Super User
Arif Qeybiyev Elşad Baratın “Şəhidlər” silsiləsində
“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.
Qeybiyev Arif İsmayıl oğlu
Qeybiyev Arif İsmayıl oğlu 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E.Ağayev adına Səncəri kənd tam orta məktəbinə daxil olub. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.
Arif Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa, atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015-ci il Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayiəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak edib.
O, kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi olub.
Arif Qeybiyev 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib qəbul olmasa da, 4-cü dəfə istəyinə nail olub.
2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq tankçı kimi xidmətə başlayıb. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də Füzuli döyüşlərində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz tankından enərək 100-200 metr aralıda olan dostunun tankına çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib.
Arifin həyat yoldaşı İranəyə son mesajı sentyabrın 27-də, səhər 5:42-də yazılıb. Mesajında bunları bildirib: “Canım, nigaran qalma. Özündən, anamdan, gözəl qızımdan muğayat ol. Sizi sevirəm”.
Sonra yenə mesaj yazıb: “Əsas sizsiz. Əsas qızımdan muğayat ol, bir də anamdan. Haqqınızı halal edin. Sizi sevirəm”.
Arif eyni mesajı iki dəfə göndərib – səhər 5:47 və 6:02-də. O gecə yatmayıb Arif. Son mesajlarını yazdığınımı hiss edib? Nələr düşünüb? İndi heç kim bilmir...
İranə deyir ki, Arif öz toyunda gəlin maşınını da bayraqlarla bəzəyibmiş...
Astara rayonunun Ərçivan qəsəbəsində torpağa tapşırılan Şəhidimiz "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Gülnur adında bir qız övladı yadigar qalıb.
“Mənim oğlum çempion idi. Mənim oğlum hər işdə çempion idi”, – deyir Arifin anası Rəna xanım.
Ariflə hərbi xidmətdə olan əsgəri danışır: “Bu itkini sözlə ifadə edə bilmərəm. Elə ürəyi vardı ki... Mən hələ elə ürək sahibinə rast gəlməmişəm. İndi bu gündən baxanda anlayıram ki, həyatımın xoşbəxt günləri onunla keçirdiyim günlər olub. Savaş nələr yaşatdı, nələr öyrətdi. Hələ də inana bilmirəm ki, o, şəhid olub. Elə şən idi. Üzündə nur vardı-ürəyinin nuru... Mən əsgər yoldaşlarımın da adından danışıram. Bu günlərdə onun tankını gördük... Elə bildik ki, indi düşüb gələcək, yenə gülümsəyəcək, yenə hamımıza ürək-dirək verəcək... Ancaq bu baş vermədi”.
2021-ci ilin oktyabrın 10-da Milli Olimpiya Komitəsinin, Atletika Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə Astara şəhər bulvarında şəhid Arif Qeybiyevin xatirəsinə həsr edilmiş atletika yarışı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Federasiyanın baş katibi Məhərrəm Sultanzadə, Gənclər və İdman Nazirliyində Federasiyanın əməkdaşı Sevda Mirzəyeva və Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov iştirak ediblər.
Çıxış edənlər şəhid Arif Qeybiyevin qəhrəmanlığından, şərəfli döyüş yolundan danışaraq onun vətənpərvərliyinin, xalqına sevgisinin gənclər üçün örnək olduğunu diqqətə çatdırıblar. Həmçinin şəhid Arif Qeybiyevin ölkəmizin idman həyatına verdiyi töhfədən, yarışlarda qazandığı uğurlardan danışılıb, Birinci Avropa Oyunlarında olimpiya məşəlini məhz Astarada onun qaldırdığı qeyd edilib, olimpiya komandamızın ilk şəhidi olduğu vurğulanıb.
Geyindin öz əyninə
Şəhidlikdən don, şəhid.
Döyüşdə və yarışda
İgid, çempion şəhid.
Müqəddəslik adına
Sən əbədi sahibsən.
Hər yarışda birinci,
Hər döyüşdə qalibsən.
Bilmirəm, necə olur
Döyüşlərdə qan etmək.
