
Super User
Əməkdar artist Suğra Bağırzadənin fərdi sərgisi açılıb
Oktyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Əməkdar artist, aktrisa və rəssam Suğra Bağırzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Suğra Bağırzadə və onun sərgisi haqqında iştirakçılara geniş məlumat verib. O deyib: “Bu gün bizim əzizimiz, dostumuz, gözəl insan Suğra xanımın sərgisinə yığışmışıq. Suğra xanım bizim kinomuzda, ümumiyyətlə, ictimai həyatımızda özünəməxsus yer tutur. Bununla bərabər o, həm də Rəssamlar İttifaqının fəal üzvüdür. Sənətkar kimi mütəmadi olaraq öz gözəl əsərlərdən ibarət fərdi sərgilərini açır. Bugünkü sərgi onu göstərir ki, Suğra xanım passiv yox, aktiv şəkildə sənəti ilə məşğuldur və bizi belə sərgilərlə sevindirir. Qeyd etmək istərdim ki, bu sənət Suğra xanımın gözəlliyinə, onun daxili zənginliyinə yaraşan bir sənətdir. Suğra xanım bir çox mükafata, fəxri ada layiq görülüb və onun əsərləri dünya ölkələrində nümayiş olunub. Bütün bunlar onu göstərir ki, Suğra xanım insan kimi, sənət fədaisi kimi, eyni zamanda, layiqli vətəndaş kimi xoş sözlərə layiqdir”.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sərginin açılışına görə təbriklərini çatdıraraq xoş arzularını ifadə edib. "Əslində, Suğra xanım barədə çox danışmaq olar. Onun haqqında illər öncə bir yazı yazmışdım. O yazı hətta mənim bir çox kitablarıma da daxil olub. Suğra xanım sənətini sevən çox gözəl sənətkardır. Həmin yazını yazarkən mən onun haqqında araşdırmalar da aparmışdım və çox şadam ki, bu sənətdə cığır açanların önündə məhz Suğra xanım gəlir. Xüsusən qeyd etmək istərdim ki, Suğra xanımın adı çəkiləndə ilk olaraq insanın gözləri önündə gözəllik canlanır. O, öz həyatında da, yaradıcılığında da gözəlliyi əks etdirir. O, yaratdığı əsərlərlə və yaradıcılığı ilə insana gözəl duyğu, həmçinin enerji bəxş edir. Çox şadam ki, mütəmadi olaraq belə gözəl və fərqli sərgilər açır, biz də gəlib həvəslə iştirak edir, bu cür gözəlliklərdən zövq alırıq", - deyə o bildirib.
Xalq rəssamı Aydın Rəcəbov isə qeyd edib ki, Suğra xanımın əsərlərindən çox danışmaq olar: “Onun bugünkü sərgisi də öz gözəlliyi və fərqliliyi ilə seçilir. Suğra xanım həm də Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, Baltikyanı ölkələr və MDB Kinematoqrafçılar Konfederasiyasının üzvü, həmçinin 2003-cü ildən Dünya Floristika Şurasının Azərbaycandan olan ilk və yeganə üzvüdür".
Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev və Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Rafiq Kərimov Suğra Bağırzadənin sənəti haqqında məlumat verərək bildiriblər ki, “Azərbaycanfilm” kinostudiyasında “Ulduz”, “Yollar və küçələrlə”, “Dünyaya insan gəlib”, “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Tələ”, “Güllələnmə təxirə salınıb” və s. filmlərdə çəkilmiş aktrisa rəssam kimi də tanınıb. Diqqətə çatdırılıb ki, sənətkar daxili aləmini, düşüncələrini, dünyaya baxışını güllərin ömrünü uzatmaqla, onlardan mürəkkəb kompozisiya yaratmaqla ifadə edir. Bu gün həm də Suğra Bağırzadə televiziya verilişlərində fəal iştirak edir, müxtəlif filmlərə çəkilir, zövq və məsuliyyət tələb edən bir işlə məşğul olaraq gözəl, eləcə də təravətli güllərin ömrünü uzadır. Məşhur “Cücələrim” mahnısı da Suğra Bağırzadənin ifasında dillər əzbərinə çevrilib və bu istedadı onu doğma Azərbaycanın hüdudlarından kənarda da tanıdıb. Bütün bunlarla yanaşı, aktrisanın əvvəllər güllərlə işləmək həvəsi kimi başlayan hobbisi tədricən daha bir peşəyə keçid alaraq, güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini qazandırıb.
