Mənim sonucum

Mənsizliyimin rəsmi

Ümidsiz bəxtim

Qapalı taxtım

Bizi oxuyursunuzsa

Didilmiş buludları dərin

Bizdən oxuyursunuzsa...

 

Hansı saatları necə atlamışıq

Nə ilə sovmuşuq

Dədələrimizlə birgə

Gahdan sayğac gecələrdə

Gahdan günəşli səhərlərdə

Çoxlu çağlarda

Qışlarda, yazlarda

Yarpaqların yaşamdan əli üzülən zaman

Nələrdən keçmişik

Dağları addım-addım enmişik

Düzləri qalxmışıq.

 

Xəzərdən Urmuya cummuşuq

Arazdan, Acıya.

Şəhər çaylarında boğulmadan

Şəhərləri gəzmişik.

 

Yel tək doğulduq ağdan

Yəni bizi Xəzər doğdu.

Savalan əmdirdi

Yanar odlar bürüdü.

Sümüklərimiz alışıb, beynimiz diskindi

Ağlımız keçmişin nə olduğunu

Varaq-varaq daş yazılarında vərəqləri

İtkin savaşçının paslı

Qılıncında

Güc göyərir gizli sandıqlarda.

 

Sabaha danışdıq,

Sabaha atıldıq dünəndən.

 

Dağları danışdırsansa

Daşları sökülən sapand qayalıqlarından

Danışarlar

Quşları danışdırsansa

Yuvaların sovurub aparan yeldən danışarlar.

 

Kənd daşını atıb şəhərə gələnlər

Qucaq-qucaq sevgini özləri ilə dəfn edənlər

Pinar coşaraq boğazı buz bağlayanlar

Yarpaqları solmuş quşlar

Qızıl almanı quylayanlar

Biz haradan haraya gəldik?

 

Mənim bəxtsiz işığım

Yasaqlara batmış bəyaz dəftərləri oxudunuzmu?

Yazılmamış sevdanı,

Sürü tək eşqin dalısınca sürünənlər

Harda özlərini arpa çayına atmışlar...

 

Buğdalıqları dən-dən aparan sərçəyə nə demək?

Qatarla beyinlərini əzən yağış altında yuva saldılar.

 

Əynimizi siçanlar deşik-deşik dəlmiş

Yuva qurmadan yuvaları çalmışlar.

 

Ərk sinəsinə fəxr ödülü asılmış

Bu görünən top yarası deyil

Vüqarını sındırmasa da

Dik dayanmadan beli bükülmüş birisi.

 

Göz-gözə yatmışıq gündüzlər

Çiyin-çiyinə qalxmışıq gecələr.

Uzun dərələri Qıratla uçmuşuq

Yoxuşları dabanımızla sürümüşük.

 

Bizi pozublar,

Biz pozulmuşuq.

Bizim halımız adamsız güzgüyə oxşayır

Kimsəsizlik yolları.

 

Minlər dönə özlüyümüzdən qaçaq salmış dığalar

Bir-birimizi ayrılıq mahnısına bəsləyiblər

Amma yenə dinməməzlikdən usanıb

Bağıran boğaz oldu düşüncəmiz...

Əlimizdən kəsərimiz düşsə də

Qələmimizlə mərmi yaratdıq

Könlünü qızılgülə bəzədik

Ağı desə də

Torpaq bizi alqışladı.

 

Mənsizliyimin son ümidi

Vərəqləsən məni

Özlüyündən görünən dünənlə sabah yaşayacaq

Al məndən qızılgülləri...

Al məndən ağ lələkləri...

Al məndən qızıl almanı...

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

1.Utanmaq kiçik günahların əlamətidir, böyük günahlar abırsızlıqla  şərikdir.

 

2.Qadın başa düşmək üçün yaradılmayıb, o, yalnız sevmək üçün yaradılıb.

 

3.Qaranlıq işıqla dostluq edə bilər, əgər kordursa.

 

4.Kişinin nə dediyi, qadının necə dediyi vacibdir, çünki kişi ağlı ilə, qadın isə qəlbi ilə danışır.