Vətən, dostun yolunda
Canını qurban etmək.
Fəxrlə oxuyuram
Tərcümeyi-halını.
Sənin kimi igidlər
Çəkib zəfər yolunu.
Sonuncu məktubun da
Çıxdı mənim qarşıma.
Əlimdə kağız, qələm
İslandı göz yaşımla.
Mən şairəm, duyuram
İnsanı bir sözündən.
Qəlbinin böyüklüyü
Görünür üz-gözündən.
Səninlə fəxr eləyir
On milyon insanım da.
Qızın Gülnur balamız,
Anan Rəna xanım da.
Rahat uyu, şəhidim,
Sən çempion, qoçaqsan.
Bu millətin qəlbində
Əbədi qalacaqsan.
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
“Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.
Üçüncü xatirə
«Ötən əsrin 70-ci illərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb ondan səfərlə bağlı müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: «Moskvadan nə istərdin? Mən də müsəlmanam, bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən».
Onun belə sadə, səmimi münasibəti məni cəsarətləndirdi və özümün ən vacib problemim üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsəyib dedi: «Mən elə bilirdim, sənin xahişin böyük bir problem barədə olacaqdır. Elə bu? Həll edərik!»
İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazı yoxdur. Beləcə, biz ailə qura bildik, Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu.
Mən, həyat yoldaşım və üç övladım ömrümüz uzunu o böyük şəxsiyyətə minnətdar olacaq, onu unutmayacağıq»
Məhəmməd Xeyir Vadi (Suriyanın Çin Xalq Respublikasındakı səfiri)
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
“Həyatda insanı özünə aparan yol qədər çətin yol yoxdur” - Herman Hessenin aforizmləri
“Ədəbiyyat və incəsənət” portalı məşhur alman yazarı, filosofu Herman Hessenin aforizmlərindən seçmələri təqdim edir. Aforizmləri dilimizə İlham Abbasov cevirib.
– Kiməsə nifrət ediriksə, özümüzdə olan mənfi cəhətlərin onda daha çox olduğuna görə edirik.
– Biz bir-birimizin qəlbindən keçənləri anlaya bilərik, amma qəlbimizdən həqiqətdə nə keçdiyini yanlız özümüz anlada bilərik.
– İçimdən gələn istəklərə uyğun yaşamaq istəyirdim. ...Bu, necə də çətin imiş.
– O sevdi və özünü tapdı, amma sevənlərin çoxu özünü itirir.
– Tənhalıq sərbəstlik olsa da, həm də soyuqluq deməkdir. Tənha ulduzların sərbəst dolaşdığı kainat kimi soyuq...
– Həyatda insanı özünə aparan yol qədər çətin yol yoxdur.
– İnsan bir şeyi axtaranda gözünün qabağında olan başqa şeyləri görə bilmir.
– İnsanların çoxu üzməyi öyrənənə qədər heç vaxt üzmək həvəsinə düşmür.
– Həyatda öz yolu ilə gedən hər kəs qəhrəmandır. Bunu bacaran hər kəs hətta səhvlər etsə belə, hamının getdiyi yolla gedənlərdən üstündür.
– İnsan həyatının mənası axtarmaq və tapmaqdadır.
– Düz xətlər yalnız həndəsədə var, həyatda və təbiətdə isə yoxdur.
– Pis şeir yazmağın sevinci yaxşı şeir oxumağın sevincindən çoxdur; özgənin yazdığı pis şeiri oxumaqdansa, özünüz pis şeir yazsanız, daha çox sevinc hissi yaşayarsınız.
– Həyatda nəyəsə sevinmək üçün kimdənsə icazə almalısansa, deməli, sən, doğrudan da, bədbəxtsən.
– İnsan özündən keçməklə, nəyinsə yolunda ölməklə ölümsüzlük qazana bildiyi kimi, özünü qorumaqla, həyatdan əl üzməməklə də ölümsüzlük qazana bilər.
– İnsanın azadlığı əsasən asılılığı könüllü seçməkdə özünü göstərir.
