
Super User
Haqq sonda qalib gəldi. Özü də Yunanıstanda
ELDAR MANSUROV DİMİTRİS KONTOPULOSA QALİB GƏLDİ
Bildiyiniz kimi, 11 il idi ki, “Esena Mono” (“Bayatılar”) mahnısının müəllifliyi ilə bağlı beynəlxaq qalmaqal səngimək bilmirdi. Mahnının Eldar Mansurova məxsus olmasını danan yunanlar nəhayət ki, təslim oldular.
Yunanıstanda “Esena Mono” mahnısının musiqisinin müəllifliyi ilə bağlı 11 il davam etmiş məhkəmə işi yekunlaşdı. Yunanıstan Ali Məhkəməsi yekun qərarı ilə “Esena Mono” vasitəsilə Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovun “Bayatılar” mahnısının musiqisi üzərindəki müəlliflik hüquqlarının pozulmasını tanıdı. Bu barədə media ilə sevincini bölüşən Eldar Mansurov nəhayət ki, dərindən nəfəs aldığını etiraf edib.
Gəlin tarixə rakurs edək. “Ədəbiyyat
Və incəsənət” portalı xəbər verir ki, Eldar Mansurov “Bayatılar” mahnısının musiqisini 1988-ci ildə bəstələyib və həmin musiqi əsəri üzərində bütün şəxsi və iqtisadi müəlliflik hüquqlarına malik yeganə şəxsdir.
“Bayatılar” ilk dəfə 1989-cu ildə Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın ifasında audiovisual formatda lentə alınıb və həmin lent yazısının Azərbaycan Televiziyasının efirində kütləvi nümayiş zamanı kütləvi ifa edilib. 1990-cı ildə Brilliant Dadaşovanın ifasında “Bayatılar” “Melodiya” şirkəti tərəfindən vala yazılaraq geniş tirajla yayılıb. Yəqin o mahnı xatirinizdədir, zamanlnda çox populyar olub. Mahnıya söz olan bayatə nümunələrimiz isə əsil incidir:
Ürəyimdə ayaz var
Nə qış gedib, nə yaz var
Oyatma bənövşəni
Kol dibində ayaz var
Kədərliyi axmayaydı
Göz yaşım axmayaydı
Yad baxmağı bir yana
Yar yada baxmayaydı
Ürəyimdə ayaz var
Nə qış gedib, nə yaz var
Oyatma bənövşəni
Kol dibində ayaz var
2008-ci ildə Eldar Mansurov musiqisi yunan bəstəkara aid olduğu iddia edilən və “Bayatılar”ın musiqisini təkrarlayan “Esena Mono” mahnısı barədə məlumat əldə edib.
Eldar Mansurov “Esena Mono”nun musiqisinin “Bayatılar”ın musiqisinin surəti olduğu və bu səbəbdən plagiat olduğunu, onun müəlliflik hüquqlarını pozduğunu “Esena Mono”nun müəllifi kimi qeyd edilən yunan bəstəkar Dimitris Kontopulosa və əsərin yayımını həyata keçirən “Sony Music Entertainment Hellas AE” şirkətinə məhkəməyəqədər pretenziya qaydasında bildirib və bu səbəbdən onlardan dərhal “Esena Mono”nun qanunsuz yayılmasını və “Bayatılar”dan digər şəkildə qanunsuz istifadəni dayandırmağı tələb edib. Pretenziyaya cavab olaraq Kontopulos bu məlumatın doğru olmadığını və “Esena Mono”nun musiqisinin orijinal olduğunu və onun tərəfindən bəstələndiyini bildirib.
2011-ci ildə, hüquqi hazırlıqlardan sonra Eldar Mansurov öz hüquqlarını müdafiə etmək məqsədilə Afina Çoxtərkibli Birinci İnstansiya Məhkəməsinə cavabdehlər Dimitris Kontopulos və “Sony Music Entertainment Hellas AE” şirkətinə qarşı müəlliflik hüquqlarının pozulması ilə bağlı iddia ilə müraciət edib.
Həmin iddia ilə bağlı iş qeyd etdiyimiz kimi, 11 il davam edib. Bu müddət ərzində işə Yunanıstanın hər 3 məhkəmə instansiyasında baxılıb. 2018-ci ildə birinci instansiya məhkəməsi Eldar Mansurovun iddiasını təmin edərək, onun müəlliflik hüququnun pozulması faktını tanıyıb və hər iki cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini qət edib. Cavabdehlər qərardan Afina Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib, lakin 2020-ci ildə apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəstəkləyərək, Eldar Mansurovun hüquqlarının pozulmasını tanıyıb. Bundan sonra “Sony Music Entertainment Hellas AE” şirkəti apellyasiya məhkəməsinin qərarını tanıyıb və icra edib, cavabdeh Dimitris Kontopulos isə Yunanıstan Ali Məhkəməsinə kassasiya şikayəti verib. Nəhayət, Yunanınsan Ali Məhkəməsi də 2022-ci ildə məhkəmə baxışı zamanı şifahi qaydada bəyan etdiyi və 2023-cü ildə tərəflərə yazılı şəkildə təqdim etdiyi qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və cavabdeh Kontopulosun şikayətini tamamilə rədd edib.
Yunanıstan Ali Məhkəməsi qərarında qeyd edilib ki, “Esena Mono” “Bayatılar”ın adaptasiya şəklində yenidən işlənməsini, bütövlükdə “Bayatılar”ın orijinal kompozisiyasının tərkib hissəsini, “Bayatılar”ın melodik məzmununun cüzi dəyişdirilməsini (yenidən qurulmasını) təşkil edir; “Esena Mono”nun musiqisinin “Bayatılar”ın musiqisi ilə oxşarlığı 50 faizdən çox təşkil etmişdir.
Qeyd olunanlara görə, “Esena Mono” əsəri Mansurovun “Bayatılar” musiqisi üzərində olan müstəsna və özgəninkiləşdirilməz şəxsi müəlliflik hüquqlarını pozub, habelə “Esena Mono”nun Mansurovun razılığı olmadan yayılması onun müstəsna hüquqlarını pozmaqla yanaşı, onu öz əqli mülkiyyəti ilə bağlı iqtisadi hüquqlarını həyata keçirmək imkanından da məhrum edib.
Bu səbəbdən Yunanıstan Ali Məhkəməsi Kontopulosun bundan sonra “Esena Mono” adlı musiqi əsərinin və ya “Bayatılar”ın musiqisinin hər hansı bir hissəsindən yaxud onun dəyişdirilməsindən ibarət hər hansı digər əsərin bəstəkarı kimi çıxış etməyi qadağan edib.
