
Super User
Heydər Əliyev Sarayında ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək
Oktyabrın 6-da Heydər Əliyev Sarayında ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək.
“Heydər Camalın həyat yolu” mövzusuna həsr olunacaq görüş saat 20:00-da başlayacaq.
Biletləri şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.
Qeyd edək ki, məşhur jurnalist və ictimai xadim Maksim Şevçenko ölkəmizin haqlı mübarizəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib və 44 günlük Vətən müharibəsində haqq səsimizi dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq xalqımızın rəğbətini qazanıb.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)
Rəsm qalereyası: Toğrul Nərimanbəyov, “Natürmort”
Ən parlaq boyalarla ən əsrarəngiz mənzərələr ustası
Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür
Onun rəsmlərində o qədər rəngarənglik, işıq, hərarət var ki… Şərq koloriti p qədər güclüdür ki… Və sonzuz millilik atributlarına rast gəlinir. Ona görə də rəngkarlıq tariximizə adı qızıl hərflərlə həkk olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün bənzərsiz fırça ustası Toğrul Nərimanbəyovun vəfatından 10 il ötür. O bütün ömrü boyu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə çalışıb, yaratdığı bənzərsiz sənət nümunələri ilə milli sənət dünyamıza dəyərli töhfələr verib.
1930-cu il avqustun 7-də Bakıda dünyaya gələn Toğrul Nərimanbəyovun həyatı heç də asan olmayıb. Atası Fərman Şuşada doğulub. Fransanın Tuluza Universitetinin mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.
Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.
1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs olunur, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayır.
Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənir. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur.
Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıdır.
Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırır və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilir. Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənir. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.
Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.
Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.
T.Nərimanbəyovun zəhməti, sənəti hər zaman qiymətləndirilib. O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı”, 1980-ci ildə isə “Min bir gecə” əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb. 2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.
Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.
Dünya şöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.
Toğrul Nərimanbəyov bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, onlarda rəssamlığa sonsuz sevgi və maraq oyadıb. Rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Toğrul Nərimanbəyov mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə yerinə yetirib. Bu böyük sənətkar ömrü boyu fırçanı yalnız şəkil çəkmək xatirinə əlinə götürməyib. Yaratmaq duyğusu ilə ürəyinin dərin qatlarından gələnləri kətana köçürüb. İçindəkiləri solmayan rənglər dünyasına danışıb. Dünyaya Buzovnadan, İçərişəhərdən, Abşerondan boylanıb, Göyçay narına əbədi xoşbəxtlik gətirib, harada olubsa Azərbaycanı düşünüb, Vətəni təmsil edib. Bu sevgi ilə dünyanı dolaşıb, mərd, məğrur, qürurlu bir insan ömrü yaşayıb, sənəti ilə şəxsiyyətini tamamlamağa nail olub, kamillik zirvəsinə ucala bilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)
Artıq söz-söhbətdən, yersiz dedi-qodulardan, məkr və paxıllıqdan uzaq adam
Bəli, sabah daha bir ədibimizin doğum günüdür, yubileyidir. Söhbət Nəriman Əbdülrəhmanlının 65 illiyindən gedir. “Ədəbiyyat və incəsənət” portalının yazarı Elman Eldaroğlunun daha bir yazısını təqdim edirik.
Dostlar, bu dəfə sizə yazıçı Nəriman Əbdülrəhmanlıdan söhbət açmaq istəyirəm, kimə maraqlıdırsa dinləyə bilər. Doğrudur, onun haqqında çox deyilib, çox yazılıb, amma düşünürəm ki, bu söhbət onun 65 illik yubileyinə ilk hədiyyələrdən olacaq. O, 1958-ci il iyunun 3-də qonşu Gürcüstanın Qaraçöp mahalının Düzəyrəm kəndində dünyaya gəlib. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini bitirdikdən sonra Bakıya üz tutub. Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. Üç il sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. İndiyədək "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzində çalışır...
