
Super User
Böyük Nizaminin ruhu şad olacaq
Milli Kitabxanada Nizami Gəncəviyə aid nadir əlyazmaların elektron və çap nüsxələri təqdim edildi
Anonsunu verdiyimiz böyük hadisə nəhayət ki, baş tutdu. Yanvarın 10-da Milli Kitabxanada böyük Azərbaycan şairi Nizami Gəncəvinin qəzəllərinin yer aldığı ilk əlyazma olduğu ehtimal edilən “Şeirlər məcmuəsi”nin (Tehran, 1295-ci il) əldə olunmuş digital variantının və kitabxananın fondu üçün nəşr olunan nüsxəsinin, habelə tərtibat baxımından unikal hesab olunan Nizaminin “Xosrov və Şirin” poemasının və digər əlyazmalarının (cəmi 156 əlyazma) təqdimatı keçirildi. Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi və Milli Kitabxana idi.
Zaman-zaman Azərbaycanın yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən olan Nizami Gəncəviyə farslar sahib çıxmaq istədilər, onun əlyazmaları Vatikan, Drezden kitabxanalarında dustaqlıq həyatı sürdü, onun ana vətəni Gəncənin qapıları belə gürcülərin Gelati monastrında əsir saxlanıldı. Çox şükür ki, müstəqillik qazanandan sonra Azərbaycan öz dahi oğluna sahib çıxmağa çalışır və bu işdə Azərbaycan dövləti, hökuməti, Heydər Əliyev Fondu təxirəsalınmaz işlər həyata keçirir.
Sözügedən tədbir də bu aspektdə görülən işlərin bariz nümunəsidir.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatındakı rolundan, ötən tarixi dövr ərzində onun əlyazmalarının, həmçinin xalqımızın milli sərvətlərinin xarici ölkələrə aparılmasından, həmin əlyazmaların dünyanın ən məşhur kitabxana və muzeylərində nümayiş olunmasından, kitabxananın Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsindən, bu layihə çərçivəsində dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan Azərbaycan klassiklərinin əlyazmalarının digital nüsxələrinin Milli Kitabxanaya gətirilməsindən bəhs etdi.
Natiq bildirdi ki, 2021-ci ilin Prezident İlham Əliyevin “Nizami Gəncəvi İli” elan etməsi ilə əlaqədar dahi şairin 156 nadir əlyazmasının digital (elektron) nüsxələrinin Milli Kitabxanaya gətirilməsi təmin olunub və bu iş gələcəkdə də davam etdiriləcək.
O, eyni zamanda, AMEA-nın Əlyazmalar İnstitutu ilə birgə müştərək komissiyanın yaradılması layihəsindən, bu layihə əsasında yeni əlyazmaların araşdırılaraq üzə çıxarılması və məxsusi formada nəşr olunmasından bəhs etdi. Diqqətə çatdırdı ki, son bir il ərzində araşdırma nəticəsində əldə edilən əlyazmaların arasında dahi Nizaminin şeirlərinin də yer aldığı 1295-ci ildə köçürülən – böyük şairin ən qədim əlyazması olduğu ehtimal edilən nüsxənin olduğu və 1312-ci ildə köçürülmüş ən qədim “Xəmsə” əlyazması da aşkar olunub.
Həmçinin bildirdi ki, bu qiymətli əlyazmaların 30 nüsxəsi hər biri 1 nüsxə olmaqla nəfis şəkildə çap olunaraq Milli Kitabxananın “Nadir kitablar fondu”na daxil edilib.
Sonra akademik, Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, AMEA-nın Ədəbiyyat İnstitutunun Qədim əlyazmaları şöbəsinin müdiri professor İmamverdi Həmidov, Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova, Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov çıxış edərək Nizami yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, təqdim olunan əlyazmaların ədəbiyyatşünaslar üçün böyük əhəmiyyətindən, Milli Kitabxananın bu istiqamətdə həyata keçirdiyi çox böyük işlərdən bəhs etdilər. Bütün mütəxəssislər bu günədək Azərbaycan elminə məlum olmayan qədim əlyazmalarımızın aşkar olunaraq mütəxəssislərə təqdim etdiyinə görə Milli Kitabxanaya öz təşəkkürlərini bildirdilər.
Sonda iştirakçılar Milli Kitabxananın fondu üçün nəşr edilən Nizami əlyazmalarının sərgisi ilə tanış oldular.
Tədbir zamanı “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” adlı Elektron məlumat bazası da iştirakçılara təqdim olundu.
Tezliklə dahi şairimizin nadir əlyazmalarının orijinal nüsxələrinin də Vətənimizlə və şairin ruhuyla qovuşması ümidi ilə.