Hazırkı mübahisə ilə bağlı Eldar Mansurovun maraqlarını Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova, Yunanıstanın “HP&P Dr. Helen G.Papaconstantinou & Partners” hüquq firması (vəkillər Kardiopulis, Qusios və Kurkutas) və professor Maykl Parossis təmsil etmişlər.
Təbii ki, türklərə əsla dost münasibəti bəsləməyən yunanların öz evlərində öz yunanlarının deyil, azərbaycanlının xeyrinə qərar çıxarmaları təqdirəlayiqdir.
Şəkildə: Eldar Mansurovu çox görmüsüz, busa heç görmədiyiniz rəqibdir.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
Azər Buzovnalının “Oğuznamə”si nəşr olunub
Azərbaycan Aşıqlar Birliyinin xətti ilə nəşrə hazırlanmış növbəti kitab işıq üzü görüb. XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi olan Azər Buzovnalının “Oğuznamə” adlı kitabı çap edilib.
Kitabda müəllifin 1925-ci ildə geniş süjetli tarixi mövzuda qələmə aldığı soy-kökümüzdən, milli keçmişimizdən, Dədə Qorqud və Ozan-aşıq mədəniyyətinin bünövrəsi əsasında yaranış və quruluş tarixindən bəhs edən böyük elmi-tarixi əhəmiyyətə malik “Oğuznamə” əsəri yer alıb. Əsər əlyazma halında olduğundan, o, ərəb əlifbasından transfoneliterasiya edilərək təqdim olunur.
Kitab tarixçilər, filoloqlar, folklorçu-etnoqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın ərəb əlifbasından transfonoliterasiya edərək nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru Könül Sabir, məsləhətçisi, elmi redaktoru və “Ön söz” müəllifi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və rəyçisi filologiya elmləri doktoru Nailə Səmədovadır.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.
21-ci dərc
-Tələsmə Layiqə, tələsmə, orada bilinər. Araşdırmaya başlayarkən indi danışdıqlarımı bilirdikmi? Qalan bilmədiklərimizi də öyrənərik, inşallah. Dur və dediyim kimi, gecə kəpənəyi olmağa hazırlaş, bir azdan kapitan Qasımlı gələcək və birlkidə çıxacağıq.
-Yaxşı, şef.
Saat 19:35 idi. Cib telefonumu çıxarıb səsini aldım və titrəmə rejiminə qoydum. Layiqəyə hər şeyin yaxşı olacağını bildirsəm də, əslində danışdıqlarımdan başqa əlimdə əlavə bir faktın olmadığını bilirdim. Ona görə də, polis bölməsinin əməkdaşlarının köməyinə ehtiyac duymuşdum. Onlardan ala biləcəyim hər hansı məlumat axtarışlarımın sonrakı istiqamətini müəyyən edə bilərdi. Şanslarımı əllinin-əlliyə dəyərləndirirdim. Lakin bunu Layiqəyə deməyi lazım bilmədim… Ancaq olduqca əmin olduğum bir şey var idi. Bu gecə Nərminin axtarışlarında son gecə idi. Həlledici son gecə…
Əynini dəyişmək üçün mətbəx otağına keçən Layiqə oradan çox gec qayıtdı. Qayıdanda isə əlindəki sinidə çörəyin içində pendir, pomidor, xiyar və bibərdən düzəltdiy iki buterbrod, bir şüşə qazlı su və iki stəkan var idi. Sinini masamın üzərinə qoyub, şpilkadaban ayaqqabılarının üzərində bir dəfə fırlanıb soruşdu:
-Necəyəm, şef?
Bu qız yenə də başladı. Əynindəki qısa tuman, altından geydiyi qara rəngli şəffaf kalqotka, qarnını zorla örtən qısa koftası və üstündən geydiyi ondan da qısa gödəkçəsi onu tanımayanları mütləq başqa fikirlərə sala bilərdi. Əslində indiki məqamda mənə elə bu lazım idi.
-Şəhanəsən.
-Hə, bilirəm.
-Nəyi bilirsən -Layiqənin dediyini başa düşmədim.
-Şəhanə olduğumu, -Layiqə bic-bic gülüb buterbrodun birini götürdü, -fikirləşdim ki, vaxtımız var, nəsə yesək yaxşı olar, kim bilir, neçədə qayıdarıq.
İştahım olmasa da, Layiqə düz deyirdi. Bu gecə nələr olacağını heç kim bilmirdi. Həvəssiz ikinci buterbrodu götürüb ağzıma apardım.
-Şef, insanlar niyə cinayətkar olurlar?
-Hər insan bir xislətlə doğulur, Layiqə.
Layiqənin tez-tez suallar verməsi xoşuma gəlirdi. İşlədiyi qısa müddətdə çox şey öyrənsə də, hələ öyrənəcəyi şeylər çox idi. Onun fürsət düşən kimi suallar verərək öyrənməyə çalışması təqdirəlayiq idi. Unutmaq olmazdı ki, Layiqə illərlə peşəkar müəllim ordusunun hazırladığı kadr deyil, Aviasiya Akademiyasının məzunudur və onun bu sahədə bilikləri tək mənim olduqca qısa zaman kəsiyində verdiyim dərslər, izahlar və təlimatlardan ibarətdir. Ancaq təbiət bu qıza elə bir xoşbəxtlik nəsib etmişdi ki, çox yaşıdları ona həsəd apara bilərdilər. Bu xoşbəxtlik onda olan entuziazm idi. Çalışqanlıq, yorulmadan işləmək, heç vaxt ruhdan düşməmək bu gənc qız üçün xarakterik cəhətlər idi. Məhz bu cəhətləri, ağıl və sadəlik qarışıq ciddiliyi ilə yanaşı, onu gözümdə daha da ucaldan özünəməxsus xüsusiyyətləri idi.
-Xislət insanla doğulur. İnsanın inkişafına, şəxsiyyətinin formalaşmasına, ictimai mühitin necə təsirinə dair elmə məlum olan 40-dan çox “homo ferus” - insan nəsli mövcuddur. İnsan şəxsiyyətinin formalaşmasında tərbiyə böyük rol oynayır. Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq. Tək şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Tərbiyə insan yaratmır. Sədəcə, bayaq dediyim, müxtəlif xislətlə doğulan varlıqların yaxşı və ya pis olmasına kömək edir.
Buterbrodları yeyib qurtarmışdıq. Rəşad Qasımlı düz deyilən vaxta ofisə daxil oldu.
-Hər şey hazırdır, bizi gözləyirlər, gedə bilərik, -deyən Rəşadın baxışları Layiqəyə sataşanda sözünün dalını unutdu.
-Layiqə də bizimlə gedəcək, belə lazımdır.
-Elədirsə, getdik, -hələ də özünü ələ ala bilməyən Rəşad qapıya tərəf addımladı.
