ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 15 Yanvar 2024 09:30

Qarlı xatirə

İbrahim İlyaslı, “Ədəbiyyat və incəsənət” üçün

 

Hər dəfə ilk qar yağınca mərhum şair dostum, əzizim Sabir Yusifoğlunun iki xanəlik bir şeirini xatırlamasam olmur. 

Adnalıya da qar yağır deyirlər, əziz dost! Xəbərin olmamış olmaz. Sumqayıt isə sənsiz çox üşüyür, çooooxxx...

 

*

Nə yaxşı göylərin yadına düşdük,

Bizim şəhərə də, axır, qar yağdı.

Aldadıb yerdəki sinoptikləri,

Yağdı səhərəcən, o ki var yağdı.

 

Bu qar lopa-lopa, bu qar dümappağ,

Yağa səhərəcən, yağa dizəcən.

Bağlana dünyanın bütün yolları,

Tək bircə yol qala - bizdən sizəcən!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Azərbaycan Milli İncəsənət Muzeyi “Uşaqlar üçün incəsənət tarixi” adlı yeni layihəni həyata keçirir.

 

AzərTAC xəbər verir ki, layihə çərçivəsində uşaqlar sərgüzəştlərlə dolu sənət dünyasına qərq olacaq, müxtəlif dövrlərə səyahət edəcəklər.

Azərbaycan və dünya incəsənətinin əhatə olunduğu layihədə balacalar qədim zamanlardan günümüzədək davam edən incəsənət tarixi haqqında yeni biliklər əldə edəcək, mühazirələr dinləyəcək, tarixə və mədəniyyətə təsir göstərmiş şah əsərlərlə tanış olacaqlar.

Tədbir bəşər tarixinin zəngin sivilizasiyalarından biri olan “Qədim Misir incəsənəti” ilə başlayır. Yanvar ayının şənbə və bazar günləri keçiriləcək proqramda uşaqlar Misir incəsənətinin tarixini, əzəmətli piramidalarını, fironların sirli dünyasını kəşf edəcək, qədim misirlilərin dünyagörüşü, məişəti, geyim tərzi və s. haqqında biliklər öyrənəcək, öz əlləri ilə firon maskası, sinə bəzəyi-pektoral və bu zəngin mədəniyyətdən bizə yaxşı məlum olan digər bəzək aksesuarlarını hazırlayacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yanvarın 13-ü və 14-ü Bakımız bəyaz libasa büründü, ilk qar yağdı. Düzdür, şaxta cəmi 1 dərəcə olsa da, eyvan və pəncərələrdən sırsıralar sallanmasa da, hər halda, biz əsl qış nağılı seyr edə bildik. 

 

Təbii ki, qara ən çox uşaqlar sevindi. Doyunca qartopu oynadılar, qar adamı düzəltdilər. Böyüklərsə hey giley- güzar etdilər. Əsasən də uik-endi rayonlarda keçirən varlı təbəqə buz bağlamış yollarda qaldı deyə (xüsusən Şamaxı yolunda ciddi problemlər yaşandı) qara okivar söydülər. 

 

Bu arada dəyərli ziyalımız Rəşad Məcidin bir statusu diqqətimi çəkdi, Rəşad bəy yazır: “Qara sevinən uşaqlardır, bir də uşaq qəlbli adamlar. Qara sevinə bilirsənsə safsan!”

 

Həqiqətən də, ildə bir-iki dəfə gələn bayrama sevinmək əvəzinə yas tutmaq əsla insafdan deyil. 

Problemlər hər gün var, qoy qar da üstünə bir-ikisini əlavə etsin. Nə olacaq ki? 

Amma özünü sevincə kökləyib bu ağ bəyazlığa tapınaraq cismini və ruhunu tam sevindirə bilərsən. Mən qarda nəvəsi ilə qartopu oynayan ixtiyar yaşlı bir kişini gördüm hər halda. Lap uşaqlıq, yeniyetməlik şövqü ilə oynayırdı, adam baxdıqca sadəcə ondan pozitivlik ötürülürdü. 

Milli Hidrometeorologiya Xidməti belə bir məlumat da yaydı ki, ən çox qar cənub bölgəsində müşahidə olunub. Lənkəranda qarın hündürlüyü 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 santimetrə çatlb. 

