ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 10 Yanvar 2023 14:30

Vitamin deposu sayılan qış meyvələri hansılardır?

Qış fəslində müəyyən xəstəliklərdən qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil, düzgün qidalanmaq da vacibdir. Bəs görəsən soyuq havalarda immun sistemimizi möhkəmləndirmək üçün  qida rasionumuza hansı meyvələri daxil etməliyik?

 

Heyva xüsusən də qışda xəstələndikdə ilk köməyə gələn meyvədir. Ağciyər vərəminə, ağız yaralarına yaxşı təsir edir və insana  gümrahlıq verir. Heyva dənələri sıx pektin ehtiva etdiyi üçün ishalın qarşısını almaq üçün qaynadılıb suyu içilə bilər. Bronxit, xronik öskürək və vərəm xəstəliklərinin müalicəsində istifadə edilir. Heyva damar sərtliyinə, qaraciyərin fəaliyyətinə yaxşı təsir edir, təzyiqi aşağı salır, öd kisəsinin işini nizamlayır. Heyva yarpaqlarını qaynadıb çay kimi içmək ürək ağrılarına yaxşı təsir edir, çünki sakitləşdirici xüsusiyyətə malikdir.

Qış meyvələrindən  C vitamini deposu olan kivi infeksiyalarla mübarizə aparmaq və dəri qurumasının qarşısını almaq üçün faydalıdır. Kivi immun sistemini gücləndirir, antioksidant təsiri ilə xərçəng xəstəliyinə qarşı faydalıdır. Xüsusən də qadınlarda  döş xərçəngi riskini azaldır.

Nar imunitet sistemini gücləndirdiyi üçün tez-tez yeyilməlidir. Fol turşusu, A və C vitamin tərkiblidir. Bundan başqa, selenium, maqnezium, fosfor kimi minerallarla zəngin olduğu üçün halsızlıq hiss etdikdə yeyilə bilər. Nar, xüsusən də tərkibindəki antioksidant sayəsində bədənin müdafiə sistemini gücləndirir. Aparılan araşdırmalarda nar suyunun dəri xərçənginə və kişilərdə prostat xərçənginə qarşı qoruyucu təsirə malik olması sübut edilib.

Bir çox  vitaminlər ilə zəngin olan banan, eyni zamanda, dəmir, kalium, natrium, yodla da zəngindir. Sümük möhkəmlənməsinə kömək etdiyi üçün uşaqların çox yeməsi məsləhətlidir. Lakin unutmayaq ki,  sinir sisteminin  sakitləşməsində də faydalı olan bananı həddən çox yesək qəbizlik problemilə qarşılaşa bilərik. Ürək əzələlərinin inkişafına kömək edən banan yodla zəngin olduğu üçün tiroid vəzinin normal fəaliyyətinə də yardım etməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

 

(10.01.2023)

Çərşənbə axşamı, 10 Yanvar 2023 10:15

“Mən sənin yanına qışda gəlirdim…”

Bu gün görkəmli bəstəkar Elza İbrahimovanın 85 illiyidir

 

Hər bəstəkara müyəssər olmaz bu qədər populyar mahnı ərsəyə gətirsin. İllərdən bəri dəbdən düşməyən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər mahnıları musiqimizin qızıl fondunu təşkil edir. Mərhum müğənnilər Rəşid Behbudov, Şövkət Ələkbərova, İlhamə Quliyevadan tutmuş bu gün də zövqləri oxşayan Flora Kərimova, Teymur Əmraha kimi bir çox məşhur müğənnilər öz repertuarlarını bu mahnılarla qurublar. Söhbət görkəmli  bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovadan gedir. Yaşasaydı, bu qarlı qış günündə  anadan olmasının 85-ci ildönümü təntənə ilə qeyd edilərdi. Amma əfsus. 

 

Gəlin böyük bəstəkarımızı hörmətlə anaq və ömür yoluna bir nəzər salaq. Elzanın musiqiyə həvəsi lap erkən yaşlarından hiss olunmağa başlayıb. Onda olan həvəs və bəlkə də istedadı hiss edən valideynləri onu  Bakıdakı 8 nömrəli musiqi məktəbinə qoyublar. Sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb və Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq şöbəsini bitirib. Konservatoriyada isə bəxt üzünə gülüb, dahi 

Qara Qarayevin sinfində bəstəkarlıq dərsi alıb. Onun sinfinə daxil olmaq üçün hazırladığı kompozisiyanı dinləyən Qara Qarayev deyib: “Bu qız yaxşı bəstəkar olacaq”.