Əməkdar artist Suğra Bağırzadə sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Sonra Suğra Bağırzadənin orijinal kompozisiyalarının nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.
Fərqli “ginekoloji trillerlər” yazan Anni Ernonun Nobelə yolu hamarmı olub?
“Ədəbiyyat və incəsənət” portalının şərhçisi Kənan Məmmədli 2022-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Anni Ernonu trofeyə doğru aparan yollardan danışır.
İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatın laureatı açıqlananda çoxları təəccübləndilər. Niyə? Əlbəttə ki, mükafata əsas namizəd fransalı yazıçı və şair –dünyaşöhrətli Mişel Uelbek idi. Laureat kimi də hamı məhz onu görürdü. Bu yandan başqa fransız - Anni Ernonun sanki göydən düşərək trofeyi aparması gözlənilməz oldu.
ANNİ ERNO KİMDİR?
82 yaşı var, ən məşhur əsərləri “Hadisələr”, "Boş şkaflar" və "Xarici həyat"dır. Xatırladaq ki, Nobel Akademiyasının təqdimatında deyilirdı: “ Anni Erno bu mükafatı “xatirələrinin mənşəyini, yadlaşma və kollektiv məhdudiyyətlərini aşkara çıxarmaqda göstərdiyi cəsarət və klinik dəqiqliyə görə” alıb. 1940-cı il təvəllüdlü Erno “Qadın”, “Hadisələr”, “İllər”, “Qızın yaddaşı” və s. əsərlərin müəllifi və bir çox ədəbi mükafatın laureatıdır”.
Beləliklə 10 milyon kron (təqribən 1 milyon dollar) Anni Ernoya qismət oldu.
Əvvəla ondan başlayaq, Anni Erno Azərbaycanda çox məhdud sayda oxuculara tanış olduğu kimi, elə dünyada da az tanınır. Yağlı tikə niyə çox tanınana deyil, az tanınana qismət olsun ki?
FEMİNİZM
Ən sadə məsələ - "Qadın", "İllər", "Adi ehtiras" kimi avtofiksional romanların müəllifinin laureatlığını yüksək bədii dəyərlərdə axtarmaq düzgün olmazdı, onun yaradıcılığının qızıl xətti ən yaxşı halda feminizm sayıla bilər, qadın mövzusuna vicdanlı yanaşma sayıla bilər. Nəzərə alaq ki, Anni Ernonun ən məşhur romanı – rejissor Odri Divan tərəfindən ekranlaşdırılmış “Hadisələr” romanı abortlar barədədir. Amma məsələ, əlbəttə ki, heç bunda da deyil.
ABORT QADAĞASI
Anni Erno ekzistensial, sərt, yaralayan və tamamilə qeyri-müəyyən nəsr yazır. Onun əsas qəhrəmanı - ənənəvi oriyentasiya və baxışları olan, gözəl Avropa qadınıdır, amma bu qadın sosial seçimin girovuna bənzəyir. Onun seçimi dəyişmək hüququ da yoxdur.
Məsələn, "Hadisələr" in əsas personajı Anna tələbədir, hamilədir və tam dalana dirənib: 1963-cü ildir, abortlar qadağan edilib, uşağın dünyaya gəlməsi onu təhsilini tərk etməyə məcbur edəcək, sonra isə çətin ki, təhsilə qayıtmaq mümkün olsun. Uşaqdan imtina üçün kifayət qədər gec müddətdə qız imalə və kanyulinin köməyi ilə gizli abortlar edən həkimin ünvanını ala bilir. Venesiyada sərəyan edən növbəti hadisələr Odri Divanın çəkdiyi filmdə xüsusən qabardılıb: qışqırmaq qadağandır, anesteziya yoxdur, hətta ağızda bir parça əski də yoxdur, sifət ağrdan deformasiyaya uğrayıb, ətrafda çoxlu qan var...
"Ginekoloji triller" janrında ənənəvi qadın romanlarından fərqli olaraq Erno soyuq intonasiyaya tərəfdardır. Anna yaxşı iş əldə etməyə və layiqli sosial statusa iddia etməyə imkan verən təhsil almaq, yaxud sadə qayğıların dövrəsinə məhkum edilmiş yoxsul fərd olmaq arasında seçim etməlidir. Əlbəttə ki, uşaq dünyaya gətirmək onu ikincilər sırasına yuvarladacaq. Seçim qəddardır, amma qız buna məhkumdur.