 

5.Kədərini təbəssümlə ört-basdır etmək güclü insanların adətidir.

 

6.Xırda sevinclər xırda pullar kimidir, daha çoxuna ümidin yaranır.

 

7.Həyat da yer kürəsi kimi dairəvidir, qaçdığın insanları qarşında təkrar-təkrar görəcəksən.

 

8.Haqlı olmağın birinci şərti, başqasından tələb etdiyinin özündə olmasıdır.

 

9.Düşündüyünü deyə bilmək insana pəncərələr, düşündüyünü özündə saxlaya bilmək isə qapılar açar.

 

10.Daxilən azad olmayan insana verilən xarici azadlıqlar əhəmiyyətsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”

 

İstədiyim bir çox şeyə sahibəm, amma içimdə adını qoya bilmədiyim, doldura bilmədiyim bir yer, bir hiss var sanki...

"Boşluq hissi". Nədir bu dillərdən düşməyən, adı qoyulmayan, çarəsi tapılmayan hissin anlamı? Yaxşı, o zaman gəl bir neçə sual ilə buna cavab tapaq. 

İstədiyin hər şeyə, yoxsa görmək istədikləri hər şeyə sahibsən? Bu dəqiqə sahib olduğun xarakter, seçdiyin yol, gördüyün işlər, yanlarında yaşadığın insanlar, olduğun mühit sənin seçimindir? Heç düşünmədən hə deyə bilərsən? Məncə deyə bilməzsən. Çünki hər birimiz bu həyatda nələrisə qazanmaq üçün, bir çox şeyləri qurban veririk. Qazanmaq istədiklərin onların istədiyi, itirməyi gözə aldığın şeylər isə, sənin qazanmaq istədiklərin idi əslində. "Sənin həyatın, sənin seçimin" dedilər, seçimin nə olduğunu öyrənməyə fürsət vermədən. İnsan əslində yaşamaq istədiyi yox, yaşaması istənildiyi həyata sahib olduğu üçün ömrü boyunca o əskik, məhrum edilmiş hissin adını öncə qoya, sonra da axtara bilmir. Axtarsa belə, tapa bilmir. İnsanın iki həyatı olur, bir yaşadığı, bir də yaşamaq istədiyi. Təəssüf ki, öz həyatını sadəcə  içində qura bilir. Qurur və yaşaya bilmir. Sanki öz dünyasında bir ev tikir və o evin içinə addım belə ata bilmədən, tərk etmək məcburiyyətində buraxılır.

İnsanın özünü axtararkən, ruhunu itirdiyi an tapdığı, həddindən artıq basdırılmış hisslərin adıdır, 'boşluq hissi'.

İstədiyin yox, istənilən həyatı yaşadığın müddətcə, içindəki o adsız hissin adını çox axtaracaqsan...

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Mənimlə eyni gündə dünyaya gəlib, amma bir il sonra. Nədənsə bu gündə doğulanları ruh qardaş və bacılarım hesab edirəm...

 

Bakını özü üçün cazibə nöqtəsi hesab edir. Yerlipərəstlikdən uzaq olsa da onun üçün Vətən ata-baba yurdu Buzovnadan başlayır. Xatirələrində olan Bakı tamam başqadır. “Əvvəllər yaşlı insanlar söhbət edəndə deyirdilər ki, bizim vaxtımızda Bakı elə olub, belə olub... Həmişə bunu eşidəndə gülürdüm ki, bu yalnız yaşla, həyata baxışın dəyişməsiylə bağlıdır. Amma bizim dövr, sözün əsl mənasında Bakını tam dəyişdi, keçmişlə bağlı bir çox körpülər qırıldı. Şəhərimizin bir çox əraziləri gündən-günə gözəlləşir, abadlaşır, bunları görməmək və ya görüb deməmək olmaz. Amma insanların davranışı, mədəni səviyyəsi daha yaxşını arzulamağa vadar edir. Şəhər mədəniyyətini kənd qanunlarına tabe eləmək olmaz. Şəhərdə şəhərli kimi davranmaq lazımdır. Bütün bunlar düzələnə qədər mahnılarımı içimdə qoruduğum Bakıya yazacağam yəqin.”- söyləyir.

