ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Varis, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu, Azərbaycan sevdalısı Məhəmməd Əmin Rəsulzadənin bu il 140 illik yubileyidir. 

 

Taleyin ironiyasına baxın ki, uzun illərdir, hansısa məmurun, məmurların direktivləri əsasında bu adı çəkmək qeyri-rəsmi də olsa yasaq edilib. Dərsliklərdən uzaq düşüb, teleməkandan iraq qalıb, Cumhuriyyətdən danışılanda belə onun adı “unudulub”. Bunlar azmış kimi, bu görkəmli şəxsiyyət kiçildilib, təhqirlərə belə məruz qalıb. 

Amma milyonların ürəyində Rəsulzadə adı yaşayıb, onun Novxanıdakı abidəsi, Ankaradakı məzarı daim anılıb, tər çiçəklərdən əskik olmayıb. 

Biz tarixi kimlərinsə ambisiyalarına qurban verənlərdən idik, çox şükür ki, bu tarixi ədalətsizliyə yeni ilin gəlişi ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev son qoydu. O, Rəsulzadənin 140 illiyinin qeyd edilməsi barədə sərəncam imzaladı. Və bununla da tarixi saxtalaşdıran “ideoloqlara” yerlərini göstərdi. 

Bizdə çox qəribə davranışlı orta ranqlı məmur tayfası var. Onlar bir vaxtlar Rusiya deyibən bar-bar bağırar, Türkiyəyə həqarət yağdırardılar. Azərbaycan prezidenti ölkənin siyasi kursunun Türkiyə yönəli olduğunu bəyan edəndən sonra həmin bu məmurlar türkpərəst olub da hazırda özlərini ən radikal pantürkist kimi aparırlar. 

Və mən əminəm ki, prezident sərəncamından sonra Rəsulzadəyə daim böhtan və iftira yağdıranlar da ən qatı Rəsulzadəçi olacaqlar. 

 

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.

Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2023-cü il

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)

Çərşənbə axşamı, 02 Yanvar 2024 19:26

Hər şey sizinlə başladı, cənab general

 

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, İkinci Qarabağ müharibəsinin əsas təşviqedici qüvvəsi general-mayor Polad Həşimovun doğum günüdür. Onu yad etmək, dualarla xatırlamaq hər bir vətəndaşın borcudur, ona görə də istədim ki, bir az ondan yazım. Ancaq publisistikadan kənarlaşıb sətirlərə öz hisslərimi tökmüşəm, inşallah ki, hər kəs bu gün generalımızı xatırlayar!

 

02.01.1975

Hər şey sizinlə başladı cənab general.

Bəlkə də, sizin cənnətə qədəm qoymağınız bizim diyarlardakı cənnətimizi geri almaq yolunda ilk addım, ilk təməl oldu. 

Siz sadəcə General Polad Həşimov olduğunuz üçün yox, vicdanlı və təmiz qəlbli mərd vətən oğlu olduğunuz üçün örnək oldunuz bu xalqa, bu millətə.

Sizin uğrunuzda neçə-neçə gənc hər şeyini fəda etməyə hazır idi artıq. 

Müharibənin ilk günlərini xatırlayıram, yurdumun dörd bir yanından şəhadət xəbərləri eşidirdik. Neçə-neçə ananın qəlbinə övlad dağı çəkildi, neçə-neçə atanın beli büküldü, hələ nə qədər ata övladını qucağına almamış, vətən yolunda yumdu gözünü...

Bardağı daşdıran sonuncu damla öz əsgərlərini övladlarından ayırmayan atanın, maaşının bir qismini şəhid ailələrinə verən, dövlət tərəfindən mükafatlandırıldığı evini şəhid ailəsinə bağışlayan, sözdə yox əməldə Kişilik göstərən Vətənin igid oğlunun şəhadət zirvəsinə ucalması oldu.

Allahın izni ilə qanınız yerdə qalmadı, cənab general.

Nur içində yatın!

 

“Ədəbiyyat və incəsənət”

(02.01.2024)

 

YARAT Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında multimedia rəssamı Maksim Tatarintsevin “MONO” adlı fərdi sərgisi bu gün tamamlanır. 