Bakı şəhərində harasa getməlisənsə, mütləq tıxacı nəzərə almalısan. Əslində, iyirmi dəqiqəlik yolumuz olsa da, qırx dəqiqə əvvəl çıxmağı lazım bilmişdim.
Rəşadın maşınına oturub yola düşdük.
-Şəkil əldə edə bidin?
-Xeyr. Təsəvvür edin ki, yoldaşı evi ələk-vələk etdi. Bircə şəkli də tapılmadı. Arvad özü də mat qalmışdı.
-Bu da bizim diletant dediyimz Babaxan?!
-Sizi bilmirəm, Bəxtiyar müəllim, ancaq hələ də bu Babaxandan baş aça bilmirəm. Yoxlatdırmışam, əvvəllər də heç bir cinayət işində iştirakı qeydə alınmayıb. Adi zootexnikdir.
-Mən də eyni fikirdəyəm. Ancaq yəqin ki, hər şey kimi bunun da bir izahı var. Bəs öz kanallarınızla şəkil əldə etmək mümkün deyilmi? Şəkil işimizə çox yarıyardı. Əliboş gəlməyəcəyinə çox əmin idim.
-Yalnız sabah əldə etmək olar. Kimin ağlına gələrdi ki, Babaxan bütün ailə şəkillərini gizlətmiş olar.
-Sabah gec olacaq…
…Polis bölməsində bizi gözləyirdilər. Layiqəyə maşında qalmasını tapşırıb Rəşadla birlikdə yuxarı, bölmə rəsinin otağına qalxdıq. Bizi gülərüzlə qarşılayan, çoxdan tanıdığım rəis oturmağımızı gözlədikdən sonra keçib öz yerində əyləşdi.
Kapitan Qasımlı qısaca məsələnin məğzini ona anlatdıqdan sonra, qaşları düyünlənən rəis, bayaqdan qəbul otağında və dəhlizdə yığışaraq gözləyən əməkdaşların içəri girmələrinə göstəriş verdi və hamının əyləşməsini gözləyib sözə başladı:
-Üç gün əvvəl “Kubinka” deyilən ərazidən qaçırılmış yeniyetmə bir qızın bizim inzibati ərazidə gizlədilməsi ehtimal olunur. Ona görə də, indi Bəxtiyar müəllimin sizə verəcəyi sualları diqqətlə dinləyin və nə kömək lazımdırsa etməyə hazır olun. Məsələ çox ciddidir. Söhbət həmin qızın həyatından gedir.
Əməkdaşların bəziləri ilə tanış idim. Xidməti zərurətlə bağlı əvvəllər dəfələrlə təmasda olmuşduq. Bəxtiyar müəllimin hansımız olduğunu bilməyən bölmə əməkdaşları isə gah mənə, gah da kapitan Qasımlıya baxıb hansımızın dillənəcəyini gözlədilər.
-Zəhmət olmasa, əvvəlcə bilmək istərdim, ərazinizdə yaşayan, yaxud işləyən və yaxud da hər hansı işlə bağlı mütəmadi olaraq gəlib gedən İsmiyev Babaxan Səfixan oğlu adında birini tanıyırsınızmı? Şəkli bizdə yoxdur.
Bu dəfə hamı bir-biri ilə baxışdı.
-Mənim ərazimdə Babaxan adlı biri yaşayır, ancaq soyadı Rəhmətovdur. Arıq uzun kişidir, -ağsaçlı mayor dilləndi.
-Təəssüf ki, bu bizə lazım olan Babaxan deyil, başqa kimsə varmı? -üzümü əməkdaşların üzündə gəzdirdim. -Bəstə boylu, kök biridir, yaşı əlli səkkizdir.
-Beləsi yoxdur. Varsa da, son zamanlar o qədər yeni tikililər inşa olunur ki, ancaq çatdırıb sahiblərini özümüzçün qeydə ala bilirik. Onlara gələn qohumları, tanışları isə.., -həmin mayor bu dəfə hamının yerinə dillənib əlini yellədi.
- Bəlkə maşınını ğörmüsünüz? “Nissan Sunni” markalı, nömrəsi…
Maşının dövlət qeydiyyat nişanını dedim.
Bu dəfə heç kim dinmədi.
-İndi isə bilmək istəyirəm, təxminən son dövrdə ərazinizdə yadda qalan, qeyri-adi hər hansı hadisə baş veribmi? Deyək ki, daxili orqanı və ya orqanları çıxarılmış meyitin aşkar olunması, yaxud insanların tez-tez itkin düşməsi.
-Bir xəbərsiz itkin düşənimiz var, axtarırıq, ancaq bu kütləvi hal almayıb, hamı kimi, özünüz bilirsiniz, bu hərdən baş verən haldır, -bu dəfə bölmənin rəisi dilləndi. Elə bir meyit aşkar olunması halı isə baş verməyib. Bir nəfəri maşın ölümcül vuraraq sürücü hadisə yerindən yayınmışdı. Onu da müəyyən etdik və o cinayət açılıb. Başqa heç nə.
-Başqa nə isə, hə uşaqlar, yada salın. Ən əhəmiyyətsiz görünə biləcək hadisələri də.
Bu zaman ayağa qalxan leytenant rütbəli gənc zabit özünü təqdim etdi:
-Polis leytenantı Orxan Dəmirli. İcazənizlə mənə təhkim olunan inzibati ərazidə baş verən iki qeyri-adi hadisə barədə məlumat verim. Bəlkə işinizə yaradı.
-Buyurun, leytenant.
-Təxminən on ay əvvəl səhər saatlarında ərazidəki zibil qutularından birinin ətrafında dörd it və yeddi pişik ölüsü olması barədə məlumat aldım. Dərhal hadisə yerinə getdim. Deyilənlər doğru idi. Ölmüş küçə heyvanlarının cəsədləri zibil qutularının yaxınlığında sərələnmişdi. Heyvanları kiminsə öldürüb ora atdığını düşünərək hər birinə diqqətlə baxdım. Leşlərdə fiziki zor əlamətləri yox idi. Onların ölüm səbəblərinə o vaxt aydınlıq gətirmək mümkün olmadı. Daha onsuz da ölmüş heyvanlara ekspertiza təyin etməyə bir lüzum görmədim. Eləcə, bunun kütləvi zəhərlənmə olması versiyası üzərində dayandım. Ancaq hər ehtimala qarşı zibil qutularının içinə baxdım və orada içində müxtəlif rəngli telefon qırıqları olan bir qara sellofan torba tapdım.
-Bəs sonra?- bu məlumat məni maraqlandırdı.
