ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 29 Mart 2023 10:45

Opera və Balet Teatrının aprel repertuarı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı aprel ayı üçün repertuarını açıqlayıb. Repertuarı təqdim edirik.

 

1 aprel – “Koroğlu” (opera) 

2 aprel – “Xanım vı Xuliqan” (balet), “Balero” (balet) 

5 aprel – “Jizel” (balet)

8 aprel – “Bohema” (opera) 

9 aprel – “Çəkməli pişik” (opera) 

12 aprel – “Orfey və Evridika” (opera-balet) 

15 aprel –“Natəvan” (opera) 

16 aprel –“Dahi hekayəçi” (balet) 

23 aprel – “Yeddi gözəl” (balet)

26 aprel – “Arşın mal alan” (musiqili komediya) 

29 aprel – Bakı Xoreoqrafiya Akademiyasının buraxılış konserti.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

“Korsar”ın Bakı premyerası olduqca uğurlu alındı

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə dünyaca məşhur bir baletin premyerası təqdim olunub. Belə ki, sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın “Korsar” baletini səhnəyə qoyub.

Dünya balet sənətinin ən populyar əsərlərindən olar "Korsar" baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Və mütləq qeyd edək ki, “Korsar” baletinin müəllifi Adolf Adan baleti ərsəyə gətirərkən dünyaşöhrətli Cüzeppe Verdinin eyniadlı operasından illama gəlib. Balet və opera isə məşhur ingilis şairi Corc Bayronun eyniadlı poeması əsasında yazılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, baletin müəllifi Adolf Adan 1803-cü ildə Fransanın paytaxtı Paris şəhərində doğulub. Romantizm dövrünün fransız bəstəkarı çoxsaylı operaların, baletlərin, operettaların müəlifidir. Onun əsərləri dünyanın ən məşhur teatr səhnələrinin repertuarına daxil edilib.

İndi isə baleti ərsəyə gətirənlər barədə: Truppanın mövsümün əvvəlindən bəri üzərində çalışdığı səhnə əsərində əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edib. Quruluşçu baletmeyster və liberotto müəllifi Əməkdar artist Samir Səmədov olan balet dirijor Orxan Həşimov tərəfindən idarə olunub. Səhnə əsərində dekorasiya və kostyum eskizlərinin müəllifi Dmirtri Çerbadjidir.

Baletin süjetində tamaşaçı sevgisi qazanmaq üçün hər şey var: ağlasığmaz gəmi qəzaları, piratların tarixi, oğurluqları, sevgi ehtirasları, məkrli xəyanətlər… Bunlardan başqa al-əlvan kostyumların şərq koloriti, ekzotik rəqslər, klassikanın təntənəli hormoniyası… Və elə bu səbəblərdəndir ki, balet 150 ilə yaxındır ki, dünya repertuarında yer almaqdadır. 

Və ən nəhayət, baş rolun ifaçısı Ayan Eyvazovadan (şəkildə) danışaq. Ayan Azərbaycan balet sənətini beynəlxalq miqyasda uğurla təmsil edir. Polad Bül-büloğlunun "Eşq və ölüm", L.Minkusun "Paxita", P.Çaykovskinin "Qu gölü", A.Adanın "Jizel" baletlərində müxtəlif rollar ifa edib. Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. “Korsar” isə Ayanın növbəti uğurlu işidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Keçmiş nəsillərdən qalan izlər” adlı sərgi açılacaq. Aprelin 6-da açılacaq sərgi 10 gün davam edəcək.

 

“Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.

Qeyd edək ki, sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Və yaxud, Respublika Gənclər Kitabxanasından qabaqcıl təcrübə

 

Adətən kitabxanalara kitablar Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən kitab kollektoru vaaiyəsilə alınır. Amma Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası istisna təşkil edir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər tutanda ki, Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edir, daha ətraflı məlumat almaq və sizinlə bölüşmək təşəbbüsündə buldu. Beləliklə, müsabiqənin şərtlərinin yazarlar üçün, nəşriyyatlar üçün, ümumən kitabsevərlər üçün maraqlı olacağını duyuruq. 

 

Öncə ondan başlayaq ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

 

Şərtlər:

1.

Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 (beş) nüsxə alınacaq.

2.