“Mənə görə, ədəbiyyat nə tərbiyəçidi, nə də məsələ qaldırıb problem həll eləyən. Ədəbiyyat insanın yaşantılarını, duyğularını, görüşlərini SÖZlə ifadə eləmək sənətidi. Əsl ədəbiyyat, həqiqətdə, gözəl avantüradı, insanı həyəcanlandırmaq, sarsıtmaq, necə deyərlər, yerindən oynatmaq, havalandırmaq cəhdidi. Əlbəttə, ədəbi əsərlərin insanın zənginləşməsinə təsirini də inkar eləmək olmaz. Orxan Pamukun romanlarından biri təxminən belə başlayır: “Bir kitab oxudum və bütün həyatım dəyişdi”. Danmaq olmaz ki, insanın həyatını dəyişdirən əsərlər də var. Xüsusilə elektron rabitə vasitələri olmayan, kitabın daha çox oxunduğu vaxtlarda belə təsirlər hiss edilən idi...”- söyləyir.
İlk publisistik yazıları, hekayələri ötən əsrin 80-ci illərindən çap olunan Nəriman Əbdülrəhmanlı 90-cı illərdən povestləri, 2000-ci illərdən isə romanları ilə tanınır. O, həmçinin kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib...
Artıq söz-söhbətdən, yersiz dedi-qodulardan, məkr və paxıllıqdan uzaq adamdır. Onu mətbuatdan izləsəm də həyatda cəmi iki dəfə görmüşəm. Bir dəfə yazıçı Aslan Quliyevin evində, bir dəfə də mərhum ədəbiyyatşünas Sabir Bəşirovun kitabına həsr olunan tədbirdə. Maraqlı mülahizələri var.
Deyir ki,- “Düşünürəm, cəmiyyət çoxsəsli, çoxrəngli, çoxqatlı orqanizmdi, hər baxan qələm adamı da həmin orqanizmdə öz səsini, öz rəngini, öz qatını axtarır. Rənglərin, eləcə də səslərin arasındakı fərq yazıçının həmin məqamdakı ovqatı, ruhi vəziyyətilə bağlıdı. Yenə Orxan Pamuka müraciət eləyim. Onun yeganə bir hekayəsi var, “Pəncərədən baxmaq” adlanır. Radio, televiziya olmayanda adamlar həyata pəncərədən baxırdılar, onda həyat tamam başqa rəngdə görünürdü. İndi həyata daha çox monitordan baxırlar. Həyatısa insan gözündən başqa aradakı bütün vasitələr deformasiyaya uğradır...”
Xaraktercə sakit, mülayim adamdır. Necə deyərlər, dindirməsən danışmaz. Zahirən sakit görünsə də daxilən qaynar, dinamikdir. Güclü mütaliəsi var, bu onun davranışında, nitqində, eləcə də dünya görüşündə öz əksini tapıb. Haradan sual verirsən ver, dərhal cavablandıra bilir. Yaradıcı adam kimi şox tələbkardır, öz üzərində daim işləməyi xoşlayır...
“Sözün düzü, mən özünü modernist ya postmodernist adlandıran qələm sahiblərinə başqa cür baxıram. Məndən ötrü gözəl bədii mətn yazmaqdan başqa heç bir cərəyan- filan mövcud deyil. Normal cümlə qura bilməyən, hisslərini bədii səviyyədə ifadə eləməyi bacarmayan adamın özünü nəsə adlandırması ancaq təəssüf doğurur. O vaxt özünü postmodernist sayan, üstəlik, səs-küylü mükafat-filan da almış bir gənc yazarın son kitabı əlimə keçmişdi, bircə abzasını oxudum, ona da, hamilərinin köməyilə at oynatdığı ədəbiyyata da yazığım gəldi. Ona görə ədəbiyyatı sevmək də, bilməmək də, iddia ortaya qoymaq da olar, amma son məqamda hər şeyi ƏLAHƏZRƏT MƏTN göstərir.”- söyləyir.