-Mən buna elə də əhəmiyyət vermədim. Bu bərədə heç kimə deməyi də lazım bilmədim. Kiminsə qırıq telefonları idi də. Onların heyvanların ölməsi ilə nə əlaqəsi ola bilərdi ki?
Bölmə rəisi məzəmmətlə Dəmirliyə baxdı, ancaq heç nə demədi.
-Neçə telefona aid olardı qırıqlar?
-Dörd, bunu dəqiq xatırlayıram. İkisi boz, biri qara, biri isə göy rəngli adi ucuz telefon aparatlarına məxsus qırıqlar idi. Boz rənglərin də biri açıq, o birisi isə tünd boz idi. Elə bil hamısını da çəkiclə əzmişdilər. Zorla müəyyən etdim.
-Həmin tarixi dəqiq xatırlayırsınızmı? -suallarımı bir qədər tutularaq hələ nə səhvə yol verdiyini anlaşdıra bilməyən leytenanta mümkün qədər həlim tonda verirdim ki, daha da çox sıxılmasın.
-Hə, mən hər şeyi dəftərimdə qeyd edirəm, -əlindəki dəftəri vərəqləyən leytenant, -Baxın, burada yazmışam, -dedi.
Rəisə tərəf baxdım. Baxışlarımdan nə demək istədiyimi dərhal anlayan rəis, müavinini işarə ilə yanına çağırıb qulağına nə isə dedi. Lazımi təlimatları alan müavin dərhal otaqdan çıxdı.
-Yaxşı bəs, ikinci deyəcəyiniz nə idi?
Artıq bir qədər ürəklənən gənc leytenant əvvəl rəisə, sonra isə mənə baxıb dedi:
-Bundan bir müddət sonra, təxminən həmin ərəfələrdə sakinlərdən məlumat aldım ki, gecə canavar ulamasına bənzəyən, əcaib səslər eşidiblər. Həmin vaxt bir neçə gecə həmin ərazidə gəzinti keçirsəm də, heç bir şey aşkar edə bilmədim. Lakin bu hal dörd ay keçmiş yenidən təkrarlandı. Birinciyə o qədər əhəmiyyət verməsələr də, bu hal ikinci dəfə təkrarlananda ətrafdakı sakinlər əməlli-başlı qorxuya düşmüşdülər. Şahidlərin dediklərinə görə, çox tükürpədici səslər imiş və bu dəfə ulamaqdan çox imdad istəyən insanın fasiləsiz qışqırığına bənzəyirmiş. Yenə də bir neçə gün təkrar gecələr evə getməyib nə baş verdiyini öyrənməyə çalışdım. Ərazinin əməliyyatçısı ilə birlikdə nə qədər çalışsaq da bir şey müəyyən edə bilmədik. Axırda qərara gəldik ki, həmin səslər ərazidə köhnə, qapısı illərlə açılmayan, qapısındakı qıfılı çoxdan pas atmış yeraltı sığınacaqdan gəlir. Daha doğrusu, sığınacağın havalandırılması üçün üzərində iki iridiametrli dəmir boru quraşdırılıb. Fikirləşdik ki, səs küləyin təsirindən həmin borularda yaranan səslərdir və bu hal daha təkrarlanmadığı üçün bu məsələni unutduq. İndi siz qeyri-adi hadisə deyəndə yenidən yadıma düşdü.
-Leytenant, sözünüzdən belə çıxır ki, son on ayda həmin ərazidə daha külək əsməyib? -kifayət qədər təcrübəli bir əməkdaş olan bölmə rəisi yenə də məzəmmətlə əməkdaşına baxdı.
-Biz bu versiyaya da tam əmin deyildik. Heç nə müəyyən etmədikdə daha çox sakinləri sakitləşdirmək üçün bu versiyanı irəli sürdük o vaxt, -leytenant özünü müdafiə etməyə çalışdı.
Araya gərginlik çökməməkçün müdaxilə etməyi lazım bildim.
-Əslində bu iki hadisənin əhəmiyyətli və ya əhəmiyyətsiz olduğunu hələ heç kim bilmir. Biz də gənc olmuşuq və təbii ki, hər şeyi birdən öyrənmək olmur. Siz yaxşı zabitsiniz leytenant. Xüsusilə, hər şeyi dəftərinizdə qeyd etməyiniz çox xoşuma gəldi. Biz də vaxtilə xidmətə hamı kimi leytenant rütbəsində başlamışıq və nə qədər diqqətdən qaçırdığımız, lakin diqqət çəkməyə layiq olan məqamlarla qarşılaşmışıq. Bir şeyi heç vaxt unutmayın, detallara əhəmiyyət verməmək olmaz. Ən xırda detallar da bizim işimizdə çox əhəmiyyətli ola bilər.
Dəmirli razılıq işarəsi olaraq başını aşağı saldı.
Elə bu vaxt müavin qapını döyüb içəri girdi və rəisə yaxınlaşıb eynilə pıçıltı ilə qulağına nəisə dedi.
Mənalı-mənalı mənə baxan rəis, -Əgər bir işiniz qalmadısa müşavirəni bitirək, -dedi.
-Elə bir işimiz qalmadı, təkcə leytenant Dəmirli bizə lazım olacaq.
-Hamı azaddır, ancaq unutmayın ki, lazım ola bilərsiniz. Dəmirli, sizsə xidməti otağınızda olun.
-Oldu, -hami ilə birlikdə ayağa qalxan Dəmirli otağı tərk etdi.
Əməkdaşlar çıxdıqdan sonra rəis müavini bayaq rəisin qulağına pıçıldadıqlarını ucadan bir daha təkrar etdi:
-Az əvvəl Nazirliyin Mərkəzi Kompyuter bazasından verilən məlumat belədir. Paytaxt üzrə iyirmi bir nəfər xəbərsiz itkin düşən var. Onlardan dörd nəfəri respublikanın ayrı-ayrı rayonlarından olsalar da, eyni gündə, yəni Dəmirlinin dediyi tarixdən bir gün əvvəl ailələri ilə telefon əlaqəsi saxlayaraq növbəti gün evə dönəcəklərini bildirmişlər, bundan sonra isə onları görən olmayıb. Mobil telefonlarına da zəng çatmayıb. Maraqlı təsadüfdür, deyilmi?
-Həm də çox, -rəis müavininin bu fikri ilə razılaşmamaq olmazdı.
-İcazənizlə, mən Dəmirlini götürüb Rəşad Qasımlı ilə birlikdə ərazini gəzmək istəyirəm.
-Əlbəttə, -rəis tez dilləndi. -Mən də evə getmirəm. Xidməti otağımda qalıram. Əlavə nə kömək lazım olarsa, birbaşa mənimlə əlaqə saxlayın, əməliyyat qrupu ilə birlikdə gəlim.
