
Super User
Mədəniyyət naziri Adil Kərimli sabah Xaçmazda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən sabah - 2023-cü ilin 26 may tarixində saat 10:00-da Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 2) əsasən Xaçmaz, Quba, Qusar rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 19 may 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
Bəs, uğursuzluq nədir?
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik.
Uğurdan danışırıqsa mütləq onun antonimi olan uğursuzluqdan da danışmalıyıq. Əks təqdirdə, mövzumuz tam açılmayacağından onu mənimsəməyiniz də çətinlik törədəcək.
1988-ci ildə 15 müttəfiq respublikadan ibarət olan SSRİ dövləti – dünya siyasətinin kapitalizm və sosializm adlı iki düşmən qütbünün ikincisinin lider dövləti qəfildən dağılmağa başladı. Əlbəttə, sonradan müxtəlif tezislər, arqumentlər irəli sürüləcək, SSRİ-nin son prezidenti Mixail Qorbaçovun «perestroyka» adı altında (hərfi mənası «yenidənqurma» olan bu proses, guya, tarixin ağ ləklərini aradan götürməyə, insanların ideoloji asılılığını yox etməyə, şüur və təfəkkürdə inqilab etməyə, kommunizm diktaturalı idarəetməni demokratik idarəetməylə əvəzləməyə, olduqca qapalı cəmiyyəti açıq etməyə, bütün qara pərdələri götürərək hər şeyi şəffaflaşdırmağa xidmət edirdi) məhz digər güc mərkəzi sayılan ABŞ-ın təhriki ilə quruluşu dağıtması iddia ediləcəkdi. Amma söhbətimizin mövzusu bu istiqamətdə olmadığı üçün biz sadəcə SSRİ-nin dağıdılması faktı üzərində dayanacağıq. 1988-ci ildə, hətta bəzi iddialara görə artıq 1987-ci ildən başlayaraq SSRİ-nin dağılmağa meyillilik tendensiyaları 1991-ci ildə tam olaraq öz labüd sonucunu tapdı. Bir-birinin ardınca bütün müttəfiq respublikalar, o cümlədən də mənim vətənim olan Azərbaycan öz dövlət müstəqilliklərini elan etdilər. SSRİ-nin dağılması ilə Avropa və Asiyanın xəritəsinə 15 yeni dövlət artırıldı, amma bu proses tək bir imperiyanın süqutu kimi yox, bütöv bir sistemin çökməsi kimi tarixə düşdü, Avropanın bütün sosialist ölkələri sosializm kabusundan – dolayısı Kreml asılılığından qurtuldular. Almaniya Demokratik Respublikası adlandırdığımız Şərqi Almaniyanın süqutu ilə Almaniya birləşdi, Çexoslovakiya Çexiya və Slovakiyaya parçalandı, Yuqoslaviya Federasiyasının tək bayrağı birdən-birə Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina, Makedoniya, Kosovo, Çernoqoriya kimi bir neçə bayrağa çevrildi. Beləcə Avrasiya materikinin ərazisində milyonlarla insanın yaşadığı nəhəng bir iqtisadi formasiya digəri ilə əvəzləndi, sosializm kapitalizmə təslim oldu.
Təbii ki, bəşər tarixində ən böyük kataklizmalar məhz formasiya əvəzlənmələri dövründə meydana çıxır. Bir Azərbaycan xalqı olaraq biz də bu kataklizmaların caynağına düşəsi olduq. Oturuşmuş, sabit bir dövlət, tam təminatlı güzəran sanki bizlərə özümüzü okenda etibarlı bir gəminin sərnişinləri ampluasında hiss etdirirdi, qəfildən okean lərzəyə gəldi, çaxnaşdı, gəmini atıb-tutmağa, sərnişinləri də ora-bura çırpmağa başladı.
Bu gözlənilməzlik həyatımızın hər bir sahəsinə sirayət elədi. Əlbəttə, müstəqil bir dövlətin vətəndaşı olmaq şərəfi kimi müsbət çalar gəldi həyatımıza və bu, ən vacib şərtdir. Amma formasiya dəyişkənliyinin yaratdığı konkret çətinliklər, problemlər dalğasının həmləsi qarşısında tab gətirmək də asan deyildi. Formasiya dəyişkənliyi ilk öncə həyatımıza maddi olanın mənəvi olandan daha dəyərdə olması anlayışını gətirdi, adında «kapital» sözünün əks olunduğu bir formasiyada kapitala səcdə qılmaq məcburiyyəti, şübhəsiz, mənəvi olanın ideologiya şəklində hakim olduğu bir cəmiyyətdən çıxan insanları çətinə, dolaşığa saldı. Cəmiyyət qanunları, əxlaq kodeksi, davranış normaları bir andaca bünövrəsi dağılan binalar kimi büsbütün uçub yerə gəldi. Üstəlik pulun dəyişilməsi, istiqrazların dəyərini itirməsi insanları bütün həyatları boyu yığdıqları maddiyyatdan da məhrum etdi.
İnsan adicə bir ölkədən başqa bir ölkəyə gedəndə, yaxud hansısa bir xəstəliklə bağlı qida rasionunu dəyişəndə, yaxud adicə, bir mənzildən digərinə, bir iş yerindən başqa birisinə köç edəndə uzun müddət bu yeniliyə adaptasiya oluna, alışa bilmir, onun fəsadlarını çəkir. İndisə birdən-birə milyonlarla insanın həyatı siyasi, iqtisadi, sosial, mənəvi kontekstdə büsbütün dəyişirdi. Bu da təbii ki, yeni bilik və bacarıqlar, vərdişlər, şablonlardan çıxma, çərçivələri dağıtma tələb edirdi, ən əsası da bir formasiyadan digərinə transfer dözüm, mübarizlik, kreativ düşünmə, adaptasiya bacarığı tələb edirdi. Şübhəsiz, bizlər – keçmiş sosialist düşərgəsinin sakinləri hamılıqla bu keçidi etdik, amma şəraitə uyğunlaşa bilməyib, sadəcə, «uğursuzlar qatarının» sərnişininə çevrilənlərimiz də az olmadı.