UELBEK HARA, ERNO HARA
"Qadın" romanının qəhrəmanı olan yazıçı qadınsa müti, səliqəli, zəhmətkeş və dərindən bədbəxtlik duyan evdar qadındır. Oxucu onu Paris ətrafındakı xəstəxananın geriatrik şöbəsində ölüm ayağında tapır. Amma "Hadisələr"ə qayıdaq. Gizli abort Annanı analıq şansından məhrum edəcək, amma təhsil almağın bədəli belə ağır olmalıdır.
Əslində, qismən də Uelbekin mesajlarını xatırladan Ernonun bədii mesajı məhz bundan ibarətdir. Bəli, söhbət Nobelə əsas iddiaçı olan Uelbekdən gedir. Mükafatsa ona deyil, ona oxşamaq istəyən Ernoya verildi. Təəssüf.
Müasir sosiallıq insanı tənhalığa, kökdən ayrılmaya, öz təbiəti və mənəviyyatı ilə qlobal münaqişəyə sürükləyən ağır patriarxal dünya düzəninin arxa tərəfidir. Feminizm - titanlı qabıqdır, ən azı səni yeməsinlər deyə lazımdır.
KÖHNƏ-YENİ TENDENSİYA
Ernonun mükafat alması, çox yəqin ki, Nobel komitəsinin diqqətini cəlb edən tendensiyadan xəbər verir. Dünya nə qədər sərsəm olsa da, ənənəvi burjua Avropası insan faciələrinin əsas səhnəsidir. Fransızlar müvəffəqiyyətli Anqlo-Sakson sxemini yenidən kodlaşdırırlar - onu qladiator arenasında, süngüyə keçirilən talelər və bədənlər şəklində göstərirlər. Mövzunun davamı 2021-ci ildə Kannda "Qızıl palma budağı" ilə taclanmış Cülya Dyukurnonun "Titan" əsəri sayıla bilər, orada cismanilik asta təsir edən bombadır, onu zərərsizləşdirmək də mümkünsüzdür.
SİYAHININ SUÇU
Ernonun qələbəsini proqnozlaşdırmaq çətin idi, təkrarlayırıq. Adı çəkili kateqoriyadan danışsaq, Erno daha çox mediada rəqiblərinin kölgəsində qalırdı. Yenə də Mişel Uelbekə qayıdaq. Qonkur mükafatı laureatı, ümumi vətənləri Fransada bir kult yaradan ədib. Hətta İslam dünyasının qatı düşməni Salman Ruşdi öz baxışlarına görə ciddi zərər çəkmişdisədə belə, Ernodan daha şanslı idi. Həmçinin siyahılarda dəhşət kralı Stiven Kinq və postmodernist-virtuoz Vladimir Sorokin də yer alırdı. Favoritlər arasında kanadalılar Enn Karson və Marqaret Etvudla Mariz Konde də var idilər. Sırada ən sonda 82 yaşlı Anni Erno dayanmışdı.
Deyəsən, münsiflər siyahını tərsinə tutub oxudular.
Şəkildə: Mats Malm - İsveç Nobel Akademiyasının daimi katibi, habelə İsveç Akademiyasının üzvləri - ədəbiyyat Komitəsinin sədri Anders Olsson və ədəbiyyat Komitəsinin üzvü Ellen Matson Stokholmda Borshusete sarayında ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatçısını elan edərkən. Foto: REUTERS
“Açar” bədii filmimiz Fransada beynəlxalq festivalda iştirak edəcək
Azərbaycanın “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi 29 noyabr – 3 dekabr tarixində Fransada keçiriləcək, Avropanın ən yaxşı qısa film festivallarından hesab olunan 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının “Beynəlxalq müsabiqə proqramı”na seçilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edən “Açar” filmi sözügedən festival çərçivəsində Fransanın Aix-en-Provence şəhərindəki kinoteatrlarda nümayiş olunacaq.
Qeyd edək ki, premyerası Niderland Krallığında “Oscar”, BEFTA və Avropa Film Mükafatlarına vəsiqə qazandıran “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan “Açar” filmi oktyabr ayı ərzində İsveçdə “SAMA International Film Festival”, Makedoniyada “KineNova Skopje International Film Festival”, Türkiyədə “Accessible Film Festival” və Hisdistanda “Goa Short Film Festival”da ölkəmizi təmsil edəcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.
Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.
Keçid linki: festivaltouscourts.com/festival-2022/films-selectionnes-en-competitions-internationales/
UNESCO-nun sessiyasında Azərbaycanın milli bəyanatı təqdim edilib
UNESCO İcraiyyə Şurasının 215-ci sessiyasında Azərbaycanın milli bəyanatı təqdim edilib.
Bəyanatda Azərbaycanın Ermənistanın ərazisində olan mədəni irsinin cari vəziyyətini qiymətləndirmək məqsədilə UNESCO missiyasının göndərilməsinə dair vətəndaş cəmiyyətlərinin, eləcə də QHT-lərin dəfələrlə müraciət etdiyi də xatırladılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun İcraiyyə Şurasının 215-ci sessiyasında ölkəmizin milli bəyanatını təqdim edib. Bildirib ki, UNESCO-ya üzvlüyünün 30 illiyini qeyd edən Azərbaycan bu illər ərzində təşkilatın mandatına uyğun olaraq bütün sahələr üzrə öz töhfələrini verib.
İcraiyyə Şurasının 214-cü sessiyasından sonra Azərbaycan-UNESCO arasında əməkdaşlığın daha da dərinləşdiyi, ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələr qeyd edilərək, 2023-cü il mart ayında Bakının İdman Nazirlərinin 7-ci Beynəlxalq Konfransına (MINEPS VII) ev sahibliyi edəcəyinə dair məlumat verilib. Bəyanatda Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyi çərçivəsində fəaliyyətindən, verdiyi töhfələrdən bəhs edilib və ölkəmizin UNESCO-nun irqçilik və hər növ ayrı-seçkiliyə qarşı fəaliyyətini təqdir etdiyi diqqətə çatdırılıb.
Azərbaycanın 30 illər ərzində genişmiqyaslı təcavüzə məruz qaldığı xatırladılaraq bildirilib ki, işğal dövründə Azərbaycanın əraziləri tamamilə dağıdılıb, doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insan öz mədəni hüquqlarından məhrum olublar. Bu illər ərzində Azərbaycan dəfələrlə UNESCO-ya bölgəyə texniki missiya göndərməyinə dair müraciət etsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə belə missiyaların reallaşması mümkün olmayıb.
Sonda Azərbaycanın 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi”nə, digəri isə MINEPS VII konfransına dair İcraiyyə Şurasının 215-ci sessiyasının gündəliyinə 2 qərar layihəsi təklif edildiyi diqqətə çatdırılıb.
“Polat Alemdar" ilk dəfə oğulları ilə FOTOlar paylaşdı
İstər obrazlarla, istərsə də replikalarla dillərə dastan olan və məşhur ekran işlərinin başında gələn "Kurtlar Vadisi" serialında baş rol ifaçılarından biri də Necati Şaşmazdır. O, bu serialdakı obrazı ilə tarixə düşüb desək, yanılmarıq.
“Ədəbiyyat və incəsənət” sfera.az-a istinadən xəbər verir ki, adı "Sarallar" cinayətkar qruplaşması ilə hallanan N. Şaşmaz kameralardan uzaq böyütdüyü uşaqları ilə ilk dəfə foto paylaşıb.
Şəxsi həyatı ilə gündəmə gəlmək istəməyən aktyorun oğulları ilə sosial şəbəkə hesabında paylaşdığı fotolara xeyli bəyənmə və şərh gəlib.
O, paylaşımına "Bu gün Ali Nadirin doğum gününü keçiririk. Yaxşı ki, doğuldun" - qeydini yazıb.
Xatırladaq ki, Necati Şaşmaz 2012-ci ildə Nagehan Kaşıkçı ilə evlənib və bu evlilikdən Ali Nadir və Yusuf Emir adlı oğulları dünyaya gəlib. Cütlük 2019-cu ildə boşanıb.
Ustad şair Ramiz Qusarçaylının şeirləri dərsliyə düşüb
Qubada yaşayıb yaradan ustad şair Ramiz Qusarçaylının yaradıcılığını izləyənlər və sevənlər üçün sevindirici xəbər var.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şairin “Azərbaycan bayrağı” şeiri Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən ali məktəblərin bütün ixtisasları üçün təsdiqlənmiş “Azərbaycan dili və nitq mədəniyyəti” adlı dərslik kitabında, Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün Azərbaycan dili Test kitabında və 8-ci siniflər üçün “Azərbaycan dili” dərslik kitabında dərc edilərək tələbə və şagirdlərə tədris edilir.