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)
Diqqət! “Avroviziya-2023”də Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimi üçün qəbul vaxtı uzadılıb
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2023” müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimi üçün çoxsaylı müraciətləri nəzərə alaraq qəbul vaxtını uzadıb.
İTV-dən AzərTAC-a bildirilib ki, seçimlərdə iştirak etmək istəyən Azərbaycan ifaçıları və bəstəkarları 15 yanvar saat 22:00-dək öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və “Avroviziya” üçün hazırlanmış yeni mahnılarını Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməlidirlər.
Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.
Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi Böyük Britaniyanın Liverpul şəhərində mayın 9, 11 və 13 tarixlərində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
Qanunsuz ağackəsmə faktları üzrə cinayət işləri başlanıb
Təbiətə qənim kəsilənlər - belələri daim aşkarlanır və cəzalandırılır. Növbəti fakt: Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın dörd rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr yaranıb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.
Gəlin unutmayaq, təbiəti qorumaq hər birimizin vicdan borcudur.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
Günün fotosu: Putinə orden verdilər
Bu gün işğalçı müharibə aparan Rusiyanı çox az ölkə və xalq dəstəkləyir. Onlardan biri serblərdir. Budur, Bosniya serbləri Rusiya Prezidenti Vladimir Putini öz əsas mükafatları olan Serb Respublikası Ordeninə təqdim ediblər. Sərəncamda Putin “xüsusi vətənpərvərlik qayğısı və sevgiyə görə” təltif olunur.
Foto: Radivoje Pavicic/Copyright 2023 The AP.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı bu ilin sentyabrında keçiriləcək
“Hazırda VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə bağlı hazırlıq işlərinə başlamışıq. 2023-cü il ən böyük və ən əsas planımız bu festivalı layiqincə keçirməkdir.
Artıq 6-cı festivala film müraciətləri qəbul olunur. Festivalı keçirmək bu ilin sentyabrında nəzərdə tutuluq.”
Sitat Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyevdəndir.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
Şahdağ Milli Parkından qış reportajı
Qarlı qış mənzərəsi xüsusi mühafizə olunan təbiət ərazilərində də heyrətamiz görüntülər ortaya çıxarıb. Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının qarlı havanın yaratdığı mənzərə insanı xüsusilə valeh edir. Cəlbedici qış görüntülərinə zubrlar və nəcib marallar əlavə gözəllik qatır.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən reintroduksiya layihələri çərçivəsındə 2019-cu ilin mayında ölkəmizə 12 baş zubr gətirildi və Şahdağ Milli Parkının İsmayıllı bölməsində qabaqcadan ayrılmış əraziyə buraxıldı. Adaptasiya ərazisində zubrların qalma müddəti təxminən üç ay nəzərdə tutulur. Üç aydan sonra 300 hektarlıq daha böyük əraziyə, adaptasiyanı uğurla keçdikdən sonra isə parkın İsmayıllı bölməsi üzrə açıq əraziyə buraxılıblar.
Ümumilikdə 2019-2021-ci illər ərzində ölkəmizə 26 baş zubr reintroduksiya olunub, təbii artımla zubrların ümumi sayı 31 başa çatdırılıb. 2022-ci ilin noyabr ayında daha 10 zubrun Azərbaycana gətirilməsi ilə onların ümumi sayı hazırda 41-ə çatıb. Ötən il noyabr ayında ölkəyə gətirilən 10 zubr Şahdağ Milli Parkının ərazisində xüsusi ayrılmış sahədə, volyer şəraitində adaptasiya dövrünü keçir.
Həmçinin ötən ilin noyabrından icrasına başlanılan nəcib maralların tarixi məskunlaşma yerlərinə qaytarılması ilə bağlı yeni layihəyə uyğun olaraq ilk marallar noyabrın 11-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib.
Ölkə ərazisində hava şəraitinin dəyişməsi, havaların soyuması və qar yağması ilə əlaqədar olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində otyeyən heyvanların, o cümlədən quşların yemə olan tələbatının ödənilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, Azərbaycanın milli parklarında, dövlət təbiət qoruqlarında heyvan və quşların, əsasən miqrasiya etdikləri yollara və dağ cığırlarına ot və dənli yem məhsullarının paylanılması təmin edilir.
Xatırladaq ki, Şahdağ Milli Parkı ötən il ölkəmizdə ən çox ziyarət edilən xüsusi mühafizə olunan təbiət əraziləri arasında ilk üçlükdə qərarlaşıb.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işini davam etdirir
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı ilə Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işini davam etdirir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Yanvarın 9-da Assambleyanın İqtisadiyyat və Davamlı inkişaf üzrə Daimi Komitəsinin iclası keçirilib.
Parlamentarilər komitənin gündəliyində olan məsələlər ətrafında fikir və mülahizələrini bölüşüb, qurumun fəaliyyətinin səmərəliliyi üçün təkliflər ediblər.
