ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı oxucularını adətən şeirləri ilə tanınan Vəfa Mürsəlqızının prozası ilə tanış etməkdədir. Onun növbəti hekayəsi də marağınıza səbəb olacaq.

 

 

                       

BURATİNO VƏ YA SONRAKI PEŞMANÇILIQ

 

Ayaqlarını çarpayıdan aşağı salladı və bir müddət beləcə key kimi oturdu. Yuxudan oyananda həmişə belə olurdu, xeyli vaxt başının dumanı dağılmırdı. Otaqdan prossesorun ahəngdar uğultusu gəlirdi. Deyəsən, anası yenə kompüter arxasında oturmuşdu. Əsəbi, uzun barmaqlarının çaqqıldatdığı klaviatiranın səsi sükutu pozurdu. Əsəbləri gərginləşdi, ayaqlarını yelləməyə başladı. Əvvəllər bazar günləri səhərlər su səsinə oyanardı yuxudan. Anası tezdən durardı, çay qoyardı, ətli blinçik bişirərdi, ponçik qızardardı, kakao hazırlayardı və hər şeyi hazır edib süfrə açandan sonra başalyardı onlar oyanana qədər qab-qacaq yumağa. İsti, rahat yataqda mətbəxdən gələn su şırıltısı, qab səsi ona evdə qayğısına qalan bir qadının olmasını xatırlatdıqca ləzzətlə gözlərini yumardı. Otağın həzin, yarıyuxulu havasına qarışmış gözəl qoxuları nəfəsinə çəkərdi. Amma son zamanlar anası heç nə bişirmirdi, yeməyi belə cox az hallarda bişirirdi. Adətən, sosiska, kolbasa alıb qızardırdı, o da məcbur olurdı bu yarımfabrikatlardan hazırlanmış qidanı yeməyə. Hətta bu il Novruz bayramında anası şirniyyat da bişirmədi. Mağazadan alınan başmaq tayı boyda şəkərburalar, qapqara paxlavalarla onları birtəhər yola verdi. Həmişəki anası üçün darıxırdı. Anası işdən gələn kimi evlə, yemək-içməklə məşğul olmaq yerinə bu lənətə gəlmiş kompüterin arxasında otururdu. Yəqin, yenə Vasif əmi ilə danışırdı. Vasif əmi anasının iş yoldaşı idi. Anası metropolitendə işləyirdi, nəsə yazı-pozu işi ilə məşğul olurdu. Arabir gecə növbəsinə də gedirdi. Atası da evdə cox az tapılırdı, tez-tez başqa şəhərlərə ezamiyyətə göndərirdilər. Son zamanlar Vasif əmi onlara cox gəlirdi. Bir dəfə ona Buratino oyuncağı da gətirmişdi. Bu oyuncağı görəndə özündən asılı olmayaraq hirslənirdi. Yekə oğlan idi. Beşinci sinifdə oxuyurdu, ona isə qız kimi kukla bağışlayırdılar, yəqin, buna hirslənirdi. Bir-iki gün Buratino masanın üstündə qaldı. Yumşaq parçadan olan bu oyuncaq lap zəhləsini tökdü. Sonra bir gün nə ağıl elədisə, tutub yazıq oyuncağın uzun burnunu kəsdi. Buratino kəsik burnu ilə miskin görünürdü və burnunun içindən yerə sintepon parçaları tökülürdü. Anası xəbər tutanda cox əsəbiləşdi, lap cin atına mindi.

– Heç utanırsan? Vasif əmi gətirib ey o kuklanı sənin üçün. Niyə o günə qoydun? Balacasan sən?

– Balaca deyiləmsə, mənə kukla niyə gətirirdi? Bir də ki qız-zadam mən?

– Bu, tərbiyəsizlikdir! Heç bilmirəm bu axmaq xasiyyətləri kimdən öyrənirsən.

Anası ona elə çımxırdı ki, sanki o, Buratinonun yox, Vasif əminin burnuna xətər yetirmişdi. Amma əvvəllər heç zaman belə acıqlanmazdı. Bu lənətə gəlmiş, axmaq kuklaya görə niyə axı belə danladı onu?

          Vasif əminin bir oğlu vardı, adı da Mustafa idi. Tez-tez deyirdi: "Səbuhi, bir gün Müstafanı sizə gətirəcəm”. Amma o, yaxşı bilirdi ki, heç zaman Müstafanı gətirmçəyəcək onlara Vasif əmi və heç istəmirdi də Mustafa onlara gəlsin. Nədənsə utanırdı Mustafadan, həm də ümumiyyətlə, zəhləsi gedirdi bu heç zaman görmədiyi oğlandan, adı yekə kişi adını xatırladan oğlandan.

Çarpayıdan düşüb anasına yaxınlaşdı.

– Ana, ay ana, mən durmuşam ey.