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
Qurna, Şən mahnı günü, Məhmət Akif Ərsoy
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
20 dekabrın təqvimi
Hər vaxtınız xeyir! Budur, daha bir ilimiz sona çatmaq üzrədir. İlin sonuncu tam həftəsinə daxil olmuşuq. Əlamətdar hadisələrlə, yubileylərlə bol olan bir həftə yaşayacağıq. İlk olaraq isə Beynəlxalq İnsan Həmrəyliyi Günündən başlayırıq
Beynəlxalq İnsan Həmrəyliyi Günü
BMT Baş Assambleyasının təqvimə saldığı bu gün 2006-cı ildən qeyd edilir, yoxsulluğun ləğvi uğrunda hərəkatın 10-cu ildönümünə həsr edilib. Qəbul edilən qətnamədə deyilir: “Həmrəylik - 21-ci əsrdə insanlığın fundamental dəyərlərindən biri olacaq!”. Təki həqiqətən də belə olsun. Bir dövlətdə zümrələr, hakimiyyətdə olanlar və olmayanlar, varlı və kasıblar, böyük və xırda xalqlar, dünya üzrə isə hegemon və asılı dövlətlər, inkişaf edən və inkişafdan kənar dövlətlər həmrəy olsunlar.
Şən mahnı günü
Mahnılar əsasən “şən” və “qəmli” bölgülərinə uyğun gəlirlər, bu gün dünyada şən mahnı günüdür. Mahnısevən, rəqssevən insanlarımız üçün təbii ki, şən mahnılar daha məqbuldur, bu sayaq mahnılara “diringi mahnılar” deyilir el arasında. O ki toyda girirsən meydana, yalnız tappatarap eşidilir, nəfəsin kəsilincəyə qədər çıxmırsan, bax həmin mahnıların günüdür bu gün. Amma dünyanı dərk edən, dərk etdikcə bütün təzadları, ədalətsizlikləri, haqsızlıqları görən insanlar əsla şən mahnıları sevməzlər. Tarix boyu müharibələr, işğallar görən xalqımızın xalq mahnıları da kədərə köklənib, yəqin diqqət etmisiniz. Elə sevgi mahnıları da bu ovqata köklənib, ayrılıqdan, nisgil və kədərdən bəhs edib. Birində “Apardı sellər Saranı” deyiblər, birində “Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala” deyiblər, birində də “Bu sevda nə sevdadır, səni mənə verməzlər” deyiblər.
Dünyada ən ağır dərd anlamaq dərdidir, kaş ki insan anlaya bilməyəydi, yalnızca həmin o diringi mahnılara oynayaydı...
Milli qəhrəmanımızın anım günü
Milli qəhrəmanımız Riad Fikrət oğlu Əhmədovdan danışmaq istəyirəm, o şəxsdən ki, sağ olsaydı bu gün 68 yaşını qeyd edəcəkdi. DTK-nın Minskdəki Ali məktəbində təhsil almış Riad Əhmədov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin yarandığı gündən ilk könüllülər sırasında erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, Çaykənd uğrunda döyüşdə yaralansa da, növbəti əməliyyatlarda iştirak etmişdir. Polkovnik-leytenant Riad Əhmədov 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, bir sıra kəndləri düşməndən azad etmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. Şəxsi şücaəti və igidliyi ilə seçilən Riyad Əhmədov 1992-ci il yanvarın 25-də “Daşaltı əməliyyatı”nda itkin düşmüşdür. İndiyədək onun haqqında heç bir məlumat yoxdur. O, Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında itkin düşmüş hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Riad Əhmədovun keçdiyi şərəfli döyüş yolunu əks etdirən “Qayıt Riad” və “İgidnamə” adlı sənədli filmlər çəkilmişdir. Hazırda Bakı şəhərindəki 203 saylı orta məktəb onun adını daşıyır.