Bəli, ədəbiyyatda bütün qaydalarla yanaşı mətn başlıca amildir. Elə bizim özümüz də, sonda kiminsə dilində mətnə çevrilməyəcəyikmi?..
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)
Sabah Xalq yazıçısı Afaq Məsudun 66 yaşı tamam olur...
“Ədəbiyyat və incəsənət” portalının yazarı Elman Eldaroğlu Xalq Yazıçısı Afaq Məsud yaradıcılığından bəhs edir.
“Vəzifə yaradıcı adamları məhv edir.” Kimin sözləri olduğunu unutmuşam, amma yerində deyilən kəlmələrdir. Yəni yazıçının başı vəzifə öhdəliklərinə qarışında bədii yaradıcılıqla məşğul olmağa az vaxtı olur və oxucuları onun üzünə, yeni əsərlərinə həsrət qalırlar. Qələm adamının asudə vaxtı çox olmalıdır ki, yazı masası arxasında məhsuldar işləyə bilsin...
Deyir ki,- “Mən həmişə Azərbaycan ədəbiyyatından kənarda olmuşam. Əgər bəşəriyyət bir qadın və bir kişidən artıb törəyibsə, sonradan irqlərə, millətlərə bölünsə belə ədəbiyyat milli olmamalıdır…”
Bəlkə də haqqlıdır. Axı ədəbiyyat o zaman böyük uğur qazanır ki, hər hansı bir xalqa deyil, bəşəriyyətə ünvanlanır. Bəli, Azərbaycan ədəbiyyatına məxsus olan əsərlərin əksəriyyəti milli ruhda qələmə alındığı üçün, azərbaycanlı təfəkkürünün məhsulu olduğu ilk səhifəsindən nəzərə çarpır. Elə ona görədir ki, bizim yazarların əsərləri əcnəbilər arasında yalnız etnik ədəbiyyatın mütaliəsinə həvəsi olan oxucular üçün əhəmiyyət kəsb edə bilir. Daha doğrusu, milli ədəbiyyatımız çox az əcnəbini maraqlandırır…
Həyat eşqi ilə dolu bir xanımdır. Parlaq zəkaya malikdir. Sürətli düşünmə səriştəsi var. Həm fiziki və həm də zehni olaraq çox aktivdir. Hərəkətli yaşamaqdan xoşu gəlir. Şən və cazibədardır. Hər mövzuya maraq göstərir. Xüsusilə məzmunlu insanlarla ünsiyyətdə olmaqdan zövq alır. Yüksək mədəniyyəti, gözəl nitq qabiliyyətilə adamları heyran edə bilir. Oxuyub öyrənməyi, mütaliəni xoşlayır...
Məktəb illərində xeyli çətinlikləri olub. “Nə yaxşı ki, məktəb həyatını sağ-salamat bitirdim.”- söyləyir...
Yazmağa başlayandan bir qədər sonra anlayıb ki, ərsəyə gətirdiyi hekayələri yazıçı olmaq üçün deyil, sadəcə daxili sıxıntılardan, şahidi olduğu hadisələrin yaratdığı narahatlıqdan xilas olmaq üçün qələmə alır. Və heç zaman düşünməyib ki, niyə ənənəvi ədəbiyyatdan uzaq düşüb, hamı kimi yazmır. Özü söylədiyi qədər, onun yazdıqlarının əksəriyyəti mistik duyğuların məhsuludur, düşüncələrinin təzahürüdür…
Deyir ki,- “Real həyat oyuna bənzəyir. İnsan bilə-bilə ki, qocalacaq, əzizləri dünyadan köçəcək. Və qarşıda onu xəstəliklər, ölüm gözləyir, buna baxmayaraq çox rahat yaşayır. Bax budur mistika, eyni zamanda real həyat.”