Bu ilin 7-ci sinif “Ədəbiyyat” dərslik kitabında isə şairin “Gözün aydın, Qarabağ” adlı şeiri dərc edilərək şagirdlərə tədris edilir.
Günün fotosu: Zelenski İranı mənfurluqda ittiham edib
Ukrayna prezidenti Volodimir Zelenski bəyanat verərək Rusiyanı İranın dronlarından və onlarla raketdən istifadə etməklə Ukraynanın enerji strukturuna zərbələr endirdiyini bildirib. O, əhalini sığınacaqlardan çıxmamağa çağırıb.
Foto: Euronews
ANONS: Ədəbiyyat üzrə Nobel mükafatının Anni Ernoya qismət olması niyə çoxlarını qıcıqlandırdı?
Ədəbiyyat üzrə Nobel mükafatı fransız qadın yazıçı Anni Ernoya verildi. Niyə bu xəbər çoxlarını açmadı? Bu yazarın hansı müstəsna xidmətləri olub ki, ona bu cür nəhəng bir mükafat verilib?
Yaxın buraxılışlarımızı izləyin.
Ankarada Fikrət Əmirovun anadan olmasının 100 illiyi qeyd edilib
Ankarada görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilən konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ve Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestr Salonunda təşkil edilən konsert qardaş ölkədə davam edən “Paytaxt Mədəniyyət Yolu” festivalı çərçivəsində baş tutub.
TÜRKSOY tərəfindən elan edilən "Fikrət Əmirov Anım İli" çərçivəsində həyata keçirilən iki hissədən ibarət olan konsertin “Azərbaycan Kapriççiosu” ilə başlayan proqramının elə ilk anlarından Fikrət Əmirov musiqisinin ecazkar gücü salona toplaşanları öz təsiri altına alıb.
Azərbaycandan tanınmış dirijor Mustafa Mehmandarovun və Türkiyədən dirijor Eray İnalın idarə etdiyi Çukurova Dövlət Simfonik Orkestri Fikrət Əmirovun zəngin və rəngarəng yaradıcılığından nümunələr səsləndirib.
Azərbaycandan xanəndə Teyyub Aslanov, Türkiyədən Emrah Sözer və Özbəkistandan Noir Yusupov və Feruza Yusupova “Sevil” operasından ariyalar, “Şeyx Sənan”dan Kor ərəbin mahnısını və digər əsərləri məharətlə ifa ediblər.
55 yaşın təbrikləri
Xəbər verdiyimiz kimi, Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın baş redaktorluğu ilə nəşr olunan “Mədəniyyət/Culture” jurnalının fəaliyyətə başlamasının 55 illiyi qeyd olunub.
İndi isə təfərrüatla: Həmin tədbirdə iştirak edən “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı bildirir ki, tədbir maraqlı keçib, əsl yubiley ovqatı duyulub.
Nəşrin slayd-şou ilə təqdimatını nümayiş etdirən Zöhrə Əliyeva “Mədəniyyət/Culture” jurnalının kontentində başlıca mövzulardan birinin də “Vahid türk dünyası” və onun inkişafda olan mədəniyyəti mövzusu olduğunu deyib: “Kitab sərgilərimiz hər zaman belə möhtəşəm keçirilir və bu çox gözəl bir təşəbbüsdür. Biz Azərbaycanda fəaliyyət göstərən bütün sənət və mədəniyyət ocaqları ilə, müqtədir müəlliflərlə əməkdaşlıq edirik. Jurnalımızın müxtəlif rubrikaları sırasında “Nizami-880” rubrikası yaradaraq, daha sonra eyniadlı xüsusi buraxılışı nəşr etdik və bu oxucunun inanılmaz marağına səbəb oldu. Bundan əvvəl isə “Nəsimi-650” xüsusi buraxılışına görə “Humay” mükafatına layiq görüldük. Mütəmadi olaraq Azərbaycan, özbək, türk ədəbi əlaqələri və s. mövzularda məqalələr yerləşdiririk. “Mədəniyyət/Culture” jurnalı əvvəllər müxtəlif adlarla çap olunsa da eyni jurnalın mənəvi varisidir və biz gözəl ənənələri ləyaqətlə davam etdirərək bu gün onun 55 illiyini qeyd edirik. Jurnal 1000 tirajla çap olunur və Azərbaycanın bütün regionlarına göndərilir. Biz jurnalın mənəvi simasının daim inkişafa doğru dəyişməsi naminə maksimum dərəcədə işlər görmüşük və yenə də görürük. Dediyim kimi, jurnalımızın Azərbaycan mədəniyyətini təbliğ edən müxtəlif rubrikaları var. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxil edilib və nəşrin “Elm” rubrikasında hər dəfə təxminən 20-25 elmi məqalə dərc olunur. Belə ki, jurnal ölkənin elm adamlarının böyük marağına səbəb olub və hətta bir çox alimlərimiz öz məqalələrini məhz bu jurnalın səhifələrində görmək istəyirlər. Peşəkar musiqiçilərimizdən bizə müraciətlər olunur, bu da bizim üçün çox sevindirici haldır. Bizim oxucu əhatəmizin əsas hissəsi həm də region oxucusu olduğu üçün “Bizə yazırlar” rubrikamız çox məşhurdur. Jurnalda, həmçinin öz doğma dilimizlə bərabər bir çox dillərdə də məqalələr çap olunur. Həmkarlarımızı da unutmuruq, biz jurnalistlərimiz və fotoqraflarımız haqqında da jurnalımızda layihə işləmiş və bir il boyu onu davam etdirmişik. Rubrikalarımız mütəmadi olaraq yenilənir. “Qarabağ Azərbaycandır”, “Səhnədən hərb meydanına”, “Mədəniyyətdən əbədiyyətə”, “Multikulturalizm”, “Ədəbiyyat”, “Musiqi”, “Teatr” və s. mövzular bizim əsas mövzularımızdır. Həmçinin “Uzaqdakı yaxınlar” rubrikamız var ki, burada bizim xaricdə yaşayan mədəniyyət xadimlərimiz, sənətçilərimiz barədə gözəl reportajlar çap olunur. Başda mədəniyyət naziri Anar Kərimov olmaqla bir çox tanınmış ziyalılarımız, akademik və elmlər doktorları jurnalın idarə heyətinin üzvləridir. Onlar da öz məqalələrini jurnalımızın səhifələrində görməkdən məmnun olurlar”, - deyə Zöhrə Əliyeva bildirib.
2015-ci ildən “Mədəniyyət/Culture” jurnalına rəhbərlik etdiyini vurğulayan Z.Əliyeva nəşrin gələcək perspektivlərindən söhbət açıb: “Jurnal 1967-ci ildən fəaliyyətdədir. Bu müddət ərzində jurnalın bir neçə dəfə adı dəyişib. Jurnalın təsisçisi Mədəniyyət Nazirliyidir. Çalışırıq ki, jurnal oxucunun marağına səbəb olsun və qarşıya qoyduğu missiyanı yerinə yetirsin. Bizə ünvanlanan oxucu məktublarında jurnalın öz adını doğrultduğunu eşidirik, bu da bizi çox sevindirir və işimizə məsuliyyətimizi daha da artırır".
Yazıçı, jurnalist, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid bu tədbirdə iştirakından məmnunluğunu bildirib: “Jurnalınız haqqında ətraflı məlumat verdiniz. Sevgi və şövqlə danışdınız. İnsanın sənətinə, öz gördüyü işinə bu cür sevgisi bizə də ruh verir və bu çıxışınızda öz gördüyünüz işinizə böyük hörmət, ehtiram var idi. Jurnalınızın 55 yaşını təbrik edirəm. Bu gün burada Bakı Beynəlxalq Kitab Sərgisində doğma və əziz insanları görmək insanda fərqli təəssüratlar yaradır. Bu cür insanlarla belə bir kitab bayramında rastlaşmaq xoşdur. Buna görə də mən Mədəniyyət Nazirliyinə təşəkkür edirəm ki, davamlı şəkildə belə vacib və gözəl ənənələrə sadiq qalaraq bu cür kitab sərgiləri keçirirlər. Biz ötən ay Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş yubiley mərasimində də olduq və çox gözəl tədbir keçirildi. Bu sevindirici haldır ki, ölkəmizdə bir-birinin ardınca belə mötəbər yığıncaqlar, tədbirlər təşkil olunur”.