 

Avtomobildə gedə-gedə radioya qulaq asmaqdan həzz alır. Bəyəndiyi ifanı tapana kimi dalğaları tez-tez dəyişir. O qədər ifasını bəyənmədiyi, qulaq asmağa səbri çatmadığı müğənnilər olur ki, vaxtının 15 dəqiqəsini mahnıları dəyişməyə sərf edir. Nəhayət klassik musiqi, caz, muğam, retro-estrada fərq etməz əhvalına uyğun musiqi seçib dinləyir. Onun üçün Akif İslamzadə, Brilliant Dadaşova, Zeynəb Xanlarova, Nisə Qasımova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Sezen Aksu, Ajda Pekan, Ququş, Alla Puqaçova, Xulyo İqlesias, Dems Russos, Stinqin ifaları, ABBA qrupu və şübhəsiz ki, klassik Avropa və Azərbaycan musiqi nümunələri daha önəmlidir...

 

Haqqında söhbət açdığım bəstəkar Aygün Səmədzadə 1967-ci ildə tanınmış iqtisadçı alim, millət vəkili, akademik Ziyad Səmədzadənin ailəsində dünyaya gəlib. 1985-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla bitirib. Elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinə daxil olub. Oxuduğu müddətdə qabaqcıl tələbə kimi "Üzeyir Hacıbəyov təqaüdü" alıb. 1990-cı ildə konservatoriyanı da fərqlənmə diplomu ilə bitirən Aygün xanım elə o vaxtdan da bitirdiyi elm ocağının musiqi tarixi kafedrasında müəllimlik edir.

Türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradacılığına həsr olunan elmi monoqrafiyanın və bir sıra elmi məqalənin müəllifidir. 2003-cü ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

 

Deyir ki,- “Mən tələbələrimə də deyirəm, bizdə musiqi tənqidçisi kimi formalaşmaq çətindir. Çünki Azərbaycan mühiti, insanların bir-birinə münasibəti fərqlidir. Sağlam tənqidi çox vaxt təhqir kimi qəbul edə bilərlər və yaxud təhqir edib, onu tənqid kimi qələmə verə bilərlər. Yəni sərhədlər itib, insanlarda "üz üzdən utanar” psixologiyası daha dərindir. Heç kəs "dost”, "qardaş”, "yaxşı oğlan” münasibətində olduğu musiqiçini, zəif ifasına görə tənqid etmir. Musiqi tənqidi də elədir ki, gərək obyektiv olasan, eyni zamanda həm o musiqi mühitinin içində olmalısan, həm də sənin musiqi mühitiylə əlaqən olmamalıdır ki, onu tənqid edə biləsən. Məsələn, ixtisasca həm də musiqişünas, tənqidçiyəm, amma bu dəqiqə heç kimi tənqid eləmərəm. Əslində, deməyə sözüm çoxdur. Amma özüm də bu sahədə çalışdığım üçün mənim dediklərimi obyektiv qəbul etməyəcəklər. Bu gün Azərbaycan estradasında 90 faiz mahnıları bəyənmirəm. Ona görə yox ki, mən onlardan yaxşı yazıram, özüm haqqında yüksək fikirdəyəm. Sadəcə, mənim aldığım musiqi tərbiyəsi başqadır. İndi mən bunu hardasa desəm, deyəcəklər Aygün Səmədzadə qərəzlidir. Bir- iki dəfə olub ki, hansısa müğənniyə "sən bu mahnını oxuma, filan xalq mahnısı sənin üçün deyil”, ya da "xalq və klassik mahnılarımız da digər sənət abidələrimiz kimi toxunulmazdır, onları hər kim gəldi oxuya bilməz”- demişəm. Görürəm ki, buna görə məndən inciyiblər...”.

