
Super User
Mirəlım Mirələmov Mərakeşdə çıxış edəcək
Beynəlxalq Muğam Mərkəzi Fəs Sufi Mədəniyyəti Festivalının rəsmi tərəfdaşları sırasına daxil edilib
Beynəlxalq Muğam Mərkəzi (BMM) Mərakeşdə keçiriləcək 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında ölkəmizi təmsil edəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı BMM-in məlumatına istinadla xəbər verir.
Təşkilat komitəsi Azərbaycanın milli sərvəti olan muğamı təbliğ edən BMM-ni festivalın rəsmi tərəfdaşları sırasına daxil edib.
Qeyd edək ki, musiqimizin təbliği və beynəlxalq festivalın tərəfdaşı kimi çıxış etmək Mərkəzin fəaliyyəti üçün mühüm hadisələrdən biridir.
Oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə keçiriləcək festivalda BMM-nin solistləri xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva rəngarəng proqramla çıxış edəcəklər. Xanəndələri nağarada Əməkdar artist Kamran Kərimov, tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov müşayiət edəcək. BMM-nin kollektivi sufi mədəniyyətini orijinal şəkildə təqdim edən festivalın açılış mərasimində və sonrakı günlərdə muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər. Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.
Qulu Ağsəsin Təbrizdə “Yorğun ağacam” adlı şeirlər kitabı çap edilib
Azərbaycanın istedadlı şairi Qulu Ağsəsin Təbrizdə “Yorğun ağacam” adlı şeirlər kitabı işıq üzü görüb.
“Nəbati və Azərturan" nəşriyyatında nəşr edilən kitabı Təbrizdə yaşayan tanınmış yazar, “Ədəbiyyat və incəsənət” portalının Cənubi Azərbaycan təmsilçisi Əli Çağla çapa hazırlayıb.
Kitabda ilk olaraq müəllifin həyat və yaradıcılığına nəzər salınır. Qısa zamanda geniş oxucu marağına səbəb olan kitabın növbəti mərhələdə yenidən nəşri gözlənilir. Pərakəndə satışla yanaşı, toplunu onlayn yolla da əldə etmək olacaq.
Qeyd edək ki, "Yorğun ağacam" kitabına Qulu Ağsəsin "Görsən üşüyürsən, yandır özünü", "Nöqtələr", "Canım-gözüm, şükür de ki", "Xəbərin varmı - bilmirəm" kimi sevilən ədəbi nümunələri ilə birlikdə yeni şeirləri də daxil edilib.
Günün fotosu: Avropa liderləri Praqada toplaşırlar
Günün fotosu: Avropa liderləri Praqada toplaşırlar
Avropanın ən azı 44 dövlət və hökumət başçısı "Avropa siyasi birliyi" adını almış yeni formatda görüşə toplaşırlar. İki gün ərzində onlar qeyri-formal şəraitdə Praqada qitənin və ətraf adaların gələcəyi ilə bağlı öz baxışlarını ifadə edəcək, Təhlükəsizlik və Enerji məsələlərini müzakirə edəcəklər.
Foto: Euronews
Xalq yazıçısı Elçin: VIII Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmiz üçün böyük kitab bayramıdır
“Kitab mənim aləmimdə bəşəriyyətin ən böyük kəşflərindən biridir. Çünki kitab bütün dünyaya pəncərə açır. Kitab insanı öz-özünə tanıdır.”
Bu sözləri VIII Bakı Beynəlxalq Kitab Sərgisində AzərTAC-a açıqlamasında Xalq yazıçı Elçin söyləyib.