Və gerçəkdən sərgi, dövrünün əksi olaraq, yadlaşmış və absurd vəziyyətinə düşmüş insanın sürətlə dəyişən reallığı mənalandırması haqqındadır. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, YARAT-ın sərgiyə verdiyi təsvir bu cürdür. 

 

Kuratoru Zəhra Məmmədova olan sərgi bugünədək çoxlu ziyarətçilərə xidmət göstərib. 

Aydındır ki, insan həyatının qeyri-stabilliyi adiləşmiş bir hal alıb. Artan geosiyasi konfliktlər, habelə immiqrasiya və təbii fəlakətlər şəxsi kontekstdə dərin təsir göstərir. Eyni zamanda, süni intellekt texnologiyalarının sürətli inkişafı bu hadisələr ilə paralel addımlayır. Maksim Tatarintsev bu sərgi-layihə üçün, süni intellektdən istifadə edərək əsərlər yaradıb. Ekspozisiya rəssamın postimmiqrasiya dövrünün yaratdığı mənasızlıq və absurd hissi haqqında düşüncələri nəzərdən keçirməsini ehtiva edir və müəllifin hazırkı subyektiv reallığını vurğulayır.

Sərgi, bütövlükdə tamaşaçıya söylənilən şəxsi monoloq olsa da, ekspozisiya boyunca rəssam, süni intellektlə daimi dialoqdadır. Bu dialektikada süni intellekt bir növ həll yolu göstərən bələdçi rolunu oynayır və müəllifin absurd içində məna axtarışları, habelə sorğu-suallarını müşayiət edir. Süni intellekt müəllifin demək olar ki, bütün addımlarını diktə edir. Bu göstərişlərin çox halda irrasional olmasına baxmayaraq, rəssamın onlara əməl etməsi, kənar güclərin və vəziyyətlərin onun özünüdərkinə və həyatına necə təsir göstərdiyinə, hətta idarə etdiyinə işarə edir. Sərgidə rəssam tənqidi sual ortaya qoyur: "Özümüzdən asılı olmayan hadisələrə kortəbii təslim olaq, yoxsa mübarizə aparaq?"

Maksim Tatarintsev süni intellekt ilə qarşılıqlı əlaqə qurur və bu qarşılıqlı əlaqənin imkanlarını, həmçinin məhdudiyyətlərini nəzərdən keçirərək, süni intellektin sürətli inkişafının mümkün nəticələrini tədqiq edir. Beləliklə, sərgi etika və məsuliyyətlə bağlı suallar doğurur, realın qeyri-realdan, əslin saxtadan ayırmağın get-gedə müşkül olduğunu vurğulayır.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Şənbə, 30 Dekabr 2023 18:30

Şəhərimizin balaca qonaqları üçün

 

 

Bir ölkəyə qonaq gələn və özləri ilə uşaqlarını da gətirən valideyinləri özlərindən çox uşaqları maraqlandırır. Onlara necə xoş anlar bəxş etsinlər? 

Bakıya yeni ili keçirməyə minlərlə turist gələcək ənənə üzrə. Onlara uşaqlarını aparmaq üçün Bakı zooparkını, sirkini, kukla teatrını tövsiyyə edirik, eləcə də xüsusi Yeni il proqramını. 

 

Yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün əyləncəli-interaktiv Yeni il şənlikləri keçiriləcək. Əzizimiz uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. Bundan əlavə, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, Yeni il zarafatları ilə sevindirəcək.

Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər.

 

“Ədəbiyyat v

Şənbə, 30 Dekabr 2023 18:00

Musiqili Teatrın yanvar repertuarı

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yanvar ayı repertuarını təqdim edirik:

 

1, 2, 3 yanvar - “Yeni il şənliyi”

12 yanvar - “Molla Nəsrəddinin beş arvadı”

13 yanvar - “Lara Martin’s Jazz Club”

14 yanvar - “999-cu gecə”

19 yanvar - “Leyli və Məcnun”

20 yanvar - “Bir qəfəs qədər”

21 yanvar - “Psix”

26 yanvar - “Sevənlərindir dünya”

27 yanvar - “Qırmızı papaq”, “Utancaq qız”, “Bəxtiyar”

