
Super User
Müharibə aparan Rusiya gözəllik musabiqəsi də keçirir
Ukraynanın şəhər və kəndlərini xarabaya döndərən, dinc sakinləri öldürən Rusiya bir ucdan mədıniyyət tədbirləri də keçirir. Bu tədbirlərdən birini 40 yaşlı moskvalı Nina Bannaya qazanıb. O, ərdə olan xanımların "Miss Rusiya 2022" gözəllik müsabiqəsinin qalibi olub.
“Ədəbiyyat və incəsənət” portalı RİA Novostiyə istinadən xəbər verir ki, sözügedən yarışmada ümumilikdə Rusiyanın hər yerindən 25 qadın iştirak edib.
Ən gənci Rostovdan olan 21 yaşlı, ən yaşlısı isə Moskva vilayətindən olan 64 yaşlı iştirakçı digərləri ilə birlikdə tac uğrunda çarpışıblar.
Qeyd edək ki, qalib gəlmiş Nina beynəlxalq otel biznesi üzrə çalışır və üç övladı var - 16, 15 və 11 yaşında. O, idmanı və səyahət etməyi sevir, sosial tədbirlərdə iştirak edir, "Instagram"da məşhurlarla fotolar paylaşır.
Bu qələbəni isə əsla gözləmədiyini söyləyir.
Günün fotosu: Birinin bədbəxtçiliyi üzərində digərinin xoşbəxtçiliyi qurulur
Günün fotosu: Birinin bədbəxtçiliyi üzərində digərinin xoşbəxtçiliyi qurulur
Ukrayna müharibəsi neft-qaz istehsalçılarının gəlirini artırmqdadır. Norveçin Equniar şirkətinin gəliri 2022-ci ilin 2-ci rübündə 3 dəfə artıb.
Foto: Euronews
Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Mədəniyyət Nazirliyinin tabeçiliyinə verilib?
“Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ictimai birliklərdir, nazirlik onların fəaliyyətinə qarışmır, sadəcə, dəstək göstərir. Bu ictimai birliklərin birləşməsi məsələsi onlardan asılıdır.”
Bu fkrlər mədəniyyət naziri Anar Kərimova məxsusdur.
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin təqdimatı olub
“Park inn Hotel Baku”da Qobustan Milli Tarix-Bədii Qoruğunun sifarişi ilə ərsəyə gələn “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev sənədli filmlə haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Elmi-tədqiqat müəssisəsi kimi qoruqda yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır. Bununla yanaşı qoruq elmi-tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması işini də diqqətdə saxlayır: “2016-cı ildə Qobustan qoruğunda “Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinə başlanılıb. Müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaq məqsədi daşıyan layihədə sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Həmçinin 3 illik tədqiqatın nəticəsi olaraq Cingirdağ-Yazılıtəpə ərazisində 169 təsvirli daşda (tədqiqata qədər 151 idi) 1347 (tədqiqata qədər 877 idi) qayaüstü təsvir, işarə, dəlmə və çapma sənədləşdirilərək qeydiyyata alınıb.
Tədqiqat layihəsinin ilkin nəticələri “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqda əksini tapıb. Qobustan Milli Tarix-Bədii Qoruğu həmçinin Qobustan abidələrinin ölkə və beynəlxalq səviyyədə təbliği işini də bütün mümkün imkan və vasitələrlə davam etdirir. Bu məqsədlə mütəmadi tədbirlər həyata keçirən qoruğun bu istiqamətdə təqdim etdiyi yeni layihə “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filmidir. Qobustan Milli Tarix-Bədii Qoruğunu sifarişi ilə ərsəyə gələn film Qobustan abidələrindən, burada aparılan elmi-tədqiqat işlərindən bəhs edir”.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2007-ci ildə Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Qobustan qayaüstü rəsmləri böyük tədqiqatlar üçün əhəmiyyətli abidədir: "Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir”.
Sonra tədbir iştirakçıları “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filmini izləyiblər.
Şuşa VIII “Muğam” Televiziya Müsabiqəsinin finalına ev sahibliyi edəcək
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, final gecəsi avqustun 5-də, qala-konsert isə avqustun 6-da keçiriləcək.
Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.
Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.
Müsabiqənin finalı Bülbülün ev-muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, “Mədəniyyət” TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. İki saatlıq muğam ziyafətini AzTV və “Mədəniyyət” TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, avqustun 5-6-da saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.
Finalın Şuşada keçirilməsi VIII “Muğam” müsabiqəsinin məhz “Şuşa İli”nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici etapına ev sahibliyi etməsi QSC-nin “Şuşa İli”nə töhfəsidir.
Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.
2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.
“Azərbaycan – qədim sivilizasiya məskəni": Şuşa – musiqi beşiyi layihəsi
Mədəniyyət Nazirliyi “Azərbaycan – qədim sivilizasiya məskəni” adlı videolayihənin ikinci buraxılışını təqdim edir.
“Şuşa – musiqi beşiyi” adlı videoçarxda tarixi məskənimiz, əcdadlarımızın yurdu Şuşanın musiqi mədəniyyətindən, tanınmış musiqiçilərindən bəhs olunur. Layihənin süjet xətti xanəndələrinin özünəxas məlahətli səsi, ifaçılarının məharəti ilə daim diqqət mərkəzində olan mədəniyyət paytaxtımızın tarixinə qısa səyahət, eləcə də rəngarəng folklorumuzun tərənnümündən ibarətdir.
Çağdaş dövrdə də qürur mənbəyimiz, doğma Şuşamızın musiqi irsinin öyrənilməsi, tədqiq və təbliğindən bəhs olunur.
Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov avqustun 3-də Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, qonağı səmimi salamlayan Anar Kərimov iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, mövcud əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.
Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Nazir bildirib ki, iki qardaş ölkə arasında münasibətlər davamlı olaraq inkişaf etməlidir. Bu baxımdan TÜRKSOY çərçivəsində də reallaşan mədəni layihələr ölkələrimiz arasında mədəni əməkdaşlığı daha da dərinləşdirir.
Gələn il Qırğızıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının (19 yanvar 1993) 30 illiyinin tamam olacağını qeyd edən Anar Kərimov bu münasibətlə silsilə layihələrin gerçəkləşəcəyini bildirib.
Noyabr ayında Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun keçiriləcəyini diqqətə çatdıran nazir qırğız həmkarını da bu mötəbər tədbirə dəvət etdiyini vurğulayıb.
Nazir bu ilin aprel ayında Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfər etdiyini xatırladıb, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı ilə üçün yeni perspektivlər açdığını diplomatın diqqətinə çatdırıb.
Görüş zamanı gələn il anadan olmasının 95 illiyi tamam olan dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr edilən silsilə tədbirlərlə bağlı məsələlər də müzakirə edilib.
Səfir Kayrat Osmonaliyev Qırğızıstan Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşaya qoyulmasının 35 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə nazirə məlumat verib.
Anar Kərimov qeyd etdi ki, Türk dünyası xalqlarının zəngin mədəniyyəti var və biz bu mədəni irsi türk xalqları olaraq birlikdə qoruyub gələcək nəsillərə ötürməliyik. İndiyədək gerçəkləşdirilən birgə layihələr də mədəniyyətlərimizin yaxınlığı, xalqlarımızın doğmalığının göstəricisidir.
Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam etdi.
Yeni layihəyə başlanılır: “Ədəbiyyat haqqında hər şey"
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası "Ədəbiyyat haqqında hər şey" adlı yeni layihəyə start verib.
Layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatı nümayəndələri, məşhur əsərlər haqqında maraqlı məlumatlar veriləcək.
Bu məqsədlə kitabxananın əməkdaşı Vüsalə Məhərrəmova tərəfindən layihənin ilk bölməsi "Yazarların stolüstü əsərləri" adlı videoçarx hazırlanıb. Bu bölmədə sevimli yazıçıların sevimli əsərləri, yaxud müəllifləri haqqında məlumatlar təqdim ediləcək.
