ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Yanvarın 13-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.

 

Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə rejissor Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 2024-cü ilin ilk premyerasına hazırdır. Sabah - yanvarın 13-də sənət ocağı rus ədəbi Valentin Krasnoqorovun eyniadlı pyesi əsasında hazırlanan “Üç gözəl” lirik komediyası ilə teatrsevərlərin görüşünə gələcək.

 

Pyesin məzmunu belədir ki, adi axşamların birində üç rəfiqə qərara alırlar ki, həyatlarında dönüş etsinlər – əsl məhəbbətin axtarışına çıxsınlar. Müxtəlif xarakterli fərqli taleli üç rəfiqə, üç gözəl qadın öz həyatını kökündən dəyişməyə qərar verir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov (dekorasiya üzrə rəssam), Olqa Abbasova (geyim üzrə rəssam) və Vladimir Neverov (musiqi tərtibatçısı) tamaşanın ərsəyə gəlməsinə əmək sərf ediblər.

Tamaşada teatrın üç gözəl aktrisasını – Xalq artisti Ayan Mirqasımova, Əməkdar artist Mələk Abaszadə və aktrisa Mədinə Mullayeva rol alıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Fatimə Sadıqova, “Ədəbiyyat və incəsənət” üçün

 

-Salam, Fatiməm, necəsən ? 

-Adilə nənə...

-Hə mənəm, canın-başın necədi ?

-İnana bilmirəm. 

-Mənim sevimli nəvəm, mənim kuklam.  

-Elə darıxmışam sənin üçün, burnumun ucu göynəyir, varlığın varlığımın ocağı, yoxluğun varlığımın sönmüş ocağının közü kimi qaradır. Sən gedəndən sonra göz yaşlarım güclü leysana dönüb, ruhumu palçığa bulaşdırıb, daxili aləmimi pis günə qoydu . 

-Mən həmişə sənin yanındayam, yuxularına qonaq gəlməyə can atıram.

-Hə, təki sən həmişə mənim yuxularıma gəl, heç olmasa ümidim, təskinliyim, arxayınlığım odu, nə olar məni yuxularımda tək qoyma , çox üzülürəm sənsiz. Ürəyim səndən sonra buz salxımına dönmüş, üzüm sadəcə gülür , səninlə birlikdə həyəcanım, titrək qəlbim torpağa basdırıldı sanki. 16 iyun havanın isti olduğu gün sənin yoxluğunla mənə qışın soyuq şaxtasını gətirdi, elə bir soyuqdur ki , səndən başqası gəlsə onu sənin varlığın kimi isidə bilməyəcək, Adilə nənə. İndi isə sənsiz keçən soyuq qış günlərindən biridir, fəqət, sənsiz "cəhənnəm istiliyi" yaşayıram. Təsəllim sənin qucağına başımı qoyub bütün kədərimi unutmaq idi bir zamanlar. İndi isə ...

-Mən hər zaman sənin xəyalında, döyünən qəlbində olacam. Səni əsla tək qoymaram. Mənim indiki yerim çox yaxşıdı, məndən narahat olma. Sən mənsiz də bacararsan. Sən möhkəm qızsan. 

-Səni itirdiyim gün ən çətin semestr imtahanıma 2 gün qalmışdı, nənə. Bir əlimdə imtahan suallarının cavabı olan mühazirə , digər əlim hönkürtü ilə tökülən göz yaşımı silməkdə. Axı sən həmişə mənim oxumağımın tərəfində olmusan. Sənin yoxluğun isə mənim həyatımın ən ağır, ən çətin, ən keçilə bilməyəcək qədər ən müşkül imtahanı oldu .

-Mən burdan sənin uğurlarını izləyirəm . Fəxr edirəm ki, sənin kimi nəvəm var, Fatiməm.

-Bilirəm, yaxşı ki, mənim də sənin kimi nənəm var. Nə olar, imkanın olsa mənə yenə zəng et, dərdləşək. Özün gələ bilməsən də səsin burda olsun. Səsin qəlbimin bəzmi - istirahətidir. Özün isə ruhumun aynasısan. Əgər elə bir imkanın olarsa bu dünyada ruhumun aynası olmağa gəl, Adilə nənəm. Həyatımın şansı olduğun üçün sənə təşəkkür edirəm. Nənə...

-.....

-Nənə ...

-....

(Zəng artıq bitmişdi) 

Fatimə isə Adilə nənənin şəklini bağrına basıb otağın küncünə qısılıb ağlamadı , çünki Adilə nənə Fatimənin ağlamağını, üzülməyini, boynu bükük dayanmağını sevməzdi. 