Sosiologiyada, iqtisadiyyatda belə bir termin var, «qara qu quşu». Sorbon Universitetinin məzunu olan Livan əsilli Amerika vətəndaşı, maliyyə bilicisi Nassim Tallibin gətirdiyi bu ifadə onun eyniadlı məşhur bestsellerindən götürülüb. Mənası da təqribən bu cürdür: Avstraliya kəşf olunana qədər Köhnə Dünyanın əhalisi əmin idi ki, bütün qu quşları ağdır. Onların bu qənaəti təcrübələrinə əsaslanırdı. İlk qara qu quşu ilə rastlaşma ornitoloqları bərk təəccübləndirdi. Deməzsənmiş, onların quların yalnız ağ olmaları barəsindəki qənaətləri tam yanlış imiş.
Amma bu hadisə başqa bir səbəbdən olduqca əhəmiyyətlidir. Bu hadisə, göstərdi ki, bizim aldığımız təlimlər, biliyimiz necə də dar çərçivəyə sığınıbmış. Cəmi bircə müşahidə – qu quşları ilə bağlı bu hadisə sübut etdi ki, min illərlə yaşı olan aksiomlar yanlış ola bilər. Bircə eybəcər quş hər şeyi çox rahatca alt-üst edə bildi.
Nassim Taleb öz təlimində «Qara qu quşu» anlayışına üç cür xarakteristika verir: birincisi, Qara qu quşu – anomaldır, onu heç kəs gözləmir, gəlişi heç təxəyyülə belə sığışmır; ikincisi, o, nəhəng təsiretmə gücünə malikdir; üçüncüsü – o, insan təbiətinin bizə sürpriz kimi gələn bir hadisə baş verdikdən sonra onu adiləşdirib gözlənilən və izah edilən xarakterdə bəyan etməyə məcbur etməsini özündə ehtiva edir.
Əlbəttə kitabımızın növbəti hisslərindən birində mütləq Nassim Talebin «Qara qu quşu» adlı ölməz əsərinə yenidən toxunacaq, bestsellerin oxuculara fayda verə biləcək əsas məziyyətlərindən bəhs edəcəyik. Amma indilikdə məhz onu vurğulamaq istəyirəm ki, gözlənilməyən, öncədən təxmin edilməyən, gəlişi ilə həm bütövlükdə cəmiyyətlərdə və həm də hər bir ayrıca fərddə fərqli tendensiyalara təkan verən, onları tərpədən bütün hadisələr «Qara qu quşları» adlandırıldığından, təkcə elə bu son dönəmdə biz azərbaycanlıların rastına çıxan quşların sayına diqqət etdikdə adamı soyuq tər bürüyür.
İqtisadi formasiya, onun gətirdiyi dəyişikliklər hətta ailədə və cəmiyyətdə yeni münasibətlərin formalaşması lüzumuna qədər təfəkkürümüzdə yer elədiyi halda Azərbaycanla qonşu Ermənistan arasında olan Qarabağ müharibəsi adı altında növbəti «Qu quşu» təşrif buyuraraq həyat axarımızı büsbütün pozdu. Formal olaraq 1994-cü ildə atəşkəs sazişi imzalanana qədər uzanan, amma realda hələ də davam edən, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı, Xocavənd, Xankəndi, Əsgəran, Hadrut kimi 14 rayonun timsalında 20 faiz Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən, 30000-ə yaxın hərbçinin, 800-ə yaxın mülki şəxsin həyatını alan, 11 min nəfəri əlil edən, rəsmən 4210 nəfərin itkin düşdüyü, 724000 nəfərin məcburi köçkünə çevrildiyi bu müharibə müstəqil Azərbaycanın inkişafına çox ağır zərbələr vurdu, hər bir azərbaycanlının həyatından qapqara izlər buraxaraq keçdi.
2015-ci ildə neft gəlirlərinə hesablanmış büdcə ilə yaşayan, get-gedə çiçəklənən Azərbaycanımıza dünyada baş verən qlobal böhranın, daha çox isə geosiyasi gedişlərin təsiri ilə növbəti «Qara qu quşu» uçub gəldi. Neftin qiymətinin süni olaraq, heç bir proqnozlara gəlməyəcək dərəcədə kəskin ucuzlaşması büdcə kəsirləri yaratdı, yerli valyuta iki devolvasiya ilə dəyərini xeyli itirdi, inflyasiya, iqtisadi böhran ölkəyə zor etməyə çalışdı.
Hər bir ailənin, insanın müəyyən maddi sıxıntısı ailədə, kollektivdə insanlarla münaqişəsindən, ziddiyyətindən doğan problemi, səhhətiylə bağlı rahatsızlığı, doğma və yaxınını itirməyinin dərdi, çin olmayan arzuları ola bilər, bütün bunlar uğursuzluq narazılıqları yaradan fərdi nəsnələrdir. Amma Qara qu quşunun gətirdiyi isə ümumi nəsnələrdir ki, onlar hər bir şəxsin gündəlik həyatında özünü göstərir.
Bəhs etdiyimiz detallar cəm halda bir narazılıq, həyatdan küskünlük əmələ gətirirlər, sonucda da bu narazılıq və həyatdan küskünlük uğursuz insan anlamını formalaşdırır. Bizim qətiyyətimiz azalır, diqqətimiz yayılır, məqsədyönlülüyümüz itir, zərbələrimiz kəsərdən düşür.
Obyektiv və subyektiv səbəblər məcmusu olan uğursuzluq – kitabımızın baş mövzusu olan uğurun antonimi olaraq, əvvəldə qeyd etdiyim kimi, mütləq haqqında bəhs etməyimiz zərurətini yaradır. Arzuladığımız və planlaşdırdığımız məqsədə döğru yolda bizi büdrədən şərait, fiziki vəziyyət olan uğursuzluq barədə təbii ki, xüsusi təlimlər, hansısa düstur və aksiomlar yoxdur. Uğursuzluq – daha çox subyektin dünyagörüşündən asılı olan bir anlayışdır, bəzi adamlar üçün uğursuzluq kimi qəbul edilən bir hadisə, vəziyyət başqası üçün adi hal da ola bilər. Amma istənilən halda qarşıya qoyulan məqsədə çata bilməmək, hədəfi vura bilməmək uğursuzluq kimi qəbul edilir. Abiturient qəbul imtahanından lazımi qədər bal toplaya bilmədi, idmançı çempion ola bilmədi, müəllim attestasiyadan keçə bilmədi, şirkət rəhbəri tenderdə qalib gələ bilmədi, müəssisənin yeni məhsulu bazara girə bilmədi, gənc öz sevdiyinə qovuşa bilmədi və s. və i. – onlarca bu cür uğursuzluq misalları çəkmək olar ki, bu misallar da paritet qaydada həm subyektin özündən, həm də obyektiv reallıqdan qaynaqlanır.