Ən soyuq temperatursa yüksək dağlıq ərazilərdə oldu -  10 dərəcəyədək şaxta! 

Bu arada qardan danışdımsa, mütləq sevimli Xalq şairimiz Sabir Rüstəmxanlının şeirini də qeyd etməyimiz yerinə düşər: 

 

Elə gözəl qar yağır qış da yadımdan çıxır,

Çiçək burulğanında yaş da yadımdan çıxır…

Ələnir lopa-lopa, ağır, yorğanparası,

Göydən milyon göz yağır – gizlənibdir qarası.

 

Ağappaq paraşütlər - Tanrının desantları.

Çapır göydən yerəcən buludun ağ atları.

Qonmağa yer axtarır körpəcə Qu quşları,

Toxunur ağ xalıya oxunmaz naxışları.

 

Milyon əriş çəkilir göy üzündən yerəcən,

Bu bəyaz parçasını hamıya bölənəcən.

Yüz iti qayçı olsun bu ağ ipləri kəsmir,

Əlim ağ vərəqləri çevirməyə tələsmir…

 

Qar üyüdür göylərin səssiz qar dəyirmanı,

Soyuq yorğan altında isinir yerin canı.

Bu ilahi təmizlik xatırladır nələri?

Anamın gözlərində yuva qurmuş kədəri.

 

Əridib üfüqləri, alovlu nəfəsiylə

Ağ çiçəkli bağlardan boy göstərən səhəri.

Ağ simlərdə çalınır ən səssiz mahnılarım.

Qədərlə barışığım, kül olmuş arzularım.

 

Niyə donub qalmışam, nəyə qarışıb başım,

Qoy gedib səs-səmirsiz bu ağlığa qarışım…

 

Bəli, istəkli oxucularımız, 2024-cü ildə ilk qar özünü çox gözlətmədi. 

İlk xoşbəxtliklər də inanırıq ki, uzaqda deyil.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Bazar ertəsi, 15 Yanvar 2024 11:00

Şlyapa günü, Pentaqon və Nazim Hikmət

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə - yanvarın 15-nə təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq. Bu günün əsas bayramı Vikipediya günüdür ki, haqqında ayrıca yazı vermişik. İndi isə digərlərinə diqqət ayıraq.

 

Şlyapa, yaxud baş geyimi günü

Dərhal yadımıza Azərbaycan kinematoqrafiyasının incilərindən biri olan “Papaq” filmi, rəhmətlik Kamil Məhərrəmovun canlandırdığı obraz düşdü.

17-ci əsrdə otuzillik müharibə zamanı bütün Avropada qəribə bir baş örtüyü geyinmək dəbi yarandı, yüngül parçadan tikilmiş enli, quş lələyi ilə bəzənən şlyapa adını alacaq həmin nəsnədən Azərbaycanda yalnız 19-cu əsrdə - milli burjuaziya formalaşanda istifadə olunmağa başlanıldı. Amma ümumilikdə baş geyimindən söhbət gedirsə, bizdə papağın məna yükü daha dərindir, papaq – kişilik rəmzi hesab olunur. Qoyun dərisindən, qaragüldən hazırlanan papaq ta ki 20-ci əsrə qədər kişi başının dəyişməz atributu olub, motal papaqlar, şiş papaqlar, qoçu papaqları, şələ papaq, buxara papaq kimi müxtəlif papaq növləri kişiləri bir növ qruplaşdırıb, kimin hansı təbəqədən olmasını ələ verib.

Hazırda yalnız çox az yerlərdə, Xınalıq, Kiş, Qırız, Lahic, Talıstan kimi el adətlərinin qorunub saxlandığı qədim yurd yerlərində kişilərin papaq geymə məcburiyyəti qorunub saxlanılmaqdadır.

Azərbaycanda məşhur bir qarğış var, deyirlər, papağın boş qalsın. Gəlin bu papaq günündə bütün kişilərin papaqlarının boş qalmamasını arzulayaq.