Bakı Beynəlxalq Kitab Sərgisinin açılmasının ölkəmiz üçün böyük kitab bayramı olduğunu bildirən Xalq yazıçısı deyib: “Kitab bayramı böyük bir oxucu bayramı deməkdir. Oxucu bayramı isə özlüyündə xalqın bayramıdır. Bu səbəbdən də bu kitab sərgisində 100-dən çox nəşriyyatın nəşr etdiyi kitablar sərgilənir. Bu, eyni zamanda, müstəqil Azərbaycan mədəniyyətinin böyük bir təbliğidir. Kitab da bildiyimiz kimi mədəniyyətin ən böyük göstəricilərindəndir. Müstəqil Azərbaycanın mədəniyyətində kitab hansı nailiyyətlər əldə edibsə bu da onun əyani sübutudur. Mən xüsusən gənclərə tövsiyə edərdim ki, bu kitab sərgisinə gəlib burada olan kitablarla tanış olsunlar, kitabları çap edən nəşriyyatlarla əlaqə yaratsınlar, eyni zamanda, başqa ölkələrin nəşrlərini alıb oxusunlar
Azərbaycan Milli Şəhərsalma Forumu ikinci günündə mədəni, ekoloji və iqtisadi mövzularda sessiyalarla davam edib
Oktyabrın 6-da ADA Universitetində Azərbaycan Milli Şəhərsalma Forumu mədəni, ekoloji və iqtisadi mövzularda sessiyalarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumun ikinci günündə şəhərlərin ekoloji cəhətdən davamlı inkişafı, mədəni və tarixi irsin münaqişədən sonra bərpası, "ağıllı" və "yaşıl" yeniliklərə doğru, "yaşıl iqtisadiyyat" kimi mövzulara toxunulur, bu istiqamətlərdə müzakirələr aparılır.
Qeyd edək ki, İlk Milli Şəhərsalma Forumu 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Qırx dörd ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox iştirakçının qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Anar Kərimov: “İşğaldan azad edilmiş ərazilərdə 162 yeni mədəniyyət abidəsi aşkarlanıb”
Bu barədə Azərbaycan Milli Şəhərsalma Forumunda mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bildirib ki, 30 il ərzində bu ərazilərdə Azərbaycanın mədəniyyət abidələri, mədəni irsi dağıdılıb, mənşəyi dəyişdirilib və ya qanunsuz arxeoloji qazıntılar aparılıb. Bu kimi hadisələr beynəlxalq konvensiyalara ziddir. Ərazilərimiz işğaldan azad edildikdən sonra burada xarabalıqlar, vandallıq aktları aşkarlanıb.
Anar Kərimov qeyd edib ki, aparılan ilkin monitorinqlər zamanı dövlət reyestrinə salınmış 706 abidədən 403-ü tədqiq edilib. Bundan başqa, 864 mədəniyyət müəssisəsinin monitorinqi aparılıb. Həmçinin 162 yeni mədəniyyət abidəsi aşkar olunub.
A.Kərimov əlavə edib ki, hazırda nazirliyin əməkdaşları monitorinq apararkən mina təhlükəsi ilə qarşılaşırlar. Bu səbəbdən prioritet tapşırıq ərazilərin minalardan təmizlənməsi və arxeoloji işlərin təhlükəsizliyinin təminidir.
Lirik məqamların emosional intensivliklə birləşdirilməsi
Xalq rəssamı Əşrəf Heybətovun “Muğam aləmi” sərgisinə sözardı
“Yaxşı rəsm musiqidir, melodiyadır” deyib dünya şöhrətli italyan rəssamı Mikelancelo. Beynəlxalq Muğam Mərkəzində (BMM) sentyabrın 28-də açılışı keçirilən Xalq rəssamı Əşrəf Heybətovun “Muğam aləmi” adlı fərdi sərgisi də musiqi ilə rəssamlığın bir-birinə çox yaxın olduğuna əyani sübut idi.
BMM-in direktoru, Xalq artisti Murad Hüseynovun rəssamın yaradıcılığında milli üslubdan söz açması, muğama olan sonsuz sevgidən yaranan bu əsərlərin muğam ifaçılarının ən dərin meditasiyadan tutmuş, ən yüksək emosional yüksəlişə qədər olan həssas-ekspressiv hallarının dinamikasını simvolizə etməsini açıqlaması lap yerinə düşdü.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın sərgi münasibətilə rəssamı təbrik etməsi, Xalq rəssamının Şuşa, Qarabağ, ümumən Vətən mövzusuna özünəxas münasibətin əsərlərində hər zaman ön planda olmasını qeyd etməsi də öz yerində.