 

Kiməsə ilk baxışda qapalı, özündən razı adam, eqoist kimi görünə bilər, amma çox təvazökar, daxilən zəngin insandır. Əsl xanımlara xas olan əda, davranış, mədəniyyət ona da xasdır, kübarlığı ilə seçilir. Bəstəkar kimi musiqiyə 1996-cı ildə Flora Kərimovanın ifa etdiyi, Xanım İsmayılqızının sözlərinə bəstələdiyi "Ruhumuz qovuşacaq" mahnısı ilə gəlib. 2000-ci ildə keçirilən "Yaxşıların yaxşısı" müsabiqəsində onun sevimli şairimiz Kamalə Abıyevanın sözlərinə bəstələdiyi "Məktəb illəri" mahnısı müəllifinə "ilin bəstəkarı" nominasiyasında qələbə qazandırıb. 2002-ci il isə onun üçün daha uğurlu olub. Belə ki, bu ilin fevralında keçirilən "Nəğmələrin nəğməsi" müsabiqəsində onun Zəkirə Allahverdiyevanın sözlərinə bəstələdiyi "Tut ağacım" mahnısı "Qran-Pri"yə, yenə də Kəmalə xanım Abiyevanın sözlərinə bəstələdiyi "Bu dünyanı nağıl bilək" mahnısı birinci, "Yağış" mahnısı isə ikinci yerə layiq görülüb...

 

Kanservatoriyanı 1990-cı ildə bitirsə də, yaradıcılığa 1996-cı ildə başlayıb. Bunu da onunla əlaqələndirir ki, tələsməyib, özünü püxtələşmiş bəstəkar kimi təqdim etməyi planlaşdırıb...

 

“Mən peşəkar musiqi təhsili alıb, mahnılarımı tam hazır şəkildə dinləyicilərə təqdim etmək istəmişəm. Yəni aradakı 6 ili boş yerə sərf etməmişəm. Biliyimi artırmaqla, tədqiqat işləri aparmaqla məşğul olmuşam. Və nəhayət, ürəyimin istəyini üzə çıxarmışam. Mənə elə gəlir ki, yaradıcı insan üçün bu müddət elə də gec deyil. Hamı deyir ki, 20-30 ildir, sənətdədir, amma onlar bunu nə ilə sübut eləyə bilərlər? Başqaları müxtəlif işlərlə məşğul olanda, mən ali musiqi təhsili almışam, aldığım biliyi də ilk və ən çox sevdiyim "Ruhumuz qovuşacaq" adlı mahnımla ortaya qoymuşam. Düzdür, buna qədər bir sıra kiçik pyeslər yazmışam. İlk mahnımı isə Bülbül adına Musiqi Məktəbinin 10-cu sinfində oxuyanda Cəfər Cabbarlının "Dan ulduzu" şerinə bəstələmişəm. Ancaq müəyyən vokal imkanları nəzərə almadığıma görə mahnını indiyə qədər heç bir müğənniyə göstərməmişəm. Yəni bu mahnı düzəlişlər ediləndən sonra oxuna bilər.”- söyləyir...

 

Musiqi yaranan zamandan yeddi notdan ibarət olub. Hələ indiyədək heç kim bu notların sayını artırmaq iqtidarında olmayıb. İndiyədək bəlkə də milyonlarla musiqi bəstələnib, çoxları da artıq unudulub. Amma əsl musiqi unudulmazdır, əbədidir...

 