 

Amerikada bayram bayrama qarışıb

Hindistanda Callikattu günüdür. Motodorla öküzün savaşını görmüsünüz? Təqribən o cür bir tamaşa günüdür. Buynuzuna bayraq keçirilmiş öküz insanların arasına buraxılır, bir neçə nəfər də belindəki donqarlardan yapışmaqla onun qaçmasına, buynuzunu azad etməsinə imkan vermir.

Zambaqlar ölkəsi hansıdır? Əlbəttə ki, Niderland. Bu gün Niderlandda ən əziz bayramlardan biridir, Zanbaq günüdür. İndoneziyada okean, Misirdə ağacəkmə, Kubada elm, Koreyada əlifba, Meksikada bəstəkarlar, Nigeriyada silahlı qüvvələr günüdür.

Amerikada isə Milli çay göbələyi içkisi günüdür. Tək elə bu? Əlbəttə ki yox. Milli çiyələkli dondurma günüdür həm də. Vəssalam? Yenə də yox. Milli yeni çəkilmiş meyvə şirəsi günüdür üstəlik.

 

Pentaqonun və “Le Figaro”nun ad günü

1994-cü ilin 15 yanvarında “demokratiya carçısı” sayılan Türkmənistanda keçirilən “şəffaf“ referendum nəticəsində Türkmənbaşı Saparmurad Niyazovun prezidentlik müddəti 5 ildən 10 ilə artırılıb. 1993-cü ilin 15 yanvarında kişilərin qulağı dincəlib, yazıqlar rahat nəfəs ala biliblər. NBC telekanalı ilə yayımlanan “Santa Barbara” serialının sonuncu – 2137-ci seriyası efirə gedib.

1970-ci ildə Liviyada kral İdrisi devirərək 28 yaşlı polkovnik Muammar Qəddafi hakimiyyətə gəlib. 1943-cü ilin bu günündə Vircinya ştatında Pentaqonun – ABŞ Müdafiə Nazirliyinin binası tikilib istifadəyə verilib. 1920-ci ildə Rusiyada admiral Kolçak həbs edilib. 1892-ci ildə doktor Ceyms Neysmit ABŞ mətbuatında basketbolun qaydalarını açıqlayaraq yeni idman oyununun yaranışını rəsmiləşdirib. 1826-cı ilin bu günündə Fransanın məşhur “Le Figaro” qəzetinin ilk sayı işıq üzü görüb. 1776-cı ildə Lvovda “Gazette de Leopol” adlı Ukrayna ərazisində ilk qəzet işıq üzü görüb. 1759-cu ildə Britaniya muzeyi qapılarını tamaşaçıların üzünə açıb. 1700-cü ildə 1-ci Pyotr dvoryanlara uzun və rahatsız xələtlərini Avropasayağı kostyumlarla əvəzləməyə icazə verib.

 

Nazim Hikmət, Qriboyedov, Dunayevski...

1981-ci ilin 15 yanvarında Pitbull ləqəbli populyar ispan müğənnisi Armando Peres doğulub. 1963-cü ildə ən məşhur Amerika kriptoqrafı Brüs Şneyder, 1952-ci ildə hazırda Azərbaycan Yazıçılar Birliyinin Nəsr seksiyasına rəhbərlik edən Səyyad Aran, 1945-ci ildə populyar rus bəstəkarı Maksim Dunayevski, 1940-cı ildə Azərbaycanın tanınmış kinoşünası Aydın Kazımzadə, 1929-cu ildə qaradərilərin məşhur hüquq müdafiəçisi Martin Lüter Kinq, 1902-ci ildə görkəmli türk şairi Nazim Hikmət, 1891-ci ildə ən sevdiyim rus şairlərindən biri, yəhudi əsilli Osip Mendelştam (o birisi də, yenə də yəhudi əsilli İosif Brodskidir), 1794-cü ildə məşhur rus yazıçısı, “Ağıldan bəla” əsərini yazmış Sergey Qriboyedov dünyaya gəliblər.

 

“Buhenvald ifritəsi”nin taleyi

2010-cu ilin 15 yanvarında ABŞ biokimyaçısı, genetiki, genetik kodu deşifrə etdiyinə görə Nobel mükafatı qazanmış Nirenberq vəfat edib.

