
Super User
Şuşa Teatrı yeni mövsümü “Dovşanın ad günü” tamaşası ilə açacaq
Şuşa Dövlət Musiqili Dram Teatrı yenimövsümünü oktyabrın 9–da uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşasının premyerası ilə açacaq.
Həmin gün Altay Məmmədovun “Dəli Domrul” tamaşası da oynanılacaq.
“Dovşanın ad günü” səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada rolları Ayşən Mirzəyeva, Məmmədova Gülarə, Günel İmanova, Sevinc Ağayeva, Təranə Əliyeva, Mir Qabil Əkbərov və Nihad Heybətov oynayacaq.
“Dəli Domrul” tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov və Emin Sevdiməliyev ifa edəcəklər.
Oxucularınıza teatrın tarixi barədə məlumat veririk.
Artıq 1848-ci illərdən başlayaraq mütərəqqi rus teatrlarından faydalanma sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları göstərməyə meyl oyanmışdı. 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərərk Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona dahi bəstəkar, şuşalı Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Ta ki, 1990-cı ilin 11 may tarixinə qədər. Həmin gün AR Nazirlər Kabineti teatrın bərpası varədə qərarı verib. Həmin qərar əsasında 1992-ci ildə Mədəniyyət Nazirliyi teatrın fəaliyyətini bərpa edib. Amma Şuşanın işğalı ilə bağlı teatr Bakıya köçməli olub.
Uzun illər Şuşa teatrı Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşmışdı (1992–2005). Hazırda teatr Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir (2005-ci ildən). Teatrın Bakıda ilk tamaşası 13 fevral 1993-cü ildə baş tutub. Bu, “Arşın mal alan” tamaşası olub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri kitab sərgisində nümayiş olunur
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təmsil olunmaqdadır.
AzərTAC xəbər verir ki, sərgidə Fondun himayəsi və dəstəyi ilə müxtəlif dillərdə çap olunan kitab, kataloq, poçt markaları və çox sayda digər ədəbiyyat nümunələri ziyarətçilərə təqdim edilir. Fondun sərgilədiyi nəşrlər Azərbaycan, türk, ingilis, italyan, alman, fransız, rus və ərəb dillərində çap olunmuşdur. Oxucuların ixtiyarına verilən kitab və kataloqlarda türk dünyasının birlik, bərabərlik və qardaşlıq ideyaları, tanınmış şəxsiyyətləri, tarixi mədəniyyət və memarlıq abidələri, şifahi xalq ədəbiyyatı nümunələri təbliğ olunur, türk xalqlarının milli-mənəvi dəyərləri, adət-ənənələri beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırılır.
Sərgi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyinin və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasının uşaqlar üçün işlənmiş elektron kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Qeyd edək ki, VII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 10-dək davam edəcək.
Kitab sərgi-yarmarkasında Türkiyə yazıçısı Sinan Cananla görüş olub
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Türkiyə yazıçısı Sinan Cananla görüş təşkil olunub. Bu görüş “İFA - İnsanın Fabrika Ayarları” mövzusuna həsr edilib.
Tanınmış yazıçı özünün eyniadlı kitabından götürülmüş mövzu ətrafında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Yazıçı deyib: “İFA - İnsanın Fabrika Ayarları” kitabı insanlığın əsaslarını başa düşmək, onu anlamaq üçün elmi çərçivələrə əsaslanır. Kitab oxşar suallara cavab tapmaqdan ötrü yazılıb və daha doğru yaşamağın yolunu göstərir. Kitab insanın özünü bir daha başa düşməyə dəvət edir. Əminəm ki, kitabda insanlar çox suallara cavab tapa biləcək”.
Görüş müzakirələrlə davam edib.
Sonda müəllif sözügedən kitabını oxuculara hədiyə edib.
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası davam etməkdədir.
Ədəbiyyat üzrə yeni Nobel mükafatı ərəb Abdulrazak Qurnaya verildi
Bu gün Stokholmda Beynəlxalq Nobel Komissiyası ədəbiyyat üzrə növbəti Nobel mükafatçısının adını açıqladı. Ərəb mənşəli yazıçı Abdulrazak Qurna "Müstəmləkəçiliyin nəticələrinə, mədəniyyətlər və qitələr arasındakı uçurumda qaçqınların taleyinə güzəştsiz nüfuza görə" ifadəsi ilə Nobel mükafatı aldı.
