
Super User
“Kimsə qaldırsa əlini, təəccüblənərsən ki, niyə cingildəmir qandalları” – Pakistan poeziyasından nümunələr
Şərq poeziyasında Pakistan şairləri həmişə seçiliblər, maraqla oxunublar. “Ədəbiyyat və incəsənət” portalı “Dünya ədəbiyyatı” rubrikasında bu dəfə sizləri XX əsrin 3 Pakistan şairi ilə tanış edəcək. Fəxxar Zaman, Faiz Əhməd Faiz və Fani Kaşmiri ilə.
Tanış edəcək deyəndə ki, digərləri bir yana, amma Faiz Əhməd Faizi əksər poeziyasevər tanıyır yəqin.
Şeirləri dilimizə Səlim Babullaoğlu və Sona Səlimli tərcümə ediblər.
Fəxxar Zaman
Fəxxar Zaman (1943) - Pəncab, urdu və ingilis dillərində 40 kitabın müəllifi olan görkəmli Pakistan yazıçısı, şairi, ictimai-siyasi xadimidir. Onun Pəncab dilində yazdığı roman və şeirləri dünyanın bir çox əsas dillərinə tərcümə edilib. Fəxxar Zaman Benazir Bhutto hökumətində nazir, senator olub və Pakistan Ədəbiyyat Akademiyasının iki dəfə sədri kimi çalışıb. Hal-hazırda Dünya Pəncab Konqresi və Beynəlxalq Sufi Şurasının sədridir. Pakistan hökumətinin Hilal-e-Imtiaz və Sitara-e-Imtiaz mükafatlarına, Hindistan hökumətinin Şiromani Sahitak mükafatına, eləcə də XX əsrin ən yaxşı Pəncab romançısı da daxil olmaqla bir çox beynəlxalq və milli mükafatlara layiq görülüb.
Həyat üçün ödənişlər və bəzi şərtlər
Əzablar, yoxsulluq, problemlər -
pərakəndə satış qiymətinə.
Qulaqlarını bağlasan -
əlavə endirim.
Yumsan gözlərini -
daha bir endirim.
Üstəlik qıfıllasan dilini -
ən yüksək endirim.
Hələ fikir bərəsinə bütün keçidləri bağlasan
Daşqınlar Zamanı Yardım Fondundan
mükafat da alacaqsan o zaman.
Əzablar, yoxsulluq və problemdir yekun;
danışmanın, görmənin və düşüncənin yoxluğu.
Neynəmək olar, belədir pərakəndə satışın şərtləri,
ödənişlər, endirimlər və mükafatlar.
Bağlı qapılar
Giriş qapıları bağılıdır:
Kim bilir nə vaxt gələcəkdi bu qatar?
Və hansı qatar gələcək:
adi sərnişin qatarımı, sürət qatarımı,
ya bəlkə kiçik stansiyalarda
dayanıb durmayan qatar var ha, onlardan biri,
yaxud manevr imkanı olan paravoz..?!
Olmaya yoxlanış qatarı gələcək,
içində səlahiyyətli məmurlar,
belələri əlbəttə ki, var...
Hardan, hansı səmtdən, ha tərəfdən:
yuxarıdan, ya aşağıdanmı gələcək görəsən?!
Hər halda işıqlar bildirəcək,
bircə yansın yaşıl...
Hələki yol bağlıdır, bağlı.
Qapı ağzında
hər iki tərəfdən tıxac yaranıb.
Amma bu, sərnişinlərin günahı deyil,
yollar da idarəetmə otağındakı
yüksək rütbəli
komendantlara tabedir...
Nə vaxt açılacaqdı yollar,
kimi bilir?
Yazıçı
Həqiqi yazıçı
Hind çayının balığıdır,
şiddətli axına qarşı üzür.
Həqiqi yazıçı- təkandır,
dəyişdirir,
duzlu suyu şirin edir.
Ürək dərmanıdır
həqiqi yazıçı,
ürək döyüntüsü
həddini aşanda
onu ram edir.
Boşluq
Hamı heç kimdir,
heç kim hər şey demək deyil.
Boşluq var
hamıyla heç kim arasında,
Anlaşılmaz
və keçilməz.