2007-ci ildə Azərbaycan ədəbiyyatı xalq şairi Nəbi Xəzrini itirib. 83 il ömür sürmüş şair 1-ci Fəxri Xiyabanda uyuyur, Allah rəhmət eləsin!

1919-cu ilin 15 yanvarında isə almanların marksizm ideoloqları Roza Lükdemburq və Karl Libknext öldürülüblər.

15 yanvardan danışırıqsa mütləq bir ibrətamiz hadisəyə də toxunmalıyıq. 1951-ci ilin bu günündə faşistlərin məşhur Buhenvald konslagerinin komendantının həyat yoldaşı, “Buhenvald ifritəsi” ləqəbi ilə tanınan, məhbuslara qarşı görünməmiş vəhşiliklər edən, yüzlərlə insanı şəxsən öldürən İlza Kox (belə zərif məxluqmu olar, Tanrım?) məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum olundu. Sonra həbsxanada bu insan elədiyi günahlara görə vicdan əzabı çəkəcəkdi, rahatlıq tapa bilməyəcəkdi və 16 il keçəndən sonra yataq mələfəsi ilə özünü asıb öldürəcəkdi.

Çoxlarına qan udduran hakimi-mütləq mütləq sonda öz cəzasını almalıdır. Allah zülmkarları cəzasız buraxmır heç zaman.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

 

 

 

 

 

 

 

Bazar ertəsi, 15 Yanvar 2024 10:00

Bu gün Vikipediya günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün həyatımıza möhkəm daxil olmuş Vikipediyanın yaranışının ildönümüdür. Şəxsən biz jurnalistlər üçün Vikipediya Google ilə birgə ən vacib informasiya mənbəyidir. Amma tək bizimçünmü? Təbii ki yox. İstənilən peşə sahibi hansısa mövzu barədə ətraflı məlumat axtarınca məhz bu ünvana üz tutur.

 

Internet hələ yaranmamışdan ensiklopediya deyilən bir kitab var idi, orada hər şeydən və hər kəsdən yazırdılar, o vaxtlar bu bahalı qırmızıcildli kitablara hələm-hələm adamın əli çatmazdı, ona görə də hər kəs və hər yer barədə hər adam xəbərdar ola bilmirdi. Amma indi internet Vikipediya deyilən virtual ensiklopediya yaradıb, 2001-ci ilin 15 yanvarından fəaliyyətdə olan viki-ensiklopediya saytı indi hər kəsə istədiyi məlumatı girib asanca tapmağa imkan yaradır. O cümlədən Azərbaycanda da Vikipediya – çağdaş dövrümüzün ən yeni trendi aktualdır, yüzlərlə fədakar həmyerlimiz yorulmadan tariximiz, görkəmli şəxsiyyətlərimiz barədə məqalələr yazlb onları Vikipediyada yerləşdirir.

Gəlin Azərbaycanımızın bütün Vikipediya könüllülərini bayramları münasibəti ilə təbrik edək.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

 

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir, sakinlərin problem və təklifləri dinlənilir.

2024-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 12-də İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad olunub.

Qəbulda İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından ümumilikdə 42 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri əsasən işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlərdən ibarət olub.

Hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.

Vətəndaşlarla görüşdən sonra İsmayıllı və Şamaxıda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2024)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə "RoboCode" robotik kodlama düşərgəsinə start verilir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.

Bir ay boyunca davam edəcək düşərgədə iştirakçılar müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcəklər. Həmçinin onlar yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyera perspektivlərini genişləndirmək imkanı qazanacaqlar. 

Düşərgədə “C++”, “Python” proqramlaşdırma və  “Linux” biliklərinə başlanğıc səviyyədə malik olan 18-30 yaşarası gənclər iştirak edə bilərlər. 