Laureat Şərqlə Qərb arasında uçurum barədə kitablardan oxumayıb, ondan-bundan eşitməyib, o bunu özü yaşayıb. 1948-ci ildə Afrikada, Zənzibarda ərəb mənşəli müsəlman ailəsində anadan olan Abdulrazak bütün məhrumiyyətləri görüb. Onun iyirmi yaşı olanda qara qitədə ərəb ailələrinə qarşı kütləvi hücumlar başlayıb, Qurna ailəsi ölkədən qaçmaq məcburiyyətində qalıb, Böyük Britaniyaya pənah aparıblar. Abdulrazak təhsilini orada davam etdirib, 1982-ci ildə o, Kent Universitetində doktorluq dissertasiyası müdafiə edib. İndi Qurna Kent Universitetinin professorudur, Kral ədəbi cəmiyyətinin üzvüdür, postkolonial ədəbiyyatdan mühazirələr oxuyur. Yazışı kimi isə Qurna 1987-ci ildə debüt edib.
Abdulrazak Qurna - doqquz romanın müəllifidir, onların arasında "Cənnət" (1994) Buker mükafatının qısa siyahısına düşüb, "Dəniz" (2001) Buker mükafatının uzun siyahısına düşüb. Yazara şöhrət gətirən bu iki romanıdır, habelə "Fərarilik" (2005) romanıdır. Sürgünlük, evsizlik, identikliyin itirilməsi onun ərəb Afrikasında baş verən hadisələri qələmə alan kitablarının əsas mövzularıdır.
Bakı Beynəlxalq Kitab Yarmarkasında “Azərkitab - kitab mərkəzi” də təmsil olunur
Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində rəsmən açılışı olan VII Bakı Beynəlxalq Kitab Yarmarkasında “Azərkitab - kitab mərkəzi”nin stendi də fəaliyyət göstərir. Ölkənin bu nəhəng kitab ticarəti şəbəkəsi oxuculara yüzlərcə bir-birindən maraqlı kitab çeşidləri təqdim edir. Eyni zamanda, “Azərkitab”ın stendində olduqca maraqlı görüşlər də reallaşacaq.
Mərkəzin rəhbəri Sabir Həsənovun “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, oktyabrın 9-da burada “Çovdar çörəyi” romanının müəllifi, sevilən yazıçı Əlibala Məhərrəmzadənin, oktyabrın 10-u isə “Azərbaycan bayrağı” şeirini yazmış tanınmış şair Ramiz Qusarçaylının imza saatları keçiriləcək, eləcə də gənc şairə, mərkəzin mətbuat katibi Aysel Kərim oxucular üçün öz yeni kitabını imzalayacaq. “Kitabın böyük təbliğatçısı olan “Azərkitab” kitabsevərləri öz stendinə dəvət edir” - deyə S. Həsənov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oktyabrın 10-dək davam edəcək. Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
Azərbaycanın da təmsil olunduğu Pusan film festivalı işə başlayıb
Cənubi Koreyanın Pusan şəhərində 26-cı beynəlxalq film festivalı işə başlayıb.
AzərTAC-ın Çin bürosunun məlumatına görə, tədbirin təşkilat komitəsinə istinadla xəbər verir ki, oktyabrın 6-da Pusandakı Kino Mərkəzində festivalın açılış mərasimi keçirilib. Oktyabrın 15-dək davam edəcək festival günlərində Cənubi Koreyanın ikinci böyük şəhəri olan Pusanın 6 kinoteatrında 70 ölkədən 223 film təqdim olunacaq. Kinosevərlər festivala təqdim olunmuş qısametrajlı filmləri isə yutub və naver platformalarında seyr edə biləcəklər.
Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi A kateqoriyalı Pusan beynəlxalq film festivalının müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin filmi festivalın “Kim Jiseok” adına əsas mükafatı uğrunda yarışacaq 7 filmdən biridir. Filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Film oktyabrın 8-də, 10-da və 14-də Pusanın müxtəlif kinoteatrlarında nümayiş olunacaq.
Cənubi Koreyada pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu bir vaxtda film festivalı kimi kütləvi tədbirin keçirilməsinə dair şübhələr olsa da, təşkilatçılar sonda festivalı onlayn deyil, ənənəvi qaydada keçirməyə qərar veriblər. Festival çərçivəsində forum, seminar və ustad dərsləri də keçiriləcək.
Qeyd edək ki, Pusan beynəlxalq film festivalı Asiyanın ən böyük kino tədbiri hesab olunur. Festival 1996-cı ildən bəri hər il təşkil edilir.