Əşrəf Heybətovun xeyir və şər mövzusunun, milli-mənəvi dəyərlərimizin ehtiva olunduğu elementlərin çoxluq təşkil etdiyi əsərləri sənətsevərlərə yaxşı tanışdır. Rəssamın əsərləri bu ilin aprelində Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər Qurultayında da sərgilənmişdi. Əşrəf Heybətovun işlərinin əsas mövzusu Azərbaycandır, xalqımızdır. Onun yaradıcılığında xalqımızın tarixi, mədəniyyəti və folkloru önəmli yer tutur.
Azərbaycan Milli Konservatoriyasının (AMK) elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova rəssamın əsərlərinin bir çox ölkələrin, eləcə də BMT, UNESCO, NATO kimi beynəlxalq təşkilatların sərgi zallarında nümayiş etdirildiyinə diqqət çəkir, qeyd edir ki, rəssam öz sənəti, yaşam fəlsəfəsi ilə Azərbaycan mədəniyyətini dünyada layiqincə tanıdır.
Lalə Hüseynovanın fikrincə, “Muğam aləmi” sərgisinin səciyyəvi cəhəti rəssamın lirik məqamları emosional intensivliklə birləşdirə bilməsi, rənglər palitrası vasitəsilə çatdırmasıdır. Bu əsərlərdə rənglərin səs ştrixləri rolunu öz üzərinə götürməsi diqqət çəkir.
Filologiya üzrə fəlsəfə doktoru, AMK-nın dosenti Fəxrəddin Salim isə burda rənglərin improvizasiyasının mükəmməlliyinə diqqət çəkir.
İndiyədək bir çox ölkələrdə fərdi sərgiləri təşkil edilən Əşrəf Heybətov Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Rəssamlıq Akademiyası, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
“Muğam aləmi” sərgisində rəssamın 25 əsəri nümayiş olunub. Bu əsərlərdə sənətkar xarakterik təsviri üslubda muğamların ifasını səciyyələndirən xüsusi texnikadan, bədii temperamentdən, mənəviyyatdan bəhs edib. Parlaq rəngarəng vurğular tamaşaçını melodik pafosun dərinliyinə və nüfuzuna kökləyirdi. Bədii kətanlara baxarkən onlarda nəyin “səsləndiyini” tanımağa çalışırdın: “Bayatı” və ya “Dilruba”, “Şur” və ya “Humayun”...
“Muğam aləmi” sərgisi ənənəvi Azərbaycan musiqisinin tərənnümüydü. Rəssam doğma yurdunun mədəniyyətindən ilham alaraq tamaşaçıları yenidən öz mədəni irsinə, tarixi köklərinə cəlb edirdi.
Əşrəf Heybətovun “Muğam aləmi” fərdi sərgisi oktyabrın 1-də yekunlaşdı.
L.Azəri
Yaradıcı İqtisadiyyat üzrə III Ümumdünya Konfransı keçirilir
Cari ilin 5-7 oktyabr tarixində İndoneziya Respublikasının Turizm və Yaradıcı İqtisadiyyat Nazirliyi tərəfindən Bali adasında “İnklüziv yaradıcılıq: Qlobal bərpa” mövzusunda Yaradıcı İqtisadiyyat üzrə III Ümumdünya Konfransı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konfransda yaradıcı sənayelərin iqtisadiyyatda rolunun artırılması, o cümlədən sahəvi inkişaf proseslərinin təmin olunması ilə bağlı müzakirələr aparılır.
Cari ilin 6 oktyabr tarixində keçirilən konfransın Nazirlər sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev onlayn formada iştirak etmişdir. Qeyd olunan sessiyada ilk öncə İndoneziyanın Turizm və Yaradıcı İqtisadiyyat naziri, eləcə də Xarici İşlər naziri tərəfindən açılış çıxışları edilmişdir. Daha sonra Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən hazırlanan qlobal hesabat təqdim olunmuşdur.