 

Müraciət üçün son tarix: 31 yanvar 2024

 

Qeydiyyat üçün link: https://forms.gle/qAWmissA45danEJj6

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

 

Gəncliyə Yardım Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mövlanə Cəlaləddin Ruminin vəfatının 750-ci il dönümünə həsr olunmuş “Tariximizdən Günümüzə İrfan Mədəniyyətimiz və Könül Ərləri” adlı tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyindən məlumat verilib.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, QHT sədrləri, Türkiyə səfirliyinin müşavirləri və mətbuat nümayəndələri iştirak edib. 
Torpaqlarımızın azadlığı uğrudan canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Bununla açıq elan edilən tədbirdə daha sonra “İrfan Mədəniyyətimizin Könül Ərləri” adlı videoçarx izlənilib.
Gəncliyə Yardım Fondunun prezindeti Ahmet Tecim çıxış edərək irfan mədəniyyətimizin zəngin olduğunu və coğrafiyamızda tarixdən bugünədək  könül ərlərinin insanın qəlbinə toxunaraq cəmiyyətin mənəvi duyğular üzərində qurulmasında böyük rol oynadığını qeyd edib. 
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı irfan mədəniyyətimizlə bağlı keçirilən tədbirin gənc nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib və təşkilatçılara təşəkkür edib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tarixə nəzər yetirəndə elm-irfan sahiblərinin bütün aspektlərdə həmişə cəmiyyətə fayda veriblər, onlar insanlarda sevgi, şəfqət, barış, mərhəbət duyğularını aşılamağa çalışıblar, deyə çıxış edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Qəmər Cavadlı çıxışlarında Azərbaycanda istər dövlət səviyyəsində, istərsə də vətəndaşlar tərəfindən mənəvi dəyərlərə diqqət və hörmətin hər zaman olduğunu qeyd ediblər, həmçinin tədbirlərin keçirilməsi və irfan mədəniyyətimizin xatırladılmasının vacib olduğunu vurğulayıblar.
Təşkilat komitəsi adından çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar iştirak etikləri üçün qonaqlara təşəkkürünü billdirib və dəyərli mövzu ətrafında keçən bir neçə saatın insanlara zövq verəcəyini ifadə edib.
Daha sonra Türkiyə Sabahattin Zaim Universiteti İlahiyyat fakültəsinin dekanı Prof. Dr. Hasan Kamil Yılmaz bəy mövzu ilə bağlı geniş çıxış edib. 
Sadiq Novruzov və Abdullatif Çağının təqdimatında ilahilər dinlənilib.
Tədbirin sonunda millət vəkili Ceyhun Məmmədov və Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit təşkilat komitəsi ilə birlikdə qonağa hədiyyələr təqdim ediblər.
Kollektiv foto ilə tədbirə yekun vurulub.

“Ədəbiyyat və incəsənət”
(12.01.2024)

Cümə, 12 Yanvar 2024 18:46

İntibahın xarakteri

 

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri sayılan Uinston Çörçill dövlət xadiminin siyasi xadimdən fərqini, siyasətçinin gələcək seçkiləri, dövlət xadiminin isə gələcək nəsilləri düşünməsi şəklində ifadə edirdi. Son günlər bu barədə - seçkilər və gələcək nəsillər mövzusuna daha tez-tez müraciət etməyimiz əbəs deyil. – Azərbaycanın dövlət başçısı İlham Əliyev ötən il son ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında Sərəncam imzaladı. Məlumunuz, əgər bu Sərəncam olmasaydı, bu seçkilərin ötən Prezident seçkilərinin 7-ci ilinin tamamında – 2025-ci ildə keçiriləcəyini gözləyəcəkdik. Son Prezident seçkilərindən sonra ölkəmizin siması, ictimai-siyasi fəaliyyətin, dövlət və xalq həyatının ritmi, ahəngi dəyişib – daha doğrusu, öz qaydasına düşüb, tarazlıq, nizam yaranıb. Ərazi bütövlüyü, suverenliyi pozulmuş dövlət, xalq hansı ahəngdə, necə bir ritmdə ola bilərdi ki? – Baxmayaraq, o ritm, ahəng pozulması üç on il boyunca uzanmışdı, inanırdıq ki, əzəl-axır haqq öz yerini tapacaq. Xalq şairi Zəlimxan Yaqub necə deyirdi? –

“Keçidlərdə ocağımız səngidi,

Yoxuşlarda nəfəsimiz təngidi,

Tarix bir az haqq sözündə ləngidi,

Həqiqətlər çözüm-çözüm olacaq,

Bugün-sabah dünya bizim olacaq”.