Deyir ki,- “Mənim üçün notların göy qurşağında olduğu kimi hər birinin öz rəngi var. Məsələn, Do quruyan qızılgül ləçəyinin rəngindədir, Re və Sol yaşıl, Mi və Sol qəhvəyi, Fa göy, Lya sarı rəngdədir. Əgər insanın ruhu rəngarəngdirsə, demək, o, canlıdır, hərəkətlidir və yaradacaq. İlhama gəldikdə isə bu xüsusiyyət ruhun xüsusi halıdır və duyğularla, müsbət və hətta mənfi emosiyaların təzahürü ilə bağlıdır. İnsana ilham gələndə, öz potensialını tam reallaşdırmağa, fikir və səylərini konkret işlərə, əsərə çevirməyə hazırdır. İnsan bu halda-zehni və emosional vəhdətin yüksəliş məqamında dağları devirə bilər. Əksəriyyət üçün ilham qaynağı fərdi xarakter daşıyır. Amma daha dəqiq desəm, əslində bizə motivasiya verə biləcək hadisələr özləri bizi seçir və bizdən asılı heç nə yoxdur. Bu əsəri yazmaq mənim qismətimdədirsə, onun ilhamı da elə mənə gələcək. Məsələn, məşhur “Tut ağacı” kompozisiyam küskün və əsəbi bir əhvaldan sonra ərsəyə gəlib. Ümumiyyətlə, bütün əsərlər ağır və fərəhli anların, yaşadıgım hisslərin, dinlədiyim həyat hekayələrinin və sevgi tarixçilərinin, oxudugum kitabların, ən əsası isə məni əhatə edən bütün gerçəkliyin nəticəsidir. Elə məqamlar olur ki, müəyyən hadisələrin təsiri altında musiqi yazıram, gözlərimdən yaş axır və bu əsəri dinləyən insanların da göz yaşı axıtdığını görəndə heyrətlənmirəm. Bilirəm ki, içimdəki sevinci də, göz yaşını da dinləyicilərə ötürməyi bacardım, buna cəhd göstərməsəm də”.

 

Bəli, haqqında danışdığım əməkdar incəsənət xadimi, xalq artisti, alim, bəstəkar Aygün Səmədzadə gözəl bəstələri- musiqiləri ilə insanları düşündürməyi, kövrəltməyi, ağladıb güldürməyi bacarır. Bu, onun taleyinə yazılan ilahi qüdrət, Allahın hədiyyəsidir...

 

Bu gün Aygün xanımın növbəti ad günüdür. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Diləkləriniz çin olsun, Aygün xanım!

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Cümə axşamı, 11 Yanvar 2024 11:30

O birinəsə sadəcə göz yaşı və sevgisizlik…

Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”

 

 

Zaman nə tez ötüb keçir. Heç böyüməyəcəyimizi düşündüyümüz o uşaqlıq bir müddətdən sonra  bir neçə saniyəyə sıxışdırıb xatırladığımız gözəl anıya çevrilir. Bəs hər kəsin uşaqlığı bu qədər mükəmməl keçirmi?  Məncə yox.!  

 

Dünyanın bir çox yerində sevgiylə, xoşbəxtliklə yaşayan uşaqlar varkən, o dünyanın başqa bir ucundada bir sığala möhtac, şirin sözə həsrət, köməyə ehtiyac duyan uşaqlar yaşayır. 

Birinə bu həyatın bütün xoşbəxtliklərini yaşadan zaman, birinə sadəcə göz yaşı və sevgisizlik yaşadır. Görəsən bu, həqiqətən də ədalətlidirmi? Düşünmürəm.

Özüm bu həyatda üzdə gülüb, içində hər zaman qəm olan biri olaraq bu seçimin ədalətli olduğunu sanmıram. Amma heç zaman gücümü və Tanrıya olan inamımı itirmirəm. Bütün mənim kimi və bəlkə də  məndən də qəmli olan insanlara da heç vaxt ümidlərini itirməməyi məsləhət görərdim. Sıfırdan həyata ikiəlli bağlandığım gündən  düşünürəm ki, insan özünə inanarsa, hər şeyin öhtəsindən gələr. 

Sadəcə bir az iradə və dözüm lazımdı. İnanın mənə, bizə bizdən başqa kömək edib, əlimizdən tutan olmayacaq. 

Bir neçə dəqiqə  düşün! həyatın səni yıxmağı sənin günahın deyil, amma yıxıldığın yerdə qalmaq sənin günahındı. Məncə, bu gün mən, sabah sən olanlara sakit qalmasaq, inanıram ki, az da olsa nələrisə bacarmış olarıq. 

Hər şeyin bir gün düzələcəyi ümidilə...

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.