Sessiyanın sonunda ölkələri təmsil edən çıxışçılara söz verilmişdir. Bu hissədə çıxış edən Elnur Əliyev ölkəmizdə Mədəniyyət və Yaradıcı Sənayelər sahəsində baş verən son proseslər, Nazirliyin bu istiqamətdə yanaşması, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də işğaldan azad edilmiş ərazilərə yaşayış və mədəniyyətin qayıdışından bəhs etmişdir.
Sonda isə “Bali baxışı: Yaradıcı İqisadiyyat üçün Yol Xəritəsi” başlıqlı sənəd layihəsi nəzərdən keçirilərək qəbul olunmuşdur.
“Cığır” Azərbaycan boyu cığır açır
Oktyabrın 6-da Şəki rayonu Mədəniyyət Mərkəzində tarixi romanlar yazarı, publisist Yunus Oğuz ilə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın müzakirə olunduğu tədbirdə 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə dəstək məqsədi ilə öz təqaüdündən cəbhəyə dəstək göndərən Şəki şəhər sakini Hikmət Musayev qonaq qismində iştirak ediblər. Tədbirin aparıcısı Şəki Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin bölmə müdiri Dilbər Yaqubova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər. Tədbirin sonunda tədbir iştirakçılarına "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.
Bakı Beynəlxalq Kitab Sərgisində yazıçı Varislə görüş və imza saatı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Bakı Ekspo mərkəzində təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mərkəzi “Natəvan” guşəsində yazıçı Varislə görüş və imza saatı keçirilib .
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı Varis ölkəmizdə bu cür kitab sərgilərinin keçirilməsinin böyük önəm kəsb etdiyini vurğulayıb, Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılıq qabiliyyətinə önəm verib. O, yazdığı əsərlərindən, onların yaranma səbəbindən, kitabının qəhrəmanlarından və onları oxucuya sevdirən səbəblərdən, habelə səsli kitabların gündəmimizə necə sürətlə daxil olmalarından danışıb.
Tədbirin aparıcısı yazıçıya xarici ölkələrdə bestseller sırasına düşən kitabları, ədəbiyyata necə gəlməsi, mütaliəsi ilə bağlı suallar ünvanlayıb. Eyni zamanda çoxsaylı izləyicilər yazıçıdan onları maraqlandıran qəhrəmanların taleləri ilə bağlı bilgilər alıblar.
Görüşdə daha çox sual isə yazıçının dövlət sifarişi ilə çap olunan, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində təbliğ olunan “Qırmızı ləçəklər” kitabı ilə bağlı olub.
Sonda yazıçı oxucular üçün kitablarını imzalayıb.
Görüşdən sonra yazıçı “Audiokitab” stendini ziyarət edərək orada toplaşmış oxucuları ilə də görüşüb, onlarla ünsiyyət qurub. Sərgini ziyarət edən gözdən əlil oxucuların “Son məktub” romanının pdf variantını axtarmaları müqabilində onlara kömək edəcəyinə də söz verib. O deyib: “Bu həssas əhali təbəqəsinin kitab sevgisini yaşatmağa borcluyuq”.
“Audiokitab” əməkdaşları arasında bu brend altında işıq üzü görmüş “Sonuncu ölən ümidlərdir” və “Bir ovuc torpaq” romanlarını səsləndirənlərlə fikir mübadiləsi aparılıb. Yazıçıya tezliklə onun “Metamorfoz” kitabının audio versiyasının da təqdim ediləcəyi barədə məlumat çatdırılıb.
Özbəkistandan sərgiyə təşrif buyurmuş tanınmış naşir Xasiyyat Rustamova ilə fikir mübadiləsi aparılarkən Varisin Özbəkistanda çap edilmiş və ötən il ən çox satılan kitablar arasında Rəşad Nuri Güntəkinin “Yaşıl gecə” romanından sonra ikinci yerdə qərarlaşmış “Sənə inanıram” romanından söz açılıb.
Həmin gün Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mərkəzi “Natəvan” guşəsində yazıçı Varislə görüşdən əvvəl və sonra xalq yazıçısı Çingiz Abdullayevlə və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə də izdihamlı və maraqlı görüşlər keçirilib.