İlk mahnısını 1969-cu ildə bəstələyib. Məmməd Rahimin sözlərinə yazdığı "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmayıb. O vaxt tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları sırasına daxil olur. 

O, bir müddət “Dan ulduzu” vokal-instrumental ansamblında işləyib. 

Elza İbrahimovanın yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. Onların arasında fortepiano üçün prelüdiya və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara musiqiləri xüsusi yer tutur. Onun qələmindən çıxan bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.

“Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın Milli Qəhrəmanlar Təbriz Xəlilbəyliyə və Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri da parlaq istedad və böyük zəhmətin məhsuludur. 

Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünyaşöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.

Elza xanım 74 il yaşayıb, amma yaratdıqları 740, 7400 ilə belə sığar. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Çərşənbə axşamı, 10 Yanvar 2023 16:00

Ən çox oxunan: Zeynəb həqiqətənmi milyon qazanır?

Türkiyədə də bizdəki kimi başqalarının pullarını saymağı sevirlər. O cümlədən yeni parlayan müğənni Zeynəb Bastıkın "YouTube" kanalındakı proqramı ilə milyonlar qazandığı və hədsiz varlandığı iddia edilir. 

 

Bu səbəbdəndir ki, “YouTube-da qazandığım pulun miqdarını açıqlayacağam” deyə xəbəri bir meşə gün anons edən Zeynəb Bastık əsl ajiotaj yarada bilib və onun Maqazin proqramlarında açlqlamasını milyonlar gözləyib. Açıqlama isə hamının təəccübünə səbəb olub:

"Bir qəpik belə qazanmadım. Mahnıları "cover" şəklində oxuduğum üçün "Youtube"un ödədiyi bütün pul mahnıların hüquq sahiblərinə gedir. Mən ancaq konsertlərdən qazanıram".

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Dələduzluq məqsədilə “Azərpoçt” MMC-nin adından yenidən saxta saytların yaradıldığı aşkarlanıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidməti əhaliyə bu barədə xəbərdarlıq edir. 

 

Belə ki, bu dəfə dələduzlar “Sual-cavab nəticəsində “Azərpoçt”dan 600 manat qazanmaq imkanı” adı ilə şirnikləndirici saxta kampaniya başladıblar. 

“Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaları, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam olunan kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar. Vətəndaşlar belə saxta kampaniyalarla qarşılaşdıqda, kiberdələduzluq faktının analizi və yaradılmış saxta domenlərin zərərsizləşdirilməsi üçün Xidmətimizin CERT Mərkəzinə məlumat verə bilərlər”, - deyə qurumun mətbuat xidmətinin məlumatında qeyd edilib.

 

Şəkildə: Saxta Azərpoçt saytın Ana səhifəsi. 

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının (APA) hazırkı sədrinin müavini seçilib.

 

“Ədəbiyyat və İncəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu barədə Antalyada keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası qərar qəbul edib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop hazırda APA-nın sədridir. 

Komitənin sədri Qənirə Paşayeva AZƏRTAC-a açıqlamasında əminliklə bildirib ki, Asiya Parlament Assambleyası müasir dünyadakı qlobal problemlərin həlli istiqamətində beynəlxalq ictimaiyyətə faydalı çağırışlar edən, yüksək nəticələr qazanmağa potensialı olan qurumdur. Azərbaycan bu platformanın imkanlarından geniş şəkildə istifadə edərək sülh və inkişaf prinsipində hamı üçün faydalı olan əməkdaşlıq münasibətlərinə yeni töhfələr vermək niyyətindədir.

 

«Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Çərşənbə axşamı, 10 Yanvar 2023 15:30

Yeniliklər: “Kinokonsert” multimedia şousu keçiriləcək

Fərqli zövqlü insanlar üçün fərqli bir tamaşa gözlənilir: Fevralın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yerləşən Opera Studiyasında "Kinokonsert" adlı multimedia şousu təqdim olunacaq.

 

BMA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert proqramında yüksək bədii zövqlə yeni aranjeman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərləri səsləndiriləcək.

Qeyd edək ki, orta və yaşlı nəslin nümayəndələri səsləndirilən nostalji musiqi nömrələrinin sayəsində gənclik illərini, yaşadıqları anları xoş xatirələr kimi yada salmaq imkanına sahib olacaqlar.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Çərşənbə axşamı, 10 Yanvar 2023 15:00

69-u vurub başa...

Elman Eldaroğlu yazır

 

Bəlkə də sözlərinə musiqi bəstələnməsəydi Baba Vəziroğlunun şairlik taleyi elə də parlaq olmazdı. Onu yaddaşımızda yaşadan, ürəklərimizə gətirən nəğməyə çevrilən şeirləri oldu... 