Əziz Nesin və Məhmət Akif Ərsoy
Bu gün əksər postsovet ölkələrində dövlət təhlükəsizliyi əməkdaşları günüdür, eləcə də üzdəniraq qonşularımızda. Makao öz yaranışı, Panama matəm, Qviana qul olmaqdan xilası gününü qeyd edəcək. Myanmada maraqlı bir təcrübə var, hər ilin bu gününü Bo Aunq Çjo günü kimi qeyd edirlər, həmin tələbə 1938-ci ildə Myanmanın azadlığı uğrunda ilk şəhid olub. İlkləri unutmamaq gözəl ənənədir. O ki qaldı Amerikaya, mətbəxsevər amerikalılarda bu gün “Sanqriya” içkisi günüdür.
1880-ci ilin bu günündə Nyu-Yorkda, Brodveydə tarixdə ilk dəfə elektrik işıqları yandırılmışdır, odur ki, 20 dekabrı “nurlu gün”, “ağ işıq günü” kimi də adlandırırlar. 1948-ci ilin bu günüdə Zənzibarda Abdulrazak Qurna dünyaya gəlib, hansı ki, 2021-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Bu gün iki böyük türk yazarının da doğum günüdür. 1915-ci ildə İstanbulda tanınmış türk şairi və satiriki Əziz Nesin doğulub. 1873-cü ildə isə Fatehdə Məhmət Akif Ərsoy dünyaya gəlib, Türkiyənin İstiqlal marşının yazarı.
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
POETİK QİRAƏTdə Yusif Nəğməkardan “Sandal ağacının elegiyası”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Yusif Nəğməkar görüşür. Şairin təqdim edilən şeiri elə bu gün yazılıb.
SANDAL AĞACININ ELEGİYASI
Ürəklərin quru səhrasına ağac-ağac
əkilmişdi ümidlər;
Qanq çayının dalğalı sükutuna dikilmişdi ümidlər...
Cənubi Afrikanın göylərdən enmiş müqəddəs suyu Qanqın
acısımı toz udumu?!.
Yandırılmış cəsədlərin
Küllərilə küllənən su
Günahları yudumu?!.
Eh, yudu-yumadı,
Bu qanlı su özünü təmizləyə-təmizləyə aramsız axır, axır,
Axır ki, axır və ilaxır...
Əsəbimə əl vurub,
Səbrimin üst qatını
oda müntəzir yonqarla
Yonur Sandal ağacı;
Üstündə al-qırmızı meyvələri qızara-qızara
yanır Sandal ağacı...
Hər yananda Yerləri, Göyləri, ənginləri yandırır.
Seçilən insanları-
Zənginləri yandırır...
Baş bəlası,
Axın-axın seyrçinin ah-nalası
bürünən çayın sahilində hər gün
Neçə-neçə insan yası;
Nəfəssiz cəsədlərin kremasiyası-yandırılması...
Bahalı Sandal ağaclarının
alovuna bürülü nəşlər-
Nə qadınlar, nə kişilər, nə eşlər!..
Ətirli Sandalın tonqalında
adlı-sanlı zənginlər,
Çıl-çırpıların testü boğan odunda
kasıblar yandırılır...
Bu fərqli alovların mənfur görüntüsündə
insanlara fani dünyanın ayrıseçkilik "qanun"u qandırılır...
Donub qaldım o qərib ölkədə bir kənarda,
Duydum ki,
Heyrətin də qəlbi
Yanar da, donar da...
Məşum mənzərədən bərələn gözlərimə
göstərə bilmədim
o zavallı mərasimin yerini.
Düşündüm ki, ölkə var
orda ölünü yandırırlar,
Ölkə var dirini...
O səbəbin
Yazmaq üçün şeirini
Görəsən, bir sübh çağı çağırsaq
Allah açarmı ölümlərin sirrini?!.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
“Başqa bir adı yox ki, vətən üçün "ölməyin"
Elman Tovuz yazır
Bu gün dəyərli ziyalı, sevilən pedoqoq, gözəl şair Mikayıl Bozalın doğum günüdür. 65 illik yubileyidir. Bu münasibətlə şair Elman Tovuzun yazdığı təbrik mətnini diqqətinizə çatdırırıq.