 Beləliklə, tarixi Zəfərə imza atmış, öz ahəngini, nizamını bərpa etmiş xalqa, suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş dövlətə ilk olaraq ən ali seçki yaraşırdı. İndi qarşıdakı parlament və bələdiyyə seçkilərinə ərazisi bütöv, suverenliyi tam və növbəti 7 il üçün öz Prezidentini seçmiş ölkə olaraq gedəcəyik.

Dövlətin ən ali kürsüsünə seçkiləri heç zaman seçkiləri deyil, həmişə gələcək nəsilləri düşünən müdrik dövlət xadiminin imzalaması ayrı bir gözəllik, fərəhli bir hadisədir! Prezidentin 10 yanvarda yerli tv-lərə verdiyi müsahibədən bir bölümə diqqət edək:
“...Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.
Yəni, bunlar tarixi anlardır. Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər”.
Gələcək nəsillər! – Bu vurğu, əlbəttə, təsadüfi deyil! Bu vurğu ən təvafüq hadisədir. Mənə nəsib olub uzun illər gənclərlə işləmişəm, o cümlədən dövlət gənclər siyasətini həyata keçirən nazirlikdə çalışmışam, Müstəqil Azərbaycan Gənclərinin I Forumunda çıxış etmişəm, gənclər təşkilatlarının qurucusu və rəhbəri, gənclər təşkilatlarının konfederativ qurumunun rəhbərlərindən olmuş, çoxsaylı beynəlxalq gənclər tədbirlərində nümayəndə heyətinin üzvü və rəhbəri olaraq iştirak etmişəm. – Bu vəsilə ilə gənclərlə işi, dövlət gənclər siyasətinin mahiyyətini yaxından bilənlərdən biriyəm – desəm, qüsur sayılmaz. İlham Əliyev gənclər siyasətini də, bütün digər əməli çalışma sahələri üzrə dövlət siyasətini də həmişə gələcəkyönümlü fəaliyyətə kökləyib. Əlbəttə, Prezident və onun komandası özəlliklə taleyüklü məsələlərlə bağlı dövlət siyasətinin incəliklərini, fəaliyyətin mənasını, mahiyyətini vaxtından öncə ictimaiyyətə açıqlamaz və bu məhz dövlətin ali mənfəətləri üçün edilir. Prezidentin yerli tv-lərə müsahibəsindən gətirdiyimiz sitat məhz bu baxımdan çox manidardır.
İlham Əliyev gələcək nəsil vurğusunu, tarixi “Şuşa Bəyannaməsi” imzalanarkən də etmişdi – o sənədi əcdadların ruhunu şad edən, gələcək nəsillərə yol göstərən sənəd olaraq xarakterizə etmişdi.
İlham Əliyev Vətən Müharibəsindən danışarkən dəfələrlə vurğulayıb ki, biz elə bir gənc nəsil tərbiyə edib yetişdirdik ki, onlar ölümün üstünə getdi, heç nədən qorxmadan, çəkinmədən!
İlham Əliyevin gənclərlə çoxsaylı görüşləri, o görüşlərdəki unudulmaz çıxışları, gənclərlə bağlı sərəncamları gənclik, gələcək nəsil mövzusuna, sözün ən müsbət anlamında, necə talib olduğunu çox parlaq şəkildə göstərməkdədir.   
Biz indi bu yazı ilə təbliğat-təşviqat işi görmürük – əslində, buna ehtiyac da yoxdur; biz xalq müdrikliyinə candan-könüldən inanlardanıq. – Xalqımız seçkini də, seçməyi də və bunu nə üçün etdiyini də yaxşı bilir. Öz cəsarətini, dövlətcanlılığını ən taleyüklü məqamlarda parlaq şəkildə ifadə edən xalq yeni dönəmin vəzifələrini də bilir. Seçkilərin nəticələri elan olunduqdan sonra aydın şəkildə görəcəyik ki, xalqımız Qarabağda suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpa olunması ilə ağrılı bir dönəmə yekun vurulmasını, 7 fevral seçkilərinin yeni dönəmin başlanğıcı olmasını necə dərindən və üfüqügeniş şəkildə idrak edib. Xalqımızla, bu xalqın övladı olmağımızla və bacardıqca qulluğunda durmağımızla qürur duyuruq!
Bəli, Azərbaycan tarixində (özü də yalnız respublikamızın deyil, ümumən Azərbaycanın, Dünya azərbaycanlılarının tarixində!) yeni dönəm başlayır – bu intibah dönəmidir. Tarixçilər, kulturoloqlar çağdaş intibah tarixinin başlanma tarixi üzərində, 8 noyabr 2020-ci il, 20 sentyabr 2023-cü il, 15 oktyabr 2023-cü il deyə fərqli fikir söyləyə bilər; ancaq bir fikirdə fərqlilik olmadığına inanıram – Azərbaycan illa yeni dönəmə daxil olub və bu dönəm məhz intibah dönəmidir. Öncələr də belə cəhdlər olduğuna şübhə etmədən, daha öncəki intibah cəhdlərində bulananları alqışlayaraq, etiraf etməliyik ki, İlham Əliyev intibahı yalnız başlatmadı, onu sözün müsbət anlamında sabitləşdirməyi bacardı, davam və inkişafına xarakter verdi.
Qoy bundan sonra yeni milli ideoloji inkişafımızın əsası, müstəqil dövlətin yeni missiyası, bir sözlə, yeni ideoloji əsaslar haqqında akademik çevrələr, tarixçilər, kulturoloqlar əsər yazsın, rəy versin, çıxış etsin. Bu, elə bir yeni dönəmdir, burada hər kəsin işi, hamının rolu ola bilər və olmalıdır. Çünki böyük uğurlarımız ümumxalq hadisəsidir. Biz bunu 44 günlük müharibədəki əvəzsiz dövlət-xalq birliyində gördük.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”
(12.01.2024)