Fatimə gözünü diqqətlə yerə dikib fikrə daldı. "O, zəng edəcək, yenə mütləq... Ruhumu dincəltmək üçün, ürəyimə dəva olmaq üçün, məni özümə qaytarmaq üçün, o mütləq ZƏNGlə  qayıdacaq!"

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

Əgər mənə dünyasını dəyişmiş birini yeri qaytarmaq şansı verilsə idi, yəqin ki geri gətirəcəyim insan Mikayıl Müşfiq olardı... Əslində, durub düşünəndə Azərbaycan ədəbiyyatının çox mükəmməl, işində həqiqətən ustad olan sənətkarları olub və onlardan biri də Mikayıl Müşfiqdir, hansı ki, lirikanın mükəmməl ustadlarından biri olduğu kimi o, eyni zamanda çox dostcanlı, mərd biri olmuşdur. Bunu Repressiya illərində ifadə etdiyi bir cümlədən də anlamaq mümkündür: "Mənim sağ əlim Hüseyin Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram"

Ədəbiyyatımızın və bəşəriyyətimizin hələ çox Müşfiqlərə ehtiyacı var...

Aytən Əliyeva

 

Mirzə Ələkbər Sabirə zəng edərdim.  Deyərdim, siz çox düzgün etmişsiniz. Biz insanlar başımıza nələr gəlsə də yenə də öz inadımızdan dönmürük. Məsələn, biz tələbələr. Deyirik kəsiləcəyik.  Amma yenə də məsuliyyətsizlik edirik, hazırlaşmırıq.

İpək Quliyeva 

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Beyza Alkoçun qələmə aldığı kitab əsasında çəkilən “3391 kilometr” adlı türk melodramının eksklüziv nümayişi yanvarın 12-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Filmdə baş rolları yeni nəslin ən populyar aktyorları Derya Pınar Ak və Ahmet Haktan Zavlak ifa edirlər. Filmin yaradıcı prodüseri və rejissoru Deniz Enyüksekdir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, kitabın pərəstişkarı olan və əsərdəki sevgi hekayəsinin hər bir təfərrüatını az qala əzbərə bilən fanatların “3391 kilometr" filminin sosial şəbəkə səhifələrində yazdıqları on minlərlə şərhdən və güclü təzyiqlərindən sonra filmə çəkiliş zamanı ssenaridə olmayan, lakin kitabda əksini tapan bir çox təfərrüatlar əlavə edilib.

Film sosial şəbəkə vasitəsilə tanış olan iki gəncin sevgi hekayəsindən bəhs edir. Bir-birindən bir neçə kilometr məsafədə olsalar da, onlar arasında güclü cazibə yaranır. Film boyunca tamaşaçılar bir-birindən 3391 kilometr məsafədə yerləşən Fransa və Türkiyədə yaşayan gənclər arasındakı sevgi macərasının şahidinə çevriləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Cümə, 12 Yanvar 2024 17:00

Sabah Köhnə yeni il qeyd ediləcək

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bayram həvəskarları Yeni ilin abu-havasından hələ çıxmayıblar, odur ki, yanvarın 13-dən 14-nə keçən gecə Köhnə yeni ili də qeyd etmək məhz onlar üçündür. Amma heç düşünürükmü, hardan peyda olub bu ənənə?

 

Sovetlər yenicə qurulanda – 1918-ci ildə kommunist başbilənlər köhnə Yulian təqvimi ilə yeni Qriqorian təqvimləri arasında 13 gün fərq olduğuna diqqət çəkərək “niyə bu yeni təqvimlə bayram edirik, köhnəylə etmirik?” deyiblər və Köhnə yeni il bayramının ənənəsini qoyublar. Biz azərbaycanlılar da sovetlər dönəmində bu xristian adətlərinə uyub bu bayramı keçirmişik.

Bu gün də evlərdə bayram olacaq, dəqiq bilirik. Olur olsun da. Bayramın nəyi pisdir ki? Bu acılarla dolu dünyada insan sevinməyə bəhanə tapırsa, bu yaxşı əlamətdir. Təki matəm olmasın.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

1904-cü ilin sabahkı günündə - 13 yanvarında Sankt-Peterburqda bir rus jurnalisti, regionşünası, pedaqoqu və yazışısı vəfat edib, gəlin bu xristiandan Allah rəhmət eləsin kəlmələrini əsirəməyək. Söhbət “Qafqaz. Rus işi və tayfalararası məsələlər” traktatının müəllifi Vasili Veliçkodan gedir.

 

Söhbət o Veliçkodan gedir ki, o, Qafqazda xidmət aparan rus məmuru kimi yerli xalqların simalarına bələd olduqdan sonra ermənilərin murdar xislətlərini aləmə faş eləmişdi. O, həm də ümumerməni siyasətinin çürük fəlsəfəsini də göstərmişdi: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…”;“Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.