Gün ərzində Asiya Parlament Assambleyasının digər komitələrinin iclasları keçiriləcək, növbəti fəaliyyət dövrü üçün sədrliyə namizəd məsələsinə baxılacaq, Antalya Bəyannaməsi qəbul ediləcək.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü görüb
Dövlət Tərcümə Mərkəzinin klassik Azərbaycan ədəbiyyatının beynəlxalq fikir müstəvisində təbliği istiqamətində fransız dilində ərsəyə gətirdiyi “Les Nous divins s'ourrent sur ton visage – Imadeddin Nassimi” (“Haqq yolu mən özüm oldum – İmadəddin Nəsimi”) kitabı Fransada nəşr olunub.
Tərcümə Mərkəzinin məlumatına görə, Parisin məşhur “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında çap olunmuş kitaba dahi şairin 200-dən çox qəzəli, tuyuq və rübailəri daxil edilib. Əsərlərdə istifadə olunan bəzi mürəkkəb söz və ifadələr izah və şərhlərlə verilib.
Nəsiminin həyat və yaradıcılığını əks etdirən “Ön söz”ün və əsərlərin fransız dilinə tərcümə müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyak, izah və şərhlərin müəllifi Püstə Axundovadır.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
2022-ci il bizim üçün nələrlə yadda qaldı
Vüsal Məmmədovyazır
Yola saldığımız 2022-ci ili Azərbaycan xarici diplomatiyası üçün dinamik, fəal və mühüm, hətta tarixi nəticələrin əldə edildiyi il adlandıra bilərik. Prezident İlham Əliyevin səfərlərinin, keçirdiyi görüşlərin və çıxışların xronikasına nəzər yetirsək, rəsmi Bakının xarici diplomatiyasında xüsusilə 3 istiqamətin önə çıxdığını görürük:
* Postmünaqişə reallıqlarının möhkəmlənməsi və sülh gündəliyi;
* Enerji məsələsi, xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu;
* Nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi
Azərbaycan Prezidentinin xarici səfərlərivə qəbul etdiyi qonaqların təmsil etdiyi ölkələrin adları, eləcə də digər təmaslar ölkəmizin xüsusilə 3 qitə ilə fəal əməkdaşlığını nümayiş etdirib:
* Avropa;
* Asiya;
* Afrika ilə.
SÜLHƏ DOĞRU SƏYLƏR
Bakının postmünaqişə reallıqları və sülh gündəliyi ilə bağlı mövqeyi dəyişməzdir: beynəlxalq hüquqa söykənən 5 baza prinsipi əsasında məsələ həllini tapmalıdır.
Prezident İlham Əliyev: "Birincisi, hər iki ölkənin ərazi bütövlüyünün tanınması, ikincisi, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, üçüncüsü, güc tətbiq etməmək və ya güclə hədələməmək, dördüncüsü, sərhədlərin delimitasiyası və beşincisi, kommunikasiyaların açılması. Bunlar Azərbaycan tərəfindən Ermənistana təklif olunmuş beş baza prinsipidir".
İl ərzində üç dəfə - aprel, may və avqust aylarında Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşlər baş tutdu. Hər üç halda rəsmi Bakı postmünaqişə reallıqlarının möhkəmlənməsi və sülh gündəlyinin gerçəkləşməsi üçün səy göstərdi.
Prezident İlham Əliyev: "Əgər bütün bu gündəlik həyatda öz əksini taparsa, bölgədə, doğrudan da Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və beləliklə, biz rahat yaşaya bilərik".
Oktyabrın 6-da Çexiya paytaxtının evsahibliyi etdiyi 44 ölkənin dövlət və hökumət başçılarının, o cümlədən Azərbaycan liderinin iştirak etdiyi "Avropa siyasi birliyi" Zirvə Toplantısı "qoca qitə"də yeni dialoq və əməkdaşlıq platforması kimi qəbul edilir.
Praqada eyni zamanda dördtərəfli görüş baş tutdu. Azərbaycan, Ermənistan, Avropa İttifaqı liderlərinə bu dəfə Fransa Prezidenti də qoşuldu. Praqada Brüsel sülh gündəliyinin davamı olaraq tərəflər bir-birinin ərazi bütövlüyünü tandıqlarnı ifadə etdilər.
Ancaq çox çəkmədi ki, Paris öz ampluasına uyğun olaraq neytral qala bilmədi və bacısının ədalətsiz mövqeyini açıq mətnlə müdafiə etdi. Bu isə Avropa İttifaqının il ərzindəki uğurlu vasitəçiliyini faktiki olaraq zədələmiş oldu. Nəticədə, Brüsseldə dekabrın 7-si üçün nəzərdə tutulmuş görüş baş tutmadı.