Amma uğur qazanmaq düsturunda subyektin özünün uğura maksimum köklənməsi əsas yer tutur. O, özündən asılı olan, öz əlində olan hər bir şeyi qeydsiz-şərsiz eləməlidir, bunun üçün lazım olan bütün qüvvəsini, imkanlarını səfərbərliyə almağı bacarmalıdır. İdmançıların təbirincə desək, sən həyatının ən həlledici döyüşünə tam hazırlaş. Bəxt həmişə güclünün üzünə gülür. Belədə qələbə mütləq sənin olacaq!
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
Çin incəsənəti sərgisi uğurla davam edir
KOLLEKSİYAYA İNDİYƏDƏK 3000-DƏN ÇOX ŞƏXS TAMAŞA EDİB
Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Huawei Technologies Azerbaijan” MMC şirkətinin dəstəyi ilə “Açıq qapı günləri” keçirilib.
Muzeyin yaydığı məlumata görə, “Açıq qapı” müddətində sərgiyə paytaxt sakinləri, şəhərimizin qonaqları, tələbələr və yeniyetmələrdən ibarət ziyarətçi axını olub, 3000-dən çox insan sərgini ziyarət edib.
“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir.
Sərginin kuratoru və ideya müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir. Layihənin koordinatoru Könül Rəfiyevadır.
Sərginin təşkilatçıları ziyarətçilərə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunan Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradıblar. Sərgi yalnız Çin mədəniyyəti və incəsənətini sevənlər tərəfindən deyil, həmçinin Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən tamaşaçılar tərəfindən də böyük maraqla qarşılanıb.
“Huawei” qonaqlara Çin sivilizasiyasının genişliyini və dərinliyini, qədim İpək Yolunun canlılığını yaşamağa, iki ölkə arasında qarşılıqlı əməkdaşlığı və dostluğu dərinləşdirməyə dəstək göstərməkdən məmnundur.
Bundan əlavə “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən “Xəttatlıq sənəti” , “Çay incəsənəti”, “Kung fu incəsənəti” və “Kağız kəsmə sənəti” mövzularında ustad dərsləri də həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
“Bu bəxt elə ayaq üstündə də yatıb usta” - Güneyli Rəhim Təkin
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Rəhim Təkinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır.
Rəhim Təkin
Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxartdığında ali məktəbə qədər təhsil edib, indi isə sevgi ilə, artıq diqqət ilə ədəbi ərsələri izləyib, içindən coşan duyğuları qələmə alır.
USTA
Nə bir nə on, nə yüzü?! min gəmim batıb usta!
Gəmim batıb da şərab küplərim atıb usta!
O körpəkən də durub öz ayaqları üstə,
Bu bəxt elə ayaq üstündə də yatıb usta!
Yana-yana soyumaq birdən olsa çatladacaq,
Bu çatlaq indi gəlib çiynimə çatıb usta!
Dedim məni o gözəl qız dolandırar başına,
Dolandırıb daşımı, daş ürək atıb usta!
Onu unutmağa xatir çoxum gedibdi mənim,
Azalmağa gedirəm, day əlim batıb usta.
Bu qədər dava nədir mömin ilə dinsizdə?
O bir baxışda behişti alıb-satıb, usta.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
Bəstəkarlar İttifaqında “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı olub
Mayın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Heydər Əliyev İli” çərçivəsində musiqişünas Səadət Təhmirazqızının müəllifi olduğu "Heydər Əliyev və musiqi mədəniyyəti" kitabının təqdimat mərasimi keçirilib.
Öncə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə tədbir haqqında iştirakçılara məlumat verərək, İttifaqının aktiv fəaliyyət istiqamətlərindən danışıb. O, öz nitqində Heydər Əliyevlə bağlı gənclik illərinin parlaq xatirələrini dilə gətirərək deyib: “Bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi ölkə səviyyəsində silsilə tədbirlərlə qeyd olunur. Biz də Bəstəkarlar İttifaqı olaraq bu işdə öz töhfəmizi vermiş oluruq. Azərbaycan Bəstəkarlar İttifaqına Ümummilli Lider Heydər Əliyevin çox böyük diqqəti, dəstəyi və qayğısı olub. İttifaqımız il ərzində silsilə tədbirlər keçirir və bu təqdimat tədbiri də həmin tədbirlərdən biridir. Biz, həmçinin il ərzində Ulu Öndər Heydər Əliyevə həsr olunan bir neçə elmi konfrans da təşkil etmişik. Musiqişünas və bəstəkarlarınız bu cür gözəl tədbirlərə hər zaman öz töhfələrini layiqincə verirlər”.
Sonra musiqişünas, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı müəllifi olduğu kitab haqqında danışaraq Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqət və qayğısından söz açıb: “Bu gün burada təqdim olunan “Heydər Əliyev və musiqi mədəniyyəti” adlı kitab üzərində işləyərkən çox çalışdıq ki, Ümummilli Liderin anadan olmasının 100 illiyinə Azərbaycan musiqi ictimaiyyəti adından bu gözəl ədəbiyyat nümunəsini ərməğan edək. Belə bir ədəbiyyatın bu günün və gələcəyin musiqiçiləri üçün masaüstü kitab olacağından əminik”.
Kulturoloq, professor Fuad Məmmədov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda çıxış edib. O deyib: “Ümummilli Lider hər zaman Azərbaycan mədəniyyətinə böyük diqqət göstərib və həmişə vurğulayıb ki, Azərbaycan xalqı ziyalıları ilə tanınıb. Bu cür gözəl kitabın yaradılması təqdirəlayiq addımdır və mən hesab edirəm ki, yüksək mədəniyyətli azərbaycanlının formalaşdırılması, inkişafı indiki zamanda çox önəmli məsələdir. Düşünürəm ki, burada bu cür kitabların da çox böyük rolu var. Həmçinin musiqi mədəniyyətinin insanın daxili zənginliyi üçün çox böyük əhəmiyyəti var”.