 

"Mən heç vaxt ictimai fiqur olmaq istəməmişəm. Bir az özümə qapalı adamam, həmişə istəmişəm ki, sakitcə başımı aşağı salım öz işimlə məşğul olum, dərdimi çəkim, sevincimi yaşayım. Amma birdən gəlib şöhrət tapdı məni, məşhur insan oldum. Ona görə bu, məndən asıl olmayıb. Və profilimə uyğun olmayan hansı verilişdə, tədbirdə məni görürsünüzsə, bilin ki, bu ancaq müsəlmançılıqdan irəli gəlir, mən ürək qıra bilmirəm. Əlbəttə, bəzən yalan danışmalı oluram. Nə yaxşı ki, mobil telefonlar məkan bildirmir, bəzən verilişin adını eşidəndə deyirəm ki, İsmayıllıdayam gələ bilmirəm. Amma nə qədər etsəm də alınmır. Nə mövqeyimə, nə profilimə, nə də ictimai yerimə dəxli olmayan o verilişlərdə məcburən iştirak edirəm. Üzüm yumşaqdır, lətifəsi sizdən uzaq nə yaxşı ki, mən qadın olmamışam, Allah bilir, sorağım haradan gələrdi. Amma narazı da deyiləm bu mənada. Qoy, mənim lap hörmətim düşsün, qoy desinlər onun orada nə işi var, amma kiminsə ürəyini qırmaqdan yaxşıdır. Mən ürək qırmağın düşməniyəm…"- söyləyir.

 

Çox xarizmatik adamdır. Özünəməxsus xüsusiyyətləri var. Sakit adam təəssüratı yaratsa da, əslində çox coşqun təbiətlidir. Deyib gülməyi, zarafatı xoşlayır.  

 

Deyir ki,- "İstəyirəm ki, mən öləndə şəhərin ən bahalı yerində, dənizə panoramı olan bir yerdə dəfn etsinlər. Ətrafımızda uzaq Qvineyadan gətirilmə həmişəyaşıl sərv ağacları nazlansın, Skandinaviya bülbülləri cəh-cəh vursun, başım üstündə sal Yunanıstan qranitindən abidəm ucalsın..."

 

Qibtə olunası zənginlik içində yaşamayıb, amma etiraf edir ki, keçmişinə nəzər salanda mənəvi baxımdan çətinliklərlə dolu, çox maraqlı, rəngarəng və zəngin bir ömür yaşayıb. Bunun üçün özünü xoşbəxt sanır. Nə keçmişin xiffətini çəkir, nə də gələcəyə tələsir. Bu gününü elə yaşayır ki, xoş xatirələrlə dolu bir keçmişə çevrilə bilsin və o dünyaya alnıaçıq getsin. Gələcək haqqında çox düşünməyə qorxur, məşhur filmdə deyildiyi kimi, Allahı güldürmək istəyirsənsə, gələcək planlarından danış. Keçmişin xiffətini çəkmək bədniyyət adamların peşəsidir- söyləyir. Gələcək haqqında çox düşünməyi xəyalpərəstlik əlaməti hesab edir. Praqmatik və realist adamdır...

 

"Pisniyyətli adamın bircə yaxşı sözünə də bəzən aldana bilirəm, xeyirə, yaxşılığa xidmət edən şairəm. Odur ki, gözümdə hamını yaxşı görmək istəyi bəzən uğursuzluqla nəticələnir. Həyat məni öyrədə bilməyib, yəqin ki, hələ kifayət qədər böyüməmişəm. Nə yaxşı ki, böyüməmişəm, içimdəki uşaqlıq saflığının kiçik bir ərazisini də olsa, qoruyub saxlaya bilmişəm. Aldana-aldana yaşayırıq və deyəsən insan oğlu aldanmağı sevir ki, ondan hasil olan nəticə sayəsində müdrikləşə bilsin. İnsan ömür boyu özündən nağıllar uydurur və özünü həmin nağıllara inandırmağa çalışır. Bilir və dərk edir ki, hardasa bunların hamısı yalandır, amma həyat bunsuz maraqsız, bəlkə də yaşamaq mümkünsüz olar."- söyləyir…

 

Bəli, bizi yaşamağa vadar edən, içimizdə həyat eşqi yaradan xəyallarımızda qurduğumuz nağıllardır. Guya belə etsək, elə olar, elə etsək belə. Amma fərqinə varmırıq ki, Allahın öncədən bizim üçün yazdığı ssenarinin oyunçularıyıq...