İş vaxtının bitməsinə baxmayaraq, bölmə rəisi qalmağa qərar vermişdi.
-Təşəkkür edirəm.
Qasımlı ilə eyni vaxtda ayağa qalxdıq. Leytenant Dəmirli bizi rəisin xidməti kabinetinin qarşısındakı qəbul otağında gözləyirdi. Bizi görən kimi ayağa qalxıb farağat vəziyyəti aldı.
-Sərbəst olun, leytenant. İndi birlikdə bayaq dediyiniz əraziyə gedəcəyik. Bəlkə nəsə müəyyən edə bildik.
-Aydındır cənab…. Dəmirli susub üzümə baxdı. Mənim kim olduğumu bilmədiyi üçün rəsmi müraciət formasını da yarıda kəsməli olmuşdu.
-Mənə sadəcə Bəxtiyar müəllim deyin.
-Aydındır, Bəxtiyar müəllim.
Polis bölməsindən çıxanda saat ona qalırdı. Hava qaralmışdı. Qasımlının maşınının arxa qapısını açıb Layiqənin yanında əyləşdim. Dəmirliyə isə sürücünün yanındakı oturacaqda əyləşməsini tapşırdım. Hamı maşına əyləşdikdən sonra, Dəmirlinin göstərdiyi istiqamətə yola düşdük.
-Əvvəlcə o dediyin zibil qutularının yanına gedək.
Bunu eşidən Dəmirli dərhal getdiyimiz yoldan sola dönməyin lazım olduğunu bildirib, əlinin işarəsi ilə bir qədər irəlidə dönəcəyimiz yolu göstərdi.
Qasımlı maşının sola dönmə işıqlarını yandırıb qarşıdan gələn maşını buraxdı və deyilən yola dönüb qarşımızda açılan enli, hamar asfalt döşənmiş yol ilə sürdü.
Yolun əsas yol olması xoşuma gəlmədi. Çünki bu yolla qəsəbənin onlarla yolu kəsişirdi və telefon qırıqlarını ora istənilən yerdən gətirib yolüstü ata bilərdilər.
-Zibil qutuları bu yolun kənarındadır?
-Bəli.
-Onda əbəs yerə vaxt itirməyək. Bayaq dediyniz, qəribə səslər gələn yeri göstərin.
-Yaxşı, Bəxtiyar müəllim.
Dəmirli üzünü Rəşada tutub gəldiymiz yolla geri qayıtmağın lazım olduğunu bildirdi.
Maşınların hərəkətinin kifayət qədər intensiv olduğu yolda münasib məqam tapan Rəşad cəld maşını geri fırlayaraq əks istiqamətdə sürməyə başladı.
-İndi isə bir qədər yavaşlayın, bir azdan sağa dönəcəyik,-xeyli getdikdən sonra Dəmirli sükutu pozdu.
Sağ tərəfə baxdım. Yolun sağı getdiyimiz yoldan bir qədər, təxminən bir metr hündür səviyyədə olan boş düzənlik ərazi idi. Bu düzənlikdən o tərəfdə isə evlər görünürdü.
Dəmirlinin göstərdiyi yola dönən Rəşad maşının sürətini minimuma endirdi. Çünki döndüyümüz bu torpaq yol çox ensiz və kələ-kötür idi. Yavaş getsə də, maşın ləngər vurur, bizi də silkələyirdi. Yaxşı ki, bu çox çəkmədi və az sonra geniş meydançaya çıxdıq.
-Buradır, -Dəmirli dedi.
Maşını bir qədər kənara çəkən Rəşad qaranlıq bir yerdə saxladı və işıqlarını söndürdü.
Saat on birə işləyirdi.
Diqqətlə ətrafı gözdən keçirdim. Meydançadan dörd istiqamətə ara yollar gedir, bu yolların sağı-solu yaşayış evləri ilə əhatələnmişdi, evlərin bəziləri kifayət qədər dəbdəbəli, bəziləri isə kiçik birmərtəbəli daxmalar idi. Bir neçə hündürmərtəbəli bina da var idi yaxınlıqda. Bakı ətrafı üçün spesifik olan bir mənzərə...
Evlərin əksəriyyətində işıqlar yanır, həyat qaynayırdı. Ancaq bəziləri, digər evlərdən düşən işığın fonunda siluet kimi görünürdü.
Bayaq gördüyüm, yolun sağındakı düzənlik ərazi isə indi dayandığımız yerdən arxamızda qalmışdı.
Mənim dönüb həmin boş sahəyə baxdığımı görən Orxan Dəmirli, -Haqqında söhbət etdiyim yeraltı sığınacaq buradır, bu gördüyünüz düzənliyin altında yerləşir, illərdir ki, istifadəsiz qalıb, -dedi.
Fikrimcə, axtarışlarımın əhatə dairəsi kifayət qədər daralmışdı. Ancaq yenə də bu ara yolların hər birini axıra qədər gəzəriksə, bu yüzlərlə ev deməkdir. Görəsən doğru yoldayammı???
Beynim yenə sürətlə işləyir, bundan sonra hansı addımlar atacağımı düşünürdüm. Əgər hətta doğru yoldayamsa da, Nərminin bu yüzlərlə evdən hansında gizlədildiyini necə müəyyən etməli? Vaxt, vaxt, vaxt... Kaş ki, bu son gecə olmayaydı, cəmi bircə gün də vaxtım olaydı. Tək bircə gün.
Yenə suallar çox idi. Özüm-özümə verdiyim suallar…
Saat on birə iyirmi dəqiqə işləyib, ətrafımda yad evlər, dayandığım meydançanın arxasında, təxminən yüz əlli metr aralıda iki böyük dəmir borusu ucalan, illərlə üstünü küləyin gətirdiyi toz-torpaq basmış beton bunkerin çaqqallar ulaşan qaranlıq düzənliyə oxşayan, dayandığımız yerin səthindən təxminən bir metr hündürdə olan kifayət qədər böyük ərazisi, qarşımda isə nə deyəcəyimi gözləyərək susub duran yoldaşlarım.
Hamı mənim nə qərar verəcəyimi gözləyir. Mənsə elə onlar kimi susuram.
İntuisiyam mənə həmişə kömək edib. Ancaq bu məsələdə təkcə fəhmlə qərar verib vaxt itirmək olmazdı. Yenə də vaxt... Vaxtımın az olması məni sıxır, beynimi belə hallarda olduğundan ikiqat sürətlə işləməyə vadar edirdi… Belə bir ağır işi araşdırmağa otuz altı saatdan bir qədər çox vaxt vermişdi mənə qocalar… Bu isə çox az idi. Çox az… Kaş ki, dərhal mənə müraciət edəydilər.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
Kərim Tahirov ölkəmizi beynəlxalq konfransda təmsil edir
Özbəkistanın Buxara şəhərində “Kitab və mütaliə cəmiyyətin inkişafında strateji resurs kimi” adlı II Forum keçirilir. Forum çərçivəsində “CENTRAL ASIA: elm, təhsil, mədəniyyət və biznesdə internet və kitabxana-informasiya resursları” mövzusunda XVI Beynəlxalq Konfrans işinə başlayıb. Tədbirdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təmsil edir. Bu barədə Milli Kitabxana məlumat yayıb.