Sonra təqdim olunan kitabın redaktorları dosent Leyla Zöhrabova və dosent Jalə Qulamova "Yeni nəşr olunmuş "Heydər Əliyev və musiqi mədəniyyəti" kitabı haqqında", həmçinin "Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı" adlı məruzələrlə çıxış ediblər.
Natiqlər görkəmli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin universal insan, şəxsiyyət kimi elmə, mədəniyyətə, o cümlədən musiqiyə verdiyi dəyərdən, göstərdiyi diqqət və qayğıdan danışıblar.
Sonda Səadət Təhmirazqızı “Qafqaz-Media” ictimai birliyinin təsis etdiyi “Heydər zirvəsi-100" diplom və medalı ilə təltif edilib.
Bədii hissədə maraqlı musiqi parçaları, video və fotoslaydlar təqdim olunub. Əməkdar artist Ramil Qasımov Müslüm Maqomayevin məşhur “Azərbaycan”, Cahangir Cahangirovun “Alagöz” mahnılarını ifa edib. Eyni zamanda, Xalq artistləri Ülviyyə Hacıbəyova və Yeganə Axundovanın piano ilə ifasında Soltan Hacıbəyovun “Uvertüra”sı səsləndirilib. Həmçinin Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının ifa etdiyi “Zəfər marşı”nın lent yazısı nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
Vətənimdir, vətənimdir, vətənim!!!
Bu gün görkəmli maarifçi şair Abbas Səhhətin doğum günüdür
Bu günə təsadüf edən bur nüçə doğum günləri var, onlara aid yazıları diqqətinizə çatdırdıq. Bu sırada daha biri, çox önəmlisi də ötən əsrin görkəmli maarifçisi və şairi Abbas Səhhətin doğum günüdür, 149-cu ildönümüdür. Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir.
İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək,
Vətəni, məncə, unutmaq nə demək ?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu
-deyən şair vətən müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.
1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.
O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.
1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.
Şairin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.
Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Bu gün məşhur teatr və kino aktyoru Fuad Poladovun doğum günüdür
Bu gün Azərbaycanın məşhur teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti Fuad Poladovun anadan olmasının 75-cü ildönümüdür.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-72-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi “Səlim” rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında “Savalan” rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da baş tutan tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Xalq artisti “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dolu”, “Qara “Volqa”, “Qayınana” filmlərində (ümumilikdə 44 filmdə), “Şah Qacar”, “Qılınc və qələm”, “Yağışdan sonra”, “Mirzə Şəfi”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “İblis”, “Qara dəlik” və sair tamaşalarda rollar alıb.
Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Aktyor 4 may 2018-ci ildə vəfat edib. Fuad Poladov “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Bu gün Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın doğum günüdür
Bu gün Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın doğum günüdür.
Anadan olmasından 130 il ötməsinə baxmayaraq Xədicə Qayıbovanın adı bu gün də böyük hörmət və ehtiramla çəkilir.
Ailənin altıncı övladı olan Xədicə Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə tanınmış ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX yüz ildə Tiflisdə məskunlaşan tatar Terequlovlar nəslindən idi. Hər ikisi ziyalı olan valideynləri qızlarının yaxşı təhsil almasını istəyirdilər. Xədicə xanım Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurur. Professor N.Nikolayevin Fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirir. Həmin il Tiflisdə vərəm xəstəliyi yayılır. Bu bəla Xədicəgilin ailəsindən də yan keçmir. Xədicə xanım gənc yaşında atasını, bacısını və qardaşını itirir. Bu səbəbdən də bir müddət təhsilini davam etdirə bilmir. Ailəsini itirməsi ona çox pis təsir edir və dərin sarsıntı keçirir. X.Qayıbova Azərbaycanın ilk tibb bacısı Nigar Şıxlinskayanın qardaşı mühəndis Nadir Qayıbovla 1911-ci ildə ailə qurur. Nadir Qayıbov Qafqazın müftisi, böyük maarifpərvər Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu idi. Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dörd cildlik toplunun müəllifidir. O, bütün Qafqazda məşhur olan və Azərbaycan mədəniyyəti, həm də maarifi tarixində xüsusi yeri olan Qori seminariyasının Azərbaycan bölməsinin açılmasında təşəbbüskarlardan biri olub.
Xədicə Qayıbova bir müddət Tiflisdə Azərbaycan məktəbində dərs deyir. 1919-cu ildə Qayıbovlar ailəsi Bakıya köçür. Çünki Bakıda Xədicə xanım üçün əlverişli musiqi mühiti vardı. O dönəmlərdə Bakıda xanım musiqiçilərə çox böyük ehtiyac yaranmışdı. Bu ehtiyacın yaranma səbəbi dahi Üzeyir Hacıbəyli idi. O, qadın musiqiçilərin səhnəyə cəlb edilməsinə xüsusi önəm verirdi. Xədicə xanım səhnə üçün yaranmışdı və səhnə də ona qollarını geniş açmış şəkildə gözləyirdi. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı. Xüsusi görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının yüksək mədəni təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclislərinin sədası onun evindən ətrafa yayılırdı. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, özəlliklə Türkiyədən gələn alimlər, şairlər olurdu.
Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra layihələrlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti əsasən maarifçilik missiyalı idi. Sonra o, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılır. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi respublikanın mədəni həyatında fəal iştirak edirdi. Dövrünün görkəmli sənətkarları ilə çalışır, Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak edirdi. Adı keçən kurs ləğv edildikdən sonra o, 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında Nəzəriyyə və bəstəkarlıq ixtisası üzrə professor L.Abdan dərs alır. Xədicə xanım tək musiqi fəaliyyəti ilə kifayətlənmir, ictimai həyatda da fəal iştirak edirdi.
Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir. Ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də 1933-cü ildə sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə xanımı 3 ay müddətinə həbs edir. O da həyat yoldaşı kimi “casusluq”da ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil tapmadıqlarına görə həbsdən azad etməli olublar. Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım konservatoriyada elmi fəaliyyətlə məşğul olmağa başlayır, ömrünü Azərbaycanın musiqi mirasının araşdırılmasına sərf edir. Çox keçmir ki, 1937-ci ildə onun həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır və Rəşad Qayıbov 1938-ci ildə qətlə yetirilir. Taleyin amansız sınaqlarına baxmayaraq, X.Qayıbova enerjili, nikbin və təşəbbüskar bir qadın idi.
1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın Birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi. Arayışda bildirilirdi: “Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra X.Qayıbova öz evində Müsavat Partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə X.Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. X.Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əks-inqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən X.Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb olunmalıdır”.
Bu arayış öz ardı ilə çox böyük fəlakətlər gətirdi. Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də həbs edilir və aprelin 28-dək müstəntiq tərəfindən 9 dəfə dindirilir. 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə, casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnir.
Zaman zalımların və elə cəlladların da cəlladı ola bilər, öz hökmünü gec versə belə... – Güllələnmə hökmünə səbəb olanlar bir müddət sonra özləri də məhkəmə qarşısına çıxarılır. 1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunaraq güllələnməsi haqqında Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir.
Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda beynəlxalq festivalının əsas təşkilatçılarından biri olub
Qırğız Respublikasının Oş şəhərində Çingiz Aytmatovun 95 illik və Muxtar Auezovun 125 illik yubileylərinə həsr olunmuş VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalı keçirilib. Festivalın əsas təşkilatçıları sırasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yer alıb.
Fonddan verilən məlumata görə, festival çərçivəsində dörd gün ərzində 20-dən çox ölkədən elmi, mədəni və yaradıcı nümayəndə heyətləri “Zaman və məkanda dastançının mətni” beynəlxalq elmi-praktik simpoziumunda, sənətkarlıq və xalq yaradıcılığı sərgisində, rəvayətçilərin və dastançıların müsabiqəsində, eləcə də "Mədəni müxtəlifliyin paradı" adlı teatrlaşdırılmış qala - konsertində iştirak ediblər.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu təşkilatın layihə rəhbəri Mirbek Karıbayev təmsil edib.
Festivalın açılış mərasimində Qırğız Respublikasının dövlət katibi Suyunbek Kasmambetov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakçılara müraciətini oxuyub.
Festival çərçivəsində “Zaman və məkanda dastançının mətni” adlı beynəlxalq elmi-praktik simpoziumu gerçəkləşib. Simpoziumun açılış mərasimində Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Mirbek Karıbayev, Oş Dövlət Universitetinin rektoru Kudaiberdi Kojobekov çıxış ediblər.
Simpoziumda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş Azərbaycanlı manasşünas Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənələri” kitabının təqdimatı keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Beynəlxalq Türk Akademiyası ilə birgə nəşr etdirdiyi “Сагымбайдын Манасы” kitabının təqdimatının planlaşdırıldığı da diqqətə çatdırılıb.
Təqdimat mərasimində çıxış edən tanınmış türkoloq, tarix üzrə elmlər doktoru Süleyman Kayıpov Adil Cəmilin müəllifi olduğu kitabın “Manas” dastanına yeni və zəruri yanaşmanı ifadə etdiyini və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib.
Simpoziumda 20-dən çox ölkədən 60-a yaxın alim iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Elmira Axundovanın portretinə yazıçı ştrixləri
May ayının 26-da Azərbaycanın Xalq Yazıçısı Elmira Axundovanın 70 illiyini qeyd edəcəyik. Bu münasibətlə Elxan Zal Qaraxanın yazdığı “Elmira Axundovanın portretinə yazıçı ştrixləri” yazısını oxucularımızın diqqətinə çatdırırıq.
AYB-nin Natəvan klubunda Heydər Əliyevin 100 illiyi ilə bağlı buraxılan xatirə kitabının təqdimatı keçirilirdi. Kitabda Yazıçılar Birliyinin üzvü olan bir çox qələm və fikir adamlarının Ümummilli lider barədə müxtəlif illərdə yazdıqları yazılar toplanıb. Anar, Elçin, İsa Həbibbəyli, Elmira Axundova..., qısası, mən qarışıq çox adamların yazıları vardı bu kitabda. Tədbirdə Elmira xanım Axundova ilə yanaşı oturmuşduq, xətiblərin çıxışları bir-birini sıralayırdı, biz də dinləyirdik və söhbətlər əsnasında qəfil bir fikir yaxaladı düşüncəmi: Görəsən Heydər Əliyev xatirəsi önündə məclisdə və ya kitabda yazıları çıxanlar arasında neçə adam, yanımda əyləşmiş bu gözəl və füsunkar xanım qədər əmək sərf edib? Hər halda çox olmaz-deyə düşündüm, çünki Elmira Axundova deyəndə adamın fikrinə ilk öncə - Heydər Əliyevin bioqrafı məvhumu gəlir. Elmira xanım sözün əsl mənasında Heydər Əliyev irsinin araşdırılmasına bir ömür həsr edib, hər halda yeddi cild bədii-bioqrafik tədqiqat işi yazıb nəşr etdirmək elə-belə məsələ deyil.
Elmira Axundova dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə çap edilmiş qırxa yaxın bioqrafik, siyasi detektiv, bədii-publisist və sənədli tarixi roman janrında kitabların müəllifidir, amma Heydər Əliyev barədə yazdığı çoxcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” əsəri hələlik onun “şah əsəri” hesab edilir. Zənnimcə bu əsər yalnız Heydər Əliyev barədə bioqrafik tədqiqat deyil, böyük və maraqlı bir Epoxanın möhtəşəm səlnaməsidir.
