ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Yanvarın 20-21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası növbəti dəfə nümayiş etdiriləcək.

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.

Qeyd edək ki, səhnə əsərində baş qəhrəman yoxdur. Baş qəhrəman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin arxalandığı xalq və xalqın güvəndiyi ordudur. Əsərdə müəllif baş verən milli azadlıq mübarizəsini dörd ailənin timsalında təqdim edir. Azərbaycanın hər bir evində, hər bir ailədə, hətta azsaylı xalqların və ölkə vətəndaşı olan digər millətlərin nümayəndələri belə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxırlar.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan “Bir nəfəs qədər” (pyesin müəllifi: Samir Qulamov) tamaşası nümayiş olunacaq. 

 

SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Yanvarın 20-də göstəriləcək tamaşada, eyni zamanda, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.

Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov və Murad Əliyev iştirak edəcəklər.

Qeyd edək ki, tamaşa 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə göstəriləcək. 

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 12:00

8000 manat qazanan tarix müəllimi

Bakıdakı 219 saylı evdə təhsil üzrə tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İctimai TV-də yayımlanan "Milyonların şousu" intellektual verilişinə qatılaraq 8000 manat qazandı. 

O, qazandığı məbləği öz övladlarının təhsili ilə yanaşı, maddi imkanı zəif olan bir ailənin övladının da təhsilinə xərcləyəcəyini bəyan etdi.  

Sevinc müəllimə həm bilikdə, həm də insanlıqda hamıya örnək oldu.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik.

 

“Rou Ueydə qarşı” adlanan məşhur iş: ABŞ-da bu etiraz nümayişi Ali Məhkəmənin hakimiyyətə abortları qadağan etmə sanksiyası əleyhinə təşkil edilib.

Foto: Darin Oswald/Idaho Statesman

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 11:00

“İnşaallah, yaz gəlsin, çataq arzuya...”

Dünən yazıçı, dramaturq, 17 il "Kirpi" jurnalına rəhbərlik etmiş gözəl insan, sözün əsl mənasında ağsaqqal, BÖYÜK KİŞİ Seyfəddin Dağlının (Seyfəddin Əliağa oğlu Abbasov) anım günü idi. 1983-cü ilin bu günü Seyfəddin Dağlı gözlərini əbədi olaraq yumdu.

 

Nəbi Xəzri

“Son telefon söhbəti"

(Qudam, dostum, yazıçı Seyfəddin Dağlının əziz xatirəsinə)

 

Şirmayı telefon...

Tanış nömrələr. 

Fikrin qanadlanar,

Sən də uçarsan.

Ürək istəyəndə 

elə əmr edər

Bir anda dostunla

Sən qovuşarsan...

Süzüldü qəlbimə

İsti nəfəsi,

Eşitdim o doğma,

Mehriban səsi,

--Ürəyim! Yaxşıdır! Qalma nigaran!

(Bəlkə ürəyini tuturmuş bu an)

Nəbi, sən özündən muğayat ol ha...

Dünənki cavanlar deyilik daha.

Bu necə axşamdı,

nə söhbətdi bu?

Kim bilir, bəlkə də vəsiyyətdi bu!

--Hə, Sona yaxşıdır. Sözümə?..Baxır...

Odur şeytan şeytan üzümə baxır.

Elə inam vardı,

onun səsində,

İnam nə tez söndü

yer kürrəsində,

--Sənə söz vermişəm gedək Xızıya...

İnşaallah, yaz gəlsin, çataq arzuya...

Nə bilim,

Keçərək 

dağlardan iz iz

Bu il yaz gələcək

Dünyaya sənsiz.

--Sabah gedəcəyəm xəstəxanaya...

Beş günə çıxaram...çoxu bir aya...

Bu gediş

Bəs niyə

                 əbədi oldu?

Sabahı buz torpaq 

                 məbədi oldu!

...Yenə qəlbimdədir 

                 isti nəfəsi,

Son söz yoğrulmuşdu 

                 İlk sədaqətdən.

Mən hardan biləydim

                 Dostumun səsi,

O axşam

          Gəlirmiş

                 Əbədiyyətdən?!

(1983)

 

Sevilən Xalq şairimiz Nəbi Xəzri ilə Seyfəddin Dağlı quda olublar, bu şeir də hardasa bir Rekviyemdir.