Konfransın plenar iclasında Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev, Özbəkistan Respublikası Ali Məclisi Senatının üzvü Botir Zaripov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin vitse-prezidenti Vadim Duda, Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) prezidenti Barbara Lison, Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Yekaterina Kudrina, Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xol, Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (eIFL) direktoru Rima Kuprite, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva və digərləri çıxış ediblər.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov konfransda məruzə və təqdimatla çıxış edərək, mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsindən danışıb. O, ümumiyyətlə son illər istər iş proseslərində, istərsə də xidmət sahələrində innovasiyaların tətbiqinin Azərbaycan Milli Kitabxanasının qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyib və bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini vurğulayıb, istifadəçilərin kitabxana-informasiya təminatında tətbiq edilən yeni layihələr barədə məlumat verib.
Natiq gənclərin mütaliə mədəniyyətinin formalaşması məqsədilə Milli Kitabxananın nəzdində günün 24 saatı ərzində sərbəst şəkildə mütaliəyə şərait yaradan “Açıq kitabxana” layihəsi, kitabxananın saytında virtual rejimdə respublika kitabxanalarına, mütəxəssislərə “Metodiki xidmət”, “Sənədlərin sifarişi və elektron çatdırılması”, həmçinin “Virtual sifariş” və “Biblioqrafik sorğu” kimi xidmət növləri, Azərbaycan xalq musiqisinə dair səsyazılarının, notların, Azərbaycan xalq musiqisi nümunələri, muğamlar, xalq mahnıları, qəhrəmanlıq təranələri, xalq rəqs musiqisi və aşıq musiqisinin, habelə dahi bəstəkarlarımız haqqında məlumatların yer aldığı “Musiqi kitabxanası” və “Audiokitab” layihəsindən danışıb.
Direktor, həmçinin mütəmadi olaraq virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksi olan və əməkdaşlar tərəfindən yaradılan tammətnli elektron məlumat bazalarının hazırlandığını qeyd edib, tariximizə, mədəniyyətimizə, Qarabağ məsələsinə və digər mühüm sahələrə dair elektron virtual sərgilərin hazırlandığını vurğulayıb, həyata keçirilən xidmətin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə şərait yaradan, kitabxanaların işinin daha da təkmilləşməsi prosesinə xidmət edən innovasiyaların tətbiqinin günün tələbi olduğunu diqqətə çatdırıb.
Konfrans sabaha - mayın 26-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
VI “Azərbaycanım” uşaq rəsm müsabiqəsinə maraq böyükdür
VI “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunan eyniadlı müsabiqənin yekun sərgisinin vaxtı açıqlanıb. Sərgi mayın 27-də Xətai Rayon İcra Hakimiyyətinin qarşısında təşkil ediləcək.
Xətai Sənət Mərkəzinin yaydığı məlumata görə, sərgi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədilə keçirilən festival çərçivəsində təşkil olunacaq. “Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssisindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərib və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilib. Bu əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzinin sərgi zalında sərgilənib. Qaliblərə hər yaş qrupu üzrə ayrıca hədiyyə və diplomların təqdim olunması nəzərdə tutulur.
Xatırladaq ki, müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
“Səndən uzaqların bəxti qaradır...” – Qəmər Sözay
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin şeir seçmələrinin təqdimatı davam edir. Bu həftə növbədə Qəmər Sözayın şeirləridir. Bu gün o, “Səndən uzaqlar” deyir.
ŞEİR VAXTI
Qəmər SÖZAY
SƏNDƏN UZAQLAR
Səndən uzaqların havası soyuq,
Səndən uzaqların bəxti qaradır.
İtirib yolunu ümidlərim də,
Bilinmir ünvanı nədir, haradır.
Taleyim kədərin toruna düşüb,
Hər bir çırpınışla qəmə bürünür.
Zamanın gözünə dağ bassam belə,
Ötən hər günümdə yerin görünür.
Dolanır aylarım, illərim sənsiz,
Gəncliyim boynunu bükür beləcə.
Mənə unutmağın reseptini yaz,
Ya da ki de, səni unudum necə...
Toz basmış pəncərə şüşələrimdən
Həsrətin boylanır qaranlıq kimi.
Çirkli ovuclarım duaya həsrət,
Ölüm bədənimə çəkir şəklimi.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
“Yuğ” Teatrı yeni tamaşa hazırlayır
ANARIN HEKAYƏSİ TEATR TAMAŞASINA SÜJET OLUB
“Yuğ” Dövlət Teatrında “Asılqan” adlı yeni tamaşa hazırlanır. Hazırda teatrın yaradıcı heyətinin iştirakı ilə bu səhnə əsərinin məşqləri gedir.
Bu barədə teatrdan məlumat yayılıb.
“Xalq yazıçı Anarın “Asılqanda işləyən qadının hekayəti” əsəri əsasında hazırlanan tamaşa həyatlarının hər bir dönəmində sınaqlarla üzləşən iki gəncin sevgi hekayəsindən bəhs edir. Səhnə əsərinin rejissoru Əbdülqəni Əliyev, rəssamı Əfşan Əsədova, rejissor assistenti Məryəm Qələndərlidir.
Tamaşada rolları aktyorlar Elşən Əsgərov və Ləman Mərrih ifa edirlər. “Asılqan”ın premyerası iyun ayına nəzərdə tutulur”, - deyə S.Ömərova qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
Heydər Əliyev və müasir ədəbiyyat
Heydər Əliyev ili münasibətilə “Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi növbəti məqalə şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsindir. “HEYDƏR ƏLİYEV VƏ MÜASİR ƏDƏBİYYAT” adlanır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi zaman kəsimini sənətin və ədəbiyyatın inkişafında müasir intibah dövrü adlandırmaq olar. İlk növbədə ona görə ki, bu dövr tarixi yaddaşımıza qayıdışda mühüm əhəmiyyət kəsb edən bir prosesin - azərbaycançılıq məfkurəsinin, milli ədəbiyyatın və ziyalılığın oyanış, dirçəliş dövrüdür. Hələ sovet hakimiyyəti illərindən başlayaraq, Ümummilli lider ədəbiyyatın vətənpərvərlik, millilik və müasirlik ruhunda inkişaf etdirilməsini ön mövqeyə çəkmiş, milli-tarixi özünüdərk proseslərinin dərinləşməsində bədii nümunələrin əhəmiyyətli rol oynadığınıbildirmişdir.