Anası, deyəsən, bu gün də ağlamışdı. Son zamanlar tez-tez yatağında, hamamda, kompüterdə oturanda ağlayırdı. O nədənsə əmin idi ki, bu göz yaşlarının səbəbkarı Vasif əmidir. Bir neçə dəfə onların mübahisəsinin də şahidi olmuşdu. Amma anası tezcə onu qonşu otağa yollamışdı və Vasif əmi gedəndən sonra dirənə-dirənə ona yalvarmışdı ki, axşam işdən gələndə atasına heç nə danışmasın. O onsuz da atasına heç nə danışmazdı, çünki qəlbinin dərinliyində başa düşürdü ki, belə şeylər haqda danışmaq olmaz.

– Ana, acmışam mən.

– Hə, oyanmısan, balam, nə tez durmusan?

– Saat on birdir ey, ana, mənə yemək ver!

– Yaxşı, yaxşı, dururam indi, keç sən mətbəxdən peçenye götür ye, mən də indi qalxıb çay qoyacam.

– Mən peçenye istəmirəm! Şirinçay ver mənə!

– Allah məni öldürsün, qurtarsın canım sizin əlinizdən. Öldün acından bu dəqiqə? Gəlirəm də...

Əvvəllər anası belə deyərdi: “Can, mənim balam acıb, sabahın xeyir gözəl balam”. Amma indi...

Mətbəxin pəncərəsinin qabağına gəlib çölə boylandı. Həyətdə adamı iliklərinə qədər üşüdən payız mənzərəsi dəyirdi gözə. Ağaclar yarpaqların töküb büzüşmüşdülər deyə, soyuqdan çiyinlərini qısan adama oxşayırdılar. Asfaltın çala-çökəklərində axşam yağan yağışın əmələ gətirdiyi gölməçələr var idi. Bu gölməçələrin birində ana sərçə öz balaları ilə yuyunurdu. Dünya veclərinə deyildi bu sərçələrin. Sərçələr həvəslə bir-birini suya basır, qanadlarını çırpdıqca narın su damlaları toz kimi ətrafa səpilirdi. Elə bəxtəvər idilər ki, bir neçə metr kənarda bu qutu-qutu evlərin birinin otağında ağlamaqdan gözləri qızarmış yorğun bir qadının, anasındakı dəyişikliklərdən qorxan və kədərlənən bir beşinci sinif şagirdinin varlığı heç vəchlə bu bəxtəvərliyi poza bilməzdi. Ürəyindən qəribə bir arzu keçdi, kaş bu sərçə onun anası olaydı və o da bu bəxtəvər, bala sərçələrdən biri olaydı. Amma sonra iki gün öncə uşaqların bir sərçəni sapandla vurmağı yadına düşdü, içinə ibtidai bir qorxu doldu. Birdən onun da anasını uşaqlar sərçə bilib sapandla vurardılar və o da başa sala bilməzdi ki, bu, sərçə deyil, onun anasıdır. Dəhşətli fikirdən üşənib pəncərədən çəkildi. 

Neçə gün idi atası yenə məzuniyyətdə idi. Anası gah qanıqara, gah da kefi kök olurdu. Vasif əmi də arada onlara gəlirdi və hər dəfə də Mustafanı gətirəcəyini vəd edirdi.

Günorta anasının ən yaxın rəfiqəsi Sevil xala onlara gəldi. Otağında dərs oxuyurdu, amma qulağı anası ilə Sevil xalanın söhbətində idi. Hətta sonra qapıya yaxınlaşıb diqqətlə dinləməyə də başladı.

– Mən daha belə bacarmıram, Sevil, hər şeyi Raufa danışacam. 

– Başına hava gəlib? Bəs heç sonrasını düşünmüsən? Səncə, Rauf deyəcək ki, əzizim, səni anlayıram, lap əccəb eləmisən başqasına vururlmusan! Ağlını başına topla, bundan bir şey cıxmaz!

– Başa düş, Sevil, mən belə ikili həyat yaşaya bilmirəm,Vasifi sevirəm! Ondan ötrü hər şeydən keçərəm.

– Axı Vasifin nəyi artıqdı sənin ərindən?

– Diqqəti, qayğısı, cəsarəti, sevgisi, bəsdi, ya yenə sayım? Mən Vasifi tanıyandan sonra əsl qadın olduğumu anladım. İllərdir Raufdan anlayış, sevgi, qayğı görmədim. Ancaq məişət həyatı yaşadıq, vəssalam.

– Reyhan, sən hansı sevgidən danışırsan? Normal yaşayırsınız, pulunuz var, eviniz var, uşağınız var, sənə daha nə lazımdır?

– Mənə dayağım olacaq adam, başımı çiyninə qoyacağım sevimli insan, həyatımı paylaşacağım, məni xoşbəxt edən biri lazımdır.

– Reyhan, sənin uşağın var ey. Sən əminsən ki, oğlun Vasifi bəyənəcək, qəbul edəcək ata kimi?

