ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 05 Avqust 2022 10:30

Dünyanı içində yaşadırdı

 

Aygün Hacıyevanın yazısı

 

Artıq 40 gündür ki,  əziz dostumuz Qənirə Mehdixanlı  aramızda yoxdur... İtkisi qəlbimizi nə qədər göynətsə də, yüksək İNSANi keyfiyyərləri, xeyirxah əməlləri ilə yaddaşımızda əbədi bir iz qoydu dəyərli DOSTumuz!

O, həyatının 57 ilini gənc nəslin təlim-tərbiyəsinə, savadlanmasına, maariflənməsinə həsr etdi. Və öz sənətinə böyük sevgi ilə yanaşaraq, bütün qüvvəsini bu işə sərf etdi. Saysız-hesabsız yetirmələri ilə hər zaman qürur duydu.

Qənirə xanım həm də istedadll şair, sehirli əllərin sahibi olaraq, neçə-nəçə kitabın, sənət əsərlərinin (ilmə ilə tikiş, kətan üzərində  toxuma ilə naxış salma və s.) müəllifi idi. Gözəl musiqi duyumu olan  Qənirə xanım, həmçinin xalq sənəti olan aşıq musiqisinin incəlikllərini dərindın bilərək onu yaşadan bir İnsan olub. O, uzun müddət AAB-nin Sumqayıt Regional İdarəsinə rəhbərlik edərək, bir çox layihələrə imza atıb...

QISA ARAYIŞ: Qənirə Qasım qızı Mehdixanlı 13.02.1938-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olmuşdur. 1944-1955-ci illərdə kənd orta məktəbində, 1956-1958-ci illərdə isə Qazax Pedaqoji Texnikumunda oxumuşdur. Hələ tələbəlik illərində texnikumun ictimai həyatında fəal iştirak etmiş, məktəb komsomol təşkilatının katibi, rayon Komsomol Komitəsinin Plenum və Büro üzvü seçilmişdir.

Q. Mehdixanlı 1958-1959-cu illərdə Ağstafa rayonunun Kirovkənd orta məktəbində müəllim, 1959-1962-ci illərdə Ağstafa rayon Komsomol Komitəsində şöbə müdiri, ll katib işləmişdir.

Sonrakı illərdə Qənirə xanım  ADU-nun "Filologiya" fakültəsində oxumuş, daha sonra təhsilini ADPU-da davam etdirmişdir.

Q.Mehdixanlı 1963-cü ilin sentyabr ayından Sumqayıt məktəblərində çalışmışdır. 5 saylı orta, 2 saylı internat məktəblərində müəllim, 19 saylı orta məktəbdə müəllim və direktor müavini işləmişdir. 1982-1985-ci  illərdə o, 3 saylı orta məktəbdə, 1985-1996-cı illərdə isə 9 saylı orta məktəbdə direktor vəzifəsində çalışmışdır. Fəaliyyəti dövründə kiçikdən-böyüyə hər kəsin böyük sevgisini qazanmışdır.

Peşəkar pedaqoq həm də yüksək yaradıcılıq  qabiliyyətinə malik idi. Gəncliyindən mütəmadi olaraq dövri mətbuatda şeirləri, müxtəlif səpkili yazıları dərc olunan Qənirə Mehdixanlı "Səndən gileyliyəm" (1993), "Özümdən soruş" (2001), "Pəncərəmdən ay boylanır" (2006), "Əziz-Məftun" (2011, dastan), "Dünya içimdə yaşayır" (2017) adlı 5 kitabın müəllifidir. O, AYB-nin üzvüdür.

Q. Mehdixanlının bir çox şeirləri rus diinə tərcümə olunub, "Bağışla məni" poeması isə Moskvada nəşr olunan almanaxda yer alıb. Şairin şeirləri zamanla Türkiyənin və İran İslam Respublikasının dövri mətbuatında da nəşr olunub.

Sumqayıt şəhərinin, həmçinin respublikanın ictimai həyatında fəal iştirak edən Qənirə xanım Respublika "Qayğı" Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Sumqayıt şəhəri üzrə sədri olmuşdur. Son günlərədək  peşəkar pedaqoq, bacarıqlı təşkilatçı Qənirə Mehdixanlı AAB-nin Sumqayıt Regional İdarəsinin sədri kimi fəaliyyət göstərirdi. Sayslz-hesabsız təltiflərin sahibi olan Qənirə xanım hər zaman diqqət mərkəzində olub. 

Qənirə xanım həm də  doğma Dilini, Dinini, Vətənini ürəkdən sevən vətənpərvər xanım idi.  Onun yaradıcılığında Vətən sevgisi öz əksini tapsa da, sözümün əsas təsdiqi son zamanlardakı yeni layihələri,  Şəhid oğullar və Şəhid anaları üçün təşkil etdiyi rəngarəng, maraqlı tədbirləridir.