İştirakçılar tərəfindən nəşrlər mayın 12-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

3.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

4.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

5.

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

6.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

7.

Aprelin 12-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.

8.

Müsabiqəyə yalnız son 2 ildə çap olunan nəşrlər təqdim edilməlidir.

 

Satınalınma qaydaları:

1.

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.

2.

Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. 

3.

Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.

4.

İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

5.

Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.

 

Beləliklə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası gözəl bir təşəbbüs irəli sürüb. Alqışlanmağa layiq bu təşəbbüs oxuculara məhz arzuladıqları, populyar, maraqlı kitabları oxumaq imkanı yaradacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel ayı üçün tərtib etdiyi repertuarı açıqlayıb. Buyurun, tanış olun:

 

1 aprel –“Bremen musiqiçiləri və Pen” , “Ər və arvad”

 

2 aprel –“Düyməcik”, “Mən dəyərəm min cavana”

 

7 aprel –“Nəğməmə inan”

 

8 aprel –“Qırmızı papaq”, “Kimdir müqəssir”

 

9 aprel –“Dəcəl çəpişlər”, “Utancaq qız”, “Baladadaşın toy hamamı”

 

14 aprel – “Molla Nəsrəddinin beş arvadı”

 

15 aprel –“Qırmızı papaq”, “O olmasın, bu olsun”

 

16 aprel – “Qızıl cücə”, “Amerikalı kürəkən”

 

21 aprel – “999-cu gecə”

 

22 aprel – “Sehrli nəğmə”, “Psix”

 

23 aprel – “Qoğalın macərası”, “Bəxtiyar”

 

28 aprel – “Paris Notr-Dama ithaf”

 

29 aprel – “Məchul pilləkən”, “Utancaq qız” , “Anamın kitabı”

 

30 aprel – “Buratino”, “Lara Martins Jazz club”

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

İllərdir ki, Avropada mədəniyyət sahəsində ən böyük hadisə Avropa Bədii Sənətlər Günlərin (Journées Européennes des Métiers d’Art, JEMA/EACD) hesab edilir. Artıq 16-cı dəfə keçirilən tədbir bu il  20 Avropa ölkəsində martın 28-dən aprelin 3-dək keçirilir. 2002-ci ildə Fransada biennale formatında təsis edilən, özündə sərgilər, konfranslar və digər tədbirləri ehtiva edən bu forum 2011-ci ildən başlayaraq hər il keçirilir. Artıq 2012-ci ildə EACD təşəbbüsündə 20-yə yaxın ölkə iştirak edib. Sevindirici odur ki, Avropa xalqılarının ən zəngin mədəni sənətkarlıq nümunələrini yaşadıb təbliğ edən bu tədbirlərdə bu il ilk dəfədir ki, Azərbaycan da iştirak edir. 

 

Və “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Avropa Bədii Sənətlər Günlərinin ilk tədbiri xalça sərgisindən ibarət olub. Sərginin təşkilindən məqsəd incəsənətin və Azərbaycanın zəngin mədəni irsinin, qədim xalq ənənələrinin tərkib hissəsi olan xalçaçılıq sənətinin təbliğidir ki, Avropada bu sənətə maraq hədsizdir.

Daimi sərgilər məkanında - “NUR Art House” qalereyasında Avropa İttifaqı, “World Crafts Council Europe” və “The Creative Europe Programme” təşkilatlarının dəstəyi ilə “Arts Council Azerbaijan” istehsalat birliyi ilə birgə təşkil olunmuş xalça sərgisinin açılışı dünən - martın 28-də baş tutub.

Sərginin açılış mərasimində çıxış edən “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Avropa Bədii Sənətlər Günləri baharda təşkil edilən Avropa Bədii Sənətlər Günləri iştirakçılara xalq sənətinin ecazkar dünyasını kəşf etmək, ustalarla görüşlər keçirmək, təlim mərkəzlərində onların peşəkar təcrübəsindən faydalanmaq, seminarlara və digər tədbirlərə qatılmaq imkanı verir.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko öz çıxışında sərginin təşkilinə görə Dadaş Məmmədova və “NUR Art House” qalereyasının direktoru Röya Tağıyevaya təşəkkürünü bildirib. 

“NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva çıxış edərək bildirib ki, günümüzdə incəsənət aləminə və xalq yaradıcılığının sirlərinə bələd olmaq üçün təkcə muzeyləri ziyarət etmək yetərli deyil. Qalereyada ilboyu təsviri incəsənətə, dizayna, fotoqrafiyaya və əlbəttə xalçalara həsr olunmuş çoxlu tədbirlər təşkil olunduğu vurğulayan natiq deyib ki, bizim üçün birgə parlaq emosiyalar yaşamaq, ən başlıcası – yaradıcı ideyaları həyatda təcəssüm etdirən insanlarla tanış olmaq üçün gözəl imkan yaranıb. 

Sərginin ekspozisiyalarında istər qədim, istərsə də müasir xalçaçılıq nümunələri təqdim edilir. Tədbir çərçivəsində xalçaçılıq sənəti üzrə ustad dərsləri də təşkil olunacaq. 

Sərgi aprelin 2-dək davam edəcək. 

Sərginin növbəti günləri barədə də “Ədəbiyyat və incəsənət” olaraq sizlərə məlumat verəcəyik.

Azərbaycana xoş gəldin, Avropa Bədii Sənətlər Günləri!

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 19:20

Amerikada Azərbaycan xalçaları rüzgarı

Azərbaycanın maddi-mədəni dəyərləri arasında xalçalar xüsusi yer tutur. Hər birimiz uşaqlığımızdan bu əşya ilə tanış olur, onun üzərində ayaq açır, dünyadan da ona bükülmüş köçürük. “Ədəbiyyat və incəsənət” portalı olaraq daim bu mövzunu gündəmdə saxlamağımız da əbəs deyil. Növbəti xəbərdə isə xalçalarımızın Amerika macəraları barədə söz açacağıq. 

 

Azərbaycan xalçalarının dünyaya tanıdılması məqsədilə xaricdə sərgilərin təşkil edilməsi, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması istiqamətində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) növbəti fəaliyyəti Azərbaycan xalçalarının və xalça toxuculuğu ənənələrinin Amerika Birləşmiş Ştatlarında tanıdılması yönündədir. “Azərxalça” ASC və Vaşinqtonda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları – Azərbaycan Ticarət Palatası arasında əldə olunmuş əməkdaşlıq razılaşmasına əsasən, növbəti il ərzində “Azərxalça” ASC istehsalı əsl əl işi, “Made in Azerbaijan” markalı xalçaların həm Vaşinqton, həm də digər ştatların ərazisində sərgi və satışının təşkil olunmasına imkan yaradılacaq. 

“Azərxalça”nın yaydığı məlumata görə, xalçaların ilk sərgisi mart ayının 27-də Azərbaycan Ticarət Palatası ofisinin qalereyasında reallaşıb. Açılışda həm klassik, həm də müasir üslubda olan hər bir xalçanın arxasında dayanan sənətkarlıq, xüsusi bacarıq, məharət və tarix fonunda Azərbaycanın zəngin mədəni irsi hər kəsə təqdim olunub. Sərgidə nümayiş olunmaq üçün ABŞ-ə 76 ədəd xalça göndərilib. Bu siyahıda Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçalar öz yerini alıb. Sərgi iştirakçılarına, eləcə də xalça satın almaq istəyənlərə yalnız ənənəvi üslubda və rənglərdə deyil, modern dizaynlı, müasir interyerə daha uyğun, çağdaş zövqə xitab edən pastel rəngli xalçalar da təqdim olunur. 

“Azərxalça” ASC Azərbaycanda say etibarı ilə işçilərinin böyük hissəsini qadınlar təşkil edən, regionlarda qadınları ən çox işlə təmin edən qurumlardan biridir. Cəmiyyətin ana məqsədlərindən biri də məhz region qadınlarının inkişafına dəstək, onların işlə təmin olunması, sosiallaşması və fərd kimi cəmiyyətin yararlı bir hissəsinə çevirilməsinə dəstək olmaqdan ibarətdir. Bu məqsədlə “Azərxalça” ASC emalatxanalarındakı tədris mərkəzlərində həmin emalatxanaların peşəkar kadrları tərəfindən yeni toxucuların hazırlanması, ixtisaslarının artırılması və unudulmuş texnologiyaların toxuculara öyrədilməsi prosesini mütəmadi olaraq həyata keçirir.