– Əvvəla, Səbuhini atasından çəkindirmək fikrim yoxdu, ikincisi, Vasifi sevəcək mütləq, bir də ki, Sevil, bax bir neçə ildən sonra Səbuhi kimisə sevsə və mən onun seçimini bəyənməsəm, hamı düşəcək üstümə ki, niyə mane olursan oğluna, sən yox, o yaşayacaq qızla, onun xoşbəxt olmağa haqqı var. Bəs mən? Mənim haqqım yoxdu xoşbəxt olmağa? 

– Sən tək deyilsən, Reyhan, sən cəmiyyətdə yaşayırsan axı.

– Sənin dediyin o cəmiyyət mənim qayğıma qalır?

– Bilmirəm, Reyhan, bilmirəm. Mənim tək istəyim odur ki, sən səhv etməyəsən. Sən əminsən ki, Vasif səninlə evlənəcək?

Anamın cavabını eşitmədim, amma ürəyimin döyüntülərini aydınca eşidirdim. Sevil xala ilə anamın söhbətindən üç gün keçdi. Mən bu üç gün ərzində anamın gözlərinə bir dəfə də olsun baxa bilməmişdim. Utanırdım, qorxurdum, nəsə qarışıq, dolaşıq şeylər düşünürdüm ürəyimdə. Mən nə edəcəyimi bilmirdim, gecələr narahat yatır, tez-tez səksəkəli halda, tər-su içində oyanırdım.Yuxuda anamla Vasif əmi evlənirdi, mən də kənarda dayanıb ağlayırdım. Bir axşam anam məni ertədən yatağıma saldı. Axşamdan xeyli keçmiş, otaqdan gələn səslərə yuxudan ayıldım. Vasif əmi ilə anam asta, lakin gərgin bir səslə mübahisə edirdilər, deyəsən. Səslərini nə qədər qısmağa şalışsalar da, danışıqları gecənin sakitliyində aydınca eşidilirdi.

– Vasif, mən belə bacarmıram! Başa düşürsən, heç cürə alınmır.

– Axı nə alınmır, Reyhan?

– Mən daha ərimə yalan sata bilmirəm. Həm də mən belə həyat yaşamağa layiq biri deyiləm, əzab çəkirəm.

– Eşidən elə bilər, mən kefdəyəm də. Bir də belə həyatın nəyi pisdir ki? Məncə, hər şey qaydasındadır.

– Səncə... Eh, Vasif, sən niyə başa düşmürsən axı? Mən sənin məşuqən yox, arvadın olmaq istəyirəm.

– Reyhan, mən evliyəm, bir uşağım da var.

– Vasif, mən hər şeyi ona danışdım.

Otağa gərgin, uzun-uzadı bir sükut çökdü. Handan-hana Vasif əmi səsi titrəyə-titrəyə dedi:

– Necə yəni danışdım? Nə vaxt?

– Mən onun elektron poçtuna məktub göndərdim və hər şeyi etiraf elədim.
– Sən dəli olmusan? Nə danışırsan? Sənin başın dəqiq işləmir?

– Niyə?

– Hələ bir soruşursan da? Mənim arvad-uşağım var, ailəm var. Həm də sən məndən xəbərsiz axı bunu neçə elədin? Mənə deməli idin axı?

– Vasif, hansı ailə? Sən axı boşanırsan. Məgər belə deyil? Axı sən özün...

– Reyhan, mən əsəbi olanda cox söz deyə bilərəm. Səni sevirəm, yəni sevdiyimi düşünürəm, amma ailəmi dağıda bilmərəm axı. Sənə də məsləhət görmürəm. İncimə ey, Reyhan, yəni dediyim odur ki, bu qərarı mənə arxalanıb verirsənsə, mən sənə istədiklərini verə bilməyəcəm, əzizim.

Anam bir xeyli susdu. Elə bil nitqi kəsilmişdi. Sonra sakit və təmkinli səslə dedi:

– Rədd ol!

– Nə?

– Vasif, rədd ol həyatımdan və evimdən!

– Demək, belə oldu? Sakitləş və sonra peşman olacağın şeyləri söyləmə. Səhv edirsən! Peşman olacaqsan!

– Sus, mən ömrüm boyunca indiki qədər peşman olmayacam.
...Vasif əmi getdi. O gedəndən sonra anam çarpayısına yıxılıb hönkürdü. Mən cox sevincək olmuşdim, hiss edirdim ki, bu göz yaşları anamın sonuncu göz yaşlarıdır. Birdən anamın məktubu yadıma düşdü. Atam məktublara səhərlər baxardı, demək, hələ bir neçə saat vaxtım vardı. Atam şifrələri kasetləri saxladığı yekə yeşiyin içindəki bloknota yazırdı. Qonşu otağa keçdim, anam, deyəsən, ağlayıb-ağlayıb yuxuya getmişdi. Yeşiyi eşələdim, bloknotu tapdım Xoşbəxtlikdən şifrə lap üzdə idi. Az sonra mən artıq anamın məktubunu silmişdim və rahat, bəxtiyar bir yuxu məni ağuşuna aldı.