Savadı, istedadı, ləyaqəti, təmiz vicdanı, xeyirxahlığı, gözəl xasiyyəti və keyfiyyətləri, mərdliyi, qonaqpərvərliyi.. ilə hər kəsə nümunə olan dəyərli Dostumuz - əzizimiz Qənirə xanım, siz hər zaman bizlərin  qəlbində yaşayacaqsız! Nə yaxşı ki, sizin kimi bir İNSANı tanıdıq! Siz gözəl Ana, əsl Dost, namuslu, ləyaqətli Xanım, Vətən sevdalı El qızı olmusuz!

Ruhunuz şad, məkanınız Cənnət olsun, adı könülləri fəth edən QƏNİRƏ MEHDİXANLI!!!

Şəkillərdə: Qənirə Mehdixanlının əl işləri; Bu sonuncu isə onun yarımçıq qalan işidir.

 

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi təsdiq edilib. 

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərar “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Sənəd “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini müəyyənləşdirir. Qoruğun mühafizə zonasının hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin həyata keçirilməsini təmin edir.

 

Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Uşaq kitab həftəsi” layihəsinə başlayıb.

 

Kitabxanadan AzərTAC-a bildirilib ki, kitab oxumaq kimi faydalı vərdişin uşaqlarda yaradılması üçün ən səmərəli vaxt yay tətilidir. 

Bununla əlaqədar Uşaq şöbəsi “Uşaq kitab həftəsi” layihəsinə start verib. İştirak edən uşaqlara kitab və hədiyyələr veriləcək.

Layihə çərçivəsində hazırlanmış kitab sərgisində müxtəlif nağıllar, hekayələr və povestlər nümayiş olunur.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı 2022-ci ildə yubileyləri qeyd olunan ədiblərə həsr olunan “2022-ci ilin yubilyarları” adlı tədbir keçirib.

 

Baş İdarədən bildirilib ki, əvvəlcə kitabxananın əməkdaşı İradə Hüseynova bu günün əhəmiyyətindən danışıb. O, bu il yubileyləri qeyd olunan Əhməd Cavad, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Fikrət Əmirov və digərləri ədiblər haqqında məlumat verərək, onların mədəni irsindən, həyat və yaradıcılığından, qələmə aldıqları əsərlərdən, onlar haqqında nəşr olunan kitablardan və kitabxanada yubilyarlarla bağlı təşkil olunan digər tədbirlərdən, həmçinin bu ilin sonuna qədər yubilyarlarla bağlı nəzərdə tutulan tədbir planlarından danışıb.

Sonda tarzən Həsən Həsənzadənin və xanəndəlik sinfinin şagirdi Musapur Sunayın ifasında bədii kompozisiya nümayiş olunub, eyni zamanda şairə X.Natəvan haqqında yazılan şeir səsləndirilib.

 

 

“Ədəbiyyat və incəsənət” portalı ustad şair Ramiz Qusarçaylının Mirzə Şəfi Vazehə ithaf elədiyi şeirini 39-cu ildönümünündə yad edir. 

 

Bu şeiri yazanda mənim 25, Mirzə Şəfi Vazehin 189 yaşı vardı. İndi mənim 64, Mirzə Şəfinin 228, bu şeirin isə 39 yaşı var. 

Ustadın ruhu şad olsun!

 

 

Mirzə Şəfi

 

Şeyx Sənan dağında düşüncələr

 

Sinəmdə quş kimi çırpınır ürək,

Sükut sıxır məni, töyşüdür məni. 

Donmuşam yerimdə məzar daşı tək,

Sırsıra fikirlər üşüdür məni.

 

Küləklər ahımı səpir yollara,

Qayalar bu dərdi yazar daşına.

Dağ dağa sığınıb, məzar məzara,

Mən də sığınmışam məzar daşına.

 

Dərələrdən ötən duman da, sis də,

Sanki göz yaşımdır, yeriyir dağ-dağ.

Büst də qoymadılar məzarın üstə,

Qəlbimdə heykəlin ucalır ancaq. 

 

Ovuda bilməyir nə çən, nə çiçək,

Dağın gen sinəsi çuxurlanıbdı. 

Bəlkə yoxa çıxan şeirlərin tək,

Qərib məzarın da oğurlanıbdı.

 

Buludlar içində boğulan Günəş,

Nur aldı şeirinin şəfəqlərindən.

Bir nəmli daxmada doğulan Günəş,

Sozaldı kədərin üfüqlərində.

 

Bodenştedt qorxmadı nifrətdən, kindən,

İsindi bir həzin qəlbin közünə.

Bir qəmli şairin qəm dəftərindən

Bir şöhrət sarayı tikdi özünə.

 

Könlündən bir misra dərə bilməyən,

Bir şair qəlbini qopardı, getdi.

Dünyaya bir nəğmə verə bilməyən

Dünyadan min nəğmə apardı getdi.

 

Hissimə, duyğuma daş atıb qəhər,

Öz sözüm özümdən alınıb indi,

Dünyaya sığmayan odlu nəğmələr

Yüz illik qəfəsə salınıb indi.