Ehtiyatlı olun
Ehtiyatlı olun,
yoxsa
ürəyim
çilik-çilik
olub
parçalanacaq.
Qaraqabaq
Zəng elədi mənə.
-Salam, -dedim.
Salamımı aldı:
- Salam, salam, - dedi.
Heç kim sonra nə demək
lazım gəldiyini bilmədi.
Ayrıldıq.
Faiz Əhməd Faiz
Faiz Əhməd Faiz (1911-1984)- görkəmli Pakistan şairidir. Urdu dilində yazıb. Pakistan Kommunist hərəkatının tərəfdarı olub. Sufi meyllərə sahib olub. İngilis və ərəb ədəbiyyatını tədqiq edib. Bir müddət həbsxanada yatıb, 1979-1982-ci illərdə Beyrutda yaşayıb. Ölümünə yaxın Nobel mükafatına təqdim edilib.
Azadlığın səhəri
Gecənin əli ilə boğulandan sonra bu şəfəq,
bu kəskin gur işıq həsrət çəkdiyimiz həmin şəfəq deyil.
Göylərin səhrasındakı ulduzların son mənzilinə
çatmaq üçün ümidlə yola çıxdığımız həmin şəfəq deyil bu.
Şübhəsiz ki, gözlənilən sahildə
gecənin qabarmış dənizi
son nəfəsini verəcək.
Şübhəsiz ki, dayanmaq üçün yan alacaq harasa
qəlbin dərd daşıyan qayığı.
Coşqun gənc qan, qurucu əllər,
tərk olunmuş sevgilər,
kədər dolu baxışlar.
Halbuki cəlbedici gəlmişdi şəfəqin parlaqlığı,
Əlçatan idi sevgi və eşq.
Arzuların incə ovsunu ilə sancılanmışdı yorğunluq.
İndi ayrılıb işıq qaranlıqdan deyirlər.
Məqsədlərə çatılıb deyirlər.
Çətinliyin yaratdığı kədər
köklü şəkildə dəyişib.
İcazə verilib birliyin coşqusuna.
Qadağa edilib ayrılıq və kədər.
Amma pozulub sinirlər.
Ayrılığın əlacı tapılmayıb.
Haradan gəlib səhərin mehi
və haraya gedir?
Dünyanın lampası ümidsizlik içindədir.
Gecə hələ belə zülmkar olmamışdı.
Demək şüurun və qəlblərin
azadolması üçün hələ vaxt çatmayıb
Davam elə bu ağır səyahətinə;
bura sənin mənzilin deyil.
Əgər şəhərə burdan baxsan
Əgər şəhərə burdan baxsan
görərsən ki, eyni mərkəzli çevrələrdən təşkil olunub.
Hər bir dairə də divarla əhatələnib
eynilə həbsxana kimi.
Sanki it kökündəki dustaqlar üçün qaçış yeridir hər küçə:
nə zolaqları, nə istiqamət işarələri, nə də çıxışı.
Kimsə cəld hərəkət etsə əgər
təəccüb edərsən ki, niyə kimsə “dayan” deyə qışqırmır;
kimsə qaldırsa əlini
təəccüblənərsən ki, niyə cingildəmir qandalları.
Əgər şəhərə burdan baxsan,
ləyaqətli birini görməzsən.
Heç kim tam olaraq hisslərinə sahib deyil və
hər bir gənc oğlan cinayət damğası gəzdirər;
hər gənc qadın da zövcə emblemidir sanki.
Lampaların altında rəqs edən kölgələrə baxıb
aydın edə bilməzsən
gördüklərin bir dəstə əyyaşdı - əylənirlər,
yoxsa yas tutanlar
Və burdan deyə bilməzsən ki,
divarlardan üzüaşağı axan qırmızı qızıl güllərindi,
yoxsa axan qanların, güllələrin.
Fani Kəşmiri
Fani Kaşmiri Pakistanda indiyənə qədər yaddaşlarda qalan, Kəşmir dili ədəbiyyatında yaxşı tanınan şairdir.
Kim…
Kimlə danışıram?
Kimi axtarıram?
Haralarda gəzirəm
səhərdən axşamacan?