Səhəri gün anam pərişan, sapsarı saralmış, ölü üzü kimi mum rəngli sifəti ilə pəncərə önündə oturmuşdu. Atamın zəngi gələndə diksindi. Mənə işarə elədi ki, dəstəyi götürüm. Mən atamın səsini selektora qoydum. O üzdən gümrah, şən səs gəldi:

– Salam, Robin Qud, necəsən? 

– Sağ ol, atacan. Sən necəsən?

– Yaxşıyam, anan hardadı?

Anam qorxa-qorxa dəstəyi götürdü.

– Sabahın xeyir, yaxşıyam.

Sonra səsi əsə-əsə soruşdu:

– Bu gün elektron poçtuna baxmısan?

– Hə, baxmışam, nədi ki?

– Orada heç nə yox idi?

– Yox, nə olmalı idi ki?

– Heç, mən dünən sənə məktub göndərmişdim, elə bir şey deyildi.

– Yox, orda heç nə yoxdu. Mən axşam gəlirəm, inşallah, görüşərik.

Dəstəyi yerinə qoyandan sonra anam möhkəm hönkürdü. Amma mənə elə gəldi ki, o bu dəfə sevindiyindən ağladı. Bax beləcə hər şey bitdi və mən qəlbimin dərinliyində anamı bağışladım. Amma anam hələ də bilmir ki, o məktub neçə oldu.

Buratino oyuncağını isə sabahı gün zibil yeşiyinə atdım, sanki günahkar o idi.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

 

 

Aprelin 5-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunacaq.

 

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq konsertdə bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə gənc tarzən, Əməkdar artist Sahib Paşazadə çıxış edəcək. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Cümə axşamı, 30 Mart 2023 12:15

Yaxşı adamlar qəfil yoxa çıxdılar…

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Eldaroğlunun essesini təqdim edir

 

Yaxşı adamlar qəfil yoxa çıxdılar. Bir də gözümüzü yumub açdıq ki, yoxdular. Qoyduğumuz yerdə tapa bilmədik onları. Ən yaxşılarının ürəyi partladı, çirkaba bulaşmadılar. Qalanlarını yavaş-yavaş itirdik. Yavaş-yavaş gözümüzdən düşdülər. Bir-bir satılmağa başladılar. "Mənim də balam var" dedilər, bağışladıq. Qəlbimizin dərinliyində onlara haqq qazandırmağa çalışdıq. Bizim üçün yaxşı adam idilər əvvəllər, amma "Mənim də balam var" mərhələsindən sonra onlar haqda danışanda "əslində, pis adam deyil" deməyə başladıq. Əvvəlcə satılmalarına görə xəcalət çəkirdilər. Küçədə-bayırda görəndə utandıqlarından gözümüzün içinə baxa bilmirdilər. Sonra çoxaldılar. Sonra adiləşdi. Sonra bizimlə daha ürəklə görüşməyə, əlimizi daha möhkəm sıxmağa başladılar. Lap axırda necə ürəkləndilərsə, başladılar bizi ittiham eləməyə. Üstümüzə qışqırdılar. Təhqir elədilər. Hamılıqla söyməyə başladılar. Onlar bizi bağışlamadı. İçimizdəki ən nəcib hissləri pula dəyişmədiyimizə görə bağışlamadılar...

Biz onları bağışlamışdıq...

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Cümə axşamı, 30 Mart 2023 11:45

Mstislav Rostropoviçin xatirəsi anılıb

Martın 29-da M.Rostropoviçin anadan olmasının 96 illiyinə həsr edilmiş “Adagio” adlı klassik musiqi konserti keçirilib. 

Qeyd edək ki, dünyaşöhrətli violonçel ifaçısının ev-muzeyində təşkil olunan konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında xarici və yerli bəstəkarların əsərləri səsləndirilib. 

 

Muzeyin işçiləri tərəfindən maestronun həyat və yaradıcılığından bəhs edən məruzə oxunub və qonaqlara M.Rostropoviçə həsr edilmiş “Podsolnux” adlı sənədli film təqdim olunub.

Sonda konsert proqramında çıxış edən şagirdlər muzey tərəfindən təşəkkürnamələrlə mükafatlandırılıblar. 