Sevimli yazıçılar da bizim kimi mütaliə edir, kimlərisə sevir, kimlərisə bəyənmirlər. Hətta elə əsərlər var ki, onlar dünyada tanınan yazıçıların stolüstü kitablarıdır və əllərinin altından heç vaxt əskik olmur.
Beləliklə, layihənin ilk bölməsində oxucular ilk olaraq məşhur Amerika yazıçısı Stiven Kinqin sevimli kitabları ilə tanış olacaqlar.
“Golden Trailer Awards 2022”nin namizədləri elan edilib
“Golden Trailer Awards” 2022-ci ilin namizədlərini açıqlayıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı regnum.ru saytına istinadla xəbər verir. “Golden Trailer Awards” film, televiziya və oyun marketinqində əldə olunan nailiyyətlərə görə təşkil olunan illik mükafatlandırmadır.
“Golden Trailer Awards”da materiallarında 85 mükafata namizəd olan nominasiyaların sayına görə lider “Disney” şirkətidir. İkinci yeri 67 nominasiya ilə “Warner Media”, üçüncü yeri isə 50 nominasiya ilə onlayn-kinoteatr olan “Apple TV Plus” tutub. Nominasiyalar arasında “Ən yaxşı animasiya və ya ailə layihəsi”, “Ən yaxşı komediya”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı videooyun treyleri”, həmçinin “Ən yaxşı yay blokbaster treyleri” və s. nominasiyalar yer alır.
Anar Kərimov: “Çalışacağıq ki, davamlı olaraq milli kinomuzun inkişafı naminə əlimizdən gələni əsirgəməyək”
“Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən və milli kinomuza həsr olunan tədbirlər artıq ənənəyə çevrilib. Hamının sərbəst şəkildə iştirakı mümkün olan kino təqdimatlarını keçiririk. Bildiyimiz kimi, milli kinomuz 124-cü ilini yaşayır. Bu özlüyündə fəxr edilməyə layiq bir rəqəmdir ki, hətta dünyada olan bir çox cəmiyyətlər belə bir kino tarixinə sahib deyillər. Bu 124 il ərzində Azərbaycan kinosu şərəfli inkişaf yolu keçib. Əminliklə demək olar ki, hər bir xalqın inkişafında və zənginləşməsində kino böyük rol oynayır.”
Bu fikirləri jurnalistlərə mədəniyyət naziri Anar Kərimov bildirib.
“Bizim kinomuz məhz o sənət növlərindəndir ki, cəmiyyətimizin inkişafına öz tövhəsini verməkdə davam edir. Hazırda da fəxrlə deyə bilərik ki, milli kinomuz intibah dövrünü yaşamaqdadır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Kino Agentliynin yaradılması da milli kinomuzun inkişaf etdirilməsində təkan verici bir qərardır. Milli kinomuz bizim sərvətimizdir, kinomuzu qorumaq hər birimizin borcu və vəzifəsidir. Çalışacağıq ki, davamlı olaraq milli kinomuzun inkişafı naminə əlimizdən gələni əsirgəməyək”, - deyə nazir vurğulayıb.
Cəmiyyətdə bu gün Qarabağ mövzusu ilə bağlı filmlərin nə vaxt ərsəyə gələcəyinin maraq dairəsində olduğunu deyən nazir, bütün kinosevərləri bir az səbirli olmağa çağırıb: “Xüsusən vurğulamaq istərdim ki, Mədəniyyət Nazirliyi üçün Vətən müharibəsi ilə bağlı film və serialların çəkilməsi gündəmdədir, prioritet məsələdir. Hazırda bununla bağlı işlər aparılır və nazirlik tərəfindən dəfələrlə anonslar da verilib. Türkiyədən məşhur film şirkəti ilə birgə film istehsalı ilə bağlı hazırda işlər davam etdirilir və əminik ki, bu ilin sonuna kimi həmin filmin bir neçə bölümlərini cəmiyyətimizə təqdim edəcəyik. Bununla yanaşı, bədii və sənədli filmlərin çəkilişləri üzərində də işlər gedir. Digər belə çoxsaylı layihələr var ki, yaxın zamanlarda onları ictimaiətə təqdim edəcəyik”.