 

Nədənsə uşaq yaşlarımdan "69"-a "baş-ayaq" rəqəm kimi baxmışam. Yanvarın 10-da nasir, şair, tərcüməçi, kinodramaturq, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli Baba Vəziroğlu necə deyərlər, ömrünün "baş-ayaq" ilini başa vurub, 70-ə doğru addımlayacaq. Ona bu yolda möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq. 

Çox yaşa, ŞAİR!

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Çərşənbə axşamı, 10 Yanvar 2023 13:30

Sənə görə qaynanam məni yola verməyə başladı...

 “Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Nəcibə Məlikovadır

 

NƏCİBƏ MƏLİKOVA

(1921-1992)

***

“Ögey ana” filmi o vaxt çox məşhur oldu, elə bizi də məşhurlaşdırdı.

Bir dəfə teatrın girişində bir qadınla bir qız uşağının dayanıb məni gözlədiyini gördüm. Məni gördükdə sıxılaraq yaxınlaşdılar. Görüşdük. Qadın çox həyəcanlı idi:

– Dilarə xanım (mənə filmdəki adımla müraciət etdi), çox sağ olun.

– Siz də sağ olun, amma bu “sağol”un səbəbini başa düşmədim.

Qadın sıxılaraq:

– Birinci həyat yoldaşımı cavan itirdim. O, rəhmətə gedəndə, bu qızın 2 yaşı vardı. Bir müddət ailə qurmaq istəmədim, sonra böyüklərin də razılığı ilə ailə qurdum. İkinci yoldaşımın da arvadı cavan ölmüşdü, o qadından bir qızı vardı. Qaynanam nə məni, nə bu tifili qəbul eləmirdi. Günümüz göy əskiyə bükülmüşdü, sizin filmdən sonra arvad məni qucaqlayıb üzr istədi. İndi ana-bala kimi dolanırıq, can deyib, can eşidirik. Buna görə çox sağ olun.

Kövrəldim. Qadını və qızı bağrıma basdım.

***

Bir dəfə də rayonlardan birinə qastrola getmişdik. O vaxt kinoteatrlarda “Ögey ana” filmi göstərilirdi. Axşam mehmanxananın bufetində oturub çay içirdik, bir də gördüm yaşlı aktyorlardan biri bir ayağında qara, o biri ayağında qəhvəyi rəngli ayaqqabı ilə gəlir. Başqalarının da diqqətini çəkməsin deyə, sakitcə xəbər aldım:

– Ayaqqabılarının niyə biri qara, o biri qəhvəyidir?

Aktyor dostum ayağına baxıb, halını pozmadan cavab verdi:

– Özüm də baş açmıram, otaqda daha bir cüt eynən belə ayaqqabı qaldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

 

Adətən ABŞ-da uikenddə ən çox baxılan filmlərin reytinqini sizlərə təqdim edirik. Maraqlıdır, bəs şimal qonşumuzda vəziyyət necədir? Ukrayna ilə ədalətsiz müharibə aparan bu ölkədə savaş fiımlərinəmi daha çox baxırlar? Sən demə yox. 

 

Rusiyanın “Soyuzmultfilm” studiyasının hazırladığı sevimli cizgi film olan və bu il yanvarın 1-dən kinoprokata daxil olan “Çeburaşka” yerli kassada yüksək gəlir əldə edərək, rekord vurmağa davam edir. 

“Ədəbiyyat və incəsənət” pprtalı kinonews.ru saytına istinadən xəbər verir ki, rejissor Dmitri Dyaçenkonun bu animasiya filminin nümayişindən cəmi beş gün sonra onun kassa gəlirləri iki milyard rublu keçib.

Beləliklə, “Çeburaşka” artıq Rusiya kino bazarı tarixində ən çox gəlir gətirən ilk on film layihəsində yer alıb və davamlı pul qazanma sürətinə görə onun yaxın vaxtlarda ilk üçlükdə olmaq şansı var.

Qeyd edək ki, indiyədək Rusiyada “Çeburaşka”nın ən yaxın rəqibləri “Zveropolis” cizgi filmi və “Karib dənizinin quldurları 5: Ölülər nağıl danışmır” filmidir.

Necə olar, bəlkə Çeburaşka heç oyuncaq deyil, portağal vadisində yaşayan boltüklü heyvandır?

Filmin treylerində deyilir: Bəzən böyüklərə günəş və gülüşü qaytarmaq üçün onlara bir şən heyvanı təqdim etmək bəs edir.