Heydər Əliyevin ədəbiyyata baxışında müasirlik anlayışı prioritet məsələlərdən olmuşdur. Çağdaş düşüncə, yeni təfəkkür əsasında həm dövrü, həm yazılan əsəri dəyərləndirmək əzmi onun müasirlik meyarının əsas istiqamətləri idi. Meydana qoyulan mətnlərdə öz dövrünü dolğunluğu ilə göstərməyi, zamanın ruhunu, mühüm meyil və qanunauyğunluqlarını açmağı o, təməl vəzifə olaraq irəli sürürdü. Çıxışlarında dəfələrlə bildirirdi ki, Azərbaycan yazıçılarının əsas qayğısı zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq olmalıdır.
Heydər Əliyev üçün müasirlik çağdaş epoxanın inkişaf qanunauyğunluğunu açmağa kömək edən hər şey demək idi. Onun müxtəlif tədbirlərdəki çıxışları, qurultaylardakı dərin məzmunlu məruzələri, yazıçı və şairlərlə söhbətlərində vardığı bir çox problemlərə baxışı ədəbiyyatda müasirlik məsələsinin qoyuluşunun, bədii həllinin aydın ifadəsinə çevrilmişdir.
Ümummilli lider sənətdə azadlıq, istiqlal düşüncəsinin alovlu tərəfdarlarından olmuşdur. Onun sovet hakimiyyətinin ən sərt dönəmlərində belə milli ruhu qorumaqla bağlı əzmli davranışlarının zəminində bu amal dayanırdı. Ulu Öndərinsiyasətini istiqlal sözü ilə bir müstəviyə qoyub, bu anlayışa münasibətini, bütün tərcümeyi-halında bu ifadənin funksionallığı üçün hansı çətinliklərdən keçməsini göz önünə gətirmək çətin deyil. Hələ sovet dövründən onun diqqəti əsərlərində azadlıq ideallarını daim uca tutan şairlərin, yazıçıların üzərində olmuş, onları qorumuş, himayə etmiş, dəstəkləmişdir. Hakimiyyətinin ikinci dövründə, 1995-ci ildə isə Heydər Əliyevin sərəncamı ilə ilk dəfə olaraq “İstiqlal” ordeni təsis olunmuş və bu orden üç şairə – Xəlil Rza Ulutürk (ölümündən sonra), Məmməd Araz, Bəxtiyar Vahabzadəyə təqdim edilmişdir.
Xalq şairi Xəlil Rza Ulutürkün vəfatı ilə əlaqədar 24 iyun 1994-cü il tarixdəki vida mərasimində Heydər Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Ümummilli lider milli ruhunda azadlıq düşüncəsini gəzdirən, onu zamanın amansız aşınmalarından qoruyub günümüzə zədəsiz gətirə bilən nəhəng şəxsiyyətdir: “Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin ön cərgəsində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə həm alim, həm də şair kimi… örnək olmuşdur. O daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir. …Mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox da cəsurluğuna, əyilməzliyinə, öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm».
Bu fikirlər Xəlil Rza Ulutürkün ədəbi-ictimai xidmətlərinə verilmiş yüksək qiymətin ifadəsi olmaqla bərabər, həm də yazıçı və şairlərə ünvanlanmış çağırış,iqtiqlal və hürr duyğularına verilən rəhbər dəyəri, rəhbər salamı idi.
Heydər Əliyevin müasir ədəbiyyata yanaşmasında vacib olan digər məqama diqqət yönəltmək lazımdır. O da Ulu Öndərin ədəbi tənqidin rolu və vəzifələri məsələsinə xüsusi həssaslıqla yanaşması faktıdır. Çıxışlarında dəfələrlə vurğulayırdı ki, müasir ədəbi-bədii prosesi tənqidçilərin, ədəbiyyatşünasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir. Onlar bədii həyatımızın mürəkkəb, bəzən ziddiyyətli proseslərini dərindən təhlil etməyə və ümumiləşdirməyə borcludurlar: “Tənqidi fikrin üfüqləri hələ də nəzərəçarpacaq dərəcədə genişlənməmişdir... Azərbaycan ədəbiyyatşünaslığının və tənqidinin vəzifələri geniş və çoxcəhətlidir. İctimai, bədii-estetik zövqləri formalaşdırmaq, incəsənətdə sönüklüyə, durğunluğa, xalturaya, yabançı baxışlara qarşı mübarizə aparmaq işində ədəbiyyatşünaslığın və tənqidin rolunu gücləndirmək lazımdır”.
Heydər Əliyev bütün çətin və gərgin, kataklik proseslərin tüğyan elədiyi zamankəsimlərində belə ədəbiyyat və mədəniyyətin mövqeyini ali səviyyədə qiymətləndirmiş, onların kölgədə qalıb ikinci planda qəbul edilməsinə yol verməmişdir. Müstəqillik illərinin əvvəllərində - xaotik gerçəkliklərlə, müəyyən sosial-siyasi böhranla üz-üzə qaldığımız dövrlərdə Heydər Əliyevin söylədiyi bir fikir onun bütün fəaliyyət xəttini uğurla simvolizə edir: “Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz”. Məhz bu baxışın, bu möhkəm iradənin sayəsindəədəbiyyat 1990-cı illərin dərin böhranından silkinib qurtula bildi. Dəyərlərinə, milli sərvətinə sahib çıxaraq gələcəyə daha inamlı şəkildə addım atdı. Bunun üçün Heydər Əliyevin gerçəkləşdirdiyi əməllər sırası vardı. Bu əməllər hansılar idi?.. İlk növbədə, bu böyük şəxsiyyətin Azərbaycan Yazıçılar Birliyini təhlükədən xilas etməsi, onun ədəbi orqanlarına sahib çıxması, gənc və yaşlı yazarların sosial vəziyyətini asanlaşdırmaq üçün təqaüdlər ayırması vəs., və i.
Heydər Əliyevin Azərbaycan Yazıçılar Birliyinin bağlanması məsələsi ilə bağlı zamanında atdığı mütərəqqi addım onun sənət, ədəbiyyatla bağlı həyata keçirdiyi işlərin ən mötəbərlərindən sayıla bilər. Azərbaycan Yazıçılar Birliyinin 1997-ci ilin oktyabrında keçirilən X qurultayında Heydər Əliyev bildirirdi: “Azərbaycan Yazıçılar Birliyi bu altı il müddətində – keçən qurultaydan indiyə qədər – çox iş görübdür. Yazıçılar Birliyini qoruyub saxlayıb, onun parçalanmasına, dağılmasına yol verməyiblər. Görürsünüz, bu altı ildə bizim Azərbaycanın başına nə işlər gətiriblər. Yazıçılar Birliyi də bütün bu sınaqlardan, imtahanlardan keçibdir. Ona görə də şəxsən mən belə hesab edirəm ki, bunu yüksək qiymətlənmək lazımdır. Yazıçılar Birliyinə rəhbərlik edən şəxslərin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır”.