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq, Sabirabad rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü, “Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının birgə təşkilatçılığı ilə "Hophopnamə" Kitab Mərkəzində “İkinci həyat” adlı kitab sərgisi keçirilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mil-Muğan Regional Mədəniyyət İdarəsindən məlumat verilib. 

 

Sərgidə "Mücrü" nəşriyyatının nəşr etdiyi yerli və xarici ədəbiyyatlar şərti qiymətlərlə (1-2 manat) satışa çıxarılıb.

 Sərginin açılışında Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad rayon İcra Hakimiyyəti başıçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, regionda mütaliə mədəniyyətinin inkişaf etdirilməsində kitab sərgilərinin keçirilməsinin  vacib əhəmiyyətindən söz açıblar.

"Mücrü" nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xan da öz növbəsində çıxış edərək, sərginin təşkil olunmasında yaradılan şəraitə görə minnətdarlığını bildirib, “Hophopnamə” Kitab Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Naşir eyni zamanda bildirib ki, "Mücrü" nəşriyyatı tərəfindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi regionda yazıb-yaradan yazıçı və şairlərin seçilmiş əsərlərindən ibarət antologiya nəşr olunacaqdır.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və "Mücrü" nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələcək antologiyanın “Hophopnamə” Kitab Mərkəzində təqdimatının keçiriləcəyi də ictimaiyyətə bildirilib.

Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, gənclərin, müəllim və məktəblilərin iştirak etdiyi sərgidə “Mücrü” nəşriyyatının çap etdiyi dünya və yerli ədəbiyyat nümunələri ilə bərabər, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər də təqdim olunub.

Sərgi kitab və mütaliəni təbliğ edərək populyarlaşdırmaq, ziyarətçilərə həm yerli, həm də xarici yazarların əsərlərini tanıtmaq, nəşriyyatları kitab mərkəzləri ilə əməkdaşlığa təşviq edərək regioanlarda kitab sərgilərinin keçirilməsini adət halına çevirmək məqsədini daşıyır.

Çoxsaylı ziyarətçilərin iştirakı ilə həyata keçirilən sərgi regionda yaşayan əhali tərəfindən böyük marağa səbəb olub.

Qeyd edək ki, “Hophopnamə” Kitab Mərkəzində artıq "Mücrü" nəşriyyatının kitabları da yer alır.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.