Kim qandallayıb məni sevginin zəncirlərinə?
Qabarır və çəkilir
Qəlbimdəki dəryanın
zülmət dalğaları.
Çəkilir geriyə eynilə ilan kimi.
Kimlə danışıram?
Kimi axtarıram?
Mən dəli və ağılsız biriyəm.
Kim idim və kim oluram?
Al və ötür Salamlarımı.
Kimə?
Bağda ikən
nərgizlərin və sarmaşıqların qönçələrini
sezə bilirəm.
Doludur badələri.
Əminəm bu həmin doğru yerdir
Fanitək aşiq üçün.
Rusiyada Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim olunur
"Kazan Kremlin" muzey-qoruğunda tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, defile avqustun 2-də başlayıb avqustun 5-dək davam edəcək, ikinci Etno - Fashion xalq yaradıcılığı və Dekorativ - Tətbiqi İncəsənət Festivalı "Həyat tərzi - Mədəni kod" çərçivəsində nümayiş olunur. Bu il festivalda Rusiyanın 24 regionundan, həmçinin Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən 30 dizayner iştirak edir. Tanınmış dizaynerlərin yaradıcılıq görüşləri və ustad dərsləri də təqdim olunur.
Festival Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Tatarıstan Respublikası Hökuməti, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi və Avrasiya Etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
Günün fotosu: Çin Tayvanı gülləbaran edəcəyi ilə hədələdi
Günün fotosu: Çin Tayvanı gülləbaran edəcəyi ilə hədələdi
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Çin rəhbərliyini bərk qəzəbləndirib. Tayvanı öz əyaləti hesab edən və bunu de-yure rəsmiləşdirməyə çalışan rəsmi Pekin ABŞ-ı bu addımı atmaqla ortaya düşmənçilik qoymaqda ittiham edib. Pelosi təcili Tayvandan çıxmasa Çin Tayvanı atəşə tutacağını bildirib.
Foto: Euronews
Çili festivalında qalib olmuş filmlər sırasında bizimki də var
Çili Respublikasında keçirilən “Cənub Kino və İncəsənət Akademiyası” festivalında “Ən yaxşı dram” sertifikatına layiq görülmüş filmlərdən biri də Azərbaycan istehsalıdır. Söhbət “Xatirə və Xəta” filmindən gedir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Çilidə daha bir mükafat da qazanılıb. Triller janrında çəkilmiş “Xatirə və Xəta” ekran əsərində baş rolunu ifa edən Xalq artisti Sabir Məmmədov “Aparıcı aktyor” sertifikatına layiq görülüb. Festivalın üçüncü xüsusi mükafatı hesab edilən “Ən yaxşı musiqi əsəri” mükafatı isə bədii filmdə səsləndirilmiş Emin Sabitoğlunun bəstələdiyi musiqi əsərinə verilib.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov bildirir ki, bu ekran əsəri digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edib və “Ən yaxşı dram” sertifikatına layiq görülüb. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.
Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru isə gözəl şairimiz və publisistimiz Əkbər Qoşalıdır.
Ayın ən fəal oxucusu kim olacaq?
Kitablara sevgi oyatmaq kitabxanaçıların bir məslək borcudur həm də. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında insanlara kitabı sevdirmək və kitabxanaya cəlb etmək məqsədilə yeni layihəyə start verilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsi “Ayın ən fəal oxucusu” adlı layihədə ay ərzində ən çox kitab oxuyan oxucuları müəyyənləşdirərək, onlara hədiyyə kitablar təqdim edəcək.
Gözəl təşəbbüsdür, deyilmi?
Türkiyənin məşhur “Bozdağ film” kinostudiyası həqiqətənmi Azərbaycanda kino çəkir?
Bəli, bu şayiə deyil, həqiqətdir. Azərbaycan və Türkiyə kinematoqrafçıları 44 günlük Vətən müharibəsi ilə bağlı birgə serial layihəsi üzərində işləyirlər. Serial Türkiyənin tanınmış “Bozdağ film” kinostudiyasının Azərbaycandakı ilk işi olacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar birgə rol alacaq. Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. Hazırlıq işləri tamamlanmaq üzrədir, birinci bölümün bu il təqdimatı gözlənilir.