Hər ikisinin ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Cümə axşamı, 19 Yanvar 2023 10:30

Onun iki arzusu vardı, biri çin oldu

Elman Eldaroğlu yazır

 

Xaqani Şirvani gözəl deyib:- "Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik." Bəli, yaxşılıq içdən gəlir, onu təcrübəylə və ya təqlid etməklə qazanmaq olmur. Dünya yaranandan milyardlarla insan gəlib-gedib, amma nə pislik tükənib, nə də yaxşılıq. Onun da taleyinə yaxşılıq düşüb. Bəlkə də bu xislət ona dünyaya gəldiyi Laçın rayonunun təmiz havasından, ya da ki, dağ çeşmələrindən içdiyi saf sulardan keçib, bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, o, yaxşı əməllər üçün doğulub…

 

Haqqında söhbət açdığım xanım sadə, təvazökar, mehriban bir insandır. Bütün fəaliyətini televiziyaya həsr edib, bir sıra verilişlər hazırlayaraq insanları maarifləndirməyə çalışıb. Səyləri hədər getməyib, bir neçə təşkilatın birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub. 2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu, Yaponiya, Meksika, Kuba, İran, Türkiyə, o cümlədən bir sıra ölkələrdən hazırladığı verilişlər və müxtəlif sənədli filmlər İTV-nin qızıl fondundadır. Qarabağ müharibəsindən bəhs edən- "54 gün mühasirədə", "İgidliyin zirvəsi", "Məhv edilmiş gələcək-Aygün", filmlərinin, 1918-ci ildə baş vermiş hadisələri əks etdirən “Şamaxı soyqırımı" filminin və bir neçə sənədli filmlərin ssenari müəllifidir.

2011-ci ildə İctimai Televiziyadakı fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatını alıb. Azad, məsuliyyətli və peşəkar jurnalist fəaliyyətinə görə dövlət və qeyri-hökumət təşkilatlarının, jurnalist birliklərinin onlarla diplom və mükafatına layiq görülüb. 

2015-ci ildə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəridir. Eyni zamanda İTV-də yayımlanan “Vətən uzaqda deyil” diaspor proqramının müəllifi və aparıcısıdır. Dünyaya səpələnən soydaşlarımızı axtarıb aramaqla məşğuldur...

Deyir ki,- "Mənim iki ən böyük arzum var, Qarabağın azad olunması və yeganə övladımı xoşbəxt görmək. Onun biri çin olub- necə deyərlər, Qarabağ Azərbaycandır! İnanıram ki, ikinci arzum da həyata keçəcək."

Ömür-gün yoldaşı Hikmət Sabiroğlu əslən Şuşadandır. Orada doğulub, boya-başa çatıb. İxtisasca jurnalistdir. Bir oğlu var, adı Turaldır. Neft Sənayesi Universitetini bitirib, elektrik mühəndisi ixtisasına yiyələnib...

Onun "sehirli qutudan" yayımlanan verilişlərini çox izləmişəm. Ciddi görkəmi, davranışı həmişə xoşuma gəlib. Əsl Azərbaycan xanımına xas olan keyfiyyətləri ilə yaddaşlarda yuva qurub, rəğbət qazanıb. Bir müdrikdən nümunə gətirib, söyləyir ki,- "Yaşamaq asan olsun deyə, arzuları kiçiltməlisən. Ömür elə də uzun deyil, böyük arzular çin olsa da belə, ömürdən öz payını götürür..."

Onu siz də tanıyırsız- Vəsilə Vahidqızını deyirəm. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini fərqlənmə diplomu ilə bitirib. Yüksək savadı ilə şəxsi keyfiyyətləri üst-üstə düşür. Bəlkə də ona görədir ki, insanpərvərliyi, əsl Azərbaycan xanımına xas olan xüsusiyyətləri ilə bir çoxlarından fərqlənir. 

Nə yaxşı ki, dünyada belə insanlar da var…

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Yanvarın 19-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin mənzil- muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Unutmayaq, unutdurmayaq!” adlı tədbir keçiriləcək.

 

Tədbirdə A.Şaiqin mənzil-muzeyi yanında fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri “Bir eşq hekayəsi” adlı poetik-kompozisiya ilə çıxış edəcəklər. 20 Yanvar şəhidləri İlham və Fərizənin başına gələn hadisələrin canlandırıldığı kompozisiya, uşaqların səsləndirdiyi “Qərənfil”, “Səninləyəm Azərbaycan”, “Şəhidlər”, “Bayatılar” kimi şeirlərlə zənginləşdiriləcək.

Tamaşadan sonra A.Şaiq mənzil-muzeyinin böyük elmi işçisi E.Məmmədli “Qanlı yanvar hadisələri” adlı mühazirə ilə çıxış edəcək. Daha sonra M.Rostropoviçin “Şəhidlər xiyabanı” və məcburi köçkün düşərgələrinə etdiyi ziyarətlərindən ibarət videoçarx nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Qışda da bu məkan qonaqlı-qaralıdır. Uşaqlarla yanaşı böyüklər də həvəslə ora baş çəkirlər, heyvanları, quşları müşayiət edirlər. Yəqin duydunuz, söhbət hansı məkandan gedir. 