Əsərin 2007-ci il nəşrlərinə önsöz yazmış böyük dostumuz, görkəmli qazax şairi Oljas Suleymenov bu möhtəşəm səlnamə barədə belə deyir: “Mənəvi və bədii axtarışları və imkanları maksimal dərəcədə ifadə edən əsər müəllifin şah əsəri hesab edilir. Hər yazıçının şah əsəri olmur və ola da bilməz. Qələm adamlarının özlərinə verdikləri qiymətlə oxucuların ona verdiyi qiymət heç də həmişə üst-üstə düşmür. Amma bu əsərdə əks olunan gerçək hekayətlərin səmimiliyi, açıqlığı, hadisələrin şahidlərini dilləndirməyi bacarmış müəllifin qeyri-adi ustalığı sayəsində sözün həqiqi mənasında sanballı sənədli proza nümunəsi və yazıçı-publisistin şah əsəri olan bir roman ərsəyə gəlib”.
Oljasdan söz düşmüşkən, mən Elmira xanımla ilk dəfə əyani şəkildə Oljas Suleymenovun yubililey tədbirində tanış olmuşam. Azərbaycanın intelektual elitasının iştirakı ilə keçirilən tədbir Qəbələdə, “Qafqaz” otelində baş tutmuşdu və aparıcı qismində də Elmira Axundova çıxış edirdi. Mən Oljas Suleymenov poeziyasının çox böyük qismini azərbaycancaya çevirmiş bir şair olaraq tam məsuliyyətlə deyə bilərəm ki, Elmira xanım onun poeziyasına çox dərindən bələd olan bir insandır. Tədbirdə Oljas poeziyasından böyük sevgi ilə danışan Elmira xanım əzbərdən söyləyirdi onun şeirlərini. Və onun ifasında artistizm, saxtakarlıq yox idi, o ürəkdən danışırdı, şeirləri ürəkdən deyirdi. Ümumən, yaxşı bilirəm ki, mənim tanıdığım Elmira Axundova nə edirsə etsin, onu ürəkdən, sevə-sevə edir. Məncə bu xüsusiyyət yalnız həyatda deyi, yaradıcılıqda da onun böyük üstünlüyüdür. Oljasın “Mən xalqa heç vaxt yalan danışmadım” misrası bitən bir şeirini deyəndən sonra isə onun gözlərindən yaş gəldi, çünki onun könül dünyası doğruluğa təşnədir. Möhtəşəm poeziyanın verdiyi mükafat - iki damla yaş! Bax budur ədəbiyyat, bax budur sənət. İçində sevgi və səmimiyyət olmayan adam böyük sənətkar ola bilməz.
İndi, Elmira Axundovanın yazılarını oxuyarkən Qəbələdəki həmin an keçir xəyalımdam, səhifədən-səhifəyə keçdikcə onu daha yaxşı tanımağa başlayıram, səmimiyyətinin aurasında əriyirəm sanki. Bir insan, yazıçı öncə özü yazdıqlarına bütün varlığı ilə inanmasa, oxucuları da inandıra bilməz. Amma o inandırır, çünki inandığı şeylərdən yazır, gənc yazıçı Kəramətdən də yazanda, Azərbaycan tarixinin gəlib getmiş ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyevdən də yazanda bunu eyni sevgi, eyni səmimiyyətlə edir. Tarixdə, antik dövrdən başlayaraq bu günə kimi hökmdarlar barədə yüzlərlə, bəlkə də minlərlə əsərlər yazılıb, amma yalnız bunu bədii şəkildə gələcək nəsillərə çatdıra bilən yazıçılar çıxıb zamanın sınağından. Deyərdim ki, Herodotun, Ktesiyin, Strabonun, Plutarxın, Rəşidəddinin və bu qəbildən olan çoxsaylı yazıçıların yazdıqları faktoloji xronikalar deyil, bədii sənət nümunələridir, yəni ədəbiyyatın bir janrıdır. Ya götürək Firdovsinin “Şahnamə”sini, Nizaminin “Xəmsə”sini, bunlar da bir növ qədim hökmdarlar, Keyxosrov, İskəndər, Xosrov Pərviz, Bəhran Gur və başqaları barədə bioqrafiq romanlardır. Hər yazıçı yaradıcılığında öz üslubuna uyğun olaraq bir janr seçir. Akademik İsa Həbibbəyli Elmira Axundovanın yazdığı kitabların janrını sənədli-bioqrafiq-roman-tədqiqat kimi xarakterizə edir. Mən bilən, əvvəllər bizdə belə bir janrda yazanlar olmayıb, yəni Elmira xanım bu janrın pioneridir. Əlbəttə janra ad qoymaq ədəbiyyatşünasların işidir, mənim anlamımda isə yazıçı yazısına başlayanda heç zaman janr barədə düşünməz, janrı yazıçının üslubu və ortaya qoyduğu mətn müəyyən edir. Forma baxımından mən Elmira xanımın “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyasını Çingiz xan xanədanının bioqrafı, daha dəqiq desək səlnaməçisi, bu janrın dünya tarixində ən böyük nümamayəndələrindən olan Fəzlullah Rəşidəddinin “Cəmi ət təvarix” əsəri ilə müqayisə edərdim. Təbrizdə, Elxanilər sarayında yazıb yaratmış Rəşidəddinin əsərini də, İsa müəllimin təbirincə decək “sənətli-bioqrafiq-roman-tədqiqat” adlandırmaq olar, çünki Rəşidəddin öz ölməz əsərində Çingizxanın bioqrafiyası fonunda bütöv bir dönəmin, bütöv bir epoxanın tarixini bədii bir şəkildə ortaya qoyub. Heç bilmirəm nəyə körə Rəşidəddinlə eyni dövrdə, eyni xanədana xidmət eləmiş Nəsirəddin Tusi Azərbaycanda geniş təbliğ olunur, Rəşidəddinə isə ögey bir münasibət var. Hər halda Rəşidəddinin Azərbaycana aidiyyatı Nəsirəddin Tusininkindən heç də az deyil. Amma maraqlıdır ki, Rəşidəddinin ortaya qoyduğu üslub yüz illər keçəndən sonra azərbaycanlı yazıçı Elmira Axundovanın yaradıcılığıda yenidən təcəlla elədi. Nə bilim, bəlkə də burada mənəvi varislikdən başqa bir genetik varislik də var. Hər halda Elmira xanımın əcdadlarının yaşadığı Masallı Təbrizdən o qədər də uzaqda deyil. Nə bilim vallah, hər şeyin doğrusunu bilən yalnız Allahdır. Amma Elmira Axundova da eynən Fəzlullah Rəşidəddin kimi, Heydər Əliyev şəxsiyyətinin fonunda Onun yaşadığı böyük bir dönəmin, böyük bir epoxanın səlnaməsini yaradır.