Xaricdə təşkil olunan sərgilərdə hər zaman xalçalarla yanaşı, onları toxuyan Azərbaycan qadını, regionlarda yaşayan toxucuların zəhməti də geniş şəkildə təqdim olunur. 

Xatırladaq ki, sözügedən “Azərbaycan xalçaları” adlı sərgini nəzərə alaraq, kənd qadınlarının səlahiyyətlərinin artırılması məqsədilə ABŞ-nin paytaxtı Vaşinqtonda elan olunan “Qadın tarixi ayı” çərçivəsində şəhər meri Mayor Bouzer 27-31 mart tarixlərini “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan edib. 

Sərginin açılışında giriş sözü ilə USACC-nin icraçı direktoru Natiq Baxışov çıxış edib. Sərginin xüsusi qonağı, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov da çıxışçılar arasında olub.

Sərgi zamanı 27-31 mart tarixlərinin “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan olunmasını təsdiq edən sənəd rəsmi şəkildə “Azərxalça” ASC-ni təmsil edən nümayəndələrə təqdim olunub. Sənədi həm Azərbaycan milli-mənəvi sərvətinin dünyada tanıdılması, həm də “Azərxalça” ASC-nin qazandığı növbəti uğurun göstəricisi kimi qəbul edən nümayəndəlik göstərilən etimad üçün təşəkkür edib.

Bir il ərzində ABŞ-nin digər ştatlarında da təşkil olunacaq sərgilərdə xalçalarla yanaşı, Azərbaycan qadını, xalçaçılarımız və onların əl işləri haqqında sərgiyə baş çəkəcək hər kəsə geniş məlumatlar və müxtəlif videoroliklər təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 11:24

Azərbaycan şeiri Moldovada təqdim edilib

Moldovada rus dilində nəşr olunan “Persona” (“Şəxsiyyət”) toplusunun IV sayında klassik və müasir Azərbaycan şeirinə xüsusi yer ayrılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Şəxsiyyət” Beynəlxalq İctimai Birliyi (Asociaţia Internaţională Obştească “Personalitate”) tərəfindən nəşr olunan, dünya xalqlarının Aleksandr Puşkin, Mihay Eminesku, Taras Şevçenko, Konstantinos Kavafis, Sergey Yesenin, Boris Pasternak, İqor Severyanin, Robert Rojdestvenski, Yevgeni Yevtuşenko, İosif Brodski, Trayan Vasilesku, Arkadi Suçevyanu, Boris Marian, Byalik Naim Nahman, Sergey Yevstratyev, Amihay Nehuda, Teo Kiriak və başqa həm klassik, həm də müasir və tanınmış şairlərinin şeirlərinin yer aldığı topluda Nizami Gəncəvi, Rəsul Rza, Vaqif Səmədoğlu, Ramiz Rövşən və Səlim Babullaoğlunun şeirləri iki dildə-Azərbaycan və rus dillərində təqdim edilib.
Toplunun tərtibçisi və naşiri “Şəxsiyyət” Beynəlxalq İctimai Birliyinin prezidenti, Moldova Yazıçılar Birliyinin üzvü, akademik Sergey Yevstratyevdir.

