ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, festival çərçivəsində xalçaçılıq sənətini əks etdirən tədbirlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyevə həsr olunan Rəşad Ələkbərovun “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” və Tahir İmanovun müəllifi olduğu “Heydər Əliyev 100” eksklüziv sərgiləri, həmçinin Rüfət İsmayılın müəllif xalçalarından ibarət sərgisi maraqla qarşılanıb.

 

Təşkil olunan digər tədbirlərə açıq səma altındakı xalça sərgiləri, on doqquzuncu əsrə aid qədim xalçaların nümayişi, 3D formatında toxunan “Bağçada meyvələr” sərgisi, “Gül xalçası” nümayişi, xalça toxuma sənəti ilə bağlı maarifləndirici seminarlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “SABAH” qruplarının da iştirak etdiyi uşaqlar üçün ustad dərsləri daxil olub.

 

“Azərxalça” ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara dəzgah üzərində xalçatoxuma sənəti ilə bağlı dərslər təqdim edib.

 

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xalça Muzeyinin təqdimatı ilə görmə qabiliyyəti məhdud olan insanlar üçün “Sərhədsiz muzey” adlı inklüziv sərgi təşkil olunub. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə məktəblərinin əl işlərinin sərgisi uğurla nümayiş olunub.

 

Tədbir zamanı İçərişəhərin sakinləri və sahibkarları fəal iştirak edərək, ev və obyektlərin fasadlarını, eyvanlarını xalçalarla bəzəməklə festivala öz töhfələrini veriblər.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Çərşənbə axşamı, 07 May 2024 16:42

“Sazlı-sözlü kəlağıyı” bu dəfə Gədəbəydə

Xəbər verdiyimiz kimi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə ölləmizdə “Sazlı-sözlu Kəlağayı günləri” adlı layihə həyata keçirilir. Bu dəfə layihə Gədəbəyə üz tutdu, mən də fürsətdən istifadə edib layihəsinin rəhbəri Güllü Eldar Tomarlıdan layihənin Gədəbəy səfəri barədə bilgi aldıq.

 

“Mayın 6-da Gədəbəy  rayonu, Gədəbəy Aşıq Məktəbində Gədəbəy rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin dəstəyi və  “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə “Sazlı-sözlu Kəlağayı günləri” adlı layihə çərçivəsində tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, ''Sazlı Sözlü Kəlağayı Günləri'' layihəsinin rəhbəri olaraq mən açdım, kəlağayı haqqında geniş məlumat verdim. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan himni səsləndirdi. 

Kəlağayımıza həsr olunmuş tədbir aşıqlarımızın, şairlərimizin ifasında tamaşaçıla xoş ovqat bəxş  etdi.

Tədbirdə Gədəbəy Aşıq Məktəbinin direktoru Azər Əkbərov, Gədəbəy Mədəniyyət Mərkəzinin direktoru  Elmira Hacıyeva, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri, şairlər- Səringül Sadə, Brilyant Atəş, Sabahinfo.az saytından redaktor müavini  Elnarə Həziyeva,  aşıqlardan Mübariz Cəfərov, Əlviz Əsgərov, Şahin Əkbərov, Zülfüqar Şamilov, Toğrul Qurbanov, Dilqəm Bağırov, balabaçı Tahir İsgəndərov, kitabxana müdiri Pənah Zeynalov, qiraətçi Şəha Ələsgərova  şagirdlərdən Burla Qurbanova çıxışlar etdilər, kəlağayı haqqında şeirlər söylədilər, aşıq mahnıları ifa etdilər, kəlağayıdan bəhs edən maraqlı xatirələr söylədilər.

“Nağara'' qrupunun çıxışı da  alqışlarla qarşılandı”

 

Daha sonra Güllü Eldar Tomarlı bildirdi ki, kəlağayı nənələrimizdən bizə qalan ərmağandı, əsrlərin yadigarıdır. Kəlağının bu sayaq təbliğatı çox vacibdir.

Kəlağayı 2014- cü ildə Azərbaycan Respublikasının  birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və bu da onun beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə silsilə tədbirlər keçirilir və ilin sonuna qədər davam etdiriləcək.