Babası Əli Vəliyev Azərbaycanın xalq yazıçısı idi. Atası Məsud Əlioğlu isə filolologiya elmləri doktoru olub…
Haqqında söhbət açdığım Xalq yazıçısı Afaq Məsud Bakı şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət "Azərbaycantelefilm"də sıravi redaktordan direktor vəzifəsinədək yüksələ bilib. Sonra da Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 2019-cu ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına layiq görülüb…
Texnologiya inkişaf edəndən üzü bəri dünyanın bu başından o başına on beş saata getmək, hər hansı bir məlumatı bir anda göndərmək olur. Bəli, dünya bu qədər balacalaşıbsa, ədəbiyyat da dünyanı əhatə etməyi, ümumbəşəri olmağı bacarmalıdır. Afaq xanımın sözü olmasın, bu gün Azərbaycan ədəbiyyatı dünyanı fəth edə bilmirsə, deməli balaca bir topluma xidmət göstərir, hələ də beynəlmiləl ola bilmir...
İyunun 3-də Afaq xanımın növbəti ad günüdür. Ona möhkəm cansağlığı, firəvan həyat və yeni-yeni əsərləri ilə oxucularının qarşısında görünməsini arzulayıram...
Çox yaşayın, Afaq xanım!
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)
“Göz həkimi” Akademik Zərifə Əliyevanın 100 illik yubileyi tədbirində nümayiş olunub
Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə 31 may 2023-cü ildə Gənc Tamaşaçılar Teatrında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto-sərgi tədbir iştirakçıları – səhiyyə və tibb işçiləri, ictimaiyyət nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev açılış nitqi ilə çıxış edərək bildirib ki, akademik Zərifə xanım Əliyevanın zəngin fəaliyyəti, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələridir: “Zərifə xanım insanları traxoma adlı dəhşətli xəstəlikdən xilas etmək üçün ölkəmizdə göz xəstəliklərinin geniş yayıldığı rayonlara gedib, əhali arasında tibbi maarifləndirmə aparıb, bölgələrdə oftalmoloqlarla görüşüb, uğurlu müalicə metodları, profilaktika tədbirləri barədə çıxışlar edib və onun bu əzmkar mübarizəsi uğurla nəticələnib”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın elmdə yeni istiqamətlərdə apardığı tədqiqatlardan söz açlb, peşə oftalmologiyasının əsasını qoyduğunu və bu sahədə qiymətli araşdırmalar apardığını nəzərə çatdırıb.
Çıxışlarda vurğulanıb ki, görkəmli alim, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanı xalqımız sadə və mehriban, savadlı göz həkimi kimi sevib. Təsadüfi deyil ki, ötən əsrdə nümayiş olunan “Göz həkimi” televiziya tamaşası gözlərə işıq, insanlara həyat bəxş edən oftalmoloqların əzmkar fəaliyyətini işıqlandıraraq izləyicilər tərəfindən böyük sevgiylə qarşılanıb. Və budur, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü ilə, İslam Səfərlinin eyniadlı pyesi Zərifə xanımın xatirəsinə böyük ehtiramla yenidən tamaşaya qoyulub, uzun illərdən sonra böyük səhnəyə qayıdıb və elə bu tədbirdə yenidən nümayiş olunub.
Akademik, oftalmoloq Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə hazırlanan və yeni quruluşda ilk dəfə nümayiş olunan tamaşanın rejissoru Gülnar Hacıyeva, əsas rolların ifaçıları Gənc Tamaşaçılar Teatrının aktyorları – Əməkdar artistlər: Elnur Bəhramxan, Şəfəq Əliyeva, İlham Əsədov, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev, Mehriban Hüseynova, Ramil Məmmədov, Zümrüd Quliyeva, Ədalət Əbdülsəməddir.