Ədəbiyyatşünas, professor Asif Rüstəmli də öz təbrikini çatdırıb: “Mən də bu təbriklərə qoşuluram və qeyd etmək istəyirəm ki, Cümhuriyyətdən əvvəlki dövrü nəzərə alsaq o dövrlərdə çap olunan jurnallarımızdan çoxu müxtəlif səbəblərdən fəaliyyət göstərə bilməyib. Bu gün bizim burada qeyd etdiyimiz “Mədəniyyət/Culture” jurnalının 55 yaşı çox dolğun yaşdır və böyük uğurdur. Bu jurnal yalnız Azərbaycan mədəniyyətini əhatə etmir, o həmçinin daha geniş xronoloji çərçivədə özünü təqdim edir. Burada elmi tədqiqat işləri, elmi araşdırmalar, eyni zamanda, Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətləri haqqında araşdırmalar yer alır. Bu isə çox təqdirə layiq addımdır”.
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə jurnal əməkdaşlarına xoş arzularını bildirərək deyib: “Çox şadam ki, mən bu gün bu tədbirə qoşula bildim. Neçə vaxtdır Üzeyir Hacıbəyli festivalından başlayaraq musiqi həyatımız çox zəngin, eləcə də rəngarəng keçir. Jurnalınızın 55 yaşı münasibətilə sizi və bütün əməkdaşlarınızı təbrik etmək istəyirəm və sizin AZƏRTAC-a verdiyiniz müsahibəni də oxudum, anladım ki, sizin bu işdə olan əziyyətləriniz, eyni zamanda, uğurlarınız təqdirəlayiqdir, alqışlanandır. Jurnalın hazırkı obrazı çox fərqlidir və bu gün bu jurnal həqiqətən biz sənətşünaslar, həmçinin musiqişünaslar arasında çox böyük nüfuz qazanıb. Mən özüm də dəfələrlə bu jurnala məqalələr vermişəm. Mənim Zöhrə Əliyeva ilə tanışlığım uzun illərə söykənir və o, illərlə televiziyada mədəniyyətə dair verilişlər aparıb. O, bütün bu mədəniyyət sahəsinə çox gözəl bələddir və belə bir təcrübə də özünü bu jurnalda büruzə verir. Mən bunu çox yüksək dəyərləndirirəm və Zöhrə xanıma gələcək işlərində də uğurlar arzulayıram”.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli jurnalın fəal oxucularından olduğunu vurğulayaraq qeyd edib ki, jurnalın özünü tapmayanda elektron versiyasını böyük həvəslə oxuyur: “Son nömrələrin birində mənim də Nizami Gəncəvi ilə bağlı materialım çap olunub. Bu yazı Nizami metrostansiyasında olan onun əsərlərindən ibarət illüstrasiyalar haqqında olan yazıdır. Yazımın bu jurnalda dərc edilməsindən qürur duyuram. Mən ilk dəfə Zöhrə xanımı televiziyada tanımışam. AzTV-də veriliş aparırdı və verilişin də bu günlə səsləşən çox romantik adı var idi – “Kitab köşkü”. Televiziyamızın tarixində ən intellektual aparıcılardan biri də Zöhrə Əliyevadır. Çox sevinirəm ki, Zöhrə xanım həmin ruhla, məsləklə, sevgi ilə bu işini “Mədəniyyət/Culture” jurnalına verir. Qeyd etmək istərdim ki, keçirilən bu kitab sərgisi də möhtəşəmdir. Hər bir kitab abidədir və bizdə jurnal mədəniyyətinin də ayrıca yeri var. XX əsrin əvvəllərindən bu yana açılan qəzetlər və təşkilatların adında iki söz daha çox vurğulanır - maarif və mədəniyyət. Maariflə mədəniyyət bir yerdə olanda isə daha gözəl olur. Hesab edirəm ki, “Mədəniyyət/Culture” jurnalı bu gün bizim təkcə mədəniyyətimiz üçün deyil, ümumən həyata, sənətə, teatra, kinoya və bununla birgə insanlığa bir işıqdır. Bu özlüyündə bir estetikadır, gözəllikdir. Zöhrə xanım başda olmaqla, bu işləri ərsəyə gətirən yaradıcı kollektivə təşəkkür edirəm”.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azal müəllifi olduğu “Xarıbülbül” şeirini səsləndirib.
Sonda jurnalın baş redaktoru Zöhrə Əliyeva Mədəniyyət Nazirliyinə və iştirakçılara, qonaqlara təşəkkürünü bildirib.