 

Bir ovuc torpağam yer kürəsində,

Min fikir uyuyur hər zərrəsində.

Yarada-yarada talanmışam mən.

Talana-talana tanınmışam mən.

 

Zilimdə kükrəyən tarım, kamanım, 

Bəmimdə hıçqıran simim olubdu.

Mənim Vazeh boyda şöhrətim, şanım,

Mənim Vazeh boyda qəmim olubdu.

 

1983

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.

 

Final gecəsi bu gün, qala-konsert isə sabah keçiriləcək. 

Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq. 

Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq. 

Müsabiqənin finalı Bülbülün ev-muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, “Mədəniyyət” TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. 

İki saatlıq muğam ziyafətini AzTV və “Mədəniyyət” TV-nin rəsmi feysbuk və YouTube səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, avqustun 5-6-da saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.

Finalın Şuşada keçirilməsi VIII “Muğam” müsabiqəsinin məhz “Şuşa İli”nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici etapına ev sahibliyi etməsi QSC-nin “Şuşa İli”nə töhfəsidir.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

 

Altıncı ildir ki, keçiriləcək “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalında (BSFF) nümayiş olunacaq filmlərin seçimi yekunlaşıb. 

 

Festivala 32 müxtəlif ölkədən 68 sənədli film seçilib. Bütün filmlər 7 nominasiya üzrə nümayiş olunacaq. “Ən yaxşı sənədli film”, “No-Main müsabiqəsi”, eləcə də “Ən yaxşı xarici və yerli qısa sənədli film” kateqoriyasındakı filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qaliblər festivalın sonuncu günü, sentyabrın 25-də elan olunacaqlar. Qalan filmlər isə “Müsabiqədən kənar”, “DokuKids”, və “DokuUA” kateqoriyalarında nümayiş ediləcəklər.

Hər il festival öz işləri ilə film sənayesində yüksək standartlar qoymuş dünyaca məşhur bir sənədli film ustasının filmlərindən ibarət silsilə nümayiş təşkil edir.

Qeyd edək ki, festivalın 6-cı buraxılışına iki yeni nominasiya da əlavə olunub. Həmçinin festival tarixində ilk dəfə proqrama uşaqlar üçün sənədli filmlər daxil edilib. Eyni zamanda ukraynalı rejissorlara dəstək olmaq üçün sənədli filmlər nümayiş etdiriləcək.

Nümayişlərin yeri və tarixi ibarət yaxın günlərdə məlumat veriləcək.

Cümə axşamı, 04 Avqust 2022 16:00

Mədəniyyət naziri vətəndaşlarla görüşəcək

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 1) Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlarla görüşəcək.

 

Nazirlikdən verilən məlumata görə, vətəndaşlar avqustun 26-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Cümə axşamı, 04 Avqust 2022 13:30

700 bal toplamış buzovnalı Nigar Ağazadə

 

Bildiyiniz kimi yay ali məktəblərə qəbul imtahanları ilə də səciyyəvidir. Abituriyentlərin maksimal nəticə toplamaları hadisəsi isə həmişə müstəsna hal kimi hamının diqqətini cəlb edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib. Söhbət Xəzər rayonu, Buzovna qəsəbəsi, Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin məzunu Nigar Əhədulla  qızı Ağazadədən gedir. O, IV  ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. 

Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Yüksək uğur qazanmış  Nigar Ağazadəni  ürəkdən təbrik edirik!

Cümə axşamı, 04 Avqust 2022 12:30

Başdaşına dönmüş əllər…

 

“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Etibar Əbilovun mərhum şair Vaqif İbrahim barədə qeydlərini təqdim edir. 

 

Vaqif İbrahim keçən əsrin 70-80-ci illərində şeirləri mütəmadi çap olunan, yaradıcılığı təqdir edilən tanınmış şairlərimizdən biri idi. O vaxtlar gənc yazıçıların respiblika ədəbi birliyinə də o rəhbərlik edirdi...

Həmin o uzaq 80-ci illərdə onun kiçik bir şerini oxuyub əzbərləmişdim. Üstündən uzun illər keçəndən sonra da "Yaşamaq haqqı" adlanan həmin şeir indi də yaddaşımdadır:

                     Qəbristanlıq...

                     Sinif otağı kimi sakit.

                     Elə bil kimsə sual verib,

                     Dinc qoymayıb dilini:

                     Kim yaşamaq istəyir?

                     Hamı əlini qaldırıb.

                     Başdaşına dönmüş əlini.

Belə şeirlər (Vaqif İbrahimin digər maraqlı şeirləri də var) heç vaxt yaddan çıxmır... Bəzən tək bircə şeir müəllifini daimi olaraq yaşatmaq, xatırlatmaq gücündə olur...

Vaqif İbrahim təəssüf ki, az yaşadı. Məkanı cənnət olsun.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.