 

“Bakı Zooloji Parkında məskunlaşan hər bir heyvan üçün mütəxəssislər tərəfindən yem rasionu işlənilib hazırlanır. Qida rasionu hazırlanarkən maksimum dərəcədə yemlərin mövsümə uyğun olaraq seçilməsi və həmin heyvanın hazırkı vəziyyəti nəzərə alınır. Yəni, əgər heyvan arıqdırsa, gücləndirici yemlər qida rasionuna əlavə edilir, kökdürsə, onun növünə uyğun olaraq müəyyən pəhriz tətbiq edilir. Heyvanların yemləndirilməsi nə qədər yaxşı və keyfiyyətli aparılarsa, xəstəliklər və hər hansısa problemlərin qarşısını bir o qədər də almış oluruq. Bakı Zooloji Parkında birinci və əsas qızıl qayda odur ki, ən keyfiyyətli yemlərdən istifadə edilsin”.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri AzərTAC-a müsahibəsində Bakı Zooloji Parkının baş baytar həkimi Elvin Süleymanov deyib. 

E.Süleymanovun sözlərinə görə, Bakı Zooloji Parkının Afrika və Asiyanın isti ölkələrində olan heyvanlar və ekzotik quşlar məskunlaşdığına görə, qış aylarında onlara xüsusi qulluq və qayğı göstərilir: “Bakı Zooloji Parkında qış fəslinin hazırlıqlarına yayın son aylarından başlanılır. Qışa hazırlıq iki mərhələdə aparılır. Birinci mərhələdə yem rasionunda dəyişikliklər edilir. Belə ki, qış aylarında havaların soyuq keçməsi heyvanlarda enerji ehtiyacını çoxaldır. Bununla əlaqədar olaraq fəsil dəyişiklikləri zamanı zooparkdakı heyvanların qida rasionu yenidən nizamlanır və qışa uyğun olaraq tənzimlənir. Heyvanların rasionuna 10-15 faiz yem əlavə olunur ki, bu da soyuq havalarda bədəni isitmək üçün ehtiyac olunan enerjini bərpa edir. Bundan əlavə, olaraq orqanizmin gücləndirilməsi üçün vitamin kompleksləri və minerallar verilir. Profilaktik olaraq da zooparkdakı heyvanların vaksinasiyası aparılır”.

Mütəxəssis bildirib ki, zooparkda qışa hazırlığın ikinci mərhələsi ətraf şəraitin qışa uyğunlaşdırılmasıdır: “Bakı Zooloji Parkında Afrika və Asiyanın isti ölkələrindən olan heyvanlar məskunlaşdığından qış aylarında onları istilik və günəş şüaları ilə təmin etmək lazım olur. Belə ki, günəş şüaları və istilik ehtiyaclarını ödəmək üçün həmin heyvanlar ziyarətçilərin görə biləcəyi və heyvanın istiliyini təmin edə biləcəyimiz yuvalarda yerləşdirilir. Həmin yuvalar yerdən və kənardan xüsusi isitmə aparatı ilə isidilir. Yuvaların havalandırılması təmin olunur. Günəş şüalarına ehtiyac olan xüsusi heyvanlar var ki, bunu təmin etmək üçün ulturabənövşəyi lampalardan istifadə olunur. Əgər qış fəslində havalar daha mülayim və yaxud isti keçərsə, həmin gün heyvanlar təmiz hava almaq üçün gəzinti ərazilərinə buraxılırlar”.

Baş baytar həkim bildirib ki, qış aylarında heyvanların davranışında da dəyişiklik hiss olunur. Bəzi növ heyvanlar qış aylarında çox sakit olurlar, aktivlikləri azalır və günün çox hissəsini yatırlar. Bunlara nümunə olaraq ayıları göstərmək olar. Bəziləri isə soyuğu çox sevdiklərindən qış aylarında daha çox aktiv olurlar. Bunlara da Amur pələngi və bizonlar aid edilə bilər”.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Ötən il pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz (361 milyon manat) çox olmaqla 4 milyard 948 milyon manat vəsait yönəldilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

 

Məlumata görə, keçən ilin əvvəlindən minimum aylıq pensiya artırılmaqla, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib. Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilib ki, həmin maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilib.

Son bir ildə 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 71 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

 

Sitat: 

“Hazırlaşıram..yazıram...pozuram...

...və dəhşətə gəlirəm.

Sabah Zəlimxan Yaqubun xatirə gecəsini aparacağam. 

Şairi oxuduqca yenidən bu fikrimi təsdiqləmiş oluram: İnsan nə böyüklükdə söz, fikir adamı olarmış”.

 

Saleh Bağırov, İTV-nin aparıcısı.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.