Qeyd edək ki, M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda violonçelist L.Rostropoviç və piano ifaçısı S.Fedotovanın ailəsində dünyaya göz açıb. İlk əsəri “Polka”nı Bakıda yaşayarkən yazıb. Maestronun zəngin yaradıcılığı dünya musiqi mədəniyyətində silinməz izlər qoyub. O, öz yaradıcılığı boyu əksər ölkələrin saysız-hesabsız orden medallarına, mükafatlarına layiq görülüb. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən Bakıda yaşadıqları ünvanda Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi yaradılır. Ev-muzeyinin yerləşdiyi küçəyə ata və oğul Rostropoviçlərin adı verilib. M.Rostropoviç 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni, 2002-ci ildə isə “İstiqlal” ordeni ilə təltif olunub. 2007-ci ildə Prezident İlham Əliyev 80 yaşlı dahi musiqiçini Azərbaycanın ən yüksək mükafatı “Heydər Əliyev” ordeni ilə təltif edib.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Nüfuzlu “World Press Photo” müsabiqəsinin builki laureatlarının adları elan olunub. “Ədəbiyyat və incəsənət” portalı Ienta.ru-ya istinadən xəbər verir ki, 2022-ci ildə müsabiqədə iştirak edən 127 ölkədən olan 3752 fotoqraf 60448 fotoşəkil təqdim edib. 

 

1955-ci ildən bəri təşkil olunan “World Press Photo” müsabiqəsi ötən ildən yeni qaydalar əsasında – coğrafi tarazlığı təmin etmək məqsədilə iki mərhələ üzrə keçirilir. 

Regional müsabiqə çərçivəsində seçilmiş fotoşəkillər fotojurnalistlər və sənədli fotoqraflar tərəfindən ən aktual və dünyanı narahat edən mövzuları – Ukraynada müharibə, İranda etirazlar, Əfqanıstanda yeni reallıqlar və Talibanın hakimiyyəti ələ keçirməsi, həmçinin iqlim dəyişikliyinin planetin müxtəlif guşələrində - Mərakeşdən Qazaxıstanadək olan ərazidə bütün təzahürlərini əhatə edir. 

Cari ilin qalibləri arasında 16 yerli fotoqraf var. Onlar tarixi hadisələri öz vətənlərində lentə alıb, yəni müsabiqə üçün seçilmiş fotoşəkillər bilavasitə həmin regiona aiddir. Müsabiqədə 24 regional qaliblə yanaşı, jürinin həvəsləndirici mükafata layiq gördüyü altı fotoqrafın da adları elan edilib. Bu, 2023-cü ilə məxsus yenilikdir. Qlobal müsabiqənin laureatları 24 regional qalib arasından seçiləcək. Onların adları aprelin 20-də elan ediləcək. 

2023-cü il regional mərhələsinin qalibləri sırasında Ukraynada müharibəni əks etdirən üç layihə var. İki əsas nominasiya üzrə qaliblər dünyada rezonansa səbəb olmuş fotoşəkillərin müəllifləri olublar.

“Avropa” kateqoriyasında Reuters agentliyinin yunan fotoqrafı Alkis Konstantinidisin fotoşəkli qalib olub. 

“Avropa. Fotoreportaj” kateqoriyasında isə ukraynalı fotoqraf Yevgeni Maloletka qalib gəlib. Təqdim edilən fotoşəkillərdən biri “Ukraynalı hərbçilərin bombardmandan sonra doğum evindən çıxardığı hamilə qadın” fotosudur. Ukrayna müharibəsi və dinc əhalinin əzabları mövzusuna həsr olunmuş daha bir qalib əsərin müəllifi isə “Associated Press” agentliyinin ispaniyalı fotoqrafı və jurnalisti Emilio Morenattidir. Onun fotoşəkilləri “honorable mentions” adlı həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqədə yer tutan fotoları silsilə şəklində portalımızda təqdim edəcəyik.

 

Şəkildə: Yevgeni Maloletkanın əl işi

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aprel ayında da həmişəki kimi maraqlı tamaşalarla çıxış edəcək. Sənət  ocağının aprel repertuarını təqdim edir.

 

1,2 aprel -“Zəfər yolu” 

6 aprel-“Manqurt” 

7 aprel-“Filumena Marturano” 

8 aprel- “Cəhənnəm sakinləri” 

9 aprel-“Ölülər” 

14 aprel - “Dəli yığıncağı” 

15 aprel -“Qətibə İnanc” 

16 aprel -“Ah, bu uzun sevda yolu” 

21 aprel -“Xurşidbanu Natəvan” 

22 aprel -“Zorən şorgöz” 

23 aprel -“Mənim günahım” 

28 aprel -“Şah Qacar”

29 aprel -“Qürbətdən gələn məktublar” 

30 aprel -“Xanuma”

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

“Voice of Amerika” telelayihəsi bütün dünyada məşhurdur, hal-hazırda bizim ölkədə - İTV-də yayımlanan “O səs Azərbaycan” proqramı da həmin layihənin lisenziyası ilə yayımlanır. Və Finlandiyada da hazırda bu layihə uğurla icra edilir. O qədər uğurla ki, bu uğura azərbaycanlı xanım da qatqı verir. Diasporla İş üzrə Dövlət Komitəsininin bir məlumatı bizi çox sevindirdi. Həmin məlumatı “Ədəbiyyat və incəsənət” portalının oxucularına da təqdim edirik. 