Eləcə də Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan «Ədəbiyyat qəzeti»nin, «Azərbaycan», «Qobustan», «Ulduz» və «Literaturnıy Azerbaydjan»jurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirməsi Ulu Öndərin ədəbiyyata verdiyi dəyərin ən alilərindəndir.Bu addım Heydər Əliyevin çətin keçid dövründə, xalqın məruz qaldığı tarixi sınaq məqamlarında milli ədəbiyyatın və ədəbi prosesin inkişafına göstərdiyi böyük qayğının əməli təzahürüdür. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin müasir ədəbiyyatın inkişafı istiqamətində başladığı proseslər bir tərəfdən klassik ədəbiyyatı xalqın yaddaşına yenidən qaytarmaq niyyətinə bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesidirçəltmək amalından qaynaqlanırdı. Onun maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnıy Azerbaydjan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı imzaladığı sərəncam da ilk növbədə, yeni düşüncənin, yeni ədəbiyyatın gəlişməsinə imkan açma niyyəti ilə bağlı idi.
Heydər Əliyev üçün yeni ədəbiyyat, yeni düşüncə nəyi ifadə edirdi? İlk növbədə, şair və yazıçıların xalqa, yaddaşa xidmətini, tarixi keçmişə hörmətlə yanaşmasını, milli ruhun təmsilçisi olmasını, eyni zamanda dünyəvi, modern sənət prinsiplərinin mənimsənilməsini. Ümummilli lider bütün hallarda ədəbiyyatı xalqın dərdlərinin və keçdiyi tarixi yolun tərcümanı kimi görürdü və əsas missiya kimi yaradıcı şəxslərəöz dəyərlərinə sadiq olmağı aşılayırdı. Məsələn, məlumdur ki, sovet dövrü süquta uğradıqdan sonra həmin dövr ədəbiyyatını qiymətləndirmək, onun tarixi dəyərini vermək zərurəti meydana çıxmışdır. Problemə münasibətdə ikili yanaşma yaranmışdı: mühafizəkar və nihilist. Ədəbi prosesdə, ədəbi qəzet və jurnalların səhifələrində bu yöndə aramsız mübahisələr gedir, diskussiyalar aparılırdı. Heydər Əliyev ədəbi gündəmi izləyən biri kimi problemə münasibətdə sabit elmi dəyərlərdən çıxış etməyi vacib bildi: “Biz hamımız dövrün, zəmanənin övladları olduğumuzdan onun stereotiplərindən kənara çıxa bilmirdik. Çıxmağa imkan da yox idi, çünki o zaman yazıçı da, alim də, adi adam da belə hesab edirdi ki, başqa cür ola bilməz. Ona görə də indi kiminsə döşünə döyməsi mənasızdır. Belələrinin özləri də o zaman bu cür yazmışlar. Bu, bizim tariximizin reallığıdır. Onu təhrif etmək olmaz... O dövrdə yaşayan və Azərbaycanın mədəniyyətini, ədəbiyyatını inkişaf etdirən adamlara indi irad tutmaq olmaz, bu, günahdır”.
Bu fikirlərlə Ulu Öndər həm Sovet dövrü Azərbaycan ədəbiyyatının obyektiv nöqteyi-nəzərdən təhlilini tələb edirdi, həm də həmin illərdə yaşayıb-yaratmış şəxsiyyətlərə yüksək qədirşünas mövqedən yanaşırdı: “...əgər kimsə 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində tariximizin böyük bir hissəsini cırıb atmaq istəyirdisə və bəzən onlar buna nail olurdusa, özləri heç bir xidmət etməmiş adamlar xalqa sədaqətlə xidmət etmiş insanları aradan çıxarmağa çalışırdılarsa, bunlar keçici bir şeydir. Gördünüz ki, onlar keçdilər, getdilər. Bu gün Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan hansısa nüanslara irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır. Belə adamların özləri xalq, millət, ölkə üçün heç bir şey etməyiblər. Əgər bizim xalq dili ilə desək, onlar nə Səməd Vurğunun, nə Rəsul Rzanın, nə də Süleyman Rüstəmin dırnağı qədər ola bilməzlər”.
Bütün böyük,görkəmli şəxsiyyətlər kimi, Heydər Əliyev də cəmiyyətin və xalqın təkamül prosesində müasir ədəbiyyatın rolunu və təsirini dərindən qiymətləndirirdi. Məhz buna görəcari dövrün ədəbi prosesini ölkənin qarşısında duran böyük ideallara doğru istiqamətləndirir, bu yolda olan bütün maneələri özü aradan qaldırırdı. Həm ədəbi şəxsiyyətlərlə ünsiyyət, əlaqə yaradıb onlara lazımi məsləhətlər verir, həm də potensial bədii imkanlarıxalqı dirçəltmək, milli ruhu diri saxlamaq işinə səfərbər etməklə ədəbiyyat faktorundan, yazıçı amilindən düşünülmüş şəkildə yararlanırdı. Hər iki halda sənətin və ona dəyər verən rəhbərin bu uğurlu birgəliyindən qazanan ədəbiyyat və Zaman idi.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
“M.Teatr”da yeni tamaşanın premyerası olub
Müstəqil “M.Teatr”da (“Mənim teatrım”) tanınmış fransız dramaturqu, aktrisa Jasmina Rezanın “Art” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Yeni tamaşanın quruluşçu rejissoru Ərturan Nəcəfi Göl, rəssamı Sevinc Məmmədova, rejissor köməkçisi Cavid Babadır. Komediya janrında qurulan tamaşada rolları Vüqar Hacıyev, Şamil İbrahimov və Ərturan Nəcəfi Göl ifa ediblər.
Səhnə əsəri 3 köhnə dostdan bəhs edir. Dostlardan biri ağ rəngdə bir rəsm əsəri alır, bu isə onların arasında böyük qalmaqala səbəb olur. Əsər klassik düşüncə ilə modernizm arasında olan zidiyyətlərdən, eləcə də dostların biri-birinə olan münasibətindən bəhs edir.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)
Mədəniyyət naziri Adil Kərimli sabah Xaçmazda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən sabah - 2023-cü ilin 26 may tarixində saat 10:00-da Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 2) əsasən Xaçmaz, Quba, Qusar rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 19 may 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)