Adı, həm bir şəxsiyyət, həm hoca, həm dost olaraq hər zaman başda çəkilən əzizim Mikayıl müəllim, yeni yaşa qədəminiz mübarək! Doğrusu, sizi poeziyaya bənzədirəm; canınızda klassika da var, modernlik də. İstər yaşlı nəsllə, istərsə də gənclərlə ünsiyyətiniz bunu diqtə edir. Həm keçmişin ağır, samballı kişisi, həm müasir dövrlə ayaqlaşan gənc nəslin nümayəndəsi olaraq - Sizə ancaq qibtə etmək, haqqınızda söhbət düşəndə sevinmək belə azdır. Bir dəfə də bu haqda yazmışdım, "Mikayıl"təbiət mələyinin adıdır, - deyirlər. Mənsə deyirəm, abim Yer üzünə göndərilmiş mələkdir.
Həm telefon zənginə, həm tədbirinizə də bir şey qalsın deyə sözümü sizə yazdığım bir şeirlə bitirməklə yanaşı, ən xoş arzularımı ismarlayıram. Tanrı yazan ömür payının qalanını da sağlam canla, huzur içində, uğurlar və həyat sevinciylə - könlünüzcə yaşayasınız.
*
Sən göylərin sevimli mələyisən, deyilmi,
Görəsən, yer üzünə axı hardan gəlmisən...
Çapıb Şimşək köhləni, ağatlı oğlan kimi,
Qoşulub yağışlara saf sularnan gəlmisən?
Ya ruhlar aləmindən enmisən torpaq üstə,
Onunçün, bu torpağı belə sevirsən, nədir?!
Təbiət mələyisən deyə, hər yarpaq üstə
Əsməyin özü belə, canlı bir əfsanədir.
Niyə göndərib səni yer üzünə Yaradan –
Gəlmisən, baş çəkəsən hər çiçəyə, hər gülə.
Bir duyğu ocağısan təpədən dırnağacan,
Haqdan verilib sənə əldə tutduğun qələm.
Bu yurdun qismətidir sıramıza gəlməyin,
Az-az gəlir dünyaya belə örnək adamlar.
Başqa bir adı yox ki, vətən üçün "ölməyin",
Düşməninə sərt olur dosta kövrək adamlar.
Gözümdə ucalığı boyundan çox-çox ucam,
Məni fikirlərimdə aldatmadı heç zəndim.
Yeri gələndə dostum, yeri gələndə hocam,
Hər yerdə adımızı qoşa çəkən əfəndim.
Necə deyib deyənlər: bir millət, iki dövlət!
Biz də belə bölmüşük bir ruhu iki cismə.
Birgə olmaqdan gözəl varmı yenə səadət,
Nə qədər yaşayarıq...
yaşadarıq,...
ya qismət!
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Xarici turizm sənayesi nümayəndələri və blogerlərin Azərbaycana səfəri təşkil olunub
Dekabrın 14-dən 18-dək Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə qış turizmi mövsümünün açılışı ilə bağlı Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Rusiya, Özbəkistan, Qazaxıstan və Belarusdan 90-a yaxın turizm sənayesi nümayəndəsi və blogerlər üçün “Şahdağ” Turizm Mərkəzinə tanışlıq səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, səfər zamanı qonaqlara kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.
Həmçinin onlar kompleksdə təklif olunan kvadrosikl, kanat yolları, “Alpine Coaster” attraksionu və digər xidmətlərlə tanış olublar.
Bundan əlavə, səyahət və turizm sektorunda əməkdaşlığın qurulması, həmçinin təcrübə mübadiləsinin aparılması məqsədilə dekabrın 18-də Bakıda 80 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Endirim
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Yeni və fərqli gülüş menyüsü ilə davam edirik. Qısa aforizmlərsayağı gülməcələr. Bəyənəcəyinizə əminəm.
“Oxumaq, oxumaq, yenə də oxumaq”.
Çox səhv təlimdir. Bir əldə üç qarpız tutmaq olmaz.