Hələ “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyası ortaya çıxmamışdan öncə, 2003- cü ildə onun “Həqiqət anı” kitabı çıxmışdı. Elmira xanım Ümummilli lider haqqında yazmağa 1990-cı illərin ortalarından başlayıb. Dövlət başçısının əksər xarici səfərlərində onu müşayiət edən jurnalistlər qrupunun dəyişməz üzvlərindən və səfər boyu Heydər Əliyevin daha çox ünsiyyət saxladığı jurnalistlərdən olub. Əvvəlcə bu yazılar tələbə uyğun olaraq informativ xarakter daşıyır, səfər təəssüratları kimi qələmə alınırdı. Sonradan Heydər Əliyevin xarici siyasət strategiyasının əsas istiqamətlərini əks etdirən bu analitik-informativ yazılar Elmira Axundovanın "Həqiqət anı" adlı bu kitabında toplandı. Bu kitab haqqında rəy bildirən insanların əksəriyyəti buradakı materialların obyektivliyini və səmimiyyətini xüsusi vurğuladılar.
Kitaba ön söz yazmış Vaqif Səmədoğlu da onun yaradıcılığının bu aspektini xüsusi qeyd edir və bildirir ki: “Həqiqər anı” kitabının əsas qəhrəmanı şübbhəsis ki, Epoxadır”. Elmira Axundovanı Azərbaycan publisistikasının ən nüfuzlu, ən istedadlı nümayəndələrindən biri olduğunu xüsusi qeyd edən böyük Ustad, fransızlar demiş, metr Vaqif Səmədoğlu, onun “Həqiqət anı”nda toplanmış, prezident Heydər Əliyevin fəaliyyətini əks etdirən və Azərbaycan və Rusiyada dərc edilən yazılarını yalançı pafosdan, yaltaq ibarələrdən uzaq əsərlər kimi dəyərləndirir. Vaqif Səmədoğluna yaxşı bələd olanlar bilirlər ki, o, həyatı boyu heç kim barədə yalançı bir cümlə də yazmayıb, çünki istedadlı yazı barədə onun öz baxış bucağı vardı. Böyük Ustad mənim “Torqovu peyzajı” kitabıma da ön söz yazıb və bu aspektdən baxanda Elmira xanımla aramızda bir doğmalıqda var – hər ikimiz Vaqif Səmədoğlunun barəsində söz yazdığı nadir adamlardanıq və mən yəqin bilirəm ki, Vaqif Səmədoğlu Elmira xanımın yazılarındakı sevginini və səmimiliyi görməsəydi, duymasaydı onlar barədə söz deməzdi. Amma Elmira Axundova sevgi və səmimiyyətini mətnə hopdurmağı bacaran yaradıcılardandır. Bu sevgi və səmimiyyət sonradan çoxcildlik bir epopeya ortaya çıxardı və cəmiyyət də bu əsərləri sevdi, çünki kiminsə sevgisini qazanmaqüçün öncə gərək özün sevməyi bacarasan. Əlbəttə, Heydər Əliyev kimi qlobal bir şəxsiyyət barədə sənədli-bioqrafiq-roman-tədqiqat əsəri yazmaq üçün yalnız sevgi və səmimiyyət yetərli olmaz, bu iş həm də böyük istedad, ustalıq və zəhmət tələb edir. Bu prosesdə gərək yüzlərlə arxiv materialları ilə işləyəsən, müxtəlif ölkələrdə Heydər Əliyevi tanıyan saysız hesabsız insanla görüşəsən, sonra toplanan materialları saf-çarük edəsən və bundan sonra yazmağa başlayasan. Bütün bunlar böyük zəhmət, ustalıq və istedad tələb edir. Zənnimcə, Elmira xanım bu işin öhdəsindən ləyaqətlə gəlib. Tanınmış yazıçı Natiq Rəsulzadənin qeyd etdiyi kimi,
“Heydər Əliyevin həyat və yaradıcılığının əhatə olunduğu altı cildlikdə maraqsız, dolğun olmayan hadisələr və müəllifin dərin fikri ilə zəngin olmayan bir dənə də olsun məqam, bir dənə də “boş” səhifə yoxdur. Hər şey əvvəldən sona qədər azalmayan maraqla, həvəslə oxunur. Odur ki, kitabdan ayrılmaq qeyri mümkündür, dahi şəxsiyyətin zəngin bioqrafiyası və fəaliyyəti detektiv roman, bestseller, bütün dövrlərin ən yaxşı bestselleri kimi təqdim edilir. Müəllifin yüksək professionalizmi də məhz elə bundadır”.
Sözün düzü, cəsarətlə demək olar ki, Elmira xanım yalnız dövlət başçılarımızın bioqrafı deyil, deyərdim ki, müstəqil Azərbaycan dövlətçiliyinin hələ ki, ilk səlnaməçisidir. Onun son kitablarından olan "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..."də etiraf etdiyinə görə, bu səlnamələri yaratmaq istəyinin kökü məhz mərhum Prezidentin özünə bağlı imiş. Heydər Əliyev istəyirmiş ki, Elmira Axundova gələcəkdə onun irsini və fəaliyyətini araşdırsın, salnaməçisi, həyat yolunun, ölkəyə və xalq rəhbərlik fəaliyyətinin, dövlətçilik siaysətinin, Azərbaycan uğrunda mübarizəsinin tərəfsiz və obyektiv tərcümanı olsun.