Qeyd edək ki, “Bozdağ film” Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və s. tarixi mövzuda məşhur seriallarının istehsalçısıdır. Studiyanın qurucusu Mehmet Bozdağ “Diriliş Ertuğrul” ve “Kuruluş Osman” seriallarının rejissorudur.
Hazırda “Bozdağ film” təxminən 30 hektar ərazidə inşa edilən Türkiyənin ən böyük film platolarından birinə malikdir.
Şübhə yoxdur ki, serial uğurlu alınacaq.
Şəkildə: Mehmet Bozdağ əmin edir ki, Azərbaycandakı iş də digərləri kimi uğurlu olacaq.
Avqustun 6-da Bakıda yaradıcı sənaye üzrə festival təşkil olunacaq
Avqustun 6-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) Bakıda “CultRural Festival 2022” adlı festival təşkil edəcək.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaydığı məlumata görə, festivalda Bolqarıstan və Azərbaycan yaradıcı biznes nümayəndələri ilə, həmçinin onların sənətkarlıq, dizayn və moda, təsviri və ifaçılıq sənəti sahələrindəki məhsulları ilə tanış olmaq imkanı olacaq.
Qeyd edək ki, tədbiri keçirməkdə əsas məqsəd kiçik sahibkarlara dəstək olmaqdır. Tədbir çərçivəsində B2B formatında görüşlər də təşkil ediləcək.
Maestro Niyazinin vəfatının ildönümü hansı tədbirlərlə diqqət çəkdi?
Bildiyiniz kimi, dünən, avqustun 2-i görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı maestro Niyazinin vəfatının 38-ci ildönümü idi. Bəs dünən maestro necə anıldı?
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzdülər.
Mərasim zamanı muzeyin kollektivinin hər il sənətkarın doğum və vəfat günlərində xatirəsini yad etdiyi, həmçinin bəstəkarın mənzil-muzeyində onunla bağlı tədbirlərin keçirildiyi haqqında məlumat verildi. Çıxışlarda görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulandı.
Niyazinin mənzil-muzeyində isə “Açıq qapı” günü təşkil olundu.
“Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olundu.
Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə etdilər.
Qeyd edək ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.
Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb.
Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif olunub.
Ruhu şad olsun!
Nazir Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin 2021-ci il üzrə qaliblərindən biri olan Fərrux Əliyev ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hər iki tərəf arasında müsabiqənin mentorluq proqamına dair fikir mübadiləsi aparılıb, bu günə qədər həyata keçirilən görüşlərin müsabiqə qaliblərinin inkişafına verdiyi töhfədən danışılıb, proqram çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr müzakirə olunub.
“Yüksəliş” müsabiqəsi barədə oxucularımızı bilgiləndirək. Müsabiqə Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Görüşdə nazir və qalib həmçinin Nazirliyin innovasiya strategiyasının formalaşdırılması üzərində aparılan işləri də müzakirə ediblər. Qeyd olunub ki, bu strategiyanın əsas məqsədi Nazirliyi bir struktur kimi daha innovativ etmək, Nazirlik əməkdaşlarının iş mühitinə yeniliklər gətirməkdir.
Eyni zamanda, görüşdə dövlət qurumlarında işlərin xüsusiyyətləri, proseslər, üstünlük və çətinlikləri, özəl sektordan fərqli olan cəhətləri müzakirə olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaradıcı sənayelərin inkişafı istiqamətində bundan sonra görüləcək işlər də müzakirə olunub.
Sonda hər iki tərəf mentorluq proqramının bitməsinə baxmayaraq əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət Mərkəzində böyük şairə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən AzərTAC-a bildirilib ki, tədbirdə X.Natəvanın həyat və yaradıcılığından söhbət açılıb.
Daha sonra Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Xalq teatrı”nın üzvlərinin ifasında İ.Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşasından bir hissə tamaşaçılara təqdim olunub. Şairənin şeirləri ilə dram dərnəyinin üzvləri çıxış ediblər. X.Natəvanın qəzəlləri səsləndirilib.
Tədbirin sonunda şairəyə həsr olunan videoçarx nümayiş olunub.