Azərbaycan səhiyyə və tibb işçilərinin fədakarlığından bəhs edən tamaşa alqışlarla qarşılanıb, iradəli, əzmkar, çətin əməliyyatların öhdəsindən uğurla gələn, xalqımızın sadə və mehriban göz həkimi Zərifə xanım Əliyevanın nurlu siması bir daha göz önündə canlanıb.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)
Burshen! - Sonuncu almandan qalmış sonuncu əşyalar göz bəbəyi kimi qorunur
Ondan başlayaq ki, burshen - almanca afərin deməkdir.
Gözəllik itir deyirlər. İnsan qocalır. Güllər solur. Geyim köhnəlir.
İnsan kosmetik əməliyyatlar etməklə, butaforik güllərdən istifadəylə və geyimi daim təzələməklə prosesi ertələyir. Bəs əşyalar necə olur?
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Kənanın yazısı bu barədədir.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi deyilən bir müəssisə var. Əşyaların təcili tibbi yardım müəssisəsidir sanki. Bu il həmin müəssisədə rayon və şəhər muzeylərinə məxsus 1250 ədəd eksponatın bərpa prosesi həyata keçirilərək təhvil verilib. Bərpa olunan eksponatların müəyyən hissəsi ötən illərdə Mərkəzə qəbul edilib. Mərkəz tərəfindən ilin əvvəlindən bu günədək 134 eksponat qəbul olunub ki, onlardan da 74-ü yerindəcə bərpa edilib. Maraqlanacaqsınız, harada? Söhbət Göygöl rayonundakı Viktor Klaynın ev-muzeyindən gedir.
Bu yerdə oxucularıda belə bir sual yarana bilər ki, Viktor Klayn kimdir? O, Göygöl rayonunda yaşamış ən sonuncu almandır.
Almanların Azərbaycana ilk köçü 1818-ci ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Göygöl rayonu) və Annenfeld adlı iki koloniya salıblar.
Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf adı ilə salınıb. Rayonda 118 ailə məskunlaşıb. Burada alman memarlığı üslubunda 600-ə qədər ev tikilib, 6 küçə salınıb. Küçədə ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib.
Bu gün isə onlardan geriyə qalan taxta eyvanları oyma sənəti ilə işlənmiş evlər, sakit və sərin küçələr, gözəl təbiəti olan Göygöl şəhəridir.
Burada yaşamış sonuncu alman əsilli Azərbaycan vətəndaşı Viktor Klaynın - hansının ki, muzeyi barəsində danışırıq, atası polyak, anası alman olub. Viktor 1935-ci ildə Yelenendorfda doğulub və 2007-ci ildə 72 yaşında vəfat edib.
Pianinoda ifa etməyi xoşlayan Viktor Rəşid Behbudovun fanatı idi. Ən çox sevdiyi mahnı isə Rəşid Behbudovun “Zibeydə” mahnısı olub. Azərbaycan dilində Nizaminin, Füzulinin şeirlərini əzbər bilirdi. Şərabçılığa da böyük marağı vardı. Viktorun evinin çox böyük zirzəmisi vardı. Həvəskar olaraq şərab hazırlamağı sevirdi. Evinin zirzəmisindəki palıd ağacından hazırlanan şərab çəlləklərinin hündürlüyü 3 metrə çatırdı.
Viktor Klaynın hər bucağından alman mədəniyyətinin qoxusu gələn evinə - yəni muzeyə bu gün dostu Fikrət İsmayılov nəzarət edir.
Viktor artıq 14 ildir ki, həyatda yoxdur. Lakin ondan geriyə qalanlar qorunub saxlanılır. Çünki multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə, tarixi abidələrdə yaşayır.
İndi isə Bərpa Mərkəzi barədə sözümüzü davam etdirək.