Belə tədbirlərin keçirilməsində məqsədin xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, sevdirmək, təbliğ etmək, kəlağayımızın əzəlki şan-şöhrətini özünə 

qaytarmaq olduğunu vurğulayan Güllü Eldar Tomarlı layihəni davam etdirəcəklərini qeyd etdi.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

8-ci Layoune Beynəlxalq Poeziya Festivalı və 5 Qitədən Şairlərin Mədəni Dialoqu - mövzu cəlbedicidir, xüsusən də ona görə ki, orda Azərbaycan da təmsil olunurdu.

 

“Ədəbiyyat və incəsənət” adından festivalda ölkəmizi təmsil edən gənc şairə Nigar Arifə müraciət etdik və o bizə aşağıdakı açıqlamanı verdi: 

 

12 gün - aprelin 18-dən 29-nadək Mərakeşin 5 şəhərində (Layoune, Safi, Tangire, Rabat, Mərakeş) və Sahara səhrasında baş tutdu festival. Festivala beş qitədən olmaqla 30 müxtəlif ölkələrdən tanınmış şairlər dəvət olunmuşdu, Azərbaycanı təmsil edən isə mən idim. Olduqca böyük, maraqlı, şən və rəngarəng festival idi və adlarını sadaladığım şəhərlərin hər birində çıxışlarımız oldu, bütün tədbirlərdə 3 dildə - həm ana dilimizdə, həm də ingiliscə, ərəbcə tərcümədə şeirlərimizi səsləndirdik. (Ana dilimizdə və ingiliscə özümüz səsləndirirdik, ərəbcə tərcüməsi isə xüsusi təyin olunmuş tərcüməçi tərəfindən oxunurdu).

Bir çox tədbirlərdə, konfranslarda, məktəb , universitet, nəşriyyat yerlərində qonaq olduq. Hamısında bizi çox hörmətlə, qonaqpərvərliklə qarşıladılar. Müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırıldıq. Bir çox televiziya kanallarına müsahibələr verdik, Mərakeşin fərqli saytlarında da şəkillərimiz, çıxışılarımız barədə yazılar dərc olundu…

Layoune şəhərində Poeziya gecəsinin bağlanış mərasimində yerlilər bizə milli geyimlərini hədiyyə edərək geyinməyimizə kömək də etdilər… Həqiqətən də özümüzü öz evimizdəki kimi hiss edirdik…

Poeziya gecəsi keçirilən ən əsrarəngiz və sehirli yerlərdən biri Sahara səhrası, digəri isə Tangier şəhərindəki Mağara idi… Saharada iki dəfə olduq, çox poetik ab-havası vardı, mənzərəsi çox hüzurverici idi, mərasim də, poeziya gecəsi də möhtəşəm təşkil olunmuşdu. Həm şeirlərimizi səsləndirdik, həm Mərakeşin milli rəqsi, musiqisi, adət-ənənələri ilə tanış olduq, həm də rəqs edib əyləndik…

Ümumiyyətlə, qrup olaraq da yaş fərqləri olmasına baxmayaraq kifayət qədər deyib-gülən, şən, zarafatcıl, mehriban, əyləncəli qrup idik, elə bil 5 qitədən eyni “ kafada” olan bütün şairləri özəlliklə seçmişdilər. Bu arada ən cavan şair mən idim, buna görə qalan şairlər hamısı mənə “qızım” deyə müraciət edirdilər, mən də onlara zarafatla “anam, atam” deyitdim… O qədər doğmalaşmışdıq ki, heç kim ayrılmaq istəmirdi… Çox xoşbəxtəm ki, Mərakeşin ən böyük belə bir  Beynəlxalq Şeir Festivalında Azərbaycanı təmsil edən mən oldum və  müxtəlif ölkələrdən kifayət qədər uğurlu, gözəl şairləri yaxından tanıdım…

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Çərşənbə axşamı, 07 May 2024 15:52

Supertənbəl

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

İnsan məntiqini nə ilə izah etmək olar?

-Hər 4 yol qəza hadisəsindən 1-i sükan arxasında telefon istifadəsindən baş verir.

-İnşllah, məndə olmaz. 

-Lotoreyada uduş şansı 302575350-də 1-dur. 

-Həyatda hər şey ola bilər. 

 

2.

Supertənbəllik nədir?

Odur ki, hətta divanda sərələnməyə də tənbəllik edirsən.

 

3.

Kişilər hamısı eyni cürdür. Təkcə əməkhaqları müxtəlifdir.

 

4.

Narkoman hazır vəziyyətdə evinə gəlir. Qapını əlisüpürgəli həyat yoldaşı açanda o, həyat yoldaşı qarşısında diz çökərək deyir:

-Sənubər, sən atoun goru, üçüb getmə, bir də belə iş tutmaram. 