 

Demək, Helsinki şəhərində yaşayan soydaşımız, “Azər-Türk” gənclər təşkilatının fəal üzvü Mona Savofiyar “Voice of Finland” (“Finlandiyanın Səsi”) beynəlxalq televiziya müsabiqəsi barədə eşidən kimi ora qatılıb. Seçimdən keçməsi, müsabiqədə iştirak edə biləcəyi xəbərini gənc Mona Bakıda yay tətilində olduğu vaxt alıb.

O, sevincini bu cür bölüşür: “İstirahət zamanı mənə zəng gəldi. Bu, “Finlandiyanın Səsi” yarışının proqram meneceri idi. Onlara dedim ki, Azərbaycandayam, bəlkə gələn il yenidən müraciət edərəm. Lakin onlar mənim sözümü yarıda kəsdilər və səsimi çox bəyəndiklərini dedilər. Dinləmələr Helsinki şəhərində keçirildiyindən, mənə onlayn formatda qulaq asdılar. Bu nəcib davranış məni təəccübləndirdi. Bir həftədən sonra xəbər verdilər ki, dinləməni uğurla keçmişəm və “Finlandiyanın Səsi” yarışına dəvət olunuram”.

Soydaşımız Porvoo şəhərində keçirilən yarışın “Görmədən seçimlər” mərhələsində “You don’t own me” mahnısını ifa edib. Münsifləri seçərkən Mona Finlandiya müğənnisi Anna Puunun komandasında olmağa üstünlük verib və növbəti mərhələyə keçib. 

“Qarşıdurma” mərhələsində Mona rəqibi ilə bilikdə “Ain’t no mountain hugh enough” mahnısını ifa edib. Bu mərhələdə də ustadı Anna Puu güclü səsə və xarizmatik görünüşə malik olan Mona ilə yarışı davam etdirmək qərarını verib. 

“Finlandiyanın Səsi” yarışının gedişində 18 yaşı tamam olan Mona Savofiyar müsabiqə zamanı onu Azərbaycan diasporunun dəstəklədiyini də söyləyir:

“Məni Finlandiya azərbaycanlıları, diasporumuz dəstəkləyirdi. Yolda hətta öz aramızda zarafat edirdik ki, Finlandiyada “Finlandiyanın Səsi” Azərbaycan olacaq. Ən xoş hadisələrdən biri isə ustadım Annanın mənə doğum günü sürprizi oldu. O, məni münsiflər heyətinin kreslosuna əyləşdirdi və digər münsiflərlə birlikdə “Happy birthday” mahnısını ifa etdi”, - deyə Mona təəssüratlarını bölüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yalnız dörddəbir final mərhələsində soydaşımlz müsabiqəni tərk edib. Razılaşın ki, Alona -Jenny Mulenqa kimi peşəkar ifaçı kimi rəqibi olan gənc və təcrübəsiz həmyerlimiz bu həddə kimi gəlməklə artıq sensasiyaya imza atıb. 

Mona bildirib ki, “Finlandiyanın Səsi” yarışından sonra Azərbaycanın pozitiv enerjisini və gücünü göstərmək məqsədilə “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə də qatılmaq istəyir. Əlbəttə ki, həmyerlimizə uğurlar arzulayırıq.

Kim deyər ki, Mona Savofiyarın musiqi yarışmasında iştirakı tamaşaçı fimlərdə Azərbaycan sevgisi oyatmadı?

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları, gənc istedadlar Məhta Məhəmmədəlizadə (qanun) və Rəhman Abdullayev (tar) çıxış ediblər.

Solistlər tərəfindən Hacı Xanməmmədovun Tar və orkestr üçün 3 nömrəli konserti, həmçinin Kamança və orkestr üçün konserti dinləyicilərə təqdim olunub. 

Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Tanınmış dirijorların rəhbərliyi altında gənc ifaçıların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Cümə axşamı, 30 Mart 2023 10:45

Macarıstanlıların sevdiyi insan

“Ədəbiyyat və incəsənət” portalı vasitəsilə Elman Eldaroğlu növbəti dəfə uzaqları yaxınlşadırıb, əksəriyyətimizin tanımadığı, ancaq tanınmağı haqq edən bir şəxsi tanıtmağa cəhd edib. 

 

 

"Uzun illər qürbətdə yaşasam da heç vaxt azərbaycanlı olduğumu unutmamışam. Bacardığım qədər Azərbaycana, soydaşlarımıza faydalı olmağa çalışmışam. Azərbaycanın Macarıstandakı səfirliyinin tədbirlərində mütamadi iştirak etmişəm. Qarabağla bağlı kitabların macar dilinə tərcümə edilməsində, işğal altında qalan torpaqlarımız, bütövlükdə Azərbaycan haqqında yazıların ölkə mətbuatında çap olunmasında xidmətlərim olub."- söyləyir...