Prezident İlham Əliyev: "Onlar bir-birinə "bacı" deyirlər və mən görürəm, yoldaşlar da bunu xüsusi qeyd etdilər. Mən daha demədim ki, "qardaş" da deyə bilərdilər, amma nədənsə bunlar "bacı" deyirlər".
"QOCA QİTƏ" ÜÇÜN HAVA VƏ SU KİMİ ENERJİ
İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" Azərbaycanın Avropa enerji bazarındakı payının artması və əməkdaşlıqda başlanğıcı idi.
Prezident İlham Əliyevin son 3 ayda Bolqarıstan, Albaniya, Serbiya və Rumıniya səfərləri həm Avropanın alternativ enerji axtarışında fəallığını, həm də Azərbaycanın yeni bazarlara çıxmaqda maraqlı olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev: "Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək".
Oktyabrın əvvəllərdə Sofiyada Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi Avropa daxilində TAP-dan alınan qazın şaxələndirilməsi ilə bağlı mühüm hadisə idi.
BUXARESTDƏ YENİ TARİXİ MƏRHƏLƏ
Rumıniyada isə yeni tarixi mərhələ başlanırdı. Azərbaycan Artıq daha bir enerji resursunu - eleketrik enerjisini Avropa bazarlarına çıxarmağa hazırlaşır. Qara dəniz sualtı elektrik xətti ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji" dəhlizi nin yaradılması artıq sadəcə arzu və plan deyil, artıq ölkələr işə başlayır.
Prezident İlham Əliyev: "Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq".
NƏQLİYYAT DƏHLİZİ
Prezident İlham Əliyevin istər son aylarda Orta Asiya, istərsə də Avropa ölkələrinə səfərlərində nəqliyyat sahəsində əməkdaşlıq diqqət mərkəzində olub. Orta Dəhlizin əhəmiyyəti indi yalnız region üçün yox, Çindən Avropaya uzanan marşrut üzərində yerləşən bütün iştirakçılar üçün aktualdır.
Bakıda bu məsələyə xüsusi diqqət ayrılması Azərbaycanın yeni dəhlizdə həlledici ölkə olması ilə əlaqədardır.
TDT ÜÇÜN YENİ ERA
Ötən ilin Türk Dövlətləri Təşkilatı üçün və Azərbaycanın təşkilatdakı fəallığı baxımından dinamik il adlandırmaq olar. Prezident İlham Əliyevin Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstana bir neçə dəfə gerçəkləşən səfərləri 200 milyona qədər insanın yaşadığı türk coğrafiyasınn siyasi və iqtisadi inteqrasiyası üçün TDT-nın fəallığını artırmaq baxımından əhəmiyyətli idi.
***
Nəhayət, ötən il Şanxay Əməkdaşlıq təşkilatına (16 sentyabr 2022) və Ərəb Dövlətləri Liqasına (1 noyabr 2022) dəvət alması Azərbaycanın və onun liderinin nə qədər böyük coğrafiyada həlledici rola, nüfuza və təsir imkanlarına sahib olduğunu nümayiş etdirirdi.
Sumqayıtlı gənc ölkədə ilk improvizə teatrı yaradır
16 il əvvəl Göyçaydan Bakıya gələn, Azərbaycan Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsinə qəbul olunaraq buranı bitirən Rəmal uşaqlıq arzusundan danışır: "Aktyorluq üzrə oxumaq istəsəm də, evdən birmənalı şəkildə buna qarşı çıxdılar. Lakin tələbəlik illərində "Şən və hazırcavablar" komandası yarada bilməyimiz yolumun başlanğıcı oldu".
Rəmal ölkədaxili ali məktəb tələbələrindən ibarət komandalar arasında yarışmaların üçüncüsü olub, sonra Sumqayıtda gənclərlə birləşərək mədəniyyət evləri, özəl müəssisələrdə kiçikhəcmli tamaşalarda oynayıb. Ssenarini özləri yazıb, özləri quruluş verib və özləri də aktyor olublar.
İdeyanı türkiyəli Tolğa Çevikdən götürdüyünü deyən Rəmal nəinki Sumqayıtda, Azərbaycanda ilk improvizə teatrının gələcəyinə inanır və həvəslə onun formatından söz açır: "Burada köməkçi aktyor və aktrisalar tamaşaçılar arasından seçilməklə səhnə ilə tamaşaçı arasında təmas qurulur və tamaşaçı həm də müəllifə çevrilərək əyləncəni daha yaxşı formada yaşaya bilir".
Rəmal hesab edir ki, onun yaratmaq istədiyi yeni teatr tamaşaçı zövqünün təkmilləşməsi işində də sözünü deyə biləcək.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)