 

5.

-Təbriklər. Sənin vəzifəni böyüdüblər. Buna necə nail oldun?

-Asan. Müdirə sən korrupsioner oğraşsan əvəzinə siz effektiv menecersiz dedim. 

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Rizə küftənin hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR (nüsxə):

§ Ət – 237 qr

§ Baş soğan – 84 qr

§ Yağ – 40 qr

§ Pomidor rubu – 20 qr

§ Reyhan – 18 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ keşniş – 10 qr

 

HAZIRLANMASI:

Ət soğanla çəkilir, içərisinə duz, istiot vurulur, balaca küftələr düzəldilir, bol soğanla isti yağda qovrulur, üstünə pomidor rubu əlavə olunur. Daha sonra su və ya işgənə qatılaraq qarışdırılır. Yemək hazır olanda üs- tünə bir az keşniş tökülür.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Çərşənbə axşamı, 07 May 2024 14:11

POETİK QİRAƏTdə İqbal Nəhmətin “Bahar”ı

Poetik Qiraətdə bu gün sizlərlə yenidən daimi müəlliflərimizdən olan İqbal Nəhmət görüşəcək, “Bahar yaşamaqdır ömrü yamyaşıl” deyəcək. 

“Bahar payızadək qız uşağıdır” - elə ilk misra adamı cəlb edir. 

Xoş mütaliələr!

 

Bahar yaşamaqdır ömrü yamyaşıl 

 

Bahar

payızadək qız uşağıdır,

Gülləri solacaq köçüb gedəcək.

Sarı yarpaqlardan cehizlərini,

Küləyin əlindən seçib gedəcək.

 

Bahar bir nəğmədir bəstəsi torpaq,

Açan hər çiçəyin xatirəsi var.

Heç kim yalqız deyil, kimsəsiz deyil,

Hərənin bir yaxın, uzaq kəsi var.

 

Bahar bir gözəldir xalı üzündə,

isinir ,sevinir dibi torpağın,

Gülür bənövşənin sığındığı kol,

Damcılarla dolur cibi torpağın.

 

Bahar yaşamaqdır ömrü yamyaşıl,

Getmək istəyənlər gedər, gələr də.

Qara buludlardan asılı qalıb,

Bahar bir ümiddir cücərtilərdə.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Çərşənbə axşamı, 07 May 2024 12:12

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Azərbaycanın turizm imkanları mayın 6-da işinə başlayan “ATM Dubai 2024” (Arabian Travel Market 2024) beynəlxalq turizm sərgisində tanıdılır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinə istinadən məlumat verir.

 

Yaxın Şərq bazarı üçün əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə B2B (Biznesdən biznesə) görüşlər keçirilir, yerli və xarici turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunur.

 

Milli stendimizdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları”, “Şahdağ” Turizm Mərkəzi, hotellər və turizm şirkətləri daxil olmaqla 34 yerli tərəfdaş təmsil edir.

 

Stendin ziyarətçilərinə ənənəvi turizm məhsulları haqqında məlumat verilir, Azərbaycanın təbiət turizmi imkanları VR vasitəsilə təqdim edilir, milli şirniyyatların dequstasiyası imkanı yaradılır.

 

Qeyd edək ki, mayın 3-də Dubay şəhərində qlobal turizmin inkişafı, innovativ yanaşma və imkanlara həsr olunmuş “Phocuswright WiT” Orta Şərq konfrans çərçivəsində keçirilən panel müzakirələrdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.

 

Məlumat üçün xatırladaq ki, 2023-cü iyulun 8-dən etibarən Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 90 günə qədər qalma imkanı verən vizasız gediş-gəliş rejimi tətbiq olunur. 2023-cü il ərzində ölkəmizə 41min 085 nəfər BƏƏ vətəndaşı səfər edib ki, bu da 2022-ci illə müqayisədə 11.4 faiz artım deməkdir. Eləcə də cari ilin ilk 4 ayı ərzində ölkəmizə gələn BƏƏ vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artım müşahidə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

AzərTAC xəbər verir ki, bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.

 

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da İslam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.

 

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.

 

Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək.

 

Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq.

 

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin ilin may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

 

Vətən müharibəsindəki tarixi Zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Çərşənbə axşamı, 07 May 2024 13:32

Həqiqətən də vəzifə gəldi gedərdir...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Cəmi bir il nazir işləyib, amma bir ömürlük xalq məhəbbəti qazanıb. Adı çəkiləndə, ünvanına xoş sözlər deyilir...