 

Haqqında söhbət açdığım Ramiz Əmirli 1958-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində dünyaya gəlib. 1975-ci ildə orta təhsilini həmin kənddə başa vurub. 1976-1978-ci illərdə sovet qoşunlarının sırasında Macarıstanda hərbi xidmətdə olub. Əsgəri xidmətdən sonra vətənə dönüb və Bakı Dövlət Universitetində kitabxanaçı ixtisasına yiyələnib. 1984-cü ildən Macarstanda yaşayır. Onu Macarıstana qaytaran bir macar qızına olan sevgisi olub. Qırx ilə yaxındır ki, orada yaşayır. İki oğul atasıdır…

Macarıstanda məskunlaşdığı ilk vaxtlar Varpalota Alüminium zavodunda işləyib. 1993-cü ildə Budabeştə köçüblər. Elə o vaxtdan da böyük şirkətlərdən birində baş menecer vəzifəsində çalışır. 2011-ci ildə "Macar-Azərbaycan Birgə Cəmiyyəti"ni yaradanlardan biri olub və hazırda həmin təşkilatın prezidentidir. Bu cəmiyyətin xətti ilə çox işlər görüb. Ramil Səfərovun vətənə qaytarılmasında böyük xidmətləri var…

Deyir ki,- "Bir gün İlham Rəhimovla məşhur milyarder Qod Nisanov Macarıstana təşrif buyurdular. Onları ölkənin yüksək vəzifəli məmurları ilə görüşdürdüm. Azərbaycan prezidenti İlham Əliyevin göstərişini həyata keçirmək məqsədi ilə Ramilin azadlığa çıxması üçün il yarım vaxt sərf etdik. Bu işdə mənə bir nüfuzlu macar dostumun çox böyük köməyi dəydi və gördüyünüz kimi Ramil Səfərov artıq azadlıqdadır...”

Vətəndən uzaqda yaşasa da Azərbaycan dövlətinə həmişə sədaqətli olub. Macar rəsmilərinin Azərbaycana səfərlərində, Azərbaycan rəsmilərinin Macarıstanda görüşlərinin təşkil olunmasında yaxından iştirak edib. Dəfələrlə Heydər Əliyev, İlham Əliyev, Recep Tayyip Erdoğan, Ahmet Davutoğlu və Mevlüt Çavuşoğlu ilə görüşüb. Dünya liderlərinin çoxunun tanıdığı Marius Vizerlə, Avropa Şurasında yüksək vəzifədə çalışmış, macar-rumın siyasi həyatında öz izini buraxmağı bacarmış məşhur Tökes Laszlo ilə, Macarıstanın tanınmış insanları olan Boross Gabor, Szarvas Attila, Borbala Obrusanszky, Jozsi Zoltan Marton və sairə kimi insanlarla dostluq edib...

O qədər sadə, təvazökar birisidir ki, onu həm Macarıstanda, həm də Azərbaycanda çox adam sevir. Yaxın dostu, Macarıstanın sabiq baş nazirinin oğlu Boross Gabor deyirmiş ki,- inanmaram ki, azərbaycanlılardan ikinci bir insan tapılar ki, onu Ramiz qədər sevə bilək! 

Mütaliə etməyi xoşlayır, milli musiqimizi dinləməkdən doymur. İstəyir ki, Qarabağ tezliklə işğaldan tam azad edilsin. Azərbaycan cəmiyyətinin yumruq kimi birləşməyini arzulayır…

Çox insanlara əl tutub. Macarıstanda 1500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bir çox tələbənin yerləşməsində, müxtəlif problemlərinin həllində yardımçı olub. Hətta bəzilərini evində də saxlayıb...

Bu xoşməramlı insanın 65 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü işlərdə yeni-yeni uğurlar arzulayıram…

65 yaşınız mübarək, Ramiz müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Cümə axşamı, 30 Mart 2023 10:30

Varlanmaq üçün uğur formulu

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim etməkdədir. Bu dəfə o, varlanmaq üçün uğur formulu barədə danışacaq.

 

 

Hər bir kəsin öz uğur hədəfi var. Amma bu uğur hədəflərinin əksəriyyəti yaxşı maddi təminatı olan güzəran qurmağa hesablanır. Yəni ki, uğur deyəndə, çoxumuz üçün bu, müəyyən madiyyat əldə etmək anlamını bildirir. Bir qism insan çalışdığı müəssisədə uğurlu karyeraya can atır, bir qism insan isə gənc yaşlarından başlayaraq öz şəxsi biznesini qurur.

Statistik hesablamalara görə hər il daha çox insan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, pul qazanmağın, firavan həyat qurmağın yolunu bunda görür.