“Şeirin dili birdir!” devizi ilə çap olunan topluya “Oxucuya naşirdən” adlı “ön söz”ündə Segey Yevstratyev yazır: “ İnsan qəlbini təmizləməyi, bəşəriləşdirməyi bacaran şeir-əbəbi gözəllik deməkdir. Moldova Respublikası çoxmilli dövlətdir.  Odur ki, növbəti toplunun da ideyası burdan yarandı: Moldovada yaşayan millətlərin poeziyasından nümunələri bir yerə toplayaq. Həm klassikləri, həm müasirləri. Hər bir şairin şeiri həm yazıldığı ana dilində, həm də rus dilində təqdim edildi. Özgə cür, yəni bu “Babil basabasında” digər millətlərin təmsilçiləri başqalarını, öz həmkarlarının mətnlərini necə oxuyacaqdılar?! Beləcə çıxış yolu tapıldı. Ayrıseçkilik salmamaq üçün müəlliflərin mətnlərini əlifba sırasıyla təqdim etdik”. “Ön söz”ünün sonunda tərtibçi nəşrə dəstək göstərən həmkarlarına və dostlarına- o cümlədən, Kişineuda yaşayan, uzun illər Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş həmyerlimiz, tanınmış ictimai xadim və iş adamı, hüquq elmləri doktoru Vüqar Novruzova da öz təşəkkürünü bildirib.
Vüqar Novruzov da müxbirimizlə qısa söhbətində Sergey Yevstratyevin bu ideyasını və layihəsini, nəşri yüksək qiymətləndirib: “Toplunun nəşri əhəmiyyətli ədəbiyyat, sənət hadisəsidir. Bir kitabı əlinə götürürsən və onun vasitəsilə həm rumın, həm yunan, həm rus, həm yəhudi, həm Ukrayna, həm də nə yaxşı ki, Azərbaycan ədəbiyyatıyla, bizim şairlərin şeirləri də tanış ola bilirsən. Nizami bizim poeziyanın, sənətin vizit kartıdır, dünya şeirinin olimpində duran dahi şəxsiyyətdir. Ona görə də ilk növbədə şeirimizin Nizamiylə təqdimatı, sərbəst şeirimizin banisi, böyük Rəsul Rza və bu poetik yolun ardıcılları olan görkəmli şairlərimizin şeirlərinin kitabda yer alması da əlbəttə təsadüfi deyil. İnanıram ki, poeziyasevərlər üçün qiymətli hədiyyə olmaqla yanaşı bu toplu həm də xalqların bir-birini yaxından tanımasında az da olsa rol oynayacaqdır”.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 08:30

Hara gedirik? Qlobal maliyyə sabitliyi riskləri artıb

 

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal bazarlarda qeyri-müəyyənlik yüksək olaraq qalır və maliyyə sabitliyi riskləri artıb.

 

BVF-nin rəhbərinin “2023 - Çin İnkişaf Forumu”nda çıxışı mediada yayımlanıb: “Borc səviyyələrinin getdikcə artdığı bir dövrdə inflyasiya ilə mübarizə üçün zəruri olan və uzun müddət davam edən aşağı faiz dərəcələrindən daha yüksək dərəcələrə sürətli keçid qaçılmaz olaraq streslər və zəifliklər yaradır. Siyasətçilər maliyyə sabitliyi risklərinə cavab olaraq qətiyyətlə hərəkət etdilər və qabaqcıl iqtisadiyyatın mərkəzi bankları ABŞ dolları likvidliyinin təminatını artırdılar. Bu tədbirlər bazar stresini müəyyən dərəcədə azaldıb, lakin qeyri-müəyyənlik yüksəkdir ki, bu da sayıqlığı zəruri edir".

K.Georgiyeva vurğulayıb ki, dünyanın rəqib iqtisadi bloklara bölünməsinə səbəb ola biləcək "geoiqtisadi parçalanma" prosesi əlavə gərginlik yaradır. Onun sözlərinə görə, belə bir bölünmə insanları daha yoxsul və təhlükəli vəziyyətə sala bilər. “Bu səbəbdən qlobal iqtisadiyyat ortamüddətli perspektivdə zəif qalacaq”, -deyə o vurğulayıb.

Fondun rəhbəri bildirib ki, BVF bu il qlobal iqtisadi artımın 3 faizdən aşağı düşəcəyini gözləyir, çünki dünya üzrə bir çox mərkəzi bankların monetar sərtləşdirmələri iqtisadi fəaliyyətə təsir etməkdə davam edir. Onun sözlərinə görə, 2024-cü ilin daha yaxşı perspektivə malik olmasına baxmayaraq, gələn il qlobal artımın orta tarixi göstəricidən - 3,8 faizdən aşağı qalacağı proqnozlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 13:15

Günün fotosu: Almaniyanı tətil iflic edib

Günün fotosu: Almaniyanı tətil iflic edib

 

Almaniyada nəqliyyatçıların tətili ölkəni iflic vəziyyətinə gətirib. 

Fotoda Hamburq aeroportundakı vəziyyəti görürsünüz.

Fotonun hüquqları: 

Bodo Marks/(c) Copyright 2023, dpa (www.dpa.de).

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.