 

Ortaq türk dili söhbəti ilk dəfə ortaya atılanda, aləm bir-birinə dəymişdi. Necə deyərlər, ara sakitləşəndə mükəmməl bir fikir söylədi: “H”, “Ə”, “Ö”, “Ü” və s. hərfləri ana dilindən yığışdırmaq olmaz!..

 

Ölkənin görkəmli alimlərindəndir- alimlər isə iki cür olurlar, bir sahədə püxtələşən və hərtərəfli mükəmməl. Mükəmməlləri hamıya görk olur...

 

Kişiliyə böyük dəyər verir- özündə olmayan bunu bacarmaz…

İmanlıdır- halalına haram qatmaz…

Ziyalıdır- həqiqəti söyləməkdən çəkinmir…

Ədalətlidir- haqq olmayan yerdə görünmür…

Fədaidir- Azadlıq meydanında milyonlarla insan buna şahid olub…

Əzəmətlidir- Yaradanın izni olmasa, bir kəs min kəsdən seçilməz…

Səsi yaşıl, ruhu ağdır- bunu ariflər üçün dedim…

Haqqında söhbət açdığım Firudin Cəlilov 1947-ci ildə Vedibasarda dünyaya gəlib. 1966-cı ildə orta təhsilini Bakıda bitirib. Elə həmin il də Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olunub. Oranı müvəfəqiyyətlə başa vurub. 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində çalışıb. 1978-ci ildə filologiya elmləri namizədi, 1989-cu ildə isə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib. Bir il sonra Azərbaycan Respublikasının Ali və Orta ixtisas təhsili naziri vəzifəsi ona həvalə olunub. 1993-cü ildə həmin nazirliyin ləğvi ilə əlaqədar nazir vəzifəsindən uzaqlaşdırılıb...

Xalqının qarşısında alnıaçıq, üzüağdır. Çox ürəklərdə yuva qura bilib. Hamı onu təmiz adam, söz deməyi bacaran ziyalı kimi tanıyır.

Deyir ki,- "Vəzifə gəldi-gedərdir, əsas odur ki, xalqının dəyərli övladı ola biləsən"…

Bəli, Firudin Cəlilov xalqımızın dəyərli övladlarından biridir. Böyük azərbaycanlı olduğunu xidmətləri ilə təsdiq edib. Belə insanlara diqqət göstərmək, qayğısına qalmaq Allahın da xoşuna gələn əməllərdəndir…

Onun növbəti ad günü oldu, 77 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, uzun ömür və ağrı-acısız günlər arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Çərşənbə axşamı, 07 May 2024 11:01

Xoş getdin, PASXA...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də harayasa qar da yağır, hava soyuqdur. Bayaq gün çıxmışdı, indi də külək əsir, hər dəfə olduğu kimi. Axşam isə leysan yağışı yağdı Bakıya. Axı dünənki gün proslavların Pasxa bayramı idi. 

 

Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir. Kilsə təqviminə görə ekinoksun 21 martda (baxmayaraq ki, astronomik təqvimə əsasən əksər illərdə bərabərləşmə 20 martda baş verir) baş verməsi qəbul edilir və Bütöv Ay astronomik təqvimlə heç də həmişə uyğunlaşmır. Beləcə, Pasxa tarixi 22 martla 25 aprel arasında dəyişir. Şərq xristianlığında Pasxa tarixinin hesablanması zamanı XI əsrdən bərabərləşmənin 21 mart tarixi qəbul edildiyi Yuli təqviminə əsaslanılır, 3 aprelin bərabərləşmə hesab edildiyi Qriqori təqvimində isə Pasxa tarixi 4 aprellə 8 may arasında dəyişir. Bu il Pasxa mayın 5-nə düşmüşdü. 

Nə sirdirsə Pasxa günü soyuq olur. Dünən temperatur 14 dərəcə düşmüşdü. 

 

Bugündən havanın düzələcəyi vəd edilir. Yenə də gün çıxacaq, hərarət artacaq. Və tərəvəzlər yetişib çoxalacaq. Çoxaldıqca da qiymətləri enəcək. Əhalinin kasıb hissəsi lobiyadan, badımcandan, pamidor-xiyardan yeyib keyf edəcək...

Xoş getdin, PASXA...

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.