Dünya təcrübəsi göstərir ki, kiçik və orta biznesin potensialı nəhəngdir. Bir sıra inkişaf etmiş ölkələrdə o, ümumi daxili məhsulun 30-50 faizini, dövlət büdcəsinə bütün daxilolmaların 50 faizdən çoxunu təşkil edir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin hər 100 nəfərinə düşən kiçik müəssisələrin sayı 35-dən (Fransa) 75-ə (ABŞ) qədərdir. Ölkələrin iqtisadiyyatının gücündən, həyat şəraitindən asılı olaraq böyük ölkələrdə kiçik bizneslə məşğul olanların daha çoxu şəxsi müəssisələr açaraq hüquqi şəxs statusunda fəaliyyət göstərir. Əsas sahələr isə, adətən, məişət xidməti, iaşə, ticarət, təmir və tikinti, nəqliyyat, hüquqi yardım, kənd təsərrüfatı, səhiyyə olur.  Kiçik iqtisadiyyatlı ölkələrdə isə «bizneslə məşğul olmaq» anlayışına daha çox kiçik topdansatışla məşğul olmaq, habelə dükan və mağazalarda alver etmək aid olur.

Beləliklə, təkrar edək ki, get-gedə daha çox insan biznesə üz tutur. Amma acı reallıq budur ki, hər bir insan da bu yolla pul qazana bilmir, firavan həyat qura bilmir.

Bill Qeyts, Uorren Baffet, Mark Tsukerberq, Ceff Bezos, Çarlz Kox, Amansio Orteqa və bu qəbildən olan dünyanın ən varlı insanlarının sırasına düşmək şansı təbii ki, çox cüzidir. Əgər hazırda dünyada təqribən 8 milyard insan yaşayırsa və bu əhali arasında təqribən 2 000 nəfərin varidatı milyard dollardan yuxarıdırsa, demək, hər milyon adamdan yalnız biri milyardçı ola bilir. Milyardçıları, milyonçuları bir kənara qoyaq, özünə normal güzəran qurmuş adi statistik planet sakinini götürək. Həmin bu «normal güzəran» qurmaq yolu əksəriyyət üçün sahibkarlıq fəaliyyətindən keçirsə, uğurlu sahibkar olmağın zəruri şərtləri bəs nədir?

Mən bu mövzunu illərdir ki, araşdırmışam. Araşdırmalarımın nəticəsi olaraq «Biznesdə uğur qazanmanın düsturu»nu qurmağa müvəffəq olmuşam. Və sevinirəm ki, bu düstur uğurla işləyir, faydalar verir.

İqtisadliyyatı bazar və situasiyalar idarə edir, düzdür! Ancaq dünya iqtisadliyyatının tarixinə nəzər salsaq, görərik ki, həm bazarın, həm də iqtisadi situasiyaların böhran vəziyyətinə düşməməsi, uçuruma yuvarlanmaması üçün hər bir zaman insan faktoru həlledici olmuşdur. Daha dəqiq desək, «dahi insan faktoru» . Dünya iqtisadiyyatının bugünkü uğurlarının, dünya bazarının bugünkü funksionallığının arxasında hər bir zaman dahi iqtisadçılar, strateqlər, liderlər durmuşlar.

Sadəcə olaraq, qarşınıza qoyduğunuz məqsədlərə çatmağın istiqamətlərini müəyyən edin. Uğurlu biznesmen olmaq istəyinizi sizin bütün düşüncənizi, varlığınızı bürüməli olan bir istək kimi hiss edin. Onda siz qaçılmaz olaraq qarşınıza çıxacaq bir çox problemləri həll edə biləcəksiniz.

Aşağıdakı suallara düzgün, açıq şəkildə cavab verməyə çalışın:

 

- Şəxsi biznesimi yaratmaq, ona sahib olmaq və onu idarə etmək üçün mənim hər hansı təcrübəm (səriştəm) varmı?

- Mən özüm hər hansı biznesə başlaya bilərəmmi? Hansı biznesə? Hansı sahədə mən daha güclüyəm? Mən nə ilə məşğul olum?

- Müxtəlif adamlarla mənim qarşılıqlı təmasım yaxşıdırmı? Mən konfliktliyəmmi? Mən güzəştlərə gedə bilərəmmi?

- Mən müxtəlif qərarları nə dərəcədə çevik və düzgün qəbul etməyi bacarıram?

- Mənim biznesi idarə etmək üçün hər hansı məhdudiyyətlərim varmı?

- Mən işi nə dərəcədə yaxşı planlaşdıra və təşkil edə bilərəm?

- Bİznesdə idarəetməyə meyilliyəmmi?

- Mənim biznesim mənim ailəmə necə təsir edəcək?

 

Yolun əvvəlində hətta özünüzün də genişləndirə biləcəyiniz bu suallar sıralanmasına cavab verərkən siz dəqiqliklə müəyyən edə biləcəksiniz:

Təzə nə isə etməyə başlamağa dəyərmi? Həyatınızı dəyişməyə dəyərmi? 

 

Sabah  “Seçimi necə etməli” deyə danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.