Zaman göstərdi ki, Elmira Axundova Onun arzusunu layiqincə yerinə yetirdi. Heydər Əliyevlə bağlı sənədli epopeya yaratmaqla yalnız həmin vaxta qədər yazılanları, arxiv materiallarını öyrənməklə kifayətlənmədi. Tək Azərbaycanı deyil, bütün keçmiş Sovet İttifaqını, Azərbaycanla sıx qarşılıqlı əlaqələrə malik olan ölkələri gəzib dolaşdı. Onlarla siyasətçi, dövlət adamı, hərbçi, elm və mədəniyyət xadimi, sadə əməkçi ilə görüşüb söhbətlər elədi. Şəxsi müşahidələrini, söhbətlərini sistemə saldı. Nəticədə artıq bir neçə xarici dilə tərcümə olunmuş yeddi kitabdan ibarət olacaq altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-epopeyasını ortaya qoydu. Aydın məsələdir ki, gələcəkdə də Heydər Əliyev haqqında yeni-yeni kitablar yazılacaq. Ancaq əminliklə demək olar ki, onların heç biri fakt-sənəd baxımından "Şəxsiyyət və zaman"ın orbitindən, təsir dairəsindən kənara çıxa bilməyəcək.
Bütün bunlar böyük, titanik zəhmət tələb edir, deyirəm, yazılanlara görə Rəşidəddin “Cəmi ət-təvarixi” yazanda onun sərəncamına böyük “yazarlar və alimlər ordusu” verilmişdi. Bilmirəm Elmira xanımın sərəncamında belə “alim ordusu” olubmu, amma o gördüyü çətin işin öhdəsindən çox böyük ustalıqla gəlib. Bu əsərlər barədə fikirlərini bölüşən akademik İsa Həbibbəyli bildirir ki, müəllif “öz fədakar əməyi nəticəsində bütöv bir elmi tədqiqat institunun fəaliyyətinə bərabər iş görüb”. Tanınmış rus tarixçisi Roy Medvedev də Elmira xanımın yaradıcılığı və ustalığı qarşısında öz heyrətini gizləyə bilmir: “Mən tarixçi və siyasi bioqrafiyalar üzrə peşəkaram. Sovet və Rusiya Olimpinin demək olar ki, bütün liderləri barədə yazmışam. Lakin bizm janrda indiyə qədər belə kitab olmayıb. Qətiyyətlə deyə bilərəm ki, bu kitablar, liderlər barədə kitabların ən yaxşısıdır”.
Ümumiyyətlə yazmaq, yaratmaq Elmira xanımın stixiyasıdır, o bir an da yaradıcılıqdan qalmır, yazdığı "İlham Əliyev: Dəyişikliklər fonunda Prezidentin portreti" kitabı da indiyə qədər bir çox xarici dillərə tərcümə edilib.
Bu günlərdə isə E. Axundovanın "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..." adlı yeni bir kitabı da çıxdı. Burada hər biri bir insan taleyinə işıq salan, maraqlı və cəlbedici üslubda qələmə alınmış portret-oçerklər toplanıb. Kitabdakı məqalə və oçerklərdə ədəbiyyat, elm, mədəniyyət sahəsində fəaliyət göstərmiş, bu gün də ön səflərdə olan onlarla insanın biri-birindən maraqlı, görümlü portretləri yaradılıb. Həmin "söz tablolarını" birləşdirən ümumi mənəvi-psixoloji cəhət - əgər bir kəlmə ilə ifadə etmək lazım gəlsə, qədirbilənlik adlandırıla bilər. Çünki Elmira Axundova milli mədəniyyətə xidmət etmiş, xalqın tarixində kiçik də olsa iz qoymuş hər bir sənət fədaisinin, qələm adamının, ictimai-siyasi xadimin həqiqi və layiqli qiymətini almasına çalışan bir insandır.
Tanınmış qələm adamları İsmayıl Şıxlı, Anar, Elçin, Vidadi Babanlı, Məmməd Oruc, Vilayət Quliyev haqqındakı məqalələri və portret ştrixləri ədəbi duyumun həssaslığı, ədəbiyyatın borc və vəzifələrinə baxış prinsipiallığı ilə seçilir. Bu oçerklərdə diqqəti çəkən başqa bir mühüm cəhət isə onun məşğulluğuna və məşhurluğuna baxmayaraq, ədəbi həyatın gündəlik qayğıları ilə yaşamağı bacarmasıdır. Professor Arif Hacıyev, Siyavuş Məmmədzadə, tənqidçi Həsən Quliyev, naşir və tərcüməçi Azər Mustafazadə, Yusif və Vaqif Səmədoğlular, rejissor Əli Qafarov, jurnalist Elmira Əmrahqızı kimi insanlar haqda işıqlı-kədərli rekviyemləri təəssüf və ağrı hissi keçirmədən oxumaq olmur.
Azərbaycanın dostları və təbliğatçıları kimi tanınan məşhur qazax şairi Oljas Suleymenev, tənqidçi-publisist, "Literaturnaya qazeta"nın xüsusi müxbiri Lyudmila Lavrova, İsraildə milli maraqlarımızın ehtiraslı müdafiəçisi Arye Qut, hərb tariximizə dair qiymətli araşdırmaların müəllifi Rudolf İvanov, daim haqq işimizin tərəfdarı kimi gördüyümüz Qalina Mikeladze nəcib, minnətdar boyalarla təqdim edilir.
Mövzuya müraciət səbəbləri müxtəlif olsa da, məqalələrin hamısını birləşdirən bir ümumi cəhət var - "xalq öz qəhrəmanlarını tanımalıdır". Gizli deyil ki, yaxşı tanıdığın, eyni zamanda cəmiyyətdə yetərincə tanınan insanlar haqda danışmaq asan olduğu qədər də çətindir. Bu kitab, görkəmli ədəbiyyatşünas və diplomat Vilayət Quliyevin qeyd etdiyi kimi, "tanış üzlər" mövzusunda tanış olmadığımız, bilmədiyimiz faktlar, müşahidə və təəssüratlar toplusudur. Özünəməxsus ensiklopediyadır, cəlbedici ədəbi-bədii soraq kitabçasıdır, kədəri və sevinci, acıları və qürur hissi ilə dolu bütöv bir insan tipləri qalereyasıdır.
Gördüyümüz kimi böyük yazıçı, yorulmaz publisist, gözəl qadın, ən əsası isə əqidəsinə, Vətəninə sadiq insan olan Elmirə Axundova yaşadığımız zamanın səlnamələrini yaratmaqla bərabər, müasirlərinin, qələm yoldaşlarının da təkrarsız portretlərini yaradır. Bu yazı da mənim Elmira xanımın təkrarsız portretinə əlavə etdiyim ştrixlərdir.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)