Bu gün Ədəbiyyat üzrə Nobel mükafatına kim layiq görüləcək? Bəlkə Murakami?
Nobel həftəsi başladı. Artıq fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb - Sukuro Manabe, Klaus Hasselman və Corcio Parizi. Tibb və fiziologiya sahəsində bu yüksək mükafata David Julius və üzdəniraq qonşularımızdan olan Ardem Pataputyan layiq görülüblər. Bu gün- Oktyabrın 7-də isə ədəbiyyat üzrə Nobel mükafatçısının adını açıqlayacaqlar. Kim olacaq?
Ondan başlayaq ki, mərc sistemində əsas favorit ikidir, onlardan biri heç kəsin gözləmədiyi bir kəsdir. Bukmekerlərin bütün dünya üzrə qəbul dərəcələrində ikinci pillədə "Kazus Kukotskiy", "Daniel Ştayn", "Yakovun pilləkənləri" kimi kitabların müəllifi Lyudmila Ulitskaya gedir, rus sözünün əsl ustası hesab edilən Rusiya yazıçısı.
“Ədəbiyyat və incəsənət” portalı ERA agentliyinə istinadən məlumat verir ki, Ulitskaya özü belə reytinqlərə özünəməxsus ironiya və özünütənqidlə yanaşır. "Mən ikinci yerdəyəm və bu, məni tamamilə qane edir" deyir o özü haqqında. Və necə yaddan çıxarmaq olar ki, ötən il də Ulitskaya Nobel mükafatına əsas namizədlər arasında idi, lakin o zaman Amerika şairəsi Luiza Glyuk onu geridə qoya bildi.
Bu il yüksək mükafata əsas namizəd isə bukmeykerlərin siyahısında başda dayanan dünyaşöhrətli yaponiyalı yazıçı, “Norveç meşəsi” və “Kafka sahildə” kimi şedevrlər yaratmış Haruki Murakamidir. Ədəbi dairələr tərəfindən “əbədi Nobel məğlubiyyətçisi” hesab olunan ünlü yazar hər il əsas namizəd hesab olunsa belə əliboş qalır. Bəs bu dəfə necə olacaq?
Həmçinin favoritlər arasında Afrika təmsilçisi Ngugi va Thiongo və Kanada təmsilçisi Enn Karson da var. Təbii ki, Murakamidən fərqli olaraq bu adlar Azərbaycan oxucusuna heç nə demir, onların əsərləri dilimizə tərcümə edilməyib, kitabları bizdə çap olunmayıb.
Xatırladaq ki, Thiongo romançıdır, Karson isə lirik şeirlər yazır. Xanım Karson sosial şəbəkələrdə çox məşhurdur, onun "Şüşə esse"poemasının və şeirlərinin milyondan çox oxunma sayı var.
Liderlərlə dabanbadaban gələnlər "Xidmətçinin hekayəsi"nin müəllifi və iki Buker mükafatının sahibi, kanadalı Marqaret Etvud və “Alternetiv Nobel" mükafatının laureatı fransız Mariz Kondedir. Nobel ədəbiyyatdankənar məsələlərə yenə önəm versə, onda Etvudun siyasi fəallığı, feminist lider olması öz sözünü deyə bilər.
Kim 2021-ci il ədəbiyyat üzrə Nobel mükafatına sahib olacaqsa o, 10 milyon İsveç kronu (1,19 milyon dollar) alacaq. Əlbəttə qərarı bu gün axşamüstü Nobel komitəsi verəcək. Onun isə, qeyd etdiyimiz kimi, həmişə sırf ədəbi nailiyyətə söykənməyən faktorlara istinadı diqqət çəkir. Halbuki, ədəbiyyat üzrə Nobel mükafatı ciddi ad üçün illərdir ki, qəribsəyib. Ciddi ad builki nominantlar arasında təbii ki, birdir - Haruki Murakami!
“Kurtlar Vadisi” qəhrəmanları yenidən üz-üzə
Bir müddət ərzində "Kurtlar Vadisi" serialında Məmati adlı personajı canlandıran Gürkan Uyğun ilə Kara personajını canlandırmış Hakan Boyav TRT-nin populyar "Agentlik" serialında birlikdə çıxış etməyə başlayıblar.
Haberler.com belə bir xəbər yayıb: Serialın son seriyasında duet arasında əfsanəvi dialoq baş verib. Bu səhnəni seyr edən milyonlarla izləyici və sinema ünlüləri “Kurtlar Vadisi”nə istinad edərək bir ağızdan söyləyiblər: “Biz “Kurtlar Vadisi”ndən sonra ilk kəz sevdiyimiz bir səhnəni izlədik.”