28 yanvar - “Sehrli nəğmə”, “O olmasın, bu olsun”

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanvar repertuarını təqdim edirik:

 

5 və 6 yanvar- “Şelkunçik”

10 yanvar- “Don Kixot”, “Leyli və Məcnun”

12 yanvar- “Leyli və Məcnun”

21 yanvar- “Toska”

25 yanvar- “Sevil”

27 yanvar- “Jizel”

31 yanvar- “Əsli və Kərəm”

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Şənbə, 30 Dekabr 2023 17:00

Şuşa Teatrının yanvar repertuarı

 

Şuşa Dövlət Musiqili Dram Teatrı yanvar ayı üçün nəzərdə tutulan repertuarını təqdim edirik:

 

1, 2, 3 yanvar - “Yeni il şənliyi”

12 yanvar - “Solğun çiçəklər”

13 yanvar - “Balaca və Karlson”, “Boy çiçəyi”

14 yanvar - “Tənbəl dovşan”

19 yanvar - “Anamın kitabı”

20 yanvar - “Yanvarın iyirminci günü”

21 yanvar - “Dovşanın ad günü”

26 yanvar - “Müsyo Jordan və Dərviş Məstəli şah”

27 yanvar - “Qırmızı papaq”, “Ana”

28 yanvar - “Danışan gəlincik”.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınlz şeir 2014-cü ildə yazılıb. 

 

 

Gərəyi oldum ki...

 

Məqsədi nəyimiş – anladım indi,

nə üçün becərib, bitirib məni,

bu dünya heç mənə gərək deyildi;

gərəyi oldum ki, gətirib məni.

 

Oynadıb; hər dəfə bir hava çalıb,

gah dostu olmuşam, gah dava salıb,

inciyib – tufana-alova salıb,

əfv edib çiyninə götürüb məni.

 

Köhnəydi – yaratdı duyub dəyişəm,

zirvələr dolaşam, köksünü eşəm,

nərdivan bəxş edib; qalxıb-enmişəm,

hərdən ulduzlara yetirib məni.

 

Bir səmum yeli var, adı – “Əcəldi”,

gülüb qaş-göz edir: “zamanı gəldi”,

dünyaya sayımız artıqmı gəldi,

yoxsa ki, özümə çox görüb məni.

 

Bilirəm, alacaq verdiyi canı,

həyat –tale dərsi, bəxt imtahanı,

vüsal sarayıyam, hicran zindanı;

dünya özü bilmir – nə hörüb məni...

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Bakı Marionet Teatrında “Heydər Əliyev İli” çərçivəsində İctimai Televiziya və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə istehsal etdiyi “İçərişəhər Heydər Əliyevin izi ilə” sənədli filminin təqdimatı keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə ictimaiyyət, mədəniyyət, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra “İçərişəhər Heydər Əliyevin izi ilə” sənədli filmi nümayiş olunub. Ekran əsəri Ümummilli Lider Heydər Əliyevin İçərişəhərə, mədəniyyətimizə, sənət nümayəndələrinə göstərdiyi xüsusi diqqət və qayğısından bəhs edir.

 

Nümayişdən sonra çıxış edən yaradıcı heyət filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin İçərişəhərin inkişafına çox böyük təsiri olub. O bildirib ki, film çox qısa müddətdə çəkilib. Ekran əsərinin qəhrəmanlarının hər biri vaxtilə Ulu Öndərlə təmasda olub, onların İçərişəhərin təbliğində və təşviqində böyük rolu var. Ş.Seyidzadə yaradıcı komandaya, əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib.

 

Filmdə Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab Məmmədov, Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, İçərişəhərə ayırdığı diqqətdən danışıblar.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb

 

Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb. AzərTAC xəbər verir ki, şura “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub.

 

Ekspert şurasında Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova Ekspert şurasının sədri seçilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şuranın katibliyi yaradılıb.

 

Mədəniyyət Nazirliyi yanında memarlıq və arxeoloji abidələr üzrə mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb. Artıq işçi qrup tərəfindən Bakı şəhərində daşınmaz mədəni sərvətlərin monitorinqi, aşkarlanması və inventarlaşdırılması həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.