Marketlər qiymət artımını indi bizə minnətlə edirlər. Dünən 3 manata satdıqları xamanın bu gün üstünə endirim yarlıkı yapışdırırlar ki, guya qiyməti 3.50 imiş, 3.30-a salıblar.
Ay bərəkallah!
-Şalvar haqda qısaca nə demək olar?
-Şortik.
Dünyanın ən cəsarətli adamları sosial şəbəkələrdəki anonim adamlardır.
Tərbiyəli kişi sement kisəsi daşıyan qadının iş prosesinə irad tutmamalıdır.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
REDAKSİYANIN POÇTUNDAN - “Beyləqanın yovşan qoxusu”
Aygün Bayramlının yeni şeiri
“Ədəbiyyat və incəsənət” portalının poçtunda Beyləqan rayonunda piano müəllimi işləyən, şeirləri ilə dövri mətbuatda tez-tez çıxış edən istedadlı şair Aygün Bayramlının məktubu var. Aygün xanım Beyləqana aid şeir yazdığını və bu şeiri elmi yaradıcılığı, tədqiqat işləri ilə bağlı yazdığını bildirir, portalda yayımlanmasını arzulayır. Buyurun, istəkli oxucular, tanış olun.
Yovşanlı torpaqların
Altı tarix, üstü tarix
Gözü yolda qalan diyar,
Ulu torpaq, ulu diyar.
Sən haradan gəlmiş idin
Haralarda tutdun qərar?
Əsrlərin süzgəcində
İlim ilim ilmələnən,
Zillətlərə, zülmətlərə
Sinə gərən
Ərən diyar...
3-4 əsr ölü qaldın,
Diriltmədi səni gəlib gedənlərin,
Elə baxıb köks ötürdü torpağına,
Torpaq altda qalanına
Əsrlərdir ölən qala,
Örənqala...
Səni tarix unudarmı?
Sən tarixin özüsən
Mücirəddin torpağısan
Məsud Namdarın elisən.
Baş qoydu sənin yolunda Müsafirin,
Havalandı Ozan Murad,
Havalandı sinəsindən el havası-
Qaraca!
Çaldı əllər, qolça qopuz,
"Qaraca oğlan" çaldı,
Özü qalmayan ərlərin
Qaldı, izləri qaldı...
Oğuz yurdu, Boyatdan bir ər qopan
Dədəm Qorqudun diyarı
Ozan Əsədin diyarı,
Sirli, sazlı, sözlü diyar...
Ucaldı Mil-Minarədən azan!
Dündə də, bu gün də ,sabah da ucalacaq
Bu torpaqda yatan neçə ulu babam
Yenə yatır, dünya durduqca yatacaq.
Burda Peyğəmbərlər yatır.
Ənzələ, Sarı, Qərib, Cərciz peyğəmbərim yatır.
Beyləqan peyğəmbər yurdu
Müqəddəslərin məkanı, son mənzili...
6 min il yol gəlirsən,
Dəvələrin karvanında,
At belində gəlirsən.
Minarənin məşəl ilə işıq salan yollarından,
Əbu Musa tamahındandan keçib gələn,
Qala dövlət!
Dözən, duran, qaya dövlət!
Babəkin doğma şəhəri,
Neçə yüzilliklər keçdi, burdan kimsələr keçmədi,
Viran qaldın, xarab oldun, öldün, öldün-dirildin...
Bu gün yenə ayaqdasan,
Allahın əli çatan, ünü yetən yerdəsən,
Sən Xan qızı ürəyində,
Nizaminin qəlbindəsən,
Mənim peyğəmbər yurdum,
Mənim "Tanrı Şəhərim"
Yaşa, dünya durduqca ərənlərin diyarı,
Mücirin avazıyla ucal, ucal deyirəm,
Mənim tarixi yurdum,
Tarix qoxan şəhərim,
Yaşa, dünya durduqca, yaşa mənim diyarım!
İç şəkildə: Mücirəddin Beyləqani.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
“İçimdə ağlamaq ehtiyacı…” - NURƏNGİZ GÜNÜN GÜNÜ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Dodaqlarımda təbəssüm, Bəbəklərimdə ümid və qürur, İçimdə ağlamaq ehtiyacı... Yol gedirəm, yorulanadək.