Doğrudan da yazılı ədəbiyyat tarixin əsl salnaməsidir, ermənilər tarixi ha saxtalaşdırsınlar, Veliçkonun “Qafqaz” kitabını ki dəyişə bilməyəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)        

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2016-cı ildə yazılıb. 

 

 

Vahid ƏZİZ

XOCALI "VAĞZALISI"

 

...alaçıqlar məkanından

səda gəlir,"Vağzalının"

                           sədaları;

toy çalınır, bu--bir özgə

                   "Vağzalıdı",

böyüyüblər, Xocalıda öldürülmüş

körpələrin ruhlarının vüsalıdı!!

 

Zilə qalxın, tükürpədən haray salın

zurnaçılar!  

Davulçular, təbilləri elə vurun

məhvərindən yer oynasın!

Qoy anlayıb duysun bəşər--

bu, elə bir itgidir ki, yaraları sağaldıqca

qaysaqların altındakı ağrıları dərinləşər!

 

Qara zurna, odlu davul,

döyün çürük beyinləri,

açın batmış qulaqları,..

yer üzünün bütün körpə uşaqları

dərk eləsin, anlasın ki, nələr çəkdi

can verərək Xocalıda

                      öldürülmüş

                                  yaşıdları.

 

Nə qədər ki, bu cahan var,

Xocalının qan donduran

"Vağzalısı" çalınacaq!!

 

Nakam getmiş gül balalar,

and içirik baş əyərək

                            qarşınızda:

QİSASINIZ  ALINACAQ!!!

 

Ey əbədi uyuyanlar,

hövləng qalxıb yerinizdən

indiyədək davam edən qara yaslı,

qan libaslı, didərginli

çadırların ətrafında şənlənərək

         "Yallı" gedin, nəğmə deyin,

"Gözəl idi həyat"-deyin.

 

"Bəy" igidim, “Gəlin" balam,

bu, "Xocalı "Vağzalısı" havasıynan--

uçub gedin...

 

Bu imansız dünya sizi şərəfsizlər

                                hiyləsinə qurban verdi,

namərdliklə qurban vardi!!

 

Uçub gedin,

bu dünyanın acığına özünüzü

     O DÜNYADA XOŞBƏXT EDİN.

Uçub gedin,

                uçub gedin...

 

P.S. Və nə gözəl ki, şair qisas alınacaq demişdi, artıq o qisas alındı. 

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Mehdi Qəmsizin   şeirlərini  təqdim edir.

 

 

Mehdi Qəmsiz

 

Qəmsiz kimi tanınan Mehdi Tiğzən 2000-ci ilin mart ayında Təbriz şəhərində doğulmuşdur.

 

DARIXMALARDA

 

Gözəl bir duyğu var darıxmalarda,

İnsanı özündən aparıb gedər.

Vaxtsız ölüm kimi yaxadan tutub,

Ruhunu bədəndən qoparıb gedər.

 

Gözəl bir duyğu var darıxmalarda,

Zaman tərsəsinə fırlanır sanki.

Yaşamın anlamın bilməyəndə sən,

Həyatda ürəyin bulanır sanki.

 

Gözəl bir duyğu var darıxmalarda,

Yalnızca qalmağı tərcih edirsən.

Bəzən sığınırsan xatirələrə,

Güvənib siqara, yolu gedirsən.

 

Gözəl bir duyğu var darıxmalarda,

Sanki darıxmalar doğurlar səni.

Biraz sayğıl ol sən bu şəhərdən,

Şəhər yol kəsəndir, oğurlar səni.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Cümə, 12 Yanvar 2024 13:00

Əvvəlki və indiki Napoleon

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Kasıba deyirlər, eşitmisən, gələcəkdə pul olmayacaq?

Kasıb deyib: İndi də yoxdur, yəni, gələcəkdə də olmayacaq? 

 

Tənbəlin rejimi:

Səhər gimnastikası - 10 dəqiqə.

Fasilə - 1 il.

 

Uşaq bağçasında:

-Atoppa, sən niyə Məsməgülünü üstünə “Feri” tökdün?

-Çünki mənim ondan xoşum gəlir. Amma o çox yağlıdır. 

 

Eşşəyi nə qədər yemləyirsən yemlə, yenə də gözü başqasının bostanında qalacaq. 

 

Əvvəllər Napoleondan qorxardılar, indisə onu yeyirlər. 

 

Gəncliyimizdə biz sürətliyik, vaxtsa ləng gedir. Qocalıqda biz ləngik, vaxtsa sürətlə gedir. 

 

VƏ GÜNÜN PARAFRAZI: 

Gülüş ömrü uzadır. Amma kimə bu cür gülünc həyat lazımdır ki? 

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.