Karin Tuil, “İnsan işləri”
Bu qış oxumaq lazım olan daha bir neçə yeni romanı sizə təqdim edirik.
Həyatınızın nəzarətini necə qaytarmaq olar? Nə çətindir: çətinliyə və ya sevincə dözmək? Peşəkar cəhətdən tanınmanın dəyəri nə qədərdir və buna necə nail olmaq olar? Bu və digər, heç də az əhəmiyyətli olmayan suallara cavab verə biləcək kitabların toplusunu bölüşürük.
"İNSAN İŞLƏRİ" KARİN TUİL
Ulduz teleaparıcı Jan Farel qocalır, amma həqiqətlərlə və yalanlarla üzdə qalmağa çalışır, hərçənd kanalın direktoru onu təqaüdə göndərməkdə israrlıdır. Bu yandan da ailəsi Jan Fareli çətinə salır.
Problemlər təcavüzdə ittiham olunan oğlu tərəfindən əlavə edilir və proses başlayır. İntriqalar, yalanlar, korrupsiya...
Jan gözdən itərək, onu təkcə ekrandakı çıxışlarına görə qiymətləndirən az sayda dost və həmkarı tərəfindən unudulur. Axı başqa cür olmalıdır, onun şöhrəti var, peşəkar kimi tanınıb, hörmət edilib, bunlara çətinliklə nail olub. Bir anda necə bu cür unudulmaq olar axı?
Fransız qadın yazıçı Karin Tuilin Qonkur mükafatı listələrində adı hallanan maraq doğuran romanını oxuyun mütləq.
Billi Ayliş Glastonbury Festivalının ən gənc solo hedlayderi olacaq
Festival 22-26 iyun 2022-ci il tarixlərində keçiriləcək
Müğənni Billi Ayliş Britaniyanın nüfuzlu Glastonbury musiqi festivalı tarixində ən gənc solo hedlayderi olacaq. Bu barədə bazar ertəsi festival təşkilatçıları öz Tvitter səhifələrində status paylaşıbıar.
Status belədir:
"Billi Aylişin gələn il Glastonbury festivalında Pyramid Stage hedlayderi olacağını və bununla da onun tariximizdə ən gənc solo hedlayderi olacağını bildirməkdən xoşbəxtik. Bu, bizim yenidən festivala qayıtmağımız üçün mükəmməl bir yoldur və artıq gözləyə də bilmirik, səbirsizik” - festivalın təşkilatçılarından biri Emili İvis bildirib. Pandemiya səbəbindən iki ildir təxirə salınan festivalın 2022-ci ilin iyununda - 22-26 iyun tarixlərində keçiriləcək. Billi Ayliş
24 iyun 2022-ci ildə - cümə axşamı çıxış edəcək.
Ötən il Glastonbury 50 illiyini qeyd etmək təntənəsini yaşamaq istəmişdi, lakin koronavirus pandemiyasına görə ləğv edilmişdi.
Öz növbəsində, Britaniyanın BBC Yayım Korporasiyası bildirib ki, Ayliş 2016-cı ildən etibarən ilk qadın-hedlayder olacaq. 2020-ci ildə festivalda Taylor Svift çıxış etməli idi, lakin pandemiyaya görə bu baş vermədi və Taylor öz mövqeyini Aylişə təslim etməli oldu.
Aylish 2019-cu ildə Glastonbury-də debüt edib. O zamandan ta ki 2021-ci ildə buraxılmış ikinci studiya albomu olan Happier Than Ever-ə qədər Ayliş bir çox Grammy və Brit mükafatı qazanıb.
Daha bir xəbər. Ötən həftə Ayliş Ceyms Bond haqqında "Ölmək vaxtı deyil” filminin premyerasında qırmızı xalçada peyda olmuşdu. Filmdə o, böyük musiqi kompozisiyanı ifa edib. Ayliş amerikalı müğənni Finneas O ' Konnel, eləcə də bəstəkar Hans Zimmer və The Smith musiqi qrupunun banisi Conni Marrla birgə bu kompozisiyanı yazıblar.
Sonda izah üçün bildirək ki, festivalın solo hedlayderi o şəxsdir ki, əsas diqqət mərkəzində duracaq, adı afişalarda gedəcək, bir sözlə, festivalın əsas siması, gözü olacaq.