Ovcumda sirr, Barmaqlarımda qabar, Ürəyimdir... varım-yoxum Yol gedirəm, saplağından qırılanadək.
Saçlarımda rüzgarım, Ruhumda ana laylası, Başımda məğlub eşqim Yol gedirəm, sinəm qaralanadək.
Önümdə silsilə dağlar, Sərt qayalar, soyuq dəniz Qərib canla, bu tək cana, qürub çağı Yol gedirəm, öləziyib saralanadək.
Arxamda sarp enişlər, Çiynimdə Günəş tayası, Ağuşumda Jaləm və titrəyişim... Yol gedirəm, yol olanadək.
Bu təsirli misralar mərhum şair Nurəngiz Günündür, təqribən 40 il öncə qələmə alınıb. “Ağuşumda Jaləm” deyirdi şair, indi şairin qızı, filologiya elmləri doktoru, millət vəkili Jalə Əliyeva Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda düzənlənən Nurəngiz Günün günündə iştirak edirdi…
Azərbaycan ədəbiyyatının fərqli ismi, lirik sentimentalizmin gözəl nümayəndəsi, sevgi və həsrət şairi Nurəngiz Günün 85 illiyi münasibətilə "Nurəngiz Gün 85 - Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı" adlanırdı bəhs etdiyimiz bu tədbir.
Tədbirdə texnika və filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr edilmiş "Günəşin elçisi" esse-monoqrafiyası, AYB katibi Səlim Babullaoğlunun təşəbbüsü ilə Türkiyənin məşhur ədəbiyyat-sənət toplusu olan "Temrin" jurnalının şairəyə həsr edilən xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül" yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayınlanan şeirlərindən ibarət antologiyanın və şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı "Güllərin soyqırımı" kitabları geniş oxucu kütləsinə təqdim edildi.
Tədbiri açan Səlim Babullaoğlu Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan şair olduğunu diqqətə çatdırdı. Səlim Babullaoğlu Nurəngiz Günə həsr edilən nəşrlər haqqında danışdı, bu nəşrlərin hər birinin Nurəngiz Gün yaradıcılığının və şəxsiyyətinin daha böyük miqyasda tanınması və təbliğ edilməsi baxımından əhəmiyyətdən daşıdığını bildirdi.
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Nurəngiz Günlə bağlı xatirələrini danışdı, şairin təkrarsız və bənzərsiz yaradıcılığının xüsusiyyətlərindən bəhs etdi, onun yoxluğunun ədəbiyyatın itkisi olduğunu etiraf etdi.
Daha sonra “Günəşin elçisi" esse-monoqrafiyanın müəllifi Elçin İskəndərzadə, akademik Teymur Kərimli, deputat Arzu Nağıyev, professor Vaqif Yusifli, ədəbi tənqidçi, "Azərbaycan" jurnalının baş redaktor müavini Əsəd Cahangir, "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin, tarix üzrə fəlsəfə doktoru, milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, yazıçı Narıngül Nadir, şair Aləmzar Sadıqqızı təqdim edilən nəşrlər və ədib barədə danışdılar, bu nəşrlərin Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc tədqiqatçılar üçün bir qaynaq olduğunu vurğuladılar.
Sonra çıxış edən Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün kitab müəlliflərinə, Yazıçılar Birliyinə təşəkkürünü bildirdi.
Nurəngiz Gün həqiqətən emosional yazırdı, amma mən onun şeirlərini daha çox belə xarakterizə edərdim: Nurəngiz Gün daha çox dərdli yazırdı.
Bomboş bir səssizlik, bomboş... Boşluqda nə sevgi, nə nifrət, nə səadət, nə hiss, nə səs! Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı? Atım sizə qalsın. Qaytarın qamçımı! Qamçılamaq istəyirəm bu boşluğu!
“Ədəbiyyat və incəsənət”
(19.12.2013)