Eksponatlar Mərkəzə əsasən Azərbaycan Milli İncəsənət Muzeyi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, M.F.Axundzadənin ev-muzeyi (Şəki), Azərbaycan İstiqlal Muzeyi, Bərdə Rəsm Qalereyası, Göygöldə V.Klaynın ev-muzeyi, Azərbaycan Dövlət Film Fondu, Astara Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kənd filialı, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, C.Cabbarlının ev-muzeyindən (Xızı) daxil olub.
Xatırladaq ki, Mərkəz respublikanın 225-dən çox aparıcı, ev, rayon tarix–diyarşünaslıq muzey müəssisələri üçün bərpa xidməti göstərir. Yarandığı gündən bu günədək Mərkəz 28 minə yaxın müxtəlif növ muzey əşyasının bərpa və konservasiyasını həyata keçirib. Bunların sırasına tikmə, geyim, parça nümunələri, xalça və xalça məmulatları, bədii metal nümunələri (o cümlədən gümüş məmulatı), keramika nümunəsi, ağac əşya və işləmələr, musiqi alətləri, arxeoloji qazıntılardan əldə olunmuş əşyalar daxildir.
Qeyd edək ki, Mərkəzin başlıca vəzifəsi Mədəniyyət Nazirliyinə tabe olan muzeylərdə bərpaya ehtiyacı olan məmulatların qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.
Nəcib və gözəl işdir, əıləri-qolları ağrımasın.
Bizlərə isə əşyalara nəcib münasibət qalacaq.
Şəkildə: Viktor Klaynın ev muzeyinin eksponatları; Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları iş başında.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)
Cari ilin birinci rübündə qaz hasilatı 15 faiz artıb
“Ədəbiyyat və incəsənət” portalının növbəti Açıq portfel xəbəri SOCAR-dandır.
Dünya iqtisadiyyatının sürətli transformasiyası və enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin 1-ci rübünü uğurla başa vurmağa nail olub.
Və müvəffəqiyyəti şərtləndirən amillər sırasında maliyyə və biznes dayanıqlığının gücləndirilməsi, əməliyyat effektivliyinin artırılması, rəqəmsal enerji texnologiyalarının tətbiqi, habelə əməyin təhlükəsizliyinin gücləndirilməsi xüsusi yer tutub. Səmərəli fəaliyyət istehsalat göstəricilərinə də öz müsbət təsirini göstərib.
Cari ilin birinci rübündə SOCAR tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2,2 milyard kubmetrdən çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da qaz hasilatında əvvəlki illə müqayisədə 15 faiz artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,7 milyon tondan çox neft və 12,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Ümumilikdə ölkə üzrə qaz hasilatı 3 faiz artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 581 milyon kubmetr təbii qaz ixrac olunub. SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,2 faiz artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6,4 milyon tondan çox neft, 6,3 milyard kub metrdən çox qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 faiz artım qeydə alınıb.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,7 milyon tona yaxın neft, 892 milyon kubmetrdən çox təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 478,1 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 4,8 milyard kub metr təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)
Rusiyanın məşhur teatrı doqquz gün Bakının qonağı olacaq
Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən 9-dək Bakıda qastrolda olacaq.
Səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.
Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayacaq.
İyulun 4-də Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də isə A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirəcək.
6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, iyulun 8-də isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olunacaq.
Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V.Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatacaq.
Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.
“Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gələcək. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətiriləcək. Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəri olacaq.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)
Sabah Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçiriləcək
İyunun 3-də Bakıdakı Rus Evində Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçiriləcək.
Natiq Rəsulzadə A. M. Qorki adına Ədəbiyyat İnstitutunun məzunudur, 30-dan çox kitabın, çoxsaylı povest və hekayələrin müəllifidir. O, SSRİ Dövlət Teleradio mükafatı, Ümumittifaq N. Ostrovski adına mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın Xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi, "Şöhrət" ordeni kavaleridir. Onun əsərləri rus, macar, bolqar, polyak və digər dillərdə nəşr olunub, N. Rəsulzadənin əsərləri əsasında 15 film çəkilib.
Görüş ustad dərsi formatında keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)