Bizcə, böyüklər qan-qadadan beziblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Kitablara marağın azalmasının hansı obyektiv və subyektiv səbəbləri var? “Ədəbiyyat və incəsənət” portalının ekspress-sorğu rubrikasını Habil Yaşar təqdim edir. 

 

Kənan Hacı, yazıçı

Bütün dünyada kitaba maraq azalıb. Kapitalist dünyası insana asudə vaxt qoymur ki, insan mənəvi inkişafını təmin etsin. Bizim insanların da kitab oxumaq imkankarı günbəgün məhdudlaşır. Bu da vəhşi kapitalizmin amansız reallıqlarındandır. İnsan 24 saat ərzində ancaq necə, hardan pul qazanmaq haqda düşünür. Beyində kitaba yer qalmır. Biz yaxın gələcəkdə bunun acı fəsadlarını görəcəyik. Təəssüf ki, mən bir yazıçı olaraq heç bir çıxış yolu görmürəm. Bu də məni dərin depressiyaya salır. Yazıçı heç yerdən motivasiya ala bilmir, qonorar sistemi ləğv olunub. Belə mənəvi böhran içində nə yazmaq olar axı? Oxucudan da əlimizi üzmüşük artıq. Və taleyimizlə barışmışıq.

 

Məlahət Hümmətqızı, şair

Əlbəttə  bunun bir çox səbəbləri var. Texnologiya inkişaf etdikcə insanlar kitab alıb oxumağa tənbəllik edirlər. Bütün məlumatları internet səviyyəsində almağa  çalışırlar, kitab oxumaq istəyənsə elektron  kitabxanadan istifadə edir. Hər şeyi maddiyyata da bağlamaq olmaz. Kitab oxumaq istəyən həvəsi varsa, nə olur olsun,  istədiyi kitabı alıb oxuyacaq. Fikrimcə,  insanların kitab oxumasını istəyiriksə kitaba maraq, məhəbbət yaratmalıyıq. Orta və ali məktəblərdə yazıçı və şairlərlə  görüşlər keçirilməli, şagird və tələbələrə kitablar  paylanmalıdır. Şəhərimizdə çoxlu kitab mağazaları açılmalı və bu mağazaların sayı artırılmalıdır. Yadımdadır, mən məktəbdə oxuyanda  qəsəbəmizdə böyük kitabxana və bir neçə kitab mağazası var idi. Və valideynlərimdən aldığım cib xərcliyini mənasız şeylərə yox, kitablara  xərcləyərdim. İndi qəsəbəmizdə hər addım başı özəl klinika, restoran və çayxana var. Son illər kitaba maraq yaratmaq üçün ölkəmizdə kitab yarmarkaları, imza günləri keçirilir. Insanlar təşkil olunmuş  yerlərə gəlir kitab alır, oxuyurlar. Əlbəttə ki, bu sevindirici  haldır. Belə tədbirlərin keçiirlməsi  insanlarda kitaba maraq oyadır və bu ənənə tədqirəlayiqdir. İnsanlar bilməlidir ki, kitab oxumağın insan orqanizmi üçün faydaları   çoxdur. Mütaliə bilirsiniz nələrə qadirdir? Stresi azaldır, yuxusuzluğu aradan qaldırır, insanların empati duyğusunu  gücləndirir, beyin funksiyasını sürətləndirir, depressiyadan xilas edir, yaddaşı gücləndirir. 

Hər kəsə kitab oxumağı tövsiyyə edirəm.

 

                          

İradə Allahverdiyeva, müəllim

Təəssüf ki, müasir insanlar üçün bədii ədəbiyyat virtual kompüter oyunları, videolar və daha çox şeylərlə əvəz olundu. İndi xəbərləri bilmək və elmi fikrin ən son nailiyyətlərindən xəbərdar olmaq üçün oxumağa qətiyyən ehtiyac yoxdur. Televiziya ekranından və ya Kompüter, telefon ekranından məlumat çəkmək kifayətdir. Buna görə də şagirdlərin oxu fəallığının aşağı olması, oxunmuş mətn üzərində düşünmək istəməməsi müşahidə edilir.

 

 

Tural Nəbiyev, yazar

 Məncə, kitaba marağın azalmasının səbəblərindən biri internet və sosial şəbəkələrdir. Bu gün sosial şəbəkələrdən müsbət yöndə istifadə edənlər var. Ancaq, böyük əksəriyyət TikTok, facebook, instaqram kimi səhifələrdə boş vaxtlarını gündəmdə olan hadisələri izləməklə keçirirlər. Boş vaxtını bu işlərə sərf etmək insanları kitab oxumaqdan uzaqlaşdırır və onların kitaba olan marağını azaldır.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.